AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 2, 2016

Abbasqulu NƏCƏFZADƏ 

 Sənətşünaslıq üzrə elmlər doktoru,

AMK-nın professoru

Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7

E-mail: a.najafzade@yahoo.com

UOT 78.071.22   

ÖZBƏK SƏNƏTKARI İLYAS MALAYEV BARƏDƏ XATİRƏLƏRİM

 endir

PDF

 

 

 

 Xülasə: Məqalədə özbək musiqiçisi İlyas Malayevin Bakıda verdiyi konsertdən söz açılır. İlyas Malayev çoxşaxəli sənətkardır: şair, qəzəlxan, bəstəkar, müğənni, aktyor, müəllim, müxtəlif alətlərin instrumental ifaçısı, bədii qiraət ustası. İlyas Malayevin sayəsində Azərbaycan folklorunun qollarından biri olan meyxana janrı Nizami Rəmzinin timsalında ilk dəfə xarici ölkədə, Özbəkistanın Daşkənd şəhərində səhnəyə çıxarılıb.

Açar sözlər: poeziya, folklor, meyxana, İlyas Malayev, Daşkənd, Bakı

  

Bəzən deyirlər ki, yaxın keçmişədək içində yaşadığımız, total istismar, ümumi ası­lılıq və öl­çü­süz yalan üzərində qurulmuş və adına utanmazcasına sosializm de­yi­­lən quruluş zamanı, xüsusilə bu qu­ruluşun son onilliklərində sovet məkanında ic­ti­mai ədalətsizliklərə qarşı səs qaldıran incəsənət adamları az olub. Belə sənətkar­lar­dan biri də Özbəkistanda yaşayıb-yaratmış şair, bəstəkar, instru­men­tal ifaçı, mü­əllim, mü­ğənni İlyas Malayevdir (1936-2008).

İlyas Malayev Sovet dövründə hamının gördüyü, amma nədənsə (“qor­­xu­dan” sö­zünü demək is­tə­mirəm) dilə gətirməkdən çəkindiyi ictimai eybə­cər­likləri bəzən son dərəcə ciddi, əksər hallarda isə yarızarafat, yarı gerçək, bir az da baməzə tərzdə şe­irə, musiqiyə düzüb oxucusuna, dinləyicisinə çat­dırırdı.

Uzun illərdir ki, bu ad sənətsevərlərin dillər əzbəridir. Hələ çox yazıb-yaratmaq istəyirdi. Öm­rü­nün 72-ci ilində İlyas Malayev dünyasını dəyişdi.

Bütün həyatı boyu nədənsə, kimdənsə narazı idi İlyas əkə. Gülürdü, insanları da güldürürdü, am­ma bu gü­­­­lü­şün ar­xa­sında onun haqq qayğısı və yanğısı gizlənirdi. Mə­zəli və satirik şeirlə­rin­də bu haqsızlığa etirazını bildirirdi.

İlyas Malayev şeirlərini aylarla-günlərlə fikirləşib yazmır­dı, elə-beləcə sinədən deyib, sonra da hə­min poetik hislərini vərəqə köçürürdü. Çünki təbli şair olan İlyas əkə özü­nü məcbur edib əsər­lə­ri­ni yazmırdı, sözlər içindən fəvvarə vurar­araq çıxır­dı. Onun iti hazırca­vab­lığı və zən­gin söz lüğəti var­dı. İlyas Malayev şeirlərində tək­cə naqislikləri tənqid etmir, həm də yaxşılıqları, gözəllikləri tə­rən­nüm edirdi. O, neçə-neçə gözəl əsər­lər yaradaraq insanları saflığa, haqqa, ədalətə, güclüyə əyil­mə­yib, zəifi əzmə­məyə səs­ləyirdi.

Bəzən sovet rejimində açıq fikir söyləyən bir sıra sənətkarların ya­ra­dıcılıq­la­rın­da müəyyən məh­du­diyyətlər qoyulur, bəzən də onların səhnə fəaliyyətlərini müəy­yən müd­də­tə yasaqlayanlar da olurdu.

Özbəkistanın əməkdar artisti İlyas Malayevin əsərləri ən yüksək mədəniyyət ocaq­­­la­rında, ra­di­o­da, televiziy­ada səslənirdi. Onun konsertlərinə təsadüfi adamlar gəl­məzdi. Bu yüksək in­tel­lektli in­san­lar mərdanə söz eşitmək həvəsi ilə şair təbli müğənnini dinləməyə can atırdılar.

İlyas Malayevlə 1979-cu ildə Daşkənddə tanış olmuşam. Xalq artisti Baba Mah­­­­­­mudoğlu (1940-2006) Azərbaycan Dövlət Televiziyasının nəzdində “Dastan” folklor ansamblını yaradarkən məni kol­lektivin musiqi rəhbəri təyin etdi. Baba mü­əl­limə söylədim ki, bizim bir sıra unikal çalğı alət­lə­ri­miz (musiqar, davul, tənbur və növləri, gərənay, Qoşqar rübabı, cəng, köndələn ney və s.) var ki, son­radan unu­du­lub. Lakin həmin alətlər bəzi qonşu xalqların musiqi mədəniyyətində “mü­hacir” hə­ya­tını yaşaylır. Bu alətlərin bir zamanlar otaylı-butaylı Azərbaycan ərazisində ge­niş isti­fa­də olun­ma­sı barədə qədim dövrlərə aid edilən yetərli sayda arxeoloji, ta­ri­xi, ədəbi, et­no­qrafik, linqvistik mən­bələr, risalələr, miniatür rəsm əsərləri və di­gər en­silkopedik bilgilər mövcuddur. Baba müəllim söylədi ki, Daşkənddə mənim dos­tum var, adı İlyas Malayevdir. Ordan bi­zə lazım olan alətləri İlyas əkənin vasi­tə­si ilə əldə edə bilərik.

Mən bu məqsədlə dos­tum, qarmonçalan Rəhman Bəxtiyarov (1953-2012) ilə Daş­kəndə yol­lan­­dıq. Azərbaycan xal­qını, eləcə də musiqi mədəniyyətini bütün var­lı­ğı ilə sevən İlyas Malayevlə ilk ta­nışlığım beləcə oldu və həmin gündən dostlu­ğu­mu­zun təməli qoyuldu. İ.Malayev tez-tez məni Daşkəndə müxtəlif tədbirlərdə iş­ti­rak etmək üçün dəvət edir, maddi tə­minatları, yəni məxaricləri artıqlaması ilə ödə­yir­di. Onunla bağlı xatirəmdə çoxlu maraqlı hadisə­lər iz buraxıb.

Mənim isə İlyas əkədən 3 dəfə xahişim olub: Bakıda Azərbaycan Dövlət Filar­mo­ni­ya­sında konsert vermək, oğlum Cəfərin kiçik toyunda iştirak etmək və əsgər­lik­də tanış olduğum zəhmətkeş bir ailənin övladı olan özbək dostum Mirəhməd Kav­la­şe­vin to­yunu idarə etmək. O, hər 3 xahişimi təmənnasız yerinə yetirdi. Tə­səv­vür edin, Qa­zaxıstanın Çimkənd vilayəti Sayram rayonunun ucqar bir Mankent adlı kən­­dinə Özbə­kis­­tanın ən dəbdə olan artistləri – İlyas Malayev və xanımı Mə­həb­bət Şa­mayeva Mirəhmədin toyuna təmənnasız gəliblər. O dövrdə ən zən­gin adam­lar bu sənətkar­la­rı çox çə­tin­liklə toylarına dəvət edə bilirdilər. Bu toydan 30 il­dən artıq dövr keçib, 2 il əvvəl indi çox zəngin iş adamı olan Mirəhmətin bö­yük oğlunun to­yu­na get­miş­dim. Hə­lə də hər kəs İlyas Malayev və Məhəbbət Şa­ma­ye­­va­nın apar­dıq­ları hə­min toydan da­nışır, belə təmtəraqlı bir toyun heç yerdə şa­hi­di olmadığını bildi­rir­lər.

Azərbaycan Dövlət Filarmoniyasında 24 dekabr 1991-ci il tarixində baş tutan kon­­sert haqqında təəssüratlarımı bildirmək yerinə düşərdi. Həmin konsertin I his­sə­­­sində mü­ğən­nilər – Səyyad Əli­za­də, Pərvanə Muradova (xalq artisti Rübabə Mu­ra­dovanın kiçik bacısı) və Elxan Şirinov oxudu. On­la­rı “Günaydın” ansamblı mü­şa­yiət edirdi. Konserti isə məşhur gülüş ustası Həsən Cəbrayılov idarə edirdi. Kon­set­in II hissəsində isə Özbəkis­ta­nın məşhur müğənniləri, əməkdar artistlər İlyas Ma­layev və Sul­tan­pa­şa Odayeva oxudular.

Sul­tan­pa­şa Odayeva özbək mahnısı “Kaşın kara, kara göz” mahnısını ifa etdi. Daha sonra o, “Al­ma pişgəndə gəlin” mahnısı ilə çıxışını davam etdirdi. Konfrans­ye parodiyaçı Həsən Cəbrayılov ta­maşaçıların gurultulu alqışları altında səhnəyə İl­­­yas Malayevi dəvət etdi. O, tamaşaçıları azər­bay­can­ca salamladı və ifasından ön­cə bir şeir söyləmək istədiyini bildirdi. Xatırladaq ki, İlyas Malayev ar­tıq Özbə­kis­tan Ya­zı­çılar Birliyinin üzvü olaraq bir neçə şeirlər kitabı­nın müəllifi idi. İlk çıxı­şı­na “Azərbaycan-Özbəkistan” adlı gözəl şeiri ilə başladı:

Əzəldən qardaş idi özbək-azər milləti,

Bir-birinə oxşayan qaşı, gözü, tələti.

Mir Əlişir Nəvai ilə Nizami Gəncəvi,

Aləmə adı getdi, qardaşlıq şeiriyyəti.

Böyük tərif kitabında yazılıbdır adları

Azərbaycan Vaqifi və özbək oğlu Firqəti.

Füzuli şirin zəban, Baburu şairi dövran,

Biri təndi, biri can, qəzəlinin lüğəti.

Azərbaycan kitabında Əşrəfinin surəti,

Özbəyin gül mahnısında Üzeyir bəy tələti.

Yunus Rəcəbi Bağban, Feydəsufi Şaşmakam,

Onun adı ilə müdam həyat makam sənəti.

Azərbaycan Bülbülü, çoxlar qəlbinin gülü,

Heç ölməz şirin dili, xalqımızın dövləti.

Səməd Vurğun bu yerdən, Qafur Qulam o yerdən

İki böyük bilimdan, Özbək-Azər ziynəti.

Özbəyin Həliməsi Bakının tələbəsi,

Azəri zənguləsi ürəyimiz rahəti.

Kərim oğlu Batır bəy, Məcid oğlu Rəşid bəy,

Özbəyin Səadəti, Azərbaycan Şövkəti.

Özbək qızı Məhəbbət, Azər qızı Nəzakət,

Biri elə nəzakət, biri yurd məhəbbəti.

Bacım Zeynəbi Xanlar, dili bal, ləbi şəkər,

Görməmişəm bir nəfər o kimi can afəti.

Elmira Azər qızı, müəllimi kim? Özü,

Heyran eylədi bizi xanişinin ləzzəti.

Ələkbər qızı Şövkət, başdan ayağa sənət,

Ona nəsibdir əlbət, səhnəmizin şövkəti.

Azərbaycan İslamı, Daşkənddə məşhur namı,

Lütfi şirin kəlamıyla “Rast”ı “Şur” muğamatı.

Rəşid Hafizi dövran, səsinə canım qurban,

Vətəni Azərbaycan, özü cahan şöhrəti.

Şan tapdı, şöhrət tapdı, Özbək-Azər sənəti,

Çıxdı onlar başında bütün cahan hörməti.

Daşkənddə qurultay olsa, Bakıda bayram olar,

Dostluq olsun, sülh olsun İlyas xalis niyyəti.

Şeirdən bəlli olduğu kimi İlyas Malayev həm Azərbaycan, həm də Özbəkistanın dahi şairlərinin, bəstəkarlarının və müğənnilərinin adlarını müqa­yi­səli şəkildə, bir-bi­rinə uzlaşdırmaqla böyük us­ta­lıqla nəzmə çəkir. Bu ifanı tamaşaçılar uzun müd­dət alqışla­dılar.

Söz musiqiyə verilir. İ.Malayev sitarda “Hind musiqiləri”ndən ibarət po­pur­ri­lər çaldıqdan son­ra Azər­baycan xalq mahnısı “Gözəlim sənsən”i oxudu. Növbəti mu­si­qi nöm­rəsi isə dahi Üzeyir Hacı­bəy­linin (1885-1948) “Arşın mal alan” ope­ret­ta­sın­dan idi. İ.Malayev “Vəli ilə Tellinin dueti”ni (“Pulun var?” mahnısını) özü­­nə­məx­sus şəkildə oxudu. Yəni burada o, müəyyən məqamlarda qadın sə­si ilə oxu­yur­du .

Tamaşaçıların gurultulu alqışlarından sonra İlyas müəllim mikrofonu götürüb de­di: “Əziz ta­ma­şa­çılar! Bu zalda mənim bir nəfər uşaqlıq dostum var. Onun adını de­məyəcəyəm. Xahiş edirəm hə­min adam sizin alqışlarınızla gəlib səhnəyə çıxsın”.

Bu an səhnəyə kim gəlsə yaxşıdır, Azərbaycanın sevilən müğənnisi, əməkdar ar­­tist (indi xalq ar­tis­ti) Elmira Rəhimova. E.Rəhimovaya söz verildi: “Axşamınız xe­yir, əziz dostlar! Mən bu gün bu­ra mü­ğənni kimi gəlməmişəm. Biz İlyas Mala­yevlə ailəvi dostuq. Çoxdandır görüşmürük, tamaşaçı ki­mi onu dinləməyə gəlmi­şəm. Mənim buradakı çıxışımı üzürlü hesab edin ki, səhnə qi­ya­fə­sində de­yi­ləm. Kon­sertdə oxumağım qabaqcadan planlaşdırılmayıb. Çox istərdim ki, İlyasla uşaq­lıqda oxu­du­ğum bir mahnını duet şəklində ifa edək”.

İlyas Malayev tarı hindsayağı çalıb, Elmira Rəhimova ilə birgə hind kinofil­min­dən bir mahnını duet şəklində oxudu. İlyas müəllimin Azərbaycanın qədim aləti olan ta­rı hindcə “danışdırmağı” orqanoloq alim kimi məni yaxşı mənada çox təəc­cüb­lən­dir­di.

Konsertdə İlyas Malayevin bəstələdiyi “Əfqan gözəli” mahnısını Səyyad Əli­za­də ifa etdi. Yeri gəlmişkən klarnetlə ifa etdiyim bu mahnı mənim də ifamda Azər­bay­can radiosunun fondunda saxlanılır.

Beləliklə, Azərbaycan tamaşaçıları ilk dəfə bu konsrtdə İlyas Malayevin yara­dı­cı­lığı ilə yaxın­dan tanış oldu, onun şeirlərini, bəstələdiyi musiqilərini, oxuduğu mahnı­la­rını dinləmək imkanı əldə et­dilər.

İlyas Malayev və Məhəbbət Şamaye­va­ həm Özbəkistanda, həm də xarici öl­kə­­lərdə çıxış edərkən repertuarlarına Azərbaycan mahnı­la­rını salmaları folklorumu­zun və musiqi mədəniyyətimizin fəal təb­li­ğatçı olduqlarını göstərir.

Haşiyə. Həmin günlərdə ölkəni tez-tez mitinqlər dalğası bürüyürdü. Bu səbəb­dən konsertlərə məh­dudiyyət qoyulurdu. Tanıdığım bəzi tamaşaçılar mənə söylə­di­lər ki, bilet satılan kassa çox vaxt bağ­lı olur. Açıq olanda da “bilet yoxdur, satılıb-qur­ta­rıb, yaxud möhürlənmək üçün müdiriyyət bi­let­ləri aparıb,konsert olmamalı­dır, başqa günə keçirilməlidir” – kimi cavab verirdilər. Bizə konsert­dən bir neçə gün əvvəl filarmonoyanın rəh­bər­liyindən bildirdilər ki, konsert ləğv olunur, başqa vax­ta ke­çi­ri­lə­cək. Dedim ki, Özbəkistanın 2 əməkdar artistini dəvət etmişik, onlar artıq Bakı­da­dır. Kon­ser­ti necə ləğv edə bi­lə­rik?

Sonra Mədəniyyət Nazirliyi işə qarışdı və konsertin baş tutmasına razılıq ve­ril­di. Bu səbəbdən konsertə gözlənildiyindən az tamaşaçı gəlmişdi. Konsertin səhərisi günü virtuoz gitara çalan Vilayət Bə­runi (1961-1990) zəng edib soruşdu: “Dünən kon­sertiniz oldu?”. Cavab verdim ki, “bəli”. Vila­yət: “Mənə filarmoniyanın işçiləri dedi ki, bu­gün­kü konsert ləğv olunub. Çox istəyirdim ki, böyük sə­nətkar İlyas müəllimlə görüşüm, əlini sıxım, üzündən öpüm. Heyif”.

Vilayət az yaşasa da, özünəməxsus ifası ilə musiqisevərlərin qəlbində dərin iz bu­raxmışdı. O, gi­tara ilə bərabər gözəl sitar da çalırdı. Çox təəssüf ki, İlyas mü­əl­lim konsertin səhərisi günü Daş­kən­də yola düşdüyündən onlar görüşə bilmədilər…

İndi isə Öz­bə­kistanın paytaxtı Daşkənd şəhərində keçirilən daha bir konsert haq­­­qında məlumat vermək istəyirəm. 1988-ci ilin sonlarında İlyas Malayev mənə zəng edib Daş­kənd­də SSRİ əra­zi­sin­də yaşayan Şərq xalqlarının musiqisindən iba­rət konsert təş­kil olu­na­cağını bildirdi. Yəni Qafqazdan – Azərbaycan, Gürcüstan və Er­mənistan, Orta Asi­yadan – Türkmənistan, Özbəkistan, Tacikistan, Qır­ğızıs­tan, Qa­zaxıstan sə­nət­­kar­ları bir səhnəni bölüşəcəkdilər.

İlyas əkə dedi: “Vaxt daralıb, tezliklə afişalar şəhərə vurulmalıdır. Azərbay­can­dan gətirəcəyin iki müğənninin ad-soyadını söyə. Nəzərə al ki, həmin müğən­niləri Özbəkistanda yaşayan azər­bay­canlılar yaxşı tanımalı, konsertə ta­maşaçı axını ol­ma­lıdır”.

ilyas-malayev

Şəkildə soldan: Rəhman Nurməmmədoğlu, İlyas Malayev, Məhəbbət Şamayeva,

Abbasqulu Nəcəfzadə və İlham Abdullayev

Mən İlyas əkəyə dedim ki, meyxanaçı Nizami Rəmzini (1947-1997) Daşkəndə apa­ra bilsək, şüb­həsiz konsert anşlaq keçəcək. Bunu da bildirdim ki, o, xanəndə de­yil. Çünki İlyas əkə zilxan xanəndələri çox sevirdi.

Nizami Rəmzi və Çimnaz Aşurovanın (o, yəhudi qızıdır, hazırda İsraildə yaşa­yır) ad-soyadlarını telefonda ona söylədim, deyilən tarixə təyyarə biletləri aldım. Çim­­naz həmin illərdə Nizami Rəmzi ilə bərabər toyda-düyündə, müxtəlif el şənlik­lə­­rin­də çıxış edirdi.

Daşkənd aeroportunda bizi İlyas əkə özü qarşılayıb, “Özbəkistan” mehmanxa­na­sı­na apardı. Sə­hər yenicə işıqlanırdı. Bir neçə saat dincəldikdən sonra məşq üçün “Xalqlar dostluğu” adlanan möh­tə­şəm saraya getməliydik. Saat 11 radələrində İl­yas əkə mənə zəng edib soruşdu: “Abbascan, uşaq­lar hazırdılar? Dedim: bə­li, sizi göz­ləyirik”.

İlyas əkə otelə girəndə üz-gözündən tər-su axırdı. Ni­za­miyə dedi ki, heç ki­min­lə görüşmə, bayı­ra çıxan kimi cəld oturun mənim maşını­ma, məşqə geçikirik. Biz İl­yas əkənin maşınına yaxınla­şan­da bir nəfərin əlində iti bıçaq maşına tərəf yaxın­laş­dığını gördük. Əlibıçaqlı adam İlyas əkəyə dedi: “İlyas əkə çox sağ ol. Sən gör kimi gətirmisən Daşkəndə. Biz bu kişini (Nizami Rəmzini nəzərdə tuturdu) heç cürə Özbəkistana gətirə bilməzdik”.

Daha sonra bir toğlunu İlyas əkənin maşınının yanına gətirdilər. Ni­za­minin ayaq­ları altında qur­ban kəsib, İlyasa bir daha minnətdarlıqlarını bildirdilər. Xa­tır­la­dım ki, belə qurbankəsmə mərasimi biz Daşkənddə qaldığımız günlərdə bir neçə dəfə təkrarlandı.

Proqram üzrə məşq başlandı. Açılış Özbəkistanın rəqs kollektivinin ifası ilə baş­­­lanırdı. Daha sonra bir özbək müğənnisi oxuyurdu.

Bundan sonra digər respublikaların artistləri çıxış edirdi. Məşq prosesində kon­ser­ti özbək ar­tist­lə­ri tamamlayırdılar. Onlardan əvvəl isə biz, azərbaycanlılar 20 də­qiqəlik çıxış etməliydik. Req­la­mentə ciddi riayət olunurdu.

Çimnaz Aşurova Bəhram Nəsibovun (1942-1998) bəstələdiyi “Qarabağ” mah­nı­sını ifa edir­di, nə­qarət hissəsindən “Qarabağ şikəstəsi”nə keçid edərək, ifasını bu zərbli mu­ğam­la tamamlayırdı. Daş­kənd səfəri 1988-ci ilin dekabr ayının ilk gün­lə­ri­nə təsadüf edirdi. Bu o dövr idi ki, Ermənis­tan­dan azərbaycanlılar öz isti ocaq­la­rın­dan, dədə-baba torpaqlarından qovulmuş, buna etiraz əlaməti ola­raq Bakıda ge­cə-gündüz davam edən oturaq mitinqləri isə yenicə dağıt­mış­dı­lar.

İlyas əkə ölkədəki siyasi vəziyyətin gərgin olduğunu nəzərə alıb Çimnazdan baş­­qa mahnı oxu­ma­ğı xa­hiş etdi. O, isə inadkarlıq edib: “İstəmirsiniz heç oxu­ma­yım, mən azərbaycanlı deyil, yəhu­di­yəm, uşaqlıq­dan bu mahnını hər yerdə oxu­mu­şam” – de­di.

Bu məqamda İlyas əkənin xanımı Məhəbbət Şamayeva işə qarışdı, “qonaq­la­rın xətrinə dəymək olmaz” deyərək həyat yoldaşını qucaqladı və qulağına nə isə pıçıl­da­dı. Sonralar bildik ki, Məhəbbət xanım ona deyib ki, mə­gər başqa xalqların öz dil­lərində oxuyacağı mah­nıların mətnindən xəbərin var? Mahnıdır da, qoy oxu­sun.

Məhəbbət xanım ölkədə çox sevilir və böyük nüfuz sahibidir. İl­yas əkə də onun xətrini həd­din­dən artıq çox istəyirdi. Məhəbbət xanım zarafatca bizə deyirdi: “İl­yas  mənim həm müəllimim, həm hə­yat yoldaşım, həm də sürücümdür”. Həqiqə­tən də İlyas əkə Məhəbbət xanımla nəfəs alırdı və onun “bir sözünü heç vaxt iki” elə­mir­di. Bu dəfə də belə oldu.

Nizami Rəmzi səhnəyə çıxıb, mənə işa­rə elədi ki, “re” tonallığında “Şur” mu­­­ğa­mı üzə­rin­də improvizasiya et. Mu­ğa­­mın sədaları altında bir qəzəl söylədi və qafiyə tu­­tub bir neçə bənd söy­lədi. Əsasən özbək musiqiçilərdən ibarət olan instrumental an­­samblın bədii rəhbəri və konsertmeysteri tarzən İlyas Malayev idi. Ansamblın he­yətində 3 azərbaycanlı vardı: mən (müxtəlif alətlərlə), Rəhman Bəxtiyarov (qar­mon) və İlham Abdulla­yev (saz və qarmon ifaçısı olsa da, bura­da qoşanağara çalır­dı).

Nizami Rəmzi bəstələdiyi “Aşiqlə ca­nan” mah­nı­sı­nı Çimnaz Aşurova ilə du­et şək­lində oxudu. Gördüm ki, İlyas əkə saata baxıb narahatlıqla dedi: “bu üç mahnı heç 15 dəqiəqə də olmadı ki, siz azı 20 dəqiqə çıxış etməlisiniz”.

nizami-remzi

Şəkildə: Nizami Rəmzi Əliağa Vahidin büstü qarşısında

Cavab verdim ki, İlyas əkə darıxma, Nizami Rəmzi lazım olsa 15 saat da mey­xa­­na deyə bilər. Bu mahnı deyil ki. Sadəcə məşqdir deyə, burada bir-iki bənd söy­lə­di.

Konsert sarayında musiqiçilərin dincəlməyi üçün çox yaxşı şərait yarat­mış­dı­lar. Fikirləşirdim ki, hətta, yatmaq da olar, çünki biz ən sonda çıxış etməliydik.

Konsert başlanana yaxın İlyas əkə bizim otağa gəlib dedi ki, “proqramda dəyi­şik­lik etdik. Açılışdan sonra ikinci siz çıxış edəcəksiniz”.

Adətən, belə konsertlərdə zəif nömrələri əvvəldə verirlər. Bu baxım­dan bizi zəif bi­lib, axır­dan əvvələ yerdəyişmə etdilər. İlyas əkə baxışımdan nə düşündü­yü­mü an­­­ladı və dedi ki, “sən fi­kir­ləş­di­yin kimi deyil. Sadəcə 15 dəqiqəlik çıxış məni qa­ne et­­mir”.

Nə isə, konsert başlandı. Özbək musiqiçilərinin çıxışından sonra aparıcı “indi isə səhnəyə Azər­baycan musiqiçilərini dəvət edirəm” dedikdə, zaldan elə bir gurul­tu­lu alqış sə­­­da­ları qopdu ki, İlyas əkə diksindi, sonra sevincdən gözləri ya­şar­dı. Azərbaycan musiqiçilərinin gurultulu alqışlamasından bəlli oldu ki, tamaşaçı­la­rın əksəriyyəti azərbaycanlı imiş.

Səhnədə ilk çıxış edən Çimnaz Aşurovanın “Qarabağ” kompozisiyasından son­ra azərbaycanlı tama­şa­çılar ayaqüstə “Qarabağ” qışqıraraq musiqiçiləri uzun-uzadı, sürəkli alqışladılar və səhnəni gül-çiçək bürüdü.

Növbə Nizami Rəmziyə çatdıqda isə zaldakı hadisələri olduğu kimi təsvir et­məkdə sözün düzü qə­ləm acizdir. Mən Nizami Rəmzinin Azərbaycan Dövlət Filar­moniyadakı konsertini də xatırla­yı­ram, tamaşaçılar hətta yer olmadığından səhnədə bardaş qurub oturduğunun şahidi olmuşam. Res­pub­lika Sarayında 3 gün ərzində anş­­laq keçən konsertləri yada salıram. Amma Daşkənddəki konsert bam­başqa idi.

Özbək xalqında da bizdə olduğu kimi toyda-düyündə musiqiçilərə şabaş, nəmər verir­lər. Amma bi­rinci dəfə idi görürdüm ki, səhnənin döşəməsi Nizaminin üzərinə atı­lan pullarla sanki bəzəkli xal­ça­ya çevrilmişdi. Rəmzinin ağzından çıxan, bəda­hə­tən deyilən hər mənalı sözünü irəlidən, sağ­dan-soldan tamaşaçılar pul yağışına tu­tur­dular.

Bizə ayrılan vaxt bitdikdən sonra çıxışımızı tamamladıq. Amma tamaşaçılar al­qış­ları ilə bizi səh­nədən buraxmırdılar. Hətta, bizi səhnəyə iki dəfə qaytardılar. Bax­ma­yaraq ki, aparıcı qazaxların çı­xışını elan etmişdi. Apa­­rıcı: “Ni­za­mi Rəm­zi­nin bu gün başqa yerdə də çıxışı var, ora gecikir” – dedik­dən sonra ta­maşa­çı­lar sa­kit­ləşdilər. Azərbay­can­lı tamaşaçılar konsert zalını tərk edirdilər. İlyas əkə musiqi­çi­lərin so­­yu­nub-geyinmə otağına gəlib, Nizamini qucaqlayıb öpüb dedi: “Sənə ha­lal olsun, mən belə bilməzdim”. Sonra əlini kürəyimə vurub: “Abbasqulu, hər şeyə görə sən də çox sağ ol” – dedi.

Həmin sarayda 2 gün konsert verməliydik. Birinci gün belə keçdi. Konsert­dən sonra bizi Daş­kənddə böyük nüfuz sahibi olan, iş adamı və xeyriyyəçi kimi ta­nı­nan Vaqif Vəliyev (1940-1993) öz evi­nə qonaq apardı. Burada da Nizami Rəm­zinin gə­­lişi münasibəti ilə qurban kəsildi. Va­qif müəl­li­min evində səhə­rəcən çal-çağır ol­du.

Haşiyə: Hacı Vaqif Vəliyev 16 iyun 1993-cü ildə Gəncə İcra Hakimiyyətinin baş­­­çısı təyin olun­muş, qısa müddətdə bu vəzifədə çalışmış, xalqın sevgi və məhəb­bə­tini qazanmışdı. O, 24 iyun 1993-cü ildə ölkədəki öz­başınalığın, hərc-mərc­liyin qur­banı olur, iş kabinetində güllələnir.

İlyas əkə Vaqifgildə Özbəkistanda kifayət qədər tanınmış qonaqların (əksə­riy­yə­­ti böyük vəzifə sa­hibi idi) Nizami Rəmzinin necə nazını çəkdiyini gördükdə onun xalqımız tərəfindən çox sevil­di­yi­nin şahidi oldu. Sonralar Azərbaycanda baş na­zirin I müavini vəzifəsinə qədər yük­sə­lən Abbas Ab­ba­sov da qonaqların arasında idi. O, ziyafəti üç dildə (azərbaycan, özbək və rus) çox gözəl idarə edirdi. Həmin il­­lərdə Abbas müəllim Özbəkistan SSR-in Quşçuluq Komitəsinin sədri idi.

İlyas əkə elə bilirdi ki, N.Rəmzi güclü yaddaşı olduğundan bu kupletləri əzbər şə­kildə ha­fi­zə­sin­də saxlayır və lazım olan məqamda onları söyləyir. Mən ona de­dim ki, Nizami meyxanalarının ha­mı­sını bədahətən söyləyir. Şahidi olmaq istə­yir­sən­sə, qəzəllərindən birini söylə. Nizamiyə də dedim ki, sən də sonuncu beyti qa­fi­yə kimi istifadə et. İlyas əkə xanımı Məhəbbətə həsr etdiyi qəzəli söy­lə­di. So­nuncu mis­ra belə tamamlanırdı:

Eng ali fəzilət egəsi bolgəni şul kim?

İlyasgə xatun, Nərgizəgə anə Məhəbbət!

Çevirməsi:       Ən ali hünər yiyəsi olan kimdi o?

İlyasın xanımı, Nərgizənin anə məhəbbət.

Qeyd edək ki, özbəkcə “xatun” xanım deməkdir. Nərgiz isə İlyasın qızının adıdır. Misranın mə­na­sı “İlyasa xanım, Nərgizə anə Məhəbbət” – deməkdir.

Nizami: qafiyəyə uyğun o qədər söz (pərvanə, əfsanə, dürdanə, bir danə, mər­da­nə, cananə, diva­nə, şanə, zəmanə, sübhanə, imkanə, zindanə, xanə, heyranə, rey­ha­­nə, qurbanə, Quranə, biganə, hər ya­nə, qəzəlxanə, nalanə, Özbəkistanə, güllü-gü­lüs­­­­tanə, mehmanə, meydanə, meyxanə, səhmanə və s.) işlətdi ki, İlyas müəllim şo­ka düş­müş­­dü. Spirtli içki içməyən İlyas əkə meyxana janrının təsi­rin­dən sanki məst olmuşdu. O, ayağa durub Nizaminin üzündən öpüb dedi: Bütün Orta Asiya xalqları bi­zi – məni və Məhəbbət Şamayevanı çox sevirlər. Hər ilin son gecəsi, yəni yeni il şən­li­yin­də müt­ləq Azərbaycan mahnısı ifa etməliyik. Bəzən duet şəklində, bəzən isə hər birimiz ayrıca sizin mah­nı­ları oxuyuruq. Özbəklər də Azərbaycan mahnıla­rı­nı çox sevirlər. Bu sevginin yaranmasında Mə­həb­bətlə mə­nim də xüsusi xidmə­ti­miz var. Oxuduğumuz hər bir mahnı il boyu muğənni­lə­ri­mi­zin re­per­tuarına daxil edi­lir, toyların, konsert salonlarının bəzəyinə çevrilir. Bunun nə­ticəsidir ki, Özbə­kis­­tanda Azərbaycan mahnısı oxuya bilməyən müğənni sevil­mir. Qeyd etdiyim ki­mi sizin xalqı biz çox sevirik. Amma Nizamini gördükdən son­ra fikirləşdim ki, ulu Tanrı bu xalqı çox sevdiyindən be­lə bir unikal janrı məhz azər­baycanlılara qismət etmişdir.

Konsertin ikinci günü İlyas əkə Azərbaycan musiqiçilərini əvvəl fikirləşdiyi ki­mi sonuncu nöm­rədən əvvəl çıxış edəcəyini bildirdi. Yəni konserti özbək musiqi­çi­lər həm açır, həm də bağlayırdılar.

Beləliklə, Daşkənd konsertinin nəticəsi olaraq Azərbaycan folklorunun qolla­rın­dan biri olan mey­xana jan­rı­nı Nizami Rəmzinin timsalında ilk dəfə xarici öl­kədə səh­nəyə, “Xalqlar dostluğu” adlanan möhtəşəm saraya məhz İlyas Ma­layev çıxar­mış oldu. Ruhun şad olsun, ustad!

 

 

Аббасгулу Наджафзаде

доктор искусствоведения, профессор АНК

ИЛЬЯС МАЛАЕВ МНОГО­СТО­РОННИЙ ДЕЯ­ТЕЛЬ ИСКУССТВА

Резюме

В статье говорится об узбекском музыканте Ильясе Малаева и кон­церте данным им в городе Баку. Ильяс Малаев – много­сто­ронний дея­тель искусства. Он, будучи «устад»ом в Узбекистане (профессионалом искусства речи), был из­вестен как поэт, «гезелхан», композитор, инструменталист, певец и актёр.

Ключевые слова: поэзия, фольклор, Ильяс Малаев, мейхана, Ташкент, Баку

 

Abbasgulu Najafzade

Doctor of Art Study, Professor of Azerbaijan National

MY REMINISCENCES ABOUT ILYAS MALAYEV, THE UZBEK ARTISAN – MASTER

Summary

The article is about friendship of  Ilyas Malayev, the Uzbek master with the author, his concerts held in Baku and Dashkand cities. Ilyas Malayev was many-branched master: poet, Ghazalkhan (one who writes ghazals), composer, singer, artist of recitation. Thanks to Ilyas Malayev, the genre of meykhana (Azerbaijan folk verse, usually humorous and topical, sung in a lively manner) – improvisation was introduced on the stage in Dashkand city – abroad for the first time in the per­formance by the deceased Nizami Ramzi.

Key words: poetry, folklore, meykhana, Ilyas Malayev, Dashkand, Baku

Mövzuya uyğun