“Kəsmə şikəstə” zərbi muğamı haqqında deyəcəklərimiz
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 1, 2016
Sənətşünaslıq üzrə fəlsəfə doktoru
AMK-nın professoru
Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7
Email: musazaderafig@gmail.com
UOT 82-991.1
“KƏSMƏ ŞİKƏSTƏ” ZƏRBİ MUĞAMI HAQQINDA DEYƏCƏKLƏRİMİZ
Xülasə: Müəllif məqalədə aşıq sənəti, zərbi muğamlar və şikəstələr haqqında ətraflı məlumat verir. “Kəsmə şikəstə” zərbi muğamı haqqında mübahisəli yalnış fikirlərə qarşı tutarlı sübutlar və mütəxəssiz münasibəti ortaya qoyulur. Eyni zamanda “Kəsmə şikəstə”nin tarixi mənşəyi və ifa xüsusiyyətləri açıqlanır.
Açar sözlər: “Kəsmə şikəstə”, aşıq, zərbi muğam, şikəstələr, Şirvan, Sarıtorpaq
Mövzumuzu ölməz xalq şairimiz, aşıq sənətinin vurğunu, alovlu sənətkar Zəlimxan Yaqubun sözləri ilə başlamaq istərdik: “Allahın Azərbaycan xalqına əvəzsiz bir nemət kimi göndərdiyi ana saz, aşıq musiqisi min illərdir ki, ruhumuzun və könlümüzün xidmətindədir. Bu zəngin irsi zaman-zaman yaradan, yaşadan, nəsildən-nəsilə, müqəddəs ərmağan kimi təqdim edən ulu ozanlar, böyük ustadlar olmuşlar.
Sazı yaradan sazbəndin də, sazı yayan və yaşadan aşığın da, hər ikisi sənəti elmi şəkildə təbliğ edən alimin də, aşıq musiqisi sənətinin zəngin, tükənməz havacat xəzinəsindən istifadə edən bəstəkarın da bir müqəddəs məqsədi vardır. O məqsəd ki, bizi dirildən və duruldan anamızın ruhundan, atamızın qeyrətindən yoğrulub yapılmış ilahi qüdrətlə, sirli, sehirli ovsunla möcüzəylə dolu aşıq sənətini, saz dünyasını yaşatmalı, zənginləşməli dünyasını genişləndirməyə istiqamətləndirilməlidir”.
Aşıq yaradıcılığı Azərbaycan xalq professional musiqisinin mühüm bir sahəsini təşkil edir. Tarixin çox qədim dövrlərindən başlayaraq inkişaf edib gələn bu zəngin yaradıcılıq irsi bu gün də daim inkişaf etməkdədir. Aşıq hələ qədim dövrlərdə ozan, bəlkə də ondan da əvvəllər daha müxtəlif adlarla adlandırılmış və özündə sənətin üç növünü — musiqi, rəqs və şeiri birləşdirən bir sənətkar olmuşdur. Aşıqlıq sənəti əsil mənada şairlikdən fərqli olaraq saz çalmaq, rəqs etmək, oxumaq, şifahi xalq ədəbiyyatının nağıl, dastan və başqa növlərinin toylarda, məclislərdə ifa edərək yaymaq deməkdir. Lakin bu ifaçı aşıqlar sırasında elə sənətkarlar da olmuşdur ki, onlar eyni zamanda yaratdıqları qoşmaları, dastanları ilə başqa peşəkar sənətkarlardan fərqlənmişlər.
Aşıq xalqın sevimlisi, onun qəlbinə, ürəyinə daha yaxın sənətkardır. Onlar həmişə xalqın şad və qəmgin günlərində xalqla birlikdə sevilib, kədərlənmişlər. Məhz buna görə də aşıq ədəbiyyatı və aşıq sənəti xalq arasında rəğbətlə qarşılanaraq yaşamış və bu gün də yaşamaqdadır.
Azərbaycan aşıqlarının xüsusi adət-ənənələri, qayda və qanunları var. Ustad aşıqlar öz əsərlərində aşıqlığın yüksək ənənəvi qanun-qaydalarından dəfələrlə danışaraq, cavan aşıqlara, aşıq sənəti ilə maraqlananlara, bu peşənin o qədər də asan olmadığını, bu sənətkarların bilik, bacarıq, yüksək əxlaq və mənəvi keyfiyyətlərlə başqalarından fərqləndiklərini göstərmişlər.
Azərbaycan aşıqlarının keçmiş əsrlərdəki nümayəndələri əsasən xalq yaradıclıq nümunələrini ifa edən şəxsiyyətlər olmaqlar bərabər, şifahi xalq şeiri üslubunda yazan sənətkarların yaradıcılığını da geniş təbliğ edirdilər.
Aşıq poeziyasının gözəl nümunələrini yaradan qədim sənətkarlar xalq içərisində “dədə” adlanır və onlara böyük kəramət sahibi kimi baxılırdı. Öz əsərlərini xalq ruhunda yazan Qurbani, Tufarqanlı, Abbas və Xəstə Qasım kimi yaradıcı sənətkarların müəyyən hissəsi saz çalmaq, məclis keçirmək peşəsindən kənar olsalar da onların yaradıcılığı aşıq şeirinin bütün xüsusiyyətlərinə uyğun olduğu üçün “Ustad”, “Dədə” “Aşıq” kimi adlarla şöhrətlənə bilmişlər.
Aşıq sənətinin mühüm xüsusiyyətlərini qeyd etdikdən sonra şifahi ənənəvi professional musiqinin janrlardan biri sayılan zərbi muğamların bu sənətlə bağlılığını araşdırmağa çalışaq. Şifahi ənənəli professional musiqinin aparıcı janrı olan muğamın inkişaf tarixinin tədqiqi göstərir ki, Azərbaycanda zərbi muğamların bir janr kimi meydana gəlməsi qədim dövrlərdən başlayaraq XIX əsrin II yarısından etibarən inkişaf mərhələsini başlamışdır. Məlumdur ki, Azərbaycanda həm aşıq, həm də xanəndəlik sənətinin birgə yüksəlişi məhz bu dövrə təsadüf edir. XIX əsrin axırları XX əsrin əvvəllərində demək olar ki, bütün Qafqazda muğam üçlüyündən ibarət olan sazəndə dəstəsi şöhrət tapır. Muğam ifaçılığı sənətində uğur qazanan sazəndə dəstəsi saatlarla ifa edilən muğamların əvəzinə yığcam yeni ifa növlərinin axtarışına meyl etməyə başlayır. Artıq XX əsrin əvvəllərində təşkil edilən “Şərq konsertləri” və “Şərq gecələri” konsertlərində ifaçılar kiçik zərbi muğam nömrələrinə geniş yer ayırmağa üstünlük verirdilər.
Şikəstənin forma və quruluşu, melodiyası, poetik mətni və ifa tərzi aşıq musiqisi ilə sıx bağlıdır. Dahi Ü.Hacıbəyli bu bağlılıq haqqında belə qeyd edərək yazır: “Şikəstə və bayatıya aşıq dəstəsinin dəstgahı demək olar. Çünki, bu növ musiqi təğənnisi əsl onların sənətidir” (1. s. 219). Başqa bir yerdə Üzeyir bəy “Aşıq sənəti” məqaləsində belə söyləyir: “Aşıqlar Azərbaycan bayatıları və şikəstələrinin ən yaxşı ifaçılarıdır. Azərbaycanda aşıqlar sazəndələrdən əvvəl meydana gəlmişdir” (1. s. 252).
Zərbi muğamların mənşəyi ilə bağlı bir sıra alimlərin elmi tədqiqatlarında bu muğamların və şikəstələrin, aşıq sənətində mövcud havaların, xanəndə repertuarına adlanması ilə xarakterizə olunur. Zərbi muğamlar arasında “Arazbarı”, “Qarabağ şikəstəsi”, “Kəsmə şikəstə” və “Şirvan şikəstəsi” tam mənası ilə aşıq havasının xanəndə yaradıcılığında təqdim olunan variantıdır. Yəni adları çəkilən zərbi muğamların musiqi məzmunu, forması, məqamı və ritmik xüsusiyyətləri tamamilə üst-üstə düşür.
İndi isə yuxarıda adları çəkilən zərbi muğamlardan “Kəsmə şikəstə”nin yarandığı mühit, ifa xüsusiyyətləri və mənşəyi haqqında müəyyən fikir və düşüncələrimizi açıqlamağa çalışaq. Bu mövzuya münasibət bildirməyə səbəb sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadənin Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu tərəfindən nəşr olunmuş “Azərbaycan Muğamşünaslığı: problemlər və perspektivlər” (2015) adlı kitabında yazdığı “Bir daha zərbli muğamlar haqqında” məqaləsi olmuşdur. Burada bir neçə yalnış fikirlər bizi narahat etmişdir. Məsələn: müəllif iki yerdə qeyd edir: “Kəsmə şikəstə” aşıq yaradıcılığının məhsuludur. “Kəsmə şikəstə” zərbli muğamının əsl adı “Bakı şikəstəsi” olmuşdur. Görünür həmin şikəstənin yaradıcıları Bakı sənətkarları olduğundan qədimdə “Bakı şikəstəsi” adlandırılıb” (4. s. 389).
Burada ziddiyyətli fikirlər var. Sual olunur ki, qədimdə və ya sonralar Bakıda yaşamış və yaratmış hansı aşıq sənətinin nümayəndələri olubmu və onların nümayəndələri kimlərdir? Məlumatınız olsun ki, Bakıda Masazır kəndində yalnız bir, Həsən adlı aşıq olub. Bakıda toy məclislərinə ən çox Şamaxı və Salyan aşıqları dəvət olunardı. Əlində heç bir sübut və dəlil olmadan bütün məqalə boyu “Kəsmə şikəstə”nin yerinə “Bakı şikəstəsi” adını yazır. Hələ bu az deyilmiş kimi ardınca başqa bir yalnışlığa yol verərək yazır: “Bakı şikəstəsi”nə Bakı və Abşeron ərazisində bəzən “Qədəşi şikəstə” də deyirdilər”. Bu nə cəfəngiyyatdır?İndi kim zəmanət verə bilər ki, belə bir elmi kitabda nəşr olunan məqalədəki məlumatlar əsasında 30-40 ildən sonra meydana gələn diletant alimlərin dilində “Kəsmə şikəstə” “Lotu şikəstə”si kimi adlanmayacaq? Dönə-dönə hər yerdə söyləmişik ki, yolda, maşında, çay süfrəsi arxasında əldə etdiyiniz hər cür məlumatları elmə gətirməyin!
Xahiş edərdim ki, müəllif Abşeron kəndləri adından və xalq artisti, istedadlı tarzən Ağasəlim Abdullayevin adından danışmasın. Çünki bu yaxınlarda mən Ağasəlim müəllimdən “Bakı şikəstəsi” haqqında soruşanda cavabında mənə söylədi: “Mən, heç bir vaxt “Kəsmə şikəstə”nin sonradan “Bakı şikəstəsi” olması faktını heç kimə deməmişəm. Uzun illərdir ki, Bakı kənd toylarında xüsusən də Nardaranda toy məclislərində xanəndələri müşayiət edirəm. Hələ indiyə qədər eşitməmişəm ki, xanəndələrə “Bakı şikəstəsi” və ya “Qədeşi şikəstə”si sifariş etsinlər”.
Bu problemin doğru və düzgünlüyünə əmin olmaqdan ötrü zəmanəmizin iki ağsaqqal, tanınmış xanəndələrinə müraciət etdim. Məsələnin nə yerdə olduğunu onlara açıqladım. Lakin müəllifin adını söyləmədim. Onların öz dillərindən çıxan fikirləri olduğu kimi sizlərə təqdim edirik:
- “Şöhrət” və “İstiqlal” ordenli, “Qızıl çinar” mükafatçısı, xalq artisti və fəxri professor Əlibaba Məmmədov:
— Mənim 85-dən çox yaşım var. Ömrümün 70 ilini xanəndəlik sənətinə həsr etmişəm. Demək olar ki, altmış ildən bir qədər çoxunu toy məclislərində, konsertlərdə keçirtmişəm. Amma heç vaxt eşitməmişəm ki, “Kəsmə şikəstə”yə “Bakı şikəstə”si deyilsin və yaxud kəndlərdə ona “Qədeşi şikəstə” adı verilsin. Əvvəla “qədeş” sözünün şikəstəyə nə dəxli var?
Yadıma bir hadisə düşdü, qoy onu da danışım, 1950-ci illərdi, yadımdadır. Qarmonçalan Teyyub Dəmirov və mən dəfimlə imkanlı bir adamın toyunda iştirak edirdik. Məclisin şirin bir ye-rində qonaqlardan biri Teyyubdan “Kəsmə şikəstə” oxumasını xahiş etdi. Teyyub bir qədər çaşqınlıq keçirərək, məni göstərdi və dedi: Mənim üçün xanəndə Əlibabanın yanında “Kəsmə şikəstə” oxumaq ayıbdır, qoyun o, oxusun. Qonaq sözündə israrlı idi. Mən isə tez Teyyuba dönərək dedim ki, yaxşı deyil, səni istəyirlər sən də oxumalısan. Bu sözdən sonra Teyyub Dəmirov qarmonda çala-çala bir gözəl “Kəsmə şikəstə” oxudu ki, gəl görəsən. Demək istəyirəm ki, elə o zamanlar da “Kəsmə şikəstə”nin yerinə nə “Bakı şikəstəsi” nə də “Qədeşi şikəstə” deyilməmişdir. Rafiq müəllim, xahiş edirəm mənim adımdan onlara söylə ki, muğama bu cür münasibət göstərmək günahdır .
“Şöhrət” və “Şərəf” ordenli, “Ustad” medallı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” kafedrasının müdiri, professor Canəli Əkbərov:
— Mən Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov, Mütəllim Mütəllimov və s. ustad xanəndələr ilə müasirlərim arasında bir mənəvi körpü rolunu oynayıram. Adlarını çəkdiyim xanəndələr ilə bir yerdə işləmiş, üzlərini görmüş, nəfəslərini duymuş və oxuduqlarının şahidi olmuşam. Onların heç birindən “Kəsmə şikəstə”nin “Bakı şikəstə”si olmasını eşitməmişəm. Bütün zərbi muğamlar mənim ifamda lentə alınaraq radiomuzun qızıl fondunda saxlanılır. Mən Cənəli Əkbərov düz 55 il toylarda, el şənliklərində, əlli il isə sərasər bütün Abşeron kəndlərinin toy məclislərində xanəndəlik edirəm. Mənim heç vaxt yadıma gəlmir ki, kənd toylarında mənə “Kəsmə şikəstə”nin yerinə “Bakı şikəstə”si və yaxud heç adını çəkmək istəmədiyim sözün, dediyiniz şikəstəni (M.R: “Qədeşi şikəstə”) mənə sifariş etsinlər. Rafiq müəllim, belə adamlar, yəni muğam sənətində yararlı bir işi olmayanlar indi nə demək istəyirlər? Nə qədər gec deyil öz səhvlərini mətbuatda etiraf etsinlər”.
- Mən Hacıbaba Hüseynov kimi korifey sənətkarın tədrisi ilə bağlı xatirələrlə onunla 12 il birlikdə çalışmış, tələbələri ilə müşayiətçi müəllim kimi işləmiş, Milli Konservatoriyanın baş müəllimi, muğam bilicisi, Sabir Ələkbərova müraciət etməli oldum. Ondan xahiş etdim ki, Hacıbaba müəllimin tədris zamanı “Kəsmə şikəstə” haqqında tələbələrə verdiyi məlumatları açıqlasın. Sabir müəllim də yaddaşında olan xatirələrdən birini belə izah etdi: Hacıbaba müəllim həmişə adını çəkdiyiniz zərbi muğama “Kəsmə şikəstə” deyirdi. Tələbələrinə “Kəsmə şikəstə”ni keçərkən deyirdi ki, bir “Sarıtorpaq şikəstə”si də vardır ki, “Kəsmə şikəstə”yə çox yaxındır”.
Burada XIX əsrin axırı və XX əsrin əvvəllərində Abşeronda böyük nüfuza malik, klassik muğam ifaçısı “məşhur muğam bilicisi Mirzə Fərəc Rzayevi xatırlamaq yerinə düşərdi. Bizə maraqlıdır, ola bilərmi, Abbasqulu müəllim Mirzə Fərəcdən nümunələr, sitatlar gətirərkən onun haqqında yazılan “Xatirələr” kitabında aşağıdakı qeydlərlə ya rastlaşmasın, ya da rastlaşarkən onları bilərəkdən ötürüb keçsin? Məsələn: “Kəsmə şikəstə”nin Bakı və Şirvan mahallarında “Sarıtorpaq” adlanması M.Fərəc xatirələrinin ritmik (M.R:zərbi) muğamlar hissəsində təsdiq olunur” (3. s. 53).
“Zərbi muğamlar” (3. s. 51)
M.F.Rzayev
1. Kərəmi | 10. Şikəsteyi-Şirvan |
2. Osman- Gərayi | 11. Şikəsteyi-fars |
3. Qəribi | 12. Qarabağ şikəstəsi |
4. Qara kürd | 13. Kəsmə şikəstə (Sarıtorpaq) |
5. Arazbarı | 14. Əşiran |
6. Bayatı | 15. Keşişoğlu |
7. Osmanlı | 16. Heydəri |
8. Cığatayı | 17. Aşığı |
9. Ovşarı | 18. Bağlama və qeyriləri |
Gördüyünüz kimi, iki böyük sənətkarın “Kəsmə şikəstə” zərbi muğamının yarandığı mühit haqqındakı fikirləri bir-birini tamamlayır.
Yenə də başqa bir mənbədən istifadə etməyi özümüzə borc bilirik. Azərbaycan aşıqlar birliyinin sədri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Məhərrəm Qasımlının “Şirvan aşıq ifaçılığında muğam-xanəndə üslubunun yeri” məqaləsindən bəzi fikirlərlə tanış olaq: “Şirvan ifaçılığının ana axarını təşkil edən “Şəşəngi”, “Gözəlləmə” və “Şikəstə” havalar silsiləsi də muğam intonasiya üzərində qurulmuş aşıq mahnılarıdır” (4. s. 219). Digər səhifədə isə Məhərrəm müəllim Şirvan aşıq şikəstələrinin təsnifatını verir: “Şikəstə silsiləsində yer alan havalar: “Şirvan şikəstəsi”, “Qədim şikəstə”, “Zarıncı şikəstə”, “Qocaman şikəstə”, “Sarıtorpaq şikəstə”si və s. “Cahargah”, “Şikəsteyi-fars”, “Zil segah” və “Segah” muğamlarından məqam, ritm və intonasiya səviyyəsində faydalanmışdır” (4. s. 219).
Təqdim olunan nümunələrdən belə nəticəyə gəlmək olur ki, “Kəsmə şikəstə” zərbi muğamı Şirvan aşıq yaradıcılığında aşıq-xanəndə dəstələrinin məhsulu kimi qəbul oluna bilər. “Kəsmə şikəstə” zərbi muğamının yarandığı mühitlə tanış olduqdan sonra onun tarixi mənşəyi haqqında düşüncələrimizi, ehtimallarımızı izah edək. Tanınmış dirijor, müsiqişünas alim, xalq artisti Ə.Bədəlbəyli “İzahlı monoqrafik musiqi lüğəti” kitabında (2. s. 44) “Kəsmə şikəstə”ni aşağıdakı kimi xarakterizə edir: “Kəsmə şikəstə” – “Azərbaycan zərbli muğamıdır, instrumental müşayiətində bəzi musiqi cümlələri bir növ qırıq-qırıq ifa olunduğundan kəsmə adlandırılmışdır”.
Apardığıımız araşdırmalar, aşıqlarla etdiyimiz mübadiləvi söhbətlər əsasında məlum olmuşdur ki, “Kəsmə şikəstə” zərbi muğamının qədim aşıq havaları olan “Dilqəmi” və “Badamı-şikəstə” ilə melodik və ritmik cəhətdən yaxın qohumluq xüsusiyyətlərinə malikdir. “Dilqəmi” aşıq havasını, aşıq sənəti üzrə mütəxəssis Milli Konservatoriyanın dissertantı, dosent Mübariz Əliyev belə izah edir: “Əslində bu havanın adı “Diliqəmi”dir. Yəni, “dili qəmli” deməkdir. Bu aşıq mahnısı da Kəsmə şikəstə kimi ağır tempdə, lirik, minor xüsusiyyətli havadır. Cümlələri də qırıq-qırıq ifa olunur”.
“Kəsmə şikəstə”nin yaxın qohumluğu olan qədim havalardan biri də “Badamı şikəstə”dir. Dahi Ü.Hacıbəyli “Koroğlu” operasında bu şikəstədən məharətlə istifadə etmiş və yanıqlı melodiyası ilə tamaşaçıların zövqünü oxşamışdır.
Oxucularımıza əyani olaraq aydın olmaq üçün “Dilqəmi”, “Kəsmə şikəstə” və “Badamı şikəstə”dən bir parçanın not nümunələrini təqdim edirik.
“Dilqəmi”( 6. s. 160)
Qədim aşıq havası
Kəsmə şikəstə” (8. s. 15)
Ə.Bakıxanov n.y. T.Bakıxanov
“Badamı şikəstə”(5. s. 85)
Aşıq İmran Həsənovun ifasından
Onu da qeyd etmək lazımdır ki, “Dilqəmi” və “Badamı şikəstə”si qədim aşıq havaları olaraq Azərbaycanın qərb bölgəsinin aşıq məktəbinin məhsullarıdır.
Belə ehtimal olunur ki, Şirvan aşıq-xanəndə dəstələri qərb bölgəsi aşıqları ilə yaradıcılıq ünsiyyətində olmuş, onların ifa etdikləri havalara zərbi qoşaraq arada muğamlar oxumuş və nəticədə “Kəsmə şikəstə” kimi gözəl zərbi muğam meydana gəlmişdir.
Həqiqət xatirinə onu da etiraf etmək lazımdır ki, “Kəsmə şikəstə” zərbi muğamını Bakı camaatı da çox sevir və məmnuniyyətlə qulaq asırlar. Xüsusən də Bakıda qadın toylarında xanımlar “Kəsmə şikəstə”ni çox istədiklərindən qadın xanəndələrinə həmin şikəstəni xüsusi olaraq “Bakı şikəstə”si kimi sifariş edirdilər. Amma bu istək elə qadın toylarında bir istək olaraq qalmışdı. Lakin xalq gözündə “Kəsmə şikəstə” öz adıyla aprobasiyadan keçərək Şirvan aşıq mühitinə sadiqliyini saxlaya bildi.
ƏDƏBİYYAT:
- Hacıbəyli Ü.Ə. Əsərləri II cild. B.: Elm, 1965, 410 s.
- Bədəlbəyli Ə.B. İzahlı monoqrafik musiqi lüğəti. B.: Elm, 1969, 245 s.
- Rzayeva-Bağırova R. Tarzən M.Fərəc haqqında xatirələrim. B.: İşıq, 1986, 71 s.
- Azərbaycan muğamşünaslığı: problemlər, perspektivlər. B.: Təknur, 2015, 559 s.
- Mehdiyev Ç. Aşıq havaları I cild. Təbriz, 2004, 146 s.
- Kərimi S.Ə., Quliyev A.N., Əliyev F. Saz məktəbi. B.: Qarabağ, 2007, 232 s.
- Bakıxanov Ə.M. Azərbaycan ritmik muğamları. B.: İşıq, 1968, 48 s.
доктор философии по искусствоведению,
профессор АМК
НЕКОТОРЫЕ МЫСЛИ О ЗЕРБИ МУГАМЕ «КЕСМЕ ШИКЕСТЕ»
Резюме
В статье автор дает подробную информацию о зерби мугамах, об ашыгском искусстве. Приводятся веские аргументы против ложных и спорных мыслей о зерби мугаме «Кесме шикесте». Раскрывается история происхождения и особенности исполнения «Кесме шикесте».
Ключевые слова: «Кесме шикесте», ашыг, ритмический мугам, Ширван, Сарыторпаг
PhD on Аrt science, professor of ANC
ABOUT RIDDLES OF MUGHAM «KASMA SHIKASTA»
Summary
Author provides information about the ashug music, riddles of mugham and shikasta and compelling evidence, expert’s attitudes against false statements about Kasma-Shikasta was researched. At the same time performance characteristics and the historical origins of Kasma-Shikastais was disclosed.
Key words: Kasma Shikasta, ashug, riddles of mugham, Shikastas, Shirvan, Saritorpag
Rəyçilər:
professor A.Abdullayev;
professor F.Dadaşov