AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 4, 2015

 

 

Əliağa SƏDIYEV

                        AMK-nın müəllimi

 

Milli musiqi mədəniyyətimizin inkişafında muğamların rolu

 

Açar sözlər: muğam, Üzeyir Hacıbəyli, Muğam Mərkəzi

 

Dahi bəstəkar və musiqişünas Üzeyir bəy Hacıbəyli “Azərbaycan xalq musiqisinin əsasları” əsərində yazırdı: “Yaxın Şərq xalqlarının musiqi mə­dəniyyəti XIX əsrə doğru özünün yüksək səviyyəsinə çatmış və on iki sütunlu, altı bürclü “bina” (dəstgah) şəklində iftixarla ucalmış və onun zirvəsindən dünyanın bütün dörd tərəfi: Əndəlisdən Çinə və Orta Afri­ka­dan Qafqaza qədər geniş bir mənzərə görünmüşdür. Bu “musiqi mədə­niy­yəti sarayının” tikilişində qədim yunan musiqi nəzəriyyəsini yaxşı bi­lən və hərtərəfli biliyə malik olan Əbu Nəsr Fərabi, Avropada Avitsenna adı ilə məşhur olan alim-mütəfəkkir Əbu Əli Sina, Əlkindi və başqaları iş­tirak etmişlər” (1, s. 35).

Böyük Azərbaycan bəstəkarı Fikrət Əmirov göstərirdi ki, “Muğam həm bütövlükdə, həm də ayrılıqda bədii obrazların təsəvvür və fəlsəfi ideyalarının bütöv bir dünyası deməkdir. Bu ecazkar aləmi kütlələrə ta­nıt­dıran sənətkarlar ən əvvəl xanəndələr və onları müşayiət edən virtuoz çal­ğıçılar olmuşlar” (6, s. 6).

Ərəbcə yer, məkan mənasını verən muğam – şifahi ənənəyə malik Azər­baycan klassik professional musiqi janrlarından biri, iri həcmli vo­kal-instrumental və ya instrumental əsərdir. Yaxın və Orta Şərq xalqları ara­sında bu və ya digər dərəcədə muğama yaxın musiqi janrları möv­cud­dur (ərəb və türklərdə makam, türkmən və uyğurlarda mukam, özbək və ta­ciklərdə makom, İran musiqisində dəstgah və s.). Muğam spesifik çox­his­səli musiqi janrı kimi Orta əsrlərin son dövründə for­malaşıb. Lakin mu­ğamların tərkibinə daxil olan müxtəlif şöbə, guşə, təsnif və rənglərin ya­ranma tarixi daha qədimdir. “Muğam” termini mənşəyinə görə mə­qam­la bağlıdır (3, s. 793). Tanınmış musiqişünas Z.Səfərovanın “Azərbay­ca­nın musiqi elmi” (XIII-XX əsrlər) fundamental tədqiqatında göstərildiyi ki­mi, Orta əsr Şərq musiqisinin məqam əsaslarını ilk dəfə Səfiəddin Ur­mə­vi sistemə salmış, onlar Əbdülqadir Marağalı tərəfindən təkmilləşdiri­lib. Bu sistemin əsasını “dövr” adlanan 12 əsas məqam, 6 avaz və 24 şö­bə kimi törəmə məqamlar təşkil edirdi. Orta əsrlərdə bu və digər məqam­lar əsasında təqsim, pişrov, şərqi, əməl, sövt, bəstə, nəqş, təranə, simai, ma­ni və s. vokal, yaxud instrumental janr və formalar mövcud idi. Əb­dül­qadir Marağalının traktatlarında göstərilən “küll ən-nəğam” iri həcmli musiqi forması mürəkkəbliyi, dövrünün bütün məqamlar məcmusuna əsaslanması ilə fərqlənirdi (7, s. 450-460). Bu musiqi formaları sonralar ümumi məqam və janr mənbəyi kimi İran dəst­gahı, özbək-tacik makomu, Azərbaycan muğami və s. musiqi janrlarının meydana gəlməsi üçün zə­min olmuşdur. Muğam Orta əsr bədii yaradıcılığının müxtəlif sahələrini (po­eziya, ifaçılıq mədəniyyəti, yüksək bəstəkarlıq texnikası və s.) özündə üzvi surətdə birləşdirmiş, dövrünün təkcə musiqi sənətkarlığını deyil, onu yaradan cəmiyyətin mənəvi-bədii inkişafını əks etdirmişdir. Muğam Orta əsr musiqi mədəniyyəti inkişafı­nın ən yüksək pilləsi və onun yekunudur. Mu­ğamın Azərbaycan musiqi­sin­dəki rolunu, onun kon­sep­si­yası­nın əhə­miy­­yətini Avropa musiqisindəki sonata-simfoniya kon­sep­si­ya­sı ilə müqa­yi­sə etmək olar. Musiqi tədqi­qatçısı F.Şuşinski haqlı olaraq yazırdı ki, “Mu­­­ğamların meydana gəlməsi, təşəkkülü və inkişaf prosesi hər ölkədə spe­sifik milli xüsusiyyət və cizgilər kəsb etmişdir. …Azərbaycan mu­ğam­ları da tarix boyu özünə­məx­sus inkişaf prosesində ictimai-siyasi ha­di­sələrin təsiri altında təkmil­ləşmiş, müasir formaya düşmüşdür… Mu­si­qi aləmində öz ahəng­ləri, rəngləri və ifaçılıq yolları ilə fərqlənən Azər­bay­can muğamları zəh­mət­keş xalqın həyat fəlsəfəsi, onun arzu və düşün­cə­ləri ilə sıx bağlı ol­muş­dur. Muğamat yalnız təsnif və mahnıların, oyun ha­valarının deyil, eyni zamanda opera və baletlərin, hətta simfonik əsər­lə­rinin tükənməz çeş­mə­sidir. Bir sözlə, muğamat Azərbaycan musiqi dili­nin lüğətidir” (6, s. 10).

Orijinal Azərbaycan muğamları milli bəstəkarlıq məktəbinin təşəkkü­lündə, ümumiyyətlə isə musiqi mədəniyyətimizin inkişafında böyük rol oy­nayıb. XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan muğamı öz in­kişaf tarixinin yeni mərhələsinə yüksəlmişdi; bu illərdə bir sıra gör­kəm­li muğam ifaçıları – xanəndə və çalğıçılar yetişmişdi.

Azərbaycan muğam ifaçılığında Rast, Şur, Segah, Çahargah, Bayatı-Şi­raz, Şüştər, Hümayun, eləcə də Şahnaz, Mahur-hindi, Rəhab, zərbi mu­­­ğamlardan Hey­ratı, Arazbarı, Səmai-şəms, Mənsuriyyə, Qarabağ şi­kəs­­təsi, Kəsmə şikəstə və s. geniş yayılıb. Azərbaycan muğam sənətinin in­kişafında xanəndələrdən Səttar, Hacı Hüsü, Cabbar Qaryağdıoğlu, Ke­çə­çioğlu Məhəmməd, Əbdülbaqi Zülalov (Bülbülcan), Məşədi Məmməd Fərzəliyev, Ələsgər Abdullayev, İslam Abdullayev, Seyid Şuşinski, Xan Şu­şinski, Bülbül, Zülfü Adıgözəlov, çalğıçılardan Mirzə Məhəmməd Ka­man­çayi, Sadıq Əsədoğlu, Məşədi Cəmil Əmirov, Qurban Pirimov, Qıl­man Salahov, Mənsur Mənsurov, Əhməd Bakıxanov, Bəhram Mən­su­rov və başqalarının mühüm xidməti olmuşdur.

XX əsrdə, xüsusilə əsrin II yarısında muğamın artıq sabitləşmiş qa­nun­­­ları çərçivəsində yeni meyllər əmələ gəlmişdi. Bu meyllər zahiri əla­mət­lərinə görə formanın kompozisiya ölçülərinin yığcamlaşmasında, mu­ğam silsiləsində ənənəvi hissələrin tədricən aradan çıxmasında özünü gös­­­tərir. Məsələn, XIX əsrin sonu, XX əsrin əvvəllərində ifa olunan “Şur” muğamında təqribən 30 şöbə və guşə olduğu halda, hal-hazırda bu mu­­ğam əsasən, 12 şöbə və guşədən ibarətdir. Müasir Azərbaycan mu­ğam­­la­rında həcmin yığcamlaşması formanın lakonizminə, musiqi prose­si­­nin da­ha da fəallaşmasına səbəb oldu. Tərkibindəki bu dəyişikliklərə bax­­maya­raq, muğam klassik Azərbaycan musiqisinin ən iri və əsas janrı olaraq qa­lır.

Azərbaycan muğamları ilk dəfə XX əsrin əvvəllərində bir sıra gör­kəm­li xanəndələrin ifasında qrammofon valına yazılıb. 1930-cu illərdə bö­­yük sənət­kar­larımız Niyazi və Qara Qarayevin muğamların nota salın­ma­sında xidmətləri olub. 1936-cı ildə bəstəkarlar – Zakir Bağırov və To­fiq Quliyev “Zabul-segah” və “Dügah” muğamlarını nəşr etdirib. Keçən əs­rin 60-cı illərindən etibarən muğamların nota salınması ilə sistematik su­­rət­də məşğul olunur. Musiqişünas və bəstəkar Nəri­man Məmmədov mü­­a­sir muğamlardan “Çahargah”, “Humayun”, “Şur”, “Ba­yatı-Şiraz”, “Rast”, “Şahnaz”, “Zabul-segah”, “Rəhab” (solo instru­men­tal formada), “Ça­hargah” və “Rast”ı (dəstgah formasında), Ə.Bakıxanov isə zərbi mu­ğam­ları nota salmışdır. Azərbaycan muğamlarının nəzəri baxımdan öyrə­nil­məsinə XIX əsrin axırlarından başlanıb. Mir Möhsün Nəvvabın “Vü­zuhül-Ərqam” (1913) traktatı bu sahədə yaradılmış ilk əsərlərdəndir. Azər­­­­baycan musiqişünaslığında Üzeyir bəy Hacıbəyli “Azərbaycan xalq musiqisinin əsasları” (1945) monumental əsəri ilə Azərbaycan muğam­la­rın­dakı məqam quruluşunun tədqiqinin əsasını qoyub. “Üzeyir Hacıbəyo­vun nəzəri və musiqi-estetik irsi, bu dahi insanın bədii yaradıcılığı kimi, Azərbaycan mədəniyyətinin xəzinəsinə böyük töhfədir” (7, s. 468).

Üzeyir Hacıbəyli böyük uzaqgörənliklə milli musiqi mədəniyyətində klassik nailiyyətləri qoruyub saxlamaqla inqilabi dəyişiklik zərurətini hiss etmiş, faktiki olaraq muğam sənətini dirçəldərək onun yeni ifadə im­kan­larını üzə çıxarmışdır. O, ilk dəfə olaraq Avropa mənşəli opera jan­rın­da muğamlardan istifadə etmişdir.

Muğam operaları Azərbaycanda bədii yaradıcılığın tarixi inkişafının ge­­dişi nəticəsində yaranıb. Onların əsası həm şifahi xalq musiqi ənənə­lə­rin­dən (muğam, aşıq sənəti, xalq mahnı və rəqsləri), həm də qədim tarixi olan, dini, məişət hadisələrini əks etdirən səhnələşdirilmiş tama­şalardan götürülmüşdür.

Muğam operasında muğamların ayrı-ayrı dəstgahlarının təsnif və rəng­ləri səslənir. Üzeyir Hacıbəylinin muğam operalarında folklor ru-hun­­­­­­da yazılmış müəllif musiqisi də vardır ki, bu da Azərbaycanda bəs­tə­kar­lıq fəaliyyətinin meydana gəlməsi və gələcək inkişafı üçün zəmin ya­rat­dı. Üzeyir Hacıbəylinin muğam operalarında milli musiqi mədəniyyə­ti­mizdə o vaxtadək inkişaf tapmamış xor janrından da geniş istifadə olu­nub. Həmin əsərlərdə xor müxtəlif dramaturji rollar oynayır, hadisələri ümu­­miləşdirir, izah edir, məişət səhnələrini təsvir edir, qəhrəmanların psi­­­xoloji vəziyyətini açır və s. Bu quruluşda reçitativ-deklamasiya impro­vi­zasiyasının ritmik cəhətdən dəqiq fraqmentlərlə – təsnif və rənglərlə növ­bə­ləşməsinə əsaslanan dəstgahın kompozisiya əlamətləri müşahidə olu­nur. Ərsəyə gələn operaların quruluşu nəsrlə şeirin (mah­nı­nın) növbə­ləş­məsinə əsaslanan aşıq dastanlarının kompozisiyası ilə də mü­əyyən ana­logiya yaradır.

Muğam operası – XX əsrin əvvəllərində Üzeyir Hacıbəylinin yaradı­cı­lı­ğında təşəkkül tapmış orijinal opera janrıdır. İlk muğam operası “Leyli və Məcnun”un yaranmasında 1897-ci ildə Şuşada oynanılmış “Məcnun Leylinin məzarı üstündə” adlı kiçik musiqili tamaşanın əhəmiyyətli rol oy­nadı. Füzulinin “Leyli və Məcnun” poemasının son fəsli əsasında qu­rul­­muş bu tamaşada şeirlər muğam melodiyaları üstündə oxunmuş, tama­şa xorla, orkestr əvəzinə isə sazəndə ansamblı ilə müşayiət edilmişdir. Bu səhnəcik, Hacıbəylinin sonralar etiraf etdiyi kimi, ilk Azərbaycan muğam ope­rasının yaranması üçün mühüm bir təkan oldu. Hacıbəylinin ən dəyər­li kəşflərindən olan muğam opera ilə Azərbaycanda bəstəkarlıq yaradı­cı­lı­ğının əsası qoyulub. Novator sənətkar Üzeyir Hacıbəyli Azərbaycan mu­siqisinin ən mürəkkəb və irihəcmli janrlarından olan muğamı Avropa bəs­təkarlıq yaradıcılığının ən mürəkkəb musiqi sahəsi sayılan operaya da­xil edərək Şərq və Qərb musiqi mədəniyyətlərinin vəhdətinə nail ol­muşdur. Ü.Hacıbəyli ilk operalarında şifahi ənənəyə malik improvizasiya janrlı muğamları olduğu kimi saxladı. Muğamlar burada əsas emosional-ob­razlı ifadə vasitəsi olaraq əsərin musiqili dramaturgiyasında başlıca rol oy­nayır. Muğam, operadakı iştirakçıların ilk növbədə baş qəhrəmanların obrazlarını açır, səhnə hadisələrinin dramaturji inkişafına təsir göstərir (4, s. 153).

Muğamdan istifadə edərkən Üzeyir Hacıbəyli bu janr üçün ənənəvi olan obraz-emosiya mühitinə əsaslanırdı. Belə ki, parlaq, xoşbəxt məhəb­bət – “Segah” muğamı ilə, qəhrəmanlıq – “Heyratı” zərbi muğamı ilə, qəmli hadisələr – “Şur”, “Bayatı-Şiraz”, “Kürd-Şahnaz”, “Şüştər”, fəal dra­­matik hadisələr – “Çahargah” muğamı vasitəsilə ifadə olunurdu. Ope­ra­dakı hadisələri müşayiət edən muğamlar ariya, ariozo, duet, reçitativ ki­­­­­mi ənənəvi musiqi-səhnə formalarını əvəz edirdi. Qəhrəmanların müx­tə­lif xarakterik hissələrini ifadə edən ayrı-ayrı muğamları Üzeyir Hacı­bəy­li vahid dramaturji əsasla birləşdirirdi. Bununla da, muğam konkret hə­yatı şəraiti, müəyyən tipajı təsvir edən musiqiyə çevrildi. Muğamın ope­­radakı hadisələrin açılmasındakı əsas rolu “muğam opera” termininin yaranmasına səbəb oldu.

Üzeyir Hacıbəyli 6 muğam operası yazıb: “Leyli və Məcnun” (1908), “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xur­şid­banu” (1912), “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915). Bu ope­raların əksəriyyəti yüksək, ülvi məhəbbəti, gözəl insani keyfiyyətləri tərənnüm edən lirik faciədir. Üzeyir Hacıbəylinin qəhrəmanları öz mü­ba­rizələrində məhəbbətdən güc alir. Bu operalarda məhəbbət yüksək mə­nə­vi gözəllik kimi təsvir edilir. Sevən insan həm də həyatdakı haqsız­lıq­lar­la barışa bilmir, onlara qarşı üsyan edir.

Üzeyir Hacıbəylidən sonra Zülfüqar Hacıbəyov “Aşıq Qərib” (1916), Müs­lüm Maqomayev “Şah İsmayıl” (1916) və başqaları da muğam ope­ra­ları yazdılar. Muğam operaları milli mədəniyyətimizdə yeni ifaçılıq sə­nə­tinin – musiqili teatrın yaranmasına səbəb oldu. Bu musiqili teatrın da ba­nisi ilk musiqi truppasını təşkil etmiş Üzeyir Hacıbəyli idi. Azərbaycan mu­siqili teatrının yaranmasında görkəmli yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyev, rejissorlar kimi müqtədir aktyorlar Hüseyn Ərəblinski və Abbasmirzə Şərifzadə, ilk opera artistlərimiz Hü­seynqulu Sarabski, Əh­məd Ağamski, Hüseynağa Hacıbababəyov, Şirzad Hüseynov və başqa bu kimi tanınmış sənətkarların xidmətləri olmuşdur.

Azərbaycan bəstəkarları muğamdan geniş istifadə edərək simfonik mu­­ğamlar (“Şur”, “Kürd ovşarı”, “Gülüstan-Bayatı-Şiraz” – F.Əmirov; “Rast” – Niyazi; “Bayatı-Şiraz” – S.Ələsgərov), xor və orqan üçün mu-ğam (“Bayatı-Şiraz”, N.Əliverdibəyov) yazmışlar. Görkəmli cazmen Va-qif Mustafazadə muğam-caz janrını yaratmışdır. Azərbaycan bəstəkarları, öz əsərlərində, həmçinin muğamin melodika və intonasiyalarına, forma və dramaturji prinsiplərinə müraciət edirlər (2, s. 84). Muğam-opera, sim­fo­nik muğam və caz-muğam dünya musiqisini novatorluqla zəngin­ləş­dir­mişdir.

Azərbaycan Respublikası öz müstəqilliyini bərpa edəndən sonra milli mədəniyyətimizə və incəsənətimizə dövlət qayğısı və diqqəti xeyli yük­səl­mişdir. Ölkənin birinci xanımı, YUNESKO və İSESKO-nun Xoşmə­ram­lı səfiri, millət vəkili Mehriban Əliyevanın şəxsi təşəbbüsü və rəhbər­li­yi ilə Azərbaycan muğam sənəti inkişaf etməkdədir. Son illər Bakıda bey­nəlxalq Muğam Mərkəzi tikilib istifadəyə verilmişdir. Müntəzəm ola­raq keçirilən respublika muğam müsabiqələri, beynəlxalq muğam festival və konfransları muğamın, deməli, həm də musiqi mədəniyyətimizin in­ki­şa­fına yönəlmişdir.

“Muğam əsasən, estetik funksiya daşıyır. Öz yüksək bədii təzahürü ilə in­san fəaliyyətinin bilavasitə bədii olmayan növləri ilə bağlı deyil. Məhz buna görə də muğamı professional incəsənətə aid etmək olar. Mü­əy­yən ictimai-tarixi şəraitdə muğam özünəməxsus ifadə vasitəsinin kö­mə­yilə müəyyən dərəcədə emosional məzmun, hətta dövrün fəlsəfəsini özünə birləşdirərək Avropa bəstəkarlıq yaradıcılığının janrına məxsus bə­dii rol və funksiya daşımışdır” (5, s. 87). Deməli, Azərbaycanda bəstəkar yaradıcılığı öz inkişafına başladığı ilk gündən muğam sənəti ilə sıx bağlı olmuşdur.

Beləliklə, tarixi araşdırma və nəzəri təhlillər göstərir ki, muğamlar Azər­baycan musiqi mədəniyyətinin inkişafında bu gün də böyük əhə­miy­yət kəsb edir.

 

ƏDƏBİYYAT: 

  1. Hacıbəyov Ü.Ə. Əsərləri. On cilddə, II c. B.: Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı, 1965, 412 s.
  2. Azərbayca Sovet Ensiklopediyası. 10 cilddə, VII c. B.: Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası, 1983, 624 s.
  3. Azərbaycan Milli Ensiklopediyası. Redaktor: İlham Heydər oğlu Əliyev, “Azərbaycan” cildi. : “Azərbaycan Milli Ensiklopediyası” Elm Mərkəzi, 2007, 884 s.
  4. Üzeyir Hacıbəyli Ensiklopediyası. B.: Şərq-Qərb, 2007, 264 s.
  5. Məmmədov N. Azərbaycan muğamları. // Azərbaycan xalq mu­si­­qi­si (Oçerklər). B.: Elm, 1981, 200 s.
  6. Şuşinski F.M. Azərbaycan xalq musiqiçiləri. B.: Yazıçı, 1985, 478 s.
  7. Səfərova Z.Y. Azərbaycanın musiqi elmi (XIII-XX əsrlər). B.: Azər­nəşr, 2006, 544 s.

                                         

Алиага СААДИЕВ

Заслуженный артист

Азербайджанской Республики,

преподаватель АНК

РОЛЬ МУГАМОВ В РАЗВИТИИ ОТЕЧЕСТВЕННОЙ МУЗЫКАЛЬНОЙ КУЛЬТУРЫ

Резюме

В статье говорится  о большой роли азербай­джан­­ских мугамов в формировании и развитии национальной композиторской школы, которая, в свою очередь  вывела отечественную музыкальную культуру на качественно новый уровень, тем самым, обогатив мировую музыку такими новыми жанрами как, мугамная опера, сим­­фонический мугам и джаз – мугам.

Ключевые слова: мугам, Узеир Гаджибейли, Центр Мугама

 

 

Aliagha SADIYEV

                                                             Honoured Artist of  Azerbaijan Republic,

                                                      Lecturer of ANC

ROLE OF MUGHAMS IN DEVELOPMENT OF NATIONAL MUSICAL CULTURE

Summary

The paper deals with the role of mughams in  development of our national musical culture. Here it is emphasized that original Azerbaijan mughams played a great role in formation and growth of the national composer’s school which raised our musical culture up to the world arena enriching the international music  by such new genres as mugham-opera, symphonic mugham and mugham jazz.

Key words: mugham, Uzeyir Hajibayli, Mugham Centre

 

Rəyçilər:

professor M.Quliyev;

professor A.Abdullayev.

Mövzuya uyğun