AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 4, 2016

Abbasqulu Nəcəfzadə

sənətşünaslıq üzrə elmlər doktoru,

AMK-nın professoru

E-mail: a.najafzade@yahoo.com

 

ÇALĞI ALƏTLƏRİMİZ «İPƏK YOLU» İLƏ AMERİKADA

endir

 

PDF

 

 

 

Son dəfə Amerika qitəsində 1990-cı ildə — Meksikanın paytaxtı Mexikoda ke-çirilən möhtəşəm festivalda  ölkəmizi instrumental musiqiçi kimi təmsil etdiyim za-man olmuşam. Xatırladım ki, hələ gənc yaşlarımdan etibarən dünyanın bir sıra ölkələrinə (İsveç, Almaniya, Misir, İngiltərə, İraq, İtaliya, Hollandiya, Yunanıstan, Belçika, Kuba, İsrail, Şimali İrlandiya, Yaponiya, Səduyyə Ərəbistanı, Türkiyə, İran, bütün keçmiş sovet respublikalarında və s.) xalqımızın tanınmış incəsənət nüma-yəndələri ilə birgə səfərlər etmişəm. Sovet dövründə xarici ölkələrə səfərlərə, əsasən Moskvadan yollanırdıq. Bakıdan Moskvaya, oradan da müvafiq ölkəyə uçuş zamanı böyük vaxt itkisinə yol verilirdi. Meksikaya Moskvadan 21 saata çatırdıq. İndi isə Bakıdan Nyu-Yorka cəmi 12 saat vaxt sərf eləyirik. Bunları xatırlatmaqda məqsədim müstəqilliyin bəhrəsini diqqətə çatdırmaqdır. İstər-istəməz xəyalımda sovet döv-ründəki səfərlər canlanır və müasir dövrlə müqayisə edirəm. Alınan nəticədən isə bir Azər­baycan vətəndaşı, oğuz-türk kimi bö­yük qürur hissi keçirirəm. Müstəqillikdən əvvəlki illərdə nəinki xaricdə, heç SSRİ daxilində də Azərbaycan millətini düz-əməlli tanımırdılar. İndi isə şair demişkən “mənim də imzam var imzalar içində”. Sovet dövründə səfərə getməzdən öncə bizə təlimat verirdilər ki, xaricdə gör-düklərinizi(insanların həyat tərzi, yaşayış səviyyəsi, qayda-qanunlara riayət edilməsi, rüşvətin olmaması və s.) kimsəyə söyləmək olmaz.Orada da Sovetlər Birliyinin eybə-cərliklərindən söz açmaq olmazdı. Belə bir məqam baş verərsə və bu, Dövlət Təhlü-kəsizlik Komitəsi işçiləri tərəfindən aşkarlanarsa, həmin şəxsin adı arzu olunmayan adam kimi onların “qara siyahı”sına düşürdü. Həmin şəxs bir daha xarici ölkəyə buraxılmazdı.

2016-cı il, iyulun 16-sı ABŞ-a, Nyu-York şəhərinə dostların (müğənni Novruz Məmmədov və professor Şahlar Daneşgərin) dəvəti ilə yaradıcı səfərə yollandım. Aeroportda məni oğlum Cəfərin dostu, Nyu-Yorkda yaşayan Pərviz Massimo qarşı-ladı. Baxmayaraq ki, oteldə mənə yer ayrılmışdı, Pərviz inadkarcasına öz evinə apardı. Səbəbi də bu oldu ki, “otel bizim evdən çox uzaqdır, mən səhərdən axşama kimi maşınımla sizin qulluğunuzda olmalıyam”. Əslən Şəkidən olan Pərviz bəy yarı-zarafat, yarıgerçək bir kompliment də atdı: “Abbasqulu əmi, za­rafat deyil, siz doğul-duğum rayona “Şəki” adlı mahnı bəstələmisiniz. Bunun haqqını biz heç nə ilə ödəyə bilmərik. Bir də ki, Cəfərlə biz axı, ayrılmaz dostlarıq”.

Həqiqətən Pərviz orada qaldığım müddətdə bir an da olsun məni tək burax-mırdı. İki maşını var. Bəzən məzələnmək üçün ABŞ-da yeganə olan 05 markalı “Ji-quli” ilə şəhərə gəzməyə çıxırdıq. Bu maşına görə yollara nəzarət edən polis işçi-lərinin əksəriyyəti onun dostudur. Bəzən maşını ondan bir neçə saatlığa alıb sürürdülər.

Mənim Hyu-Yorka gəlməkdə bir məqsədim də gənclik illərində tanış olduğum dostum, Özbəkistanın əməkdar artisti, şair, bəstəkar və müğənni İlyas Malayevin məzarını ziyarət etmək idi. Onun oğlu Rac ölkədə tanınmış gitaraçı və hind aləti sitar (tənburun bir növü olan setarla qarışdırmamalı) ifaçısıdır. Ümumiyyətlə, Malayevlər tanınmış musiqiçilər ailəsidir. İlyasın həyat yoldaşı, Özbəkistanın xalq artisti Mə-həbbət Şamayeva bu gün də gənclik şövqi ilə oxuyur. Ailənin böyük qızı Nərgiz Ma-layeva estrada ulduzlarından sayılır. Nəhayət, ailə üzvləri ilə birgə İlyas Malayevin qəbrini ziyarət etdik. İ.Mala­ye­vin məzarı üzərində özünün kövrək bir şeiri də yazılıb.

Bu gözəl insanın məzarı başında onun yaradıcılığından, bəstələdiyi mahnı-lardan, Azərbay­can xalqını sevməyindən, özbək və Azərbaycan xalqlarına şeir həsr etməyindən, özünə müğən­nilik sahəsində Rəşid Behbudovu ustad saymasından ağızdolusu danışdıq. İlyas Malayevin yaradıcılığından bəhs edən “Özbək sənətkarı İlyas Malayev barədə xatirələrim” adlı məqaləm iki – Azərbaycan və  ingilis dil-lərində “Konservatoriya” jurnalında çap olunub (A.Nəcəfzadə.Özbək sənətkarı İlyas Malayev barədə xatirələrim. // “Konservatoriya”, 2016№2, s. 98-104; A.Najafzade. My Reminiscences about Ilyas Malayev, the Uzbek Artisan. // “Konservatuar”, 2016№2, p. 105-111). Bu jurnalın bir nüsxəsini, eləcə də “Behbud” şirkəti tərəfindən ingilis dilində nəfis şə­kildə hazırlanmış “İlyas Malayevin Bakıdakı ifaları” (“Ilyas Malayev’s performances in Baku”) adlı video-diski Malayevlər ailəsinə hədiyyə etdim. Məxsusi şəkildə Amerika səfəri üçün tərtib edilmiş “Azərbaycan” adlı audio-diskim isə həm Malayevlərə, həm də amerikalı digər dostlara müəllif sovqatım oldu. Diskə Azərbaycan xalq mahnıları, İlyas Malayevin bəstəsi, həm də müəllifi olduğum bir sıra melodiyalar daxil edilib. Bu musiqiləri müxtəlif milli çalğı alətləri ilə – kamança, ud, saz, ney, tütək, zurna, balaban, eləcə də Avropa alətləri olan klarnet və skripkada ifa etmişəm.

Nyu-Yorkda olduğum 2 gün ərzində bir çox azərbaycanlı dostlar qonaq dəvət edirdilər. Lakin vaxtın azlığından dəvətləri qəbul edə bilmirdim. Təkcə iyulun 17-si Pərvizin qonşusu, əslən bakılı Hacı Rasimin qonağı oldum. Şirin Bakı ləhcəsində danışan Hacı Rasim nəvələrini də evdə doğma dilimizdə dindirir. Bu ailədə olarkən özümü sanki Bakıda hiss etdim, yəni burada əsl Azərbaycan ab-havasını duydum.

İyulun 18-i təyyarə ilə İndianapolis şəhərinə yollandım. Burada məni İdiana Uni­vresitetinin professoru Şahyar Daneşgər qarşıladı. Onun yaşadığı Bluminqton şəhərinə yola düşdük. Şahyar müəllimin evi şəhərin lap mərkəzindədir. Mə­nə ayırdığı hər cür şəraiti olan mənzilin açarını verib dedi: Mən qonaqlarımı oteldə saxlamıram. Bu cür şərait heç bir oteldə ola bilməz. “Bir ora bax” – deyib, həyətdə o tərəf, bu tərəfə qaçan maralları göstərdi. Çox heyrətləndim, burada nəinki marallar, müxtəlif çöl quşları, dələlər, çöl dovşanları atılıb-düşürdü. Bluminqton şəhərində hər kəsin həyətində bu mənzərə ilə rastlaşmaq mümkündür. Məsələn, gözəl ziyalı Teymur Hacıyev bir neçə dəfə bizi evinə dəvət edərkən onun da bağçasında həmin meşə heyvanları sərbəst gəzişirdilər. Amerikadakı məhəllələrin heç birində bizdə olduğu kimi hündür hasarlara rast gəlməzsən. Çoxu həyətini heç çəpərə də almayıb. Bu səbəbdən yırtıcı heyvanlar istisna olmaqla buradakı heyvanlar həyətlərə yaxınlaşır…

İyulun 19-u İndiana Universitetinin Qlobal və Beynəlxalq Araşdırmalar Auditoriumunda professor, müəllim və tələbə heyəti ilə görüşüm oldu. Burada “İpək Yolu ölkələrindən biri – Azərbaycanda çalğı alətləri” mövzusunda məruzə etdim. Çıxışdan sonra tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırdım. Öncədən deyim ki, cavablarım sual verənləri birmənalı şəkildə qane edirdi. Suallardan bəlli olurdu ki, onlar həm bəzi əsərlərimlə tanış olmuş, həm də ifalarımı dinləmişlər.

İyulun 23-ü və 24-də olacaq “İpək yolu” (1996-cı ildən fəaliyyət göstərir) ansamblının konsertlərinə gərgin hazırlaşırdıq. Hər gün axşam ansamblın müxtəlif xalqların nümayəndələrindən ibarət olan 6 nəfərlik heyəti ilə məşq edirdik.

İyulun 22-i nahardan sonra Şahyar bəyin maşını ilə Ohayo ştatının Kolumbus şəhərinə yollandıq. Bizi şəhərin girişində əslən təbrizli olan tanınmış incəsənət xadimi, rəssam, memar Cahangir Pirasteh və xanımı Anna Pirasteh qarşıladı. “İs-tanbul” restoranında şam etdikdən sonra, oteldə yerləşib konsert salonunda məşq et-məli idik. Lakin bəlli oldu ki, gecikdiyimizdən salon bağlanıb, işçilər getmişlər. Cahangir Pirasteh sevincək dedi: bizim evimiz genişdir, hətta royalımız da var. Şahyar müəllim əvvəl etiraz etdi, sonra Cahangir bəyin pərt olduğunu görüb, məc-burən razılaşdı. Mən Şahyar bəylə oteldə bir otaqda qalırdım. Şahyar müəllimə dedim ki, Cahangir bəygildə məşq edəcəkdiksə, əvvəldən gərək razılaşaydın. Axı, bizdən incidi.

amerika

Şahyar bəy işinin peşəkarı kimi cavab verdi: Abbasqulu müəllim, mən istəmirəm ki, bizim repertuarımızdan kimsə öncədən xəbər tutsun, ifalarımızı konsertdən qabaq dinləsin. Neçə gündür dünyalar qədər sevdiyim qızım, xanımım deyirlər ki, nə olar, bizi də məşqinizə apar. Söyləyirəm ki, qəti olmaz, Cahangir bəy də eləcə. Bu, onlara bir sürpriz olmalıdır. Amma gördüm əməlli-başlı xətrinə dəyir, razılaşdım. Hətta məşqdə zarafatla dedim ki, daha sabah konsertə gəlməyin, bütün ifaları dinlədiniz, sizə maraqsız olar. Cavab verdi ki, “3 ay da dalba­dal konsert versəniz, hər gün işimi-gücümü atıb gələrəm. Azərbaycan musiqisindən heç doymaq olarmı?”

amerika

Konsertdən sonra Ohayo Universitetinin “Şərqi Avropa və Orta Asiya Ölkələri İnstitutu”nun professoru Skat Livay gözəl konsert sərgilədiyinə görə Şahyar müəllim başda olmaqla ansamblın bütün üzvlərinə dərin minnətdarlığını bildirdi. Bu gecənin uzun müddət yaddaşımızda qalacağını söylədi. Sonra üzünü mənə tutub dedi: “Pro-fessor, Şahyar müəllim adınızdan söz verdi ki, yenidən bizim tamaşaçıların görüşünə gələcəksiniz. Siz həqiqətən söz verirsiniz?” Mən “bəli” dedikdə, salonu gurultulu alqışlar bürüdü.

İyulun 24-də isə Bluminqton şəhərində konsert verdik. Hər iki şəhərdəki kon-sertlərə – həm Bluminqtona, həm də Kolumbusa yerli sakinlərlə yanaşı, yüzlərlə ki-lometr aralıda yaşayan azərbaycanlılar, eləcə də amerikalılar gəlmişdi.

Bu konsertlə bağlı ABŞ-da səfərdə olan Yardımlı Xeyriyyə Cəmiyyətinin sədri, maraqlı yazıları ilə dövri mətbuatda tez-tez çıxış edən jurnalist, şair-publisist Elman Eldaroğlu yetərincə məlumat verib (“525 qəzeti” və müxtəlif elektron saytlarda). Onun yazdığı mətndən ixtisarla təqdim edirəm: “ABŞ, İndiana Ştatı, dünyaca məşhur İndiana Universiteti, universitetin konsert zalı. 24 iyul – isti yay günlərindən biri. Və havanın hərarətinə sərinlik qatan Azərbaycan musiqisi. Müxtəlif musiqi alətlərimizdə ifa edir Azərbaycan Milli Konservatori­yasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru Abbasqulu Nəcəfzadə. Onu müşayiət edirlər – professor Şahyar Danişgərin rəhbərlik etdiyi beynəlxalq “İpək yolu” ansamblının üzvləri: əslən İran azər-baycanlısı Şahyar Danişgər qavalda, milliyyətcə çinli Yeng İng pianoda, violonçeldə suriyalı xanım Aliyyə Əcəmoğlu, gitarada isə ispaniyalı sənətçi Tomas Lozano…

Abbasqulu Nəcəfzadə artıq bir həftədir ki, İndiana Universitetinin qonağıdır. Bir neçə gün öncə, iyulun 19-da Azərbaycan çalğı alətlərinə həsr olunan elmi se-minarda mühazirə söyləyərkən amerikalı dinləyicilərin – universitetin professor-müəllim və tələbə heyətinin necə maraqla onu dinlədiklərinin kaş şahidi olaydınız. Bunu ustad dərsi də adlandırmaq olar. Çünki Abbasqulu müəllim musiqi alətlərimiz haqqında mühazirə söylədikcə, hər birində ayrılıqda ifa edir, balabanın, neyin, tü-təyin, zurnanın, udun, kamançanın qədim Azərbaycan alətləri olduğunu tutarlı fakt-larla sübut etməyə çalışırdı, nail olurdu da…

Elman Eldaroğlu bu konsertlə bağlı daha sonra yazır: “A.Nəcəfzadənin İndiana Universite­tində verdiyi konsertə də həmçinin, bu ştatın müxtəlif şəhərlərindən xeyli dinləyici gəlmişdi. Lirik musiqilərimizə maraqla qulaq asan amerikalılar təsir-ləndiklərindən göz yaşlarını boğa bilmir, şıdırığı hava çalınanda isə elə yerlərindəcə rəqs etməkdən çəkinmirdilər. Bu münasibəti görən Abbasqulu Nəcəfzadə daha da ruhlanır, sanki zövq alırdı. Necə deyərlər, ha­mı heyrət içində idi. Əslində, İndiana Universitetində mükəmməl musiqi təhsili verildiyindən, buradakıları heyrət-ləndirmək çox çətindir. Və bu heyrəti amerikalı tamaşaçılarda yaradan məhz Abbas-qulu Nəcəfzadənin ecazkar səsli çalğı alətlərində ifa etdiyi milli ruhlu təranələrimiz oldu. Hətta Abbasqulu Nəcəfzadənin 2004-cü ildə nəşr olunmuş “Çalğı alətlərimiz” kitabının nüfuzlu İndiana Universitetinin nəşriyyatında tezliklə ingiliscə nəşrinə qərar verildi. Özüylə ABŞ-a Azərbaycan təravəti gətirən bu sənətkara yeni-yeni sənət uğurları diləyirik…”

Mən İndianada olan ərəfədə Elman Eldaroğlunun həyat yoldaşı, Miçiqan Dövlət Universitetinin aspirantı, ADA (Azərbaycan Diplomatik Akademiyası) Universitetinin ingilis dili müəllimi Vəfa Yunusova yay kursunda ABŞ-ın müxtəlif universitetlərindən olan yeddi aspirant tələbəyə Azərbaycan dili dərsini öyrədirdi. Vəfa müəllimənin peşəkarlığı sayəsində amerikalı tələbələr qısa müddətdə azər-baycanca artıq sərbəst danışırlar. Elmi seminar zamanı, mühazirədən sonra həmin tələbələr Azərbaycan musiqi mədəniyyəti ilə bağlı mənə ünvanlan­mış maraqlı sualları ilə seçilirdilər. Hətta onun tələbələrindən biri Karli Storm “Sarı gəlin” mahnısını azərbaycan dilində özünəməxsus tərzdə oxudu. O, Bakıya gəlməyi plan-laşdırır və mən Karli xanıma söz vermişəm ki, həmin mahnını bizim ansamblla lentə alacağam. Vəfa xanım tələbələrinə təkcə dilimizi, mahnılarımızı deyil, eləcə də mət-bəx mədəniyyətimizi öyrədir. Universitetdə keçirilən musiqi və mətbəx festivalında tələbələr üçün milli şirniyyatlarımızdan olan paxlava və şəkərbura hazırlamışdı.

Öz evini İndianaya gələn hər bir azərbaycanlı üçün ürək genişliyi ilə açan bir soydaşımız – Teymur Hacıyev haqqında da xüsusi bilgi vermək istəyirəm. O, dərman preparatları hazırlayan müəssisədə mühəndis vəzifəsində çalışır. Teymur bəy İndianada qaldığım qısa müddətdə demək olar ki, hər gün evində ziyafət təşkil edirdi. Vəfa xanımın hazırladığı təamlar, Elman Eldaroğunun duzlu-məzəli söhbətləri isə başqa bir aləm idi. Yəni bu insanların səmimiyyəti nəticəsində özümü heç də qərib kimi hiss etmirdim.

Teymur bəy dedi ki, Bluminqton şəhərində olasan, Tibetin dini lideri Dalai Lamanın şəxsi mülkiyyətinə getməyəsən bu, böyük qəbahət olar. Həqiqətən burada qəribə bir mənzərə, əsəbləri sakitləşdirən aura var. Nyu-Yorkda olduğum günlərdə Vaşinqtona da səfər etdim. Burada bir sıra tarixi yerlərdə olub, xatirə şəkilləri çəkdirdim. Beləcə, ABŞ-a olan səfərim də yaddaşıma xoş və maraqlı xatirələrlə həkk olundu. Hər səfər isə yeni dostlar, tanışlar qazanmaq deməkdir.

Mövzuya uyğun