AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 4, 2016

Nuray ƏLİYEVA

BMA-nın magistrantı

Ünvan: Bakı ş, Nəsimi r, Şəmsi Bədəlbəyli küç.98

Email: nuray.aliyeva@yahoo.com

 UOT: 778,5                      

“ARŞIN MAL ALAN” OPERETTASININ EKRAN VERSİYALARINDA ŞİFAHİ ƏNƏNƏLİ PROFESSİONAL MUSİQİNİN ROLU

endir

 

PDF

 

 

 

Xülasə: Müraciət etdiyimiz mövzuda əsas məqsəd müxtəlif illərdə çəkilmiş filmlərin musiqi tərtibatında istifadə olunan xalq musiqi nümunələrinin, xüsu-silə də şifahi ənənəli professional janr olan muğamın bədii cəhətdən rolu və əhəmiyyətinin təyin olunmasıdır. Mövzu daxilində həm “O olmasın, bu olsun”, həm də “Arşın mal alan” filminin hər iki ekran versiyalarında yer almış mu-ğam parçaları nota salınaraq, onların filmdəki səhnəyə göstərdiyi təsir qüvvəsi, rolu və əhəmiyyətinin tədqiqi qarşıya bir məqsəd kimi qoyulmuşdur.

Açar sözlər: Üzeyir Hacıbəyli, “Arşın mal alan”, musiqili komediya, şifahi ənənəli professional musiqi, muğam

Dahi Azərbaycan bəstəkarı və istedadlı dramaturq Üzeyir Hacıbəylinin usanmaz fəaliyyətindən yaranmış, musiqi mədəniyyəti xəzinəsində layiqli yer tutan bədii incilər xalqımızın mənəvi sərvət və iftixarıdır.Bəstəkar zəngin yaradıcılıq irsinə malikdir. O, musiqili komediya janrının da yaradıcısı olmuşdur. Bu janr onun qələmiylə kəskin icti-mai satiraya çevrilərək yeni keyfiyyət almışdır. “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Ər və arvad” əsərlərinin rolu M.F.Axundov komediyalarının və “Molla Nəsrəddin” jur-nalının, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, N.Vəzirov, Ə.Əzimzadə yara-dıcılığının əhəmiyyəti ilə müqayisə oluna bilər.

 “Arşın mal alan” operettası bütün dünya səhnələrini gəzərək şöhrət qazanmış, ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belorus, gürcü və bir çox dillərə tərcümə edilmiş, 76 ölkənin 187 teatrında tamaşaya qoyulmuşdur. Musiqili komediyaların süje-tini bəstəkar müasir həyatdan götürmüşdür. O, bunu xüsusi olaraq qeyd edirdi: “…Müasir hadisələrə həsr etdiyim…musiqili komediyalarımda o zamankı Azərbaycan ziyalılarının qabaqcıl hissəsini düşündürən ideyaları əks etdirməyə çalışmışam.” (11, s. 82)

“Arşın mal alan” ilk dəfə 1914-cü il oktyabrın 25-də Bakıda Tağıyev teatrının səhnəsində tamaşaya qoyulmuşdur. Baş rolları H.Sarabski (Əsgər), Ə.Ağdamski (Gül-çöhrə), Ə.Hüseynzadə (Soltan bəy), Gülsabah xanım (Cahan xala), M.Terequlov (Süleyman), H.Hüseynov (Vəli) ifa etmiş, rejissoru H.Ərəblinski, dirijoru Müslüm Maqomayev olmuşdur.

Əsərin məqam strukturu və ritmikası tamaşanın hər bir obrazına uyğundur. Tacir Əsgərin “Nalədəndir ney kimi avazeyi-eşqim bülənd” sözləri ilə başlayan lirik ariyası Segah muğamı, bir sıra səhnəciklər və Cahan xalanın kupletləri Şur muğamı üstündə, di-gər bütün vokal nömrələri isə xalis Avropa üslubunda yazılmışdır.

Operettanın böyük uğur qazanması bu əsərin başqa bir janrda meydana çıxmasına zəmin yaratdı. Tamaşaçılar arasında böyük rəğbət qazanan “Arşın mal alan” həmçinin kinofilm şəklində də geniş auditoriya kütləsinin ən sevimli əsərinə çevrildi. Əlbəttə ki, kino sənətinin yaratdığı imkanlar daha geniş idi və Üzeyir bəyin şah əsərinin kinofilm şəklində təqdimatı ona yeni bir nəfəs gətirdi. “Arşın mal alan”ın film kimi çox sevilməsi və baxılmasını təkcə 1945-ci ildə bu filmi izləyənlərin sayının 16,27 milyon olması faktı bir daha sübut edir. Bu filmdən sonra Azərbaycan kinosunda musiqili komediya janrına meyl gücləndi. “O olmasın, bu olsun”, “Romeo mənim qonşumdur”, “Ulduz” və başqa filmlərdə həmin ənənə davam etdirildi.

“Arşın mal alan” bir neçə dəfə ekranlaşdırılıb. Musiqili komediyanın ilk ekran variantı 1916-cı ilə aiddir. Film 7 hissədən ibarət idi. O vaxtlar Bakıda fəaliyyət göstərən “Filma” Səhmdar Cəmiyyətinin rejissoru Boris Svetlov çəkilişlərə tanınmış səhnə aktyorlarını — Hüseynqulu Sarabskini (Əsgər), Ələkbər Hüseynzadəni (Soltan bəy), Mir-zəağa Əliyevi (Süleyman), Əhməd Ağdamskini (Gülçöhrə), Yunis Nərimanovu (Gülca-han, titrdə belə yazılmışdır), Aleksandra və Yevgeniya  Olenskaya bacılarını (Asya və Telli) dəvət etmişdi.

Ötən əsrin əvvəllərində azərbaycanlı qadın aktrisaların olmaması bu filmin çəkilişində də özünü göstərmişdi. Qadın rolları ya qeyri-azərbaycanlılara, ya da kişi sənətçilərə həvalə olunmuşdu. Film səssiz idi və dialoqlar titrlər vasitəsilə verilirdi. Re-jissor B.Svetlov “Arşın mal alan” operettası ilə tanış olmaq üçün teatra gedir. Tamaşada rolları ifa edən aktyorlar, o cümlədən qadın rollarının ifaçıları rejissorun o qədər xoşuna gəlir ki, bütün truppanı çəkilişə cəlb etməyə qərar verir (7, s. 36).

Film ilk dəfə 1917-ci il yanvarın 3-də Bakıdakı “Forum” kinoteatrında nümayiş etdirilir. Səssiz olduğuna görə onun təsir gücü az idi. Əsər ekran üçün işlənərkən öz gözəlliyini, təravətini və bədii qiymətini xeyli itirmişdi. Buna görə də, salonda yerləş-dirilmiş xalq çalğı alətlərinin müşayiəti ilə operettadan musiqi parçaları çalınır, Cabbar Qaryağdıoğlu və digər xanəndələr vokal partiyaları fa edirdilər. Bununla belə filmin keyfiyyəti Üzeyir bəyi və əsas rollarda çıxış edən aktyorları  narazı  salmışdı.

II Dünya müharibəsi illərində SSRİ-də yenidən “Arşın mal alan” bədii musiqili filminin çəkilişlərinə başlanmış və film 1945-ci ildə ekranlara buraxılmışdır. Əsas rol-larda —  R.Behbudov (Əsgər), L.Cavanşirova (Gülçöhrə), Ə.Hüseynzadə (Soltan bəy), L.Abdullayev (Vəli), F.Mehrəliyeva (Telli), M.Kələntərli (Cahan xala) çəkilmişlər. Sol-tan bəy rolunu canlandıran Ələkbər Hüseynzadə filmdən əvvəl 600 dəfə səhnədə bu obrazda çıxış etmişdir. Bu filmdə baş rolun ifaçısı müğənni Rəşid Behbudovun, habelə Vəli obrazını canlandıran Lütfəli Abdullayevin kinoda ilk işi idi. Filmin musiqi redak-toru – Niyazi, ssenari müəllifi S.Rəhman, rejissorlar R.Təhmasib və N.Leşşenko, opera-torlar L.Atakişiyev və M.Dadaşov idi. 1946-cı ildə “Arşın mal alan” filminin yaradıcıları SSRİ Dövlət Mükafatına layiq göruldülər. Film dünya xalqlarının dillərinə dublyaj edi-lərək 130 ölkədə böyük müvəffəqiyyətlə nümayiş etdirildi.

«Melodiya» firması tərəfindən “Arşın mal alan” üç dildə (Azərbaycan, rus və fars) qrammofon valına yazılmış, əsər haqqında dövri mətbuatda, elmi jurnallarda resen-ziyalar, elmi məqalələr, kitab və broşürlər nəşr olunmuşdur (3, s. 102).

Üzeyir Hacıbəyli bütün musiqi əsərlərində olduğu kimi “Arşın mal alan”da da xalq musiqimizin bir sıra janrlarına müraciət etmişdir. Həmin nümunələri istifadə edərək onlara öz qələmi ilə yeni bir parlaqlıq vermişdir. Bu sırada rəqslər, xalq mahnıları, şifahi ənənəli professional musiqi nümunələri misal göstərilə bilər. Bəstəkar“Arşın mal alan”da xalq mahnı-rəqs və muğam ənənələrini sintezləşdirərək parlaq, yeni vokal üslubu yarat-mışdır. Burada artıq milli musiqi təfəkkürü Avropa vokal üslubu ilə qovuşur. Parlaq məzmun ilə yanaşı, bu musiqi novatorluğu operettanın dünya miqyasında şöhrət tap-masının əsas şərtlərindən biri olmuşdur.

Operettada hadisələr dinamik inkişaf edir. Burada ikinci dərəcəli, şərhedici nömrələr yoxdur. Yeganə xor olan qızların xoru da milli məişət koloritinin poetik təcəs-sümüdür. Bəstəkar operettanın musiqisində Azərbaycan xalq mahnı və rəqslərinin ritm-intonasiyalarını böyük ustalıqla əks etdirir. Qızların xorunda “Qalanın dibində”, Soltan bəyin kupletlərində “Canlar içində canım”, üverturanın əsas mövzusunda “Boynunda var sarılıq” mahnılarının, Asyanın rəqsində “Tərəkəmə” xalq rəqsinin intonasiyaları eşidilir.

Film müqəddimə ilə başlayıb birbaşa olaraq Əsgərin I pərdədən “Nalədəndir ney kimi” ariyası ilə davam edir. İlk improvizasiya xarakterli çox kiçik muğamsayağı fraza Vəlinin ifasında səslənir. Vəli “Öldüm ey, yol gözləməkdən” sözləri ilə fikirli halda gil-eyli intonasiyalarla zümzümə edir:

Not yazısı: N.Əliyeva

not

Bu kiçik frazanın məqam əsası sol mayəli şur məqamına istinad edir, Andantino tempində ifa olunur. Mayənin üst tersiyasında başlayan melodiya tersiya intervalı həc-mində aşağı istiqamətli hərəkətlə mayeyə doğru enir.

Filmdə səslənən növbəti muğam parçası Telli və Vəli ilə bağlıdır. Qulluqçu Tellinin oxuduğu kiçik muğam avazına Vəli öz ifası ilə cavab verir. Burada hər iki qəh-rəmanın ifa etdiyi bir frazadan ibarət, muğam improvizasiyası üzərində qurulmuş lakonik bir duet yaranır.

Not yazısı: N.Əliyeva

not

Muğam parçası re diyez mayəli segah məqamına əsaslanır. Telli “Ey” müraciəti üzərində oxuduğu kiçik giriş xarakterli hissənin ardınca, “Ey, məni fəraq oduna yan-dıran, ey nigar” mətnini ifa edir və ona Vəli “yandırma” sözü ilə cavab verir. Mülayim tempdə ifa olunan duet xromatik hərəkətlə mayənin üst tersiyasına dayaqlanır və sonra xromatizmlə gəzişərək mayəyə enir.

Sonuncu muğam improvizasiyası isə Vəlinin ifasında səslənir və ardınca Telli ilə onu xarakterizə edən komik duet səhnəsinin musiqi sədaları altında rəqs edirlər. Yenidən üvertura səslənir və film “Elə bənd oldum” ifadələri ilə Əsgər və Gülçöhrənin xoşbəxt ifaları üzərində yekunlaşır.

Bu film Ü.Hacıbəylinin sağlığında, onun iştirakı ilə çəkilmiş, müəllifi qane edən ilk və yeganə kino versiyasıdır və bu filmdə şifahi ənənəli professional musiqi nümu-nələrinin sayı 1965-ci ildə çəkilmiş filmlə müqayisədə daha azdır.

Növbəti ekranlaşdırma 1965-ci ilə aiddir (6, s.57).Üzeyir Hacıbəylinin anadan olmasının 80 illiyi münasibətilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “Arşın mal alan” operettasını yenidən istehsal edir. Bu dəfə film genişekranlı və rəngli variantda olur. Filmin ssenari müəllifləri T.Tağızadə və M.Dadaşov, rejissor T.Tağızadə, musiqi redaktoru SSRİ xalq artisti F.Əmirov, filmin direktoru S.Bəyazov, D.Yevdayev idi. Baş rollarda L.Şıxlinskaya (Gülçöhrə), H.Məmmədov (Əsgər), H.Yaqizarov (Süleyman bəy), A.Soltanov (Soltan bəy), N.Məlikova (Cahan xala) çəkilmişlər. Gül-çöhrə rolu aktrisa Leyla Şıxlinskayanın kinoda ilk işi olmasına baxmayaraq müvəf-fəqiyyətlə ifa olunmuş və böyük rəğbət qazanmışdır. “Arşın mal alan”dan sonra o, daha 10 filmdə müxtəlif rollara dəvət almışdır.

Filmdəki musiqi nömrələrində Əsgərin partiyalarını Azərbaycanın xalq artisti, müğənni Rauf Atakişiyev, Gülçöhrənin ariyalarını isə opera sənətində Nigar, Əsli kimi obrazları məharətlə canlandıran Sona Aslanova ifa etmişdir. Digər vokal partiyalarının ifaçıları sırasında Z.Quliyeva, K.Əzimov, F.Mehdiyev, Ş.Qasımova, R.Mahmudov, S.Həsənovanın adları çəkilə bilər.

Film üverturanın musiqi sədaları altında başlayır və ardınca II pərdədən “Gülçöhrənin ariyası” ilə davam edir. Tellinin Asya və Gülçöhrə ilə səhnəsində isə “Mirzəyi” rəqsinin ardınca  lirik əhvali-ruhiyyəli “Tellinin nəğməsi” səslənir. Bundan sonrakı səhnədə Əsgərin evində  Əsgər, xalası və Vəli ilə birgə fikirli halda oturub çıxış yolu axtarır. Həmin hissədə danışıq dialoqları yoxdur və bu qəmli səssizliyin təsir gücü-nü kamançanın ifasında səslənən muğam parçası daha da artırır. Həmin muğam parçası görkəmli kamança ifaçısı Habil Əliyevin təfsirində yazıya alınmış, “Habil Segahı” adı ilə məşhurlaşmışdır.

Bu, filmdə səslənən ilk muğam parçasıdır. Onun kiçik bir fraqment şəklində səslənməsinə baxmayaraq həmin səhnənin abu-havasında çox mühüm rol oynayır. Qaranlığa qərq olan, ümidsizlik içərisində düşünən Əsgərin duyğularını sanki kaman-çanın ifası dilləndirir. Səslənən muğam isə səhnədə qabarıq təzad  yaratmağa xidmət edir. Süleymanın otağa gəlişi ilə muğam parçasının ardınca onun I pərdədən mahnısı səslənir. Beləliklə, az öncə muğamın sədaları altında düşüncələrə dalan Əsgər Süley-manın mahnısından sonra nikbin və ümid dolu əhvali-ruhiyyəyə köklənir. Bu da muğamın  sözlərlə ifadə oluna bilməyəcək kövrək hiss və duyğuları, əhval-ruhiyyəni təs-viretmə gücünə malik olmasını bir daha sübut edir.

                                                                                                Not yazısı: N.Əliyeva

not

not

Tərəfimizdən nota salınmış bu muğam parçası re mayəli segah məqamına əsas-lanır. Kompozisiyanın xanələrə bölünmə prinsipi melodik cümlələr əsasında aparıl-mışdır. İlk melodik cümlə üç xanədə tamamlanır. Əvvəldə mayənin üst kvartasında başlayan, qəlib kimi verilən əzmli xarakterli çərək notlar üçüncü xanədə xırdalanmış ritmik formulla, aşağıya doğru istiqamətlənmiş pilləvari hərəkətlə mayəyə enir. Bu cüm-lədə kamançanın ifasındakı glissando yazıda ox işarəsi ilə qeydə alınmışdır. Üçüncü xanədə mayənin üst kvintasının zilləşməsinə, mayənin üst kvartasının isə bəmləşməsinə rast gəlinir.

Ümumiyyətlə, muğam parçası daxilində mayənin üst kvartasının həm zilləşməsi, həm də bəmləşməsi müşayiət olunur. İkinci melodik cümlə dörd xanədən ibarətdir və mayənin üst tersiyasından aşağı istiqamətli pilləvari hərəkətlə mayəyə doğru enir.

Bu kompozisiyanın şərti olaraq iki hissədən ibarət olmasını qeyd etmək olar. II voltadan sonrakı hissə melodiya baxımından yeni bir hissə kimi qavranılır. Bu hissədə mayə ətrafı melodik hərəkətlə müşayiət olunan xanələr mayəyə dayaqlanır. Yeddi melo-dik cümlədən ibarət olan parçada triolların verilməsindən sonra xırdalanmış ritmik fiqur-lar özünü göstərir və melodiya yenə də mayəyə ayaq verir. Sonuncu iki xanə isə son-luğun əlavəsi kimi mayəni bir daha təsdiq edir.

Həmin səhnədə maraq doğuran amillərdən biri də tacir ailəsinin evində qrammofonun mövcud olmasıdır. Burada qrammofonun evin qiymətli əşyalarından biri olması fikri aydın sezilir. Rejissor Əsgərin timsalında dövrünün kübar tacirlərinin mədə-niyyətə verdiyi dəyəri nümayiş etdirmiş, onların mənəvi istirahətlərinin nədən ibarət olmasını göstərmişdir.

İkinci muğam parçası Tellinin nəğməsinin ardınca segah üstündə “Şikəstə”yə yaxın tərzdə ifa etdiyi improvizasiya xarakterli kompozisiyadır. Kiçik həcmli bir parça olmasına baxmayaraq bu hissə Tellinin məhəbbət həsrətini, onun da sevib-sevilmək istə-yini daha da qüvvətli şəkildə nəzərə çarpdırır. Bu muğam parçası S.Ə.Şirvaninin “Olacaqsan” rədifli qəzəlindən bir beyt üzərində oxunur. Maraqlıdır ki, Üzeyir bəy əsərdə Avropa vokal sənəti üslubunda yazdığı ariyaların mətnində əsasən Füzulinin qəzəllərindən istifadə etsə də, həmin səhnədə isə Seyid Əzim Şirvani yaradıcılığına müraciət etmişdir. Qəzəl əruz vəzninin həzəc bəhrində yazılıb (“məf«UlüməfA`İlüməfA`İlüfə`Ulün» təfilələrinin birləşməsi).

Mən eylə bilirdim ki, mənə yar olacaqsan,

Aləmdə mənə yari vəfadar olacaqsan.

Sol mayəli segah məqamına əsaslanan bu muğam parçasında xanəndənin ifası nağara və qarmon alətlərinin müşayiəti ilə verilir. İlk xanədə nağaranın akkomponementi ilə səslənən xanəndə ifasına üçüncü xanədən qarmon da əlavə olunur. Muğam kompozisiyasının əvvəlindən sonuna kimi nağara eyni bir ritmik fiquru təsvir edir. Üçüncü xanədə qarmon alətinin ifa etdiyi melodik cümlə xanəndənin ifasına kontrapunkt şəklində cavab verir və daha sonra muğam parçasının sonuna kimi bir səs üzərində dayanır.

not

Filmin əvvəlində Tellinin ifasında səslənən kiçik muğam parçasına bir daha rast gəlinir. Soltan bəyin evində yalnız qalan Telli öz bəxtindən şikayətləndiyi vaxtda Vəli tərəfindən qaçırılır.

Sonda hər bir cütlüyün birlikdə rəqs səhnələri göstərilir ki, onları müxtəlif folklor nümunələri ifadə edir. Məsələn, Süleyman və Asyanın rəqsində “Süleymani”, Soltan bəy və Cahan xalanın rəqsində “Mirzəyi”, Əsgər və Gülçöhrənin rəqsində “Qavalla rəqs” kompozisiyası səslənir. Film üverturanın mövzusu ilə yekunlaşır.

Filmlərin hər ikisində II pərdədən Asya və Tellinin ariyası istisna olmaqla partiturada verilən bütün musiqi nümunələrindən istifadə olunmuşdur. Vokal partiyalar əsas etibarilə Əsgər və Gülçöhrəyə aid olub, onların hiss və iztirablarını ifa edir. Digər rolların ifaçıları isə bir və ya iki musiqi nümunəsi ilə öz obraz xarakteristikasını açıq-layır. Sadə xalq nümayəndələri olan Telli və Vəlini bir musiqi nümunəsi – duet səhnəsi xarakterizə edir. Lakin onları ifadə edən kiçik muğam parçaları obrazların tam açıl-masında mühüm rol oynayır. Muğam hissələrinin məhz bu iki obrazla bağlılığı bu sənə-tin sadə xalq tərəfindən sevildiyini, məişətdə daim dinlənildiyini büruzə verir.

136 ölkədə nümayiş olunmuş “Arşın mal alan” 2013-cü ildə daha bir yeniliklə tamaşaçılara təqdim olundu. Heydər Əliyev fondunun təşəbbüsü və dəstəyi ilə dekabr ayının 10-da Heydər Əliyev Mərkəzində filmin bərpa edilmiş və rənglənmiş formada 1945-ci il ekranizasiyasının premyerası baş tutdu. Film dünya kino sənayesinin əsas mər-kəzi olan Hollivudda bərpa edilərək rənglənmişdir. Doqquz ay ərzində həyata keçirilən bu layihə üzərində Asiya, Avropa və Amerikadan olan 157 nəfərlik heyət çalışıb. On-ların arasında “Oskar” mükafatına layiq görülmüş peşəkar mütəxəssislərlə yanaşı, Azər-baycanın kino işçiləri də olub.

Azərbaycan mədəniyyəti tarixində xüsusi yerə məxsus “Arşın mal alan” adlı sənət incisi, şah əsər bütün cahanı fəth edərək dünyada tanındı. O, bu gün də həm film, həm də musiqi əsəri kimi tamaşaçıların qəlbinə birbaşa yol tapır.

 

ƏDƏBIYYAT:

  1. Abezqaus İ. Azərbaycan musiqisində Ü.Hacıbəyovun bədii kəşflərinin inkişafı. / XX əsrin Azərbaycan musiqisi (məqalələr toplusu). B.: Şur, 1994, 200 s.
  2. Azərbaycan musiqi tarixi. I cild. B.: Şərq-Qərb ASC Nəşriyyat evi, 2012, 592 s.
  3. Hacıbəyov Ü. Ensiklopediyası. B.: Azərbaycan, 1996. 462 s.
  4. Hacıbəyov Ü.Ə. Seçilmiş əsərləri. B.: Yazıçı, 1985, 653 s.
  5. Hacıbəyov Ü.Ə. Musiqili komediyalar. B.: Azərbaycan SSRİ Elmlər Akademiyası, 1959, 225 s.
  6. Hacıbəyov Ü.Ə. Nəşrlərdə kənara qoyulmuş, ixtisar və “redaktə” edilmiş əsərləri. B.: Elm, 2010, 236 s
  7. Kazımzadə A. Üzeyir Hacıbəyov və kino. B.: Nağıl evi, 2005, 416 s
  8. Qasımov Q. Üzeyir Hacıbəyov. Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı. B.: Elm, 1949, 117 s
  9. Məlikov X.Ü. Hacıbəyov. Arşın mal alan. B.: Az.SSR, 1955, 46 s
  10. Zöhrabov R.F. Bəstəkarlarımız haqqında. B.: Şur, 1995, 88 s
  11. Hacıbəyov Ü.Ə.“Leyli və Məcnun”dan “Koroğlu”ya qədər. Əsərləri, II cild. B.: Yazıçı, 277 s.

 

Нурай АЛИЕВА

Магистрант BMA

РОЛЬ УСТНО ТРАДИЦИОННОЙ ПРОФЕССИОНАЛЬНОЙ МУЗЫКИ В ЭКРАНИЗАЦИЯХ ОПЕРЕТТЫ «АРШИН МАЛ АЛАН»

Резюме: В представленной статье раскрывается художественное значение  и роль традиционной музыки устной традиции — мугама в фильмах, которые были сняты на основе музыкальной комедии Узеира Гаджибейли «Аршин мал алан». Используемые мугамные импровизации создают контраст между вокальными номерами и повышают эмоциональную, а также народно-национальную  окраску  данных  сцен.

Мугамные отрывки были  нотированы автором  и проанализированы. Одним из интересных фактов является то, что эти дополнения логично связываются с другими номерами оперетты.

Ключевые слова: Узеир Гаджибейли, «Аршин мал алан», мугамные импровизации, музыкальная комедия

 

Nuray ALIEVA

Master of Arts of BMA

THE ROL OF ORAL TRADITIONAL PROFESSIONAL MUSIC IN THE SCREEN VERSION OF THE MUSICAL COMEDY “ARSHIN MAL ALAN”

Summary: İn this article the artistic idea and the role of the oral traditional music mugham is reflected in the films, which were based on Uzeyir Hajibeyli’s musical comedy “Arshin mal alan”. In both films they were use din  descriptions of  different circumstances and psychological states. The mugham pieces were  made in music notation and analyzed.

The use of folk music is very important in this films. Because they  open the spiritual world of the simple persons and  influence these scenes very highly.

Key words: Uzeyir Hajibeyli, Arshin mal alan, musical comedy, mugham

 

Rəyçilər:

sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Mahmudova

sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə Həsənova

Mövzuya uyğun