“Çoban yaylağı” peşrovu
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 2, 2017
Magistr musiqişünas
E-mail: hecer-məmmədli@mail.ru
UOT: 780.06
“ÇOBAN YAYLAĞI” PEŞROVU
Xülasə: Məqalədə Şirvan aşıq sənətinə məxsus olan “Peşrov” janrından bəhs olunur. Onun yaranması, tarixi inkişaf mərhələsi, dəqiq ritmikası və xarakteristikası ön planda verilir. Müəllif “Çoban yaylağı” peşrovunu nota köçürmüş və geniş təhlilini vermişdir.
Açar sözlər: aşıq, Şirvan, peşrov, məqam, “Çoban yaylağı”
“Peşrov” dəqiq ritmli, lirik xarakterli aşıq havalarından biridir. Peşrovların sayı müxtəlif mənbələrdə fərqli göstərilir. Peşrovlar Şirvan şikəstələri kimi müxtəlifliyə malikdirlər. Peşrovlar arasında “Çoban yaylağı”, “Şəmsi Qəmər”, “Eyvaz” peşrovu daha çox ifa olunan variantlardır.
Peşrovların ilk not yazıları Aşıq Şamil Piriyevin yaradıcılığına həsr olunmuş tədqiqat işinin müəllifi Kamilə Dadaşzadəyə məxsusdur (1, s.7). Adı çəkilən tədqiqat işində müəllif 3 peşrov havasını nota salaraq təqdim etmişdir.
Digər not yazısı isə İlqar İmamverdiyevin notlaşdırdığı peşrovdur ki, bu not yazısı 2011-ci ildə nəşr olunmuş “Şirvan aşıqlarının saz havaları” kitabında verilir (7, s.72). 34 havanın təqdim olunduğu bu məcmuədə İlqar İmamverdiyev Şirvan aşıqlarının repertuarında yer alan havaları notlaşdıraraq musiqi ictimaiyyətinin ixtiyarına vermişdir. Əldə olunan materiallara əsasən peşrovlar məqam (lad) kökünə və poetik əsasına görə adlanır. “Telli sazım”, “Şəmsi Qəmər”, “Eyvaz” peşrovu poetik mətnin rədifinə, “Şur” və “Hicazi” peşrovu məqam kökünə görə adlanır. “Çoban yaylağı” peşrovu təbiətlə, “İbrahimi”, “Əlicadi” peşrovu (məçhur zurna ifaçısı Əli Kərimovun bəstəsi) insan adları ilə, “Kərəm” peşrovu “Kərəmi” havaları ilə əlaqəli adlandırılmışdır.
Peşrovlar məqam əsasına görə də qruplaşır. Peşrovlar əsas etibarilə rast, şur, segah məqamlarına əsaslanır. Burada “Mahur”, “Şur”, “Şahnaz”, “Hicaz”, “Segah” muğamlarının intonasiyaları üzərində qurulan peşrovlar vardır. Məsələn, “Çoban yaylağı” peşrovu – “Mahur”, “Kərəm” peşrovu – “Segah”, “Şəmsi Qəmər” – “Şahnaz” və s. köklərə əsaslanır.
Təhlil zamanı Aşıq Şərbətin ifasından “Şəmsi Qəmər”, “Əlicadi”, Aşıq Rza Qobustanlının ifasından “Telli sazım” peşrovu, Aşıq Ağamurad İsrafilovun ifasından “Çoban yaylağı” peşrovu, Aşıq Abbas Musaxanoğlunun ifasından “Eyvaz” peşrovu, Aşıq Elçin Rəşidoğlunun ifasından “İbrahimi” peşrovu, eləcə də Aşıq İslamın, Aşıq Mahmud və Aşıq Eminağanın ifasından müxtəlif peşrov havalarının lent yazılarından istifadə olunmuşdur.
Xarakter etibarilə bütün peşrovlar lirik, həzin melodik dilə, 3/4 ölçüsünə əsaslanan sabit ritmik quruluşa malikdir. Peşrovların məzmunu daha çox şikayət xarakterli, həsrət və küskünlük ifadə edən mətnlərdən ibarət olur. Onlardan bir sırası məhəbbət mövzulu, sevgilisinə həsrət qalan aşiqin qəmli şikayətlərini canlandırır.
Şirvanda toy məclisini aşıqlar idarə edərkən məclis peşrov janrı ilə açılır. Bu barədə Şirvan aşıq mühitinin son ustadlarından sayılan Şərbət Fətiyevin müsahibələrindən məlumat alırıq. Şərbət Fətiyev XX əsrin II yarısında yaşayıb yaratmış Şirvan aşıq məkətəbinin görkəmli nümayəndələrindən biridir. İstedadlı aşığın ifasında bir sıra aşıq havaları öz mükəmməl ifa təcəssümünü tapmışdır. Aşıqlıq sənətini o, atası aşıq Cənnətalıdan öyrənmişdir. Balaban ifaçısı Quliyev Ağaverdi Gülverdi oğlu ilə birgə ifaçılığa başlamışdır. Şərbət Fətiyev 1954-cü ildə Şamaxıya gəlmiş və ilk dəfə toya dəvət almışdır. Gənc aşığın məclis aparmağı kənd camaatını valeh edir və aşıq hər gün toylara dəvət alaraq istedadlı sənətkar kimi xalq arasında şöhrət tapır. Aşıq ilk dəfə 1956-cı ildə Azərbaycan Dövlət Dram Teatrında müsabiqədə çıxış edərək laureat olmuşdur. 1956-58-ci illərdə Aşıq Şakir, Aşıq Pənah, Aşıq Məmmədağa, Aşıq Bəylərlə bərabər filarmoniyaya dəvət alaraq çıxışlar edirdi.
Aşığın dilindən “Şəmsi Qəmər”, “Eyvaz” (bu adda iki peşrov var, “Eyvaz” peşrovundan sonra təsnif oxunur), “Dodaqdəyməz”, “İbrahimi”, “Çoban yaylağı” və s. peşrovlarının olduğunu öyrəndik və öz ifasında “Şəmsi Qəmər” peşrovunun, “Yarıma bənzər” rədifli peşrov və “Əlicazib” peşrovunun (“Yadıma düşdü” rədifli) lent yazılarını qeydə almışıq. Aşığın söylədiklərinə görə, peşrov sözünün mənası “açılış, başlanğıc” deməkdir. Aşıq məclisi də məhz peşrovla başlanır.
Aşıq Şərbət peşrovları oxuduğu zaman onların hansı muğam kökünə əsaslandığını da qeyd etmişdir. O cümlədən “Şəmsi Qəmər” peşrovu “Şahnaz” kökündə, “Əlicadi” peşrovu “Segah” kökündə, “Yadıma düşdü” peşrovu isə “Şur” kökündə olması qeyd olunur. “Çoban yaylağı” peşrovu isə “Mahur” kökündədir.
Məqalədə təqdim edilən “Çoban yaylağı” peşrovu Şirvan aşığı Ağamurad İsrafilovun ifasından nota salınmışdır. Bu peşrov “Mahur” kökündədir, rast məqamına əsaslanır. Aşıq ifaya sazla, kiçik bir muğam parçası ilə başlayır. Müşayiət dəstəsi (saz, balaban, qoşanağara, nağara) bəhrli instrumental girişi səsləndirir. Əvvəlki peşrovda olduğu kimi, burada da giriş kupletin mövzusu üzərində qurulmuşdur:
Nə ağlarsan, nə sızlarsan,
Bir dərdi beş olan könlüm.
Axırda zünnər bağlarsan,
Qəmə yoldaş olan könlüm.
Bir yar gəlir obasından,
Alım dərdi bəlasından.
Çərxi fələk badasından (badəsindən),
İçib sərxoş olan könlüm.
Abbas ağlar arsız-arsız,
Dünya olub etibarsız.
Deyirdin dözərəm yarsız,
Döz, bağrı daş olan könlüm.
İlk baxışdan üç bəndlik quruluşda hər misra iki dəfə təkrar olunduğuna görə musiqi nümunəsinin həcmi olduqca genişlənir. Digər tərəfdən qeyd etmək lazımdır ki, hər misra mətn etibarilə eynilə təkrarlansa da, musiqi cümləsinin sonluğu fərqli olur. Belə ki, birinci misra iki dəfə təkrarlanaraq sual cümləsini, ikinci misra isə cavab cümləsini yaradır. Bu ilk iki misra həm də peşrovun leytmövzusunu təşkil edir. İkinci misranın təkrarı zamanı aşıq səsini bir qədər oynadaraq özünəməxsus melizmləri, “bəzək”ləri ilə variantlılıq yaradır. Vokal ifadan sonra balaban həmin parçanı olduğutək araçalğı kimi səsləndirir.
Nümunə №1
Növbəti iki misra da eyni qaydada ifa olunduqdan sonra isə instrumental parça səslənir. Bu dəfə instrumental parça bir qədər dəyişilmiş şəkildə təqdim olunur. İki musiqi cümləsi hər biri iki dəfə keçir. Birinci cümlədə ritmik variantlılıq (triollar) və diapazonun yüksəlməsi müşahidə olunur. Növbəti dörd misralıq kupletin musiqi materialı olduğu kimi qalır, aşıq birinci misranın tərkibinə “alagöz”, “ay canım” kimi əlavə sözlər daxil edir. Birinci misranın “bir yar gəlir” ifadəsi tam üç dəfə keçir, bu arada isə hər keçiddə sonluq fərqli verilir, sanki keçidlər sual-cavab formasında qurulur. Keçidlərin sonuna aşıq birinci dəfə “alagöz”, ikinci dəfə isə “ay canım” ifadələrini əlavə edərək musiqi ilə mətn arasında balans yaradır. Birinci misradan sonra araçalğı keçir və aşıq növbəti misranı yenə də iki dəfə təkrar edərək periodu tamamlayır.
Birinci perioddan sonra aşıq dərhal üçüncü misranı səsləndirir. Aşığın ardınca balaban eyni materialı olduğu kimi təkrar edərək növbəti araçalğını ifa edir. Dövrdüncü misranın ifasından sonra aşıq əvvəldə istifadə etdiyi “alagöz” və “ay canan” ifadələri üstündə bəzi peşrovlara xas olan keçidi səsləndirir. Bu parçaya Aşıq Şərbətin ifasında səslənən “Əlicadi” peşrovunda da rast gəlinir.
Nümunə №2
Bundan sonra birinci kupletin ardınca səslənən instrumental keçid yenidən ifa olunur. Üçüncü kupletin iki misrası mayənin zilində səslənir. Bu misralar peşrovun kulminasiyasını təşkil edir. Növbəti misralar geri qayıdışı təşkil edərək mayəyə enir və peşrovun əsas kadansı rolunu oynayan cümlə ilə növbəti periodu tamamlayır. Lakin bununla peşrov tamamlanmır. Yenidən instrumental giriş keçir, daha sonra aşıq sonuncu kupletin son iki misrasını ifa edərək bütün musiqi nümunəsini tamamlayır. Girişin sonda yenidən keçməsi isə musiqiyə vahid quruluş gətirir.
Nümunə №3
Təhlil zamanı müxtəlif aşıqların ifaları əsas götürülmüş, not misalları həm mövcud tədqiqat əsərlərindən əxz edilmiş, həm də tərəfimizdən həyata keçirilmişdir. Bütün araşdırmalar və nəzəri təhlillər onu göstərdi ki, peşrov janrı aşıq sənətində silsilə havalar qrupuna aiddir.
ƏDƏBİYYAT:
- Axundova K.H. Aşıq Şamil Piriyev (metodiki material).B.:Az.SSR Mədəniyyət Nazirliyi, 1988, 36 s.
- Babayev E.Ə. Ənənəvi musiqimiz. B.: Elm, 2001, 116 s.
- Eldarova Ə. M Azərbaycan aşıq sənəti. : Elm, 1996. 168 s.
- Hacıbəyov Ü.Ə. Azərbaycan xalq musiqisinin əsasları. B.: Yazıçı, 1985, 154 s.
- Köçərli İ. Aşıq sənəti:musiqili poetik janrlar. B.: Elm, 2010, 218 s.
- Məmmədov A.Azərbaycan xalq — professional musiqisi: aşıq sənəti. Dərs vəsaiti. B.: Şur, 2002, 96 s.
- İmamverdiyev İ.C. Şirvan aşıqlarının saz havaları. B.:Ozan, 2011, 107 s.
Музыковед
ПЕШРОВ «ЧОБАН ЙАЙЛАГЫ»
Резюме: В статье говорится о жанре Пешров, который относится к Ширванскому ашыгскому фольклору. Основными обсуждаемыми темами статьи являются возникновение жанра Пешров, этапы его исторического развития, его ритмические особенности и характеристика. Автор нотировал и широко проанализировал Пешров “Чобан йайлагы” на основе других пешровов.
Ключевые слова: ашыг, Ширван, пешров, лад, «Чобан йайлагы»
Musicologist
“CHOBAN YAYLAGI” PESHROV
Summary: Summary: The article is devoted to the Peshrov genre belonging to folk music of Shirvan’s Ashug. The origin, historical development, the exact rhythm and characteristics of this genre are the main points of article. Among the peshrovs, the author thoroughly analyzed and converted “Choban yaylagi” to notes.
Key words: ashug, Shirvan, peshrov, mode, “Choban yaylagi”
Rəyçilər: sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Leyla Quliyeva;
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Cəmilə Mirzəyeva