Nazim Kazimovun “Adil Gəray Məmmədbəyli” monoqrafiyasina bir nəzər
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 1(35), 2017
AMK-nın dosenti
Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7
Email: ramizezizov@mail.ru
UOT: 78.072.3
NAZIM KAZIMOVUN “ADİL GƏRAY MƏMMƏDBƏYLİ” MONOQRAFİYASINA BİR NƏZƏR
Xülasə: Məqalədə professor Nazim Kazımovun “Adil Gəray Məmmədbəyli” adlı monoqrafiyası nəzərdən keçirilərək, monoqrafiyanın əhəmiyyəti barədə fikirlər bildirilir.
Açar sözlər: Nazim Kazımov, Adil Gəray, tar, bəstəkar, ifaçılıq, pedaqogika
Respublikanın əməkdar artisti, unudulmaz pedaqoq, tarzən, bəstəkar və tədqiqatçı Adil Gəray Məmmədbəyli (1919-1973) görkəmli musiqi şəxsiy-yətlərindəndir. Dahi bəstəkar Üzeyir Hacıbəylinin istedadlı tələbələrindən biri olan Adil Gəray Azərbaycan musiqi mədəniyyətində silinməz izlərlə yadda qalmışdır. Heç də təsadüfi deyildir ki, dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti, akademik Arif Məlikov adıçəkilən monoqrafiyanın ön sözündə Adil Gəray Məmmədbəylinin xidmətlərini yüksək dəyərləndirərək yazır: “Adil Gəray Məmmədbəyli respub-likamızda ilk növbədə görkəmli musiqi pedaqoqu, tar müəllimi kimi ad-san və nüfuz qazanmışdır. İlk baxışdan sadə görünən, lakin həqiqətdə çətin və şərəfli olan tar müəllimi kimi dəyərli bir peşəni yüksək səviyyədə təmsil etmək hər müəllimə nəsib olmur. Adil Gəray özünün çətin, şərəfli və qiymətli müəllimlik fəaliyyəti ilə respublikamızda tarın tədris metodikasını və pedaqogikasını yeniləşdirmiş, inkişaf etdirmiş, bu sahəni nəzəri və təcrübi baxımdan xeyli zənginləşdirmişdir. Onun müəllimlik fəaliyyəti sayəsində respublikamızda onlarla peşəkar ifaçı və müəllim yetişmişdir. Xoşbəxtəm ki, Bakı Musiqi Texnikumunda oxuduğum illərdə Adil Gəray mənim də tar ixtisası üzrə müəllimim olmuşdur. Mən hörmətli və unudulmaz müəllimimdən təkcə əvəzsiz tar dərslərini deyil, həm də qiymətli həyat dərslərini öyrənmişəm” (1, s. 3). Onu qeyd edək ki, böyük bəstəkar Arif Məlikovun öz müəllimi haqqında söylədiyi bu fikirlər monoqrafiya məzmununun əsas qayəsini təşkil edir.
Əməkdar incəsənət xadimi, professor Nazim Kazımovun “Adil Gəray Məmmədbəyli” kitabını vərəqlədikcə, biz nəinki bir sənətkar ömrünü, eləcə də Azərbaycan musiqi mədəniyyəti tarixinin müəyyən cizgilərini göz önümüzdə canlandıra bilirik. Çünki araşdırılan bu cizgilərin fövqündə Adil Gəray Məmmədbəylinin ifaçılıq, pedaqoji, bədii yaradıcılıq, bəstəkarlıq, tətqiqatçılıq və s. fəaliyyəti dayanır. Monoqrafiyanın ilk səhifələrində professor N.Kazımov, Adil Gəray Məmmədbəylinin həyat və yaradıcılıq yolunu şərh edərkən bizə məlum olur ki, o, hələ erkən yaşlarından ifaçılıq fəaliyyətinə başlamışdır. Bu barədə N.Kazımov belə yazır: “Adil Gəray bioqrafiyasını araşdıranda məlum oldu ki, onun ilk əmək fəaliyyəti də tar ilə bağlıdır. Lakin onun musiqi texnikumunda və orkestrdə işləməsi qarşıdakı illərdə olmuşdur. Adil Gəray tarzən kimi ilk dəfə 1930-cu ildə Xalq Maarifi Komissarlığı nəzdindəki “Konsert birliyi”ndə, yəni o dövrün rəsmi təşkilatında fəaliyyətə başlamışdır. Burada onun tarzən-ifaçı kimi ilk təcrübəsi nəzərə çarpmışdır. Əmək bioqrafiyasında növbəti iş yeri “Azərkino”dur. O, 1935-1937-ci illərdə musiqi texnikumunda təhsil almaqla yanaşı, “Azərkino”da tarzən kimi çalışmışdır. Yeri gəlmişkən, “Azərkino” C.Cabbarlı adına Azərbaycan Dövlət Kinostudiyasının daşıdığı adlardan idi. Ən vacibi isə musiqiçi kimi fəaliyyətə belə yeniyetmə yaşında başlaması, onun musiqi istedadından, ifa qabiliyyətindən, tara və sənətə bağlılığından irəli gəlirdi” (1, s. 13-14).
Onu xatırladaq ki, Adil Gəray Məmmədbəyli tələbəlik illərində görkəmli xanəndə, xalq artisti Hüseynqulu Sarabskinin sinfində müşayiətçi-tarzən kimi də fəaliyyət göstərmişdir. Bu yöndə ətraflı surətdə oxucularını məlumatlandıran müəllif yazır: “Xalq Çalğı alətləri” şöbəsində təhsil aldığı illərdə dahi bəstəkar və musiqi xadimi, SSRİ Xalq artisti, professor Üzeyir Hacıbəylinin və Azərbaycan Respublikasının xalq artisti, professor Səid Rüstəmovun tar ixtisası sinfində oxuyur. 1937-ci ildə, yəni tələbəlik illərində Adil Gəray oxuduğu musiqi texnikimunda muğam müşayiətçisi kimi işləməyə başlayır. Onun muğamları görkəmli pedaqoq, ustad muğam ifaçısı Əhməd Bakıxanovdan öyrənməsini, muğamlara yaxşı bələd olmasını, digər tərəfdən də ifaçılıq məharətini nəzərə alıb, xalq artisti Hüseynqulu Sarabskinin xanəndə sinfində tələbələri tarzən kimi müşayiət etməsinə icazə verirlər” (1, s.17). N.Kazımov monoqrafiyasında onu da vurğulayır ki, “Əhməd Bakıxanovdan aldığı muğam dərsləri Adil Gərayın istər ifaçılıq, müəllimlik fəaliyyətində, istərsə də bəstəkar yaradıcılığında mühüm yer tutmuş, öz müsbət təsirini göstərmişdir” (1, s.19).
Sonra Nazim müəllim monoqrafiyasında Adil Gəray Məmmədbəylinin konsert ifaçılıq fəaliyyətini not ifaçılıq yönümündə araşdıraraq onun bu sahədə xidmətlərini, yerini və rolunu müfəssəl şəkildə təhlil edir. Məhz bu mənada monoqrafiyada oxuyuruq: “1938-ci ildə Səid Rüstəmovun təşəbbüsü ilə Azərbaycan SSR Dövlət Televiziya və Radio verilişləri Komitəsi nəzdindəki xalq çalğı alətləri orkestrinə (Hal-hazırda Azərbaycan Dövlət Televiziya və Radio verilişləri “Qapalı Səhmdar Cəmiyyəti”nin Səid Rüstəmov adına Xalq Çalğı alətləri orkestri — R.Ə.) konsertmeystr kimi işə qəbul olunan tarzən Adil Gəray Məmmədbəyli bu orkestrdə özünün ilk professional musiqiçi fəaliyyətinə başlayır. İstər Səid Rüstəmovun orkestrə rəhbərliyi və tövsiyyələri, istərsə də təcrübəli və görkəmli musiqiçilərlə ünsiyyəti onun professional musiqi zövqünün və ciddi sənət mövqeyinin formalaşmasına güclü təsir göstərmişdir. O, orkestrdə işləməsi sayəsində not savadını, ifaçılıq imkanlarını daha da artırmış və təkmilləşdirmiş, yeni əsərlərlə tanış olmuş, eyni zamanda, tar alətinin və xalq çalğı alətləri orkestrinin səslənmə qaydalarına, orkestrləşdirmənin sirlərinə bələd olmuşdur. Orkestr vasitəsilə konsertlərdə, qastrollarda iştirak etməsi, görkəmli vokalçıları, xanəndə və müğən-niləri eşitməsi onun musiqi zövqünə və professionallıq səviyyəsinin artmasına, yaradıcılıq təfəkkürünün inkişafına müsbət təsir göstərir. Konsertlərdə orkestrin solo muğam və not partiyalarını çalmağı, tarda müğənniləri müşayiət etməsi onu konsert ifaçısı kimi fotmalaşdırır. Bir sözlə, orkestrdə bir peşəkar musiqiçi, tarzən kimi püxtələşir”(1, s.18-20).
Monoqrafiyada Adil Gərayın konsert ifaçılıq fəaliyyətinin elmi mahiyyətini açarkən müəllifin həm də əyani faktiki material kimi fotoşəkillərdən, afişalardan istifadə etməsi fikrimizcə elmi-tədqiqatçılıq baxımından onu daha da zəngin-ləşdirmişdir.
Sonra onu da qeyd edək ki, monoqrafiyada təşəkkül tapan mövzular, hərəsi ayrı-ayrılıqda bir tədqiqat əsərini xatırladır. Bu xüsusiyyətlər “Bəstəkarlıq və pedaqoji fəaliyyəti” adlanan hissədən başlanan mövzularda daha çox nəzərə çarpır. Müəllif Adil Gərayın bəstəkarlıq fəaliyyətini şərh edərkən ən əvvəl onun formalaşmasında Ü.Hacıbəylinin rolunu bir daha xüsusi vurğulayır. Həqiqətən də, Adil Gəray Məmmədbəylinin yazdığı əsərlərin xalq tərəfindən sevilməsinin bir səbəbi də onun Ü.Hacıbəylinin milli məqam nəzəriyyəsini mükəmməl mənimsəməsi olmuşdur. Onu da qeyd edək ki, Adil Gəray Məmmədbəyli bütün yaradıcılığı boyu Ü.Hacıbəyli ənənələrinə sadiq qalan bəstəkarlardan biri olmuşdur. Nazim müəllim ustad sənətkarın bəstəkarlıq fəaliyyətindən söz açarkən yazır: “Adil Gəray bəstəkarlıq fəaliyyətinə 1940-cı ildə başlamışdır. İlk əsərləri məhz o dövrə aiddir. Böyük Vətən müharibəsi illərində bəstəkar kimi yaradıcılığını davam etdirən bəstəkar əsasən dövrün məzmununa uyğun mahnılar və xalq çalğı alətləri orkestri üçün pyeslər yazmışdır. Adil Gərayın ilk əsərlərinə xalq çalğı alətləri orkestri üçün “Cəngi”, “Yallı pyesləri”, “Sovet Azərbaycanı” süitası, “Vətən nəğməsi”, “Sovet qızı”, “Gözəl yar”, “Boyun qurbanı”, “Alagöz”, “İnsaf eylə”, “Yar gəldi”, “Laylay” mahnıları, “Tar üçün etüdlər” məcmuəsi daxildir.
Adil Gəray Məmmədbəylinin ilk bəstəkarlıq uğurlarından biri də 1943-cü ildə tar üçün etüdlərinin Ü.Hacıbəylinin redaktəsi ilə nəşr olunmasıdır. Gənc bəstəkarın əsərlərinin 1944-cü ildə Tbilisi şəhərində keçirilən Zaqafqaziya respublikalarının musiqi ongünlüyündə ifa olunması da onun həyat yolunda əlamətdar hadisələrdəndir. Ongünlükdə S.Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinin ifasında bəstəkarın “Cəngi” əsəri və mahnıları rəğbətlə qarşılandı. Mətbuat səhifələrində bu əsərlərin ifası haqqında məlumatlar verildi. Müsbət rəylər nəzərə çatdırıldı” (1, s.25). Monoqrafiyanın bu hissəsində (1, s.24) müəllif bəstəkarın musiqi mədəniyyətimizdə əhəmiyyətli rol oynamış təşkilatçılıq və maarifçilik kimi fəaliyyətlərini də ətraflı surətdə açıqlayır.
Monoqrafiyanın növbəti mövzu mərhələsi (1, s.26) bəstəkarın mahnı yaradıcılığı, xalq çalğı alətləri orkestri, eləcə də tar ilə fortepiano üçün yazdığı əsərlərə həsr olunur. N.Kazımov Adil Gərayın mahnı yaradıcılığından söz açarkən qeyd edir ki, “Onun mahnıları xalq üslubuna yaxın, musiqisinin kökündə xalq musiqisinin, təsniflərin, rənglərin və rəqslərin zəngin melodiyaları vardır. O, mahnı yaradıcılığında tanınmış şairlərə müraciət etmişdir, lakin əsas prinsip kimi şeirin bədiiliyini, məzmununu götürmüş, sözün mənasına daha çox dəyər vermişdir. Mahnıların poetik mətni belə deməyə əsas verir ki, Adil Gəray həm də yaxşı şeir həvəskarı, incə poetik zövqlü musiqiçi olmuşdur. Onun mahnı janrına tələbkar, məsuliyyətli, ciddi münasibəti seçdiyi şeirlərdə özünü göstərir. Adil Gərayın müraciət etdiyi nəğməkar şairlərin poeziyası mahnı janrının bədii cəhətdən inkişafında, sevilməsində böyük rol oynamışdır. Nəbi Xəzri, Əli Kərim, İslam Səfərli, Mirvarid Dilbazi, Zeynal Xəlil poeziyasına müraciət edən Adil Gərayın mahnı yaradıcılığının mövzu dairəsi genişdir. Bu, dövrün, zamanın və dinləyicilərin ən çox tələb etdiyi mövzulardır: vətən, təbiət, zəhmət, sevgi, səadət, gözəllik” (1, s.26-28).
Monoqrafiyada diqqəti cəlb edən əsas cəhətlərdən biri də elmi-nəzəri təhlillərə geniş yer verilməsidir. Elmi-nəzəri təhlillər həm vokal, həm də instrumental musiqi janrlarında təcəssüm etdirilir. Təhlil nümunəsi kimi “Azərbaycanım” mahnısı (sözləri: Əli Kərimindir) və tar ilə fortepiano üçün “Qaytağı” pyesindən istifadə edilir. Yuxarıda qeyd etdiyimiz əsərlər monoqrafiyada faktura, məqam, melodik hərəkət xüsusiyyəti, musiqi quruluşu və s. baxımından geniş təhlil edilir.
Monoqrafiyada həmçinin Adil Gərayın məqalə və xatirələri də geniş yer almışdır. Bunların içərisində ilk dəfə nəşr olunan “İndiki kimi yadımdadır”, “Görüşlər və xatirələr”, Adil Gəraya həsr olunmuş “İstedadlı gənc bəstəkar”, “Tanınmış bəstəkar, qayğıkeş müəllim”, “Əhməd Bakıxanovun ansamblı” adlı məqalələri qeyd etmək olar.
İnanırıq ki, N.Kazımovun “Adil Gəray Məmmədbəyli” monoqrafiyası yeni elmi mənbə kimi musiqişünasların, tədqiqatçıların, musiqisevərlərin böyük marağına səbəb olacaq.
ƏDƏBİYYAT:
- Kazımov N. Adil Gəray Məmmədbəyli. B.: Nərgiz, 2015, 128 s.
- Kazımov N. Musiqi Kolleci 110. B.: Nurlan, 2008, 80 s.
- Xəlilov V. Sadiqlik nümunəsi. B.: Nərgiz, 2015, 112 s.
ДоцентАНК
ОБЗОР МОНОГРАФИИ НАЗИМА КЯЗЫМОВА «АДИЛЬ ГЕРАЙ МАМЕДБЕЙЛИ»
Резюме: В представленной статье рассматривается монография профессора Назима Кязымова «Адиль Герай Мамедбейли», в которой автор большое внимание уделяет творчеству композитора, а также его исполнительской и педагогической деятельности.
Ключевые слова: Назим Казимов, Адиль Герай, тар, композитор, исполнитель, педагогика
Associate professor
of ANC
REVIEW OF THE MONOGRAPH OF NAZIM KAZIMOV «ADIL GERAY MAMMADBEILY»
Summary: The article considers the monograph by professor Nazim Kazimov «Adil Geray Mammadbeily”. The most attention is focused on creativity of the composer, as well as his performing and teaching activities.
Key words: Nazim Kazimov, Adil Geray, tar, composer, performer, pedagogy
Rəyçilər: professor Ağaverdi Paşayev
sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Afət Novruzov