AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 3, 2016

Abbasqulu NƏCƏFZADƏ 

Sənətşünaslıq üzrə elmlər doktoru,

AMK-nın professoru

Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7

E-mail: a.najafzade@yahoo.com

 UOT 82-991,1                                                                                                            

YETƏRİNCƏ MÜTALİƏ ETMƏLİYİK 

 endir

 

PDF

 

 

Xülasə: A.Nəcəfzadə KİV-də “Kəsmə şikəstə”nin ilkin adının “Bakı şikəstəsi” ol­duğunu ya­zıb. Buna cavab olaraq R.Musazadə mətbuatda həmin fikirlərə öz ira­dı­nı bildirib. A.Nəcəfzadə isə bu məqaləsində R.Musazadənin iradlarının mənbələrə söykənərək əsassız olduğunu sübut etməyə çalışıb..

Açar sözlər:“Kəsmə şikəstə”, “Bakı şikəstəsi”, zərbli muğam, aşıq sənəti

 

 “Konservatoriya” jurnalının ötən saylarının birində sənət­şünas­lıq namizədi, əməkdar müəl­lim, professor Musa­zadə Rafiq bizə heç bir elmi əsası olmayan iradlar yazıb(1, s. 19-26). Əs­lin­də elmi polemika təbii və zəruridir. Amma po­le­mi­ka qərəzsiz olmalı, elmin inkişafına xidmət et­mə­li, qaldırılan problemlər öz mən­tiqi həllini tap­ma­lıdır. Bütün sahələrdə olduğu kimi, muğam­şü­­naslıqda da buna böyük ehtiyac du­yulur.

R.Musazadənin çap etdirdiyim “Bir daha zərbli mu­ğamlar haq­qın­da”(2, s. 385-406)adlı mə­qa­ləmə iradları nədən ibarətdir? Məsələ burasındadır ki, onu zərbli mu­ğam­larımızdan biri olan “Kəs­mə şikəstə”nin ilkin adı­­­nın “Bakı şikəstəsi” ol­du­ğu­nu yazmağım qıcıq­lan­dırıb. O, “Ba­kı şi­kəs­təsi” anlayışı ilə bağlıyazılı mən­­bənin olma-dığını iddia edir.

“Bakı şikəstəsi” barədə mətbuatda illər boyu yazılar gedib və müx­tə­lif tele­proq­ram­larda ve­ri­liş­­lər hazırlanıb, dissertasiya mövzusuna çevrilib. Onları yazılma tari­xi­nə görə, xronoloji ar­dı­cıl­lıq­la təqdim edirik

  1. Əlihüseyn Dağlının 1924-1958-ci illərdə yazdığı və AMEA M.Füzuli adına Əl­yaz­­malar İnsti­tutunda C-1021/9974 şif­rə­si­lə qo­­ru­­nan əl­yaz­­­ma­sı əsa­sında A.Nəcəfzadə tə­rə­fin­dən tərtib edi­lib nəşr edilmiş “Ozan Qaravəli” kitabında müəllif  “Kəsmə (Bakı)” yazmaqla, bu şikəstənin Bakıya aid olduğunu bildirib (28, s. 163).
  2. Aziz Özer “Türkiyede Azerbaycan türkü ve oyun havaları” məqaləsinin elə ilk cüm­­­­­ləsində zərbli mu­ğam­la­rın arasında “Bakı şikəstəsi”nin də adını çəkir (3, s. 28).
  3. İsmayılov M.C. “Azərbaycan xalq musiqisinin janrları” əsərində (4, s. 98; 5, s. 87)  “Kəsmə şi­kəs­tə”­yə “Bakı şikəstəsi” deyildiyini yazır.
  4. Zöhrabov R.F. “Muğam” kitabında “Kəs­mə şikəs­tə­si”­nin bir vaxtlar “Bakı şikəstəsi” adlandığını yazıb (6. s.181).
  5. İ. Çələbiyevin “Зерби мугам – азербайджанское рондо” məqaləsində tərtib edilmiş cədvəldə yazılıb: “Kəs­mə şikəstə” (“Bakı şikəs­tə­si”, “Qədeşi şikəstə” (7, s. 92).
  6. İ. Çələbiyevin “Морфология дастгяха” adlı dissertasiya işində (12, s. 427) IV fəslin “Zərbi mu­ğam dəstgahların komponenti ki­mi” başlıqlı VI yarımfəslində haqqında söz açdığımız zərbli mu­­­ğam tərtib olunmuş cədvəldə belə təq­dim edilir: “Kəsmə şikəs­tə” (“Bakı şikəs­tə­si”, “Qədeşi şikəstə”).
  7. Fi­lo­lo­gi­ya üz­rə elmlər dok­toru, pro­fes­sor Vüqar Əh­məd 1992-ci ildə yazdığı heka­yə­sin­də “Bakı şikəs­tə­­si”nin adı­­nı çəkir (8, s. 14).
  8. Nəcəfzadə A.İ. “Azərbaycan idiofonlu çalğı alətləri” monoqrafiyasında (13, 57) oxuyuruq: Zərbli mu­­ğam kimi çalı­nan şi­kəs­tələr bəzən öz ad­ın­da Azər­bay­can­da­kı bir sıra ərazi­lə­rin toponimlərini əks etdi­rir­lər: “Qa­­rabağ şi­kəs­tə­si”, “Şirvan şi­kəs­təsi”, “Bakı şikəstəsi” (bu, kəsik-kəsik ça­lın­dı­­­ğın­­dan son­rakı mər­hə­lə­lər­də “Kəs­­mə şi­kəs­tə” adlandırılıb), “Sarıtorpaq şikəs­tə­si” və s.).
  9. B.Quliyev, A.İ.Nəcəfzadənin AMK-nın tar, kamança, qanun və balaban ix­ti­sa­sı üzrə ba­ka­lavr hazırlığı üçün “Konsertmeyster sinfi” fənninin proq­ramında “Bakı şikəstəsi”nin adı çəkilir (14, s. 18).
  10. İ.Nəcəfzadə, E.İ.Cabbarovun tərtib etdiyi AMK-nın bakalavr təhsili üzrə balaban aləti üçün “İxtisas-mu­ğam” fənninin proqramında “Bakı şikəs­tə­si”­nin adı qeyd edilir (15, s. 22).
  11. İ.Nəcəfzadənin “Virtuoz qaboyçu” məqaləsində virtuoz qaboyçalan, “Şöhrət” or­denli, xalq artisti Ka­mil Cəli­lo­vun repertuarında yer alan “Kəsmə şikəstə­si” zərbli muğamın “Ba­kı şikəstəsi” ol­­duğu bil­dirilir (16, s. 37).
  12. B.Quliyev, A.İ.Nəcəfzadənin hazırladığı AMK-nın tar, kamança, qanun və balaban ix­ti­sa­sı üzrə ba­ka­­lavr hazırlığı üçün “Müşayiət sinfi” fənninin proqramında “Kəsmə şikəstə”nin bir zamanlar “Ba­­kı şikəstəsi” adlandığı yazılıb (17, s. 26).
  13. İ.Nəcəfzadənin “Bir daha zərbli mu­ğamlar haq­qın­da” məqaləsində “Bakı şikəstəsi”nin adı çə­ki­lir (2, s. 385-406).
  14. Azərbaycan mətbuatında tanınan, filologiya üz­rə elmlər dok­to­ru, Bakı Qızlar Uni­­ver­sitetinin professoruAlmaz Həsən­qı­zı ABŞ-da uzun müddət mühacir ömrü yaşayan soy­­daşımız Əziz Özə­rin “Tür­ki­yədə Azərbaycan türkü və oyun havaları” adlı mə­qa­lə­si haq­­qında mə­lu­mat verib, burada “Bakı şikəstəsi”nin adı çəkilir (18 s. 227).
  15. İ.Nəcəfzadənin “Etnoorqanologiya” musiqi təmayüllü ali məktəblər üçün dərs­­­­liyində haqqında danışdı­ğı­mız zərbli muğamın ilkin adının “Bakı şikəstəsi” olduğu bildirilir (19, s. 277).

Gördüyünüz kimi, bir sıra mötəbər mənbələrdə “Kəsmə şi­kəs­tə”­yə “Bakı şikəstəsi” də deyildiyi təsdiqini tapır. Mən də 20 ilə yaxın bütün yazı­la­rım­da, aparıcısı olduğum teleproqramlarda, müxtəlif telekanallardakı çıxışlarımda “Kəsmə şikəstə”dən söz dü­şən­də ona, həm də “Bakı şikəstə­si” de­yildiyini bildirmişəm. 60 ildən artıq bir dövrdə KİV-də “Bakı şikəstə­si”dən söz açılıb. R.Mu­sa­­za­də isə, bu haqda 2015-ci ildə xəbər tutub və bu il münasibət bildirib. De­mə­li, Rafiq müəllim, dövrü mətbuatı yetərincə izləmir. O, yazır: Şi­kəs­tə aşıq yaradı­cı­lı­ğı­nın məhsu­lu­dur. Bakıda aşıq olubmu ki, “Bakı şikəs­təsi” də ol­sun?

İddialara cavabı Aşıqlar Birliyinin sədri, filologiya üzrə elmlər doktoru, pro­fes­sor Məhərrəm Qa­sımlının sözləri ilə başlamaq istərdik: “Bakıda müxtəlif illərdə xeyli sayda aşıq fəaliyyət göstərib. Ötən əsrin 30-cu illərində “Koroğlu” dastanının bir çox qolları məhz Bakı aşıqlarının dilindən qə­­ləmə alınıb”.

M.Qasımlının verdiyi bu “ipucu” ilə həmin mövzuda kiçik tədqiqata baş­ladıq. Artıq məlimdur ki, ha­ra­da oğuz yaşayıbsa, ora­da ozan-aşıq sənəti olub, qo­­puz-saz çalınıb və bu ənənə döv­rü­müzdə də da­­vam etdirilir. Abşeron da qədim oğuz yur­du­dur, bu yerlərdə həmişə saza, sözə yük­sək qiy­mət ve­rilib. R.Musa­za­də “Ba­kıda hansı aşıq olub?”soru­şur və sonra özü Ma­sa­zırlı Aşıq Həsəni təq­dim edir (1, s. 20). 1935-ci ildəməş­hur türkoloq və ədəbiyyatşünas alimSalman Mümtaz (1884-1941) da nəşr etdirdiyi“El şairləri” ki­ta­bındaonun haqqında məlumat verib (21, s. 6). Bundan əlavə ədəbiy­yat­şü­nas Əhliman Axundov (1903-1977) “XIX əsrdə yetişmiş görkəmli aşıqlar” adlı məqaləsində Aşıq Həsənin yaradıcılığından bəhs edir (21, s. 6), həmçinin akademik Feyzulla Qasımzadə (1898-1976) “XIX əsr Azər­bay­can ədə­biy­yatı tarixi” əsərində Aşıq Həsəndən söz açır (21, s. 6).

Başqa abşeronlu aşıqlardan biri də XIX əsrin sonu, XX əsrin əv­vəllərində söz, saz sər­rafı kimi tanı­nan, Bakıda ya­şa­yıb-yaradan Aşıq Talıbdır. Onun haq­qında Əli­hü­seyn Dağlı (1898-1981) “Ozan Qa­ravəli” ad­lı əsərinin III hiss­əsinin “İzahat” baş­lıq­lı mə­qaləsində mə­lumat verir (22). Həmin əsərin V hissəsində isə, o, Bakıda daha çox sa­zın cürə nö­vündən istifadə edil­di­yini bil­di­rir (23).

M.Qasımlı söyləyir ki, ta­nınmış qar­­mon­­çalan Kor Əhəd (Əhəd Fərzəli oğlu Əliyev, 1893-1942) toylarda həm də gözəl saz çalırmış, şirin avazla aşıq havalarını oxuyarmış. Onun sazın vir­tu­oz ifaçısı olduğunu tarixçi, musiqi tədqiqatçısı Firudin Şuşinski (1925-1997) də əsər­lə­rində yazır (24, s. 389).

Bülbüləli Aşıq Cavad haqqında Əhliman Axundov bilgi verib (21, s. 6). Aşıq Cavad XIX əs­­rin 40-cı illərində, 70 yaşında vəfat edib.

MaştağalıAşıq Cahangirin dilindən “Koroğlu və Aypara” dastanı 1936-cı ildə qələmə alı­nıb və Nizami adına Ədəbiyyat İnstitutunun arxivində 497 nömrəli qov­luq­da saxlanır (25, s. 392). ZabratlıAşıq Əliş Səmədoğlunun dilindən “Koroğlu və Bəylər” dastanı 1937-ci ildə qə­lə­­mə alınıb və Nizami adına Ədəbiyyat İns­ti­tu­tu­nun arxivində 721 nömrəli qovluqda saxlanır (25, s. 392). Bakılı Bəşir Əsədoğlu­nun dilindən “Koroğlu və Xonxar” dastanı 1936-cı ildə qə­lə­mə alınıb və Nizami adı­na Ədəbiyyat İnstitutunun arxivində 721 nömrəli qovluqda saxlanır (25, s. 392). Bakılı Əli Yoldaşoğlunun dilindən “Koroğluynan Ədil paşa” dastanı 1938-ci ildə qə­lə­mə alınıb və Nizami adına Ədəbiyyat İnstitutunun arxivində 721 nöm­rəli qov­luqda saxlanır (25, s. 393). Qobulu Məliksoltan Əhmədoğlunun dilindən “Koroğ­luy­nan Nigarın nağılı” dastanı 1938-ci ildə qələmə alınıb və Niza­mi adına Ədə­biy­yat İnstitutunun arxivində 510 nömrəli qov­luq­da saxlanır (25, s. 393). Əh­mədli kənd sakini Hüseynulla İbrahimoğlunun dilindən “Mə­sum” dastanı 1955-ci ildə qələmə alınıb (25, s. 394). Bakılı Muxtar Əlioğlunun di­lin­dən “Təh­mu­­raz” dastanı 1938-ci ildə qələmə alınıb (25, s. 395). Bakılı Hümbət Əli­oğ­lu­nun di­lin­dən “Ta­hir və Zöhrə” dastanı 1955-ci ildə qələmə alınıb (25, s. 395).

Fikrimizcə, Bakıda bütün dövr­lərdə aşıq sənətini təbliğ edən, yaşadan aşıqlar olub. Sadəcə Ab­şe­ronda yaşa­mış aşıqların yaradıcılığı ayrıca araşdırıl­ma­yıb. Bu mövzu ətrafında dərindən el­mi təd­qiqat işi aparılsa, Abşeronda xeyli aşığın fəaliy­yət gös­tə­rdiyi bəlli olacaq.

Musazadə Rafiq yazır ki, əlində heç bir sübut-dəlil olmadan A.Nəcəfzadə “Kəs­mə şikəstə”ni “Ba­kı şikəstəsi” adlandırır. Hələ bu azmış kimi, həmin zərbli mu­ğa­ma Abşeronda “Qədeşi şi­kəs­tə” də deyildiyini yazır (1, s. 20). “Qədeşi şikəstə” deyiminin olması haqqında fikirləri bizə əmək­dar artist, Kur­man­qazı adına Alma-ata Milli Konservatoriyasının fəx­­ri professoru Va­leh Rə­­hi­mov söyləyib, başqaları (Vamiq Məmmədəliyev, Faiq Çələbiyev və b.) bu fikri təsdiq­lə­yib. Aka­demik Vasim Məmmədəliyev, qar­daşı əməkdar artist, ADMİU-nun pro­fes­soru Vamiq Məm­məd­əliyev, sənətşünaslıq üzrə elmlər doktoru, A.İ.Gertsen adına Rusiya Döv­­lət Universitetinin pro­­­fes­soru Fa­iq Çələbiyev, B.Mansurovun yadigarları – bəstəkar, xalq ar­tisti Eldar Mansurov, əmək­dar artist Elxan Mansurov və bir çox başqa sənətkarlar da bildirir­lər ki, “Kəsmə şikəstə”yə bəzən el arasında “Bakı şikəstəsi” də deyiblər. İlk dəfə “Bakı şi­kəs­tə­­si”ni 40 il bun­dan əv­vəl Aşıq Məhəmmədin (1927-2009) di­lindən eşitmişik. O, de­yirdi ki, yaxın keç­miş­­də Bakı, Şuşa və Şamaxıda muğam məclis­ləri fə­a­liyyət gös­tərirdi. Hər bölgənin də özü­nə­məx­sus şikəstəsi vardı: “Bakı şi­kəs­təsi”, “Qa­ra­bağ şi­kəstəsi” və “Şir­van şi­­kəstəsi”. Bu məc­­lislər arasında müsabi­qə­lər keçirilir, qaliblər müka­fat­lan­dı­rı­­lır­dı. Məclisin harada keçiril­mə­sin­dən asılı ol­mayaraq hər üç şikəstə mənsub ol­duğu müvafiq böl­gənin ifaçıları tərəfindən “himn” kimi səs­ləndirilirdi.

Ustad tarzən, müəllimlər müəllimi Elxan Müzəffərov, tanınmış ka­mança ifaçısı, əməkdar in­cə­sənət xadimi, sə­­nətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın professoru Arif Əsədullayev də “Ba­kı şikəstəsi” fik­­­rinin səhih olduğunu söyləyirlər. Bilindiyi kimi, hər iki sənətkar Azərbaycan mu­ğamla­rının fun­damental bilicisi Nəriman Əliyevin “əlindən su iç­miş”, muğamlarımızla bağlı bil­giləri ixti­sas müəllimləri ilə yanaşı, on­dan da əxz etmişlər. Muğam sənəti musiqi tə­mayüllü məktəblərdə tərtib edilmiş proq­ramlar əsasında tədris olunur. Burada müəllimlər göstərilən şöbə və guşələri tələ­bə­lərə öyrədirlər. Xoşbəxt o ifaçıdır ki, Seyid Şu­şin­ski (1889-1965), Nəriman Əli­yev (1930-1998), Hacıbaba Hüseynov (1919-1993) ki­mi ustad xanəndələri müşayiət etmiş, on­la­rın muğamatla bağ­­lı dərs­dənkənar söh­bət­lərini eşitmiş, ifalarını canlı dinləmişlər.

R.Musazadə məqaləsinin sonunda etiraf edir ki, həqiqətən, Bakı camaatı “Kəs­mə şikəstə”ni çox sevir və həvəslə qulaq asır. Onlar qadın toylarında bu zərbli mu­ğa­ma “Bakı şikəstəsi” də de­yiblər (1, s. 26).

Professor Musazadə, məqalənizdə Ə.Məmmə­dov “muğama bu cür müna­si­bət göstər­mək gü­nahdır” dediyini yazırsınız. Əlibaba müəllim isə bununla bağlı bizə söylədi: “Günah nə­dir? Mən belə bir ifadə işlətməmişəm. Amma demişəm ki, “Bakı şikəs­təsi” haqqında eşitmə­mi­şəm”.

Ə.Məmmədov bizimlə söhbət zamanı qarmon­ça­lan Teyyub Dəmirovun (1908-1970) məclis­lə­rin birində çox gözəl oxu­du­ğu “Kəsmə şikəstə”dən də danışdı: “Bu ifa Fatma Meh­rə­li­ye­va­nın oxu­su­na çox bən­zə­yirdi. Bəlli oldu ki, qubalı qızı Fatma xanım həmin zərbli mu­ğamı ba­kılı T.Də­­­mi­rov­dan öyrənibmiş”.

Professor Canəli Əkbərovun adından isə yazırsınız: “Muğam sənətində yararlı bir işi ol­ma­­yan­lar indi nə demək is­tə­yir­lər? Nə qədər gec deyil, öz səhvlərini mət­bu­atda eti­raf etsinlər”. Canəli müəllimlə əlaqə saxladıq, Musazadənin onun adından yazdığını diqqə­ti­nə çatdırdıq. O, bildirdi ki: R.Musazadəyə yalnız “Bakı şikəstəsi” haqqında heç nə eşitmədiyimi söyləmişəm. Qalanlarını isə o, özündən uydurub. Təəssüf ki, həmin təhqiramiz ifadələr jurnalda yer alıb. Nə vaxtdan faktları ortaya qoy­maq, həqiqəti üzə çıxarmaq, səhih bir faktı or­ta­ya qoymaq, təd­qiqata cəlb etmək “səhv” bir ad­dım, “günah”  sa­yı­lır? Yaxud mə­ni “muğam sənətində yararlı bir işi ol­ma­­yan” adlan­dı­ran şəxs bununla nə demək is­tə­yir? Bir də axı, bu fikirlərin kö­kündə Mansurovlar mək­təbi durur. On­lar da hə­min fikri xalq yad­da­şı­na əsaslanıb söyləmişlər. Belə çıxır ki, bütün “səhv­lər” sənətkar babalarımızın imiş?! Çox tə­əs­süf­­, Bakı (Abşeron) musiqi məclisinin yü­­kü­nü uzun müddət, bir neçə nə­sil olaraq çiyin­lə­rin­də daşıyan Mansurovlar tərə­fin­dən de­yilən, yeni nəslə çatdırılan həmin zərbli muğamın ger­çək adına niyə şübhə ilə ya­­na­­şılır.

Bəlkə də problemlə bağlı bu məqalədə təqdim olu­nan arqument və fakt­ları oxu­duq­dan sonra pro­fessor Musazadə özü mətbuatda səhvini etiraf edəcək. Burada mötəbər yazılı mən­bə­­lər (Əlihüseyn Dağlı, Əziz Özər, Məmmədsaleh İsmayılov, Ramiz Zöhrabov, Faiq Çələbiyev və b.) dil açıb, hə­qi­­qəti söy­lə­yir. “Bakı şikəstəsi” ilə bağlı mətbuatda yazı ve­­­riləndə (1954-cü il) mən heç ana­­dan ol­ma­mışdım.

R.Musazadə mənim dilimdən yazır ki, gu­ya, Ağasəlim Abdullayev də hə­min zərbli mu­ğama “Ba­kı şikəstəsi” deyib. O da etiraz edir ki, belə adda zərbli mu­ğam yox­dur. Əvvəla, xalq ar­tisti, professor Ağasəlim Abdul­la­yevin adı heç bir mə­­qaləmdə deyilən fi­kir­lə bağlı çəkilməyib. Əgər belə bir fakt varsa, həmin mənbəni göstərin. Ağasəlim Abdullayev ensik­lo­pedik bi­liyə malik, ustad tar­zən Elxan Müzəffərovdan mu­ğam dərsi aldığın­dan, bu ba­rə­də mə­lumatlı olduğunu ehtimal edirdik.Necə ki, Bəh­ram Mansurovun tələbələri bu fikirdə yekdildir. Bir də axı, A.Abdullayev hələ 2010-cu ildə əməkdar artist Elşad Cabbarovla (1942-2016) birgə tərtib etdiyimiz AMK-nın ba­ka­lavrtəh­si­li üzrə bala­ban aləti üçün “İxtisas-muğam” fənninin proq­ra­mına müsbət rəy ve­rib. Hə­min proq­ramda “Bakı şikəstəsi” ilə bağlı məqamlar var (15, s. 22). Əməkdar mü­əl­lim, sə­nət­şü­nas­lıq üzrə fəlsəfə dokroru, pro­fessor Malik Quli­yev­lə bahəm ərsəyə gə­tirdiyimiz AMK-nın tar, ka­man­ça, qa­nun və balaban ix­ti­sa­sı üzrə bakalavr ha­zır­lığı üçün “Kon­sertmeyster sin­fi” fən­ni­nin proq­ramının A.Ab­dul­layev redaktoru olub (14, s. 18). Burada da “Bakı şikəstə­si”ndən söz aç­dı­ğı­mızdan, şübhəsiz, bir redaktor kimi Ağasəlim Abdullayev bu məsələdən xə­­bərdar idi. Onda Ağa­səlim müəllim hansı məntiqlə deyir ki, “Bakı şikəstəsi” adında zərbli muğam yoxdur?

Nəhayət, Musazadə bizdən “ultimatum” xarakterli bir xahiş də edir ki, “Abşeron kənd­ləri adın­­dan danışmayın”. Mən azərbaycanlı tədqiqatçıyam, dünyanın müx­təlif öl­kələrində (Misir, İraq, İran, Türkiyə, Meksika, Hollandiya, İtaliya, İsrayıl, Ya­po­ni­ya, İs­veç, Belçika, Al­ma­ni­­ya, Yu­­na­nıs­tan,İngiltərə, ABŞ, keçmiş SSRİ-nin bü­tün respublikalarında və s.) festival, konfrans və sim­­po­ziumlarda musiqi mədəniy­­yə­ti­mizi həm təcrübi, həm də nəzəri baxımdan nəinki Abşero­nun, ümumilikdə xal­qı­mızın musiqi mədəniyyətini təmsil edib, incəsənətimizin təbliği ilə məşğul ol­mu­şam. Azərbaycan, azər­bay­cançılıq, türkçülük adına elmi dairələrdə və beynəlxalq məc­lis­lərdə bir alim və vətəndaş kimi biliyimi əsirgəməmişəm. Elmi polemikalarda musiqi mədə­niy­yə­ti­­mi­zin qoruyucusu kimi xalqımın, obamın adın­­dan da­nış­mağı da mə­nə kimsə qa­da­ğan edə bil­məz.

Xalq artisti Baba Mahmudoğlu (1940-2006) “Dastan” folklor ansamblı ilə “Kəs­­­­­­mə şikəstə”ni məşq edərkən söyləyirdi: “Bu şikəstənin əsl adı “Bakı şikəstəsi” olub. Sonradan ifaçıların di­lin­də Bakı sözü “kəsmə” ilə əvəzlənib və elmi ədə­biy­yata da bu şəkildə düşüb”. Mən 10 il (1979-1989) həmin ansamblın musiqi rəh­bə­ri olmuşam. B.Mahmudoğlu oxuyacağı hər hansı mu­siqi haq­qında öncə bizə, an­sam­blın üzvlərinə ətraflı məlumat verirdi. Sonra həmin melodiyanı məşq edib lentə alırdıq. “Kəsmə şikəstə”ni də Azərbaycan radiosunun fondu üçün belə ifa etmi­şik.

Göründüyü kimi, Musazadə Rafiqin “cəfəng” adlandırdığı bu fikri uydur-mamışıq. Adı­nı çək­di­yim hörmətli sənətkarlarımız həmin zərbli muğamın ilkin adının “Bakı şi­kəs­təsi” ol­du­ğunu bil­di­rir­lər. “Qədeş” sözünə də kinayə ilə yanaşmaq lazım de­yil. Kökü “qardaş” olub, əziz­lənmə məna­sındadır. Bu söz, abşeronluların, o cüm­lədən xı­zılıların çox işlətdiyi və sevdiyi bir ifadədir. Hətta bəzi ailələrdə uşaq­lar atalarına da qədeş deyə müraciət edirlər.

“Qədeş” sözü haqqında dilçi, filoloq və ensiklopediyaçı, türkçülüyün bayraqdarı, dahi Mahmud ibn əl-Hüseyn ibn Məhəmməd əl-Kaşğari (1008-1095) “Divani-lüğat-it-Türk” (“Türk dillərinin qamusu”) əsərində bilgi verir (29, I c., s. 151-1, 405-7, II c., s. 132-9, III c. 146-11, 159-18). M.Kaşğari “Divani-lüğat-it-Türk” əsərini ərəbcə yazıb. Əsəri məşhur ictimai-siyasi xadim, alim və şərqşünas, Türk Dil Qurumunun banilərindən biri Bəsim Atalay (1882-1965) türk dilinə tərcümə edib. Azərbaycan dilinə isə həmin əsəri filologiya üzrə elmlər doktoru, professor Ramiz Əskər tərcümə etmişdir.

Muğamların terminologiyası ilə bağlı uzun illər araşdırmalar aparıb, muğam bi­li­cilərindən öy­rənərək əlyazma halında bir əsər hazırlamışam. Bura hətta mə­həl­li de­yimləri də daxil etmişəm. “Qədeşi şikəstə”, “Fatma şikəstə” də belə ifadələr­dən­dir. Musa­zadə yazır: “İndi kim zəmanət verə bilər ki, belə bir elmi kitabda nəşr olunan mə­qa­lədəki məlumatlar əsasında 30-40 ildən son­ra meydana gələn diletant alimlərin di­lin­də “Kəsmə şikəstə” “Lotu şikəstəsi” kimi adlan­ma­ya­caq? Dönə-dönə hər yer­də söyləmişik ki, yolda, maşında, çay süfrəsi arxasında əldə etdiyiniz hər cür mə­lu­mat­ları elmə gətirməyin!” (1, s. 20). Elmi ədəbiyyatda “diletanat alim” ifadəsi yoxdur. Lüğət­lər­­də bildirilir ki, diletant fransız sözüdür, “xüsusi hazırlığı, sis­tematik biliyi olmadan hər hansı bir elm və ya sənətlə məşğul olan adam; həvəs­kar” deməkdir.

Hələ 62 il bundan əv­vəl, 1954-cü ildə Əziz Özər “Türkiyədə Azərbaycan tür­kü və oyun havaları” adlı əsərində“Bakı şikəstəsi”ndən bəhs edir (3, s. 28).

Qeyd etdiyimiz ki­mi, Faiq Çələbiyev də indi “Kəsmə şikəstə” adlanan zərbli muğamı elmi də­­lil­lərlə bir vaxtlar “Bakı şi­kəs­təsi” (“Qədeşi şikəstə”) ol­du­ğunu sübuta yetirib. O, bu fikir­lə­ri söyləyərkən us­tadları Mirzə Mənsur və Bəhram Mansurov­lara istinad edir. F.Çə­lə­bi­yev hətta Məmməd­saleh İsmayılovun (1912-1994) bu barədə çıxışının lent ya­zı­larını şəxsi arxivində sax­la­dığını söyləyir. “Bakı şi­kəstəsi” (eləcə də “Qədeşi şikəstə”) zərbli muğamının adı­nı F.Çə­lə­bi­yev elmi dairələrdə aprobasiyadan keçmiş dissertasiya işində çəkir (12, s. 427).

R.Musazadənin “Qədeşi şikəstə” ilə eyniləşdir­di­yi “Lotu şi­kəs­tə­si” ifadəsi isə çox gülünc və uğursuz alınıb. Yerli əhali bəzən ailənin ağsaqqa­lı­na da “qədeş” deyə müraciət edir. Kim­sə, kriminal aləmə, yəni “cina­yət­kar dünyası”­na aid edilən “lotu” ifadəsini ailədə iş­lət­mir…

“Kəsmə şikəstəsi”nin ilkin adının “Bakı şikəstəsi” olduğunu təsdiqləyən fakt­la­rın ən mühü­mü etnoqrafik, xalqın yaddaşından süzülüb gələn mənbələrdir. Onlar­dan da Aşıq Məhəmmədin, Vamiq Məmmədəliyevin, Möhlət Müslümovun, Faiq Çələ-biyevin, Valeh Rəhimovun, Vüqar Əh­mədin, Elxan Müzəffə­rovun dediklərinə əsaslanırıq. Xalq artisti, professor Möhlət Müslümovun fikirləri: “Bu zərbli muğam bakılıların ana laylasıdır və onun ritmi, poetik mətni və melodiyası Abşe­ron camaatının ümumi ruhuna uyğun yaradılıb”.

Dünya şöhrətli xanəndə, xalq artisti, professor Alim Qasımov, xalq artisti, professor Zamiq Əli­­yev, əməkdar artist, dosent Mirnazim Əsədullayev də haqqında söhbət açdı­ğı­mız zərbli mu­ğa­mın əsl adının “Bakı şikəstəsi” olduğunu təsdiqlə­yirlər. Alim müəllim belə dedi ki: “eşitdiyimə görə bu zərbli muğama “Bakı şikəstəsi” deyiblər. Amma qulaq günahkarı da ola bilərəm”. Zamiq müəllimdən isə “Kəsmə şikəstə” haq­qında nə deyə bilərsiniz? – soruşduqda, o, fikirləşmədən de­di: “Təxminən 20 il bundan əvvəl Vahid Poeziya Evində “Kəsmə şikəstə”yə sənət möhürünü vur­muş Fatma Mehrəliyevaya həsr olunmuş televerilişə dəvət edilmişdim. Orada vurğulandı ki, əv­vəllər bu zərbli muğamın adı “Bakı şi­kəs­tə­si” olub. Çəkilişdə ölkəmizin bir çox tanınmış ziyalıları iştirak edirdi: qəzəlxan Həkim Qəni (1918-2008), virtuoz kamança çalan – Habil Əli­yev (1927-2015), dünya şöhrətli opera müğən­ni­si Lütfiyar İmanov (1928-2008), müğənni – Məm­­məd Salmanov (1930-2000), şair – Həmid Ab­bas (1935-1999), professor Vaqif Arzumanlı (1947-2014), xanəndələr – Sara Qədimova (1922-2005), Yaqub Məm­mə­dov (1930-2002), Tələt Qa­sımov (1933-2013), İslam Rzayev (1934-2008), Əlibaba Məmmədov, Arif Babayev, virtuoz tar­zən Ramiz Quliyev, Hacı Şahin Verdiyev, “Xalq” qəze­ti­nin əməkdaşları – Rafiq Salmanov, İl­ham Abbasov və başqaları”.

“Sarıtorpaq şikəstəsi” bugünkü ifaçılıq sənətində “Kəsmə şikəstə”dən fərq­lə­nir, onları eyni­ləşdirmək olmaz. Doğrudur, ustad tarzən Mirzə Fərəc Rzayev (1847-1927) “Kəsmə şikəs­tə”­yə “Sa­rıtorpaq şikəstəsi” deyildiyini yazıb (26, s. 53). Amma Faiq Çələbiyev də əsərində Şa­ma­­xıda, Şəkidə və Abşeronda Sarı­tor­paq adlı məhəllələrin olduğunu bildirir. A.Əsədul­la­yev de­yir: “Ab­şe­ron bağlarının qızılı rəngdə olan torpağına Sarıtorpaq deyib­lər. Bu mənada “Sarıtorpaq şi­kəs­tə­si” zərbli mu­ğa­mın adı Bakıya aid edilə bilər”.

AMK-nın baş müəllimi, ustad tarzən Sabir Ələkbərov Hacıbaba Hü­sey­no­va istinadən “Kəs­mə şikəstə”nin “Sarıtorpaq şikəstəsi”nə çox yaxın olduğunu de­yir (1, s. 21). Am­ma H.Hüsey­no­vun uzun illər qulluğunda duran, onun bir oğul kimi qay­ğı­sına qalan Mirnazim Əsədullayev söy­lə­yir: “Hacı­ba­ba müəllim Bəh­ram mü­əl­limlə bir məc­lisdə olanda bizə dedi ki, “Kəsmə şi­kəs­tə”, “Sarıtorpaq şi­kəstəsi”, “Bakı şi­kəstəsi” müxtəlif cür adlansa da, mahiyyətcə eyni muğamlardır. Am­ma Şa­maxı və Şəkidə ifa olunan “Sarıtorpaq şikəstəsi” fərqlidir”.

Sadaladığımız bu qədər faktın qarşısında Musazadə Rafiq “Kəs­mə şikəs­tə”­nin gerçək adının “Bakı şikəstəsi” olduğunu cəfəngiyat adlan­dı­rır­sa, deməyə söz qal­mır. Bu mə­qa­ləni “Naşı yazılmış bir məqaləyə cavab” da adlan­dırmaq olardı.

 Bir də professora xatırlatmaq istəyirik ki, “Bakı şikəstəsi” ilə bağlı bilgiləri sizin düşündüyünüz kimi, “yolda, maşında, çay süfrəsi ar­xa­sın­da” əldə etməmişik. Bu fikirləri akademik, sənətşünas, pedaqogika və filologiya sahə­sin­də ça­lı­şan alimlərin dilindən qələmə almışıq.

“Dilqəmi”nin not nümunəsi verilir, qəbul edilmiş qaydalara görə, əsəri notlaşdıranın adı ya­zıl­malıdır. R.Musazadə üç müəllifi olan mənbənin həm-müəlliflərindən birinin adını göstərməli idi. “Badamı şikəstə”nin də not nümunəsində yazıya alanın adı verilmir. R.Musazadə “Kəsmə şikəstə”nin not nümunəsində isə mənbə kimi ədəbiyyat siyahısındakı 8-ci əsəri göstərir. Ədəbiyyat siyahısına isə cəmi 7 əsər daxil edilib.

Bilməmək ayıb deyil, bilməyib öyrənməmək ayıbdır. Səhv bildiklərini gənc nəs­lə öyrətmək isə, əsl faciə, fəla­kətdir. Biz Musazadənin cəfən­gi­yat adlandırdığı “Bakı şikəstəsi” anlayışının səhih­li­yi­nə fakt­lar­la cavab veririk. O ki, qaldı Musazadənin məqaləsində bir neçə tanınmış xanəndə və tarzənin fikrini təqdim etməsinə qarşı yüzlərlə alim və ifaçıların tu­tar­lı dəlillərini verə bilərdik. Buna heç bir ehtiyac da görmü­rük. Hər halda məqaləmizlə tanış olan oxucu kimin haqlı, kimin haqsız olduğunu aydın görür.

 

ƏDƏBİYYAT:  

  1. Musazadə R.M. Kəsmə-şikəstə” zərbi muğamı haqqında de­yəcəklərimiz. // “Konser­vato­ri­ya” jur­na­lı, №1 (31), 2016, s. 19-26.
  2. Nəcəfzadə A.İ. Bir daha zərbli mu­ğamlar haq­qın­da. // Azərbaycan mu­ğam­şünaslığı: prob­lemlər, pers­­pektivlər (AMEA Me­mar­lıq və İn­сə­sənət İns­ti­tu­tu). : Təknur, 2015, s. 385-406.
  3. Özer A. Türkiyede Azerbaycan türkü və oyun havaları. // “Azerbaycan yurd bilgisi” der­gi­si, İstanbul: 1954, №37, s. 28-31.
  4. İsmayılov M.C. Azərbaycan xalq musiqisinin janrları. B.: 1960.
  5. İsmayılov M.C. Azərbaycan xalq musiqisinin janrları (yenidən işlənmiş variantı). B.: İşıq, 1984, 100 s.
  6. Zöhrabov R.F. Muğam. B.: Azərnəşr, 1991, 219 s.
  7. Челебиев Ф.И. Зерби мугам – азербайджанское рондо. // Исторические взаимосвязи музыкальных культур. Сборник научных трудов. Санкт-Пе­­­тербург: Санкт-Пе­­тер­бург­ская Государственная Консерватория име­ни Н.А.Римского-Корсакова, 1992, с. 74-9
  8. Əhməd V. Bayatı-Nəqşicahan. // Aktyorun dəfni. B.: Şərq-Qərb, 1995, 36 s.
  9. Televeriliş: “Kəsmə şikəstə” sehri. 7 iyul 1997-ci il, Vahid Poeziya Evi, xro­­­­nometrajı 60 dəqiqə. Tədbiri AzTV “Xalq” qəzeti ilə bir­­gə ha­zır­layıb.
  10. Zöhrabov R.F. Zərbi muğamlar (musiqi-nəzəri tədqiqat). B.: Mars-Print, 2004, 406 s.
  11. Muğam ensiklo­pe­di­ya­sı. Redaksiya heyətinin sədri və baş redaktor M.Əli­ye­va. B.: Hey­dər Əliyev Fondu, 2008, 216 s.
  12. Челебиев Ф.И. Морфология дастгяха. Диссертация на соискание уче­ной степени доктора искусство­ве­дения. Санкт-Петербург: 2009, 568 с. + Прил. (157 с.: ил.).
  13. Nəcəfzadə A.İ. Azərbaycan idiofonlu çalğı alətləri (orqanoloji-ta­ri­xi təd­qi­­qat).: MBM, 2010, 280 s.
  14. Quliyev M.B., .Nəcəfzadə A.İ. AMK-nın tar, kamança, qanun və balaban ix­ti­sa­sı üzrə bakalavr hazırlığı üçün “Konsertmeyster sinfi” fənninin proq­ramı. B.: MBM, 2010, 24 s.
  15. Nəcəfzadə A.İ., Cabbarov E.İ. AMK-nın bakalavr təhsili üzrə balaban aləti üçün “İxtisas-muğam” fənninin proqramı. B.: MBM, 2010, 40 s.
  16. Nəcəfzadə A.İ. Virtuoz qaboyçu (Ka­­­mil Cəlilov – 75). // “Qobustan” jurnalı №2, 2013, s. 36-40.
  17. Quliyev M.B., Nəcəfzadə A.İ. AMK-nın tar, kamança, qanun və balaban ix­ti­sa­sı üzrə ba­ka­lavr hazırlığı üçün “Müşayiət sinfi” fənninin proqramı. B.: MBM, 2013, 40 s.
  18. Mühacirətdə folklor araşdırmaları. I kitab. Tərtib edəni, Azərbaycan türk­cə­si­nə uyğun­laş­dı­­ranı, ön söz və şərhlərin müəllifi: Almaz Həsənqızı (Hüsey­no­va). B.: Elm və təhsil, 2015, 255 s.
  19. Nəcəfzadə A.İ Etnoorqanologiya. Musiqi təmayüllü ali məktəblər üçün dərslik. B.:Eco­print, 2016, 304
  20. Həsənqızı A. (Hüseynova). Əziz Özər – Türkiyədə Azərbaycan türkü və oyun havaları. // “Xalq cəb­hə­si” qəzeti, 18 avqust 2016, s. 13.
  21. Cəbiyeva T.Ə. Abşeron toylarında bakılı aşıqlar da oxuyardı. // “Azərbaycan” qəzeti, 2010, 14 mart, s. 6 (1. El şairləri. Toplayanı S.Mümtaz. I his­sə. B.: Azər­­­nəşr, 1935, 370 s.; 2. Axundov Ə.Ə. XIX əsrdə yetişmiş görkəmli aşıqlar; 3. Qasımzadə F.S. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi).
  22. Dağlı Ə. (Həmidov Ə.H.). Ozan Qaravəli. III hissə. AMEA M.Fü­zu­li adına Əlyazmaları İns­ti­tu­­tu­nun fon­du, C-1175/38009 şifrəli əl­yaz­­ma.
  23. Dağlı Ə. (Həmidov Ə.H.). Ozan Qaravəli. V hissə. AMEA M.Füzu­li adı­na Əlyaz­malar İns­ti­­tutunun fondu.C-1175/38009 şifrəli əl­yaz­­ma.
  24. Şuşinski F.M. Azərbaycan xalq musiqiçiləri. B.: Yazıçı, 1985, 478 s.
  25. Təhmasib M.A. Azərbaycan xalq dastanları (Orta əsrlər). B.: Elm, 1972, 400 s.
  26. Rzayeva-Bağırova R.İ. Tarzən Mirzə Fərəc haqqında xatirələrim. B.: İşıq, 1986, 74 s. (şə­kil­li).
  27. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissi­ya­sı­nın Bül­le­te­ni. B.: Elm, 2013, 176 s.
  28. Dağlı Ə. (Həmidov Ə.H.). Ozan Qaravəli (I kitab). B.: MBM, 2006, 192 s.
  29. Kaşğari Mahmud (tərcümə edən və nəşri hazırlayan: Ramiz Əs­kər). Divanü lüğət-it-türk. 4 cilddə. B.: Ozan, 2006 (I c. 512 s., II c. 400 s., III c. 400 s., IV c. 752 s.).

 

 

 

Аббасгулу Наджафзаде

Доктор искусствоведения,

профессор АНК

НАУКА ТРЕБУЕТ БОЛЕЕ ГЛУБОКОГО ИЗУЧЕНИЯ 

Резюме: А.Наджафзаде в прессе указал первичное название «Кесме шикесте» как «Бакы ши­кес­те­си» – оригинальное название. В ответ на это заявление Р.Мусазаде сообщил СМИ о не­сог­ласии с этой теорией (гипотезой). Претензии Р.Мусазаде являются необоснованными и в этой статье автор, со ссылкой на источники, доказывает свою позицию.

Ключевые слова: «Бакы шикестеси», «Кесме шикесте», зарблимугам, искусство ашугов

 

 

 

Abbasgulu Najafzade

 Doctor of study of Art,

professor of ANC

SCIENCE REQUIRES DEEPER STUDY

Summary: In the media A.Najafzade said first name of “Baku shikestesi” – “Kesme shikeste”. In reply to this statement R.Musazade reported to Mass media about disagreement with this theory(hypothesis). The author of this article proves that claims of Р.Мусазаде are groundless.

Key words: “Baku shikestesi”,“Kesme shikeste”, zerbli mugham, art of ashug

Mövzuya uyğun