Tardan qopan bir parça… Unudulmaz sənətkar və müəllim Həmid Vəkilovun xatirəsinə
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” 2020 № 4 (49)
TARDAN QOPAN BİR PARÇA…
Unudulmaz sənətkar və müəllim Həmid Vəkilovun xatirəsinə
İtirdik…. bu dəfə də itirdik. Zira, insan və xüsusilə də yaradıcı insan elə bir itkidir ki, onun yerini heç kim, heç nəylə doldura bilmir.
Həmid Vəkilov! Bu adı eşidəndə Paqanini timsallı, alovlu bir tarzən gəlir durur insanın gözləri önündə. Ona zama- nında çox iradlar tutuldu – özü də adını “klassik” tarzən qoyanlar tərəfindən… Ancaq klassizm bu deyil ki,.. Əsl klassika hər dəfə yenilənən qalıcı novatorluqdur. Nə üçünsə, Həmid müəllimi qına- yanlarla, öz zamanında Sadıqcanı qına- yanları bir-birinə bənzədirəm.
Səmimiyyətin və paklığın musiqili şəkliyidi bu yaraşıqlı, gülərüz insan. Onu ta- nıyan heç kəsin ondan incimədiyi nadir insanlardan idi professor, əməkdar artist Həmid Vəkilov. Ən çox da tələbələrini ağlatdı öz gedişiylə. Fani dünyadan bir gün hamımız gedəcəyik. Ancaq hamımızın yeri boş qalmayacaq. Fəqət, Həmid müəllim həyatında ilk və son dəfə incitdi bizləri…
Onun ifasında qəribə bir axıntı, sel kimi gur, ancaq bulaq kimi duru bir sürət var idi. Texniki lirikanın ən gözəl örnəklərindən idi Həmid Vəkilovun ifası.
Tara müəyyən sturuktur yenilikləri gətirmişdi. Dörd oktavaya çıxarmışdı tarın diapozonunu. Tarın aşıqları kök saxlasın və burma üsuluyla daha dəqiq köklənsin deyə metal aşıqlardan ibarət xüsusi kəllə də düzəltmişdi tara. Onun yolunu gedənlər də oldu, onu qınayanlar da. Lakin, heç kim anlamaq istəmədi ki, sənətin meydanı o qədər geniş, o qədər imkanlıdır ki, burada hər pəhləvana yer var. Həmid Vəkilovun məhz pəhləvan xislətli, nəcib cəngavər xasiyyətli çalğısı ürəklərə onsuz da yol tapmışdı. Onu kəşf edənlər öz işini çoxdan görmüşdü. Bütün qınaqlara, iradlara baxmayaraq, yüksək səviyyəli avtoritar maestrolar tərəfindən Həmid Vəkilov adlı sənətkar xalqa qazandırılmışdı!
Ayaq üstündə tar çalmaq. Bu da onun başqa bir novatorluğu idi. Bu insan hər şeydən əvvəl intellektual səviyyəsi yüksək olan, zərif bir insan idi. Şəxsiyyəti musiqisindən bir misqal da olsa, uzaqlaşmırdı. Danışanda da sanki çalırdı. Bu, çox nadir və həsrətində olduğumuz bir keyfiyyətdir ki, hər böyük sənətkarda onu görmürük. İnsan onunla sənətin xaricində heç bir şey haqqında danışmaq istəmirdi. Harda otursaq, harada bir araya gəlsək, Həmid müəllim olan yerdə nə məişətə, nə siyasətə, nə də qeybətə yer qalırdı. Gizli bir işıq kimiydi – iddia etmirdi, amma qaranlığı dəlirdi. Onu anlamaq çətin deyildi. Halbuki, o, bu asan təqdimata çox çətin və dolaşıq yollar- dan gəlib çıxmışdı.
Ləhcəsindəki şirinlik mizrabına yansımışdı. Gözlərindəki ilk baxışda seçilmə- yən ciddilik alova bənzər barmaqlarına bənzəyirdi. Əsl Azərbaycan türkü idi – rəhmətlik Xan əmi demişkən, “quymaq kimi yumşaq adam idi, xalis türk idi”. O bu sözləri başqa bir böyük tarzənimiz Qurban Primov haqqında demişdi. Ancaq elə bil xan- sayağı bu səmimiyyət Həmid müəllimin boyuna biçilmişdi. Bir aristokratlıq vardı onda – həm səhnə önündə, həm də çayxanada, yeməkxanada. Onu görəndə adam bir az sıxılırdı – öz kobudluğundan, səsini bəzən yüksəltməyindən utanırdı. Bəli, Həmid Vəkilov əsl centlmen idi – daxili mədəniyyəti xarici görkəmini yönləndirən əsilzadə bir insan idi bu böyük tarzən.
Hər kəs bir az incikdi… hər kəsin qəlbində bir az buruqluq var. Zənnimizcə, Həmid Vəkilov da əsl qiymətini ala bilmədi. O da tarixin öhdəsinə buraxılanlardan oldu. Bu siyahıya düşməyi heç kim istəməz. Hamı istər ki, onu sağlığında dəyərləndirsinlər. Aldığı bütün alqışlara, fəxri adlara, şöhrətə rəğmən, Həmid müəllim nisgilli getdi bu dünyadan. Və bu nisgildə hamımızın az da olsa, günah payımız var. Qürbətə, işləməyə getdi. Onu durdura bilərdik, “getmə” deyə bilərdik. Ancaq demədik, yolundan etmədik onu. Gedişinin ona faydası toxundu, bizə zərəri. O özünü qazandı, biz onu itirdik.
Bu ölümlə isə, biz onu ikinci dəfə itirdik… bu dəfə əbədi olaraq. Ancaq o fasi- ləsiz və axıcı mizrablar, o şitlikdən, yüngül şirinlikdən uzaq iti barmaqlar və onların tardan çıxardığı səslər qulaqlarımızdan heç zaman getməyəcək. Böyük insanların vaxtlı ölümü olmur. Onlar hamısı yersiz, vədəsiz gedirlər bu dünyadan. Çünki, onların vücudu Tanrının qaynayan bulağı kimi bir şeydir. Heç Tanrı çeşməsi də quruyarmı?! Bəli, bizi gözəlliyin, ülviliyin, estetik sənətin mühüm parçasından məhrum edərək getdi dünyadan bu mehriban insan! Əziz adam idi, canayaxın şəxsiyyət idi, darda olan hər kəsin halına üzülməyi bacaracaq qədər ziyalı bir zat idi Həmid Vəkilov.
Onun soyadı da bizə bir şeylər pıçıldayır – deyir ki, “mən Azərbaycan tarının yeni sədasına vəkiləm! Həmd olsun Allaha ki, adımı “Həmid” qoydular. Ömrüm tarın pərdələri arasında keçdi, ağciyərim tarın sinəsiylə birgə nəfəs alıb verdi. Əslin- də mən ölmədim, mənim tarım öldü!”
Qəmlidir, çox qəmlidir onun yoxluğu haqqında danışmaq. Varlığı nə qədər sevinc bəxş edirdisə, yoxluğu da sanki intiqam alırcasına bizə o qədər kədər bəxş edir. Axirətin mövcudluğu təkcə təsəlli deyil, həm də fəlsəfi qənaətdir. Onu sevənlər bir gün Tanrı dərgahında yenə onunla görüşəcəklər. Onda da Həmid müəllimi yenə gülərüz, səmimi, istiqanlı, ancaq bu dəfə əl arabası olmadan, ayaq üstündə, o uca boyu, yaraşıqlı qaməti və əlindəki o qəribə tarı ilə bərabər görəcəyik. Allah belə insanları çox sevir. El çox sevdiyi üçün də onları günah işlətməyə, qəlb qırmağa, nəfsinə uy- mağa qoymur. Yerin behişt olsun böyük ustad! Qoy səndən sonra bizlər təkcə xatirəni deyil, sənətini, yolunu, estetikanı yaşadaq. Bizi özünə borclu buraxıb getdin əziz Həmid müəllim! İzn ver sənə və sənin kimi sənətkarlara olan mənəvi və əməli borcu- muzu qismən də olsa, ödəyə bilək.
Məzarın mələklərin ziyarətgahı olsun, qəbrinin torpağı nurla dolsun Həmid müəllim! Böyük Üzeyir bəyin dəfnində Səməd Vurğunun söylədiyi bu bir bəndlik şeiri indi sənə də yaraşdırırıq:
Ölüm sevinməsin qoy, ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər!
AMK-nın professoru, əməkdar müəllim,
“Xalq çalğı alətləri” kafedrasının müdiri