Aşıq Hüseyn Şəmkirlinin “Reyhan” dastanının yeni ədəbi-musiqili nəşri haqqında
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
«KONSERVATORİYA» 2018 № 4
Səidə KÖÇƏRLİ
Ü.Hacıbəyli adına BMA-nın müəllimi
AŞIQ HÜSEYN ŞƏMKİRLİNİN “REYHAN” DASTANININ
YENİ ƏDƏBİ-MUSİQİLİ NƏŞRİ HAQQINDA
Bu yaxınlarda yeni bir kitab işıq üzü görmüşdür. Bu “Aşıq Hüseyn Şəmkirli. Reyhan dastanı” kitabıdır. Kitabın tərtibçisi və elmi redaktoru sənətşünaslıq üzrə elmlər doktoru, professor İradə Köçərlidir. Kitabın rəyçiləri isə tanınmış aşıqşünas alimlər Məhərrəm Qasımlı və Kamilə Dadaşzadədir. Əsər “Ön söz. Aşıq Hüseyn Şəmkirlinin “Reyhan” dastanı”, “Reyhan dastanı” – təhkiyə, şeirlərin mətni, havaların not yazıları, Əlavə, “Not yazılarına aid qeydlər” bölmələrindən, rus və ingilis dillərində xülasələrdən ibarətdir. Əsər elmi ictimaiyyətə az tanış olan “Reyhan” adlı aşıq dastanı haqqındadır və dastanın musiqili-poetik və təhkiyə hissələrindən ibarət ilk nəşridir. Bu dastan Şəmkirli ustad Aşıq Hüseynə məxsusdur. “Reyhan” dastanının az tanınmasının bəzi səbəbləri vardır.
Aşıq Hüseyn 1811-ci ildə Azərbaycanın Şəmkir bölgəsində – Qapanlı kəndində anadan olmuşdur. Bir müddət burada yaşadıqdan sonra Qaracaəmirli kəndinə köçmüşdür. Aşıq sənətini öyrənməyə uşaq yaşlarından başlamış, Alalbaşlı kəndindən olan Kərbəlayi Bağırın şagirdi olmuşdur. Aşıq “Məzlum” təxəllüsü ilə tanınmışdır. İyirmi yaşından başlayaraq aşıqlıq etmiş, gözəl şeirlər yazmış, dastanlar qoşmuş, saz çalaraq gözəl aşıq havaları oxumuşdur. Azərbaycanın qərb rayonlarında ustad aşıq kimi tanınaraq xüsusilə sevilmiş, şeirləri dillər əzbəri olmuşdur. Elmi ədəbiyyatda yazıldığına görə, 1891-ci ildə Gədəbəy rayonunun Ağbulaq yaylağında vəfat etmiş, Qala kəndində dəfn edilmişdir.
Aşıq Hüseyn Şəmkirlinin çoxlu sayda şagirləri olmuşdur. Onlar içərisində oğlu Çoban (bəzən Bəyçoban) da vardı. Sonralar Çoban da tanınmış aşıqlardan biri kimi fəaliyyət göstərmiş, atasının yaradıcılığını davam etdirmiş və bir sıra şagirdlər yetirmişdir. Onlar arasında erməni aşıqları da var idi. Onlardan biri də Aşıq Əvək (Avak) olmuşdur. Aşıq Çoban şagirdi Avaka atası Aşıq Hüseynin şeirlərini, dastanlarını, o cümlədən, “Reyhan” dastanını öyrətmişdi. Aşıq Avak aşıq sənəti tarixinə məhz Aşıq Hüseynin yaradıcılığını dərindən bilən bir aşıq olaraq daxil olmuşdur. Aşıq Əvək Şəmkir rayonunun Çardaxlı kəndində yaşamış, bütün ömrü boyu Azərbaycan dilində yazmış, çalıb oxumuşdur. Aşıq Çobandan sonra “Reyhan” dastanını yeni nəslə çatdıran da məhz o olmuşdur. Lakin çox təəssüf ki, təhrif olunmaqla. Kitabın “Ön sözü” məhz bu məsələlərə aydınlıq gətirməyə həsr edilmişdir.
Ön sözdə qeyd olunur ki, 1927-ci ildə Vəli Xuluflunun tərtib etdiyi məlum “El aşıqları” toplusuna Aşıq Avakın ifasından yazıya alınmış “Reyhan” dastanı da daxil edilmişdir. Ədəbi ictimaiyyət dastanı bu əsərə əsasən tanımışdır. 2013-cü ildə AMEA-nın Folklor İnstitutu “Azərbaycan folklorunun ilkin nəşrləri” seriyasının VII cildi kimi həmin əsər transliterasiya olunaraq yenidən çap olunmuşdur. Bu yaxınlarda əsərin tərtibçisi İ.Köçərli AMEA Memarlıq və İncəsənət İnstitutunun arxivindən “Reyhan” dastanının ayrı-ayrılıqda ədəbi və musiqi mətnini əldə etmişdir. Bu İslam Yusifovun ifasından yazıya alınan mətnlərdir. Aşıq İslamın ifası isə Aşıq Avakınkından fərqlidir. Müəllif onu da qeyd edir ki, İslam Yusifov da Aşıq Çobanın şagirdi olmuşdur və “Reyhan” dastanını da məhz öz ustadından öyrənmişdir.
Məsələ burasındadır ki, dastanın əsas qəhrəmanı Reyhan Aşıq Avak tərəfindən erməni qızı olaraq təqdim edilmişdir. Aşıq İslamın təhliyəsində isə Azərbaycan-müsəlman qızı kimi. Kitabın tərtibçisi bu səbəbdən araşdırmalar apararaq belə qənaətə gəlmişdir ki, Avakın ifasından yazıya alınan dastan versiyasında təhrif olunmuş faktlar çoxdur və əsaslı dəlillərlə bunu sübut etmişdir. Kitabın “Ön sözü” qeyd edildiyi kimi, məhz bu məsələyə həsr olunmuşdur. Müəllif qeyd edir ki, yuxarıda da söylənildiyi kimi, Azərbaycan aşıqlarının kişi erməni şagirdləri çox olmuşdur. Onlar öz ustadlarından Azərbaycan aşıq sənətini dərindən öyrənmiş, Azərbaycan dilində yazıb yaratmış, çalıb oxumuşlar. Qadın erməni aşıq isə ümumiyyətlə, olmamışdır və bütün tarixi boyu Azərbaycan aşıqlarının qadın erməni şagirdləri olması faktı məlum deyil.
Müəllif haqlı olaraq Reyhan obrazını “Valeh və Zərnigar” dastanının əsas qəhrəmanlarından biri olan Zərnigarla müqayisə edir: Reyhan bilikli, savadlı bir aşıq kimi öz məharətli ifası ilə aşıqları bəndə salmış, sazlarını əlindən alaraq 18 aşığı zindanda saxlayır. Zərnigar da 38 aşığa qalib gələrək onları dustaqda saxlayır. Aşıq Hüseyn, paralel olaraq, Aşıq Valeh aşıqları azad etmək üçün qadınlarla deyişməyə gedirlər. Müəllifin dastanda əsas obrazlardan biri kimi çıxış edən Kəlbəli xan barəsində yazdıqları da çox inandırıcıdır. Bunun üçün tarixi faktlar üzə çıxarılır, Naxçıvan tarixində üç yüz il ərzində xanlıq edən Kəngərlilər nəsli haqqında, Kəlbəli xan haqqında məlumatları qeyd edir.
Müəllif Aşıq Aslan Kosalının fikirlərini də önə çəkir. Müəllif söyləyir ki, ilk dəfə Aslan Kosalı ilə tanışlığı filologiya üzrə elmlər doktoru Məhərrəm Qasımlının apardığı televiziya verilişində olmuşdur. Verilişdən sonra aşıqla söhbət zamanı o, Aslan Kosalı 60-dan çox nağıl və dastan bildiyini söyləmişdir. Onların içərisində “Reyhan” dastanın da adını çəkmiş və Aşıq Avakın ifası haqqında bildiklərini söyləmişdir. Aslan Kosalının bu fikirləri müəllifi bu sahədə araşdırmalar aparmağa sövq etmişdir.
Fikrimizcə, kitabın Ön sözü, eləcə də dastanın musiqi mətni də musiqi ictimaiyyətində maraq doğuracaqdır. Not yazıları 1938-ci ilə aiddir. ETMK-nın təşkil etdiyi Gəncə ekspedisiyası zamanı yazılmışdır. Not yazılarının müəllifi görkəmli musiqişünas Məmmədsaleh İsmayılovdur. Bu, aşıq havalarının ilk yazı nümunələrindən hesab olunur. Burada musiqişünasın nota köçürmə qabiliyyətini üzə çıxmışdır. Dastan daxilində klassik aşıq havalarının adları, onların ifa tərzi, kompozisiyada dramaturji yeri, istifadə məsələləri haqqında zəngin bir məlumatdır. Dastana 19 aşıq havasının – Təcnis, Ovşarı, Gözəlləmə, Şərili, Şahsevəni və s. havaların not yazısı daxil edilmişdir.
Not yazılarının səciyyələndirən müsbət tərəflər var: belə ki, hər bir havanın instrumental girişi nota köçürülüb və iki not sətrində yazılıb. Melodiya və köklənməni ifadə edən akkordlar yazıda qeyd olunub. Buradan aydın olur ki, əksər havalar, demək olar ki, şah pərdə kökündə yazılıb (orta pərdə kökündə yazılan havalar da vardır). Vokal partiya isə birsəsli şəkildə nota salınıb.
Dastanın sonuna qovluqdan əldə edilmiş, aşıq Teymur Hüseynovun ifasından götürülmüş bir neçə şeir nümunəsi də daxil edilmişdir. Fikrimizcə, bu şeir nümunələri düzgün olaraq dastana daxil edilmişdir və mətnə uyğundur, dastan daxilində oxunan poetik mətnin mümkün olduğu qədər tam şəkildə əhatə olunmasına imkan yaradır. Kitab “AMEA Memarlıq və İncəsənət İstitutunu “Azərbaycan xalq musiqi tarixi və nəzəriyyəsi” şöbəsində yerinə yetirilmişdir və “Musiqi irsimizin açılmamış səhifələri (Arxiv materialları əsasında)” adlı layihəsi əsasında hazırlanmışdır.
İnanırıq ki, “Reyhan” dastanının hazırki nəşri musiqi və ədəbi ictimaiyyəti bir daha Aşıq Hüseyn Şəmkirlinin yaradıcılığına diqqəti yönəldəcəkdir, gənc nəsil isə dastanın şeirlərinin gözəlliyi və ahəngdarlığı, dastançılıq ənənələrinin əsasları, mükəmməl kompozisiya quruluşu, dərin fəlsəfi məzmunu ilə tanış olacaq, klassik aşıq havalarının ilkin not yazıları, bədii mətn xüsusiyyətlərindən yararlana biləcəklər.