Möhlət MÜSLÜMOV

Xalq artisti, professor

Ünvan: Baki, Yasamal rayonu, Ələsgər Ələkbərov 7

Email: mohletmuslimov@mail.ru

UOT 781,7     

MUĞAM İFAÇILIĞI TARİXİNDƏ BƏHRAM MANSUROVUN ROLU

 endir

PDF

 

 

 

Xülasə: Təqdim olunan məqalədə Bəhram Mansurovun muğam ifaçılığı tarixindəki rolundan bəhs olunur. Bəhram Mansurov dövrünün görkəmli sənətkarları ilə birlikdə tarın geniş çalğı imkanlarını, onun universal musiqi aləti səviyyəsində durduğunu hər cəhətdən sübuta yetirmişdir.

Açar sözlər: muğam, tar, Bəhram Mansurov, Mansurovlar ailəsi

 

Misilsiz bədii dəyəri, böyük imkanları, düşünülmüş və kamil əlaqələndirilmiş normaları olan muğamı qüsursuz səsləndirmək ifaçıdan fitri istedad, müstəsna məharət, nəzəri hazırlıq, xüsusi yaradıcılıq fəaliyyəti tələb edir. Muğam ifaçılığının prinsipial əməli əhəmiyyətini tam dərk edib qiymətləndirmək üçün respublikanın xalq artisti, məşhur tarzən Bəhram Mansurovun sənəti olduqca səciyyəvidir. Bu qüdrətli ustad musiqiçinin çalğısı böyük sələflərinin zəngin yaradıcılıq təcrübəsini hifz edərək muğamı öz həqiqi ləyaqətində səsləndirməyin kamil nümunəsidir. Dünyaşöhrətli bəstəkar Fikrət Əmirov virtuoz tarzən Bəhram Mansurov sənətindən söz açarkən deyir: “O, muğamların ən gözəl ustadlarından biri sayılır. Azərbaycanda demək olar ki, heç kəs özünü Azərbaycan muğamları ilə bu qədər üzvi vəhdətdə bilmir. O, zəngin musiqi folklorumuzu olduqca dərindən, ən kiçik detallarına qədər bilir. Haqlı olaraq onu tarda müasir tipli üslubda çalmağın atası sayılan görkəmli Sadıqcanın ləyaqətli ardıcılı hesab edirlər” [1, s. 64].

Musiqi təliminin başqa sahələrində olduğu kimi, muğamın təlimində də öyrədənin rolu böyükdür. Burada görüb-götürməyi və eşidib qavramağı bacarmaq çox vacibdir. Bu, musiqi təliminin başlanğıcında ən mühüm mərhələdir ki, onu hər bir ifaçı keçməlidir. Lakin inkişafının müəyyən mərhələsində bacarıqlı musiqiçi, eşidib götürdüklərinin əsasında özünəməxsus ifaçılıq üslubu yaratmağa cəhd etməlidir. Əlbəttə, bu, uzun çəkən prosesdir. Həm də belə bir yaradıcılıq səadətinə nail olmaq hər musiqiçiyə müyəssər olmur. B.Mansurova isə belə xoşbəxtlik nəsib olmuşdur. O da musiqiçilərin çətinliklərlə dolu olan təlim yolunu keçmişdir. Çünki B.Mansurovun mənsub olduğu nəslin əsas ehtirası mənəvi qida, bədii həzz mənbəyi muğam idi. Muğam bu nəslin səviyyəsinə, xarakterinə, əhatəsinə, zövqünə tam müvafiqdi. Burada muğama sədaqət ruhunda qeyri-adi tərbiyənin əsasını Bəhram Mansurovun babası Məşədi Məlik Ağasalah oğlu Mansurov qoymuşdur.

XIX əsrin sonu XX əsrin əvvəllərində “Mansurovların salonu” adlanan musiqi məclisi Bakıda və Abşeronda muğam ifaçılığı sənətinin inkişafında xüsusi rol oyna-mışdır. Cəsarətlə iddia edə bilərik ki, Bakı xanəndəlik məktəbinin formalaşmasında bu ailənin təşkil etdiyi muğam məclislərinin müstəsna xidməti olub.

B.Mansurovun fitri musiqi istedadı çox erkən aşkara çıxdığından o, 7-8 yaş-larında tarda sərbəst çalmağı bacarmış, hələ orta məktəbin aşağı siniflərində oxuduğu vaxt şagird konsertlərində solist kimi çıxış etməyə başlamışdır.

B.Mansurov atası və əmisinin çalğısından və verdikləri izahatlardan mənim-sədiyi nə varsa, onların hamısı ilə qüdrətli müasirlərinin sənəti arasında dərin, üzvi əlaqəni müşahidə etmiş, bu əlaqənin bütün uğurlu təzahürlərinin düzgün dərki və şərhi zəminində öz fərdi üslub xüsusiyyətlərini aşkara çıxarmağa çalışmışdır.

Bəhram Mansurov deyir ki: “Mənim tarzən kimi tanınmağıma xalq musi-qimizin və muğam operalarımızın təsiri çox böyük olub. Mən fəxr edirəm ki, böyük bəstəkarımız Ü.Hacıbəylinin həmişəcavan “Leyli və Məcnun” operasını 50 ilə ya-xındır ki, öz tarımda müşayiət edirəm” [2, s. 80]. Doğrudan da tarzənin əsl bədii us-talıq səviyyəsinə yüksəlməsində nəinki muğam operaları, ümumiyyətlə, Azərbaycan opera teatrının yaradıcılıq mühiti müstəsna rol oynamışdır. Bəhram Mansurov burada fəaliyyət göstərdiyi illər ərzində ifaçılıq sənətinin bütün vasitə və imkanlarına diq-qətlə nəzər salmağı öyrənmiş, Azərbaycan ictimaiyətinin, bir çox xarici ölkələrin qabaqcıl sənət, musiqi xadimləri ilə görüşmüş, ustalığını daim təkmilləşdirmək, bədii cəhətdən kamilləşdirmək və ümumi qayə ilə üzvi surətdə əlaqələndirmək qayğısına qalmışdır. B.Mansurovu bir çox sənət yoldaşlarından fərqləndirən, onu böyük sələfi Qurban Primov mövqeyinə və imkanlarına yaxınlaşdıran və tezliklə şöhrətləndirən başlıca cəhətlərdən biri də məhz bu zərurəti vaxtında dərindən dərk etməsidir. O, sənət meydanına atıldığı 30-cu illərdə ideya və bədii ustalıq cəhətdən ilk yetkinlik əlamətlərini büruzə vermiş, xalq musiqisinin geniş təbliği sahəsində coşqun və çoxcəhətli fəaliyyətini həyat prinsipinə çevirmişdir. Bu, muğamın və tarın taleyinə zərərli münasibətlərin davam etdiyi bir zamanda olduqca əhəmiyyətli və vacib idi. Bəhram Mansurov dövrünün görkəmli sənətkarları ilə birlikdə tarın geniş çalğı im-kanlarını, onun universal musiqi aləti səviyyəsində durduğunu hər cəhətdən sübuta yetirmişdir.

B.Mansurov harada olursa-olsun, kiminlə çıxış edirsə etsin, həmişə özünü əsl sənətkar kimi sevdirmiş, Azərbaycan musiqi incəsənətinin şərəfini çox böyük məsuliyyət hissi ilə qoruyub saxlamışdır. 40-cı illərdə tarzən hər cəhətdən yetkinləşmiş, xalq musiqi ifaçılığının qüdrətli nümayəndəsi kimi yüksəlmişdir.

B.Mansurov repertuarında olan xalq musiqi nümunələrinin demək olar ki, əksəriyyətini, o cümlədən nadir ifa olunan muğamları lentə və qrammafon valına yazdırır. S.Şuşinski, Z.Adıgözəlov, H.Hüseynov, Y.Kələntərli və digər görkəmli xa-nəndələrin lentə və vala yazılmasında da çox fəal iştirak edir. Məsələn, B.Mansurovun səyi nəticəsində S.Şuşinski ömrünün son illərində “Çahargah”, “Mən-suriyyə”, “Heyratı”, “Mani”, “Araz-barı” muğamlarını tarzənin müşayiəti ilə lentə yazdırmışdır. Böyük sənətkarın vəfatından sonra Fikrət Əmirov və B.Mansurov nə-cib təşəbbüs göstərib həmin lent yazılarını qrammafon valına köçürülməsinə nail ol-muşlar.

B.Mansurov Azərbaycan xalq musiqi nümunələrinin nota salınıb çap olunmasının müstəsna əhəmiyyətini də dərindən başa düşmüş, heç vaxt bu işdə əlindən gələni əsir-gəməmişdir. O, bəstəkar N.Məmmədovun “Rast” və “Çahargah” kimi monumental mu-ğamların tamam dəstgah halında – bütün tərkib hissələrilə nota salınmasında olduqca fəal iştirak etmişdir.

B.Mansurovun ən faydalı fəaliyyət sahələrindən biri də musiqi ifaçılarımıza, ayrı-ayrı məşhur sənətkarlara aid hər cür dəyərli materialları müntəzəm surətdə toplayıb çox zəngin ev arxivi yaratmasıdır. Gərgin axtarışların, inadlı əməyin, böyük iradənin, seçdiyi sənət yoluna, ustad sələflərinə sədaqətin, keçmiş ənənələrlə yeniliyi əlaqələndirməyin geniş maraq dairəsinin parlaq təzahürü olan, musiqimizin milli səciyyəsi, təkrarolunmaz orijinallığı, onun bədii qayəsinin dərinliyi, bu qayəni ifadə etməyin mükəmməl formaları haqqında bütöv təsəvvür yaradan belə yazılı mate-riallar fono və foto sənədləri xəzinəsinin yaranmasında və müntəzəm surətdə zəngin-ləşməsində B.Mansurovun həyat yoldaşı Münəvvər xanım öz səliqəsi, qayğısı və həssaslığı ilə böyük rol oynamışdır.

Göründüyü kimi, B.Mansurovun sənəti muğama dərin maraq, fəal, obyektiv mü-nasibət oyatmaqda çox güclüdür. Məhz bunun nəticəsidir ki, YUNESKO kimi böyük beynəlxalq təşkilat B.Mansurovun ifasında, xronometrajı bir saatdan artıq da-vam edən 10 muğamı “Rast”, “Mahur-hindi”, “Bayatı-İsfahan”, “Çahargah”, “Hü-mayun”, “Bayatı-Şiraz”, “Bayatı-kürd”, “Çoban bayatı”, “Şüştər” və “Nəva-Nişa-pur”u qrammafon valına yazdırmışdır. “Musiqi atlası” silsiləsindən olan albomu məşhur Hollandiya firması “Filips”  kütləvi tirajla istehsal edib dünya miqyasında yaymışdır. Hazırda həmin muğamlar müxtəlif ölkələrin radiostansiyalarında səslənir. Onlara artan marağın nə dərəcədə böyük, əhatəli olduğunu belə bir faktdan görmək olar: 1967-ci ildən başlayaraq YUNESKO-nun qərarı ilə Qərbi Berlində, Parisdə, Bağdadda, Karakasda, Brnoda çağırılmış “Birləşmiş millətlər günü”, “Xalqlar birliyi”, “Dünya islam festivalı” və digər beynəlxalq musiqi həftələrinə, musiqi sim-poziumu və konqreslərinə B.Mansurov da dönə-dönə dəvət edilmişdir. 1978-ci ildə Şərq xalqlarının Səmərqənddə keçirilmiş beynəlxalq muğam simpoziumunda B.Man-surov misilsiz müvəffəqiyyət qazanmışdır.

B.Mansurov ömrünün, sənətinin hər çağında yaradıcılığının məhsuldarlığını, heyrətamiz fəallığını və əzmkarlığını qoruyub saxlamışdır. Böyük Nazim Hikmət “Sevilən və inamla görülən iş insanı gənc saxlayır” sözlərini sanki B.Mansurov üçün demişdir.

 

ƏDƏBİYYAT:

  1. Əmirov F.M. Musiqi düşüncələri. B.: Azərnəşr,1971, 80 s.
  2. Mansurov M.S. Xatirələr. B.: EQ, 2005, 139 s.
  3. Hacıbəyov Ü.Ə. Azərbaycan türklərinin musiqisi haqqında.(1919–cu ilin“İstiqlal” məcmuəsindən təqdim edəni, ön söz və lüğətin müəllifi F.Ş Əliyeva) B.: Adiloğlu, 2005, 76 s.
  4. Hacıbəyov Ü.Ə. Azərbaycan musiqi həyatına bir nəzər. Əsərləri. II cild. B.: 1965, 350 s.
  5. Hüseynov R.B. Min ikinci gecə. B.: Yazıçı,1988, 408 s.

Мохлет Муслимов

Народный артист, профессор

 РОЛЬ БАХРАМА МАНСУРОВА В ИСТОРИИ МУГАМНОГО ИСПОЛНИТЕЛЬСТВА

Резюме: В статье говорится о роли Бахрама Мансурова в истории мугамного исполнительства. В творчестве выдающегося исполнителя на таре — Бахрама Манcурова были выявлены универсалные возможности инструмента,которые способствовали развитию  исполнительского искусства на этом инструменте.

 Ключевые слова: мугам, тар, Бахрам Мансуров, семья Мансуровых

 

Mohlet Muslimov

People’s artist, professor

ROLE OF BAHRAM MANSUROV IN THE HISTORY OF MUGHAM

Summary: The article presents the role of Bahram Mansurov in history of mugham. In the work of an outstanding artist on the container — Bahram Manurov — were presented and proved universalnye possible tool in terms of performance art.

Key words: Mugham, tar, Bahram Mansurov, Mansurov’s family

Mövzuya uyğun