Tənbur ailəsinin bir üzvü – balakən damburu
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 4, 2015
Sənətşünaslıq üzrə elmlər doktoru,
AMK-nın professoru
a.najafzade@yahoo.com
Tənbur ailəsinin bir üzvü – balakən damburu
Şəkil №1
Açar sözlər: Tənbur (dambur), dambur melodiyaları, “Dastani Əhməd Hərami”, miniatür rəsmlər, tanınmış ifaçılar
Yaranma tarixi. Dambur alətinin eramızdan əvvəlki illərdə yarandığı ehtimal olunur (şək. №1). Bu alət tənbur ailəsinə aid edilir və onun çoxsaylı növlərindən biri sayılır. Tənburun yaranma tarixi isə 7-8 minilliklərlə ölçülür.
İran Azərbaycanının Zaqros (silsilə) dağlarının (buna Şuş dağları da deyirlər) ətəyində Şuş şəhərinin şimalında Karun və Dez adlı iki çay axır. Bu çayların arasında 15 kv.km ərazidə qədim Akbatan – Həmədanın cənub-şərqində yerləşən Cığamış adlı ilkin şəhərin qalıqları var. Həmin şəhərdə arxeoloji qazıntılar zamanı 7-8 minillik tarixə malik maddi mədəniyyət nümunələri arasında musiqi alətşünaslığının, o cümlədən sazəndələrin (ansamblın) ifasının çox qədim tarixi kökləri olduğunu təsdiqləyən bir qab tapılıb. Saxsıdan (bişmiş gildən) hazırlanmış bu qaba əsasən belə fikir yürütmək olur ki, xalqımız idiofonlu (özənsəsli), aerofonlu (hava, yaxud nəfəslə səsləndirilən), membranofonlu (səs mənbəyi dəridən alınan) və xordofonlu (səsi teldən alınan) alətlərdən ən azı 7-8 min il bundan əvvəl geniş istifadə edirmiş (1, s. 4).
Haqqında söhbət açdığımız faktlar filologiya elmləri namizədi, şair, tərcüməçi Əbülfəzl Hüseyninin (1925-1987) “Orkestrin ulu babası” adlı məqaləsində əksini tapıb. Həmin mənbədə Ə.Hüseyni bildirir ki, Orta əsr mənbələrində (“Surətüləra”, “Hududul-aləm minəl-məşriq iləl-məğrib”) Cığamış, Akbatan, Həmədan və digər qədim şəhərlər Azərbaycan xəritəsinə daxil idi.
Şəkil №2-də haqqında danışdığımız qabın təsviri verilib. Bu qabın üzərində bir sıra çalğı alətləri ifaçıları təsvir edilmişdir: qopuz (telli, tənburabənzər); çəng (telli, arfayabənzər); qoşanağara, təbil və qavalabənzər zərb alətləri; buynuz formalı çığırtma nəfəs aləti və eləcə də müxtəlif ölçülü kasalar (şək. №2). Göründüyü kimi, şəklin aşağı sol küncündəki ifaçı əlini qulağının dibinə qoyub sanki müasir xanəndə kimi zəngulə vurub oxuyur. Bu tapıntı ölkəmizdə, eləcə də bəşər tarixində bir neçə ifaçının birgə çıxışı və solo oxu sənəti ilə bağlı ən qədim mənbədir.
Şəkil №2
Ə.Hüseyni qeyd edir ki, 1961-1966-cı illərdə Çikaqo Universitetinin (ABŞ) Şərq dilləri üzrə professoru, arxeoloq Helen C.Kantor (Helene C.Kantor, 1919-1993 – A.N.) və Cığamışda qazıntıya başçılıq edən Kaliforniya Universitetinin Orta Şərq dilləri üzrə mütəxəssisi, professor Pinas Delogaz (Pinhas Delougaz, 1901-1975 – A.N.) bu tapıntı ilə elm aləmində, bəşər tarixində əvəzsiz bir kəşf etmişlər.
AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Əliyev də “Tarixin izləri ilə” adlı əsərində (“Boyalı qablar” məqaləsi) ulu babalarımızın həmin dövrdə gil qablar hazırlamağa nail olduqlarını bildirir (2, s. 39). Təqdim edilən fakt Azərbaycanda sazəndələrin, instrumental ifaçılığın, müasir dillə desək, ansambl ənənələrinin, eləcə də vokal sənətinin çox dərin tarixi kökləri olduğunu təsdiqləyir.
Türkiyəli alim, professor Bahaəddin Ögel (1923-1989) “Türk kültür tarihine giriş” adlı çoxcildli əsərində damburdan söz açarkən yazır: “Tənbur adından köklərini alaraq türklər arasında dambura, dombra şəklində gəlişən və yayılan bu çalğının adı və özü türklərə aid bir çalğı olduğu üçün önəmlidir” (3, s. 149). Elə həmin kitabda Amerikalı folklorçu Mark Slobinə istinadən B.Ögel yazır ki, əsl özbək dütarları damburadan çox türkmən dütarlarına bənzəyirmiş (3, s. 133). Deməli, türk dünyasında tənbur sözü uzun müddət həm də dambura kimi səslənib. Filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadə (1921-2003) “Cəlaliyyə” əsərində xoryad gecəsində tənburun (yəni damburun) müşayiəti ilə oxunan hayladan söz açır. Belə yarışma gecələrini müxtəlif qəbilələr fərqli şəkildə adlandırıblar: “hayla”, “xoryad”, “bayatı”, “nanay” və “meyxana”. Ə.Cəfərzadə xoryad sözünün izahını “vərəqaltı”nda belə təqdim edir: “a) Bayatı; b) Bayatışəkilli, günün hadısələrinə dərhal cavab verən aktual mahnı; v) Bədiyə-meyxananın bayatı formalı növü” (10, s. 13).
Ədəbi mənbələr. Tənburun adına demək olar ki, Azərbaycanın bütün klassik şairlərinin əsərlərində rast gəlirik. Dambur alətinin adı isə XIII əsrdə azər-türkcə yazılmış “Əhməd Hərami” dastanında dəmbur şəklində çəkilir:
Çalınırdı neyü dəmburü tənbur,
İçilir idi dolu abi-əngur (4, s. 85).
Dastanda ney, dəmbur və tənbur alətlərinin birgə, ansambl şəklində ifa olunması qeyd edilir. Şeir nümunəsindən bəlli olur ki, dəmbur tənburun bir növü olsa da, ayrıca tənbur da mövcud imiş. Şeirin II misrasında – “İçilir idi dolu abi-əngur” fikri alətin əsasən, keyf məclislərində ifa edildiyinə bir işarədir. Şair “abi-ənqur” dedikdə (ab – su, ənqur – üzüm), qıcqırdılmış üzüm suyunu, yəni şərabı nəzərdə tuturdu.
Balakən rayonunun Gülüzən kəndindən olan Haylaçı Sənəm Hacı qızı Məmmədova (1887-1978) Muğal adlı azər-türk tayfasının bir nümayəndəsidir.
Damburun teli mənəm,
Şirvanın yeli mənəm,
Girəydin qız qoynuna,
Cənnətin gülü mənəm.
Haylaçı Sənəm 1928-ci ildə I Aşıqlar qurultayında uğurla çıxış etmişdir. O, şeirlərində hayla janrını və həmçinin ayrılmaz çalğı aləti damburu dönə-dönə vəsf etmişdir. Balakən damburu haqqında fikirlərimiz zamanı bu alətin ən mahir ifaçılarından biri olan Haylaçı Sənəmin poetik düşüncələrinə, dambur haqqında dediyi söz karvanına tez-tez müraciət edəcəyik:
Aşıqlara, sazlara,
Damburda qotazlara.
Bu canım qurban olsun
Gəlinlərə, qızlara.
Hayla haylanın başı,
Hayla bilməyən naşı,
Hayla bilmək yaxşıdır,
Qərib yerin yoldaşı (5).
Haylaçı Sənəmin məzarı üstündə özünəməxsus şəkildə kövrək bir bayatı da yazılıb:
Su gələr, axar, gedər,
Qayalar yaxar gedər.
Dunya sərgi zalıdır,
Hər gələn baxar, gedər.
Haylaçı Sənəm “dünyanın sərgi zalı”na hər kəs kimi deyil, özünəməxsus tərzdə baxıb, sənət “möhür”ünü vurub dünyadan gedib…
Xatırladaq ki, hayla aşıq və meyxana sənətlərinə yaxın bir janrdır, adının etimoloji baxımdan açıqlanması isə “haraylamaq”, “çağırmaq” mənasını bildirir. Bu janr muğal və hun adlı oğuz tayfaları arasında geniş yayılaraq onların sevincinin, kədərinin ifadəsinə çevrilmişdir. Balakən qədim oğuz yurdudur. Qədim hunların izinə, nişanəsinə bu yerlərdə addımbaşı rast gəlmək olur. Məsələn, rayon mərkəzinin yaxınlığından axan Hunbol çayı, eləcə də həmin çayın ətrafında məskunlaşan ulu nəsillər – hunələr, hinələr də adlarında hun türklərinin adını yaşadır. Qonşu Qax rayonunun İlisu kəndində Hun dağı, həmçinin Hun beli adlı yüksəklik də hun tayfaları ilə bağlı yaranmış sözlərdir.
Etimologiyası. Dambur – tənburun Balakən, Qax və Zaqatala bölgəsində yerli ləhcədə deyilişidir. Tənbur sözünün izahı müxtəlif xalqların (türk, yunan, ərəb, fars, hind və b.) dillərində fərqli şəkildə verilir. Türkdilli xalqlarda tənbur çalğı alətinin sözaçımının əsasında damar sözü durur. Telləri iri mal-qaranın damarlarından hazırlandığından alət əvvəlcə tamar, sonralar tamur, tənbur kimi tələffüz olunub.
Tənburun tellərinin sayına və ərazi adlarına görə, müxtəlif növləri yaradılıb: dütar, setar, çahartar, pənctar, şeştar, sənc, Balakən tənburu, Şirvan tənburu, Xorasan tənburu, Bağdad tənburu, Türk tənburu, Özbək tənburu və s.
Sənətşünaslıq üzrə elmlər doktoru, professor Səadət Abdullayeva yazır: “Bu alətə həm də tambur, tonpur, tunpur deyirlər” (6, s. 113). Onun qeydlərinə görə, damburun yayılma arealı çox geniş bir çoğrafi ərazini əhatə edir.
Özbək alimi, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Fayzulla Karamatov (1925-2012) dütar, setar, çahartar, pənctar, şeştar alətlərin tənburun fərqli növü olduğunu bildirir (7, s. 137). Bu alətlər quruluşca bir-birinə bənzəyir, yarıya bölünmüş armudvari çanağa, üzərində 15-17 sayda pərdə bağlanmış uzun qola malikdir. Alətlərin ifa üsulu da demək olar ki, eynidir, yalnız tellərin sayına görə bir-birindən fərqlənir.
Ümumilikdə damburabənzər alətlər Dağıstanda ağac-kumuz adı ilə daha çox tanınır. Belə ki, ləzgi, avar və kumıklar aləti ağac-komuz, darginlər kumuz, tabasaranlılar isə xumus şəklində tələffüz edirlər (8, s. 147). Tələffüzündən asılı olmayaraq, bu deyimin kökündə türkün qopuz (komuz, kumuz, xumus) sözü durur. Sözün əvvəlində işlədilən ağac da türk sözüdür və alətin materialının ağacdan hazırlanmasına işarədir. Bilindiyi kimi, qopuz anlayışı çox variantlıdır: ağız qopuzu, temir (dəmir) qopuz, yaylı (qıl) qopuz, qolça qopuz və s.
Dağıstanlılar ağac-kumuzun prima, alt və bas növlərini hazırlayıblar (8, s. 148). Çin ərazisində də danbur adlı alətdən istifadə edilir. Lakin bu alət formasına görə, Balakən damburundan fərqlənir. Çin danburu daha çox Orta Asiya tənburuna (pənctara) bənzəyir. Danbur Çin ərazisinə türkmənşəli xalqlar, əsasən, uyğurların vasitəsi ilə miqrasiya edilmişdir.
Miniatür mənbə. Tanınmış rəssam, AMEA-nın müxbir üzvü, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kərim Kərimovun (1921-1995) “Azərbaycan miniatürləri” əsərində bir sıra çalğı alətlərinin, o cümlədən, damburun da rəsminə rast gəlirik. “Oğuzxanın yaylaqda musiqi məclisi” (Rəşidəddin, “Camiət-Təvarix”, 1528-1529-cu illər, Sankt-Peterburq, Dövlət Kütləvi Kitabxanası, Dorn 289, v. 188 b.) illüstrasiyasında üçtelli alət dambur və dəf çalan təsvir edilib (9, 37 saylı rəsm).
Məzmunu: Şahzadə Cığatayın saray həyatını əks etdirən səhnə.
1528-1529-cu illərə aid edilən tablodan göründüyü kim, damburçunu dəf çalan müşayiət edir (şək. №3). Dəfi qulağına yaxın tutduğundan, onun həm də oxuma funksiyasını yerinə yetirdiyini söyləyə bilərik. Bəzi Orta əsr mənbələrində telli alətlərin ifaçılarının həm də oxuması qeyd olunur.
Morfologiyası. Damburun əsas hissələri bunlardır: 1. Çalovabənzər gövdə (döşlük və tabutabənzər çanaq); 2. Azca geriyə əyilmiş, aypara şəkilli kəllə (tac); 3. Qolla kəllənin bitişdiyi yerdə kəmik (yaxud sərt plastik kütlə) xərək (körpücük); 4. Ağacdan hazırlanmış və gövdə üzərində yerləşdirilmiş kiçik xərək; 5. Kiçik ölçülü qol (buna sapağ da deyirlər); qolun üzərində 5-7 ədəd ağacdan pərçim edilmiş pərdə (bənd).
Haylaçı Sənəmin şeirlərindən bəlli olur ki, onun damburunun “yeddi bəndi” var:
Damburun yeddi bəndi,
Bazardan aldım qəndi,
Kor olaydı gözlərim
Gördü, ürəyim yandı (11, s. 14).
Şairə alətin qolu üzərindəki bəndləri bilərziyə bənzədir:
Damburun teli nazik
Qol üstə cüt bilərzik.
Yara nişan vermişəm
Qırmızı qaşlı üzük.
Alətin 2-3, bəzən də 5 sayda aşıxı və bu aşıxların sayından asılı olaraq 2, 3, yaxud 5 teli olur. Haylaçı Sənəm bayatılarının birində onun istifadə etdiyi damburun “beş telli” olduğuna işarə edir:
Əlinə can əlinə,
Damburun beş telinə,
Aç qolların sarmaşım
Sənin incə belinə.
Damburun tellərinin bir ucu aşıxlara düyünlənir, digər ucu isə xərəklərin üzərindən keçmək şərti ilə gövdənin aşağı hissəsində yerləşdirilən qarmağa düyünlənir. Alət aşıxlar vasitəsi ilə tənzimlənir. Gövdənin dekası (üzlük) üzərində damburun akustik baxımdan “xunlu” səslənməsi və estetik baxımdan gözəl görünməsindən ötrü bəzəkli rezonator oyuqları açılır. Bəzən gövdənin yan tərəflərində də belə oyuqlar olur. Dairəvi formada açılmış bu oyuqlara “səslik” də deyirlər.
Gövdə ağ tut (calğa) ağacının (Balakən ləhcəsində qara tut – “gər”, yaxud “çəkil”, ağ tut isə “calğa” adlanır), yaxud cökə ağacının kötüyündən, qol – qoz ağacından, kəllə – heyva ağacından, aşıxlar isə qoz, şabalıd və ya armud ağacından hazırlanır. Ə.Cəfərzadənin yazdığına görə aləti bəzən söyüddən də hazırlayıblar (11, s. 14). Gövdənin aşağı tərəfi diş şəklində çıxıntıdan ibarətdir. Bəzən isə belə çıxıntı olmur. Gövdənin üzlüyü bir qayda olaraq şam ağacından nazik formada düzəldilir və gövdənin açıq hissəsinə yapışdırılır. Bir sıra telli alətlərin (tar, kamança və s.) çanağı üzərinə naqqa balığının, yaxud mal ürəyinin dərisi çəkilir. Dambur alətində isə qolça qopuz, saz, tənburun digər növlərində olduğu kimi ağac üzlük (deka) vurulur. Bunu Haylaçı Sənəm bayatılarında gözəl təsvir etmişdir:
Damburun üzü taxta,
İkimiz bir otaxda,
Mən nə çarə eləyim
Allah verməyən baxta!
Qədimdə damburun telləri ipəkdən, müasir dövrdə isə sintetik materialdan hazırlanır. Bəzən alətə metal tellər də bağlanılır. Haylaçı Sənəm söyləyir:
Dambur çalır siminə,
Düşmüşəm həvəsinə.
Bir neçə hayla deyim,
Yarımın həvəsinə.
Dambur hazırlayan usta çoxdur, amma rəhmətlik Cəmaləddin Səfərovun hazırladığı damburlar keyfiyyətinə görə digərlərindən çox fərqlənir.
İstifadə qaydası. Dambur əsasən, oturaq halda və sinədə tutulub ifa olunur. Bu mənzərəni Haylaçı Sənəm şeirlərinin birində çox gözəl vəsf etmişdir:
Oturmuşdum binədə,
Dambur çaldım sinədə,
Üç ildən bir görsəm də,
Unutmaram genə mən.
İfa zamanı haylaçı damburun qolunu azca yuxarı tutur. Gövdə isə döş qəfəsinin aşağı hissinə sıxılır və dambur ifaçının barmaqlarının ucu ilə səsləndirilir. Bəzən isə peşəkar ifaçılar tək barmaqla teli səsləndiririər. Bununla bağlı Haylaçı Sənəmin söylədiyi daha bir bayatısına diqqət yetirək:
Dambur çalan tək barmaq,
Kəmərin qızıl qarmaq,
Oğlan sana eyibdi
Məni sevib, onu almaq.
Tellər, əsasən, xalis kvarta intervalında köklənir. Bəzən isə ifa olunacaq havaya uyğun şəkildə tellər tənzimlənir. Rast məqamında ifa olunan melodiyalar zamanı I və II tellər böyük sekunda intervalında qurulur. Diatonik səsdüzümlü dambur desima həcmindədir.
Dambur ifaçılığında sağ əlin barmaq işlətmə texnikasının böyük rolu var. Ənənəvi tənbur ifaçılığında işlədilən barmaq işlətmə dambur ifaçılığına da tətbiq edilir. Bu üsul zamanı ifaçıdan böyük peşəkarlıq tələb olunur.
Dambur çalanı bəzən meyçi (balaban) və çombaq-nağaraçı müşayiət edirlər. Bu zaman bir neçə damburçu unison melodiya ifa edirlər. Maraqlıdır ki, Türkiyədə olduğu kimi, bu bölgədə də balaban alətini mey adlandırırlar.
Damburçular həm də aşıqlar kimi mahnı oxuyur, bir-biri ilə deyişirlər. Deyişmələr zamanı söylənilən poetik mətn bədahətən deyilir. Haylaların poetik mətnini bayatılar təşkil edir. Damburçuların repertuarında eləcə də rəqslər var. Hayla sənəti və dambur ifaçılığı aşıq sənəti kimi sinkretik sənət növünə aid edilir. Damburçu bir neçə sənət növünü özündə cəmləşdirir: o, şairdir – sözlər qoşur, poetik mətnlər yazır; instrumental ifaçıdır – dambur çalır; rəqqasdır – gözəl rəqs edir, aktyordur – el şənliklərində aparıcılıq edir, gülməcələr söyləyir, bəstəkardır – haylalar bəstələyir.
S.Abdullayeva əsərində “Dambur havaları” başlığı altında bir neçə rəqs və mahnının not nümunəsini təqdim edir (6, s. 206-208). Onlardan “Pəhləvan”, “Kişi-qadın”, “Kişilər”, “Gəlin gətirən”, “Köhnə hava” rəqslərini, eləcə də “Yerli” və “Qadın” mahnılarını qeyd etmək olar. Dambur rəqsləri iti, “allegro” tempində ifa edilir. Mahnılar isə nisbətən asta, “moderato”, yəni orta tempdə ifa olunur. S.Abdullayeva bu melodiyaları Balakəndə, damburçu Kamal Atayevin ifasından nota salıb.
Tanınmış ifaçıları. Dambur Şəkinin Layisli kəndindən olan tanınmış aşıq Molla Cümənin (əsl adı Süleyman Salahoğlu, 1855-1920) ən çox sevdiyi çalğı aləti olub. Deyilənə görə, o, bu alətdə çox gözəl ifa edirmiş. Molla Cümə bölgədə keçirilən toylarda yerli damburçular ilə deyişər və bu işdən böyük zövq alırmış.
Repressiya qurbanlarından biri olan, Ağsu rayonunun Qəşəq kənd sakini Aşıq Mirzə Bilal (1872-1937) Haylaçı Sənəmlə deyişmiş və aşıq onun sənətinə yüksək qiymət vermişdir. O, bir şeirində yazır:
“Şüştər”, “Əraq”ı gəzdikcə zildə,
Yaşamaq həvəsi coşur könüldə.
Qaval, qarmon müc olubdu əlində,
İlhamı gur çeşmə, daşqın çay Sənəm (12, s. 25).
Şeirdən bəlli olur ki, Sənəm muğamları da (“Şüştər”, “Əraq”) gözəl ifa edirmiş. O, eləcə də damburdan savayı qaval və qarmonu da eyni məharətlə çalırmış.
Ata Yetərov, Kamal Atayev, Osman Kamlayev və başqaları dambur alətinin Balakən-Zaqatala-Qax bölgəsində tanınmış ifaçıları olublar. Bu ifaçıların alətin təbliği və tədrisindəki xidmətləri danılmaz və əvəzedilməzdir. Müasir dövrdə İbadulla Qarayev (atası və bibisi də dambur çalıb), Damburçu Mehdi, Murad Avşalan, Ata Bilal, Krışkom Mustalı, Musalı Hacı), Yetim (Hacıyev) Ərəbiddin, Əfqan Rəhmanov və başqaları Balakəndə damburun tanınmış ifaçılarıdır.
S.Abdullayeva Osman Kamlayevin istifadə etdiyi damburun, eləcə də Gəncə Ölkəşünaslıq Muzeyində qorunan damburun şəklini təqdim edir (6, s. 158). Aparılan tədqiqat nəticəsində tənburun bir növü olan damburun Azərbaycan ərazisində çox dərin tarixi kökləri olduğu aydınlaşır. İstər arxeoloji, istərsə də etimoloji, ədəbi və miniatür mənbələr bu alətin oğuzlara, yəni azər-türklərə, həmçinin başqa türkdilli xalqlara da məxsus olduğu sübuta yetirilir. Hətta qeyri-türkdilli xalqlar da (ləzgi, avar və b.) bu aləti istifadə edərkən onun adında türkcə deyildiyi kimi, ağac qopuz (kumuz, xumus) sözünü saxlamışlar.
Dambur ifaçısı həm də bədahətən musiqilər oxumalıdır. Bu mahnılar halay adlanır. Həmin ifaçıya isə halayçı deyirlər. Bu ifaların hər biri folklor nümunələri sayılır. Başqa bölgələrdə bu cür folklor nümunələri qımqıma, nanay da adlanır.
Beləliklə, əsrlərin süzgəcindən keçib dövrümüzə gəlib çıxan və tənbur ailəsinə aid edilən nadir bir çalğı aləti ilə yaxından tanış olduq. Balakən damburu adlanan bu alətin gələcəkdə geniş tədqiqat mövzusuna çevriləcəyinə inanırıq.
ƏDƏBİYYAT:
- Hüseyni Ə.A. Orkestrin ulu babası. // “Ədəbiyyat və incəsənət” qəzeti. B.: 1976, 7 avqust, s. 4.
- Əliyev V.H. Tarixin izləri ilə. B.: Gənclik, 1975, 80 s.
- Ögel B. Türk kültür tarihine giriş. IX cilt, Ankara: Başbakanlık Basımevi, 1987, 393 sh. (türk dilində).
- Dastani Əhməd Hərami. B.: Şərq-Qərb, 2004, 120 s.
- Azərbaycan şair və aşıq qurbanları (tərtibçi: Ə.Cəfərzadə). B.: Gənclik, 1991, 288 s.
- Abdullayeva S.A. Azərbaycan xalq çalğı alətləri (musiqişünaslıq-orqanoloji tədqiqat). B.: Adiloğlu, 2002, 454 s.
- Кароматов Ф.М. Узбекская инструментальная музыка (наследие). Ташкент: издательство литература и искусство им. Гафура Гулама, 1973, 358 с. (rus dilində).
- Вертков К.А, Благодатов Г.И., Язовицкая Э.Э. Атлаc музыкальных инcтрументов народов CCCР. М.: Музыка, 1975, 400 c. (rus dilində).
- Kərimov K.C. Azərbaycan miniatürləri. B.: İşıq, 1980, 222 s. + 93 illüstrasiya.
- Cəfərzadə Ə.M. Cəlaliyyə (povestlər və hekayələr). B.: Gənclik, 1983, 466 s.
- Cəfərzadə Ə.M. Aşıq Sənəmlə görüş. // “Azərbaycan qadını” jurnalı, 1975, №11, s. 14-15.
- Şirvanlı Aşıq Bilal. Bir vaxt şam-çıraqla gəzərlər məni. B.: Elm və təhsil, 2012, 104 s.
доктор искусствоведения, профессор АНК
E-mail: a.najafzade@yahoo.com
БАЛАКЕНСКИЙ ДАМБУР – ОДИН ИЗ РАЗНОВИДНОСТЕЙ ТАНБУРА
Резюме
В статье Аббасгулу Наджафзаде представлена характеристика древнего азербайджанского инструмента – Балакенского дамбура. Исследуются происхождение, этимология, морфология, a также поэтические строки и миниатюрные рисунки, характеризующие инструмент дамбур.
Ключевые слова: Танбур (дамбур), мелодии дамбура, «Дастани Ахмед Харами», миниатюрные рисунки, известные исполнители
Doctor of study of Art, professor of ANC
E-mail: a.najafzade@yahoo.com
ONE OF THE MEMBERS OF FAMILY OF A TANBUR IS DAMBUR OF BALAKEN
SUMMARY
The author of the article “One of the members of family of a tanbur is dambur of Balaken” Abbasgulu Nadzhafzade tells about ancient Azerbaijani musical instrument – the dambur of Balaken. In article the studied sources, etymology, morphology, also poetic lines and the miniatures opening the characteristic of a musical instrument dambur.
Key words: Tanbur (dambur), dambur melodies, “Dastani Ahmed Harami”, miniatures, famous performers
Rəyçilər:
sənətşünaslıq üzrə elmlər doktoru, BMA-nın professoru Cəmilə Həsənova;
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Zakir Mirzəyev.