Nizami Gəncəvinin etik və estetik görüşləri “musiqili” misralarda
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 3, 2016
Sənətşünaslıq üzrə elmlər doktoru,
professor
Ünvan: Bakı, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli 98
Email:saadatabdulla@yandex.ru
UOT 78,07
NİZAMİ GƏNCƏVİNİN ETİK VƏ ESTETİK GÖRÜŞLƏRİ “MUSİQİLİ” MİSRALARDA
Xülasə: Məqalədə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sində əks olunan etik və estetik görüşləri şərh edilir.
Açar sözlər: Nizami Gəncəvi, “Xəmsə”, etika, estetika
Müasir elmlərin elə bir nümayəndəsi tapılmaz ki, Nizaminin əsərlərində özünə aid kəlamlarla rastlaşmasın, təbiət qanunlarının şərhinə rast gəlməsin. Nizami irsi musiqişünasların da əsas tədqiqat sahəsidir, musiqisevərlər üçün əsl ilham mənbəyidir. Onun əsərlərində musiqili səhnələr yetərincədir.
Nizami insanların qəlbindən keçən duyğuları əks etdirmək, onları bir an belə qayğılardan uzaqlaşdırmaq üçün hər dəfə musiqiyə müraciət edir. Çünki ancaq musiqi, mahnı, çalğı və rəqs insanların daxili aləmindən gələn hissləri əks etdirə bilir. Ona görə:
Cahan qəmə dəyməz, şadlığa meyl et,
Bu saray heç də kədər üçün tikilməmişdir.
Cahan şadlıq və fərəh üçündür,
Yox! Zülm və möhnət üçün deyildir [5, s. 352].
Şair sənət və sənət sahiblərinə yüksək qiymət verir
Sənət öyrən, çünki sənətkarlıqla
Qapılar açmaq olur, bağlamaq yox! [4, s. 48]
Dünyanın dərk edilməsində, insanlar arasındakı ünsiyyətin yaradılmasında musiqinin əvəzsiz rolunu bədii vasitələrlə göstərən mütəfəkkir şair lirik şeir və poemalarında etika və estetikanın ayrı-ayrı məsələlərinə də toxunur. Bunları bir sıra tədqiqatçılar (Q.Qasımov, A.Rüstəm, A.Hacıyev, S.Qurbanəliyeva və b.) təhlil etsələr də, Nizami elə dahi şəxsiyyətdir ki, onun əsərlərini hər dəfə oxuyanda, istər-istəməz yeni fikirlərə gəlirsən, düşüncələrə qatılırsan. Bu da onun poeziyasının zənginliyindən, kamilliyindən, qüdrətindən xəbər verir.
Dahi şairimiz muğam, nəğmə, səs çalarları və çalğı alətlərinin adlarını yalnız qafiyə sözləri kimi deyil, onlardan həmçinin “Xəmsə” qəhrəmanlarının və eləcə də onun özünün əqidəsini, fikirlərini, hissələrini, duyğularını, cəmiyyətə qarşı münasibətlərini şərh etmək üçün istifadə etmişdir.
Nizamiyə görə, hər bir canlı məxluq dünyanın bir ünsürüdür. Şərəfli adamlar başqalarının qayğısına qalmalıdırlar, buna görə də onlar xeyir görəcəklər. Şair məsləhət görür ki:
Pərdədə olmayan ürəkdən vidalaşmamış,
Pərdədə olmayan heç şeyə qulaq asma.
…Əlini bu pərdədən başqa bir yerə vurma,
Bu pərdədən xaric heç bir ahəng oxuma.
Yalnız bu pərdədən eşit və ayıl.
Sirlər pərdəsinin gizli məhrəmi ol [1, s.115].
Şair hikmət və nəsihət haqqında düşüncələrini bölüşdükdə, insanın qəlb açıqlığı, ağıllı və mənəvi həyatı qiymətləndirilir [3, s. 29]:
Boş təbilə zərbə vurma,
Heç kəsin fəryadına xor baxma!
İnsanın təbiəti Allahın kərəmindədir, onu dəyişdirmək çətindir.
Nəğmə iki düzlə düz gəlməz,
Bərbət əyridirsə, mizrab (zəhmə) düz olmalıdır [3, s.211].
(Qeyd: burda və sonrakı misralarda mötərizədə yazılan sözlər orijinala uyğun gəlir).
İnsanları öz mühitinə qapılmamağa, bəd, alçaq işlərə qoşulmamağa çağırır. Şövqə qalib gəlməyə, başqalarının maraqlarına etinasız olmamağı məsləhət görür.
Sən dəvəsənsə, yola düşəndə rəqsə gəl,
Yoxsa dəbbəni filin ayağının altına atma [1, s. 139].
Az iş görüb, daha çox hay-küy qoparan insanlar tənqid edilir.
Sən ki qılınc deyilsən bu qədər yaralar nədir?
Təbil (kus) deyilsən, bu qədər gumbultu nədir?
Qılıncın ağzı kimi dirhəm saç,
Təbilin (kusun) qarnı kimi boş ol ki, cəld qalxa biləsən [1, s.159].
Yalandan “dost” deyən adamlardan uzaq olmağa çağırır.
O boğazı dar neydən nəfəsini çək,
Bu köhnə, axsaq ayağından düyünü aç [2, s. 329].
Həyatın qayda-qanunları ilə hesablaşan hər bir kəs musiqi alətindəki pərdələri bilən çalğıçıya bənzədilir. Dünyanı dərk edən insanlar cəmiyyətdə layiqli yerlərini tuta bilərlər.
Bu musiqi aləti pərdələrində o kəs çala bilər ki,
Bu alətin çalınma yolunu bilsin [5, s. 438].
əks halda o, çətinliklərlə üzləşəcəkdir.
İnsan doğru sözü inkar edib, səhv yola qədəm qoysa, hökmən məhv olacaqdır.
Düz pərdədə əyri çaldıqları üçün
Bu dünyadan öz köçlərini sürdülər [5, s. 479].
Əgər sənət səni yaradana doğru yol göstərirsə, ona əməl etməlisən
Bu pərdədə bir kök belə artırmaq olmaz [5, s. 515].
Məclislərdə camaat ilə birlikdə şadlanmalısan, öz şəxsi mənfəətini güdməməlisən.
Mütrüb kimi hamının məclisində şad ol,
Əgər sərvsənsə, öz bəndindən azad ol [5, s. 523].
Qayğısız bir könül sirr anlamaz.
Qəmi olmayanlara qəmdən danışmaq olmaz,
Sazla saz uyuşar, müxalif uymaz [2, s. 254].
Kainatın əsasını təşkil edən dörd ünsür (su, od, torpaq, külək), şahların sarayı önündə gündə beş dəfə çalınan hərbi musiqi və göyün xəyal edilən doqquz təbəqəsi fələkdirsə, səmanın altındakı həyat nərdi du-şeşsiz oynanmır, həmişə hesab etməlisən ki, səndən də üstünləri ola bilər.
Bu dörd tağ altında beş növbət çalma,
Axı bu doqquz fələk də şeşdərsiz deyil [5, s.166].
Şair insan münasibətlərinin bəm və zil səslərin bir-birinə uzlaşması ilə müqayisə edir.
Hamıya bağlı olan o qəsrə girib,
Bəm ilə zil kimi uyuşduq [4, s. 142].
Sazın timsalında nəzərə çatdırılır ki, dünya onunla uyuşan insanlara xoşbəxtlik gətirir.
Dünyanın sazı ilə oxumalı,
Dünya dünya ilə uyuşanlarındır [3, s. 34].
Hər dövran uyğun tələblər sürür. Ağıllı adam zəmanəsinin gərdişindən başını itirməz.
Köhnə havanı lap başlanğıcından yaramaz hesab edər,
Dünyada yeni bir hava çalmağa başlar [5, s. 431].
Həqiqəti, insanların arzularını əks etdirməyənlər heç zaman yüksələ bilməz.
Tərslik axtaran hər bir təbiət,
Gəc pərdə kimi tərsinə danışan olar [3, s. 34].
Lovğalıq, xəsislik, acgözlük pislənir, həddini bilmək tövsiyə olunur, çünki hər bir şeyin tərs üzü vardır.
Hər bir yurda bir zınqırov (cərəs) veriblər,
Hər şəkərə bir milçək veriblər [1, s. 166].
Pislik etməməlisən, pisliyə yaxşılıqla cavab verməlisən.
Gül kimi solmaq təbilini (kusunu) döy!
Səni öldürənin əlini öp [3, s. 51].
İnsanların ruzusunu kəsməməyə, nəyin varsa onunla kifayətlənməyə çağırır, xalqa qulluq etməyi xoşbəxtlik sayır.
Yolun tikanla dolu olsa da!
Fələk kimi gedişində rəqsdə ol! [3, s. 59]:
İnsan gərək sərtlik göstərməməli, xırdaçılıqdan çəkinməli, ağılla hərəkət etməlidir.
Sazını cahan pərdəsilə birgə köklə
Boş tut və möhkəm də at [4, s. 187].
Yeni dostlara alışmaq üçün, onların “pərdəsində” nəğmənin çalınması vacibdir, dostluq naminə çətinliklərə dözməlisən.
Kiminlə bu yolda həmavazsan,
Onun pərdəsində də oxu!
Bu təng təranənin pərdəsində,
Ahəng bilməsən, xaric çalarsan [3, s. 54].
Həyatın qanunlarına uyuşmalısan.
Nəğmə ilə düz gəlməyən rudu,
Xanəndə çalarsa, kəsər [3, s. 55].
Şair zamanın tez-tez dəyişməsinə işarə edir.
Bu pərdə ilə təranə düzəltmək olmaz,
Bu pərdənin özünü belə tanımaq olmaz [3, s. 31].
Şairə görə dünya sərbəstdir, fələk, tale, bəxt isə dünyadan fərqli olaraq.
Dünya çalğıçılar adətində deyil,
O, havanı xanəndələrin havasına uyğunlaşdırmaz.
Əgər saza bir əbrişim bağlandığını görsə,
Onu qırmaq üçün əlini uzadar [5, s. 436].
Bu pərdəmdə səma ilə mübahisə yoxdur,
Çünki bu pərdə heç kəslə həmahəng deyil[5, s. 437].
Dünyanın faniliyi, əcəlin gücü, müvəffəqiyyətin müvəqqətiliyi qeyd edilir:
Bir yanda şənlik üçün, bir yanda kədər üçün yer süpürüb
Bir yerdə rəqs edərlər, başqa yerdə baş döyərlər.
Bir yerdə müğənninin səsi ucalar,
Başqa yerdə ağıçı səsini ucaldar
Sazdan, yanğıdan hər cür avaz ucalsa da
Bu gördüyün günbəzin altında bir qoza dəyməz [2, s.144 ].
Fəsadlarla dolu olan dünya çox vaxt insanların iradəsindən asılı olmur.
Dünya nəğməsi xaric çalınandır,
Xələl simdir, çalğıçıda deyil.
Əgər sən bu pərdəyə uyuşmaq istəyirsənsə
Həmahəngliyi seç – yaxşı yol budur [5, s. 280].
Şair məntiqsiz, mənasız danışmağı lüzumsuz sayır. Buna misal olaraq VII əsrin ortalarında İran hökmdarı Sasani Xosrov Pərvizin sarayında xidmət edən ud çalğı alətinin mahir ifaçısı və müğənni Barbədin adını çəkir.
Əgər nəfəsin və səsinlə Barbəd olsan da,
Bu sazda pərdəsiz çalma, oxuma [3, s. 32].
Dəyərsiz sözlərdən uzaq olmaq çağırışı, sazın uyğun pərdələrə köklənməməyi ilə müqayisə edilir. Söz qoşmağın dəyəri haqqında söhbət açaraq, onun əhəmiyyətindən danışır.
Söz durduqca onun avazı uca olsun!
Nizaminin adı sözlə təzə olsun! [1, s. 52]:
Gözəlliyə çox aludə olmamağa çağırır.
Karvanında heç bir şey yox, lakin nə qədər zınqırov (cərəs) var!
Kasada heç bir şey yox, lakin nə qədər milçək var [1, s. 135].
Nizami öz timsalında yaxşı ad qazanmaq, cəmiyyətdə layiqli yer tutmaq üçün təkcə istedadına güvənməməyi, həm də hər oxunan nəğmə və deyilən kəlamın məna daşımağını tövsiyə edir.
O pərdəni axtar ki, Nizami kimi,
Yaxşı adla şöhrət tapasan [3, s. 32].
Əliaşağılığın əndazəsi olmalıdır.
O səxavət ki, bilikdən kənar qaynayır
Yırtılmış təbildən çıxan səsi andırır [5, s. 440].
İnsanlar əyləncə kimi dilsiz, kimsəsiz heyvanları məhv etməməlidir.
Böyüklərin nəzərinə xoş gəlməz
Ki, bu ahunun (dəfin) dərisinə çalğılıların əli dəysin [1, s. 118].
Qadınların paklığı uca tutulur, onlar abır-həyalı olmalıdırlar.
Qadın pərdəli olsa yaxşıdır
Axı, ahəng pərdəsiz olanda şivən qopar [5, s. 210].
Şairə görə insanın xisləti olan musiqi, ətraf mühiti dərk etmək, duymaq və zövq almaq üçün ən vacib vasitədir, mənəviyyat mənbəyidir. Ona görə də insan onu mənəvi-əxlaqi gözəlliyin göstəricisi kimi sevməlidir. Musiqi şairin ilham mənbəyi olmaqla yanaşı, onun düşüncə və mülahizələrini oxucuya daha inandırıcı çatdırmaq üçün ən güclü vasitədir. Bu vasitədən yerli-yerində faydalanması dahi şairimizin musiqinin, çalğı alətlərinin, ondan hasil edilən səslərin kamil bilicisi olmasına dəlalət edir.
Nizami musiqisiz həyatı susuz səhraya bənzədir, çalğı aləti dedikdə isə dünyanı nəzərdə tutur. Ona görə şeir musiqisiz olmur, o oxunmalıdır, musiqi təsir gücünə, emosional təzahürünə görə poeziyadan üstündür.
Musiqinin estetik təsir gücünün “Xosrov və Şirin” poemasının “Çalğıçı Barbədin tərifi” bölümündə 30 mahnısının timsalında, özü də təkcə bir bəndə açıqlanması Nizaminin poeziyasının dərinliyinin bariz göstəricisidir. Məsələn, “Cənci-badavərd” (“Yel gətirən xəzinə”) mahnısı mənəviyyat aşılayır, “Gənci-kavi” (“Öküz xəzinəsi”) insanı cuşa gətirir, “Gənci-suxtə”nin (“Yanmış xəzinə”) yanğılı melodiyası isə qəmləndirir. “Təxti-Təqdis”i eşidəndə elə bil ki, cənnətin qapısı açılır, “Sazi-novruz” (“Novruza uyğun”) səslənəndə hamı özünü Novruz bayramındakı kimi hiss edir və s.
Nizami musiqini eşqdən ayırmır, onları eyniləşdirir. Eşqdən danışanda həmişə musiqi eşidilir, çalğıçılar iştirak edir.
Şərab düzdülər, çəng də kökləndi,
Rudlar çalınmağa başladı [4, s.147].
Eşqsiz adamı qırıq neyə oxşadır.
Kim ki eşqdən xali oldu, qurudur (ney kimi),
Yüz canı olsa da, eşqsiz ölüdür [2, s. 50].
Şair sevgililər birləşdikdə deyir və onları sazın xoşavaz ipək tellərinə bənzədir
Hər ikimiz bir-birimizə qovuşmuşuq?
Necə ki zillə bəm qovuşar.
Cəngi çəngə mizrab (zəhmə) çəkəndə,
Ahəngi zil və bəmsiz olmaz [3, s. 230].
O, iki xoş avaz ipək teldən
Çoxlarının sazında saz teli oldu [3, s. 94].
Nizamiyə görə musiqi böyük təsiredici gücə malikdir. Təsadüfü deyildir ki, “Xosrov və Şirin” poemasının qəhrəmanı Sasani şahzadəsi Xosrov Barbəd və Nəkisanın musiqinin müşayiəti ilə söhbətindən sonra anlayır ki, öz yüngüllüyü ilə Şirinin məhəbbətini qazana bilməyəcəkdir, yalnız ata-baba qaydası ilə sevgilisinə nail ola bilər.
İnsanların halı müxtəlif nəğmələrlə, çalğı alətlərinin çıxardığı səslərlə, mütrüblərin ifası və rəqqasələrin hərəkətləri ilə müqayisə edilir. Belə nəticəyə gəlir ki, ancaq musiqi qəmi dağıda bilər, musiqi yaralı könülə məlhəmdir. Çalğı zahidə belə təsir edir.
Əgər zahid bir parça daşdan da olsa,
Çəngin ahəngilə onu rəqsə gətirərəm [5, s. 357].
“İsgəndərnamə” epopeyasının “İqbalnamə” hissəsində verilən 29 müğənninamələrdə şairin dərin estetik görüşləri aydın şəkildə özünü büruzə verir. O, gah müğənnidən könül nəğməsinin oxumasını, onun nəvasının dərdlərin dəvası olmasını, sazı və ya cürəni ələ alıb, xoşahəng, ürək açan hava çalmasını, gah da çəng çalıb könlünü şad eləməsini, suğdi quşunun (udun) naləsini dinləməyi, “Rameşi-can” havası ilə ürəyinin açılmasını arzulayır. Qədim hava ilə dastanını bitirmək, rudda mərdlik nəğməsinin yada salmasını, çəngin avazı ilə dar yoldan, zil səsin səslənməsi ilə isə ahu-zardan qurtulmasını, köhnə pərdə ilə qəmli bir hava çalmasını, qəmini, qüssəsini isə sazın teli ilə ram etməsini istəyir.
Müğənninamələrdən nümunə kimi göstərilən misralar:
Ey müğənni, zil səsli bu ərğənunun simlərində
Ürəkaçan bir hava çal.
Elə bir hava ki, möhnətdən xilas etsin,
Qaranlıq gecəyə aydınlıq versin [5, s. 450]: .
———-
Müğənni, gəl səhərin ilkin çağı
Xam ruda bir püxtə mizrab (zəhmə) vur.
Qoy o mizrabdan ürək cuşa gəlsin,
Bihudə sevdadan yuxumu aparsın (5, s. 454).
———-
Müğənni, sazı ahənginə uyğun şəkildə köklə,
Bir an pərdəni öz ahəngindən kənar et,
Çünki dar pərdə ilə bizim işimiz yoxdur
Ahəngdə ancaq genişlik axtarmaq lazımdır (5, s. 478).
Göründüyü kimi, Nizami Gəncəvinin etik və estetik fikirləri inanc kimi səslənir. Onun əsərləri insanları mənəvi cəhətdən zənginləşdirir, gözəlləşdirir. Nizamı poeziyasının qayəsi də budur.
ƏDƏBİYYAT:
- Nizami Gəncəvi. Sirlər xəzinəsi. Filoloji tərcümə. Rüstəm Əliyevindir. B.: Elm, 1981, 247 s.
- Nizami Gəncəvi. Xosrov və Şirin. Filoloji tərcümə Həmid Məmmədzadənindir. B.: Elm, 1981, 374 s.
- Nizami Gəncəvi. Leyli və Məcnun. Filoloji tərcümə. Mübariz Əlizadənindir. B.: Elm, 1981, 289 s.
- Nizami Gəncəvi. Yeddi gözəl. Filoloji tərcümə Rüstəm Əliyevindir. B.: Elm, 1983, 359 s.
- Nizami Gəncəvi. İskəndərnamə. Şərəfnamə. Filoloji tərcümə Qəzənfər Əliyevindir. İqbalnamə. Filoloji tərcümə Vaqif Aslanovundur. B.: Elm, 1983, 650 s.
Доктор искусствоведения,
профессор БМА
ЭТИКО-ЭСТЕТИЧЕСКИЕ ВЗГЛЯДЫ НИЗАМИ ГЯНДЖЕВИ В “МУЗЫКАЛЬНЫХ” СТРОКАХ ПОЭТА
Резюме: В статье комментируются этико-эстетические взгляды выдающегося азербайджанского поэта Низами Гянджеви, изложенные в “Хамсе”.
Ключевые слова: Низами Гянджеви, “Хамсе”, этика, эстетика
Doctor of Sciences on Arts,
Professor of BMA
ETHICAL AND AESTHETIC VIEWS OF NIZAMI GANJAVI
IN THE «MUSIC» HEMISTICHS
Summar: The article commented on ethical and aesthetic views of the outstanding Azerbaijani poet Nizami Ganjavi, as set out in «Khamsa».
Key words: Nizami Ganjavi, «Khamsa», ethics, aesthetics