AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 1 (35) 2017

Əhsən Rəhmanlı

AMK-nın dissertantı

ADMİU-nun müəllimi

Ünvan: Baki, İnşaatçılar prospekti 39

Email: ahsanrahmanli@mail.ru

UOT: 78.087

ÜZEYİR HACIBƏYLİNİN QARMON SƏNƏTİNƏ MÜNASİBƏTİ

endir 

PDF

Xülasə: Məqalədə dünya üzrə qarmon sənətinin inkişafı və populyarlığında əvəzsiz xidmətləri olan dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Ü.Hacıbəylinin qarmon ifaçılığı sənətinə münasibəti və qayğısı barədə məlumat verilir. O, qarmon sənətini, onun tembrini, səsini və ifa xüsusiyyətlərini sevirdi, bu sahənin gözəl ifaçılarını yaxşı tanıyır, onların fəaliyyəti üçün əhəmiyyətli şərait yaradır, bu sənətin formalaşmasına çalışırdı.

Açar sözlər: Üzeyir Hacıbəyli, qarmon sənəti, ifaçılar

Dahi bəstəkar Üzeyir Hacıbəyli (1885-1948) xalq musiqimizi, muğamları və aşıq sənətini zəngin sərvət hesab edirdi. O, ifaçılıq sənətinə, bu sənətə xidmət edənlərə xüsusi diqqət və böyük qayğı ilə yanaşırdı. Üzeyir bəy ifaçılıq sənətimizin ayrılmaz hissəsi olan qarmon sənətini də sevir, dəyər verir və ifaçılara diqqət yetirirdi. O, qarmonçalanlardan Kərbalayi Lətif Hüseynoğlu (1876-1944), Kərbalayi Abutalıb Yusifov (1884-1937), Ələkbər Nəzərli (1882-1951), Əhəd Əliyev (1893-1942) və Teyyub Dəmirov (1908-1970) kimi sənətkarları yaxşı tanımış, onlarla əlaqə qurmuş və himayə etmişdi. Qarmonun səs çalarlarına, ecazkar, şirin tembrinə və bu alətin spesifik xüsusiyyətlərinə uyğun səslənən muğamlar və el havaları incə zövqlü, yüksək bədii təfəkkürlü bu böyük insanın maraq dairəsindən kənar deyildi. Əbəs deyil ki, o özünün “O, olmasın, bu olsun” musiqili komediyasında və “Arşın mal alan” operettasının toy səhnəsində qarmon sənətindən istifadə edirdi. Üzeyir bəy Əhəd Əliyevi Opera Teatrına dəvət etmişdi. Əhəd “Arşın mal alan” operettasının toy səhnəsində “Tərəkəmə” rəqs havasını şirin, incə xallar, xüsusi bəzəklər və ustalıqla çalırdı. Bu oyun havası Əhədin ifasında zəngin çalarlarla, əsər səviyyəsində səslənirdi.

Ü.Hacıbəyli ümumiyyətlə, teatr tamaşalarının fasilələri zamanı mahir qarmon-çalan Əhəd Əliyevin ifası üçün şərait yaradırdı. Əhədin virtuoz çalğısını, xalq musiqisini dərin bilməsini nəzərə alan dahi bəstəkar onu opera teatrında işləməyə dəvət etmişdi. Əhədin qızı Leyla xanım danışırdı: “Üzeyir əmi dəfələrlə bizə gələrək atamın ifasını dinləmiş, razılığını bildirib təşəkkür etmiş və xoş, tərifli sözlər söyləmişdi”.

1926-cı illərdə yaranmış Azərbaycan radiosunda Ü.Hacıbəylinin göstərişi ilə 1927-1933-cü illərdə Əhədin canlı ifasına, qarmonda muğamlar və oyun havaları səsləndirməsinə şərait yaradılırdı. Onun çox istedadlı musiqiçi olduğunu nəzərə alan Ü.Hacıbəyli 1931-ci ildə Müslüm Maqomayevlə (1885-1937) birlikdə Azərbaycanda yaratdığı ilk notlu Şərq orkestrinə Əhədi də dəvət etmişdi. Orkestrdə ifa olunan muğamlardan Şurun “Bayatı-Qacar” (“Bayatı-türk” – Ə.R), Çahargahın “Bəstə-Nigar”, Rastın “Şikəsteyi-fars” (“Xocəstə” – Ə.R.) şöbəsi çalınarkən solo ifa etmək Əhədə həvalə olunurdu. O, hər solonu özünəməxsus zəngin çalarlarla, bəzəklərlə, ürəklə və çox təsirli çalardı.

Ə.Əliyev 1932-ci ildə ilk dəfə Şərq qarmonçalanlar ansamblı yaratmışdı. Onun 1933-1935-ci illərdə İ.Əbilov adına mədəniyyət evində (indiki Mədəniyyət Mərkəzi) qarmonçalanlardan ibarət ansamblı olmuşdur. Ü.Hacıbəyli qarmonçalanlar ansamblını yaranarkən dinləmiş və müsbət fikir söyləmişdi. Görkəmli bəstəkar həmin ansamblın çıxışlarını tədbirlərdə, filarmoniya səhnəsində də görüb eşitmiş və hər dəfə Əhədə təşəkkürünü bildirmişdi.

Tanınmış Nəzərlilər nəslinin nümayəndəsi Əliəkbər Cavad oğlu Nəzərli istedadlı qarmon ifaçısı idi. O, Bakı musiqi ictimaiyyətində öz nüfuzu ilə tanınır və çal-çağır məclislərinin əsas qarmon ifaçılarından biri sayılırdı. Ə.Nəzərli yalnız musiqinin deyil, yaşıllığın, bağ-bağatın, təbiət gözəlliyinin də vurğunu idi. O, Azərbaycanın əksər yerlərində gördüyü gözəllikləri Bakıya köçürmək istəmişdi. Bu zəhmətkeş, işgüzar, bacarıqlı insan Bakının özündə, böyük bir sahədə, təxminən 2000 kv.m.-lik ərazidə təkbaşına, öz əllərinin əməyi ilə gözəl bir bağ salmışdı. Bu gözəlliklər qoynuna gələn hər bir kəs heyran olurdu. Sənətkar əkdiyi qırmızı qərənfillərin, qızılgüllərin və növbənöv çiçəklərin satışından əldə etdiyi vəsaiti bağın daha da abadlaşmasına sərf edirdi. Bağ-bağçanın hündür hasarı, 1500 barlı ağacı, balıqlar saxladığı hovuzu var idi. Həmin zamanlar Bakıda su problemi olsa da, Ə.Nəzərli böyük çətinliklərə sinə gərib öz bağına su çəkdirərək gözəlliklər yarada bilmişdi.

Qohumlar, dostlar, onlar arasında ziyalılar, ictimai xadimlər, musiqiçilər, xanəndələr Ələkbərin bağına gəlib söhbətləşər, dincələr, çal-çağır anlarında isə mütləq gözəlliklər sahibinin qarmonunun səsinin sehrinə dalardılar. Bu bağda sənət yığıncaqları olar, musiqi müsamirələri keçirilər, çalıb-oxuma zamanı açıq fikirlər söylənər, fikir mübadiləsinə vaxt ayrılardı. Buradakı toplantılarda yalnız Azər-baycanın, Bakının görkəmli sənətkarları deyil, Qafqaz xalqlarının nümayəndələri olan musiqiçilər də iştirak edirdilər.

Ü.Hacıbəyli bir neçə dəfə Ə.Nəzərlinin “Cənnət bağı” adlanan, “İsa bulağı” kimi məşhurlaşan bağına gəlmiş, bu maraqlı, zəhmətsevər, mehriban insan, istedadlı musiqiçi ilə şirin, məzmunlu, əhatəli söhbət etmiş, yaşıllıqlar qoynunda dincəlmiş və sənətkarın qarmonda çaldıqlarını dinləmişdi. Musiqimizin keşiyində dayanan bəstəkar Ə.Nəzərli kimi sənət adamlarının ifasını diqqətlə dinləyir, qarmonun səslənməsini izləyir, səs çalarları ilə maraqlanır, el havaları və muğamların ifası ilə bağlı fikir bildirir və tövsiyələr verirdi. Üzeyir bəy doğrudan da xalq musiqimizdə qarmonu görür və bu ifaçılıq sənətinin geniş təşəkkül tapacağına inanırdı. Qeyd etməliyik ki, Ə.Nəzərlinin bağının sorağını alan dövlət başçısı Mircəfər Bağırov da bura bir neçə dəfə gəlmişdi.

Dövrünün tanınan və mahir ifaçılarından biri də Abutalıb Yusifov  idi. Abutalıbı yaxından tanıyan, birlikdə konsertlərdə, toy şənliklərində çıxış edən ustad xanəndə Seyid Şuşinski (1895-1965) belə xatırlayır: “Üzeyir bəy konservatoriyanın rektoru vəzifəsində çalışarkən bir gün mənə dedi: “Ağa, bu qarmonçalanlar tez-tez mənə müraciət edirlər. Biri deyir: “Məndən olmaz, mənim kimi qarmonçalan yoxdur”, bu biri deyir “Mən hamıdan gözəl çalıram”. Ona görə də bu hay-küyə son qoymaq üçün müsabiqə keçirmək lazımdır.

Mən Üzeyir bəyin məqsədini başa düşüb elan verdim və elanda göstərdim ki, respublikada qarmonda birinciliyi qazanmaq üçün sənətkarlar filan ayda, filan gündə öz qarmonları ilə konservatoriyanın zalına gəlsinlər. Nəhayət, müsabiqə elan olunan gün Azərbaycanın hər yerindən əlli nəfərə qədər qarmonçu toplanmışdı. Üzeyir bəy səhnəyə çıxıb hamını salamladı və  oturacağın üstünə 14 dilli qarmon qoyub dedi: Müsabiqənin bir şərti var. Kim bu qarmonda “Orta Mahur” muğamı çala bilirsə, xahiş edirəm buyurub səhnəyə çıxsın.

Üzeyir bəyin bu elanından sonra zalda qarmonçalanlar arasında bir növ çaxnaşma düşdü. Bir çoxları da bir-birinin üzünə baxıb mat qaldılar. Nəhayət, Abutalıbdan başqa səhnəyə çıxan olmadı. Bunu görən Üzeyir bəy təzədən səhnəyə çıxıb, əlilə bığını tumarlayıb dilləndi:

  • Hə, qoçaqlar, necəsiniz? Tısa-bısanız yatdımı?

Sonra üzünü mənə tutub dedi: – Ağa, məsələ aydındır, yığıncağı bağla!

Mən Üzeyir bəyi yaxşı başa düşməyib ondan soruşdum: – Ay bəy, bəs Abutalıb çalmayacaq?

O, başını bulayıb narazı halda dilləndi: – Ağa, Abutalıbın çalğısına ehtiyac yoxdur. Məni özlərindən razı qalıb “mənəm-mənəm” deyənlərin çalğısı maraqlandırırdı. Onların da hünəri bu gün aydın oldu” (Seyid Şuşinskinin xatirələrindən – Ə.R.).

Ü.Hacıbəyli Abutalıb Yusifovu yaxşı tanıyırdı. Onun ifasını bir sıra tədbirlərdə dinləmişdi. Böyük bəstəkar xalq musiqisini yaxşı duyan, dərin biliyə malik olan, el havalarını sevə-sevə ifa edən belə sənətkarlara hörmət bəsləyirdi.

Mehdi Cavad oğlu Nəzərli (1892-1952) milli nəfəs alətləri və klarnet ifaçısı idi. Uşaqlıqdan qardaşı Ələkbər Nəzərlidən qarmon çalmağı da öyrənmişdi. Gənclikdə bu sənəti də işlədirdi. Əsasən nəfəs alətləri ifaçısı kimi fəaliyyət göstərirdi. Üzeyir bəy Ələkbər Nəzərli ilə əlaqə qurarkən Mehdi Nəzərlini də yaxından tanımış, ifasını dinlərkən istedadını və bacarığını hiss etmişdi. Onu Opera Teatrına dəvət etmiş və nəfəs alətləri ifaçısı kimi işə düzəltmişdi. Mehdi Ü.Hacıbəylinin “Koroğlu” operasında zurna partiyasını ifa edirdi.

1941-ci ilin əvvəlində Mehdinin boğazında əmələ gəlmiş xəstəlik ona əziyyət verdiyi üçün Üzeyir bəyin köməkliyi ilə o, Moskva şəhərinə göndərilir. Ciddi müayinə və cərrahi əməliyyatdan sonra Bakıya qayıdan Mehdi 1 ildən sonra yenidən Moskvaya, müalicə kursuna və ikinci cərrahi əməliyyata getməliymiş. 1941-ci ilin yayında Almaniya ilə Sovet dövləti arasında başlanan müharibə buna imkan vermir. Həkimlərin tövsiyəsi ilə M.Nəzərli nəfəs alətlərinin ifasından uzaqlaşır.

Üzeyir bəy əsl peşəkar sənətkar qarmonu alaraq ona bağışlayır. M.Nəzərli qarmon ifaçısı kimi fəaliyyətini davam etdirir. Üzeyir bəy öz xislətinə, xeyirxah, nəcib əməllər sahibi olmasına sadiq qalaraq elə bir şərait yaradır ki, M.Nəzərli Opera Teatrında keçirilən tədbirlərdə, tamaşalardan əvvəl və ya pərdəarası fasilələrdə qarmon çalır və məvacib alır. Bundan əlavə opera artistlərinin tədris ocaqlarında, mədəniyyət, istehsalat müəssisələrində, istirahət parklarında, pansionatlarda, uşaq evlərində olan çıxışlarında Mehdinin qarmon ifasına da imkan yaradılır.

Ü.Hacıbəyli ustad qarmonçalan Teyyub Dəmirovun ifaçılıq və yaradıcılıq fəaliyyətinə diqqət yetirir və böyük dəyər verirdi. Onun ifasında səslənən muğamlar, oyun havaları, xalq musiqimizin nadir inciləri həssas qəlbli, nəhəng bəstəkarımızın diqqətini cəlb etmişdi. O, Teyyubun ifaçılıq fəaliyyətində Azərbaycan qarmon sənətinin inkişafını görürdü. Teyyubun istər xalq çalğı alətləri ansamblı tərkibində, istərsə də solist kimi fəaliyyətini görən Ü.Hacıbəyli onun sənətini təqdir etmiş, daha da həvəsləndirmiş və bəzi tövsiyələr vermişdi. O, T.Dəmirovun yaradıb rəhbərlik etdiyi, 1938-1941-ci illərdə fəaliyyət göstərən qarmonçalanlar ansamblına da böyük dəyər verir, tədbirlərdəki çıxışlardan sonra yaxınlaşıb üzvlərlə maraqlanır, hər birini təbrik edir və ansambla nailiyyətlər arzulayıb onun rəhbərinə təşəkkürünü bildirirdi. Qeyd olunmalıdır ki, T.Dəmirovun Bakı və onun ətraf qəsəbələrindən peşəkar qarmonçalanları toplayaraq yaratdığı həmin ansambla ilk rəy, xeyir-dua verən və müsbət fikir bildirənlərdən biri Ü.Hacıbəyli olmuşdu. Ansamblın ilk konserti musiqimizin hamisi tərəfindən bəyənilmiş və o, bu kollektivin geniş fəaliyyət göstərməsi üçün əlaqədar təşkilatların rəhbərləri ilə söhbətlər aparmışdı.

 1938-ci ildə Sovet dövlətinin paytaxtı Moskavada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə görkəmli sənət adamlarımız arasında T.Dəmirov da olub. Müğənnilərin və musiqiçilərin seçilib həmin məsuliyyətli və möhtəşəm tədbirə göndərilməsində Üzeyir Hacıbəylinin seçimi, rəyi, tapşırığı mühüm əhəmiyyət kəsb edirdi. O, dekadada qarmonçalanlarımızın, bu sırada Əhəd Əliyev və Teyyub Dəmirovun olmasını lazım bilərək dövlət rəhbərləri və dekada iştirakçılarını Azərbaycan qarmonunun ecazkar səsi və bütünlükdə bu ifaçılıq sənəti ilə tanış etmişdi. Ü.Hacıbəyli Moskvada Ə.Əliyev və T.Dəmirovun maraqlı ifalarını bir daha yaxından dinləyib çox məmnun olmuşdu.

1939-cu ildə Moskvada həm özfəaliyyət, həm də peşəkar musiqiçilərin Ümumittifaq baxış-müsabiqəsində Azərbaycan milli xalq havalarını ifa edən Lətif Hüseynoğlu vətənə tərifnamə ilə qayıtmışdı. Azərbaycan qarmon sənətinin inkişafına və təbliğinə çalışan Ü.Hacıbəyli ilk peşəkar qarmonçalanlarımızdan sayılan Lətifin Moskvaya göndərilməsinə şərait yaratmışdı.

Fikrimizin məntiqi nəticəsindən məlum olur ki, incəsənətimizin və musiqimizin bütün sahələrinə diqqət və qayğı göstərən Ü.Hacıbəyli həmçinin instrumenlal ifaçılığımızın və onun bir qolu olan qarmon sənətinin inkişafını bir an belə diqqətindən kənar saxlamamışdır.

ƏDƏBİYYAT:

 

  1. Şuşinski F.M. Azərbaycan xalq musiqiçiləri. B.: Yazıçı, 1985, 478 s.
  2. Əlihüseyn Dağlı. Ozan Qaravəlli. B.: MBM, 2006, 192 s.
  3. Abdullayeva S. Azərbaycan xalq çalğı alətləri. B.: Adiloğlu, 2009, 454 s.
  4. Mirzəyev Z. Azərbaycan qarmonu. B.: Adiloğlu, 2007, 162 s.
  5. Rəhmanlı Ə.M. Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi (dərs vəsaiti). B.: MBM, 2014, 704 s.
  6. Sadıqov F. Qarmon ifaçılığında muğam. B.: Adiloğlu, 2013, 140 s.

 

Ахсан Рахманлы

Диссертант AНK

Преподаватель АГУКИ

 

ОТНОШЕНИЕ УЗЕИРА ГАДЖИБЕЙЛИ К ИСКУССТВУ ИГРЫ НА ГАРМОНИ

 

Резюме: В статье раскрывается забота основоположника азербайджанской современной композиторской школы – Узеира Гаджибейли к искусству игры на гармони. Великому композитору нравился неповторимый тембр этого инструмента, он хорошо знал многих исполнителей на гармони, поддерживал их в формировании национальной исполнительской школы.

 

Ключевые слова: Узеир Гаджибейли, искусство игры на гармони, исполнители

Ahsan Rahmanlı

Candidate for a degree of ANC

Lecturer of ASCAU

UZEYIR HAJIBEYLI’S ATTITUDE TOWARD ART OF PLAYING THE ACCORDION

Summary: The article deals with the care of the founder of the modern Azerbaijani composer school — Uzeyir Hajibeyli to the art of playing the accordion. Great composer liked the unique timbre of the instrument, he knew many artists on the accordion, supported them in forming the national performing school.

 

Key words: Uzeyir Hajibeyli, art of playing the accordion, artists

Rəyçilər:

pedaqoji elmlər doktoru, professor Fərahim Sadıqov

sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı


 

Mövzuya uyğun