AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA”  № 4, 2015

 

 

Vamiq MƏMMƏDƏLİYEV

                                                                  ADMİU-nun professoru

Əhsən RƏHMANLI

                                           AMK-nın dissertantı

Salyan tarzənləri

 

Açar sözlər: tar ifaçısı, Şirin Axundov, Yüzbaşı Quliyev, Qulu Əskərov, Mircavad Cəfərov, tamaşa, caz

 

Qərinələr, əsrlər, illər boyu xalqımızın bacarıqlı istedad sahibləri doğ­ma Azərbaycanımızın hər bölgəsindən elmin, incəsənətin, ədəbiyyatın, mə­­dəniyyətin bütün sahələri üzrə yetişmiş, ölkəmizə başucalığı gətirmiş və xalqımıza sədaqətlə xidmət etmişlər. Qədim türklərin sal tayfalarının mə­kanı olan Salyan da nadir tarixi şəxsiyyətləri, elm, din, incəsənət, döv­lət xadimləri ilə daim fərqlənmiş və tanınmışdır. Bu mə­qalədə Salyanın ye­tirdiyi tarzənlərin bir neçəsinin fəaliyyətini işıqlandıracağıq.

Şirin Məşədi Hüseyn oğlu Axundov 1978-ci ildə Salyanda anadan olub. Kiçik yaşlardan onun istedadı özünü büruzə verib: 7 yaşında qar­­mon, 13 yaşında saz, 15 yaşında tar çalmağa başlayb. Axund nəs­lin­dən olan Məşədi Hüseyn ibadət əhli kimi dinə sədaqətlə xidmət edir, gü­nün əsas hissəsini məscidlərdə keçirirdi. O, oğlunun musiqi ilə məşğul ol­masının qəti əleyhinə idi, musiqini “şeytan əməli” sayırdı. Hətta bir də­fə qəzəblənib Şirinin tarını sobaya atıb yandırmışdı. Ata ilə oğul arasında inciklik yarandığı günlərin birində ustad xanəndə Cabbar Qaryağdıoğlu (1861-1944) öz dəstəsilə Salyana toya gəlibmiş. Məclis bitəndən sonra mu­siqi həvəskarları Şirinin çalğısını dinləməsini C.Qaryağdıoğludan xa­hiş edirlər. Şirinin tar çalmağı ustadın xoşuna gəlir. O, Şirinə Bakıya gə­lib orada tarzənliyi davam etdirməyi məsləhət görür. Bu təklif gənc tar­zə­ni ruhlandırır və qol-qanad verir. Şirin anası Zərəfşan xanımla Bakıya gə­lir və C.Qaryağdıoğlu ilə görüşür. Həmin vaxtlar Cabbar Şirini də öz sa­zən­də heyətinin tərkibinə daxil edir. Gənc tarzən onların ifalarını diqqətlə dinləyir, işlətdikləri xalları, şöbə və guşələri yadında saxlayır, evə gələn­dən sonra bunlar üzərində işləyir.

Şirin Axundov 1901-1902-ci illərdə bakılı xanəndələrdən Məşədi Məm­­­mədi və Əlisahibi  müşayiət edərək tədricən özünü tanıdır və bir tar­zən kimi təsdiq edir.

Bakı musiqi mühiti, təmtəraqlı məclislər, sazəndə dəstələrilə rastlaş­maq, eyni toy-büsatda onlarla çıxış etmək istedadı aşıb-daşan gənc tar­zə­nin sənət eşqini və ustalığını artırır. O, sənət aləmində Salyanlı Şirin kimi ta­nınır. Şirini Hacı Zeynalabdin Tağıyevin “Güzgülü zalı”nda qurulan məc­lislərə dəvət edirlər. O, burada çıxış edərək bəyənilir. Ustad xanəndə Şə­kili Ələsgər (1866-1929) öz tarzənigilə gələndə pəncərədən ətrafa ya­yı­lan gözəl, cəlbedici, təsirli, şirin, incə xallarla səslənən tar səsi eşidir. Ayaq saxlayaraq diqqət kəsilir. Bu ifanın onun tarzəninin çalğısına bən­zə­mədiyi üçün maraq onu götürür. İçəri daxil olub 25-26 yaşlarında hüs­nü gözəl, yar-yaraşıqlı tarçalanın əyləşdiyini görür və soruşur ki, bu “in­ci”­ni haradan tapmısınız? Cavab alır ki, Tağıyevin məclisindən.

Bu tanışlıq Salyanlı Şirinin qarşısında geniş yaradıcılıq imkanları açır. Ələsgər Abdullayevin muğam üçlüyü Bakıda və ətrafda çox məşhur idi. Onlar uzun illər birlikdə çalışmışdılar. Bu üçlük Zaqafqaziyanın şəhərlə­rində çıxış emişdi.

Azərbaycan teatrının inkişafında da Salyanlı Şirinin müəyyən xid-mət­­ləri olub. 1905-ci ilin dekabrında Bakıda M.F.Axundzadənin “Lən­­kə­ran xanının vəziri” əsərinin tamaşasının musiqisinin müşayiətində xanən­də Ələsgər və tarzən Şirin məharət göstərmişdilər. Qəzetlər bu ba­rədə yaz­mışdı. Şirin uzun illər H.Z.Tağıyevin teatr binasında oynanılan ta­ma­şa­ların fasilələrində çalır, əksər hallarda burada çalışan sazəndələr qru­puna rəhbərlik edirdi. 1905-1926-cı illərdə çap olunan, arxivdə saxla­nan qəzetlərdə, afişa və proqramlarda Şirinin adına rast gəlinir. Dahi bəs­tə­kar Ü.Hacıbəylinin yazdığı, Şərqdə ilk opera olan “Leyli və Məcnu­n”un 1908-ci ildəki ilk tamaşalarında tarzənlərdən biri, Qurban Pi­­rimov (1880-1965), o biri isə Şirin Axundov olub.

Salyanlı Şirinin şirin çalğısı, usta müşayiəti olmuşdur ki, bu da xa­nən­dələrin nəzərindən qaçmamışdı. O, bütün muğamları mükəmməl çalırdı. Ş.Axundov xanəndələrdən Seyid Mirbabayevi (1867-1953), İslam Ab­dul­layevi (1876-1964), Cabbar Qaryağdıoğlunu, Bülbülü (1897-1961) və Seyid Şuşinskini (1889-1965) müşayiət edib. Onunla eyni məclisdə olan xanəndələr Şirinin müşayiətilə oxumağı arzu edərdilər. S.Mirba­bayevlə Ş.Axundovun xüsusi münasibəti, mehriban və cox dəyərli sənət yoldaş­lı­ğı olub. Mühacirətinin son dövrlərində, Tehranda yaşayarkən S.Mirbaba­yev həmişə onun adını hörmətlə çəkər və xatırlayarmış.

Ş.Axundov xoşsifət, xoşxasiyyət, mədəni, istiqanlı, mehriban, sənətini də­rindən sevən və ona hörmətlə yanaşan birisi olaraq sənət aləmində bö­yük nüfuz qazanmışdı. O, həm də xalq arasında çox sevilirdi.

Ş.Axundov Bakı, Tiflis və İrəvanda təşkil olunan konsertlərdə xanən­də­ləri böyük ustalıqla müşayiət edirdi. C.Qaryağdıoğlu, Ş.Axundov və ka­­mançaçı Qulu Əliyevdən ibarət üçlüyün 1911-ci il iyunun 23-də İrə­van­da olan konsertinin afişası var (1, s. 266). O, iki dəfə İ.Abdullayev və Ə.Abdullayevlə İran səfərlərində olmuş və rəğbət qazanmışdır.

1914-cü ildə Macarıstanın “Premyer-rekord” firması Bakıya gələrkən Şi­rin Axundovu solist kimi dəvət etmiş, onun ifasında “Çahargah”, “Mir­zə Hüseyn segahı”, “Hisar” və “Müxalif” muğamlarını qrammofon valına yaz­mışdır. O, İslamın ifasında vala yazılan muğamlar və təsnifləri də mü­şa­yiət etmişdir.

Ş.Axundov 1920-ci ildə Şərq Konservatoriyasının tar sinfində dərs de­miş, Bakıdakı Lenin adına kombinatda (əslində H.Z.Tağıyevin kombi­na­tı), Qaraşəhərdə fəaliyyət göstərən fəhlə klublarındakı dərnək­lərdə həvəs­kar­lara tar çalmağı öyrətmişdir (1, s. 262-267).

Dövlət xadimi, tədqiqatçı Əlihüseyn Dağlı (1898-1981) Salyanlı Şirini us­tad tarzən və muğam bilicisi adlandırır. Göstərir ki, ərəb alimi və şairi Əbu Ətanın “təsnif” haqqında yazdıqları ilə Şirin Axundovun fikirləri uy­ğunluq təşkil edir. O özünün “Ozan Qarəvəli” əlyazmasında (III hissə) qeyd edir ki, məşhur tarzən Salyanlı Şirin Axundov “təsnif nəqşəsini həm­cinslər arasında vasitə əmələ gətirən” adlandırırdı (2). Şərəfli musiqi tariximizdə adı daim yaşayan Şirin Axundov 1927- ci il oktyabrın 29-da dünyasını dəyişmişdir.

Tarzən Yüzbaşı barədə ilk dəfə Bakı Musiqi Akademiyasının əmək­daşı Zeynal İsayevdən eşitmişəm. Yüzbaşı Quluyev Zeynalın nənəsi Sa­fu­rə xanımın atasıdır.

Yüzbaşı dövrünün mahir tarzənlərindən biri olub. XIX əsrin II yarısı, XX əsrin əvvələrində yaxşı fəaliyyəti və yüksək sənətilə xalqın se­vim­li­si­nə çevrilib. O, yalnız Salyanda deyil, digər bölgələrdə də tanınaraq toy-büsatın əsas sənətkarlarından biri kimi geniş fəaliyyət göstərib. Ustad tar­zən Qurban Pirimov (1880-1965) Salyana konsertlərə və toylara gələrkən yaxın dostu Yüzbaşının evinə düşər və günlərlə qonaq qalarmış. O zaman Salyanın el sənətkarları Yüzbaşıgilə toplaşar, maraqlı sənət söhbətləri, fi­kir mübadiləsi və muğam araşdırmaları edərlərmiş (4, s. 537). Y.Quluyev ba­rədə araşdırma aparmağı özümüzə vəzifə borcu bildikdə, bu işdə sənət­şü­naslıq üzrə elmlər doktoru Abbasqulu Nəcəfzadənin xeyirxahlığından bəhrələndim. O, Əlühüseyn Dağlının arxiv materiallarını kompüterdə yazılmış variantını mənə təqdim etdi. “Ozan Qaravəli”nin III hissəsindən oxuyuruq: “Doğrudur, mən Qarabağ­da Şuşa şəhərini, Bakıda Nardaranı və Balaxanı kəndlərini musiqiyə, muğamata həris, zərif bilici təki qələmə vermişəm. Lakin keçmişdə 6 məhəlləsi, 6 məscidi, 6 hamamı, 6 çayçı dü­ka­nı olan, hər çayçıda bir manqal həmişə hazır qırmızı közlərlə dəmli və­ziy­yətdə, dəmli çaydanı olan Salyan sənətkarlarından söhbət açmaq istə­yi­rəm. Labüd, bu “altılara” 6 sazəndə, 6 zurna-balabançını da əlavə et­mək zəruridir. Çünki Salyanın musiqisini bu sənətkarların ifasında daha yaxşı duymaq olurdu. Burada, belə bir mühitdə tarçı Məşədi Yüzbaşı (?-1919) öz kamil istedadı ilə qeyri musiqi sənətkarlarından fərqlənmişdir. Ona görə də qeyrilərinə deyilən təki tarçalan yox, ona Tarçı Məşədi Yüz­ba­şı deyirdilər. Və halbuki, Məşədi Yüzbaşı tanınmış, mahir, usta tar­ça­lan idi” (3).

Ə.Dağlının yazdığından məlum olur ki, Yüzbaşının daha bir istedadı varmış. O, həyətindəki emalatxanasında tar, kamança, qoşanağara və qa­val təmir edirmiş. Onun əlindən tərifli, layiqli iş çıxırmış. Hətta “ləvənd” alətləri, yəni tam sıradan çıxıb yararsız hala düşmüş, hansı səbəbdənsə parça-parça olmuş musiqi alətlərini quraşdırıb zərgər dəqiqliyilə yaxşı hala gətirirmiş. Yalnız ifaçı kimi deyil, təmirçi usta olaraq da onun şöh­rə­ti Bakı, Gəncə, Dərbənd, Tiflis şəhərlərinə gedib çıxmışdı. Həmin şəhərin musiqiçiləri və ustaları adını həmişə hörmətlə çəkərdilər.

Qulu Rüstəm oğlu Əsgərov 1928-ci ildə Salyan şəhərində anadan olub. O, uşaq çağlarında musiqiyə maraq göstərmiş, istedadı sayəsində çal­ğı öyrənmişdir. Valideynləri, doğmaları və yaxınları o zaman onun is­te­dadını hiss etmişlər ki, balaca Qulu taxta qolçanın üzərinə simlər çəkib tar əvəzinə çalırdı. Onun heç bir çalğı aləti yox idi. Üzərinə simlər çək­di­yi taxta parçası çalğı aləti kimi onun istedad enerjisini üzə çıxarırdı. O vaxtlar Sovet dövlətinin ən ucqar kəndlərinin dükanlarına da man­dalina çal­ğı alətini satışa göndərirdilər. Salyanın mədəni mallar dükanın­da da man­dalina satılırdı. Bu şəhərdə musiqi həvəskarlarının bəziləri mandalina ça­lırdı. Qulu da mandalina çalmağa başlamışdı. Az sonra ona yaxşı bir tar alınmışdı. Qulu artıq tara könül bağlamışdı, bir an belə onu yerə qoy­mur və müntəzəm məşq edirdi. Onun gələcəyinə böyük ümidlər bəs­lə­yən­lər vardı. Nəticə elə, belə də oldu.

Qulu uşaqlıq çağlarında nağara da çalırdı və məktəb yoldaşı, qarmon­ça­­lan Əflatun Ağayevi (1928-1984) müşayiət edirdi. Gəncəli məşhur pəh­­­­ləvan Elbrus 1941-1945-ci illər müharibəsindən əvvəl Salyana gəlib şə­­­hərin özündə və kəndlərdə tamaşalar verərkən salyanlı akrobatlar, İsa­yev qardaşları, Əzizağa (1926-1942), Əliağa (1928-1992), Fazil (1932-1997) onu müşayiət edərdilər. Əzizağa müharibədə həlak olduğu üçün son­­ralar bu işi Əliağa və Fazil yerinə yetirmişdir. Elbrusun tamaşa-kon­sertlərində qarmonçu Əflatun üçün nağaranı Qulu çalırdı.

Qeyd etməliyik ki, Qulu oxuduğu orta məktəbin bütün tədbirlərinin əsas musiqiçisi idi. Bundan əlavə şəhər mədəniyyət evinin tədbirlərində tar çalırdı. Həm də mədəniyyət ocağının fəalı olaraq teatr tamaşalarının mü­ğənni-aktyoru, tarzəni kimi fəaliyyətdə idi. O, gənc yaşlarında mədə­niy­yət evində xalq çalğı alətləri ansamblı yaratmış və ona bacarıqla rəh­bər­lik etmişdi. Həmin ansambl mədəniyyət evinin özündə, kənd və qəsə­bə­lərdə, kolxozlarda, bəzən tarlalarda konsert verirdi. Qulunun solo çal­ğı­ları alqışlara qərq olurdu. Onun gözəl, məlahətli, aydın, ürəyəyatımlı sə­si, zəngulələri, aydın diksiyası, sözləri düzgün tələffüz etməsi müğənni ki­mi də istedad və bacarığını üzə çıxarmışdı. Bütün konsertlərdə oxuya­raq  rayon camaatının sevimlisinə çevrilmişdi. O, tarzən-xanəndə kimi ye­tiş­mişdi. Onu ziyafət məclislərinə, toylara dəvət edir, çalıb-oxuma­ğın­dan böyük zövq alırdılar. Az.TV-nin arxivində Salyan mədəniyyət evi xalq çalğı alətləri ansamblının konserti qorunur. Gənc Qulu ön sırada əy­lə­şib ansambla konsertmeysterlik etməklə bərabər, oxuduğu muğamı və təs­nifi də tarda müşayiət edir. Olduqca maraqlı olan bu görüntü o dövr üçün mühüm bir hadisəyə çevrildi. Qulu Salyanda yaşayarkən tar çalmaq hə­vəsində olan uşaqlara dərs deyirdi. Həvəskarlar Qulugilin evinə gəlir­di­lər. O, rayonda yaxşı tar çalan kimi ad-san qazanmışdı. Q.Əsgərov sazı da çox yaxşı çalır, aşıq mahnılarını, “Şirvan şikəstəsi”ni məharətlə oxu­yur­du.

1945-ci il müharibə bitəndən sonra və 1950-ci illərdə Salyanda güclü te­atr truppası vardı. Onlar bir sıra maraqlı tamaşaları, hətta Ü.Hacıbəy­li­nin “Leyli və Məcnun” operasını səhnəyə qoymuş və uğurla oynamış­dı­lar. Truppanın rəhbəri və rejissoru maarifpərvər insan, aktyor, rayonun zi­­yalısı Ələkbər Səfərli idi. 1946-cı ildə Güney Azərbaycandan mühacirət edib sovet Azərbaycanına pənah gətirmiş Rübabə Muradovanın (1933-1987) ailəsi bir müddət Salyanda məskunlaşmış, sonralar Əlibayramlı (in­diki Şirvan) şəhərində yaşamışdı. Qulu Məcnun, Rübabə xanım isə Ley­li rolunun ifaçısı idi. Onlar bu rolların ifaçısı kimi Salyanda məş­hurlaşmışdılar. Sonralar hər iki sənətkar  Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışarkən həmin obrazların ən yaxşı ifaçısı oldular.

O dövrdə istər yerli sənətkarlar, istərsə də Bakıdan payona konsert­lərə, toylara gələn məşhur sənət adamları Q.Əsgərovu dinlədikdə Salya­nın fəxrinə çevrilən bu gəncə təhsil almağı məsləhət görürdülər. Q.Əsgə­rov Bakıya gəlməzdən əvvəl yalnız Salyanda deyil, ətraf rayonların da po­pulyar tarzən-xanəndəsı olub.

Q.Əsgərov 1953-cü ildə gənc istedadların respublika olimpiadasının qa­libi olaraq bir daha özünü təsdiq etmiş və o, daha artıq tanınmışdır. Mün­siflər heyətinin verdiyi rəy və tövsiyələr onu Bakıya istiqamət­lən­dir­di. O, 1953-1958-ci illərdə A.Zeynallı adına Musiqi Texniku­munda Se­­yid Şuşinskinin (1889-1965) muğam sinfində təhsil almış, onun ən is­te­dadlı və sevimli tələbələrindən biri olmuşdur. Burada klassik muğam­la­rın ifa qaydalarını, sirlərini öyrənmiş və ifaçılıq ənənələrini yaxşı mə­nim­sə­mişdi. Seyidin sinfində dərs alması onun tar ifaçılığının inkişafına da xü­susi təkan vermişdi. S.Şuşinskinin sinfində müşayiətçi tarzən Kamil Əh­mədovun (1920-1997) sənəti hər dərsdə göz önündəydi. Bundan əlavə Qu­lu texnikumun tar sinfində də oxumuş, ixtisas üzrə Adil Gəraydan (1919-1973) dərs alıb. Qulunun ixtisas və muğam  müəllimləri,  tələbə­lər­lə müntəzəm  təmasda olması onun usta tar çalan kimi yetişməsinə şə­ra­it yaratmışdı. O, tələbəlik illərindən Bakı və rayon yerlərinə toylara çağ­rılırdı. Hara dəvətli idisə o, tarı ilə gedər və özü öz oxuduğunu mü­şa­yi­ət edərdi. Qeyd olunmalıdır ki, Qulu el-obasına, Salyana bağlı sənətkar idi. O, bütün sənət fəaliyyəti boyu Salyana toylara və konsertlərə gedirdi. Ora dəvət olunarkən toylarda Salyan qamon çalanlarından Rza Şıxlarov (1919-1992) və uşaqlıq yoldaşı, tay-tuşu, gənclik dostu ilk sənət addım­la­rı­nı birlikdə atdığı Əflatun Ağayevlə bahəm olmaqdan məmnun qalardı. Sal­yanda ilk əvvəllərdən tarzən-xanəndə kimi tanınan və belə də qəbul olu­nan Q.Əsgərov doğma torpağa Bakı dəstələri ilə gedəndə də tarı özü ça­lırdı.

Q.Əsgərov bir neçə dəfə Ümumittifaq tələbə-gənclər festivallarının qa­libi olmuş, 1957-ci ildə Moskvada keçirilən Ümumdünya Gənclər Fes­ti­valının laureatı adını qazanmışdır.  O vaxt münsiflər heyətinin üzv­lə­rin­dən biri də Bülbül olub (5, s. 211-221).

1957-ci ildə Bakı Kitabxanaçılq Texnikumunda (hazırda Bakı Huma­ni­tar Kolleci) “Klub işçisi – özfəaliyyət xor dirijoru” ixtisası açılır, bura Ba­kıdan və rayonlardan musiqi qabliyyəti olan, müxtəlif musiqi alət­lə­rin­də çalan gənclər qəbul edilir. Dərs demək üçün tanınan sənət adamları sı­ra­sında Q.Əsgərov da işə dəvətli olur. O, texnikumda tar dərsi deyir (3, s. 20). Q.Əsgərov Teatr İnstitutunu (hazırda Azərbaycan Dövlət Mədə­niy­yət və İncəsənət Universiteti) aktyorluq ixtisası üzrə bitirib.

O, səsini radio fondu üçün yazdırmış, televiziya konsertlərində oxu­muş­dur. Onun ifasında radio fondunda “Rast”, “Bayatı-kürd”, “Ba­yatı-Qa­car”, “Zabul-Segah”, “Mirzə Hüseyn segahı”, “Segah-zabul” muğam­ları, bir neçə xalq mahnısı, özünün bəstələdiyi təsniflər, mahnılar qorunur və səsləndirilir. O, yaradıcı sənətkar idi. Bəstələdiyi mahnılar zöv­q ox­şa­yan və həmişəyaşardır. Az.TV-nin fondunda da Q.Əsgərovun ifaları qo­run­maqdadır. Yeni nəsl onun radio və televiziyadakı oxuma­larından bəh­rə­lənir.

Musiqi Texnikumunu bitirən Q.Əsgərov Opera və Balet Teatrına so­list dəvət olunur. Məcnun, İbn Salam, Kərəm (Ü.Hacıbəyli “Leyli və Məc­nun”, “Əsli və Kərəm”), Qərib (Z.Hacıbəyov “Aşıq Qərib”), Şah İs­mayıl (M.Maqomayev “Şah İsmayıl”) obrazlarını xüsusi məharətlə ya­ra­dır. O, böyük tamaşaçı məhəbbəti qazanaraq adını teatr və musiqi ta­ri­xi­nə yazır. Tar çalmaqla başlanan ifaçılıq yolu opera sənətçiliyi və bəs­tə­kar­­lıqla geniş vüsət alır.

Bu sətirlərin müəlliflərindən biri V.Məmmədəliyevin xatirələrindən: “1983-1984-cü illərdə Qulu Əsgərovla Şüvalan, Mərdəkan qəsəbələrində toylarda olurduq. Hər yerdə öz-özünü tarla müşayiət etsə də, mənimlə olanda ənənəsini pozur və mənim çalğılarımla çox gözəl oxuyurdu. O, aşıq yaradıcılığına da bələd idi. Bir dəfə Müəllimlər Evində məşqdə, tar­da özünü müşayiət edərək “Misri” oxudu. Möcüzəli bir ifa idi. Hamı mat qal­dı”.

Q.Əsgərov 1970-ci illərdən Azərbaycan Dövlət İncəsənət İnstitutunda (in­diki ADMİU) səs-muğam sənətindən dərs deyib. Yetirmələri çox olub. Xalq artistləri Arif Babayev, Baba Mahmudoğlu (1940-2006), Ya­qut Abdullayeva, Mələkxanım Əyyubova və Alim Qasımovun adını çək­mək­lə kifayətlənmirik. Ali təhsil ocağında Eyvaz Həsənov (1941-1983), Ru­sif Məmmədov (1949-2004), Zahid Quluyev, Tahir Xəlilov, Qəhrə­man Rəhimov və başqaları onun yetirmələri olub.

Can-cismində böyük istedad daşıyan, muğam, teatr sənəti və mahnı bəs­təkarlığında öz izini yaşadan Qulu Əsgərov 1987-ci ildə bu dünyaya əl­vida demişdir.

Məzahim Manaf oğlu Məmmədov da Salyan tarzənləri sırasında özü­nə­məxsus yer tutur. Onun atası Manaf Məmmədov (1926-2003) milli nə­fəs alətlərimizin mahir ifaçısı idi. Salyan Mədəniyyət Evinin zurna­çı­lar­dan ibarət “Cəngi” ansamblına rəhbərlik edirdi. Məzahim Sumqayıt Mu­si­qi Texnikumunun tar sinfini bitirib. Salyan şəhərindəki uşaq musiqi mək­təbində dərs demiş, mədəniyyət evinin xalq çalğı alətləri ansamblına rəh­bərlik etmişdir. Həmin ansambl Salyanda, kəndlər və qəsəbələrdə kon­­sertlər vermişdir. Məzahim Məmmədov rəhbərlik etdiyi ansamblın ki­çik heyəti ilə dəfələrlə Tehrana səfərlər edib. Onun yetirmələri çoxdur. On­lardan biri Mircavad artıq çoxdandır tanınan bir ifaçıdır. Salyan tar ifa­çılarının  hamısını bir məqalədə əhatə edə bilmirik.

Uşaqlıqdan fitri istedadı üzə çıxmış Mircavad Mirqəfər oğlu Cəfərov 1965-ci il iyun ayının 20-də Salyan şəhərində dünyaya gəlib. 1972-1982-ci illərdə 2 saylı orta ümumtəhsil məktəbdə oxuyub. II sinifdə ikən fitri istedadı nəzərə alınmaqla istisna hal kimi Salyan şəhər uşaq musiqi mək­tə­binin tar sinfinə qəbul olunub və tar tutmağı, ilk çalğı qaydalarını, ilk sə­nət sirlərini Aləddin Axundovdan öyrənib. Qeyd etməliyik ki, Aləddin mü­əllim Şirin Axundovun mənsub olduğu şəcərə xəttinin nümayəndə­si­dir.

Daha sonra Mircavadın ixtisas müəllimləri Məzahim Məmmədov və Alim Bünyadov olub. Mircavad sinif proqramını hamıdan tez yerinə ye­tirir, müəllimin tapşırığı ilə yoldaşlarına da öyrədirdi. O, əlaçı idi, mək­­­təb konsertlərində çalır, uğurlar qazanır və hamının diqqətini cəlb edir­­di. Bu bacarıqlı uşaq musiqi məktəbinin ansamblının fəalı və aparıcı qüv­­vəsi kimi seçilirdi. Bundan əlavə o, Salyan Mədəniyyət Evində Mə­za­him Məmmədovun rəhbəri olduğu özfəaliyyət xalq çalğı alətləri ansam­blı­nın fəal tarzənlərindən biri idi, həmçinin pionerlər və məktəblilər evi­nin (indi uşaq və gənclərin yaradıcılıq mərkəzi) “Ulduz” vokal-instru­men­tal ansamblında gitara çalırdı. Uşaqlıqdan estrada musiqisi iə məşğul ol­ması onun sonralar caz cənəti üçün yetişməsinə zəmin yaratmışdır.

Mircavadın fikirlərindən: “Mənim musiqiyə gəlməyim və bu sahədə ye­­­tişməyimdə atamım xüsusi rolu var. O, əvvəldən istəyib və çalışıb ki, mən musiqi üzrə mütəxəssis olum. Həmişə çalğımı, dərslərimi, bütün fə­a­li­yyətimi izləyib və istiqamət verib”.

Orta məktəb illərində Mircavad artıq Salyanda tarzən və ud çalan kimi ta­nınırdı. Əhsən Dadaşovun (1924-1976) udda ifa etdiyi və radioda səs­lən­dirilən melodiyalar onun daimi repertuarına daxil olmuşdu. Bunları kon­sertlərdə ifa edirdi. Əvvəldən uda könül bağlamağı, onun hazırda öl­kə­mizim mahir ud ifaçıları sırasında dayanmasına gətirib çıxarmışdır.

Onun fikirlərindən: “Təxminən üç il öncə xalq artisti, professor Siya­vuş Kərimi məni Moskva kinеmatoqrafçılarının çəkdiyi filmə dəvət etdi. Rejissor mənim tanışım çıxdı. Aliki dərhal tanıdım. Vaxtı ilə Salyanda ya­­­şayıb, çalışmışdı. Filmdə ud ifasına ehtiyac var idi. Çalırdım, deyəsən lazım olan ruhu tutmuşdum. Musiqinin təsiri, udun söhbəti S.Kərimini də tərpətmişdi. O, royalın arxasına keçib müşayiətə başladı. Rejissor dedi ki, əla, elə biz istədiyimiz alındı”.

M.Cavadov 1982-1988-ci illərdə İncəsənət İnstitutunun “Mədəni-ma­arif” fakültəsində əyani təhsil alıb. 1983-1985-ci ildə Arxangelsk vila­yə­tin­də hərbi xidmətdə olub. Hərbi hissədə əsgərlərdən ibarət an­sambl ya­ra­dıb. Rəhbərlik etdiyi ansamblın kolxozlarda verdiyi konsertlər böyük ma­raqla qarşılanıb. Həmin kolxozlar hərbi hissəyə pul mükafatı və tərə­vəz məhsulları göndərib. Hərbi hissə komandiri M.Cavadova təltiflər təq­dim edib.

M.Cavadov institut illərində təhsil ocağının xalq çalğı alətləri an­sam­blı­nın tarzəni olub. Bütün tədbirlərdə bacarıq və istedad nümayiş etdi­rib. Bun­dan əlavə Vaqif Gərayzadənin institutda yaratdığı caz-folk­lor an­sam­blında ud və tar ifa edib. O illərdə V.Gərayzadə institutda tələbə idi. Ha­zır­da əməkdar incəsənət xadimi və həmin universitetin professo­rudur.

Mircavad institutun caz-folklor ansamblının üzvü olaraq V.Gərayzadə ilə yaradıcılıq əlaqələrini qurur. Həmin vaxt hazırda dünya şöhrətli xa­nən­də, xalq artisti Alim Qasımov da tələbə olaraq həmin ansamblın üzvü idi. V.Gərayzadənin bəstəsi olan “Bayatılar” kompozisiyası lentə alınır və klip çəkilir. Burada M.Cavadov ud ifa edir. Klip Masallıda çəkilib. Mir­­­cavad çay sahilində əyləşib, ayaqları çırmanmış və suya salın­mış və­ziy­yətdə udu səsləndirir. Bu klipdən sonra Mircavadla A.Qasımov arasın­da yaradıcılıq əlaqələri yaranır, onlar birlikdə konsertlərdə və toylarda çı­xış edirlər.

M.Cavadov institutu bitirib Salyana qayıdır, 1998-ci ilə qədər avto­klub müdiri işləyir və sənət fəaliyyətini davam etdirir. Burada “Şirin Axun­dov” adına musiqi üçlüyü yaradır. Solistlərdən biri Zakir Əliyev (ha­­­­­­zırda əməkdar artist) idi. Həmin üçlük 1996-1998-ci illərdə Bakıya də­­­­vət olunaraq dövlət tədbirlərində çıxış edir. M.Cəfərov Salyan İcra Ha­ki­­miyyətində instruktor vəzifəsində də çalışıb. Vəzifə onun yara­dı­cı­lıq fəaliyyətində müəyyən məhdudiyyətlər yaratdığı üçün ərizə­siy­lə işdən uzaqlaşıb Bakıya gəlir. Xalq artisti Səkinə İsmayılova ilə ma­raqlı və sə­mərəli yaradıcılıq əlaqələri qurur. O, artıq tanınan tarzən kimi hər yerdə qə­bul olunur. Xalq artistləri Ağaxan Abdullayev və Mələk­xa­nım Əy­yu­bo­va ilə də onun dəyərli fəaliyyəti olmuşdur. Adı çəkilən xa­nən­dələrlə ça­­lışmağı, radio səs yazılarında, televiziya konsert­lərində, xa­ri­ci ölkələrə sə­fərlərdə çıxışları onun mahir bir tarzən olmasını tam üzə çı­xarmışdır. On­lar birlikdə Avropa və Şərq ölkələrində uğurlar qazanmış­lar. Bu səfər­lər­­dən biri də Ağaxan Abdullayevlə İrana 45 günlük səfər olub.

M.Cəfərov 2002-ci ildən Bakı Mədəniyyət və Turizm İdarəsinin “Cən­­­­­gi” estrada-folklor ansamblının bədii rəhbəri və direktoru vəzifəsin­də çalışır. Əvvəllər bu ansamblda əsasən rəqs quruluşları, rəqs sənəti önəm daşıyırdısa, hazırda kollektiv öz adına, yönümünə uyğun repertuar ha­zırlayaraq fəaliyyətdədir. Əlbəttə, bu məsələlərdə M.Cəfərovun xid­mət­­ləri danılmazdır. O, özü caz-folklor qrupu yaradaraq “Cəngi”nin tər­ki­­binə gətirmişdir.

M.Cəfərov ud ifaçısı kimi Azərbaycan cazmenlərinin diqqətindədir. 1997-ci ildən başlayaraq M.Cəfərov Salman Qənbərovla ənənəvi “Man­teo” festivalında iştirak etmişdir. Onun udu İsveçrə, Almaniya və Avro­pa­nın digər ölkələrinin çaz klublarında səslənmişdir. M.Cəfərov cazmen­lə­rimiz Cəmil Əmirov, Emil Əfrasiyab, Elçin Şirinov və Rəşad Haşımo­vun layihələrində iştirak etmişdir. 2007-ci ildə Mircavad Cəfərova Əmək­­dar artist fəxri adı verilmişdir. Bu istedadlı musiqiçimizin  haqqın­da dövrü mətbuatda müntəzəm yazılar getmişdir.

M.Cəfərovun ocağında daha bir istedadlı tarzən yetişir. Mir­va­rid Mir­ca­vad oğlu Cəfərov 1996-cı il sentyabr ayının 22-də anadan olub. G.Şa­ro­yev adına 35 saylı 11 illik musiqi məktəbinin tar sinfini bi­ti­rib. O, müxtəlif ümum­res­publika baxış-müsabiqələrinin, festivalların qalibi və la­u­re­a­tı olub. Hazırada Azərbaycan Milli Konservatoriyasının tar sinfin­də təh­sil alır.

 

ƏDƏBİYYAT:

  1. Şuşinski F.M. Azərbaycan xalq musiqiçiləri. B.: Yazıcı,1985,478 s.
  2. Dağlı Ə. (Həmidov Ə.H.) Ozan Qaravəli. III hissə. AMEA Əlyaz­ma­lar İnstitutunun fondu, C-1175/38009 şifrə altında mühafizə olunan əl­yaz­ma.
  3. Cəbrayılov F.B. Mədəniyyətə xidmət edən təhsil ocağı. B.: Vətən, 2005, 223 s.
  4. Rəhmanlı Ə.M. Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda təd­ri­si (dərs vəsaiti). B.: MBM, 2014, 704 s.
  5. Xəlilov V.C. Ömür yollarında. B.: Nərgiz, 2012, 374 s.

                                                           

                                                                     Вамиг МАМЕДАЛИЕВ

Профессор АГУКИ

Ахсан РАХМАНЛЫ

Диссертант АНК

САЛЬЯНСКИЕ ИСПОЛНИТЕЛИ НА ТАРЕ

Резюме

Статья посвяшена творчеству исполнителей на таре  из Азербайджанского города Сельян. Дается краткий обзор жизни и творчества этих исполнителей.

Ключевые слова: исполнители на таре, Ширин Ахундов, Юзбаши Кулиев, Гулу Аскеров, Мирджавад Джафаров, спектакль, джаз

 

Vamig MAMMADALIYEV

                                                                 Professor of ASKAU

Ahsan RAHMANLI

                                           Dissertator of AMK

SALYAN`S TAR PLAYERS

Summary

The article was written about art activity of tar players and creative works in Salyan. Their talent,sign in our music,services in education,the gift given to the world theatre were written about.

Key words: tar`s performers, Shirin Axundov, Yuzbashi Quliyev, Gulu Askerov, Mirjavad Cafarov, spectacle, jazz.

 

Rəyçılər:

sənətşünaslıq üzrə fəlsəfə doktoru Malik Quluyev;

sənətşünaslıq üzrə fəlsəfə doktoru Ellada Hüseynova.

Mövzuya uyğun