Musiqi mədəniyyətimizi rövnəqləndirən usta
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 3, 2016
Əhsən RƏHMANLI
ADMİU-nun müəllimi,
Ünvan: Bakı, İnşaatçılar prospekti 39
AMK-nın dissertantı
Email: ahsanrahmanli@mail.ru
MUSİQİ MƏDƏNİYYƏTİMİZİ RÖVNƏQLƏNDİRƏN USTA
Hələ ta qədimlərdən xalqın içindən çıxan, bağrından qopan istedadlı insan-larımız öz daxili təlabatlarını ödəmək üçün çalğı alətləri hazırlayıblar. Musiqi mədəniyyətimizin inkişafında yalnız ifaçıların deyil, onların geniş fəaliyyəti üçün şərait yaradan, musiqi alətləri düzəldən ustaların da xüsusi xidmətləri olub. Bu gün ölkəmizdə milli musiqi alətlərimizi hazırlamağa könül verən, ömür sərf edən xeyli sayda ustalarımız var. Onlardan biri haqqında söz açmağa qərar verdik. O, istedadı, fəhmi, görüb-götürmək qabiliyyəti, incə zövqü və bacarıqlı əlləri sayəsində xeyli işlər görmüşdür. Usta Cavanşir İsmayılov hərtərəfli istedadlı insanlarımızdandır. Onunla tanışlığımız Milli Konservatoriyanın milli musiqi alətlərimizin bərpası və təkmilləşdirilməsi elmi laboratoriyasında tanış olduq. İş masası arxasında həvəslə tar alətini yonub hazırlamaqla məşğul idi.
Salyan rayonunun Xocalı kəndində yaşayan aqronom Nəzər İsmayılovun və evdar qadın Anaxanımın evində 1957-ci il yanvarın 1-i yalnız yeni ilin gəlişi kimi bayram deyildi, həm də onların zəhmət dolu ailəsinə Allah-təala yeni bir oğul bəxş etmişdi. Adını Cavanşir qoydular. Bu ailədə dörd oğul, bir qız boy atıb. Cavanşir də bütün kənd uşaqlarının həyatını yaşayıb və zəhmətlə böyüyüb. O, 1964-cü ildə Xocalıdakı ibtidai məktəbin 1-ci sinfinə gedib, sonra Ərəbqardaşbəyli kəndindəki 8 illik məktəbdə təhsil alıb və 1973-ci ildə Qaraqaşlı kənd orta məktəbini bitirib. Sənədlərini Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə versə də qəbul oluna bilməyib. 1975-1979-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda təhsil alıb.
Atası Cavanşir İsmayılovun istedad və həvəsini nəzərə alaraq ona tar almış və Salyan şəhərindəki uşaq musiqi məktəbinə qoymuşdu. (Hazırkı Qulu Əsgərov adını incəsənət məktəbi – Ə.R). Cavanşir 1968-1973-cü illərdə tar sinfində Alim Bünyadovdan sənətin incəliklərini öyrənib. 1973-cü ildə uşaq musiqi məktəblərinin şagirdləri arasında keçirilən baxış-musabiqədə “Çahargah” muğamını və Adil Gərayın “Qaytağı”sını ifa edərək münsiflərin və heyətin sədri, xalq artisti, ustad tarzən, pedaqoq Əhməd Bakıxanovun diqqətini cəlb edib. Müsabiqənin yekun konserti Dövlət Filarmoniyasında keçirilib və ifası dəyərləndirilən C.İsmayılova tərifnamə təqdim olunub.
Cavanşir təhsil aldığı musiqi məktəbinin və Salyan şəhər mədəniyyət evinin özfəaliyyət xalq çalğı alətləri ansambllarında çalıb. O, institutda təhsil alarkən musiqidən ayrı düşməyib, buranın özfəaliyyət ansamblında tar çalıb, ali təhsil ocağının tədbirlərində, müəllim-tələbə heyətinin qarşısında, Bakının və bir sıra rayonların mədəniyyət ocaqlarında verilən konsertlərdə çıxış edib. Cavanşir institutda həm əlaçı tələbə, həm də bədii-kütləvi tədbirlərin, içtimai işlərin fəalı kimi tanınıb. Doğma rayona qayıdaraq Aşağı Kürkənd məktəbində 5 il bədən tərbiyəsi müəllimi işləyib. Sonra iş yerini dəyişərək Ərəbqardaşbəyli kəndindəki məktəbdə 4 il idman dərslərini aparıb. Daha sonra Salyan şəhər 4 saylı orta ümümtəhsil məktəbində ixtisası üzrə çalışıb. 1994-cü ildən tədris işindən uzaqlaşıb. Onu da qeyd etməliyik ki, Cavanşir rayonda pedaqoji sahədə çalışarkən öz maddi durumunu yaxşılaşdırmaq üçün musiqi sənəti ilə ciddi məşğul olaraq 1993-ci ilə qədər toy dəstələrinin elektro-gitara ifaçısı olmuşdur. Onun gitarasının səsi yalnız yaşadığı rayondan deyil, Azərbaycanın hər yerindən gəlirdi.
Cavanşirin tar hazırlayan usta olmasının qəribə tarixçəsi vardır. Onun dediklərindən: “Musiqi məktəbinin şagirdi olarkən, ilk dəfə tar düzəltmişəm. 15 yaşım vardı. Tut və qoz ağacından yonub özümə tar hazırladım. Mənə alınmış, işlətdiyim tara baxıb, onun ölçüləri əsasında düzəltdim və çalışdım ki, ona oxşasın. Ağaclar özümüzün və qonşunun həyətindən idi. Ağacları yonandan sonra bir müddət gözlədim ki, qurusun. Bakıya gəlib tar hazırlanan, təmir olunan emalatxanalara gedib, ustalarla söhbət aparıb bəzi məsləhətlər də almışdım. Simləri də oralardan alıb gətirmişdim. Deyim ki, belə işləri yerinə yetirmək üçün alətlərim yox idi. Kənddə yaşayan 15 yaşlı uşaq bunları haradan əldə edə bilərdi? Qardaşım Ramiz xarrat idi. Ağacları yonanda onun alətlərindən gizlincə istifadə etmişdim. Hətta bir dəfə ehtiyatsızlıq edib ayağımı balta ilə zədələmişdim. Evdəkilərə bildirmədim. Atam maaşa baxan adam idi. Mənimlə musiqi məktəbinin tar sinfində oxuyan şagirdlərin vaildeynlərinin maddi imkanı bizə nisbətən yaxşı idi. Odur ki, onlara alınan tarlar mənimkindən qat-qat yaxşı idi”.
Cavanşir düzəltdiyi tarı musiqi məktəbinə gətirir və müəlliminə göstərir. Alim Bünyadov tarı calıb yoxlayır və çox bəyənir, müəllim yoldaşlarına göstərib fikirlərini soruşur. Heç kəs bu tarın ustası Cavanşirin olduğuna inanmır. Nəhayət ki, inanırlar. Cavanşir həmin tarın yaxşı rəyini alır, musiqi məktəbinin yuxarı siniflərində və hələ sonralar institut illərində də, öz əlinin ilk məhsulu olan həmin tardan istifadə edir. O, həmin zaman bilmirdi ki, vaxt gələcək könlünü tar ustalığına verəcək. Artıq bu tale işidir. Həm də belə işlərdə milli təfəkkürümizə bağlılıq məsələsi xüsusi rol oynayır. Yazımızın qəhrəmanında da təfəkkür tərzi çox güclüdür.
C.İsmayılov ikinci tarını tələbəlik illərində, bütünlüklə qoz ağacından hazırlayır. Materialı onun üçün böyük qardaşı İsmayıl müəllimin Balakəndən olan tələbə yoldaşı gətirir. Ağac kötük şəklində gətirilir. Odur ki, ağacı düzgün ölçülər əsasında qardaşı Ramizə yondurur. Tar hazır olandan sonra Neftçaladakı qobudan yığılan balıqqulaqlarını yonub, hazırlayıb, onu sədəflə incə şəkildə bəzəyir. Nəticə çox uğurlu olur və əsl peşəkar bir tar yaranır. Bu iş onun tələbə vaxtı yay tətili zamanı baş verir. İnstitut ansamblında bu tarı həvəslə səsləndirir.
Tar alətləri hazırlamaq yalnız həvəs deyildi. Onu bu işə içindən gələn səs çəkirdi. Bu səs ulu keçmişimizdən gələn bir səs olaraq onun ruhuna hopmuşdur ki, oyanmalı, onu tərpətməli və bu layiqli işə sövq etməli idi, elədi də…
Cavanşirin dediklərindən: “Rayona müəllim kimi qayıdandan sonra Salyan şəhərində musiqi alətləri təmiri üçün sex açdım. 4 il burada çalışdım və xeyli işlər gördüm. Salyanda bu işə xüsusi ehtiyac var idi. İstər peşəkar, istərsə də şagird tarlarını düzəldir, həm də təmir edirdim. Şagird tarlarını o zaman uşaq musiqi məktəbinin diektoru Paşa müəllim sifariş verirdi. Müxtəlif adamların sifarişi əsasında 30-dan yuxarı sənətkar tarı düzəltdim. Tarları qoz və tut ağaclarından hazırlayırdım. İşimdən razı qalırdılar”.
Cavanşir Bakıya gəlir, zərgərlik zavodunda 1 ay şagird olaraq zərgər peşəsinə yiyələnir. Onun istedadı, görüb-götürmək bacarığı, müşahidə qabiliyyəti burada da onun köməyinə gəlir. Yeganə çətinliyi zərgərlik alətlərinin olmaması idi. Qeyd etmək lazımdır ki, zərgərlik alətləri baha olduğu üçün hamısını birdən əldə etmək çətindi. Odur ki, ona tapşırılan hər işi yerinə yetirib təhvil verəndən sonra əldə etdiyi qazancla, hər dəfə bir alət alır. Nəhayət yaxşı usta kimi tanınır. Dost-tanışların da xeyli sifarişlərini yerinə yetirir.
Musiqi alətləri hazırlayan, bərpa edən ustaların hər biri mühüm və ağır bir işi çiyinlərində daşıyırlar. Cavanşir də bu işin məsuliyyətini və ağırlığını dərk edərək yenidən öz çiyinlərinə götürdü. O, Azərbaycan Milli Konservatoriyasının “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının rəhbəri Məmmədəli Məmmədovun dəvətini qəbul edərək burada fəaliyyətə başladı. Laboratoriyada hər bir iş elmi əsaslarla yerinə yetirilir. Laboratoriyadakı ustalar usta-alim M.Məmmədovun elmi fikirləri əsasında çalışır, çalğı alətlərimizi hazırlayır, təmir, bərpa və təkmilləşmə işlərini aparırlar. Ustaların, bu sırada C.İsmayılovun hazırladığı musiqi alətlərinin nümunələri elmi laboratoriyada sərgilənir. Bu alətlər sırasında xüsusi, dəqiq ölçülərə əsaslanan uşaq və şagird tarları da var. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Azərbaycan Milli Konservatoriyasının Musiqi Mədəniyyəti Dövlət Muzeyində, 19 may 2016-cı ildə təşkil etdiyi “Milli musiqi alətlərinin təkmilləşdirilməsi və yeni növlərinin yaradılması” mövzusunda elmi-praktik semi-narda təşkil olunmuş sərgidə də ustaların və o cümlədən C.İmayılovun da işləri nümayiş olundu. Bu tədbir olduqca maraqlı və musiqi aləmində mühüm hadisə idi.
Bizdə uzun bir dövr ərzində çalğı alətlərimizin hazırlanması ənənələri yaranmışdır. Lakin ənənələrin özünə də yaradıcı münasibət lazımdır. Bu olduqda, daha böyük və uğurlu nəticələrə nail olmaq mümkündür. Artıq belə nəticələr Milli Konservatoriyanın musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi elmi labora-toriyasında əldə olunur. Bu nailiyyətlərdə laboratoriyada çalışan ustaların sırasında Cavanşir İsmayılovun da rolu vardır.
Usta Cavanşiri xoşbəxt insanlar sırasında görmək mümkündür. O, sevimli, ata-ana qədri bilən övlad olmuş, müəllim, ifaçı, zərgər və tar ustası kimi cəmiyyətə xidmət etmişdir. Hazırda istedadı, bacarıqlı əlləri, dəyərli zəhməti və yaratdıqları ilə Azərbaycan mühitinə lazımdır. Böyük rus yazıçısı Lev Tolstoy yazmışdır: “Xoşbəxt o kəsdir ki, o, ailədə xoşbəxtdir”. Cavanşir xoşbəxt ailə quraraq cəmiyyətimiz üçün layiqli övladlar böyütmüşdür. Qızı Lalə İsmayılova həkimdir, “Neftçilər” xəstəxanasında cərrah-transplant işləyir. Oğlu Nəzər İsmayılov dövlət qulluq-çusudur, MSK-da sektor müdiri vəzifəsində çalışır, kompüter proqramçısıdır.