Şirvanın Autentik Folklor nümunələri
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
«KONSERVATORİYA» № 2, 2017
Gülxanım ƏSƏDZADƏ
Etnomusiqişünas-magistr
Email: asadzade-gulxanim@mail.ru
UOT 78.031.4
ŞİRVANIN AUTENTİK FOLKLOR NÜMUNƏLƏRİ
Xülasə: Məqalədə ekspedisiya zamanı Şirvanın qədim məskənlərindən biri olan Qobustan şəhərindən toplanılan folklor nümunələri təqdim olunur. Qarşımıza çıxan nümunələr əsasən xınayaxdı, toy və uşaq mahnılarından ibarətdir. Sahə araşdırması zamanı informatorlar müxtəlif adət-ənənələri danışaraq, musiqi nümunələri ifa etmişlər. Tədqiqat işləri bir daha sübut etdi ki, hələ də toplanılmamış musiqi nümunələri yaşamaqdadır.
Açar sözlər: Şirvan, Qobustan, folklor, xınayaxdı, toy, uşaq mahnıları
Azərbaycanın qədim yaşayış ərazilərindən biri, Şirvan regionunda yerləşən Qobustan[1]şəhərinin folklor musiqisi olduqca zəngindir. Lakin təəssüflə qeyd etməliyik ki, insanların böyük şəhərlərə axın etməsi ilə burada folklor nümunələri yox olmaq üzrədir. İnformatorlardan aldığımız məlumata görə qədim zamanlarda müxtəlif şənlik və məclislərdə, eləcə də məişətdə fərqli folklor nümunələri ifa edilərmiş. Musiqi sözügedən məclislərin əsas qayəsini təşkil edir. Bu səbəbdən də, xalqın yaddaşlarında qalmış və günlük həyatlarında istifadə etdikləri autentik musiqi folklor nümunələrini bu gün toplamağı özümüzə borc bilirik. Qeyd edək ki, Şirvanın autentik musiqi folklorunun ilk dəfə olaraq öyrənilməsini macar etnomusiqişünası Yanoş Şipoş həyata keçirmişdir. Müəllifin 2005-ci ildə işıq üzü görmüş “Azərbaycan el havaları. Musiqinin ilkin qaynaqlarında” adlı böyük tədqiqat əsərində (2) Şirvanın autentik musiqi folklorunun müxtəlif janrlarına dair musiqi nümunələrinə rast gəlmək mümkündür. Eləcə də, Şirvanın musiqi folklorunun öyrənilməsində professor F.Xalıqzadənin də müstəsna xidmətləri olmuşdur.
Adı çəkilən ərazidən topladığımız nümunələr toy, xınayaxdı və uşaq mahnıları ilə bağlı ifa olunur. Təqdim edəcəyimiz ilk nümunələr ənənəvi xınayaxdı havalarıdır. Azərbaycan xalqının təfəkküründə toy adət-ənənəsi ən qədim tarixə malik, çal-çağırlı bir hadisədir. Xınayaxdı mərasiminin iştirakçıları qadınlar və cavan qızlardır. Sözügedən mərasim bütün gecə boyu davam edir və şənlik zamanı müxtəlif mahnılar, rəqslər ifa edilir.
Biz Sündü ekspedisiyası zamanı xınayaxdı ilə bağlı iki nümunə əldə edə bildik. Qeyd edək ki, informatorlardan biri Orucova Gülcahanın verdiyi məlumata əsasən bu nümunələri ona öz nənəsi oxuyub. Daha sonralar bu nümunələri informantın özü Şamaxıda fəaliyyət göstərən folklor ansamblının tərkibində ifa etməyə başlayıb.
Gəlinin yeni həyata qədəm qoyması ilə əlaqədar ağbirçək və yaşlı qadınların ona xeyir-dua, öyüd-nəsihət və məsləhətlərin verilməsi musiqi parçasının sözlərində aydın şəkildə xarakterizə olunur. Səkkiz hecalı quruluşa malik olan poetik mətn musiqi ilə vəhdət təşkil edir.
Nümunə №1
Nota köçürən: Əsədzadə Gülxanım
Nümunə toy mərasiminə uyğun ritmik özəlliyi ilə seçilir. Melodiya Azərbaycan musiqisinə xas olan 6/8 ölçüsündə ifa olunur. Ümumilikdə, bəndlərin musiqisi arasında fərq müşahidə edilmir. Ona görə deyə bilərik ki, hər bənd bir perioddan və hər misranın sözləri bir frazadan ibarətdir.
Birinci və ikinci misranın melodiyası birinci cümləni, üçüncü və dördüncü misranın melodiyası isə ikinci cümləni əmələ gətirir. İki cümlədən ibarət olan period formasında hər cümlənin üçüncü və dördüncü xanəsi eynidir:
Qeyd etmək lazımdır ki, cümlələrin hamısı əsas pərdədə bitir. İnformator nümunəni ifa edən zaman ikinci bəndi bir qədər yüksələn creshendo ifa etmişdir. Hər bəndin əvvəli crescendo olunduğu halda, bəndin son iki melodik misrası diminuendo ifa olunurdu. Tətbiqi əhəmiyyət daşıyan xınayaxdı nümunəsi tam kadensiya ilə tamamlanır.
Toy mərasim musiqisi ilə bağlı olan digər nümunə “Səhəng” adlanır.
Nümunə №2.
Nota köçürən: Əsədzadə Gülxanım
İnformator Orucova Gülcahanın verdiyi məlumata görə bu nümunəni qızlar bulaq başında olarkən və xınayaxdı mərasimi zamanı oxuyur. “Səhəng” nümunəsi iki qrupdan ibarət qızlar tərəfindən, sual-cavab şəklində ifa olunur. Bu da Azərbaycan xalq musiqisində çoxsəsli musiqinin də olmasına bir nümunədir.
Bu nümunə də, öncəki nümunə kimi şux, oynaq xarakterdədir. Poetik mətnlərin musiqisi arasında heç bir fərq müşahidə olunmur. Yeddi hecalı misradan təşkil olunmuş mətn melodik misralarla uyğundur.
Birinci və ikinci cümlələr 4 xanə olmaqla, sual-cavab quruluşunu yaradır. “Ay huvoylu huvoylu” melodik misrası daim cavab partiya kimi səsləndirilir. Bu hissə unison, xor şəklində oxunduğu halda, digər melodik misralar tək ifaçı tərəfindən ifa olunur. Qeyd edək ki, “Huvoylu” nəğmələrinə Qarabağda da rast gəlmək mümkündür.
Təhlil olunan digər nümunə “Ay ağalar” informator Abdalov Cavidin verdiyi məlumata görə bu mahnı əsasən toy mərasimlərində, xüsusən toy axşamlarında yaşlı nəsil tərəfindən bir araya toplaşaraq ifa olunur. Satirik ruhda olan bu kompozisiyanı adətən qaynanalar gəlinləri üçün oxuyurlar. Ümumi məzmun şən, şuh, yumoristik abu-hava bağışlayır.
Nümunə 3.
Nota köçürən: Əsədzadə Gülxanım
Nümunədə aşıq şeirinin formalarını görmək mümkündür. Belə ki, ritmik şəkildə ifa olunan musiqinin mətni on bir hecalı qoşma quruluşundadır. Bu da Qobustan ərazisində, daha dəqiq desək, Şamaxı bölgəsində illər ərzində xalq musiqisinin aşıq yaradıcılığı ilə olan qarşılıqlı əlaqəsindən xəbər verir.
Bilindiyi kimi, Azərbaycan toy mərasimləri bir neçə mərhələdən ibarətdir. Ekspedisiya zamanı toy mərasimi ilə bağlı qarşımıza çıxan digər nümunə oğlan adamlarının qız evində oxuduğu mahnıdır. Azərbaycanda bir çox ərazilərdə, eləcə də Qobustanda da qız toyundan sonra oğlan toyu baş tutur. Oğlan toyu başlamamışdan öncə, gəlini qız evindən ailə quracağı evə gətirirlər. Bu mahnı ilə sanki gəlini aparan oğlan adamı qız evini xəbərdar edir. Nümunə №4qürur hissi ilə deyilən “Şal almağa gəlmişik” sözləri ilə başlayır. Toy camaatının sevincli olmağı nümunə №4-ün ifa tərzindən sezilir. Bu nümunə adətən şən, oynaq şəkildə yaşlı, ağbirçək qadınlar tərəfindən ifa edilir. “Şal almağa gəlmişik” nümunəsi ifa olunan zaman həm ifaçılar, həm də gələn qonaqlar ritmə uyğun şəkildə əl çalırlar.
Nümunə №4.
Nota köçürən: Əsədzadə Gülxanım
Vurğulmaq lazımdır ki, bu nümunə demək olar ki, Azərbaycanın bütün regionlarında mövcuddur. Lakin hər biri məhəlli xüsusiyyətlərinə görə biri-digərindən seçilir. Məsələn, Abşeron ərazisində bu nümunə oynaq, ritmik şəkildə yox, əksinə aramla ifa edilir. Eləcə də, poetik mətndə də bir qədər dəyişikliklər özünü büruzə verə bilər.
Sahə araşdırmaları nəticəsində qarşımızıa çıxan digər nümunələr uşaq oyun havaları ilə bağlıdır. Xalqın əyləncəsini, məişətini təsvir edən uşaq oyun havaları mövzu, məzmun baxımından rəngarəngdir və bir-birindən fərqlənir. Adından da göründüyü kimi, bu nümunələr uşaqların bir-birilə oynadığı zaman istifadə etdiyi parçalardır. Bütün uşaq oyun havaları ilə bizi Sündü kəndinin sakini informator Abdalov Cavid tanış etmişdir.
İlk nümunə “Paravoz” adlanır. Poetik mətndə uşaqlar biri digərini oynamağa səsləyir:
Nümunə №5.
Nota köçürən: Əsədzadə Gülxanım
Ümumən on iki xanədən ibarət nümunədə b3 və k3 intervallarına sıçrayışları üstünlük təşkil edir. Zənnimizcə, bu da şüuraltı olaraq uşaq oyun havası olduğundan qaynaqlanır.
Uşaq oyun havaları ilə bağlı olan digər nümunə “Çilingağac” oyunu zamanı uşaqlar tərəfindən ifa edilir. İki dəstədən ibarət olan bu oyunda hər dəstədən iki-üç nəfər iştirak edir. Adətən, oğlanların oyunu olduğundan əsas məğzi ağac parçasının daha uzaq məsafəyə atılmasındadır. Uduzan tərəf isə qalib gəlmiş dəstə tərəfindən cəzalandırılır. Cəza isə “Çilingağac” mahnısının ifa edilməsidir. Cəzanın çətinliyi rəqib tərəf çatana qədər mahnının birnəfəsə oxunmasıdır. Əgər verilmiş cəzanı uduzan dəstə yerinə yetirə bilməsə, yenidən nümunəni oxumaq məcburiyyətində qalır.
Nümunənin sadə və lakonik olması onun uşaq musiqisinə aid olduğunun sübutudur. Burada poetik mətn qısa misralardan təşkil olunur. “Çilingağac” oyununda ifa olunan mahnı çox cəld tempdədir və sonda kəlmənin uzadılması ilə tamamlanır. İfa olunan melodiya rast məqamı təəssüratını oyadır.
Nümunə №6.
Nota köçürən: Əsədzadə Gülxanım
Ekspedisiya zamanı tanış olduğumuz digər nümunə həm uşaqlar bir-birilə oynadığı zaman, həm də uşaqları oxşayan, sakit edən zaman ifa olunur. Qeyd edək ki, bu nümunəyə biz Abşeronda da rast gəlmişik. Lakin bu nümunələr arasında fərq musiqisində yox, poetik mətnindədir. Bu da hər arealın özünəməxsus dili və ləhcəsi olmasından irəli gəlir. Eləcə də, Abşeron ərazisində bu nümunə yalnız uşaqların bir-birilə oyunu zaman ifa olunur.
Nümunə№7.
Nota köçürən: Əsədzadə Gülxanım
Şamaxı ərazisində:
Əkdim noxud
Bitdi söyüd
Yarpağı şabalıd
Abşeron ərazisində:
Əkdim noxud
Bitdi şüyüd
Yarpağı şabalıd
Çöl-sahə araşdırmaları zamanı qarşımıza çıxan digər nümunə bir qədər fərqliliyi ilə seçilir. Belə ki, informator Abdalova Xan Nisə nənənin verdiyi məlumata əsasən bu nümunə “Teşti” oyunu adlanır. Lakin elmi mənbələrdə “Teşti” nəğməsi mövsüm nəğməsi kimi yağışla bağlı olaraq ifa olunduğu qeyd olunur. İnformantın bizə verdiyi məlumata görə isə bu nümunəni uşaqlar oyun zamanı ifa edirlər. Uşaqlar teşt[2] götürərək onu çalğı aləti kimi istifadə edərək mahnını oxuyurlar.İti, cəld tempdə ifa olunan “Teşti” oyunu 6/8 ölçüsündədir. Bu nümunədə rast məqamının çalarlarını, rüşeymini görmək mümkündür. Uşaq oyun havalarına xas dar diapazondadır.
Nümunə №8.
Nota köçürən: Əsədzadə Gülxanım
Növbəti təhlilə cəlb olunan nümunə analar və ya nənələr tərəfindən qız övladı üçün oxunan nümunədir. Mövzu etibarı ilə əsasən valideyn, xüsusən də ana və nənələr öz qız övladını təriflədiyi halda, oğul övladına zarafat ilə yanaşır.
Nümunə №9.
Nota köçürən: Əsədzadə Gülxanım
Ritmik, şən, gümrah, yumoristik xarakterdə olan nümunə informant Ağayeva Nanəgülün dediklərinə əsasən körpə qız uşaqlarını oynadan zaman ifa olunur. Si mayəli rast məqamında ifa olunan nümunədə sonuncu dörd xanədə do mayəsi ilə əvəz olunur. Folklor mühiti olduğu üçün informant burada mayəni sonadək saxlaya bilməmişdir. 6/8 ölçüsündə ifa olunan nümunə səkkizlik və çərək notlardan təşkil olunub. Melodiyanın diapazonu k6 intervalı çərçivəsində, kiçik oktavanın lya notundan birinci oktavanın mi notuna qədər olan məsafəni əhatə edir.
Beləliklə, Qobustanın ərazisinə təyin edilmiş ekspedisiya zamanı bizim qarşımıza çıxan iki xınayaxdı, iki toy mahnısı və beş uşaq mahnısını araşdıra bildik. Araşdırılan nümunələr Şirvan ərazisinin musiqi folklor mühiti anlayışının və autentik folklorun ümumi cizgilərinin formalaşmasında qismən də olsa müəyyən rol oynadı. Tədqiqat işləri bir daha sübut etdi ki, hələ də araşdırılmamış folklor nümunələri mövcuddur. Kütləvi informasiya vasitələrinin insanların həyatına nüfuz etməsi, əhalinin böyük şəhərlərə miqrasiya etməsi kimi halların baş verdiyi zamanda mənəvi xəzinəmiz hesab edilən folklor nümunələrinin toplanılması, tədqiq olunması aktual məsələlərdən biri kimi qalmaqdadır.
ƏDƏBİYYAT:
- Xalıqzadə F.Şamaxı folklor musiqi ənənələrinin tədqiqinə dair. / Ulu öndər Heydər Əliyev İrsində Multikultural və Tolerant dəyərlər mövzusunda konfrans materialı. B.: 2016, 400 s.
- Şipoş Y. Azərbaycan el havaları. Musiqinin ilkin qaynaqlarında. B.: Əbilov, Zeynalov və oğulları, 2005
- Kərimova T.M. Ana folklorunun mədəniyyətimizdəki rolu. Ana folkloru. B.: 1994, 150s.
Этномузыковед
АУТЕНТИЧЕСКИЕ ФОЛЬКЛОРНЫЕ ОБРАЗЦЫ ШИРВАНА
Резюме:В статье представлены фольклорные образцы, которые были собраны во время экспедиции в Ширване Гобустанского города. Собранные образцы в основном принадлежат свадебным торжествам и детским песням. Информанты, рассказывая о свадебных обычаях, воспроизвели несколько народных песен, посвященных различным народным торжествам. Исследования показали, что существует еще очень много не найденных фольклорных образцов.
Ключевые слова: Ширван, Гобустан, фольклор, свадебные песни, детские песни
Ethnomusicologyst
AUTHENTIC FOLKLORE OF SHIRVAN
Summary:This article give information about folklore examples which gathered in expedition in city Qobustan of Shirvan. Collected samples about wedding and nurseries songs. The people who lives there gives information about traditions and sing a lot of songs.
Key words: Shirvan, Qobustan, folklore, wedding songs, nursery songs
Rəyçilər:
sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova
sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Fəttah Xalıqzadə
[1]Tarixi abidələri və ziyalıları ilə tanınan bu kənd, Bakıdan 101 km uzaqlıqda yerləşir. Əhalisi əkinçilik, üzümçülük və heyvandarlıqla məşğul olur.
[2]Kənd əhalisinin məclislər zamanı istifadə etdiyi xörək tavaları