“Əsrlərin sədası» ansamblı və bərpa olunmuş ruhəfza
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
KONSERVATORİYA № 1, 2018
Məmmədəli MƏMMƏDOV
AMK-nın“Milli musiqi alətlərinin
təkmilləşdirilməsi” elmi-tədqiqat
laboratoriyasının rəhbəri
Ünvan: Bakı, Yasamal rayonu Ələsgər Ələkbərov 7
E-mail: mMammadali@bk.ru
AMK-nın “Milli musiqi alətlərinin
təkmilləşdirilməsi” elmi-tədqiqat
laboratoriyasının baş laborantı
Ünvan: Bakı, Yasamal rayonu Ələsgər Ələkbərov 7
E-mail: kamale.h78@mail.ru
UOT 78.087.1
“ƏSRLƏRİN SƏDASI”ANSAMBLI VƏ BƏRPA OLUNMUŞ RUHƏFZA
Xülasə: Məqalədə ilk məşqi olmuş və hələ yeni addımlarını atan “Əsrlərin sədası” ansamblı haqqında, həmçinin yeni bərpa olunmuş ruhəfza musiqi alətindən bəhs olunur. Ansamblın və alətin hərtərəfli təhlili verilir.
Açar sözlər: ruhəfza, bərpa, “Əsrlərin sədası”ansamblı, təkmilləşdirilmə, ixtira
Qədim alətlər milli dəyərimizdir, onları qorumaq və gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur. AMK-nın qədim milli musiqi alətlərindən ibarət ansamblı və onun tərkibinə daxil olan ruhəfza aləti bizim tədqiqat obyektimizdir.
Qədim alətlərin bərpa və təkmilləşdirmə işi əsrlərdən bizə gələn təcrübənin nəticəsidir. “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının nəzdində fəaliyyət göstərən“Əsrlərin sədası” ansamblı xüsusilə diqqətəlayiqdir. Təqdim edilən məqalənin həmmüəlliflərindən biri olan Məmmədəli Məmmədovun rəhbərliyi ilə fəaliyyət göstərən bu ansamblın ilkin ifaları artıq onu dinləyənlərdə böyük maraq doğurur. Muğamlar, mahnılar, milli instrumental əsərlər, ümumiyyətlə, Azərbaycan milli musiqisi ansamblın ifasında qeyri-adi səslənir. Səsin aydınlığı, təmizliyi diqqəti cəlb edir.
Ansamblın tərkibi bu alətlərdən ibarətdir: yaylı tar, təkmilləşmiş bəm kamança, şahrud, sevgililər, qopuz Rumi, ərğənun, ruhəfza, qanun, şеdırğu, Qarabağ kamanı, yaylı qolça qopuz, köklənən ney, saz, kamança və şimşək. Sonuncu alətdən, yəni özənsəsli (idiofonlu) şimşəkdən ansamblın ifasında təbiət səslərinin verilməsi üçün geniş istifadə olunur.
Ümumilikdə, ansamblın tərkibinə daxil olan alətlər təsnifatına görə 3 qismə ayrılır: ixtiralar, bərpa olunmuşlar və təkmilləşmişlər. Bu gün biz, bərpa olunmuş ruhəfza musiqi alətindən bəhs edəcəyik. Onun barədə orta əsrlərindahi azərbaycanlı musiqiçisi və alimi Əbdülqadir Marağalının (1353-1435) əsərlərinə istinadənsənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdarincəsənət xadimi Sürəyya Ağayevanın və sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadənin araşdırmalarında məlumat verilmişdir.Ruhəfza hordofonlu, yəni telli alətdir və mizrabla səsləndirilən alətlər qrupuna aiddir.
Hazırda AMK-nın “Milli musiqinin tədqiqi” elmi-tədqiqat laboratoriyasına rəhbərlik edən A.Nəcəfzadə ruhəfzanın eskizini rəssam Seyran Bədəloğluya sifariş vermiş və beləliklə, alətin ilkin rəsmi ərsəyə gəlmişdir. Bu eskizin və A.Nəcəfzadənin təqdim etdiyi bilgilər əsasında M.Məmmədov aləti 2017-ci ildə layihələndirərək bərpa etmişdir.
2017-ci il 16 may tarixində Azərbaycanın Musiqi Mədəniyyəti Dövlət Muzeyində IV İslam həmrəyliyi oyunları ilə əlaqədar “İslam dünyasının mahnı və rəqsləri” adlı tədbir-konserti keçirilmiş və burada ruhəfza musiqi alətinin ilk təqdimatı olmuşdur. Həmin tədbirdə ruhəfzanı bərpaçı-tədqiqatçı Məmmədəli Məmmədov səsləndirmiş və alət böyük marağa səbəb olmuşdur. Eyni zamanda A.Nəcəfzadə də ruhəfzanın yaranma tarixi, etimologiyası, morfologiyası, alətin ifaçılıq xüsusiyyətləri haqqında çıxış etmiş, tədbir iştirakçılarını maraqlandıran suallara cavab vermişdir.
M.Məmmədov A.Nəcəfzadə
M.Məmmədov aparılmış tədqiqatları əsas götürərək ruhəfza musiqi alətinin layihəsini hazırlamış və alət Müəllif Hüquqları Agentliyində qeydə alınmışdır (Qeydiyyat nömrəsi: 12/C-8967-17, tarix: 28.04.2017).
Haşiyə: M.Məmmədov Salyan rayonunda dünyaya göz açmış və uşaqlıq illərindən onların evində həmişə xalq musiqi sədaları eşidilmişdir. 10 yaşından o, sərbəst şəkildə tar, saz və gitarada çalmağı öyrənmişdir. Məmmədəli tanış melodiyaları bu alətlərdə asanlıqla yığaraq, qohumlar və dostlar arasında ifa edərdi. Bu həvəsi onu musiqi məktəbinə gətirir. Orta təhsilini bitirdikdən sonra o, Bakıya gəlmiş, Azərbaycan Neft və Kimya İnstitutunun “Neft mədən” fakültəsinə daxil olmuş, gündüzlər bu sahə üzrə işləmiş, axşamlar isə təhsil almışdır. M.Məmmədov fəallığı ilə seçilmiş, institutun tələbə təşkilatının sədri olmuş və bir sıra ansamblların üzvü olmuşdur. O dövrdə Azərbaycan Dövlət Politexnik İnstitutunda xalq artisti Nəriman Əzimovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblı fəaliyyət göstərirdi. Burada M.Məmmədov Azərbaycanın əməkdar artisti Cavanşir Məmmədovla ansamblda birgə çalışmışdır.
1990-cı illərin əvvəlində M.Məmmədov iş təmayülünü dəyişərək, qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi ilə məşğul olmağa, həmçinin, yeni alətlər düzəltməyə, ixtiralar etməyə başlayır. O, 2010-cu ildə Azərbaycan Milli Konservatoriyasına dəvət alır, 2011-ci ildən “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasına rəhbər təyin olunur.
Bərpa edilmiş ruhəfza çalğı alətinin texniki parametrləri
Ruhəfzanın qolu və kəlləsi bitişikdir və eyni materialdan– fısdıq ağacından (qoz ağacından da hazırlana bilər) hazırlanılıb. Kəllədəki aşıxlar ənənəvi deyil, mexanikidir – mexaniki üsulla tənzimlənir və sayı 6-dır. Çanağı tut ağacından yonulmuşdur, forması yarımkürədir, arxa tərəfdən basqılıdır. Qol istiqamətdə çanağın içərisinə iç qol yerləşdirilmişdir ki, tellərin dartı qüvvəsi nəticəsində çanaq deformasiyaya uğramasın. Bundan əlavə çanağın dəri vasitəsilə eninə sıxılmasının qarşısını almaq üçün çanağın içərisində iç qola perpendikulyar çubuq yerləşdirilmişdir. Alətdə çanaqarxası simgir, çanaqüstü xərək və qolüstü xərək sistemindən istifadə olunmuşdur. Çanaqüstü xərək ebonit materialdan hazırlanılıb.
M.Məmmədov tərəfindən bərpa edilmiş rühəfza
Alətin çanağının üstü balıq dərisi ilə örtülüb. Tellərin sayı 6-dır: I, II, III qoşa tellər oktava fərqlidirlər. Musiqi alətinin səs diapazonu 3,5 oktavaya bərabərdir, yəni böyük oktavanın do səsindən III oktavanın fa səsinə qədərdir. Gördüyümüz kimi, alət geniş səs diapazonuna malikdir. Müqayisə üçün deyək ki, tarda və kamançada səs diapazonu 2,5 oktavadır. I telin diametri 0,22 mm-ə bərabərdir. II qoşa telin birincisi 0,22 mm-ə, ikincisi isə 0,62 mm-ə bərabərdir. III qoşa telin birincisi yenə 0,22 mm-ə, ikincisi 0,70 mm-ə bərabərdir. Pərdələrin sayı 30-dur və materialı kaprondur. Aləti ifa edərkən iç səsini xaric etmək məqsədilə onun qol tərəfində (kəlləyə yaxın tərəfdə) rezonator dəlikləri açılmışdır.
Ruhəfza çalğı alətinin sxemi və ölçüləri
- Kəllə uzunluğu – 180 mm. 2.Kəllə eni – 35 mm. 3.Kəllə hündürlüyü – 24 mm. 4.Qolun uzunluğu — 600 mm. 5.Qolun kəllə tərəfində eni – 27 mm. 6.Qolun çanaq hissəsində eni – 40 mm 7.Qolun çanaq hissəsində hündürlüyü – 35 mm. 8.Qolun kəllə hissəsində hündürlüyü – 20 mm. 9.Çanağın uzunluğu –160 mm. 10.Çanağın eni – 217 mm. 11.Çanağın hündürlüyü – 100 mm. 12.Çanağın kənarlarda qalınlığı – 5-6 mm. 13.Qol tərəfdə qalınlıq – 20 mm. 14.Çanağın arxa tərəfində qalınlığı – 15 mm. 15.Çanağın sol tərəfində qoyulmuş dəliklərin diametri – 7 mm-ə bərabər olmaqla 3 ədəddir. 16.İç qolun qalınlığı və hündürlüyü 8 mm-dir.
Nəticə olaraq bunu qeyd edə bilərik, “Əsrlərin sədası”ansamblının özünəməxsus səs tembrinin alınmasında digər alətlərlə yanaşı, ruhəfza alətinin də payı az deyil. Alətşünaslıq sahəsi bütün dövrlər üçün aktualdır. Bu sahəyə S.Abdullayeva, M.Kərim, A.Nəcəfzadə, S.Ağaeva və başqaları öz elmi töhfələrilə bir sıra uğurlu yeniliklər gətirmişlər. Bununla belə yenə də alətşünaslığa tələbat böyükdür, yüzlərlə milli alət öz tədqiqatçılarının yolunu gözləyir.
ƏDƏBİYYAT:
- Nuri Özcan. Abdulkadir Marağalı., T.D.V. İslam Ansiklopedisi, İstanbul, 2006, I cild, s.243.
- Ərəb və fars sözləri lüğəti (Azərbaycan klassik ədəbiyyatını oxumaq üçün). Tərtibçilər: Abdullayev B.T., Orucov Ə.Ə., Şirvani Y.Z. B.: Yazıçı, 1985, 1040 s.
- Marağalı Əbdülqadir. Musiqi alətləri və onların növləri (farscadan tərcümə: M.Müsəddiq). // “Qobustan” jurnalı, 1977, №1, s. 74-79.
- Nəcəfzadə A.İ. Çalğı alətlərimiz. B.: Min bir mahnı MMC, 2004, 128 s.
- Nəcəfzadə A.İ. Azərbaycan çalğı alətlərinin izahlı lüğəti. (Yenidən işlənmiş II nəşr). B.: MBM, 2004, 224 s.
- Агаева С.Х. Абдулгадир Мараги и его музыкально-теоретическое наследие (XIV-XV века). Дисс.канд. искусствоведения. М.: 1979, 178 c.
- Агаева С.Х. Музыкальные инструменты средневековья в трактатах Абдулгадира Мараги// Народные музыкальные инструменты и инструментальная музыка, часть I, М.: Сов.комп., 1987, с. 189-196.
Руководитель научной лаборатории
«Реконструкция национальных
музыкальных инструментов»
Старший лаборант лаборатории
«Реконструкция национальных музыкальных
инструментов»
АНСАМБЛЬ «ЗВУКИ ВЕКОВ»
И РЕСТАВРИРОВАННАЯ РУХАВЗА
Резюме: В статье представлена информация о новом ансамбле «Эсрлерин седасы», делающем первые шаги и о реставрированном инструменте рухавза. Раскрывается многосторонняя характеристика инструмента и ансамбля.
Kлючевые слова: рухавза, реставрация, ансамбль «Эсрлерин седасы», реконструкция, изобретение
Head of scientific laboratory
“İmprovement of national musical instruments”
Scientist in laboratory
“İmprovement of national musical instruments”
ENSEMBLE «ЕSRLERIN SEDASI» AND RECONSTİTUTED ROOHAFZA
Summary: The article is about a new ensemble «Esrlerin sedasi» making the first steps and reconstituted roohafza. The multi-dimensional analysis instruments and ensemble here were given.
Key words: roohafza, restoration, ensemble «Esrlerin sedasi», reconstruction, invention
Rəyçilər: sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadə;
sənətşünaslıq üzrə elmlər doktoru, professor Ülkər Əliyeva