AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 1, 2018

Abbasqulu NƏCƏFZADƏ

Sənətşünaslıq üzrə elmlər doktoru, professor

a.najafzade@yahoo.com

 UOT 78.087.1                                                                                    

QƏDİM ÇALĞI ALƏTİ – RUHƏFZA

 

Xülasə: Məqalədə qədim hordofonlu çalğı aləti ruhəfza öyrənilir. Burada alə­tin yaranma tarixinə, etimologiyasına, morfologiyasına və bərpa məsələlərinə diqqət yetirilir.

Açar sözlər: ruhəfza, hordofonlu qrup, yaranma tarixi, etimologiyası, morfoloiyası

ruhevza

Ruhəfzanın rəsmini bizim verdiyimiz Orta əsr ədəbi və elmi mənbələr əsasında tanınmış fırça ustası, Azərbaycan Rəssamlar İttifaqının üzvü Seyran Bədəloğlu çəkib. Ruhəfza ilə bağlı əvvəllər nəşr etdirdiyimiz bir sıra əsərlərdə yığcam bilgi vermişik (6, s. 93; 7, s. 155; 8, s. 22, 220; 9, s. 24, 207). Azərbaycan xalq çalğı alətləri də  səslənmə tərzinə görə Kurt Zaks və Erix Mortiç fon Hornbostellin qəbul olunmuş təsnifatına əsasən  dörd qismə ayrılır:

  1. İdiofonlu (özənsəsli); 2. Aerofonlu (nəfəs); 3. Membranofonlu (səs mənbəyi dəri olan); 4. Hordofonlu (telli).

Haqqında danışacağımız çalğı aləti ruhəfza hordofonlu qrupa aid edilir.

Xatırladaq ki, Azərbaycan ərazisində müxtəlif dövrlərdə günümüzə qədər 92 hordofonlu çalğı alətindən istifadə olunub.

  1. Mizrabla səsləndirilən alətlər – 1. Ay-ulduz; 2. Bas santur; 3.Bəm qanun; 4.Bəm tar; 5.Bərbət (udi qədim); 6.Cürəud; 7.Çahartar; 8.Çəhəsdəh; 9.Çəng (Həzzkar, İkri); 10.Çoğur; 11.Dambur (Balakən tənburu); 12.Dilrüba; 13.Donqar; 14.Dütar; 15.Əksir; 16.Ərğənun; 17.Fitar (elektronlu);18. Xromatik qanun; 19.Konkirə; 20.Qanun (Yatuğan); 21.Qa­nuni-mürəssəi müdəvvər; 22.Qıyçek; 23.Qolça qopuz; 24.Qo­puz Rumi; 25.Möhtəşəm; 26.Muğni; 27.Naxçıvan tənburu; 28.Nüzhə; 29.Ozan; 30.Pənctar; 31.Pipa; 32.Rud (Rudxani); 33.Rudcame; 34.Ruhəfza; 35.Rübab (Qoşqar rübabı); 36.Saz (Bağlama, Çəlik saz); 37.Sazi dulab; 38.Sazi mürəssəi-qayibi; 39.Setar; 40.Sevgililər; 41.Sinəud; 42.Şahrud; 43.Şedırğu; 44.Şeşxana; 45.Şeştar; 46.Şeştay; 47.Tar (Çəlik tar); 48.Tənbur (Şirvan tənburu); 49.Tərəbrud; 50.Tərəbül-fəth; 51.Töhfətülud; 52. Trentayi-Rumi; 53.Ud; 54.Udmən; 55.Vəlud; 56.Zilsaz; 57.Zülfar.
  2. Kamanla səsləndirilən alətlər – 1. Beş telli kamança; 2.Bəm çağanə; 3.Bəm çaqanaq; 4.Bəm kamança; 5.Cağanə; 6.Cüt çanaq Kaman; 7.Çaqanaq; 8.Çanaq kamança; 9.Çəlik kamança; 10.Dəf-kaman; 11.Əhsən vəlləz; 12.Ğijək; 13.Kamança; 14.Kəman; 15.Qabaq kamanə; 16.Qarabağ kamanı; 17.Qoşaqol kamança; 18.Nayi-tənbur; 19.Ney-kaman; 20.Ney kamança; 21.Pandur; 22.Şeşkaman; 23.Yaylı ərğənun; 24.Yaylı qopuz (Qıl qopuz); 25.Yaylı ozan; 26.Yaylı rud; 27.Yaylı rübab; 28.Yaylı saz; 29.Yaylı tar; 30.Yaylı tənbur; 31.Yektay.

III. Zərblə səsləndirilən alətlər – 1. Cəng; 2.Santur; 3.Səvəndər; 4.Tacsantur (10, s. 22).

Təqdim edilən hordofonlu çalğı alətlərinin arasında ruhəfza da yer alıb.

Yaranma tarixi. Ruhəfza unudulmuş çalğı alətlərimizdən biridir. Bu alətdən Azərbaycan ərazisində ən azı XIV əsrdə istifadə olunub. Ruhəfza hordofonlu qrupa aid edilir. Telli-mizrabla çalınan ruhəfza haqqında Əbdülqadir Marağalı (1353-1435) əsərlərində bilgi verib (1, s. 103; 5, s. 75-76). Ə.Marağalı bu aləti kimin icad etməsi haqqında heç nə yazmayıb. Ruhəfzanın adına çalğı aləti kimi, XIV əsrdən əvvəlki mənbələrdə rast gəlmirik. Olsun ki, ruhəfza elə XIV əsrdə icad edilib, lakin alətin bir neçə yüz il əvvəl yaradılması da ehtimal olunur.

XVII əsrin məşhur en­sik­lo­pe­dik alimi Dərviş Əli də “Orta Asiya musiqisi” adlı risaləsinin V-VI fəsillərində çəng, ney, qanun, ud, bər­bət, rübab, rud, ğicək, şəmamə (musiqar – A.N.), ne­yi-ənban (tulum – A.N.), çəğanə, kun­qurə, qo­puz,ərğənunvə həmçinin ruhəf­zaalə­ti haq­qın­da məlumat vermişdir (11).

Etimologiyası. “Ruhəfza” hibrid deyimdir, yəni bu söz iki xalqın dilindən yaranıb: “ruh” (ərəb) və “əfza” (fars). “Ruh” dilimizə “can” (4, s. 527), “əfza” isə “artıran” (4, s. 198) mənasında tərcümə olunur. Deməli, ruhəfza sözü dilimizdə “canlandıran”, “ruh qaldıran”, “könül açan” çalğı aləti kimi başa düşülür.

Morfologiyası. Ruhəfzanın turuncabənzər çanağı, 6 teli olub. Tellərin 4-ü ipəkdən, 2-si isə metalın bürünc növündən hazırlanırmış. İpək tellər türk tənburun­da olduğu kimi, cüt (2+2) köklənirdi, yəni hər cüt tel unison köklənərək bir səs hökmündə olurdu. Belə ki, birinci cüt ipək tellər “çahargah” pərdəsinə (müasir notasiya ilə desək, I oktavanın “do” səsinə), II cüt ipək tellər isə “yegah” pərdəsinə (müasir kiçik oktavanın “sol” səsinə) köklənirdi. Digər metal tellər isə “sərbəst” köklənir, yəni bu tellər ifa olunacaq muğama yaxud hər hansı melodiyaya (mahnı, təsnif, rəqs) uyğun tənzimlənirdi.

Xatırladaq ki, muğam dünyamızda “Ruh-əfza” adlı guşə də ifa edilir. Daha dəqiqi, “Ruh-əfza” vaxtı ilə şöbə olmuş, müasir ifaçılıqda guşəyə çevrilib. “Ruh-əfza” (yaxud “Ruhül-Əfza”)– “Dügah” dəstgahının “Mayə”sində “Ruhül-Ərvah”­dan əvvəl ifa edilən guşədir. Başqa versiyaya görə,“Ruh-əfza” “Ruhül-Ərvah”ın variantlarından biridir.

İran musiqişünası Əli-Nəqinin (1887-1979) bildirdiyinə gö­rə, fars mu­ğam mək­­­­­­­tə­bi­nin nümayəndələri “Ruh-əfza” şöbəsiniklassik “Rast-Pəncgah” dəstgahının əvvəlində– “Pərvanə” ilə “Pəncgah” arasında ifa edirlər. Başqa variantlara görə, bu dəstgahda “Ruh-əfza” “Nəğmə” ilə “Xosrovani”və ya “Xosrovani” ilə “Niriz” arasında ifa olunur.

Sevindirici haldır ki, 2017-ci ildə AMK-nın “Milli musiqi alətlərinin təkmil­ləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov təqdim etdiyimiz bilgilər əsasında ruhəfza çalğı alətini bərpa etmişdir.

ƏDƏBİYYAT:

  1. Bardakçı M.G. Maragalı Abdülkadir. İstanbul: Pan Yayıncılık, 1986, 200 s.
  2. Bədəlbəyli Ə.B. İzahlı monoqrafik musiqi lüğəti. B.: Elm, 1969, 248 s.
  3. Bünyadov Əsrlərdən gələn səslər. B.: Azərnəşr, 1993, 264 s.
  4. Ərəb və fars sözləri lüğəti (Azərbaycan klassik ədəbiyyatını oxumaq üçün). Tərtibçilər: Abdullayev B.T., Orucov Ə.Ə., Şirvani Y.Z. B.: Yazıçı, 1985, 1040 s.
  5. Marağalı Əbdülqadir. Musiqi alətləri və onların növləri (farscadan tərcümə: M.Müsəddiq). // “Qobustan” jurnalı, 1977, №1, s. 74-79.
  6. Nəcəfzadə A.İ. Çalğı alətlərimiz. B.: Min bir mahnı MMC, 2004, 128 s.
  7. Nəcəfzadə A.İ. Azərbaycan çalğı alətlərinin izahlı lüğəti. (Yenidən işlən­miş II nəşr). B.: MBM, 2004, 224 s.
  8. Nəcəfzadə A.İ. Etnoorqanologiya. Musiqi təmayüllü ali məktəblər üçün dərslik. B.:Ecoprint, 2016, 304
  9. Nəcəfzadə A.İ. “Kitabi-Dədə Qorqud” dastanında çalğı alətləri.: Elm və təhsil, 2017, 264 s.
  10. Семенов А.А. Среднеазиатский трактат по музыке Дервиша Али (XVII век). Сокращен­ное изло­же­­ние пер­сидского (таджикского) текста с введением, примечаниями и ука­за­те­лем. Ташкент: 1946, 84 c.

 

Аббасгулу НАДЖАФЗАДЕ

Доктор искусствоведения, профессор

E-mail: a.najafzade@yahoo.com

 

ДРЕВНИЙ МУЗЫКАЛЬНЫЙ ИНСТРУМЕНТ – РУХАФЗА

 

Резюме: В статье  рассматривается древний инструмен­т­ рухафза, относящийся хордофонам.  Здесь уделяется внимание истории создания, этимологии, морфологии  и вопросам  восстановления инструмента.

Ключевые слова: рухафза,  группа хордофонов, история создания, эти­мология, морфология

 

Abbasgulu NAJAFZADE

Doctor of Art Study, professor

E-mail: a.najafzade@yahoo.com

 

ANCIENT MUSIC INSTRUMENT – RUHAFZA

 

Summary: The article studies the ancient chordophonic instrument of the Ruhafza. Here attention is paid to the history of creation, etymology, morphology and restoration of the instrument.

Key words: ruhafza, chordophon group, history of creation, etymology, morphology

 

Rəyçilər:

AMEA-nın müxbir üzvü, sənətşünaslıq üzrə elmlər doktoru, professor Rəna Məmmədova;

sənətşünaslıq üzrə elmlər doktoru, professor İlqar İmamverdiyev

Mövzuya uyğun