AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

KONSERVATORİYA” 2017 № 2 (36)

Əhsən RƏHMANLI

ADMİU-nun müəllimi

  Elçin NAĞIYEV

AMK-nın baş müəllimi

UOT: 786.8

 

QARMON İFAÇILIĞINDA FİRUZ BABAŞOVUN XİDMƏTİ

 PDF

     Xülasə: Məqalədə istedadlı, bacarıqlı qarmon ifaçısı, ixtisas müəllimi kimi nümunəvi olan Firuz Babaşovun həyat və fəaliyyətindən bəhs olunur. Məqalədə onun doğulub boya-başa çatdığı Neftçala rayonunda həm yaxşı ifaçı, həm də uşaq musiqi məktəbində təcrübəli müəllim kimi çalışaraq göstərdiyi mühüm xidmətlər nəzərə çatdırılır.

     Açar sözlər: Firuz Babaşov, qarmon ifaçılığı sənəti, tədris, xalq  musiqisi

   Azərbaycan qarmon sənətinin layiqli nümayəndələri çoxdur. Tədqiqat işlərində belə sənətkarların fəaliyyətini əks etdirən faktlar, xatirələr və fotoşəkilləri toplayaraq yazdığımız məqalələr və çap olunan kitablarda onlar haqqında kifayət qədər tutarlı məlumatlar verilib. Araşdırmalar nəticəsində əyalətdə yaşayıb-yaradan qarmonçalanlar haqqında da xeyli bilgi əldə edərək onların xidmətlərinə də biganə qalmayıb kitablarda əks etdirmişik. Öncə onu bildirək ki, Qədim Salyan mahalının bir hissəsi olan Neftçalada da istedadlı insanlar, xanəndələr və aşıqlar, müxtəlif musiqi alətləri ifaçıları və həmçinin qarmonçalanlar olub. Neftçalada  Kor Nəcəf (o, həm də tütək, balaban və zurna ifaçısı olub), Əliağa Rəhimov, Nəriman Dadaşov, Əlidəmir Kərimov, Həqiqət Qurbanov (o, akkordeon, bayan və klarneti də bacarıqla ifa edib), Kor Niftulla,  Adil Nəcəfoğlu və  Əzizağa Əzizov, Salyanda Rza Şıxlarov, Əflatun Ağayev, Əlisahib Dadaşov, Saleh Nəzərov, Sadıq Sadıqov, Elman Bədəlov, Çingiz Qurbanov, Aslan İlyasov kimi qarmonçalanlar olub. Bu bölgədə son 40-50 ildə xeyli qarmonçalanlar yetişmişdir. Belə bir peşəkar ifaçı və qarmon sinfinin bacarıqlı, təcrübəli müəllimi olan Firuz Babaşov qarmon ixtisasının tədrisini ucalara qaldıranlardan biri olmuşdur.

     Firuz İmran oğlu Babaşov 1946-cı il oktyabrın 7-də Neftçala rayonunun Mirqurbanlı kəndində dünyaya gəlib. O, ailənin ilk uşağı və vüqarı idi. Neft mədənlərində fəhlə işləmiş İmran kişi ömür-gün yoldaşı Məhbubə xanımla yeddi övlad böyüdüb oxudaraq sənət sahibi etmiş və onları zəhmətə alışdıraraq halallıq öyrətmişdir.

     Firuz kiçik yaşlarından qarmon çalmağa başlamışdı. Boş vaxtlarda evdə, yazda, yayda bağ-bağatlı, gül-çiçəkli həyətdə hey qarmon çalaraq rahatlıq tapar, evdəkiləri və qonum-qonşunu sevindirərdi.

   Onun istedadı tam özünü təsdiq etdiyi və həvəsi bəlli olduğu üçün atası ona sənətkar qarmonu alır. Peşəkar qarmonda çalmaq bir dünya sevinc qazanan Firuz üçün daha rahat olur, həvəsi də birə-beş artır və asudə vaxtlarda daim məşğul olaraq xeyli irəli gedir. O, oxuduğu ümümtəhsil məktəbin özfəaliyyət ansamblına üzv olur, məşqlərə gedir, tədbirlərdə çıxış edir və inkişafa yol alır. Məktəbin bütün tədbirlərində, bayram konsertlərində Firuzun qarmonunun səsi gəlir. O, kollektivdə dərin rəğbət qazanır və müəllim-şagird heyətinin sevimlisi olur. Bu sakit təbiətli, təvazökar və istedadlı oğlan dost-yoldaşların ev yığıncaqlarında, ad günlərində təmənnasız çalaraq sərbəst çıxış etmək, sənəti işlətmək qaydaları öyrənir. Az sonra rayon mərkəzində, Neftçala şəhərindəki Mədəniyyət Evinin özfəaliyyət xalq çalğı alətləri anamblına çağırılır və buradakı məşqlərdə müntəzəm iştirak edir. Bayram konsertlərində ansambl tərkibində çalması, rayon ərazisində müxtəlif tədbirlərdə çıxış etməsi onu daha da püxtələşdirir və tanınmasına səbəb olur. Konsertlərdə o, nağaranın müşayiəti ilə solist kimi xalq oyun havalarını da ifa edir.

    Firuz hələ orta ümumtəhsil məktəbin yuxarı siniflərində oxuyarkən özündən yaşca böyük olan qavalçalan Sabir Quluyev və Vəli Mürvətovla öz kəndlərində, rayon ərazisində xırda məclislərə-“şirni”, “xınayaxdı”, “paltarkəsdi”yə (qız evində keçirilən, qadınlar üçün qurulan toy şənliyi) dəvət olunur. Firuzun yaşı az   olsa da sənəti xoşa gəlir, ifası hər yerdə bəyənilir.  Belə ki, o, istər qədim el havalarını, istərsə də radiodan eşitdiyi yeni mahnılar və rəqs melodiyalarını öyrənərək məclislərin tələbatını ödəyə bilir. Bu tədbirlər və yığıncaqlarda ifaçılıq etmək Firuz Babaşovun Bakıya təhsil almağa gəlməsinə qədər davam edir.

     Firuz orta ümumtəhsil məktəbində çox yaxşı oxuyurdu, ali məktəbə qəbul oluna bilərdi. Buna baxmayaraq, 1965-ci ildə orta təhsili başa vurub qarmon ifaçılığı ilə daha ciddi məşğul olaraq mükəmməl sənətə yiyələnmək üçün gün ərzində saatlarla çalışırdı. O, ustad qarmon ifaçıları Əhəd Əliyev (1893-1942) və onun bütün davamçılarının qrammofon valları və radiodakı çalğılarını dönə-dönə dinləmiş və onlardan çox şey öyrənmişdi. Güclü musiqi yaddaşına malik Firuz eşitdiyi melodiyaları tez qavrayır, öz çalğısına gətirir və böyük sənətkarları imitasiya edə bilirdi. Kiçik yaşlarından sənət çeşməsindən su içməsi onun taleyini musiqiyə bağlamış, ömrünü qarmon sənətinə həsr edərək doğma el-obasının toy-büsatında çalıb-çağırmış, evə qazanc gətirərək atasının böyük külfətinin dolanışığına kömək etmişdi.

     Sevib-seçdiyi musiqi sənətinə sonsuz həvəs gənc qarmonçalanı 1967-ci ildə Bakı Kitabxanaçılıq Texnikumuna (hazırda Bakı Humanitar Kolleci)  gətirir. O,  “Klub işçisi-özfəaliyyət xor kollektivi rəhbəri” ixtisası üzrə təhsil alaraq buranı 1970-ci ildə uğurla bitirir. Təhsil illərində solfecionu öyrənir, notla sərbəst çalmağı bacarır, bütün nəzəri biliklərə yiyələnir və nümunəvi tələbə kimi tanınır. Ümumi fortepiano dərsləri də onun not savadı və ifaçılıq səviyyəsini yüksəldir. Firuz texnikumun xalq çalğı alətləri orkestri və ansamblının fəal üzvü olaraq tədris ocağının bütün bədii, mədəni-kütləvi tədbirlərində, konsertlərdə yaxşı sənət göstərirdi. O, orkestrin tərkibində texnikumun xorunu da müşayiət edirdi. Ansamblın rəhbəri, texnikimun müəllimi, milli nəfəs çalğı alətlərinin və klarnetin məşhur ifaçısı, əməkdar artist Elşad Cabbarovun (1942-2016) dediklərindən: “Firuz texnikuma peşəkar musiqiçi kimi gəlmişdi, tələbələrdən həm yaşca, həm də ifa bacarığına görə böyük idi. Təhsil illərində o, daha mükəmməl ifaçı və savadlı musiqiçıyə çevrildi. Ansambl məşqlərində də seçilirdi, öyrədilən əsərlərin melodiyalarını hamıdan tez mənimsəyir, sonra xüsusi bəzəklər, incə, zərif xallar, qarmona məxsus imkanlar və zəngin çalarlarla ifa edirdi. O, əsl istedad idi”[1].

     Həmin illərdə texnikumun qarmon sinfində dərs deyən, hazırda Bakı Dövlət Universitetinin “Coğrafiya” fakültəsinin dekanı vəzifəsində çalışan Firudun Hüseynzadənin fikirləri: “Firuz tələbəlik illərində mahir qarmonçalan kimi gözlərimiz qarşısında olaraq hamının diqqətini cəlb etmişdi. Onun çalğısı tələbə səviyyəsində deyil, peşəkar ifaçıya xas cəhətlərlə canlanırdı. Barmaqları cəld, çevik, çalğısı usta olmaqla bərabər, yaxşı da ürəyi var idi. Çalğısı bütöv, tamam-kamal, kamil sənətkarın əlindən çıxan, qəlbindən gələn sənət təsiri bağışlayırdı. Bakıda qalıb burada çalışsaydı mütləq mənada yaxşı tanına bilərdi”[2].

     Firuzla birlikdə tarzən, əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetininin professoru Vamiq Məmmədəliyev, müğənni, xalq artisti Zaur Rzayev, Malıbəyli kənd uşaq musiqi məktəbində nağara sinfinin müəllimi Heybət Babayev kimi tanınmış ifaçılar təhsil almışlar. Qrup yoldaşı olarkən onları birləşdirən istedad, həvəs, sıx sənət əlaqələri və səmimi dostluq gənclərin hər birinin sonrakı uğurlarının təminatçısı oldu. Ansambl və orkestr tərkibində, texnikum daxilində və doğma təhsil müəssisəsinin digər yerlərində, təhsil və mədəniyyət ocaqlarında keçirilən tədbirlərində bu dörd dost əsas qüvvəyə çevrilirdi. Bu bacarıqlı gənclər, tələbə artistlər birlikdə texnikum müəllimlərinin, onların dost-qohumlarının ad günü, yubiley və toy-nişan məclislərinə dəvət olunar və belə çıxışlarla çox bəyənilərdilər. Gənclik illərində Zaurun ifa etdiyi muğamlar, təsniflər, xalq mahnıları və bəstəkar əsərlərini müşayiət edən bu üç musiqiçinin birlikdə çıxışı orkestr çalğısını xatırladırdı.

     F.Babaşov Mədəni-Maarif Texnikumunda təhsil aldığı illərdə o dövrdə çox məşhurlaşmış qarmon ifaçıları Zakir Mirzəyev, Avtandil İsrafilov, Teyyub Teyyuboğlu, Vaqif Şıxıyev (1947-1982) və Həmid Haqverdiyevin (1947-1980) radiodakı və maqnitofon lentlərindəki ifalarından öyrənmiş və öz ifasını formalaşdırmışdı. Firuz onların çaldığı oyun havalarını imitasiya edirdi, dinlədikdə elə bilirdin ki, həmin sənətkarların öz ifasını eşidirsən. O, bütün qarmon sənətkarlarının ifasını imitasiya edə bilir və elə bənzər, oxşar çalırdı ki, ayırd etmək mümkün olmurdu. Xüsusilə Z.Mirzəyevin rəqs melodiyalarını, A.İsrafilovun radio fondundakı “Bəstə-Nigar” muğamını, canlı televiziya konsertlərində müğənniləri müşayiət edərkən çaldığı muğam şöbələrini ustalıqla ifa edərək, hər incəliyi olduğu kimi təqlid eləyirdi. Ümumiyyətlə o, sənəti klassik qarmonçalanlardan öyrənsə də, 1960-cı ilin sonlarında və 1970-ci illərdə o dövr üçün müasir olan üslubu tam mənimsəyərək öz ifasında göstərirdi. Həmçinin  sənətdə o, özü kimi də var idi, bir qarmonçalan olaraq özünəməxsus xalları və cümlələri  işlədirdi.

   Firuz tələbəlik illərində Nərimanov rayon pioner və məktəblillər evində, o cümlədən Bakının bir neçə mədəniyyət sarayındakı özfəaliyyət rəqs kollektivlərində dostu nağaraçalan Heybət Babayevlə birlikdə müşayiətçi işləmişdir. Bundan başqa ona müraciət edən qarmon öyrənmək istəyənlərə kirayə qaldığı evlərdə dərs keçirdi.

     F.Babaşov yay tətili zamanı doğma rayona gedər və gənclik eşqilə sənət işlədərək toylarda çalardı. Neftçala toylarının repertuarı zəngindir. Son 50-60 ildə belə olub və bu gün də belədir. Bu yerlərdə folklor nümunələri və xalq mahnılarının tələbatına görə bu gün nə çıxıbsa, səhər həmin musiqi toyda sifariş verilir. Firuz bu tələbatı ödəyə bilirdi, çünki radioda, televiziyada səslənən və toylarda gərək olan bütün materialı yerli-yerində öyrənib çalırdı. Odur ki, ilk sənət illərindən o, doğma el-obasında qəbul olunan, sayılıb-seçilən, sevilən musiqiçi oldu və rəğbətlə  qarşılandı.

    Qeyd etmişik ki, Neftçalada ondan əvvəl də qarmonçalanlar olmuşdur. Lakin onların heç biri Firuz səviyyəsinə gəlib çatmamışdır. Firuz, doğma rayonda tanınanda, orada onunla eyni dövrün qarmonçalanları da var idi. Lakin peşəkar sənəti, yüksək ifası və maraqlı çalğı manerası ilə Neftçala əhalisinə qarmonu aparıcı, əsas, geniş ifa imkanları olan alət kimi tanıdıb sevdirən F.Babaşov olmuşdur. O, aşıq Qurbanxan, Aşıq Qulam və başqalarının dəstəsinin tərkibində Neftçala və ətraf rayonların toylarında öz qarmonuna meydan vermişdi. Bu fəaliyyət onun bilik səviyyəsini daha da artırmış, o, Şirvan aşıq havalarını mükəmməl bilmişdir. Sonrakı mərhələdə yerli xanəndələrlə çalıb-çağırmış, toy sahiblərinin sifarişi ilə tez-tez Bakıdan dəvət etdiyi xanəndələrlə birlikdə çalışmışdır.

    Firuzun çevik, cəld barmaqları onun iti sürətli rəqs havalarını ifa etməsinə, səviyyəli musiqi duyumu muğamları öz qaydasında, qarmona məxsus çalarlarla dinləyiciyə çatdırmasına imkan yaradırdı. Onun incə, uzun barmaqları sanki qarmon üçün yaranmışdı. O, barmaqlarını qrifdə sərbəst gəzdirir, körükdən ustalıqla istifadə edir, qarmondan təmiz tembr alaraq alətin ecazkar səsini hamıya çatdıra bilirdi. Onun peşəkar, nümunəvi çalğısında, sərbəstlik, sərrast, aydın fikir təhvil vermək və qarmonun ecazkar səsini üzə çıxarmaq, sənətini sevdirmək ustalığı var idi. Bir musiqiçi kimi onun üstün cəhətləri və özünəxas sənət məziyyətləri vardı. O, qarmonu əlinə alıb meydana çıxan kimi aləti ram edərək dilləndirir, hamının diqqətini özünə çəkib əsl sənəti təqdim və təbliğ edirdi. İfa zamanı onun öz aləmi olurdu, nəzərlərini aşağı dikir, qarşı tərəfə baxmır, fikrini yalnız ifa etdiyi mövzuya cəmləşdirirdi. İfaya başlayan kimi qarmon onunla dost olur, onun fikirlərini icra edir və sərbəst danışırdı. Bu adam qarmon ifaçılığı üçün yaranmışdı. Doğrudan da qarmon onun dost-yoldaşı, könül sirdaşı, fikirlərini insanlara çatdıranı idi. Axıra qədər də o, sənətilə, qarmonla dost oldu. Elə sənət də etibarlı çıxdı, xəstələnib yatağa düşənə qədər ona dost oldu, vəfa, sədaqət gəstərdi.

   Texnikumda təhsilini başa vurandan sonra Firuzun təyinatı doğma tədris ocağına – Bakı Kitabxanaçılıq Texnikumuna verilir. Amma Firuz bu təyinatdan imtina edib öz el-obasına qayıdaraq Neftçala uşaq musiqi məktəbində pedaqoji fəaliyyətə başladı. Ona olunan təklifi qəbul etməməsinin bir səbəbi rayonda ata-anasına dayaq olmaq, ailə büdcəsinə, bacı-qardaşlarının təhsil alıb sənət sahibi olmasına kömək etmək idisə, digər məsələ Neftçalada savadlı, təhsilli kadr kimi çalışıb qarmon ixtisası tədrisini yüksəltmək və bu sənəti inkişaf etdirmək idi.

    Həmin məktəbdə qarmonun notla tədrisini ilk olaraq Firuz tətbiq edir və bu işi yaxşı bildiyi üçün yüksək səviyyəyə qaldırır. İşlədiyi müddətdə xeyli sayda qarmon ifaçıları yetişdirir. İstedadlı, savadlı şagirdlərin orta və ali tədris müəssisələrinə yönəlməsində mühüm rol oynayır. Şagirdlərini orta ixtisas məktəblərinə gətirdiyi zaman onların not əsərləri və muğamlar ifa etmələri dinlənilərkən, hər dəfə  F.Babaşova təşəkkür edilir. Beləliklə o, ifaçılıqda olduğu kimi, pedaqoji sahədə də özünü təsdiq edir, işinin keyfiyyəti ilə seçilir və qarmon ixtisasının nümunəvi müəllimi kimi nəinki Neftçalada, həmçinin ətraf rayonlarda da tanınır. Mədəniyyət Nazirliyi yaxın rayonların qarmon müəllimlərini təcrübə keçmək üçün bir necə dəfə Neftçala uşaq musiqi məktəbinə istiqamətləndirir, həmin məktəbdə onlar üçün seminar keçirilir, Firuz müəllimin təcrübəsi ilə tanışlıq yaradılır. Beləliklə, təcrübəli, bacarıqlı müəllim olaraq çoxsaylı, uğurlu yetirmələri ilə sayılıb-seçilən F.Babaşov ömrünün sonuna qədər öz işini davam etdirir.

   Firuz müəllim işlədiyi müddətdə qarmon üçün nəşr olunmuş bütün metodik göstəricilər, tədris proqramları, dərs vəsaitləri və “Qarmon məktəbi” kitablarından istifadə edirdi. Bu da özlüyündə şagirdlərin daha səviyyəli və hərtərəfli hazırlığına zəmin yaradırdı.

  Bütün sadalananlar F.Babaşovun özünə qarşı tələbkarlığının, pedaqoji işə vicdanla və məsuliyyətlə yanaşmasının, sənətə, doğma musiqiyə məhəbbətinin nəticəsi idi. O, çalışdığı məktəbdə şagirdlərdən ibarət qamonçalanlar ansamblı yaratmış, zəngin repertuar hazırlamışdı. Bu ansambl musiqi məktəbinin özündə keçirilən tədbirlərdə, bayram günləri ilə bağlı təhsil ocaqlarında, rayon mədəniyyət sarayında, istirahət parkında konsertlər verirdi. Firuz müəllim mədəniyət sarayının “Bahar” xalq çalğı alətləri ansamblının da aparıcı üzvü kimi Sovet respublikaları və bir sıra xarıci dövlətlərdə çıxış etmişdir. Yetirmələri onu həmişə özlərinə nümunə saymış və fəaliyyətlərini onun kimi çoxşaxəli qurmaq istəmişlər.

   Onun yetirmələri arasında Tahir Zakirov, Əlirza Rzayev, Əlizamin Xankişiyev, Səyavuş Hüseynov, Səyavuş Talıbov, Ramil Nağıyev, Seymur Babaşov, Samid Hüseynov, Ramil Abbasov, Xaqani Quluyev və başqalarının adları qeyd olunmalıdır. Tahir Zakirov Füruz müəllimin ən uğurlu yetirməsi, necə deyərlər, onun “şah əsəri”dir. Tahir respublikamızda və onun hüdudlarından kənarda da tanınan qarmon ifaçısıdır. Onun yetişib sənət meydanına çıxmasında ustadının zəhməti çox olub. T.Zakirov Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblında və müxtəlif instrumental qruplarda çalışmış, öz üslubunu yaratmış, görkəmli qarmon ifaçıları arasında özünə əhəmiyyətli yer tutmuşdur.

   Firuz müəllimin oğlu Seymur Babaşov Milli Konservatoriya tərkibində Musiqi Kollecinin qarmon sinfini bitirərək atasının sənət yolunu davam etdirir. O, bir müddət pedaqoji sahədə çalışmışdır. Hazırda Daxili Qoşunların hərbi orkestrində işləyir.

   F.Babaşov ömrü başa vurana qədər ifaçılıq formasını saxlaya bilmiş, sevimli sənətkar kimi ad-sanını qorumuş, Neftçala və ətraf rayonların el şənliklərində layiqli sənət göstərə bilmişdir. O, 2016-cı il mart ayının 3-də dünyasını dəyişmişdir. Canı-qanı, vicdanı, mənəvi dünyası və könül saflığı ilə bağlı olduğu doğma Neftçalada Firuzun xatirəsi əziz tutulur. İstər pedaqoji sahədə, bilavasitə qarmonun tədrisində, bu sahə üzrə yeni uğurlu şagirdlərin hazırlanmasında, istərsə də ifaçılıq sənətində, xalq şənliklərində  onun yeri görünür. Musiqi məktəbində, Firuz müəllimin uzun illər çalışdığı sinif otağında ondan yadigar qalan xeyli tədris vəsaitləri, müxtəlif müəlliflərin “Qarmon məktəbi” kitabları, özünün ifa edib maqnitofon lentlərinə, audeo diksklərə yazdıraraq tədrisdə istifadə etdiyi qədim və müasir dövrün oyun havaları, muğam dəramədləri və rənglər qorunur. Musiqi məktəbində qarmonu tədris edən müəllimlər, qarmon sinfində oxuyan, tumurçuq-tumurcuq boy atan uşaqlar Firuz Babaşovun toplayıb, qoyub getdiyi sərvətdən hələ nə qədər istifadə edəcək və hər dəfə də onu xatırlayacaqlar.

 

[1] Elşad Cabbarovun Əhsən Rəhmanlı ilə söhbətindən. 2007-ci il, Bakı Mədəni Maarif Texnikumu

[2] Firudin Hüseynzadənin Əhsən Rəhmanlı ilə söhbətindən. Bakı Dövlət Universiteti, 2008-ci il

ƏDƏBİYYAT:

1.Nurlu İ. Neftçala XXI əsrin astanasında (II kitab). B.: Şərq-Qərb, 1998, 426 s.

2.Rəhmanlı Ə. Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda  tədrisi (dərs vəsaiti). B.: MBM, 2014, 704 s.

  1. Mirzəyev Z. Azərbaycan qarmonu. B.: Adiloğlu, 2005, 159 s.
  2. Mirzəyev Z. Qarmon məktəbi (qarmon və fortepiano üçün). B.: Adiloğlu, 2008, 114 s.
  3. Rəsulov N. Qarmon ilə fortepiano üçün pyeslər məcmuəsi.B.: Çaşıoğlu, 1999, 78 s.
  4. Haşımov A.10 zərb-muğam. Qarmon sinfi üçün. B.: Zərdabi, MMC, 2007, 63 s.
  5. Dəmirov T. Milli rəqslər və dəramədlər. B.: Adiloğlu, 2009, 68 s.

АхсанРАХМАНЛЫ

Преподаватель АГУКИ

Ельчин НАГИЕВ

Старший преподаватель АМК

 

РОЛЬ ФИРУЗА БАБАШЕВА В РАЗВИТИИ ИСКУССТВА ИГРЫ НА ГАРМОНИ

Резюме: В статье раскрывается жизнь и деятельность Фируза Бабашова — виртуозного исполнителя и талантливого преподавателя игры на гармони. В статье особое внимание уделяется его творческая и педагогическая деятельность во время работы в детской музыкальной школе Нефтечалинского района, где он родился и вырос. 

Ключевые слова: Фируз Бабашов, искусство исполнения на гармони, преподавание, народная музыка

 

Ahsan RAHMANLI

Teacher of ASCAU

Elchin  NAGHIYEV

Senior Lecturer of ANC

 

FIRUZ BABASHEV’s ROLE IN THE DEVELOPMENT OF THE ART OF PERFORMANCE ON GARMON

 

Summary: The article is about the life and activity of Firuz Babashov — a talanted, skilled player on garmon and teacher. His important services as a performer in Neftchala region, where he was born and grown up and as an experienced teacher at children’s music school is also have taken into account in the article.

Keywords: Firuz Babashov, the art of  performance on garmon, teaching, folk music

 

Rəyçilər:

sənətşünaslıq üzrə fəlsəfə doktoru Zakir Mirzəyev

pedaqoji elmlər doktoru, professor Fərahim Sadıqov

 

Mövzuya uyğun