Kəsmə şikəstə, yoxsa Bakı şikəstəsi?
2016-cı il oktyabrın 21-i AMK-nın Bakı zalında çox maraqlı polemika keçirildi. Bu, sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadənin təşkil etdiyi “Kəsmə-şikəstə” Bakı şikəstəsi, “Qədeşi”şikəstə adlanır” adlı elmi seminar idi. Abbasqulu Nəcəfzadə müəllifi olduğu bütün mənbələrdə qeyd edir ki, “Kəsmə-şikəstə” qədimdən “Bakı şikəstəsi” adlanıb. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, əməkdar müəllim Rafiq Musazadə isə bununla razılaşmır, yanlış fikir sayaraq təkzib edir.
Seminarı Abbasqulu müəllim açaraq, özü barədə ətraflı məlumat verdi və opponentinə də bu mənada geniş şərait yaratdı. Tədbirdə qonaq qismində çox görkəmli sənətkarlar, elm xadimləri də iştirak edirdi, əksəri bu mövzuya öz münasibətini bildirdi, bəziləri isə müfəssəl çıxış etdi. Bu müqabildə, nəğməkar şair, filologiya elmləri doktoru, professor Vüqar Əhməd, sənətşünaslıq üzrə fəlsəfə doktorları Qorxmaz Əlili, Səadət Təhmirazqızı, Telman Qəniyev, Kəmalə Əsədullayeva, tədris işləri üzrə prorektor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Malik Quliyev, əməkdar artist, professor Vamiq Məmmədəliyev, xalq artisti, professor Zamiq Əliyev, əməkdar artist Valeh Rəhimov, Ariz Abdulaliyev, əməkdar artist Mirnazim Əsədullayev, Həsən Cəbrayılov bu tezisə öz mövqeyini, yanaşmasını irəli sürdü.
Kəsmə çikəstəsi barədə elmi pokemikanı “Konservatoriya” jurnalında izləmək mümkündü. Rafiq Musazadənin mövqeyi ilə “Kəsmə şikəstə” zərbi muğamı haqqında deyəcəklərimiz məqaləsində tanış ola bilərsiniz. Abasqulu Nəcəfzadənin mövqeyi isə “Yetərincə mütaliə etməliyik” adlı məqalədə öz əksini tapıb. Müəlliflərin hər ikisi öz elmi mövqeyini açıqladıqdan sonra müzakirələr başladı. Sevimli rektorumuz xalq artisti, professor Siyavuş Kərimi polemika yaratmaq ideyasını dəstəklədi: “Polemika olmalıdı, amma biz bu polemika tərbiyəsini özümüzdə tərbiyələndirək, bizdə bu polemika lazımi səviyyəyə gəlib catmayıb. Polemikalar, araşdırmalar, söhbətlər olmalıdır. Onu da qeyd edim ki, “Qədeş” Bakının müraciət formasıdır, onu pis mənada qəbul etmək lazım deyil, bu normal bir bakılı ləhcəsidir. “Bakı şikəstəsi”, “Qədeşi şikəstə” barədə mən indi hər hansı verdikt məsələsinə gəlib çıxmıram. Rafiq müəllim, o cümlədən Abbasqulu müəllim də çox gözəl araşdırmaçıdır. İndi bu elmi məsələni dərindən araşdırmaq, arxivləri qaldırmaq lazımdı. Nəzərə almalıyıq ki, arada nir yanlışlıq da ola bilər, iş olan yerdə mütləq səhv olmalıdır. Biz öz tariximizi araşdırmalı və gələcək nəsillərə ötürməliyik…”
Daha sonra Vüqar Əhməd danışdı, müzakirəyə qoşularaq düşüncələrini söylədi: “Elistika var-mübahisə etmək mədəniyyəti… Onu formalaşdırmaq lazımdı…Mən də Bakıda doğulmuşam, atam 1920-ci ildən idi, gözümü açmışam, Bakı şikəstəsi deyib, anam Hacıxanım da bunu təsdiq edib.”
Qorxmaz Əlili mövzunun gedişatına rəvan müdaxilə edərək fikrini bildirdi. “Şikəstənin musiqisi, poetik mətni Bakılılara, Bakı mühitinə xasdır” qeydlərilə və bir çox faktlarla təsdiq elədi ki, bu şikəstə Bakı şikəstəsidi.
Musiqişünas, AzTR-nun məsul redaktoru Səadət Təhmiraz qızı çıxış etdi: “Mən Azərbaycan radiosunun bütün arxivini, demək olar ki, gözəl bilirəm. Üzeyir bəy bildiyiniz kimi “Əsli və Kərəm”də Kəsmə şikəstədən istifadə edib: “Aman Kərəm, məni rüsvay eləmə…”. Məlum olduğu kimi bu şikəstəni ən çox qadınlar oxuyub, onların ruhuna xüsusi yaxındır. Ona görə düşünürəm ki, bu şikəstənin “Qədeşi şikəstə” adlanması nə dərəcədə düzgündü?!”
Daha sonra “Qədeşi” sözünün mənası müxtəlif yönlərdə müzakirə olundu.
Telman Qəniyev danışdı, sualını bildirdi: “Şikəstə sözünün mənası nədi?” Abbasqulu müəllim Ə.Dağlıya əsaslanaraq, bu sözün arxaik mənasının türkün-oğuzun orta əsrlərdə işlətdiyi “Sığışda” (yəni yaralı əsgər) sözündən götürüldüyünü və farslar tərəfindən tələffüzdə dəyişdirilərək “Şikəstə” (fars lüğətində ah-nalə, şikəst mənasından) adlanaraq bizim dövrə gəlib çatdığını isbatlayıb, suala müfəssəl cavab verdi. T.Qəniyev də qeyd etdi ki, ona Bakı-Bakılı şikəstəsi demək olar, amma “Qədeşi” deməklə razı deyiləm, çünki “ah-nalə”, “şikəst” mənasıyla heç uyğunlaşmır.
Vamiq Məmmədəliyev muğamda adların yazılması, daha sonralar dəyişilməsinə dair analoji məqamlarla rastlaşdığını bildirdi və mövzuyla bağlı çıxış etdi: “Mən Kəsmə-şikəstənin Bakı şikəstəsi adlanmasını müəllimlərim Əhməd Bakıxanovdan, Bəhram Mansurovdan eşitmişəm…”
Valeh Rəhimov da “Kəsmə-şikəstə”yə “Qədeşi” şikəstə deyildiyini Bəhram Mansurovdan eşitdiyini burğuladı və şikəstənin əvvəlində oxunan ifadənin Bakı dialektinə aid olması fikrini səsləndirdi. Bu fikrin davamı olaraq Malik Quliyev ləhcələr, bir-birinə şirin müraciətlər barədə danışdı və mənalı səciyyədə fikrini açıqladı. Ləhcələrdə bir-birinə yaxşı mənada müraciət formasının olmasına “qədeşi” sözünü də aid etdi və “Kəsmə-şikəstə”nin “Bakı şikəstə”si adlanması ilə bağlı xatirələrini danışdı.
Musiqişünas Kəmalə Əsədullayeva “Qədeşi” fikrinə münasibətini bildirdi və elmi faktlar göstərərək müsbət rəylə çıxış etdi: “Lüğətə baxsaq, şikəstə sözünün fars sözündən götürüldüyünün şahidi olarıq. “Şikəsteyi-fars” nə deməkdi? Yəni fars formasında şikəstə, yaxud da ki “Kəsmə-şikəstə” nədi? Yəni kəsmə formasında şikəstə. “Bakı şikəstəsi” də bakılının oxuduğu şikəstə formasıdır…”
Ariz Abduləliyev əsaslı fikirlərini irəli sürdü və elmi məntiqlə düşüncələrini aydınlatdı: “Bakı şikəstəsi və Kəsmə şikəstə eyni bir ənənəvi musiqinin fərqli adlarıdır…variantlılıqdı. Ad variantlılığı ənənəvi musiqinin yaşama, ötürülmə, mövcudluq qanunauyğunluğudu…” deyərək həmçinin təkliflər irəli sürdü.
Mirnazim Əsədullayev də çıxışı zamanı qeyd etdi ki, Hacıbaba Hüseynov ona “Kəsmə şikəstə”nin “Bakı şikəstəsi” olduğunu deyib.
Həsən Cəbrayılov televiziyanın arxivində çalışan mütəxəssis kimi bir çox maraqlı faktlar üzə çıxardı: “…Məndə 60-cı illərdə Mustafa Payan tərəfindən ifa olunan “Kəsmə-şikəstə”ni eşitmişəm. Bunu da deyim ki, Əhmədxan və Məmmədxan Bakıxanovlar Əbülhəsən Xandan dərs alıblar. 60-cı illərin ortasına aid olan lentdə Əbülhəsən Xan (104 yaşında vəfat edib) Mustafa Payanla fars dilində söhbət edirdi və oxuyandan sonra dedi ki, “Şikəsteyi Kəsmə Badiku” (yəni Badikubə) təzə adı Kəsmə-şikəstədi, nə qədər gözəl, nə qədər cəlbedici bir musiqidi…” Bununla da Əbülhəsən Xanın da sözü gedən şikəstəyə “Bakı şikəstə”si dediyini təsdiq etdi.
Tədbirdə bir çox sübutlarla maraqlı kontekstlə üzləşdik, görkəmli sənətkarların nitqini dinlədik. Fikir mübadiləsi sayəsində “Kəsmə-şikəstə Bakı şikəstəsidi” tezisi bir daha səslənməklə yeni fakt və dəlillərlə zənginləşdi.
Hacıyeva Kəmalə