AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 2, 2017

Abbasqulu NƏCƏFZADƏ

sənətşünaslıq üzrə elmlər doktoru,

AMK-nın professoru

E-mail: a.najafzade@yahoo.com

UOT 78.07Abbasqulu

 

MEYXANA JANRI – AZƏRBAYCANIN QƏDİM FOLKLOR NÜMUNƏSİ

endir

PDF 

 

Xülasə: Bu məqalədə Azərbaycanın ən qədim janrlarından biri olan meyxananın yaranma tarixi, etimologiyası araşdırılır. Meyxana janrının morfoloji xüsusiyyətlərinə diqqət yetirilir və bir sıra tanınmış ifaçıların yaradıcılığı tədqiq olunur.

Açar sözlər: meyxana janrı, tarix, etimologiya, morfoloji xüsusiyyətlər, Nizami Rəmzi, Vaqif Mustafazadə

Yaxın ötən illərdə – XX və XXI əsrin əvvələrində meyxana janrı haqqında mətbuatda bir sıra yazılar yer almağa başladı. Belə ki, ölkəmizin tanınmış ziyalıları əsərlərində meyxana mövzusuna müraciət etmişlər. Bu baxımdan, Mirzə Ələkbər Sabir (1862-1911) Üzeyir Hacıbəyli (1885-1948), Əliağa Vahid (1895-1965), Soltan Nəcəfov (1911-1981), Hüseyn Seyidzadə (1912-1979), Qılman İlkin (1914-2009), Tofiq Tağızadə (1919-1998), Həsən Seyidbəyli (1920-1980), Əziz Mirəhmədov (1920-2002), Balasadıq (1929-2003), Rəhimağa İmaməliyev (1936-2002), Əmirhüseyn Elşən (1937-2006), Şahmar Ələkbərov (1943-1992), Azad Nəbiyev (1945-2012), Nizami Rəmzi (1947-1997), Elxan Babayev (1948-2003), Baba Pünhan (1948-2004), Fuad Əzimli (1952-2011) kimi şair-yazıçı, bəstəkar, aktyor, rejissor və musiqişünasların yazdıqları əsərlər dəyərli mənbələrdir. Müxtəlif sahələrin nümayəndələri – Vaqif Mustafayev, Sabir Rüstəmxanlı, Rəhilə Həsənova, Natiq Rəsulzadə, Təvəkkül Səlimov-Şağani, Vüqar Əhməd, Nadir Məmmədli, Elçin, Vilayət Quliyev, Nizami Tağısoy, Aytac Rəhimova, Cavid Cabbaroğlu, Həsən Cəbrayılov, Saleh Sabat, Məhərrəm Zeynal, Vəli Həbiboğlu, Zaman Əsgərli, Nazim Rzayev, Gülbala Xudaverdioğlu və başqaları da əsərlərində meyxana mövzusuna müraciət etmişlər. Biz də müxtəlif illərdə meyxanaşünaslıqla bağlı bir sıra məqalələr hazırlamışıq. Təvazökarlıqdan uzaq olsa da bildirməliyik ki, məhz təşəbbüsümüzlə 1988-ci ildə AzTV-nin “Dalğa” verilişində ilk dəfə meyxana janrı ilə bağlı telesüjet hazırlandı. Verilişin qonaqları filologiya üzrə elmlər doktoru, əruzşünas alim Əkrəm Cəfər (1905-1991), Nizami Rəmzi və bu sətirlərin müəllifi idi. Beləcə, o vaxtlar Azərbaycan Dövlət Televiziya və Radio Verilişlərinin sədri olmuş professor Elşad Quliyevin (1941-2008) xeyir-duası ilə meyxana teleməkanlara yol açdı, janr haqda mətbuatda daha geniş yazılar yer aldı.

Bütün bu kimi görülən işlərə baxmayaraq, cəmiyyətdə meyxana janrına münasibət heç də birmənalı olmayıb. Belə ki, vaxtilə bəzi mütəxəssislər meyxana janrını ədəbiyyat nümunəsi belə hesab etmir, onu “xuliqanlıq kimi küçə folkloru”,“küçəjanrı” adlandırırdılar. Bəziləri isə meyxananın janr olduğunu inkar edir və onun folklora heç bir aidiyyatı olmadığını bildirirdilər. İdeologiyaya uyğun gəlmədiyindən (yəni meyxana – improvizasiyalı azad janr olduğundan) sovet dövründə bu fikirlər qəbul edilirdi. İlkin illər istisna olmaqla məhz sovet dövründə bu janrın ifasına uzun müddət qadağalar qoyulmuşdu. Meyxana azad və müstəqil janr olduğundan sovet senzurasının ona tətbiqi və nəzarəti mümkün deyildi. Azərbaycan folklorunun digər janrları kifayət qədər araşdırıldığı halda, meyxana janrı folklorşünasların, musiqişünasların, ədəbiyyatşünasların diqqətindən kənarda qalmışdı. Son illərdə isə bu “buz” əriməyə başladı, qeyd etdiyimiz sahələrin araşdırıcılları müvafiq sahə üzrə bir sıra sanballı əsərlər ortaya qoydular. Onlardan sənətşünaslıq üzrə elmlər doktoru, Bakı Musiqi Akademiyasının professoru Aytac Rəhimovanın dissertasiya işi və onun əsasında nəşrə hazırladığı monoqrafiyası xüsusi qeyd edilməlidir (12). Bu kimi əsərlər ortaya çıxdıqdan sonra meyxana janrı elmi istiqamət aldı, onun konsepsiyası işlənildi.

Hər hansı sahədən söz açarkən ilk növbədə, onun yaranma tarixi araşdırılır. Daha sonra adının sözaçımı, etimoloji məna çalarları, nəhayət, ən mühüm xüsusiyyətləri öyrənilir. Təqdim etdiyimiz bu məqalədə həmin məsələləri öyrənməyi qarşıya bir məqsəd kimi qoymuşuq.

Yaranma tarixi. Ağız ədəbiyyatımızın ən qədim qollarından biri olan meyxananınibtidai icma quruluşu dövründə yarandığı ehtimal olunur. Təbii ki, həmin dövrdə xüsusi istedada malik nəzmlə danışmağı bacaran ulularımızmeyxananın ilkin, primitiv formalarını söyləmişlər.Qədim yunan tarixçisi Herodot (e.ə. 484 — e.ə. 425) – “Tarix” əsərində Qafqaz Albaniyası və Atropatena (indiki Azərbaycan ərazisi), Xəzər dənizi haqqında geniş məlumat verir. O, əsərində bu ərazidə yaşayan massaget tayfalarından söhbət açarkən onların “bədahətən şeirlər” söyləmələrini bildirir. Bir sıra mütəxəssislərin, o cümlədən Abbasqulu Ağa Bakıxanovun (1794-1847) rəyinə görə, Maştağa kəndinin adı məhz massaget sözündən yaranmışdır. Herodot yazır: “202. Bəzilərinin danışdığına görə, Aras İstrdən böyükdür; bəziləri isə əksinə, bunu o birindən kiçik hesab edirlər. Verilən məlumata görə Aras boyunca Lesbos böyüklüyündə çoxlu ada var. Bu adalarda yay vaxtı yerdən çıxartdıqları müxtəlif köklərlə dolanan adamlar yaşayırlar. Onlar yay aylarında ağaclardan dəymiş meyvələr yığıb ehtiyat üçün saxlayırlar. Orada guya xüsusi növ meyvələr gətirən başqa ağaclar da var.Massagetlər dəstə ilə bir yerə toplaşıb tonqal qalayır, sonra onun ətrafında oturaraq həmin meyvələri oda atırlar. Ellinlər çaxırdan necə sərxoş olurlarsa, bunlar da yanan meyvələrin iyindən sərxoş vəziyyətə düşürlər. Ocağa çox meyvə atdıqca özləri də o qədər artıq sərxoş olurlar ki, axırda ayağa qalxıb oynamağa və mahnı oxumağa başlayırlar. Bu tayfanın həyat tərzi haqqında belə danışırlar” (6, s. 88-89).

Tarix üzrə fəlsəfə doktoru Cavid Cabbaroğlu “Meyxananın anatomiyası” məqaləsində həmin fikirlərə münasibətini belə bildirir: “Bu üzdən ehtimal etmək olar ki, Herodot “tonqal başında mahnı oxumaq” deyərkən məhz meyxanaya işarə edib. Bu isə bir daha meyxananın vətəninin Bakı, Abşeron olduğunu deməyə əsas verir” (16).

Əslində C.Cabbaroğlunun dedikləri ilə tam şəkildə olmasa da, müəyyən mənada razılaşmaq olar.Meyxana janrının ilkin nümunələrinin qeyd edilən ərazidə yaransa da bu, ümumilikdə Azərbaycan xalqınının zəkasının məhsuludur. Sadəcə Xızı və Abşeron ərazisi istisna olunmaqla digər bölgələrdə unudulmuş, az istifadə edilmişdir. Son dövrlərdə telekanallardakı meyxana yarışmalarında iştirak edənlər demək olar ki, ölkəmizin bütün bölgələrini təmsil edirlər. Deməli, meyxana janrını aşıq sənəti kimi, Azərbaycanımızın istənilən bölgəsinə aid etmək olar.

Meyxana janrı ilə aşıq sənəti arasında müəyyən bənzərliklər görünür: hər ikisi yaradıcı peşə sahibləridir, gördüklərini bədahətən nəzmə çəkir, deyişməyə xüsusi yer ayırır, hər iki janrda aktyorluq elementləri var, xüsusən deyişmə zamanı teatral xüsusiyyətlər diqqəti çəkir, müxtəlif melodiyalar bəstələyirlər və s. Ustad meyxanaçılar da haqq aşıqları kimi ətrafındakı hadisələrə aktiv, çevik münasibət göstərməli, faktlara, olaylara özünəməxsus interpretasiya, ekspromt reaksiya verməyi bacarmalı, zəngin söz ehtiyatına, müstəqil düşüncə tərzinə malik olmalıdır. Sonralar janrın “bədyə”, “bədihə”, “bədiə”, “bədihəgu”, “meydanxana” və “lubuq” adlandığını bildirənlər də var. Hər halda necə adlanmasından asılı olmayaraq bu janr mahiyyətcə bütün dövrlərdə özünü qoruyub saxlamışdır.

Bu fikirlərə hələ 2010-cu ildə nəşr etdirdiyimiz “Azərbaycan idiofonlu çalğı alətləri (orqanoloji-tarixi tədqiqat)” adlı monoqrafiyada münasibət bildirmişik: “Söz, danışıq, insanlar arasında ünsiyyət yarandığı dövrdən meyxananın bəsit, sadə formalarının ortaya çıxması ehtimal olunur. Çox güman ki, bu janrı yarandığı ilk dövrlərdə başqa cür adlandırıblar. Sirr deyildir ki, bədahətən deyilmiş meyxana şeirin bəsit formasıdır. Bir sıra şairlər etiraf edirlər ki, şairlik qabiliyyətlərini ilk dəfə məhz, bədahətən şeir söyləyərkən hiss ediblər. Sonra həmin bədahətən deyilmiş şeiri ölçüb-biçib, fəlsəfi, düşündürücü şeir formasına salmışlar. Deməli, meyxana janrı şeirin qədimdə ilkin forması olmuşdur. Bu məntiqlə yanaşdıqda bədahətən, nəzm formasında söz demək, fikir söyləmək zənnimizcə, şeirin digər növlərinə nisbətən çox-çox əvvəlki dövrlərdə yaranmışdır” (11, s. 59-60).

Yekunda bu qərara gəlirik ki, müasir dillə desək, meyxana janrı şifahi, ağız ədəbiyyatımızın ən qədim qollarındandır və e.ə. Azərbaycan ərazisində nəzmlə bədahətən söz deyən xüsusi istedad sahibi olan insanlar tərəfindən yaradılmışdır.

Etimologiyası. Meyxana sözünün etimoloji açıqlanması dəfələrlə mütəxəsislər tərəfindən araşdırılıb. Biz bu sözün izahını bir neçə istiqamətdə verməyə çalışacağıq. Hələ 2004-cü ildə “meyxana”nın sözaçımı ilə bağlı qələmə aldığım fikirləri yada salaq: “Meyxana” sözünə farsca yanaşdıqda: “mey” – şərab, çaxır, “xana” (xanə) isə ev, otaq mənalarını bildirir. Nəticə olaraq “meyxana” sözü ilk baxışda içki, şərab içilən yer kimi başa düşülür. Fikrimizcə, bu, heç də belə deyil. Bəzi türkdilli ölkələrdə balaban alətinə də mey deyirlər. Burada çalğı alətinin adında “mey” sözü məcazi mənada işlənmişdir. Bu söz – mey dinləyiciyə xoş anlar bəxş edən, ona kef, nəşə verən çalğı aləti fikrini ifadə edir. Fikrimizcə, meyxana sözünün I hissəsi “mey” də bu mənanı bildirir. Daha dəqiqi, burada “mey” deyimi meyxanaçının qarşısındakını sanki valehedici, zövqverici, təsiredici qüvvəyə malik sözləri ilə bir anlığa “məst” etməsi mənasında işlədilib. Həqiqətən, 20-30 saniyə ərzində ustad meyxanaçının fikirləşmədən, ətrafda baş verən hadisələrə uyğun olaraq, bədahətən şeir formasında meyxanalar söyləməsi, çox dinləyiciləri vəcdə gətirir, onları şoka salır və “bihuş” edir. Beləliklə, janrın adındakı “mey” heç də həqiqi mənada insanı sərxoş edən içki mənasında deyil. Buradakı “mey” – Allahla ruhlar arasında “Bəzmi ələst”lə əhdü-peyman zamanı içilən vəhdət-birlik “şərab”ıdır. Bu barədə söz deyən haqq şairləri, haqq aşıqları həmin meyi müqəddəs Qurani-Kərimdə vəsf edilən cənnət meyi ilə əlaqələndirirlər. Ürfan ədəbiyyatında da “mey” dedikdə bu fikirlər nəzərdə tutulur.

“Meyxana” sözünün digər komponenti “xana” isə “xani”nin təhrif olunmuş deyimidir. Bu söz farscadan dilimizə “oxuyan”, “söyləyən” kimi tərcümə olunur. Meyxana adi şeir deyil, o mütləq bədahətən, çırtma vuraraq və ya zərb alətlərindən hər hansı birisinin müşayiəti ilə oxunmalıdır. Deməli, meyxana (meyxani) sözü təblə oxuma, dinləyicini cuşa gətirən, ona xoş anlar bəxş edən mənalarını bildirir. Xatırladaq ki, “xani” xanəndə sözünün köküdür. “Xan” sözündən Azərbaycan oxuma-vokal sənətində çox istifadə edilir. Məsələn, “zilxan” – zil səsi olan və zildə oxumağı sevən xanəndə; “miyanəxan” – orta registrdə oxuyan xanəndə; “pəstxan” – bəm səsli və bəmdə oxumağı xoşlayan xanəndə. Bu terminlər ifaçının (xanəndənin) səs tessiturasını təyin edir (14, s. 5-6).

Dahi Ü.Hacıbəyli “Azərbaycan musiqi həyatına bir nəzər” məqaləsində yazır: “Xanəndə üçün dəstgah oxumağın yaxşılığı ondadır ki, müəyyən bir hava və bir bəhr qeydi altında olmayıb, öz “fantaziya”sına geniş bir meydan açır və səsini “bəm”, “zil”, “meyxana” kimi müxtəlif “tessitura”larla işlədir”(4, s.497). Həqiqətən, meyxanalar nə bəmdə, nə də zildə söylənilir. Bir qayda olaraq sözlərin daha aydın tələffüzü üçün orta registr seçilir ki, bu səs tessuturasını da Ü.Hacıbəyli “meyxana” adlandırır. Bəlkə də “meyxana”nın sözaçımını belə məqamlarda araşdırmalıyıq.

Bu bölümün sonunda bir məqama da diqqət yetirmək istəyirik. Meyxananın poetik tərəfi daha güclü olduğundan o şair təxəyyülünün məhsulu kimi qəbul olunmalıdır. Bu mənada da qələm sahibləri arasında fikir ayrılığı var. Tanınmış alim, professor Nizami Tağısoy deyilənlərə öz iradını bildirir ki, biz nitqimizdə tez-tez keçmişdən bu günə qədər “xan-şair”, “nəğməkar-şair”, “bəstəkar-şair” və s. ifadələri işlədirik. Bu tipli söz birləşmələri – simbioz dərkimizdə diskomfort yaratmır, bizi qıcıqlandırmır (15, s. 172-173). N.Tağısoy daha sonra haqlı olaraq yazır: “Bəs onda görəsən “meyxanaçı-şair” ifadəsi bizi nə üçün qıçıqlandırmalıdır? Şeir-şair-qəzəlxan-nəğmə­kar-bəstəçi-meyxanaçı – hamısı bir-birinə yaxındır, hamısının da materialı sözdür – ecazkar Söz, düzümlü Söz, qəlbə hakim kəsilən Söz, onu riqqətə gətirən, hiss və duyğularımıza təsir edən, bizi sərməst edən Söz. Yəqin elə bu baxımdan meyxanaçılar sırasında qəzəl, şeir yazanlar olduqca çoxdur” (15, s. 173).

Meyxananın “bədiyyə” (yaxud bədyə, bədihə) adlanmasını arzulayanlara isə A.Rəhimovanın əsərini oxumağı təklif edirəm. Burada bədihə meyxana janrının söyüşlü növü kimi təqdim olunur (12, s. 17). Təxminən eyni olan bu fikirlərə Zaman Əsgərlinin yazılarında da rast gəlirik: “Meyxanada tərəflər bir-birinin nöqsanını adətən, çox incəliklə, təhqirə yol vermədən söyləyirlər. Bədyənin leksikasında isə kobud sözlərə, hətta tabulara, parnoqrafik ifadələrə yer verilir” (2, s. 6).

Biz meyxana sözünə ətraflı münasibətimizi bildirmişik. Bu janrın adının dəyişdirilməsinə heç bir lüzum görmürük. Tarix üzrə elmlər doktoru Təvəkkül Səlimov-Şağani də meyxana sözündə problem görmür: “Hər halda bu gün həmin janrın adı olan “meyxana” bizi qətiyyən narahat etməməlidir. Çünki bu janr elə cəlbedici və maraqlıdır ki, onun adının mənası o qədər də önəm daşımır. Məsələ formada yox, mahiyyətdədir” (18).

Bəstəkar və kino yaradıcılığında. Bir sıra bəstəkarlar və yaradıcı sənətkarlar əsərlərindəki səhnələri daha baxımlı və təsirli etməkdən ötrü meyxana janrından istifadə etmişlər. Dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasında (II pərdə, “Təl­xəyin mahnısı”) meyxana kupletləri təqdim olunur (5, s. 148-149).

Dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun (1922-1984) “Se­vil” operasında (1953) “Əbduləli bəylə Məmmədəli bəyin dueti”ndə də meyxana frazaları verilib. Bundan başqa, meyxanavari ritmik fiqurasiyaların təfsirini tanınmış bəstəkar, virtuoz cazmen, əməkdar artist Vaqif Mustafazadə (1940-1979) də “Caz-Muğam”ında da göstərmişdir.

Cazdan söz düşmüşkən bildirməliyik ki, Nizami Rəmzi R.Behbudov adına Dövlət Mahnı Teatrı ansamblının müşayiəti ilə meyxananın caz ilə ifa edərək lentə almışdır. Bu çox qiymətli lent yazısı N.Rəmzinin arxivində qorunur. Respublikanın xalq artisti Bilal Əliyev Nizami Rəmzi ilə birgə “Torpaqdan pay olmaz” adlı “caz-meyxana” oxumuşlar.

abbasqulu-mullimin-meqalesi

V.Mustafazadə meyxana janrını həddindən çox sevirdi. Bu da onun təbiətindən irəli gəlirdi. Bilindiyi kimi, Vaqifin məşğul olduğu sahə – caz da meyxana kimi, sərbəst, azad bir janrdır. Rəhmətlik Nizami Rəmzi danışardı ki, “Vaqif Mustafazadə çox gözəl meyxana söləyirdi. Hətta mənimlə deyişmişdi də, çox məntiqli, hazırcavab, sözləri yerli-yerində işlədirdi. Bizi bəstəkar, xalq artisti Eldar Mansurovun əminəvəsi, respublika tikinti materialları üzrə sabiq sənaye naziri, daha sonra Ekologiya Komitəsinin sabiq sədri olmuş Arif Mansurov (1939-2003) tanış etmişdi. Vaqifin ad günündə çox yaddaqalan görüşümüz olmuşdu”. Sözün düzü, Nizaminin söylədiklərinə o vaxtlar bir o qədər də əhəmiyyət vermirdim. Bu ya­xınlarda Muradova Nərmin və Elçin Muradın birgə hazırladıqları məqaləni oxuduqdan sonra həqiqətən Vaqifin gözəl meyxana deməsi öz təsdiqini tapmış oldu (17). Onu da deyək ki, Arif Mansurov Nizami Rəmzi ilə möhkəm dost idi. N.Rəmzinin dostunun acı taleyinə həsr etdiyi və onun dilindən yazdığı “Şəhərim var” adlı qəzəli də çap olunub.

ŞƏHƏRİM VAR

Aylı gecədə zövqü-səfalı şəhərim var,

Ruxsarını təkrar eləyən al səhərim var.

İnkar edə bilməz bunu heç bir yağı qüvvə,

Fikir etmə əzilsəm, ya döyülsəm, hünərim var.

Mən naleyi-fəryadımı aşkar eləməzdim,

Asudə gəzərdim, deməsinlər kədərim var.

Nəfsim məni dartıb aparır sahilə hərdən,

Sirrimlə, xəyalımla şərik göy Xəzərim var.

Ulduzlara xəlvətcə deyir ay gecə vaxtı:

“Rahət dolanın səbr ilə, Allahu-Kərim var”.

Oynatsa fələk atın Rəmzi, söyləyər Arif:

“Vəhdətli, şərafətli dövürdən xəbərim var” (14, s. 91).

Qəzəldə bir məqama diqqət yetirmək lazımdır. Şeirin ardıcıllıqla hər misrasının baş hərflərini yuxarıdan aşağıya birləşdirdikdə – “Arif Mansurov” oxunur. Azərbaycan ədəbiyyatında bu cür şeirlər müvəşşəh adlanır.

Bəstəkar Rəhilə Həsənova “Meyxanasayağı” adlı fortepiano fantaziyasında bu janrı instrumental dillə son dərəcə həssas, incə duyumla, səslər vasitəsi ilə aydın şəkildə dinləyiciyə çatdıra bilmişdir (8). R.Həsənova sanki “Meyxanasayağı” əsəri ilə bu janrın xalqımıza daha doğma olduğunu nümayiş etdirmək istəyir. Həmin əsəri A.Rəhimova təhlil edərkən olduqca maraqlı nəticələr əldə edir (12, s. 83-87).

Meyxana janrı kinorejissorların da diqqətindən yayınmayıb. Xalq artisti Həsən Seyidbəyli çəkdiyi “Bizim Cəbiş müəllim” (1969) və “Nəsimi” (1973), əməkdar incəsənət xadimi Hüseyn Seyidzadə “Dəli Kür”, xalq artisti Tofiq Tağızadə “Yeddi oğul istərəm” (1970) filmlərində meyxana səhnələrinə yer ayırıb. Tanınmış aktyor, əməkdar artist Şahmar Ələkbərovun “Qəzəlxan” (1991) filmində isə meyxana janrı dahi Əliağa Vahidə həsr olunaraq ana xətt kimi işlənilmişdir. Fikrət Əliyevin “Yuxu” (2001) filmində Nizami Rəmzinin meyxanasından istifadə olunub. Film 1994-cü ildə tamamlansa da N.Rəmzinin ölümündən sonra yayılmışdır. Təəssüf ki, titrdə N.Rəmzinin adı göstərilmir. Xalq artisti Vaqif Mustafayevin “Fransız” (1995) filmində Ağasəlim Çildağ (1930-2008) “Niyə müsəlman olmaq istəmirsən?” meyxanasını söyləyib.

Bir sıra tanınmış yazarlarımız da əsərlərində meyxanadan istifadə etmişlər: xalq şairi Sabir Rüstəmxanlı “Həyat kitabı”, yazıçı, əməkdar incəsənət xadimi Natiq Rəsulzadə “Evləndim” hekayəsində, Saleh Sabat “Uşaq və biz” (əsər “Yuğ” Müasir Eksperimental Teatrında tamaşaya qoyulub) və s.

Morfoloji xüsusiyyətləri. Bilindiyi kimi, meyxana sənətini ritmsiz təsəvvür etmək mümkün deyil. Qədim zamanlarda da meyxana deyildikdə mütləq çırtma çalınmış, özənsəsli (idiofonlu), yaxud membranofonlu (səs mənbəyi dəri olan) zərb alətləri səsləndirilirmiş. Bir sözlə, meyxanaçılar sözlərini müəyyən ritm çərçivəsində söyləmiş və bu zaman konkret ritmə tabe olmuşlar. Bu xüsusiyyət qədimdə olduğu kimi bu gün də qorunub saxlanılır.

Meyxanalar müxtəlif həcmdə, yəni bəndlərin (kupletlər) sayı az və ya çox ola bilər. Bu, deyişən meyxanaçıların söz ehtiyatından asılıdır. Bəndlər də 4-6 misra arasında dəyişə bilər. Adətən, meyxanaçılar 2 misradan ibarət bir qafiyə tutur və buna “sabit qafiyə”, yaxud “sabit beyt” deyirlər. “Sabit qafiyə”dən mahnı janrında olduğutək bəndlərarası nəqərat kimi istifadə olunur. Bu qafiyəni həm deyişən meyxanaçılar, həm də dinləyənlər xorla söyləyirlər ki, buna da “vaygirlik” deyirlər.

Meyxanaların 4 misralıq bəndlərində ilk 3 misra bir-birinə qafiyələnməli, 4-cü misra isə “sabit beyt”lə həmqafiyə olmalıdır. 4-cü misradan sonra nəqəratvari “sabit beyt” söylənilir. Həriflərdən istifadə etməklə 4 misralıq meyxanaların strukturunu təqdim edirik:

AB (2 misralıq sabit qafiyə)+C (1-ci misra)+E (2-ci misra)+D (3-cü misra)+F (4-cü, sabit beytə həmqafiyə misra)+AB (2 misralıq sabit qafiyə).

Meyxana boyu hər yeni bənd bu quruluşla davam etdirilir. Buna misal olaraq tanınmış qəzəlxan-şair, meyxana ustası Nizami Rəmzinin “Oyansın” adlı meyxana­sından bir nümunəyə diqqət yetirək.

Sabit qafiyə:

Təblə deyəyin meyxanəni aləm oyansın,

Həvvayə toxunma bu gecə, Adəm oyansın.

I bənd:

Hardan tapa billəm axı Həzrət Musanı,

Döndərsin əjdahaya əlindəki əsanı.

Çarmıxlara çəkəndə ki, Həzrəti İsanı,

Qalxıb ayağa, baxsın ona, Məryəm oyansın.

Yenidən sabit qafiyə:

Təblə deyəyin meyxanəni aləm oyansın,

Həvvayə toxunma bu gecə, Adəm oyansın (13, s. 7).

4 misralıq meyxanaların qafiyəsi bəzən sabit beytlə (sabit qafiyə ilə) deyil, “sərbəst qafiyə” adlanan tək misralı da olur. Bu zaman ilk 3 misra bir-birinə qafiyələnməlidir. 4-cü misra isə “sərbəst qafiyə”dir, yəni sərbəst olaraq heç bir misra ilə qafiyələnmir. “Sərbəst qafiyə” 3-cü misradan sonra nəqəratvari şəkildə, bir neçə dəfə təkrarlanır. Örnək olaraq N.Rəmzinin “Ay Hacı Zeynalabdin Tağıyevdi” meyxanasından bir nümunəyə nəzər salaq.

Sərbəst qafiyə:

Ay Hacı Zeynalabdin Tağıyevdi

I bənd:

Hacını millət idi düşündürən,

Şövkəti İtaliyaya göndərən,

Burdan ora ona təqaüd verən

Sərbəst qafiyə:

Ay Hacı Zeynalabdin Tağıyevdi (13, s. 13-14).

Xatırladaq ki, məqalədə meyxana nümunələrini təqdim edərkən uzun illər müxtəlif el şənliklərində, toyda-düyünlərdə, televerilişlərdə, müxtəlif ölkələrin nəhəng konsert salonlarında bərabər çalışdığımız Nizami Rəmzi yaradıcılığına istinad etmişik. Belə ki, Nizami Rəmzi hafizədə bu janrla bağlı dərin izlər buraxmış və dəfələrlə onun sənət möcüzəsinin canlı şahidi olmuşuq.

İfaçılar.Azərbaycan xalqı bütün dövrlərdə öz söz xiridarları, meyxana ustaları ilə fəxr etmişlər. Təəssüflə qeyd etməliyik ki, meyxana janrı şifahi şəkildə yayıldığından orta əsrlərdə fəaliyyət göstərən peşəkar meyxanaçıların nə əsərləri, nə də adları hələlik müəyyənləşməyib. Buna baxmayaraq, yaxın keçmişdə yaşamış bir sıra meyxanaçılar haqqında müəyyən bilgilər əldə etmək mümkündür. Onların bir neçəsinin adına diqqət yetirək.

Jurnalist Məhərrəm Zeynal yazır: “Çoxları inanmayacaq, amma dahi satirik Mirzə Ələkbər Sabir nəinki meyxana yazıb, həm də toylarda meyxana deyib” (19).

Dövrünün tanınmış söz xiridarıMirzə Bağır Cabbarzadə (1810-1882) Azərbaycanın Rusiya və İran tərəfindən iki yerə bölünməsi ilə bağlı maraqlı bir meyxana söyləyib (15, s. 171-172). Əliağa Vahid “Satir-agit” teatrında, Azərbaycan radiosunun diktoru, əməkdar artist Soltan Nəcəfovla meyxanalar demişlər.

Böyük söz ustadları olan buzovnalı Azər İmaməliyev (1870-1951), Mirzə Cavad, şağanlılar – Bəyməmməd Məmmədzadə, onun oğlu Bəbir Məmmədzadə (1914-1942), maştağalılar – Atababa Hicri (1863-1922), Mir Cəlal Mirhadıoğlu (1870-1973), Hacı Kazım Canmirzəoğlu (1913-1982), Həkim Qəni (1918-2008), Ələkbər Şahid (1920-1999), İkram Cahangiroğlu 1924-1994),Ağasəlim Çildağ, Balaqardaş Səttaroğlu, Ağahüseyn Əfsun, masazırlı Əliağa Vahid, Balaxanılı Nəcəfqulu, Novxanılı Əlizaman, xızılılar – Nuruş, Zülfüqar, Səlimağa, Nizami Rəmzi, Tahir Ümid, Novxanılı Ağadadaş, Saraylı Rəhim və b. Bəzən Məmmədəli Müsəddiq, Rəhimağa İmaməliyev kimi alimlər də təb gələndə toyda-düyündə meyxanaçılarla söz güləşdirirdilər.

AMEA-nın müxbir üzvü, sənətşünaslıq üzrə elmlər doktoru, professor Rəna Məmmədova bir məqaləsində: “XX əsrin əvvəllərində göstərilən tamaşalarda çıxışları daha maraqlı olsun deyə, aktyorlar meyxanalar söyləyərdilər” – yazır (9, s. 105-117). Burada Cəmil Qarabağinin(1975-1928, dahi bəstəkar Fikrət Əmirovun atası – Məşədi Cəmil Əmirov) “Azərbaycan” qəzeti № 8, 14 yanvar 1919-cu il tarixli sayından sitat göstərilir: “Maraqlıdır ki, iyulun 18-də bu operetta təqdim edilərkən, A.M.Şərifov, R.Darablı və A.H.Anaplı günün vacib məsələlərinə aid “meyxana” söylədilər”.

XX əsrin əvvəllərində təkcə xalq artisti Abbas Mirzə Şərifzadə (1893-1938), əməkdar artist Rza Darablı (1883-1942), Əbülhəsən Anaplı (1894-1921) deyil, digər aktyorlar – xalq artisti Hacağa Abbasov (1988-1975), Əhməd Anatollu (1902-1982) yeri gələndə meyxanalar deyərdilər. Həmin illərdə meyxanaçı-aktyorlar Əli İslam və Mirpaşa Sadıqov (?-1921)Azərbaycan Dövlət Teatrında meyxanalar ifa etmişlər.

Müasir dövrdə də Nizami Rəmzinin iştirakı ilə keçirilən Quba toylarında xalq artistləri – Hacıbaba Bağırovun (1932-2006), Siyavuş Aslanovun (1935-2013) və Yaşar Nurinin (1951-2012) də bir-biri ilə meyxana janrında deyişməsinin şahidi olmuşam. Tanınmış gənc aktyor Elcan Rəsulov da çox gözəl meyxanalar söyləyir və o, heç də peşəkar meyxanaçılardan geri qalmır. Bu sənətkarlar meyxanaçı deyil, sadəcə təbləri gələndə söz deyirlər. Azərbaycanlı futbolçular – yığma komandanın qapıçısı Kamran Ağayevlə yarımmüdafiəçi Ruslan Əmircanovun da maraqlı de­yişməsi video lentə alınıb və internet şəbəkələrində yayılıb. Bunları xatırlamaqda məqsəd odur ki, meyxana janrı Azərbaycan xalq təfəkkürünün məhsuludur. Kimə bu sahədə istedad verilibsə, peşəsindən, regionundan asılı olmayaraq meyxana jan­rında sözünü deyəcəkdir.

 Sənətşünaslıq üzrə elmlər doktoru, professor Elxan Babayev “Şifahi ənənəli Azərbaycan musiqisində intonasiya problemləri” əsərində meyxana janrı ilə bağlı olduqca maraqlı məqamlar açıqlayır (1, s. 70-78). O, Azərbaycan folklorunun bir qolu olan meyxana janrını “xalq şeirinin bənzərsiz nümunəsi” adlandırır. E.Babayev bu janrın ədəbiyyatşünaslıq baxımından deyil, musi­qişünaslıq nöqteyi-nəzərindən təhlilini verir, araşdırır, onun quruluş və formayaradıcı xüsusiyyətlərindən söhbət açır. E.Babayev qeyd edir: “Avazla oxunan meyxananı fərqləndirən başlıca cəhət onun bədahətən – tam improvizasiya edilərək deyilməsidir. Adətən, meyxana məclislərində üz-üzə oturub söz güləşdirən sinədəftər sənətkarlarımız zərb alətinin müşayiəti altında bədahətən, bənd-bənd şeir deyirlər. Söz axtarmağa yalnız hamının bir yerdə söylədiyi qafiyə zamanı aman verilir. Lakin qafiyəarası söylənən bəndlər yalnız üç misralı olmur. Əgər qafiyəli meyxanaların melodik materialı son zamanlara qədər bir qədər yeknəsəq idisə, müasir dövrdə janrın sürətlə inkişafı onun musiqisinə də böyük əlvanlıq gətirmişdir” (1, s. 76).

E.Babayev avazla oxunan müasir meyxanaların segah, şur məqam-intonasiyaları ilə diqqəti çəkdiyini bildirir. Lakin tanınmış meyxanaçılar – Nizami Rəmzi, Tahir Ümid, Tahir Rəvan, Namiq Məna, Namiq Qaraçuxurlu, Rəşad Dağlı, Hacı Ağamirzə, Vahid Qədim, Teymur Dağlı və başqalarının audio-kaset, həmçinin disklərini izlədikdə bayatı-şiraz, çahargah, rast, şüştər məqamlarına da rast gəlirik. Ümumilikdə, Elxan Babayevin meyxana janrı ilə bağlı araşdırmaları və fikirləri olduqca maraqlıdır.

Sənətşanaslıq üzrə fəlsəfə doktoru Fuad Əzimli də “Zərb alətləri Azərbaycanda” əsərində meyxananın “reçitativ-deklamasiya şəklində, solistin və iştirakçıların çırtma çalaraq” ifa olunmasını bildirir. O, həmçinin bu janrın “melodiya ilə mahnı kimi oxunan” növündən də söz açır. Belə meyxanalar müşayiət olunduqda nağara və digər musiqi alətlərinin də vacibliyi vurğulanır (3, s. 60).

Filologiya üzrə elmlər doktoru, professor Azad Nəbiyev “El nəğmələri, xalq oyunları” əsərində “Bakı zorxanalarında pəhləvanları meyxana ilə tərif etmək dəbdə idi” – deyə, yazır (10, s. 92). A.Nəbiyevin tədqiqatlarından aydın olur ki, pəhləvanları yarışlarda ruhlandırarkən zurna, balaban, nağara, qoşanağara kimi çalğı alətləri ilə yanaşı, özənsəsli (idiofonlu) sinc aləti də səsləndirilirdi. Eyni zamanda bu məqsədlə meyxana janrından da geniş istifadə olunmuşdur.

Meyxanaşünaslıqda ilk cəsarətli addım atan gənc alim Aytac Rəhimovanın “Azərbaycan musiqisində meyxana janrı” əsərində də ritmik fiqurasiyalarla bağlı fikirləri maraqlıdır: “Metrikləşdirilmiş poetik janrlarda, o cümlədən meyxanada şeirin əsasını təşkil edən bəhri və onu əmələ gətirən təfiləni (şeirdə vəzn bölgüsü deməkdir – A.N.) daha bir vəzn – zərb alətinin ostinat formulları müşayiət edir” (12, s. 5).

Deyilən faktlar müasir meyxana janrının aşıq yaradıcılığı kimi, çoxşaxəli sənət növlərindən biri olduğunu təsdiqləyir, o cümlədən müasir meyxana sənəti musiqi ilə sıx bağlıdır. Bu janrın icrasında bir sıra çalğı alətlərindən də istifadə edildiyinin şahidi oluruq. Sənətşünaslıq üzrə elmlər doktoru, professor C.Həsənovanın təbirincə desək: “XX əsrin II yarısında Azərbaycan musiqi elmində etnomusiqişünaslığın ayrı-ayrı sahələri – folklorşünaslıq, aşıqşünaslıq, muğamşünaslıq, alətşünaslıq kimi elm sahələri formalaşır” (7, s. 4). Fikrimizcə, bu siyahıya meyxanaşünaslığı da əlavə etmək olar, çünki meyxana janrı da digər sahələr kimi, Azərbaycan xalqının beyninin, qəlbinin və zəkasının məhsuludur.

Adları sadalanan alimlərin əsərlərindən artıq meyxana janrının elmi istiqamətə yönəldiyi bəlli olur. Biz ümid edirik ki, “meyxanaşünaslıq” mövzusu gələcəkdə daha geniş şəkildə alimlərimizin tədqiqat işinə çevriləcəkdir.

ƏDƏBİYYAT:

  1. Babayev E.Ə. Şifahi ənənəli Azərbaycan musiqisində intonasiya problemləri. B.: Elm, 1998, 146 s.
  2. Əsgərli Meyxana, yoxsa bədyə? // “Ədəbiyyat qəzeti”, 2010, 18 iyun, s. 6.
  3. Əzimli F.N. Zərb alətləri Azərbaycanda. B.: R.N.Novruz-94, 2008, 176 s.
  4. Hacıbəyli Ü.Ə. Bədii publisistik əsərlər. B.: Şərq-Qərb, 2008, 544 s.
  5. Hacıbəyli Ü.Ə. Koroğlu. Klavir. B.: Şərq-Qərb, 2008, 472 s.
  6. Tarix. Doqquz kitabda, I hissə. (Tərcümə edəni P.Xəlilov). B.:Azərbaycan Dövlət Nəşriyyatı, 1998, 329 s..
  7. Həsənova C.İ. Üzeyir Hacıbəylinin yaradıcılığında milli musiqinin nəzəri əsasları. B.: Mars-Print, 2009, 321 s.
  8. Həsənova R.T. Meyxanasayağı (Ala meikhana) fortepiano üçün fantaziya. Əlyazması, 1996, 16 s.
  9. Məmmədova R.A. Azərbaycan Demokratik Respublikası dövründə Bakının teatr həyatı (1919-cu il). // “Konservatoriya” jurnalı. B.: 2009, № 2, s. 105-117.
  10. Nəbiyev A.M. El nəğmələri, xalq oyunları. B.: Azərnəşr, 1988, 168 s.
  11. Nəcəfzadə A.İ. Azərbaycan idiofonlu çalğı alətləri (orqanoloji-tarixi tədqiqat).: MBM, 2010, 280 s.
  12. Rəhimova A.E. Azərbaycan musiqisində meyxana janrı. B.: Nurlan, 2002, 122 s.
  13. Rəmzi N. Meyxanələrin bir dənə pərvanəsi oldum… (redaktor və tərtibçi N.Məmmədli). B.: Nurlan, 2003, 48 s.
  14. Rəmzi N. (Baxşıyev N.R.). Mahnılar və qəzəllər (tərtib edib çapa hazırlayanı A.Nəcəfzadə). I nəşr. B.: Min bir mahnı MMC, 2004, 110 s.
  15. Tağısoy N. Etnos və epos: keçmişdən bu günə. B.:  Mütərcim, 2010, 372 s.

 

Saytoqrafiya

  1. Cabbaroğlu C. Meyxananın anatomiyası. // URI: http://meyxana.net/forum/showthread.php?15450-Meyxananin-anatomiyasi
  2. Muradova N.,Murad E.Vurğunun verdiyi ad, qara ölüm kağızı, ağ royal… // com saytı. 22 aprel 2017.URL: http://teleqraf.com/news/senet/133511.html
  3. Səlimov-Şağani T. Nadir folklor janrı – meyxana. // URL: http://meyxana.net/forum/archive/index.php/t-5021.html
  4. Zeynal M. Söz savaşı, yoxsa ağlın məşqi. // “Region plus” həftəlik analitik jurnal. 09.2015.URL: http://regionplus.az/az/articles/view/5524

Аббасгулу Наджафзаде

доктор искусствоведения,

профессор АНК

ЖАНР МЕЙХАНА ПРИМЕР ДРЕВНЕГО АЗЕРБАЙДЖАНСКОГО ФОЛЬКЛОРА

Резюме. В представленной статье раскрываются история зарождения и этимология одного из самого древнего жанраАзербайджана – мейханы. Жанр мейхана рассматривается с точки зрения морфологических особенностей, изучается на примеретворчества некоторых известных исполнителей.

Ключевые слова: жанр мейхана, история, этимология, морфологические особенности, Низами Рамзи, Вагиф Мустафазада

 

Abbasgulu Najafzade

    Doctor of study of Art,

professorof ANC

GENRE OF MEİKHANA — AND EXAMPLE OF ANCIENT AZERBAIJANI FOLKLORE

Summary.This article investigates the history of origin, the etymology of one of the oldest genre of Azerbaijan – meikhana. The genre of meikhan is focused by morphological features and is studied in the works of some famous artists.

Key words: genre of meikhana, history, etymology, morphological features, Nizami Ramzi, Vagif Mustafazade

Rəyçilər:

sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə Həsənova;

filologiya üzrə elmlər doktoru, professor Vüqar Əhməd

Mövzuya uyğun