AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 4, 2016

Aysel BAĞIROVA

AMK-nın müəllimi

Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7

Email: bagirova.aysel@bk.ru

UOT +786      

XƏLİL CƏFƏROVUN  “RƏQS SÜİTASI”NIN BƏZİ ÜSLUB  XÜSUSİYYƏTLƏRİNƏ DAİR

endir

 

PDF

 

 

 

Xülasə: Məqalədə XX əsrin 50-ci illərində S.Rüstəmov adına xalq çalğı alətləri orkestri üçün yazılmış orijinal əsərlərdən biri — Xəlil Cəfərovun “Rəqs süi-tası”nın bəzi üslub xüsusiyyətlərinə nəzər salınmışdır. Əsər forma və quruluş baxımından təhlil edilmişdir.

Açar sözlər: rəqs-süita, Xəlil Cəfərov, muğam intonasiyaları

Bəstəkar Müslüm Maqomayevin təklifi ilə Üzeyir Hacıbəyli tərəfindən ilk dəfə Azərbaycan Radio komitəsinin tərkibində notla ifa edən xalq çalğı alətləri orkestri 1932-ci ildə orkestr kimi fəaliyyətə başlamışdır. Orkestrin yaranmasının ən əhəmiyyətli tərəfi isə bəstəkar yaradıcılığında yeni əsərlərin yaranması oldu. İlk vaxtlarda xarici ölkə, eləcə də Azərbaycan bəstəkarlarının orkestr üçün işləmələrinə müraciət olunsa da, az sonra Üzeyir Hacıbəyli, daha sonralar Müslüm Maqomayev, Fikrət Əmirov, Səid Rüstəmov, Qəmbər Hüseynli, Hacı Xanməmmədov, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Adil Gəray, Soltan Hacıbəyov, Ağabacı Rzayeva, Cahangir Cahangirov, Soltan Hacıbəyov, Zakir Bağırov, Ramiz Mustafayev, Xəlil Cəfərov xalq çalğı orkestri üçün orijinal əsərlər yaratdılar. Həmin əsərlər özündə bir çox ənənəvi xüsusiyyətləri birləşdirir. Yaranması bu illərə təsadüf edən əsərlərdən biri də Xəlil Cəfərovun “Rəqs süitası”dır.

Bildiyimiz kimi, ilk dəfə olaraq 30-cu illərdə Azərbaycan bəstəkarlarından Asəf Zeynallı süita janrına müraciət etmişdir. Lakin bu süita fortepiano aləti üçün yazılmışdır. Xalq çalğı alətləri orkestri üçün isə süita janrına ilk dəfə görkəmli bəstəkarımız Səid Rüstəmov müraciət etmişdir. 1946-cı ildə “Azərbaycan” süitası, 1948-ci ildə “Rəqs” süitası, daha sonralar bu orkestr üçün bir neçə süitalar meydana gəlmişdir. Məsələn: Soltan Hacıbəyov “Bolqar süitası” (1957), Ağabacı Rzayeva “Süita”, “Kolxoz süitası”, Hacı Xanməmmədov “Kolxoz” və “Bayram” süitaları, Vasif Adıgözəlov “Bayram süi-tası”, Dadaş Dadaşov “Rəqs süitası” və başqalarını qeyd etmək olar. “Rəqs süitası” adı altında bir neçə bəstəkarımız süita yazsalar da, bu əsərlər bir-birindən köklü surətdə fərqlənir.

Xəlil Cəfərovun “Rəqs süitası” özünəməxsusluğu, üslubu ilə seçilir. Əsərdə bəstəkar ənənə və novatorluğu qarşı-qarşıya qoymuşdur. Ümumiyyətlə, X.Cəfərovun əsərlərinin üslubu öz tematik xüsusiyyətlərinə görə fərqlənir. Bu əsəri təhlil edərkən biz bəstəkarın üslub xarakterində milli ruhu, orkestirləşdirmənin özünəməxsusluğunu görə bilərik.

Süita 4 hissədən ibarətdir. Hər bir hissə bədii obraz xüsusiyyətlərinə görə fərqlənir. Hər bir hissə fərqli tonallıqlara, müxtəlif lad-məqama əsaslanır. Müqayisə üçün qeyd et-mək lazımdır ki, yaranışı təxminən eyni dövrə təsadüf edən, bəstəkar Səid  Rüstəmovun çoxşaxəli yaradıcılığının məhsulu olan süitalarında hər bir hissəyə şərti ad təyin edilmişdir. Lakin Xəlil Cəfərov bəstələdiyi “Rəqs süitası”nda heç bir hissəyə ad ver-məyərək, proqramsız süita janrına əsaslanmışdır. Hissələrin müəyyən ad daşıması onu bir daha qədim süita janrından uzaqlaşdırır.

I hissə — Süitanın I hissəsi “fa#” mayəli şur məqamına əsaslanır. Hissənin daxilində məqam prinsipində kəskin ziddiyyət nəzərə çarpır: orta bölmədə şüştər ladına keçid hiss olunur. Bəstəkar qapalı modulyasiyaya üstünlük verərək sonradan şur ladına qayıdır. Hissənin lad dəyişkənliyi onun forma quruluşunda da öz təsirini göstərir. Hissə boyu 2/4 ölçülü marş ritmi saxlanılır. Bu obrazda Azərbaycan xalq rəqslərindən olan “Cəngi” və “Yallı” rəqslərinin əhvali-ruhiyyəsi duyulur. Partiturada klarnet, 4 balaban, nağara, 2 ka-mança, 2 tar qruplarından və fortepiano alətindən istifadə olunmuşdur.

Birinci hissə reprizli sadə üçhissəli formada yazılmışdır. Onu ümumi quruluş sxemini şərti olaraq aşağıdakı kimi qeyd etmək olar:

Giriş A B A  

Koda

a+b+b1 a+a1 a2+a3

İki xanəlik reprizli melodiyanın ifası ilə hissəyə giriş başlanır. Giriş iki balaban, nağara, kamança, tar qrupunun və fortepianonun ifasında səslənir. Bundan sonra A bölməsinə keçid olur. Ümumilikdə birinci hissə – A üç perioddan ibarətdir. Hissədə monotematizm hökm sürür. Belə ki, bəstəkar bütün hissənin inkişaf planını bir mövzu əsasında qurmuşdur. 7 xanəlik mövzu A bölməsinin birinci cümləsini təşkil edir və ilk olaraq balabana həvalə olunur.

suita

Sonradan həmin mövzunun elementləri – ritmik quruluşu, melodik intonasiyası bütün əsər boyu duyulur. Balabanların ifa etdiyi melodik xətti tarlar qısa ölçülü üçsəsli birləşmələrlə müşayiət edir. Müşayiətdə bəstəkar maraqlı ritmik sinkopalardan istifadə etməklə rəqs əhval-ruhiyyəsini yaratmağa nail olmuşdur. Bu cümlə repriza vasitəsilə təkrarlanır və sanki mövzunun yadda qalmasına xidmət edir. Çünki hissənin davamında səslənən bütün melodiyalar məhz bu mövzu üzərində qurulur.

Birinci və ikinci cümlə kəskin ziddiyyət təşkil etməsə də, sanki bir-birilə sual-cavab quruluşu yaradır və qeyri-kvadrat period daxilində inkişaf edir. İkinici cümlənin əsas mövzusu kamança qrupunun ifasında səslənir. Tar qrupu isə aşağı istiqamətli xro-matik unisonlarla müşayiətçi kimi çıxış edir. Üçüncü cümlədə polifonik elementlər nəzərə çarpır. Belə ki, bəstəkar yenidən nəfəsli alətlər qrupuna müraciət edərək, kaman-çaların ifasında səslənən melodiyanı real cavab kimi klarnetin solo ifasına həvalə edir. Balabanlar qrupu isə ladın mayəsini dəm səsi kimi saxlayır. Əsas mövzu eynilə təkrar-lansa da, müşayiətdə tar qrupunda dəyişiklik olunur. Səkkizlik və çərək notların üst mizrab ştrixi ilə verilməsi ritmik baxımından cümləyə rəngarənglik gətirir.

23-cü xanədən orta hissə (B) başlayır. Burada şüştər məqamının elementləri hiss olunur. Hissənin mövzusu kamança qrupu ilə təqdim olunur. Lakin bu dəfə həmçinin  tar partiyasında aktivləşmə hiss olunur. Bəstəkar burada yenə polifonik üslubun elementlərindən istifadə etmişdir. Melodiyanın sinkopalı quruluşu iki qrup arasında növbələşmə prinsipi yaradır. Motivlər tar və kamança tərəfindən bir-birini əvəzləyərək mövzunun imitasiyasını təqdim edir. İkinci hissənin birinci cümləsi (a) 8 xanə davam edir. Bu cümlənin 5-ci xanəsində iki tar və fortepiano alətlərində üç oktava çərçivəsində sıçrayışlı hərəkətlər gözəl kolorit yaradaraq cümləyə xüsusi hərəkətlilik gətirir. Burada cümlələrin xanə sayı qeyri-kvadratdır. Kamança və tarların ifasında verilən ikinci cümlə (a1) 5 xanə davam edir. Bu cümlənin sonunda kadensiyaların həlli melodiyanın məhz şur məqamına keçidini təsdiqləyir.

suita

Reprizada birinci hissənin iki periodu yenidən təkrarlanır. Repriza maraqlı quruluşda təqdim olunub. Belə ki, həcminin genişliyi ilə dinamik repriza təəssüratı yarat-maqla yanaşı, eyni motivin dəfələrlə təkrarı rəqs janrının əsas cəhəti kimi vurğulanır. Reprizada əsas melodik xətt tarlara həvalə olunub. Motivlərin təkrarı hesabına ilk cüm-lənin həcmi genişlənərək 12 xanəyə qədər davam edir. Əsas mövzu I-II tarlara həvalə edilib. Bu zaman kamança qrupunda verilən yeni, bir qədər lirik xarakterli melodiya təqdim olunmuşdur. Bəstəkarın polifonik elementlərdən istifadə etməsi, eyni zamanda bir-birinə zidd olan iki melodiyanın dissonans təşkil etməməsi bəstəkarın yüksək usta-lığından xəbər verir. Bu melodiya I və II kamançaların ifasında unison şəklində, daha dəqiq desək paralel oktavalarla verilmişdir.

suita

İkinci cümlənin inkişafı 8 xanə daxilində baş verir. Yenə də əsas mövzu tarlara həvalə olunur, lakin melodiyanı əvvəlkindən bir oktava zildə və sıxlaşdırılmış – strettalı şəkildə təqdim edir.

Müşayiətdə kamança qrupunun pizzicato ştrixi ilə iki oktava çərçivəsində sıçrayışlı hərəkətləri verilmişdir. Birinci hissəyə koda yekun vurur. Kodanın ilk xanəsi klarnetlə yanaşı fortepianoda da səslənir, ardınca isə bütün orkestr ifaya qoşulur və yuxarı isti-qamətdə hərəkət edən sekvensiyalar sayəsində kulminasiyaya çataraq hissəyə yekun  vurur.

Bəstəkar süitanın ikinci hissəsini birincidən obrazlı bədii təsvir xüsusiyyətlərinə görə kəskin fərqləndirmişdir. Birinci hissədəki coşğunluq, qəhrəmanilik, dinamiklik, inkişaflı ritmik quruluş burada hiss olunmur. İkinci hissədə daha çox lirik, axıcı, eyni za-manda qəmgin melodik xətt özünü göstərir. Bu həm də hissənin məqam əsası ilə bila-vasitə bağlıdır. Suitanın II hissəsi do# mayəli şüştər ladına əsaslanır. Şüştər muğamının intonasiyaları  hissənin əvvəlində qabarıq şəkildə hiss olunur.

suita

Birinci hissədəki partitura quruluşu əsasən saxlanılmış, 38-ci xanədən kiçik bir melodik xəttin ifasında partituraya tütək aləti əlavə olunmuşdur.

Süitanın ikinci hissəsi reprizli mürəkkəb 3 hissəli formadadır. Şərti olaraq onun sxemini  belə göstərmək olar:

Giriş A B A Koda
a-b-c-b a-a1-b b

Hissə 6/8 ölçüdə, Andante tempində səslənir. Temp və ölçü hisssənin sonuna qədər dəyişməz qalır. Bu bölüm fortepiano alətinin ifasında 4 xanəlik punktir ritmlərlə verilmiş girişlə başlayır. Girişdə fortepianonun ifasındakı ritmik quruluş zərb aləti tərəfindən ol-duğu kimi təkrarlanır. Bu ritmik quruluş hissə boyu müxtəlif alətlərin ifasında özünü göstərir.

Girişdən sonra A bölümü başlanır. Bu bölüm də öz daxilində reprizli sadə iki hissəli formanı birləşdirir. Hər hissə iki cümləli period formasındadır. Birinci periodun ikinci cümləsi (a) 8 xanədir. Əsas mövzu I balabanlar qrupunun ifasında səslənir. Bütün alətlər girişdə verilmiş ritmik quruluşu davam etdirərək onun fonunda əsas mövzunu mü-şayiət edir. Balabanın ifasında verilmiş əsas mövzu mayə ətrafında gəzişərək şüştər məqamını təsdiqləyir. İki balaban isə aşağı isiqamətli xromatik yarım notlarla melo-diyanı müşayiət edir. İki balabanın partiyası fortepianonun oktavalarla verilmiş bas səs-lərinin təkrarıdır. Zərb aləti ifasını dayandıraraq sanki öz funksiyasını tar və kamança qrupuna ötürür. Cümlənin ümumi ritmik dəqiqliyini kamançalar pitsikato, tarlar isə üst mizrab ştrixi sayəsində saxlayır. 12-ci xanənin zəif vurğusundan ikinci cümlə (b) başlayır və 9 xanəni əhatə edir.

suita

Periodun ikinci cümləsi birinci ilə kəskin ziddiyyət təşkil etməsə də, intonasiya baxımından sanki ona cavab verir, qəmgin əhval-ruhiyyəsini davam etdirir. Bu cümlə iki eyni frazanın təkrarından yaranmışdır. Frazaları bir-birinə fortepiano alətinin bir xanəlik qammavari kiçik motivi birləşdirir. Yenə də əsas melodik xətt birinci balaban qrupuna həvalə olunur, ikinci balaban isə mayəni dəm səsi kimi saxlayaraq onu müşayiət edir. Bu zaman tar və kamançalar xanənin zəif vurğusunda sinkopalı notlarla həm cümlənin ümumi ritmini saxlayır, həm də zəif təqtidən başlanmış melodiyanın özünü təqdim etməsinə kömək edir. İkinci period da iki cümlədən ibarətdir (c+b). Birinci cümlədə rit-mik quruluş bir qədər dəyişik formada təqdim olunur. Bu cümləyə daha çox dinamiklik xasdır. Əvvəldə verilən lirik melodiya burada səkkizlik və onaltılıq notların növ-bələşməsi sayəsində yaranmış dalğavari hərəkət ilə əvəz olunur. Əgər əvvəlki bölüm-lərdə nəfəsli alətlərə üstünlük verilirdisə, burada (c) əsas aparıcı xətt kimi simli alətlər üstünlük təşkil edir. Onlar da öz növbəsində əsas mövzunu növbələşərək imitasiya şək-lində ifa edir. Belə ki, birinci frazanın əsas mövzusu tarlara həvalə olunur, kamançalar isə unison ifaları ilə müşayiətçi kimi çıxış edir. İkinci frazada isə əsas mövzu kamança qrupunun ifasına keçir, tar qrupu müşayiətçi kimi tonika üçsəslisini divizi şəklində təq-dim edir. Bu frazada ifaya nəfəsli alətlər də qoşulur.

28-ci xanədən ikinci periodun ikinci cümləsi başlanır. Bəstəkar burada yenidən birinci periodun b bölümünə qayıdır. Lakin burada əvvəlkindən fərqli olaraq əsas melo-dik xətt klarnet alətinin ifasında səslənir. Bəstəkar bunu vurğulamaq üçün melodiyanı bir oktava zildə təqdim etmişdir. Müşayiətdə isə balaban və kamançalar öz əvvəlki funk-siyasını saxlamışdır. Birinci tarların partiyasına punktir ritm əlavə etmişdir. Ümümilikdə zərb alətinin ritmik quruluşu I və II tarlar arasında bölünmüşdür. 9 xanə daxilində inkişaf edən cümlə özündə iki frazanı əhatə edir və frazaların birləşməsində qammavari keçidi iki balabanlar qrupuna həvalə edir.  Əvvəki b cümləsi ilə müqayisədə bu cümlənin ikinci frazası müxtəliflik təşkil edir. Belə ki, ikinci frazada əsas mövzu nəfəslilərdən ka-mançalar qrupuna ötürülür. Nəfəslilər isə müşayiətçi rolunda çıxış edir.

38-ci xanədən süitanın ikinci hissəsinin B bölümü başlanır. Bu bölüm 3 cümləli perioddan ibarətdir a+a1+b. Burda məqam dəyişkənliyi hiss olunur. “Do#” mayəli şüştər məqamı “lya#”mayəli segah məqamına keçid edir. Bu fikri “Xaric segah” muğamının elementləri də bir daha təsdiqləyir.

suita

İki xanəlik giriş cümlənin tematik xəttini və məqam əsasını hazırlayır. Birinci cümlədə ilk dəfə olaraq partituraya tütək aləti daxil edilmişdir. Tütəyin ifasında səslənən əsas mövzunu digər nəfəslilər, zərb və fortepiano müşayiət edir. Bu cümlədə simlilər fasilə edir və yalnız frazaların keçidində birinci tar qrupunun ifasında kiçik bir melodik xətt səslənir. İkinci cümlə birinci cümlənin variantlı təkrarıdır. Burada isə əsas mövzu kamançalar və tarlar qrupunda verilmişdir. Frazalar arasında klarnet alətinin segah intonasiyasının əsasında, mayə ətrafında verilmiş bir xanəlik motivi səslənir.

suita

Üçüncü cümlə (b) sanki bu bölümün kulminasiya nöqtəsidir. Bəstəkar bu cümlədə üstünlüyü klarnetin solo ifasına vermişdir. Bəstəkar burada klarnetin tembr xüsu-siyyətlərindən məharətlə istifadə edərək melodiyanı bəm registrdə təqdim edir ki, bu da süitaya sanki fərqli əhvali-ruhiyyə gətirir. Əsas melodik xətt aşağıya doğru hərəkət edən sekvensiyavari motivlərdən təşkil olunub. Digər alətlər isə müşayiətçi funksiya daşıyır.

Kiçik keçidlə A bölümü başlanır. Fortepianonun ifasında başlayan bir motivlik mövzu tar və kamançalar tərəfindən imitasiya olunur. Bu keçid eyni zamanda əvvəlki məqama qayıtmaq üçün bir vasitədir. Birinci bölümün (A) ikinci cümləsi (b) bir qədər dəyişdirilərək təkrar olunur. İki frazadan ibarət bu cümlənin ilk frazası balaban alətində, ikinci frazası isə tar qrupuna həvalə olunmuşdur. Süitanın ikinci hissəsi giriş möv-zusunun əsasında qurulmuş koda ilə tamamlanır.

Süitanın lirik ikinci hissəsini coşğun xarakterli üçüncü hissə əvəz edir. Bu hissə oynaq ritmli rəqs xarakterli melodiyası ilə əvvəlki hissələrdən fərqlənir. Dəf alətinin ifası hissəyə xüsusi kolorit verir. Hissənin sonuna qədər dəfin ritmik xətti demək olar ki, saxlayır. Bu hissə Alleqro Moderato tempində olub, 6/8 ölçüdə ifa olunur, məqam əsa-sını isə si mayəli şüştər məqamı təşkil edir. Elə ilk cümlədən “Şüştər” muğamının into-nasiyaları hiss olunur.

Bu hissə özündə rondoya bənzər sadə üç hissəli formanı birləşdirir. Sxemi şərti olaraq aşağıdakı kimi qeyd oluna bilər:

A B A
a-b-b1 a-b2-b1 c-c1-c2-b

Birinci hissə A üç perioddan ibarətdir. İlk cümlə (a) 8 xanəni əhatə edir. Cümlə bir-birini təkrarlayan iki fraza üzərində qurulmuşdur. Melodik intonasiya baxımından giriş xarakteri daşıyan bu cümlə, bütün hissənin ritmini, məqam xüsusiyyətini özündə birləşdirərək vahid quruluş yaradır. Əsas mövzu tar və kamança qrupunun ifasında uni-son səslənir. Balabanlar isə onu paralel tersiyalarla müşayiət edir.

İkinci cümlə (b) 8 xanədən ibarətdir. Bu cümlə hissə boyu bir neçə dəfə təkrarlanaraq refren xarakteri daşıyır.

suita

Birinci cümlədə tar və kamançaların ifasında səslənən melodiyaya ikinci cümlədə balabanın partiyası cavab verir. Eyni zamanda II-III balabanlar qrupunun basso ostinato saxlaması hissənin məqam əsasını bir daha təsdiqləyir. Tar və kamança qrupları isə artıq müşayiətçi kimi çıxış edir. Xanənin ikinci güclü zərbəsindən başlanan simlilərin sin-kopalı ifası melodiyaya özünəməxsus rəng qatır. Kamançalar pitsikato, tarlar isə üst miz-rab ştrixləri ilə ritmin dəqiq göstərilməsini təmin edir.

suita

Üçüncü cümlə ikinci cümlənin variantlı təkrarıdır. Lakin burada əsas mövzu bir oktava aşağıda iki balabanın ifasına həvalə olunmuşdur. Eləcə də müşayiət partiyasına da bəstəkar bir qədər dəyişiklik etmişdir. Belə ki, b bölməsində sinkopalı ritmlər mün-təzəm olaraq davam edirdisə, b1 cümləsində xanənin güclü və zəif hissələri növbələşərək kamança və tar qruplarında ritmik quruluşun saxlanılmasını təmin edir.

suita

Bu hissənin B bölümü 3 periodu özündə birləşdirir. Burada bəstəkar daha çox dia-loqabənzər üsuldan istifadə etmişdir. Ümumi süitada ilk dəfə olaraq saz alətinin ifası bu hissədə səslənir. Birinci cümlə (a) 8 xanəni əhatə edir, iki frazadan ibarətdir. Birinci frazaya cavab olaraq tar qrupunun bir xanəlik yuxarı hərəkətli keçid formalı motivi veril-mişdir. Cümlənin sonunda eyni motiv balabanlar qrupunun ifasında səslənir. İkinci cümlə birinci hissənin b cümləsinin variant təkrarıdır (b2). Burada həmin cümləni saz aləti ifa edir. Sinkopalı ritmik quruluş isə tar qrupuna verilmişdir. Eyni cümlənin bir qə-dər dəyişdirilərək kamançaların ifasında səslənməsi hissəyə xüsusi rəngarənglik gətirir. Ritmik quruluş isə əvvəlki cümlədə olduğu kimi tar qrupunda davam etdirilir. Birinci tarlar mayəni oktavalarla, ikinci tarlar isə mayə və mayənin üst mediantasını divizi şəklində sinkopa ritmi əsasında ifa edir.

III hissə A üç cümlədən ibarətdir. Birinci cümlə (c) 12 xanəni əhatə edir.  Əsas  mövzu kamança qrupuna həvalə olunmuşdur. Sekstakkordlarla verilmiş harmonik quruluş balabanlar qrupuna verilərək əsas mövzunun ifasına xüsusi ifadəlilik gətirir. For-tepiano və tarlar imitasiya olunaraq əsas mövzuya qoşulur və cümlə tamamlanır.

7 xanədən ibarət ikinci cümlə (c1) birincinin variantlı təkrarıdır. Burada əsas mövzu balaban alətinə keçir. Sual cavab prinsipli keçid vasitəsi ilə bəstəkar yenidən c2 cümləsindəki mövzuya qayıdır. Əsas mövzu fortepianonun müşayiəti ilə saz alətinin ifasında keçir. Zərb aləti isə dəyişməz ritmi ilə melodik fonu zənginləşdirir. Bəstəkar bu-rada rondo prinsiplərinə əsaslanaraq keçid vasitəsilə yenidən b cümləsinin variantını təqdim edir. Əvvəlcə melodik xətt fortepiano alətində tarların ritmik quruluşlu müşayiəti ilə, sonra isə tar və kamança qruplarının birgə unison ifasında hissə tamamlanır. IV his-səyə birbaşa keçid attaca verilmişdir.

Sütanın IV hissəsi “sol” mayəli şurda yazılıb. Allegro tempində ifa olunur. Burada dəyişkən ritm hiss olunur. Bəstəkar bayramsayağı əhvali-ruhiyyəli bu hissəni əsl final ki-mi təqdim etmişdir. Hissədə ritmik quruluş əsas amillərdən hesab olunur ki, bu da artıq girişdə özünü göstərir və inkişaf məhz ritm üzərində gedir. Bəstəkar hissə boyu dəyiş-mədən davam edən rəqs xarakterli ritmik quruluşu önə çıxarmaq üçün nağara və dəf alətlərindən məharətlə istifadə etmişdir.

suita

Bu hissədə bəstəkar iki müxtəlif mövzunu qarşı-qarşıya qoyur. Mövzuların növbələşərək səslənməsi dialoqu xatırladır. Birinci mövzuda bəstəkar istifadə etdiyi mü-rəkkəb ölçü (8/12) sayəsində iti tempin yaranmasına nail olmuşdur. 4/4 ölçüsünə əsas-lanan ikinci mövzuda isə çərək, yarım, eləcə də liqalanmış notlar tempin genişlənməsinə gətirib çıxarır. Eyni zamanda onların müxtəlif alətlərdə keçməsi iki mövzulu fuqa təəssüratı yaradır.

suita

Hissə 3 hissəli formada yazılmışdır. Şərti olaraq sxemi belədir:

A B A
a-b a -a1 a-a1

IV hissə iki cümlədən ibarət girişlə başlayır. Birinci cümlə 4 xanədən ibarətdir. Hissənin əsas lad məqamını və ritmik quruluşunu dinləyiciyə çatdırır. İkinci cümlə 6 xanədən ibarətdir və repriza vasitəsi ilə iki dəfə təkrar olunur, süitanın birinci hissənin a cümləsində keçən mövzu əsasında qurulmuşdur. Fərqli olaraq burada mövzu tar və ka-mança qrupunda əsas ritmin saxlanması ilə akkord şəklində ifa olunur.

Girişdən sonra A bölümü başlanır. O, özündə iki cümləni birləşdirir. Birinci cümlə repriza vasitəsi ilə təkrarlanan iki eyni frazadan ibarətdir (4x+4x). Əsas melodik xətt – I mövzu klarnet alətinin ifasında səslənir. III-IV balabanlar qrupu mayə səsini basso ostinato kimi dəm saxlayır. Tar qrupunun ifası alt və üst mizrab ştrixi ilə yalnız xanənin güclü təqtilərini vurğulayaraq iki oktava çərçivəsində sıçrayışlı hərəkətlə verilmişdir.

İkinci cümlə (b) öz intonasiyası ilə sanki a cümləsinə cavab verir. Kvadrat periodun ikinci cümləsində (b) əsas melodik xətt kamança qrupunun ifasına keçir. Əvvəlki cümlədə pauza edən kamançalar öz yerini nəfəslilərə ötürür. Tarlar isə öz ifası ilə sinkopalı quruluş yaradır.

İkinci hissə (B) iki cümlədən ibarətdir (a+a1). Burada əsas mövzuda ritmik quruluş və ölçü dəyişilməsi ilə yeni mövzu meydana gəlir. Əsas melodiya nisbətən ağırlaşaraq mülayimləşir. Birinci cümlədə (a) aparıcı melodik xətt balabanlar qrupunun ifasında paralel tersiyalarla təqdim olunur. Həmin melodiyanı tar qrupu tonika üçsəslinin bolu-nərək divizi şəklində ifası ilə müşayiət edir. B bölümünün cümlələrini kiçik keçid bir-ləşdirir. İkinci cümlə birinci cümlənin variantlı təkrarıdır. Lakin burada nəfəsli alətlərin ifasında səslənən mövzuya simli alətlər də qoşulur.

İki xanəlik keçid mövzusu vasitəsi ilə A bölümünə qayıdılır. Bu dəfə A bölümü sıxlaşdırılıb. Belə ki, fortepiano alətinin ifasında başlanan birinci cümləyə eyni mövzu ilə ikinci cümlədə simlilər qrupu cavab verir.

Koda həm süitanın IV hissəsini həm də ümumi əsəri yekunlaşdırır. Bəstəkar kodanı hissənin ikinci mövzusunun elementləri əsasında bəstələmişdir. Daha dəqiq desək həmin mövzunu genişləndirilmiş şəkildə təqdim etmişdir.

suita

Əsər ümumilikdə, təntənəli, şən əhvali-ruhiyyə ilə tamamlanır. Süitanın par-titurası ilk baxışdan sadə görünsə də, təhlil zamanı bəstəkarın alətlərin ifa imkanlarından məharətlə istifadəsi, eləcə də melodik xəttin onlar arasında ustalıqla bölünməsi aydın gorunür. Burada həmçinin bəstəkarın alətlərin tembr imkan xüsusiyyətlərini nəzərə ala-raq Azərbaycan xalq ritmlərinin müxtəlif qruplaşma yolu ilə alətlər arasında məharətlə istifadə etməsi diqqəti cəlb edir. Xalq musiqimizə xas olan cəhətlər, məqam prinsipləri, muğamların qohumluq əlaqəsi Qərb musiqisinin xüsusiyyətləri zəminində həm poli-fonik, həm harmonik elementlərlə təqdim olunmuşdur. Bəstəkar əsərində həm Avropa, həm də Azərbaycan klassik bəstəkarlarının, xüsusilə Ü.Hacıbəylinin ənənələrinə əsas-lanaraq süita janrı ilə milli rəqs xüsusiyyətlərimizi əlaqələndirməyə nail olmuşdur.

 

ƏDƏBIYYAT:

  1. Abdullayeva S.A; Ələsgərov S. Ə. Azərbaycan xalq çalğı alətləri orkestri üçün orkestrləşdirmə. B.: İşıq, 1985, 46 s.
  2. Bədəlbəyli Ə.B. İzahlı monoqrafik lüğəti. B.: Elm, 1969, 155 s
  3. Quliyev O. Azərbaycan xalq çalğı alətləri orkestri. B.: İşıq, 1980, 83 s
  4. Quliyev O.Azərbaycan xalq çalğı alətləri orkestri. B.: İşıq, 1980, 83 s.
  5. Mazel L.A. Musiqi əsərlərinin quruluşu. B.: Maarif, 1988, 516 s

 

Айсель БАГИРОВА

Преподователь АНК

ОБ ОСОБЕННОСТЯХ СТИЛЯ ТАНЦЕВАЛЬНОЙ СЮИТЫ ХАЛИЛА ДЖАФАРОВА

Резюме: В данной статье уделено внимание некоторым особенностям стиля «Танцевальной сюиты» композитора Халила Джафарова, которая является оригинальным произведением, написанным в 50-х годах ХХ века для оркестра народных инструментов  имени  С.Рустамова.

Ключевые слова: танцевальная сюита, Халил Джафаров, интонации мугама

 

Aysel BAGHIROVA

Lecture of ANC

ABOUT KHALIL DJAFAROVSDANCE-SUITE” COMPOSEDFORAZERBAIJANFOLCLOR INSTRUMENTAL ORCHESTRY

Summary: Written in the XX century (50-s years) the article observes some styles and characteristics of the “Dance-Suite” composed by Khalil Djafarov For National instrumental Orchestry of S.Rustamov. The article analyzes the structure and style of the piece.

Key words: dance-suite, Khalil Djafarov, mugham intonations

 

Rəyçilər:

xalq artisti, professor Ağaverdi Paşayev

sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Leyla Quliyeva

Mövzuya uyğun