Elektro akkord tar
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 1, 2016
Azərbaycan Milli Konservatoriyası
“Milli musiqi alətlərinin təkmilləşdirilməsi”
elmi-tədqiqat laboratoriyasının elmi işçisi
Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7
Email: nebiyeva.fazile@mail.ru
UOT 78.087.1
ELEKTRO AKKORD TAR
Xülasə: Təqdim olunan məqalədə tar ailəsinə daxil edilən, akustik və elektron ifa imkanlarına malik olan yeni alətin Elektro akkord tarın yaranma tarixinə nəzər yetirilmişdir. Onun texniki xüsusiyyətləri, diapazonu, simlərinin diametri, hissələrinin adları, ölçüləri, hazırlandığı materiallar barədə məlumatlar verilmiş və çertyoju göstərilmişdir.
Açar sözlər: milli musiqi alətimiz, tar, tar ailəsi, Elektro akkord tar
Hər bir xalq tarixdə maddi təbii sərvətləri ilə deyil qəhrəmanları, elm xadimləri, sənətkarları, özünəməxsus mənəvi zənginlikləriilə də tanınır. Belə sərvətlərə xalqların mərasimləri, geyim və mətbəx mədəniyyəti, maddi-mədəniyyət abidələri, rəqs sənəti, toxuculuq, ağacişləmə və dulusçuluq sənəti, musiqi mədəniyyəti, o cümlədən qədim musiqi alətləri aiddir.
Azərbaycan Milli Konservatoriyasında yaradılmış “Milli musiqi alətlərin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasında görülən səmərəli işlər ilə xalqımızın maddi-mənəvi mirası olan milli musiqi alətlərimiz gələcək nəsillərə təkmilləşmiş halda ötürülür. Laboratoriyada qarşıya qoyulan əsas məqsəd xalq çalğı alətləri orkestrimizdə subkontr, kontr, böyük və kiçik oktava səslərini əldə etmək və Azərbaycan xalq çalğı alətlərinin səs diapazonunu simfonik orkestrin səs diapazonuna çatdırmaqdır.
Onu da bildirək ki, adını qeyd etdiyimiz elmi-tədqiqat laboratoriyası 2003-cü ildən başlayaraq bu günə qədər fəaliyyət göstərməkdədir. Məmmədəli Məmmədovun labaratoriyaya rəhbər təyin olunmasından sonra geniş diapazonda elmi araşdırmalar aparılmış və müsbət nəticələr əldə olunmuşdur. Onun musiqini dərindən duya bilməsi, musiqi alətlərində ifa etmək və ixtiraçılıq qabiliyyəti, mühəndislik peşəsi sahəsində ixtisaslaşması milli musiqi alətlərimizdə düzgün və tələb olunan istiqamətdə təkmilləşmə işlərini yüksək səviyyədə yerinə yetirməsinə böyük kömək göstərmişdir.
Məmmədəli Məmmədov respublikamızda yeni elektron musiqi alətlərinin yaradılması, qədim çalğı alətlərimizin bərpası və təkmilləşdirilməsi işi ilə məşğul olan mütəxəssisdir. Nə-zərinizə çatdırmaq istəyirik ki, M.Məmmədovun kolleksiyasında müəllifllik hüququnu təsdiqləyən sənədlərə malik 17 adda musiqi aləti var. Alətlərin hər biri Müəllif Hüquqları Agentliyində qey-diyyatdan keçib. “Qarabağ kamanı”, “Udmən”, iki kameralı musiqi aləti olan “Həsa”, “İrs”, “Ay-ulduz”, “Azərbaycan” adlı elektron musiqi alətləri, altı simli, iki kameralı kamançalar, bərpa edilmiş tar və kamança alətləri söylədiklərimizə əyani misaldır. Onun təkmilləşdirdiyi alətlər sırasına “Çəng”, “Kamança”, “Tar”, “Davul”, “Santur”, “Qanun”, “Balaban” kimi alətlər daxildir.
M.Məmmədov eyni zamanda yeni alətlərin yaradıcısı kimi də tanınır. “Udmən”, “Elektrotar”, “Qoşaqol ud” (Sevgililər), iki kameralı kamança, “Bas kamança”, “Kontr kamança”, “Zil-bəm kamança”, “Dəf kamança”, “Bas tar”, “Dördkünc balaban”, “Azərbaycan santuru”, “Təkmilləşmiş dördkünc təbil”, köklənə bilən “Meydan nağara” onun təxəyyülünün məhsuludur.
Musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi işinə böyük zəhmət və vaxt sərf edən Məmmədəli müəllim ilk dəfə olaraq kamaça və tarlardan ibarət musiqi alətləri ailəsini yaratmışdır. O, yeni yaradılmış Elektro Elektro akkord tarın da müəllifidir.
Dörd oktava səs diapazonuna malik olan “Akkord tar”
Alətin texniki xüsusiyyətləri aşağıdakı kimidir. Elektro Elektro akkord tar kəllədən, 6 ədəd böyük aşıxdan, qolüstü xərəkdən, qoldan, 6 simdən, kiçik və böyük çanaqlardan, çanaqüstü xərəkdən, simgirdən, çanaq içində olan iç qoldan, çanaqüstü pərdədən, 18 not pərdəsindən, iç mizrabdan və kökləyici çubuqdan ibarətdir. Bu alətin səs diapazonu 4 oktavaya bərabərdir. Elektro Elektro akkord tarın çanağı tut, qolu, aşıxları və kəlləsi qoz ağacından hazırlanmışdır. Kəlləüstü, çanaqüstü xərək və mizrab isə ebonitdəndir. Çanaq üzlüyü dana ürəyinin pərdəsindən, qolüstü xərək isə sümükdən hazırlanıb. Elektro Elektro akkord tarın simlərinin diametri aşağıdakı kimidir. Birinci simin diametri — 0,23 mm, ikinci sim — 0,33 mm, üçüncü sim — 0,48 mm, dördüncü sim — 0,69mm, beşinci sim – 1,02 mm, altıncı simin diametri isə — 1,10 mm-ə bərabərdir. Onu həm akustik, həm də elektron variantda ifa etmək mümkündür. M.Məmmədovun təyin etdiyi Elektro Elektro akkord tara aid ölçülər aşağıdakı cədvəldə öz əksini tapmışdır.
Alətin hissələrinin adları | Hissələrin ölçüləri | |
1 | Çanağın ölçüləri | 290 mm |
2 | Qolun uzunluğu | 426,3 mm |
3 | Menzura | 673 mm |
4 | Böyük çanağın uzunluğu | 185 mm |
5 | Böyük çanağın eni | 150 mm |
6 | Kiçik çanağın uzunluğu | 105 mm |
7 | Kiçik çanağın eni | 133 mm |
8 | Çanağın hündürlüyü | 160 mm |
9 | Kəllənin uzunluğu | 110 mm |
10 | Kəllənin eni | 32 mm |
11 | Kəllənin hündürlüyü | 86 mm |
12 | Qolun çanaq hissəsində eni | 52,5 mm |
13 | Qolun çanaq hissəsində hündürlüyü | 40 mm |
14 | Qolun kəllə hissəsində eni | 42,8 mm |
15 | Qolun kəllə hissəsində hündürlüyü | 27 mm |
16 | Aşıxların dəstəyində diametri | 31 mm |
17 | Aşıxların konusunun diametri | 10-9 mm |
Elektro akkord tarın çertyoju
Elektro akkord tarın maraqlı yaranma tarixinə malik olduğunu da nəzərinizə çatdırmaq istəyirik. Bu barədə M.Məmmədovun dilindən eşitdiklərimizi qələmə almışıq. Onun söylədiyinə görə adətən hər gün yarım saatdan bir saata qədər vaxtını yeni məlumatlar almaq və eyni zamanda öz fikirlərini dostları ilə bölüşmək üçün kompyuter arxasında keçirir. Günlərin birində virtual axtarışlar aparan zaman gənc tarzənimiz Şəhriyar İmanovun gitarada akkord üslubunda ifasını görən Məmmədəli müəllim bu alətin imkanlarını özündə cəmləşdirə bilən milli gitaramızı Elektro akkord tarı yaratmaq üçün qəti qərara gəlir. Onun söylədiyinə görə elə bir Elektro akkord tar düzəltmək lazım idi ki, Şəhriyar gitarada etdiyi virtuoz ifanı Elektro akkord tarda da edə bilsin. İstedadlı tarzənimizin bu bacarığını milli musiqi alətinə keçirmək lazım idi. Məmmədəli müəllim bu münasibətlə Şəhriyar İmanovu laboratoriyaya dəvət edir və öz fikirlərini ustad sənətkarla bölüşür. Belə bir tarın ərsəyə gələ biləcəyindən təəccüblənən gənc ifaçı bunun mümkünlüyü ilə maraqlanır. Məmmədəli müəllim isə “Əlbəttə mümkündür, təki qarşılıqlı istək olsun” deyə ona cavab verir. Bundan sonra həmin tar üzərində işlər başlayır. Dörd aydan sonra hazır olan Elektro akkord tar həm akustik, həm də elektron variantda ifa etmək imkanlarına malik olur. Ənənəvi olaraq yaratdığı alətlərin ilk ifaçısı olan M.Məmmədov bu aləti də öz ifası ilə sınaqdan keçirir və problem yarada bilən bütün maneələri aradan qaldırdıqdan sonra ifaçıya təqdim edir. O, Elektro Elektro akkord tarın ifa üçün tam yararlı olduğuna əmin olduqdan sonra Şəhriyar İmanovu laboratoriyaya dəvət edir. Həmin günü Məmmədəli müəllim belə xatırlayır: “Ustad əvvəlcə tarı yaxşıca süzdü, sonra isə götürüb bütün hissələrini nəzərdən keçirdi və sinəsinə sıxdı. Ehtiyatla, sanki qorxurmuş kimi hər simi ayrı-ayrlıqda səsləndirdikdən sonra ifaya başladı. Bizim istədiyimiz alınmışdı. Sevincdən gözlərimdən yaş axırdı. Axı dünyaya daha bir sağlam “övlad” gəlmişdi. Ən əsası bu “övladın” təhsili ilə məşğul olan bir insan da var. O, da Şəhriyar İmanovdur”.
Şəhriyar İmanov “Akkord tar”ı Ölkəm.az saytı vasitəsi ilə ictimaiyyətə təqdim edərkən
Yaratdığı musiqi alətlərinə övlad qayğısı ilə yanaşan, daim axtarışda olan ixtiraçı ustanın yenilikçilik duyğusu onu avropa musiqi alətləri ilə bir sırada dayana bilən tar qrupuna daxil olanmilli musiqi alətimizin Elektro Elektro akkord tarın ərsəyə gəlməsinə səbəb oldu. Əminik ki, M.Məmmədovun müəllifi olduğu bu alətin səsi gələcəkdə Şəhriyar İmanov və digər görkəmli sənətkarlarımızın ifasında dünyanın ən mötəbər konsert salonlarından gələcək, Elektro akkord tar ulu muğamlarımızın, xalq mahnılarımızın və rəqslərimizin layiqli carçısına çevriləcək.
ƏDƏBİYYAT:
- Kərimi S, Abdullayev, Məmmədov M. Tar çanağında konstruktiv dəyişikliklər etməklə səs effektinin yaxşılaşdırılması /“Konservatoriya” jurnalı. № 3 (17) 2012. S. 62-65.
- Kərimi S, Məmmədov M. Musiqi alətlərimizin təkmilləşdirilməsində texniki elmlərdən istifadə qaydaları //“Konservatoriya” jurnalı. № 2 (24) 2014. S. 12-18.
- Köçərli İ. Böyük tarzən Mirzə Sadıq Əsədoğlunun yaratdığı Azərbaycan tarı //“Musiqi dünyası jurnalı. 3/56 2013. S. 85-87.
- Rəhimova G. Tarın tarixindən /“Elm və həyat jurnalı. № 2/ 1996. s.44
Научный сотрудник лаборатории
“Совершенствование национальных
музыкальных инструментов”АНК
ЭЛЕКТРО AККОРД ТАР
Резюме
В статье представлена истории создания семейства тара, в которую вошёл новый инструмент — «Тар Aккорд». Рассматривается техническая характеристика нового инструмента, его акустические и электронные возможности: диапазон, диаметр струн, названия частей, размеры, материалы, проект и информация о подготовке.
Ключевые слова: национальный музыкальный инструмент, тар, семейство тара, Электро аккорд тар
Research fellow of laboratory
“Improvement of national musical instruments”
of Azerbaijan National Conservatory
ACCORD TAR
Summary
The article tells about a history of family tar, which is part of acoustic and electronic performance capabilities of the new instrument “Tar Accord”. As technical characteristics, the range of the diameter of the string, names of parts, materials, project and information about preparation had been researched.
Key words: the national musical instrument, tar, family tar, Accord tar
Rəyçilər:
sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Malik Quliyev;
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Hüseynova