AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 1, 2015

Əhsən Rəhmanlı

ADMİU-nun müəllimi

Milli Konservatoriyanın dissertantı

Eiçin Nağıyev

Milli Konservatoriyanın baş müəllimi

 

XX əsrdə Аzərbaycanda yaranmış musiqi üçlüyü

 

 Açar sözlər: muğam, Azərbaycandakı musiqi üçlükləri, ifaçılar, melodiyalar

Mövzumuza keçməzdən əvvəl bəzi fikirlərimizi bölüşməli oluruq. Bü­tün yazılı mənbələrdə “Ənənəvi klassik Şərq üçlüyü”, “Şərq muğam üç­lü­yü” şəklində göstərilən və dilimizdə işlədilən bu termin fikrimizcə, “mu­ğam üçlüyü” adlansa, daha məntiqli və əsaslı olar. Sonuncu ad mən­ti­qə daha uyğundur.

Qeyd edək ki, bütün Şərq ölkələrində muğam ifaçılarının, xanən­də­lə­rin musiqi heyəti üzvlərinin sayı müxtəlifdir. Yəni farsların, kərküklərin, öz­bəklərin, taciklərin, türkmənlərin, uyğurların, hindlilərin, pakistanlıl­a­rın, Ərəb ölkələrinin (həmçinin Şimali Afrika ölkələrində yaşayan ərəb­lə­rin) muğam ifaçıları qruplarının üzvləri müxtəlif saylarda olur. Bizdə mu­ğam adlanan musiqi janrı farslarda dəstgah, ərəblərdə və türklərdə ma­­kam, Pakistanda xəyyal, Hindistanda raqa, uyğurlarda və türkmənlər­də makom, Şimali Afrika ölkələrində istixbar, nuba adlanır və s. və i.a.

Hər xalqın dialektinə uyğun ayrı-ayrı adlarla adlanan, lakin Qoca Şər­qin ortaq musiqisi və aparıcı janrı olan muğam hər bir xalqın öz musiqi alət­ləri ilə müşayiət olunur. Nəzərə çatdırırıq ki, adları çəkilən xalqların mu­ğam oxuyanını bir, iki və ya üç musiqiçi deyil, daha çox üzvü olan he­yət­lər müşayiət edə bilərlər. Belə heyət beş, altı, yeddi, səkkiz nəfərdən iba­rət ola bilir.

Qəbul olunduğu, ənənəvi şəkil aldığı kimi “muğam üçlüyü” xanəndə (ritm də icra edir, qaval çalır), tarzən və kaman ifaçısından ibarətdir. Belə bir məntiqi nəticə çıxır ki, bizdə bu ifadə “Ənənəvi Şərq üçlüyü” deyil, “mu­ğam üçlüyü” adlanmalıdır. Məlum olduğu kimi, Şərqin muğam qrup­la­rının üzvləri bizdəki kimi üç nəfər deyil, sayı daha artıq olan ifaçılardan iba­rətdir.

Qədim musiqi mədəniyyətinə və zəngin ənənələrə malik Azərbay­can­da muğam üçlüyündən başqa zurnaçılar dəstəsi də mövcud olmuşdur ki, be­lə heyətlər bu günə qədər qorunub saxlanmışdır. Zurnaçılar dəstəsi mü­ha­ribə zamanı döyüşdən öncə, möhtəşəm idman tədbirlərində, yarış­ma­lar­da “Cəngi”lər çalır, bütün xalq şənliklərində və bayram tədbir­lərində çıxış edir, toyların aparıcı musiqi dəstəsi olurdular. Belə üçlükdə iki zur­na­çı; solist və müşayiətçi (dəmkeş), nağara ifaçısı olur. Bəzi bölgələrdə, əsa­sən, Muğanda zuy tutana, “zuyçu” (züyçü) deyilir. Cənub bölgəsində zur­naçılar qoltuqda tutulub, əllərlə, Azərbaycanın digər bölgələrində ço­maq-çubuqla çalınan nağara ilə müşayiət olunur. Bir daha qeyd edirik ki, “zur­naçlar üçlüyü” Azərbaycanın bəzi bölgələrində bu gün də fəaliyyət gös­tərir. 1988-ci ildə Qərbi Azərbaycandan (Ermə­nistandan) deportasiya olu­nan yurddaşlarımızın əksəriyyətinin Bakıda məskunlşması, Qədim türk torpaqlarından, Borçalı, Başkeçid, Qaraçöp və Qarayazıdan ölkə­mi­zin paytaxtına köçən soydaşlarımızın köçüb gəldikləri ellərin adət-ənə­nə­lə­rini qoruyub saxlamaları, toylarda zurna üçlüyündən istifadə etmələri be­lə musiqi qruplarının yaşamasına şərait yaratmışdır.

Azərbaycanda “balabançılar üçlüyü” də olmuşdur. İki balabançıdan; so­list və dəmtutan (dəmkeş, züyçü) balaban ifaçısından və nağaraça­lan­dan (bəzən ritm müşayiətçisi qaval və ya dəfçalandan) ibarət olan belə üç­lüklərin yaranması qədim dövrlərə gedib çıxır. Belə qruplar yalnız əya­lət­lərdə deyil, ölkənin baş kəndində və digər şəhərlərdə də fəaliyyət gös­tər­mişdir. Əllərlə çalınan ritm alətləri çırtmalarla ifa olunurdu ki, solo ba­la­banın səsi aydın eşidilsin. Balabançı dəstələri əsasən toy çadırlarında, sa­lonlarda və otaq şəraitində keçirilən şənliklərdə fəaliyyət göstərirdi. Ba­laban qrupları həm də aşıq dəstələrində çalırdılar. Aşıq dəstəsində qa­va­lın ritminə qoşanağara da əlavə olunurdu. Belə ki, aşığın dəstəsində zur­nalar ifa olunarkən qavalın səsi gur, möhtəşəm səslərin fonunda zəif olur. Qoşanağara ilə qavalın birlikdə səslənməsi isə daha güclü və əzə­mət­li səslənir. Bəm səsə malik qavalla qoşanağaranın zil səsi birlikdə səs­lə­nərkən bir-birini tamamlama baş verir və gözəl ritm ahəngi yaranır.

 XX əsrin əvvəllərindən başlayaraq nəfəs aləti klarnetin Azərbaycanda bir çox virtuoz ifaçıları meydana gəlmişdir. İlk əvvəllərdə balaban dəs­tə­sin­də olduğu kimi, klarnetin müşayiətçisi dəmkeş balabançı, ritm ifaçısı na­ğaraçalan olmuşdur. Bu heyətlər irili-xırdalı şadyana məclis­lərdə və toy şənliklərində çalıb-çağırardılar. Həmçinin belə “üçlük”lər dövlət bay­ram­larına aid nümayişlərdə, parklarda, meydanlarda keçirilən tədbirlərdə şən ovqat yaradırdılar. Belə qruplar 1941-1945-ci illər müharibəsinə qə­dər və sonrakı dövrlərdə əsasən, Bakı şəhərində və ona yaxın kənd və qə­sə­bələrdə şadlıq mərasimlərinin çarçısı idilər. Qarmon isə qavalla müşa­yi­ət olunurdu.

Mövzumuzun əsas məqsədinə gələk. Respublikamızda ilk dəfə 1939-cu ildə Lənkəran şəhərində yeni bir “musiqi üçlüyü” yaradılıb. Həmin üç­lü­yü klarnet ifaçısı Nəsir Qasımov, qarmonçalan Mahmud Xaloğlu və na­ğa­raçı Nurəddin Həbibov birləşib yaradaraq ortaya çıxarmışlar. Bu heyət Lən­kəran bölgəsinin şənliklərində, yığıncaqlarda, bayram tədbirlərində və toy-nişan məclislərində çalırdı. 1941-ci ildə başlanan müharibə 1945-ci il sona yetənə qədər bu “trio” (üçlük) fəaliyyətini dayandırmışdı. Mü­ha­­ri­bənin ağır illəri məşəqqətlər, ölüm-itim gətirmişdi. SSRİ əra­zi­sində yaşayan bütün əhali kimi xalqımızın da maddi, mənəvi, psixoloji və­ziyyəti müharibəyə bağlı idi. Belə bir şüar höküm sürürdü: “Hər şey cəb­hə üçün, hər şey qələbə üçün”.

Müharibə bitəndən, dinc quruculuq dövrü başlanandan sonra Lənkə­ran­dakı həmin musiqi üçlüyü yenə də ürəkdən xalqın çal-çağırına qo­şul­muş, toy-büsata rövnəq vermişdir. Beləliklə, bu üçlük 1970-ci illərə qə­dər fəaliyyətdə olmuşdur. Sonra həmin dəstədə qarmonçalan Mahmu­dun oğ­lu Ağaəmi çalışmışdır. Çünki artıq Mahmud Xaloğlu dünyasını dəyiş­miş­di.

1950-ci illərdə Bakının klarnet ifaçıları da bəzi hallarda toy-nişana öz­lə­rilə qarmonçalan aparırdılar. Lakin burada əsasən klarnet, dəmkeş ba­la­ban­çı və nağaraçalandan ibarət heyətlər üstünlük təşkil edirdi. Belə üç­lük­­lərin nağaraçalanları həm də oxuyur, xanəndə vəzifəsini yerinə yeti­rir­di­lər. Qeyd etmək yerinə düşər ki, həmin qruplarda çıxış edən bir-sıra mü­­ğənni-nağaraçalanlar sonralar məşhur sənətkarlara çevrilmiş, dövlət sə­nətçisi olmuş, ustadlıq zirvəsinə çatmış və xalq artisti fəxri ada qədər yük­səlmişlər.

Bir misal çəkək. Azərbaycanın dövlət başçısı olmuş Mircəfər Bağıro­vun (1896-1956) bacısı oğlunun toyu 1950-ci ilin payızında Quba şəhə­rin­də keçirilərkən məclisin musiqiçiləri tanınmış klarnet ifaçısı, us­tad sə­nət­kar Suliddin İsmayılov (1923-1983), qarmonçalan Bədəl Bədəlov (1907-1982) və müğənni-nağaraçı Teymur olmuşdu.

Lənkəranda yaranan musiqi üçlüyünün səsi-sorağı Bakıdan öncə ətraf ra­yonlara da yayılmışdı. Odur ki, 1960-cı illərin əvvəllərindən Salyan, Neft­çala bölgəsində artıq belə heyətlər yaranmışdı. Belə qrupları tez-tez toy-büsatda görmək mümkün idi. Az sonra belə üçlüklər Əlibayramlı (ha­zırkı adı Şirvan), Sabirabad, Göyçay, Ağstafa və Gəncə də yarandı. Adı qeyd olunan rayonlarda belə heyətlər qız toylarında da çalırdılar. Be­lə ki, bölgələrdə qadın musiqiçi dəstələri mövcud deyildi. Bakıdan qadın mu­siqiçilər dəvət etməyə də hər adamın imkanı çatmırdı. Digər tərəfdən Ba­kının özündə də qadınlardan ibarət musiqiçilər az sayda idi. Adlarını qeyd etdiyimiz rayonların kişi məclislərində qarmon, klarnet və nağara ifa­çılarından ibarət üçlüklər xanəndənin dəstəsi olur və onu müşayiət edir­dilər. Bəzən xanəndənin muğam oxumalarının daha rahat və zəngin mü­şayiəti üçün dəstəyə tarzən də əlavə edilirdi.

Həmin dövrdə Quba, Xaçmaz və Siyəzəndə də belə üçlüklər yaranaraq toy büsatın, el şənliklərinin sevimlisinə və aparıcı qüvvəsinə çevrildilər.

Klarnetlə qarmonun xalq havalarını birlikdə ifa etməsi həm yenilik, həm də təsirli, könül oxşayan və cəzbedici idi. Televiziyada, radioda mün­təzəm səslənən bəstəkar mahnılarının şənliklərdə klarnet-qarmon dəs­tə­sində çalınması elə bir xoş ovqat yaratmışdı ki, məclislərə gələnlər be­lə musiqilərin sədasına və ritminə qol götürüb oynamağı, rəqs etməyi xoş­layırdılar.

Çox sonralar, 1960-1970-ci illərdə gənc, mahir və yenilikçi ifaçılar; qar­monçalan Avtandil İsrafilov, klarnetçi Vəli Qədimov (1940-2009) və na­ğaraçı Tahir Hüseynovdan ibarət üçlüyün ifasında rəqs havalarının Azər­baycan radiosunda tez-tez səslənməsi belə qrupların yaranmasına, ar­tıb çoxalmasına həvəs, istək və şərait yaratdı. Bölgələrdəki musiqiçilər də bir araya gəlib hərə öz rayonunda, kəndində, qəsəbəsində belə musiqi üç­lükləri meydana çıxardılar. Beləliklə, Azərbaycanın əksər rayonlarında toy-büsata qarmonçu, klarnetçi və nağaraçı üçlükləri çağrıldı.

A.İsrafilov, V.Qədimov və T.Hüseynov üçlüyünün lentə alınaraq fon­da qəbul olunub radioda səslənən “Natiqi”, “Siyəzən”, “Xəzər”, “Bahar”, “Ar­zu”, “Qazaxı”, “Xoşbəxti”, “Toy rəqsi” (C.Cahangirov) adlı oyun ha­va­ları o qədər gözəl, məlahətli, məharətli, cəzbedici və könül oxşayan idi ki, bu qrup az zaman kəsiyində tamam məşhurlaşdı. Onların ifasında se­vi­lən və populyarlıq qazanan bütün melodiyalar konsertlərin və toyların re­pertuarına daxil oldu.

Avtandilgilin ifaları o qədər sevilmiş və uğur qazanmışdı ki, artıq gənc musiqiçilərdən bəziləri belə üçlük şəklində ifalarını radioya yazdır­mış­dılar. Onlar da A.İsrafilov və V.Qədimovun ifa etdikləri rəqs hava­la­rı­nın bir neçəsini ifa etmişdilər.

1972-ci ildə məşhur klarnetçalan Əşrəfağa Əşrəfzadə (1940-1973), Av­tandil İsrafilov və nağara ifaçısı Rafiq Budaqov üçlüyünün qram­mo­fon valına yazılan və radiomuzun fonduna daxil edilən “Həyatı”, “Fik­rəti”, “Mürşüdü”, “Vağzalı” və “Qoçəli” rəqs havaları müntəzəm səs­lən­di­rilərək sevildi. Bu ifaları qrammofon valına Ümumittifaq “Me­lodiya” fir­ması Leninqradda (hazırda Sankt-Peterburq) yazmışdı. Həmin ərəfədə adı çəkilən musiqiçilər orada səfərdə idilər.

Ə.Əşrəfzadənin dəstəsində mahir qarmonçalan Teyyub Teyyuboğlu da ça­lışmışdır.

Vituoz qarmon ifaçısı Zakir Mirzə usta solist olsa da dövrün tələbinə uy­ğun olaraq haqqında söhbət açdığımız üçlüklərdə nümunəvi sənət nü­ma­yiş etdirmişdir. 1967-ci ildən başlayaraq Z.Mirzə, ustad klarnet ifaçısı Ələk­bər Əsgərov (1933-1995) və mahir nağaraçalan Zöhrab Məmmə­dov­la mərhələlərlə fəaliyyətdə olmuşdur. Onlar konsertlərdə və toy şənlik­lə­rin­də maraqlı ifalarla, bədahətən gələn çalğılarla musiqise­vərləri sevin­dir­mişlər. İfa zamanı onlar həm birlikdə, həm də solo ifalarla möcüzələr ya­radırdılar. Yüksək səviyyəyə malik üç nəhəng sənətkarın bir-birinin hə­vəsinə, bir-birinin sənətinə hörmət əlaməti olaraq sual-cavab, bitkin mu­siqi çümlələrilə, həm də bahəm elə çalırdılar ki, hər bir ifa yetkin ifa şək­lini alırdı. Bunları sözlə ifadə etmək çətindir. Bunu o anları yaşayan, gö­rən, şahid olan və dinləyənlər bilir. Əgər bugünkü texniki avadanlıqlar o zaman olsaydı Z.Mirzə, Ə.Əsgərov, Z.Məmmədov üçlüyünün möcüzəli ifa­ları qorunub saxlanar və gənc musiqiçilər üçün ustad dərsləri sayıla bi­lər­di. Musiqiçilər həmin ifalardan bəhrələnər və çox şey əxz edə bilər­di­lər. Bədahətən meydana çıxan nadir ifalar həmişə alınmır axı…

Həyatda, cəmiyyətdə, dünyada hər şey sadədən mürəkkəbə, asandan çə­tinə doğru getdiyi, inkişafın təkamülə yol aldığı kimi 1939-cu ildə Lən­kə­randa klarnetçi Nurəddin Qasımov, qarmonçu Mahmud Xaloğlu və na­ğa­raçalan Nurəddin Həbibovla yaranan musiqi üçlüyü Azərbaycanda ge­niş intişar taparaq, nəhayət 1970-ci illərdə Zakir Mirzə, Ələkbər Əsgərov və Zöhrab Məmmədov qrupu ilə zirvəyə çatdı.

Z.Mirzə həmçinin məşhur klarnet ifaçıları Bəhruz Zeynalov (1926-1998), Adil Bayramov (1932-1975), Məhərrəm Zeynalov (1932-2005), Ya­şar Həsənov (1937-1997) və Vəli Qədimovla da birlikdə çalışmışdır.

 Zakir Mirzə, Adil Bayramov və Tahir Hüseynov üçlüyünün ifasında “Se­vinci” və “Bəxtəvəri” oyun havaları 1970-ci ildə radio fonduna qəbul olu­naraq səsləndirilmişdir. Melodiyalar Z.Mirzənin bəstələridir. Bu rəqs ha­vaları da o dövrdə çox populyar olmuşdur.

Ələkbər Əsgərov, Hüseyn Həsənov və Zöhrab Məmmədovdan ibarət üç­lük də çox məşhur və sevilən idi. Onlar 1968-ci ildən ustad xanəndə Əli­baba Məmmədovun rəhbərlk etdiyi “Hümayun” xalq çalğı alətləri an­sam­blında çalışırdılar. Konsertlərdə, el şənliklərində bu üçlüyün gözəl, bən­zərsiz, virtuoz ifaları olmuşdur. Həmin qrupun ifasında “Qazaxı”, “Na­təvanı” və “Zöhrabı” rəqs havaları radio fondunda qorunur və səs­lən­di­rilir.

Qarmon, klarnet və nağaraçalandan ibarət musiqi üçlüyü XX əsr Azər­bay­can musiqi mədəniyyətinin yeni töhfəsi, zəngin səhifəsi olaraq xalq mu­siqimizin inkişafına xidmət etmişdir.

 

İstifadə edilmiş ədəbiyyat: 

  1. Mirzəyev Z. Azərbaycan qarmonu. B.: Adiloğlu, 2005, 159 s.
  2. Sadıqov F. Masallı folkloru. B.: Adiloğlu, 2013. 447 s.
  3. Rəhmanlı Ə. Azərbayanda klarnet ifaçılığı sənəti. B.: MBM, 2010, 988 s.
  4. Rəhmanlı Ə. Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi. B.: MBM, 2014, 704 s.

 

Ахсан Рахманлы

 Эльчин Нагиев

 

Музыкальное трио, созданное в ХХ веке

РЕЗЮМЕ

 В статье рассказывается о музыкальном трио в азербайджанской музыке. В начале статьи предоставляется информация о различных названиях этого жанра, где существовал мугам, а также о составе мугамного трио в нашей стране и за рубежом. Имеются обширные и подробные сведения о трио (исполнителях на гармони, кларнете и нагара), созданныx в ХХ веке. Основа исследования – возникновение,  становление и развитие музыкального трио  в Азербайджане.

 Ключевые слова: мугам, музыкальное трио в Азербайджане, исполнители, мелодии

 

Ahsan Rahmanli

 Elchin Naghiyev

 

Musical trio appearing in XXth century

 Summary

The article tells about the musical trio in Azerbaijan. It is given information about this genre, also the members of staff of mugham groups in Azerbaijan and other countries. In the article there is large and detailed knowledge because of dealing the musical trio consisting of garmon, clarinet and drum performers appearing in XXth century in Azerbaijan.

Key words: mugham, musical trio in Azerbaijan, performancers, melodies

Rəyçilər:    sənətşünaslıq üzrə elmlər doktoru, professor Səadət Abdullayeva;

pedaqoji elmlər doktoru, professor Fərahim Sadıqov

Mövzuya uyğun