Həmid Vəkilovun ifaçılığında novatorluq məsələləri
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 3, 2015
Magistr, tar ifaçısı
Həmid Vəkilovun ifaçılığında novatorluq məsələləri
Açar sözlər: tar, novator, ifaçı, Həmid Vəkilov
Azərbaycan xalq çalğı alətləri sırasında böyük təkamül dövrü keçmiş və akademik səslənməyə malik olan musiqi alətlərimizdən biri də tardır. Məlumdur ki, XIX əsrin ustad tarzəni Mirzə Sadıq Əsədoğlu tərəfindən bu alətdə edilmiş müəyyən dəyişikliklər tarın texniki imkanlarını xeyli zənginləşdirmişdir. Sonralar dahi bəstəkarımız Üzeyir Hacıbəyli notlu xalq çalğı alətlərini yaratdığı zaman tarın əsas pərdələrini Avropa klassik səsdüzümünə məxsus tonlara uyğunlaşdıraraq onun not ilə çalınmasına nail olmuşdur. Məhz bu islahatlar sayəsində Azərbaycan tarında dünya klassik musiqi xəzinəsinə məxsus əsərlərin ifa edilməsinə imkan yaranmışdır.
Bir çox tar ifaçılarımız muğamdan əlavə klassik musiqi əsərlərini böyük novatorluqla ifa edərək bura özünəməxsus ştrixlərini gətiriblər. Tar ifaçılığında öz sözünü demiş belə novator sənətkarlardan biri də Respublikanın Əməkdar artisti, Azərbaycan Milli Konservatoriyasının professoru Həmid Vəkilovdur.
Qeyd etmək lazımdır ki, 1949-cu ildə Bakının Binəqədi kəndində ziyalı ailəsində dünyaya göz açmış Həmid Vəkilovda musiqiyə böyük maraq erkən yaşlarından yaranıb. Həmid müəllimin musiqiyə həvəsini görən valideynləri 8 yaşında onu rayonun pionerlər evinin tar dərnəyinə yazdırırlar. İlk gündən istedad və çalışqanlığı ilə həmyaşıdlarından seçilən tarzənin müəllimləri Əlağa Mövsümov və Azər Rzaquliyev olub. Müəllimlərinin dərin rəğbətini qazanaraq onların bütün tapşırıqlarını səylə yerinə yetirməyə çalışan Həmid Vəkilov oxuduğu məktəbin, eləcə də pionerlər sarayının əksər tədbirlərində uğurla yaddaqalan çıxışlar etmişdir. İllər ötdükcə tar sənətinin sirlərinə daha dərindən yiyələnmək istəyən Həmid müəllim sonrakı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbinin tar sinfinə daxil olur. Burada Əhsən Dadaşov, Sərvər İbrahimov, Rəhilə Kərimova kimi ustad sənətkarlardan tar sənətinin incəliklərini, klassik musiqi xəzinəsindən olan əsərləri, eləcə də muğam sənətini həvəslə öyrənir.
Respublikanın bir çox tanınmış sənətkarlarının dərs dediyi bu məktəb gənc tarzənin həyatında çox mühüm rol oynayır. Artıq bu illərdə o, vaxtilə tarda edilmiş dəyişikliklərin yetərincə olmadığını anlayır və məhz bu səbəbdən də 1966-cı ildə məktəbin son sinfində oxuyarkən F.Mendelsonun “Skripka ilə orkestr üçün konsert”ini və P.Sarasatenin “Qaraçı havaları”nı imtahanda çalmasını qərarlaşdırarkən çalışma əsnasında 3-4-cü oktavaların passajlarının orijinalda olduğu kimi çalınmasının mümkünsüzlüyünü görür. Vəziyyətdən çıxış yolunu alətin daha da təkmilləşdirilməsində görən Həmid Vəkilov bunu həyata keçirmək üçün ilk növbədə yalnız muğam ifaçılığında, əsasən, tonu dolğunlaşdırmaq məqsədi daşıyan ən qalın bəm simi digər simlər səviyyəsinə endirməklə onu fəal simə çevirmiş və digər tərəfdən tarın qolunu 2-3 mm enliləşdirməklə istədiyi nəticəni almağa müvəffəq olmuşdur. Tarın diapazonu aşağı registrə doğru xalis kvarta həcmində artaraq 1967-ci ildə, buraxılış imtahanında ilk dəfə olaraq həmin əsərləri orjinalda olduğu kimi çalmağa imkan vermişdir.
Həmid müəllimin bu yeniliyi nəinki klassik musiqi ifaçılığına, həmçinin muğam ifaçılığına da öz müsbət təsirini göstərib. Tarzənin bu uğurlu çıxışı musiqi ictimaiyyətində geniş əks-səda doğuraraq bacarıq və istedadına böyük rəğbət yarandırmışdır. Qeyri-adi ifaçılıq tərzinə malik olan Həmid Vəkilov klassik muğamları, eləcə də bəstəkar əsərlərini, tar üçün yazılmış klassik əsərləri bacarıqla ifa etmiş və 15 yaşından başlayaraq artıq müxtəlif musiqi kollektivlərində solist kimi çıxışları ilə geniş dinləyici kütlələrinin sevgisini qazanmağa müvəffəq olmuşdur.
İfaçılıq sənəti ilə günü-gündən püxtələşən və təkmilləşən tarzən Həmid Vəkilov 1967-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur və burada solist ifaçı, xalq çalğı alətləri orkestrinin rəhbəri və tar müəllimi ixtisaslarına yiyələnir. Tələbəlik illərində yüksək ifaçılıq, sənətkarlıq tələb edən klassik muğamları, eləcə də iri həcmli mürəkkəb əsərləri, rus və Qərb bəstəkarlarının tar üçün yazılmış pyeslərini ustalıqla ifa etmişdir. Məhz bu baxımdan onun uğurlarını aşağıdakı amillərlə şərtləndirmək olar: istedad, əməksevərlik, kamil not savadına malik olması.
1978-ci ildə konservatoriya rəhbərliyinin dəvəti ilə o, pedoqoji fəaliyyətə başlayır. Bir müddət konservatoriyanın “Xalq çalğı alətləri” kafedrasının baş müəllimi kimi fəaliyyət göstərir. Pedoqoji fəaliyyət ilə yanaşı, Həmid Vəkilov həmçinin ölkənin mədəni həyatında, ümumittifaq və beynəlxalq müsabiqələrdə fəal iştirak edir. Respublikanın bir çox ustad xanəndələrini – Əbülfət Əliyev, Canəli Əkbərov, Arif Babayev, Səkinə İsmayılova, Baba Mahmudoğlu, Zaur Rzayev, Qəndab Quliyeva və başqalarını müşayiət etməklə dünyanın bir çox ölkələrində qastrol səfərlərində olur və milli musiqimizi, ulu muğam sənətimizin incilərini böyük məharətlə geniş dinləyici kütlələrinə sevdirə bilir.
Bununla bərabər tarzənin uğurlu çıxışlarından biri kimi onun 1979-cu ildə Leninqradda (indiki Sankt-Peterburq) keçirilən estrada artistlərinin VI Ümumittifaq müsabiqəsindəki çıxışını qeyd etmək lazımdır. Keçmiş ittifaqın 100-dən artıq estrada artistinin iştirak etdiyi bu müsabiqədə respublikamızı təmsil edən gənc tarzənin ifasını xalq artistləri Arkadi Raykin, Yuri Silantyev, bəstəkarlar Mark Fradkin, Oskar Feltsman və başqalarından ibarət münsiflər heyəti yüksək qiymətləndib. H.Vəkilovun ifasında səslənən “Əraq”, “Çahargah” və “Orta Mahur” muğamlarına, eləcə də eyni ustalıqla ifa etdiyi D.Şostakoviçin “Romansı”nı, Asəf Zeynallının “Muğamsayağı”, qədim rus mahnıları əsasındakı variasiyaları xüsusi marağa səbəb olur. Bu repertuar iki səciyyəvi cəhəti özündə ehtiva edirdi:1) Həmid bəyin maraq dairəsinin geniş olmasını, məharət və hazırlığını; 2) Tarın imkanlarının genişliyini tamaşaçılara aydın şəkildə təqdim olunması.
Qeyd etmək lazımdır ki, Həmid Vəkilovun bu virtuoz ifası münsiflər heyəti və tamaşaçılar tərəfindən böyük hərarət və sürəkli alqışlarla qarşılanmışdır. Həmid müəllimin həmçinin, muğam ifaçılığına dərindən yiyələnməsi şübhə doğurmur. Klassik muğam ifaçılığı zamanı muğamlardakı bədii duyum xüsusiyyətlərini yeni orijinal boyalarla dinləyicilərə aşıladığı üçün Həmid Vəkilov doğma respublikamıza münsiflər heyətinin yekdil qərarı ilə müsabiqənin qalibi diplomu, fəxri fərman və təşəkkürnamələrilə dönmüş və müsabiqədən sonra keçmiş SSRİ-nin çox nüfuzlu “İzvestiya” və “Komsomolskaya pravda” qəzetlərinə müsahibə verən münsiflər heyətinin sədri, SSRİ xalq artisti A.Raykin onun ünvanına xoş sözlər deyərək ifasını çox yüksək qiymətləndirmişdir (3).
Bu gün tar ifaçılığında ənənə və novatorluq məsələlərindən bəhs edərkən mahir ifaçı Həmid Vəkilovun adı xüsusi hörmət ilə qeyd olunur. O, yaradıcılıq fəaliyyətində milli tar ifaçılıq sənətimizə xas ənənələri saxlamaqla bərabər bu sənətə bir sıra novatorluq cizgilərini də gətirmişdir. Məlumdur ki, Həmid müəllim uzun illər tarın texniki imkanlarında bir sıra dəyişikliklər aparmış və tar ifaçılığında novator nailiyyətlərini “Azərbaycan tarı və onun ifaçılıq problemləri haqqında təkliflər” adlı elmi işində bizimlə bölüşmüşdür (6, s. 58). Belə ki, o, tarın diapazonunu genişləndirərək 2,5 oktavadan tam 4 oktavaya çatdırmışdır. Nəticədə not və muğam ifaçılığı üçün tar ifaçılıq sənətində yeni zəngin imkanlar yaranmışdır. Bundan əlavə, tarın kəllə hissəsini təkmilləşdirmiş və bu təkmilləşdirmə sayəsində tar ifaçılığında yeni-yeni koloritlərin meydana gəlməsinə səbəb olmuşdur.
Həmid Vəkilov həmçinin, yeni çalğı üslubu da ixtira etmişdir. Bu çalğı nəticəsində “Həmidvari flajolet” meydana gəlmiş və ifa üslubunda yeni effektlər əldə olunmuşdur. Üsulun başlanğıc və sonunun qeyd olunması – (H.V…..H.V) Həmidvari flajolet yazılışından bir oktava zil icra olunur. Yeni çalğı üsulunun ixtirası, polifonik ifa, caz əsərlərinin çalınması, adət etmədiyimiz akkord və çalarların əmələ gətirdiyi tam yeni səslənmə və digər yeniliklər tar ifaçılıq sənətinə daxil edilmişdir.
Milli musiqimizdə öz orijinal dəsti-xətti ilə seçilən Həmid Vəkilov ifa zamanı tarı ilk dəfə ayaq üstdə çalan sənətçi kimi də tanınmış və bununla da o, tarın ayaq üstə duraraq çalına biləcək alət olduğunu sübut etmişdir. Səhnədə ayaq üstə duraraq tar ifa etməyin üstünlükləri odur ki, ifaçı bu zaman əyləşəcəyi stul haqqında və ya mikrofonun səs səviyyəsi haqqında düşünmür və belə bir vəziyyətdə ifaçı istədiyi qədər mikrafona yaxınlaşa və ya uzaqlaşa bilər.
Həmid Vəkilovun ifaçılıq fəaliyyətinin inkişafı yeni-yeni çalğı üsullarının, ştrixlərin və tarda çalınmamış akkordların meydana gəlməsinə zəmin yaratmışdır. Hətta mərhum bəstəkarımız Zakir Bağırovdan yeni ştrix və çalğı texnikasının yer ala biləcəyi bir tar konsertini yazmasını xahiş etmişdi. “Tar üçün konsert” əsəri Bəstəkarlar İttifaqının xüsusi komissiyası tərəfindən dinlənilərək müsbət rəy əsasında qəbul edilmişdir. Qeyd etmək lazımdır ki, bu əsərdə ilk dəfə olaraq flajoletdən, bəm simdən, nonakkordlardan, 4-cü (burada çeçələ barmaq nəzərdə tutulur) barmağın rəsmən işlənilməsindən və s. virtuoz üsullarından istifadə olunmuşdur. Bir çox yeniliklərin yer aldığı bu əsər tar ifaçılığı tarixində yeni bir mərhələnin təməlini qoymuşdur.
Həmid Vəkilov həmçinin Azərbaycan musiqisinin yorulmaz təbliğatçısı kimi tanınır. Dünyanın bir neçə ölkələrində konsert proqramları ilə çıxış edən sənətkarımız əməkdar artist fəxri adına layiq görülüb. Bu gün Azərbaycan radiosunun fondunda tanınmış bəstəkar Zakir Bağırovun məhz Həmid Vəkilovun ifası üçün yazdığı “Tar üçün konserti”, C.Cahangirovun “Rondo”, Tofiq Quliyevin “Qızıl üzük”, Niyazinin “Arzu”, eləcə də digər muğam və xalq havaları qorunub saxlanır. Bir neçə il bundan öncə işıq üzü görmüş Həmid Vəkilovun “Tarda dünya musiqisi” adlı diski böyük dinləyici kütlələri tərəfindən rəğbətlə qarşılanmışdır. Diskdə nəinki Azərbaycan və xarici ölkə bəstəkarlarının tar üçün yazılmış əsərləri, həmçinin xalq mahnıları və muğamlar da yer alıb.
Məlumdur ki, müasir dövrümüzdə tar aləti ifaçılıq sənətimizdə böyük əhəmiyyət kəsb edir. Məhz bu baxımdan hər il yeni-yeni ifaçılar yetişərək tar ifaçılıq sənətinə özünəməxsus ştrixləri gətirirlər. Belə sənətkarlarımızdan biri olan Həmid Vəkilov Mirzə Sadıq Əsədoğlunun, Üzeyir bəyin yolunu uğurla davam etdirir. Ümid edirik ki, gələcəkdə bu yolu bir başqası davam etdirəcək. Zaman ötdükcə sevimli musiqi alətimiz olan tarımız da yeniliklərlə zənginləşəcək və güman edirik ki, bu yeniliklər tarın saflığına, incəliyinə, ruhumuzu oxşayan ilahi səsinə xələl gətirməyəcək. Yalnız o, zaman tar ifaçılıq sənətimiz inkişaf edərək, sevimli alətimizin dünya musiqi alətləri ailəsinə inteqrasiyası baş tutacaq və bu kimi xalq çalğı alətlərimizin sayəsində də ölkəmiz bütün dünyada tanınacaq.
ƏDƏBIYYAT:
- Əbülqasımov V.Ə. Azərbaycan tarı. B.: İşıq,1989, 96 s.
- Əliyev S. İfaçı tarzənlərimiz dünən, bu gün, sabah. // “Konservatoriya” jurnalı №1, 2011, s. 5-9.
- Salmanov R. Tar yaşadıqca, onu yaşadan sənətkarı da yaşadır. // “Xalq” qəzeti, 2011, 4 dekabr, s. 8.
- Nəcəfzadə A.İ. Azərbaycan xalq çalğı alətərinun izahlı lüğəti.II nəşr. B.: MBM, 2004, 224 s.
- Rəhmətov Ə.M. Azərbaycan xalq çalğı alətləri. B.: İşıq, 1975, 64 s.
- Vəkilov H.Ş. Azərbaycan tarı və onun ifaçılıq problemləri haqqında təkliflər (metodik vəsait). B.: 2007, 58 s.
Saytoqrafiya
- Юхары Салахлы. Материал из свободной этциклопедии URL:https://ru.wikipedia.org/wiki/Юхары_Салахлы
- Həmid Vəkilovun tarının sehrinə qovuşduq URL: http://www. az/2013/hemid-vekilovun-tarinin-sehrine-qovusduq/
Исполнительница на таре,
выпускница АНК
ЧЕРТЫ НОВАТОРСТВА В ИСПОЛНИТЕЛЬСКОМ ТВОРЧЕСТВЕ ГАМИДА ВАКИЛОВА
Pезюме
В статье говорится о новаторских чертах в творчестве Гамида Вакилова. Раскрываются нововведения исполнителя-виртуоза в исполнительском искусстве – игре на таре. Также рассматриваются вопросы реконструкции тара.
Ключевые слова: тар, новатор, исполнитель, Гамид Вакилов
İnstrumentalist (tar), graduate of ANC
INNOVATIVE ISSUES IN THE PERFORMING CREATIVE OF HAMID VAKHILOV
Summary
The article describes the innovative features in the creation Hamid Vakhilov. There have been innovations of performer — virtuoso in the tar performing art. Also discusses Hamid Vakhilov’s tar reconstruction.
Key words: tar,innovator, performer, Hamid Vakhilov.
Rəyçilər:
dosent Jalə Qulamova;
dosent Telman Qəniyev.