Tarzən Elçin Nağıyevin tədrisdə və ifaçılıqda zəngin töhfələri
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
«KONSERVATORİYA» 2019 № 4 (46)
TARZƏN ELÇİN NAĞIYEVİN TƏDRİSDƏ VƏ İFAÇILIQDA
ZƏNGİN TÖHFƏLƏRİ
Azərbaycanda tar və bütünlükdə ifaçılıq sənəti zaman-zaman inkişaf etmiş və bu sahəyə, mədəniyyət tariximizə öz görkəmli nümayəndələrini bəxş etmişdir. Belə ifaçılara fəxri adlar, müxtəlif təltiflər, ordenlər, medallar verilmiş, onların haqqında məqalələr, monoqrafiyalar yazılmış, teleradioda verilişlər hazırlanmış, televiziya filmləri çəkilmiş, solo ifaları konsertlərə cəlb edilmiş, İnternetdə Vikipediya və digər vasitələrlə məlumat yayımlanmışdır. Sevimli, zəngin, şərəfli, məhsuldar, həmişəyaşar tar ifaçılığı sənətinin fəal nümayəndələrinin biri haqqında oxucuları məlumatlandırmaq istərdik.
Elçin Ağaşirin oğlu Nağıyev 1966-cı il noyabrın 10-da Neftçala rayonunun Qoltuq qəsəbəsində anadan olub. Uşaqlıqdan musiqiyə həvəsi və böyük istedadı ilə diqqəti cəlb edib. 1 il rayon mədəniyyət evinin tar dərnəyində ilk çalğı qaydalarını öyrənib. 1977-1982-ci illərdə uşaq musiqi məktəbində tar sinfində əvvəl tarzən-xanəndə Teymur Hüseynovdan, III sinifdən Vilayət Kərimovdan dərs alıb. “Bahar-79” Respublika müsabiqəsinin iştirakçısı olaraq diplomla təltif edilib. II sinifdən oxuduğu musiqi məktəbinin xalq çalğı alətləri ansamblının tar ifaçılarının biri olub. Bu xətlə, ansamblın tərkibində AzTV-də çıxış edib və solo ifası ilə diqqət çəkib. Rayon mədəniyyət evinin “Bahar” mahnı və rəqs ansamblının üzvü kimi fəal ifaçılıq məktəbi keçib. Ansambl üçün rəqslər qurmağa Bakıdan Əli Əşari dəvət olunurdu. E.Nağıyev bu ansambl ilə Baltikyanı respublikalarda, Özbəkistanın Sır-Dərya, Amu-dərya əyalətlərində, Daşkənd şəhərində konsertlərdə çıxış edib. Həmin səfərlərdə kolxoz və sovxozlarda da konsertlər verilirdi. Elçin həmçinin yaşadığı rayonun Bankə qəsəbə mədəniyyət evinin bədii özfəaliyyət kollektivinin tərkibində məşhur Aşıq Ramizlə birlikdə Rusiyanın Həştərxan şəhərində səfərdə olur. O, Neftçala rayon tədbirlərində daim fəal ifaçı kimi rəğbət qazanıb. Onu da deyək ki, Elçin konsertlərdə səsilə də sevilib. O, gənc müğənni kimi konsertlərdə bir neçə xalq mahnısı ifa edirdi. Rayon əhalisi bu təzə, gənc səsin marağında idi.
E.Nağıyev 1982-ci ildə 2 saylı ümumtəhsil məktəbin 9-cu sinfini bitirib Bakıya gəlir və A.Zeynallı adına musiqi texnikumuna daxil olur. O, burada ixtisas-not üzrə Fikrət Əbdülqasımovdan və muğamdan ustad tarzən Elxan Müzəffərovdan dərs alaraq sevib-seçdiyi sənətə mükəmməl yiyələnir. Elçin texnikumda Ramiz Zahidovun rəhbərlik etdiyi tələbələrdən ibarət xalq çalğı alətləri ansamblının üzvü olur.
E.Nağıyevin fikirlərindən: “Mən muğamları, xanəndələri müşayiət etməyi dərindən öyrənim deyə, könüllü olaraq ustad xanəndələr – Hacıbaba Hüseynov və Ağaxan Abdullayevin sinfində əyləşib dinləyir, bəzən də tar müşayiətimlə konsertmeysterlik edirdim”. E.Nağıyev oxuduğu texnikumu 1986-cı ildə uğurla başa vurub. Onu dinlərkən: “1983-cü ildə tələbə yoldaşım, tarzən Məhərrəm Nəcəfzadə məni özünün üzv olduğu “Dastan” folklor ansamblına apardı. Rəhbər görkəmli xanəndə, əməkdar artist (sonralar xalq artisti) Baba Mahmudoğlu (1940-2006) məni mehriban qarşıladı və ifamı dinləyərək kollektivə qəbul etdi. Burada çox şey öyrəndim. Müşayiəti, ansambl tərkibində çalışmağı, konsertlərdə çıxış etməyi və s. incə mətləbləri mənimsədim. B.Mahmudoğlunun səsinin radio fonduna yazılması, Bakının və əyalətin mədəniyyət müəssisələrində çıxışımız mənim inkişafım üçün stimul yaradırdı. Bu ansamblda bərkidim, əsl yaradıcılıq yolu keçdim. “Dastan”ın iki qrupu olub, birinin fəaliyyəti 1979-1989-cu illər və digərininki isə 1989-1992-ci illərdə olub. İlk qrupda musiqi rəhbəri Abbasqulu Nəcəfzadə, ikincidə isə Əhsən Rəhmanlı idi. Bütün bu dövr ərzində “Dastan”ın geniş yaradıcılıq işi olub ki, bu da mənim sənət gücümü artırıb və ifaçılığıma təkan verib”.
E.Nağıyev 1986-cı ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tar sinfinə daxil olub. O, əsgərliyə çağrılıb və 1986-1988-ci illərdə Sovet ordusu sıralarında əvvəl Moskvada, sonra isə Tbilisidə hərbi xidmət keçib. Əsgərlikdə onun uçot vərəqinə nəzər yetirdikdə, musiqiçi olduğunu bilib nəfəs alətləri orkestrinə qəbul ediblər. Elçin xidmətin sonuna qədər burada 2-ci alt alətini ifa edib. Onun fikirlərindən: “A.Zeynallı adına Musiqi Texnikumunda oxuduğum illərdə Adil Babayevin rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrində çalmağım hərbi orkestrdəki işimə böyük kömək etdi. Baxmayaraq ki, bu orkestrlərin yönümü və çaldığım alətlər başqa idi, lakin mənim hərtərəfli musiqiçi olmağıma çox böyük təsir etdi”.
Elçin əsgərlikdən qayıdıb konservatoriyanın I kursunu davam etdirir. Əməkdar incəsənət xadimi Məmmədağa Kərimovdan ixtisas-tar dərsi alır. IV kursda oxuyarkən bu tədris ocağında muğam sinfi də açılır. E.Nağıyevə muğam üzrə Möhlət Müslümov (hazırda xalq artisti) dərs deyir. Bütün bu illərdə Elçin bir tar ifaçısı və müəllim kimi yetişir.
Tarzən Elçin Nağıyev
Elçin əvvəldən fəal tələbə kimi göz qarşısında, diqqətdə idi. O, ali təhsili başa vurana qədər bu tədris ocağında Azərbaycan Gənclər İttifaqının konservatoriya üzrə Tələbə Gənclər İttifaqının sədri olub. IV kursda konservatoriyanın nəzdindəki məktəb-studiyanın tar sinfində dərs deyib. E.Nağıyevin xatirələrindən: “Konservatoriyada oxuyanda xalq artisti, görkəmli xanəndə Arif Babayevin muğam sinfində iştirak edir, müşayiət qaydalarını daha mükəmməl öyrənmək istəyirdim. Onun sinfinin tarzən-konsertmeysteri Rzabala Həziyev idi. Allah ona rəhmət eləsin. Rzabalanın Dövlət Muğam Teatrı ilə konsertləri olanda, Arif müəllimin tələbələrini mən müşayiət edirdim. Sonra Rzabala xalq artisti İslam Rzayevin sinfinə keçdi və beləliklə Arif Babayevin tələbələrini müşayiət etmək üçün məni işə götürdülər. Artıq 26 ildir ki, Arif müəllimlə birlikdə çalışıram. Arif müəllimin sinfindən əlavə Sahil qəsəbəsindəki 28 saylı uşaq musiqi məktəbinin tar sinfində dərs deyir, Niyazi adına 22 saylı uşaq musiqi məktəbində muğam dərsi deyən xanəndə Kamilə Abdullayevanın sinfində müşayiətçi-tarzən kimi çalışırdım. Bundan başqa Azərbaycan Təhsil Nazirliyinin Respublikada Təhsil Alan Gənclərin Bədii Yaradıcılıq Evində xalq çalğı alətləri ansamblına rəhbərlik edirdim. Bu kollektivlə cəbhə bölgələrində konsertlər verir, bir sıra bədii kütləvi tədbirlərdə çıxış edirdik”.
Bir dəfə məşhur xanəndə Süleyman Abdullayev 22 saylı musiqi məktəbinə, Kamilə xanımın sinfinə gəlir, dərs prosesində iştirak edərək diqqətlə dinləyir. O, buradakı tədrisi bəyəndiyini, xüsusilə Elçinin şagirdlərin muğam ifasına necə istiqamət verdiyindən razı qaldığını dilə gətirir: “Belə müşayiətlə oxumağa nə var ki… O, muğamın şöbə və guşələrini düzgün çalarlarla, məzmunlu şəkildə, cümlə-cümlə, ardıcıllıqla elə təqdim edir ki, bütün bunlar şagirdləri düz istiqamətə yönəldir. Bu dərs üçün, həm də əslində xanəndə üçün əsl müşayiətdir”.
E.Nağıyev həmin illərdə Xalq Konservatoriyasının muğam sinfində də Arif Babayevlə çiyin-çiyinə çalışıb. Onun 1993-cü ildən Arif müəllimin muğam sinfində çalışması çox böyük bəhrə verib. Bu fəal, çalışqan, yorulmaz, sənət sevdalısı 2 il Dövlət Muğam Teatrında da çalışıb və ifası ilə oradakı tələbatı tam ödəyib.
O, yalnız muğamın müşayiətçisi, mahir ifaçısı kimi yetişməyib, həm də özü də bir xanəndə kimi formalaşıb. Elçin müəllim bütün muğamları tam, bütöv halda öz oxumağını tarda özü müşayiət edərək yerli-yataqlı, sanballı təqdim edə bilir.
Arif müəllimlə çalışdığı illərdə onun müşayiətilə yetişən xanəndələrin sayı xeyli çoxdur. Ustad A.Babayevin sənət bulağından su içən, onun sənət ocağından ilıq nəfəs alan, E.Nağıyevin tarının simlərindən qopub gələn səslərdən güc alan, alətin bütün pərdələri boyu səsini imtahan edən xanəndələrdən əksəriyyəti sevilən, seçilən, tanınan, məşhurlaşan sənət adamına çevrilmiş, xalq artisti, əməkdar artist fəxri adları ilə təltif olunmuşlar. Xalq artistləri – Aygün Bayramova, Nəzakət Teymurova, əməkdar artistlər – Səbuhi İbayev, Cabir Abdullayev, Feyruz Səxavət, Sevinc Sarıyeva, Babək Niftəliyev, İlkin Əhmədov və başqaları Arif müəllimin ustad dərslərindən qidalanmış, Elçinin tarının səsindən ilham alaraq özlərinə sənət çığırı açmış və muğam aləminə daxil olmuşlar. Həmin sinfin Vüqar Əliyev, Aşıq İslam Rza oğlu, Gülay Qədimova, Mirələm Mirələmov, Xəyalə Abdullayeva, Mustafa Mustafayev, Nasir Ətapur kimi yetirmələri də olubdur ki, bu gün musiqi aləmində və bütünlükdə cəmiyyətdə geniş şəkildə tanınır və sevilirlər.
A.Babayevin fikirlərindən: “Mən E.Nağıyevlə birlikdə çalışmaqdan çox məmnunam və çox razıyam. Ona görə ki, o işini çox gözəl bilir, öz yerində olan adamdır, daim məsuliyyət hiss edir, işini çox sevir, muğama dərin sevgisi var. Onun səliqəsi, davranışı, mədəniyyəti, əxlaqı, səmimiyyəti və digər xüsusiyyətləri çox üstündür. Çalışdığımız bu illər ərzində ondan həmişə razı qalmışam. O, muğamları və müşayiət işini dərindən bildiyi üçün tələbələrimlə rahat işləyirəm. Elə bütün bunların səbəbidir ki, 26 ildir birlikdə xanəndələr yetişdirir və muğam ifaçılığına istiqamətləndiririk”. Onu qeyd etməliyik ki, AMK-nın xanəndəlik sinfinə qəbula gələn tələbələri hər il E.Nağıyev müşayiət edir. O, istər tədrisdə, istərsə də ifaçılıq sənətində öz işini ləyaqətlə yerinə yetirən, öz sözünü deyən və öz bacarığı ilə önə çıxanlardandır.
2016-cı il aprel ayında Daşkənddə keçirilən Obnibus ansamblından E.Nağıyevə təklif gəlib. Tələb belə imiş ki, onların tədbirinə özünü müşayiət edən müğənni lazımdır. Elçin ora yola düşür, hazırlanmış 40 dəiqəlik nağıl-tamaşada “Bayatı-İsfahan” muğamını özü tar çalaraq oxuyur. Bu bacarığa görə onu 2018-ci ildə Kanadaya dəvət edirlər. E.Nağıyev orada məşhur bir ansamblın müşayiəti ilə “Üşşaq” və “Hüseyni” oxuyub.
Dünya ölkələrində tanınan “Atlas” adlı musiqi qrupu var. Onu Amsterdam Konservatoriyasında kafedra müdiri vəzifəsində çalışan Joyell Bons 2002-ci ildə yaradıb. E.Nağıyev: “Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov bizi qrupun rəhbəri Joyell Bonsla tanış etdi. Beləliklə, “Atlas”la yaradıcılıq ilişgilərimiz başladı. İlk səfərimiz Almaniyaya oldu. Həmin qrupla xalq artisti Fərəc Qarayevin bir neçə əsərini hazırlayıb konsertə çıxdıq. O vaxtdan “Atlas”la hər il müxtəlif ölkələrdə 2-3 konsertimiz olur. Orada dünya tamaşaçılarını heyran edən proqramlar hazırlanır. Elə bu konsertlər bizim özümüzə də zövq bəxş edir, ruhlandırır və maraqlı gəlir. Biz ora mahir kamança ifaçısı, əməkdar artist Elşən Mansurovla gedirik. Bu konsertlər həm də öz çalğı alətlərimizi təbliğ etmək üçün bir vasitədir. 19 ildir ki, “Atlas” qrupu ilə əməkdaşlıq edirik”.
Amsterdam konsevatoriyasında E.Nağıyev və E.Mansurovun ustad dərsləri də keçirilir. Tələbələr Azərbaycan muğamları, dəraməd, rəng və təsniflərlə tanış edilir. Bizimkilərin ifalarını həmin konservatoriyanın tələbələri müşayiət edirlər. Yazı müəllifi kimi fikir bildirim ki, Elçin müəllimin telefonunda ustad dərslərindən bəzi hissələrə tamaşa etdim, çox maraqlıdır.
Elçin müəllimə sual verək: “Siz axı, Fransa vətəndaşı, ud ifaçısı Markla da çalışmısınız:
- Bəli, Mark Loonuyt bizi səfərlərə aparıb, onunla 4 il əməkdaşlıq etmişik. Əvvəl 2 il “Yanardağ” muğam üçlüyü ilə gedirdik. Bu üçlüyün xanəndəsi Ağakərim Nafis idi. Sonra 2 il bizimlə Sevinc Sarıyeva yoldaşlıq edib. 2003-cü ildə “Deleve” Bələdiyyə Teatrında A.Nafislə konsertimiz olub. Mark vasitəsilə S.Sarıyeva ilə Fransada diskimiz çıxdı və Avropada yayıldı.
E.Nağıyevin ifaçılıq fəaliyyəti geniş və çoxşaxəlidir. O, xanəndələri konsertlərdə, müxtəlif tədbirlərdə müşayiət edir. Gülüstan sarayında şair Şəhriyarın həyat və yaradıcılıq diskinin təqdimat tədbirində xalq artisti Yaqub Məmmədovla çıxış edib. Həmin sarayda “Qarabağ xanəndələri” diski təqdim olunarkən o, Sevinc Sarıyevanı müşayiət edib. Həmçinin dünyanın müxtəlif ölkələrində, o cümlədən Rusiya, İran, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Fransa, İtaliya, İspaniya, Finlandiya, Kanar adaları, Mərakeş, Kanada, İsveçrə, Almaniya, Tayvan, Hollandiya, Belçika və s. ölkələrdə konsertlərdə çıxışları və ustad dərsləri olmuşdur.
E.Nağıyev ailə ocağında iki qız pərvazlanıb, nəvələri var. Bu ailədə bir oğul boy atır. Hüseyn çox istedadlıdır. O, AMK-nın nəzdində Respublika İncəsənət Gimnaziyasının kamança sinfində təhsil alır. Hüseyn 2017-ci ildən Azərbaycanda keçirilən olimpiada, festival və müsabiqələrdə çıxış edərək birincilik qazanır, müxtəlif təltiflər və diplomlar alır. 2019-cu ilin may ayında uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III Respublika müsabiqəsində I yerə çıxıb. Münsiflər heyətinin sədri, xalq artisti, görkəmli tarzən Ramiz Quliyev belə bir fikir söyləyib: – Müsabiqə ərzində 570 şagird dinləmişik. Belə istedada rast gəlməmişəm. A bala, sən kimsən? Kimlərdənsən?
Hüseyn cavab verir: – Ramiz müəllim, mən Milli Konservatoriyanın müəllimi Elçin Nağıyevin oğluyam.
– Hə belə de… Elə yaxşı tarzənin, zəhmətkeş, əzmkar musiqiçinin ocağından belə kamança ifaçısı boy atıb, yüksələ bilər. Hüseyn, sən çox istedadlısan, gələcəyinə böyük ümidlər var, belə də çalış, beləcə davam etsən, böyük musiqiçi olacağına inan. Allah səni qorusun. Bizim borcumuzdur ki, səni nəzarətdə saxlayaq.
E.Nağıyev 2002-ci ildən Milli Konservatoriyanın muğam kafedrasının müəllimidir. O, hazırda baş müəllimdir. Elçin müəllim əhatəli fəaliyyəti ilə bağlı Mədəniyyət Nazirliyindən, Təhsil Nazirliyindən və müxtəlif təşkilatlardan təşəkkürlər, tərifnamələr, fəxri fərmanlar və diplomlar alıb.
sənətşünaslıq üzrə fəlsəfə doktoru