Poetik metrikanin muğam melodikasina təsirinə dair
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 4, 2017
Fəxrəddin DADAŞOV
Xalq artisti, professor
Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7
Xalq artisti, professor
Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7
UOT 781,7
POETİK METRİKANIN MUĞAM MELODİKASINA
TƏSİRİNƏ DAİR
Xülasə: Məqalədə kvantitativ musiqili ritmlər, makamların musiqi metri, Şərq şeiriyyətinin üslubu tədqiq edilir.
Açar sözlər: makam, hone, üsul
Məlum olduğu kimi, muğamların vokal-instrumental bölmələri əruz vəznində yazılmış şeirlər – qəzəllərlə ifa edilir. Azərbaycan dəstgahı – Şəfai, Fail, Füzulinin qəzəlləri əsasında, Buxara makomlarının II hissəsi Xofiz, Xalki, Bedil, Xusayni, Əhriman, Ömər; Türkiyə fasılları – Dede Efendi, Mehmed, Sadi bey kimi şairlərin şeir mətni əsasında ifa olunur. Muğamı qəzəllə uzlaşdıran cəhət qəzəlin ölçüsüdür [5, s. 55]. Uzun və qısa hecaların ardıcıllığı əsasında qurulan qəzəlin metri – poetik misranın bəhri, bir və ya bir neçə təfilənin birləşməsindən yaranır. Təfilələr rüknlərə – səbəb, vətəd və fasiləyə bölünür. Türkdilli xalqların poeziyasında hərəkəlilər, yəni uzun hecalar olmadığı üçün əruzun metri hecaların süni uzadılması və ərəb-fars mənşəli sözlərdən istifadə edilməsi vasitəsilə yaranır [1, s. 20]. T.Solomonova yazır: “Uzun və qısa hecalar özlərinin mahiyyətinə görə əruzun ən kiçik tərkib hissəsi olan vahidlərdir” [6, s. 86]. Ən kiçik tərkib hissəsi təşkil edən heca vahidləri böyük olmayan kərpici xatırladır [6, s.97]. Əruz vəznində yazılmış qəzəlin hər bir hecası onun hansı rüknə aid olmasından asılı olaraq hecanın həcminə münasib musiqidə müəyyən ritmik funksiya daşıyır. M.T.Xarlap yazır ki, “Metrik vəzn elə dövrdə formalaşıb ki, bu zaman poetik mətn elə musiqinin də ölçüsü olub ritmik uzunluqların münasibəti şəklində təzahür edir. Daha dəqiq desək, kvantitativ şeir vəzni elə bir dövrə aiddir ki, bu zaman musiqi özünün melodik yüksəkliyi ilə seçilir, poeziya isə musiqinin təbii ölçüsü vəzifəsini daşıyırdı” [5, s. 48-104]. Eyni zamanda musiqişünas Y.Romanov-skaya bildirir ki, “Melodik ritm prosodiyanın ölçüsünə müvafiq qurulur. Prosodiya vurğulu-vurğusuz, uzun, qısa hecaların tələffüz üsuludur” [3, s. 93].
Kvantitativ vəzn muğamların musiqi metri ilə uzlaşır. Bu zaman muğamların musiqi ritmi öz təbiəti etibarilə kvantitativləşir və onların ölçü vahidi ən kiçik vahidə çevrilir. Ritmik funksiyaların müəyyən ölçüyə tabeliyi, zamanın dərk edilməsinə, mətnin mənimsənilməsinə bənzəyir. Əruz vəznində bəhri olan muğamların poetik mətni onun metroritmik quruluşuna böyük təsir edir.
Türkiyə faslından nümunə:
Misra əruz vəzninin Səri bəhrindədir. Qəzəlin kvantitativ metri muğam qurumlarının ritmik strukturunu yaradır. Bir neçə təfilənin birləşməsindən frazalar və daha böyük qurumlar yaranır. Dediklərimiz muğam monodiyalarının metrinin şeir təqti bölgüsünə uyğunluğu və ritmik fiqurlarla təzahür etdiyini sübut edir. Muğam bölmələrində poetik mətnin metrikası ilə monodiya vahid quruluşda birləşdiyinə görə melodik mətnli ritm yaranır. Muğamların melodikləşdirilmiş vokal deklamasiyasında səslərin müəyyən uzunluqlarla təşkili qurumların ritmik sxemini yaradır. Muğamların daxilində ardıcıl şəkildə icra edilən hər bir şöbə, guşə, bölmə, muğam parçalarının fərdi kiçik tematik özəyi vardır. Hər bölmənin melodiyası özək mövzudan törəyərək inkişaf edir.
“Rast” muğam dəstgahından nümunələr
İran “Rast-Pəncgah” dəstgahından bir neçə nümunə təqdim edirik.
Dəraməd
Bəyate-əcəm
Mübərriqə
Sepher
Pəncgah
Özək mövzular motiv şəklində olub, səslərin ritmik qruplaşmasını təşkil edir və eyni zamanda əsas vurğulu səs ətrafında birləşərək qurumlara, daha geniş mənada bütün bölmələrə münasib olur. Özək mövzuların ritmi qəzəlin mətnindən asılı olaraq həcm etibarilə artıb-azala bilər. Yalnız metroritmik hərəkət nəticəsində melodik qurumlar inkişaf edir. Əsas özək mövzular motivlərlə birləşərək qurumları, qurumların variant dəyişmələri guşə, şöbə, bölmə, muğam parçalarını formalaşdırır. Muğamların özək mövzudan yaranmış qurumlar məcmusu şöbə daxilində variant şəklində əvvəl vokal-instrumental, sonra isə instrumental şəkildə növbələşərək irəliyə doğru hərəkət prinsipini daşıyır.
Poetik mətn üzərində oxunan avazlara Azərbaycan, eləcə də Buxara muğamlarında əsasən kulminasiyaya doğru yüksəlişi və geri dönməsi prosesi zamanı rast gəlinir. Onların bəziləri nidalar (Azərbaycan muğamında yar, can; Buxara makomunda – o, asirata, yora, xay, conim) əsasında qurulub bir neçə hecalı kəlmələrdən yaranır.
Azərbaycan “Rast” muğam dəstgahından bir nümunəyə diqqət yetirək:
Nidalar üzərində oxunan avazlara nümunə:
Qeyd edək ki, Türkiyə fasılları daxilində də nidalardan (lel, a, oh, hey, canım, te, nen, ni, ta, dir, na, dost və s.) istifadə olunur. Əgər Azərbaycan və Buxara muğamlarında istifadə olunan nidalar kulminasiyada təşəkkül tapırsa, Türkiyə fasıl forması daxilində onlar hər bölmə daxilində, musiqi inkişafının müxtəlif anlarında təzahür edir. Türkiyə faslında hər bölmə daxilində istifadə olunan nidalar kəmiyyətcə çoxluq təşkil edir. Lakin ərəb makamlarının poetik mətni digər muğamlardan fərqli fərdi nidalar ilə ifa edilir.
Şərq muğamları üçün xarakterik olan avazlar melizmatik-ritmik fiqurlar ilə əhatə olunur. Bu bəzəklər, avazları daha kiçik ritmik fiqurlarla əhatə edərək onları canlandırır. Lakin ərəb makamı və Buxara makomu daxilində mövcud olan nidalarla söylənilən avazlar, melizm baxımından nisbətən məhduddur. Burada yalnız forşlaqlar nəzərə çarpır. Muğamların monodik quruluşunun formalaşması və rəngarəng səslənməsi üçün melizmatik bəzəklərin rolu böyükdür. Onlar muğamın yaranması üçün zəmin rolunu oynayan “çılpaq” səsləri müxtəlif ritmik fiqurlarla bəzəyirlər. Qeyd edək ki, Azərbaycan dəstgahları və müəyyən qədər Türkiyə fasılları daxilində mövcud olan müxtəlif melizmatik bəzəklərdən xüsusilə istifadə edilmişdir. Həmin melizmatik bəzəklər daha kiçik vahidlərdən yaranır.
Muğamların melodik quruluşunun formalaşmasında reçitativlərin rolu böyükdür. Onlar qəzəlin deklamasiyası zamanı yaranır və müəyyən bəhrin metrikasının xüsusiyyətlərini özündə əks etdirir. Muğamların daxilində müxtəlif ifadə tərzli reçitativlərə rast gəlirik. Məsələn, Azərbaycan “Rast” muğam dəstgahında bir səs üzərində qurulan reçitativlər, melodikləşdirilmiş reçitativlər üstünlük təşkil edir.
Bir səs üzərində qurulan reçitativlərə nümunə:
Misra əruz vəzninin Rəməl bəhrində “Failatün, failatün, failatün, failatün” təfiləsindədir. Bu cür formalı reçitativlərdə melodik inkişaf deyil, ritmik fiqurlar ön plana çıxır. Muğamların bir çoxu əvvəldən sona qədər melodikləşdirilmiş reçitativlər üzərində qurulur. Azərbaycan muğam dəstgahı daxilində kanonik imitasiya, kamançanın ifası sayəsində orqan punktu üzərində tar və vokal partiyanın hərəkəti zamanı milli çoxsəslilik nümunələrinə rast gəlirik. Kanonik imitasiyalı səslənmə yalnız Azərbaycan muğam dəstgahları üçün xarakterikdir.
Müəyyən olunmuş bölgələrin muğamları yerli xüsusiyyətlərə, milli musiqi təfəkkürü tərzinə xas icra olunur. Bəzi Şərq muğamları zərb alətlərindən, ərəb nəzm sisteminə uyar olan ritmik fiqurlardan –üsul, ikalardan azaddır. Məhz ona görə də, onlar not yazısında ölçüsüz “senza misura” kimi göstərilir.
Üsul klassik musiqinin vacib zəruriyyətidir. Türkiyə fasılları üç zərb aləti – küdum, zil, çarparə; Buxara makomları isə doyra zərb aləti ilə müşayiət olunur. Fasıllar zona xüsusiyyətlərini ifadə edən böyük ansambl tərəfindən icra olunur. Ansamblın tərkibi 40 xanəndə, 10 kaman, 5 kamança, 8 ney, 6 tənbur, 4 ud, 2 santur, 3 qanundan ibarətdir. Onlar faslı unison ifa edirlər [7, s. 77]. Buxara makomu xanəndə və böyük ansambl ilə icra olunur. Burada ansamblın tərkibinə tənbur, dütar, qicak, nay, doyra və s. kimi alətlər daxil olur. Həmin alətlər də makomı unison ifa edir [7, s. 36]. Muğamları müşayiət edən zərb alətləri ansamblın ifasına dirijorluq edərək, üsul – ika adlanan ritmik fiqurları ifa edirlər [3, s.36]. Həmin ritmik fiqurlar qısa və ondan ikiqat uzun ölçülərin ardıcıllaşması əsasında yaranaraq ərəb nəzm sistemi olan əruz vəznində yazılmış qəzəlin ölçüsünə və ya bu sistemin qəlibcikləri – təfilələrə uyğun qurulur. Muğamları müşayiət edən üsullar ciddi nizama salınıb qanuniləşdirilmişdir. Həmin ritmik fiqurlar ciddi işlənmiş qəlibi xatırlayır. O.Boçkareva yazır: “Metr musiqinin zaman münasibətlərinin ölçüsü sayılır və ritmin daha mürəkkəb naxışlarını müəyyən etməyə kömək edir [2, s. 199].
Muğamların hər bir bölməsinin öz üsulu var. Üsullar qısa olduqca onların ritmik quruluşu muğamın icrası zamanı daha aydın qavranılır və vokal partiyanın ritmik şəkli ilə üst-üstə düşür. Ostinat ritmik formul şəklində olan fiqurlar melodiyalar ilə uyğunlaşaraq xanə çərçivəsinə sığışırlar. Qeyd edilməlidir ki, özbək və Türkiyə musiqisində mövcud olan üsullarla əruz vəzninin təfilələri arasında quruluş nöqteyi-nəzərindən uyğunluq olduğunu müəyyən etmək olar. Ritmik formullu üsullar əruz vəzninin eyni təfiləli bəhri kimi bütün əsər boyu ostinato şəklində səslənərək onun özəyini təşkil edir. Fraza və kiçik melodik dönüm həcmli üsullara özbək makomları daxilində rast gəlinir. Həcmcə bir qədər geniş olan üsullar ritmik fiqurlar kimi ostinato ilə təkrar olunaraq müəyyən bölmənin musiqili məkanına cəmlənir. Burda zərb müşayətinin metrik sxeminin uzun olması qavrama qabiliyyəti üçün çətinlik törədir. Eyni zamanda muğamların ritmik fiqurlarını ifa edən zərb alətləri icra zamanı fərdi kolorit yaradır. Nəticə çıxarılır ki, xalq professional musiqisində zərb alətlərinin ritmi öz xarici sadəliyinə baxmayaraq son dərəcədə mürəkkəbdir.
ƏDƏBİYYAT:
- Cəfər Ə. Əruzun nəzəri əsasları və Azərbaycan əruzu. B.: Elm, 1977, 415 s.
- Бочкарева О.А. О ритмике узбекской народной инструментальной музыки. / История и современность: проблемы музыкальной культуры народов Узбекистана, Туркмении, Таджикистана. М.: 1972, с. 276-296.
- Романовская Е.Е. Статьи и доклады. Записи музыкального фольклора. Т.: Гослитиздат Узб. ССР, 1957, 286 с.
- Соломонова Т.Е. Некоторые черты композиционных взаимосвязей текста и ритмики напева в узбекской народной песне. / История и современность: проблемы музыкальной культуры народов Узбекистана, Туркмении, Таджикистана. М.: 1972
- Харлап М.Г. Тактовая система музыкальной ритмики. / Проблемы музыкального ритма: Сборник статей. М.: Музыка, 1978, с. 48-104.
- Хамраев М.И. Основы тюркского стихосложения. А.: Изд-во АН КазССР, 1963, 215 c.
- Karahan A. Eski türk edebiyatı incelemeleri. İ.: Türk Tarih Kurumu Basımevi, 1958, 324 s.
- Zeki Y. Türk musiкisi formları / Тürk musiкisi dеrslеri. İ.: 1994. 256 s.
Народный артист, профессор
Народный артист, профессор
ВЛИЯНИЕ ПОЭТИЧЕСКОЙ МЕТРИКИ НА МЕЛОДИКУ
МУГАМОВ
Резюме: В представленной статье рассматриваются такие особенности, как квантитативный ритм, музыкальный метр макамов, стиль восточного стихосложения и т.д.
Ключевые слова: маком, хона, усуль
People`s artist, professor
People`s artist, professor
THE EFFECTS OF POETIC METRICS ON MELODİC
DEVELOPMENT OF MUGHAM
Summary: In sub-section examines features such as quantitative hythm, musical meter makam, eastern style of poetry and etc.
Keywords: Makom, xone, usul.
Rəyçilər: sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Rafiq Musazadə;