AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

Konservatoriya” jurnalı  № 1, 2018

  Xəyalə ABDURAHMANOVA

BMA-nın dissertantı

Ünvan: Səbayil rayonu, Şəmsi Bədəlbəyli 98

 

ƏLƏFSƏR  RƏHİMOVUN  MUĞAM İFALARI

 UOT: 78.083       

endir

 

PDF

 

 

                                                            

Xülasə: Məlumdur ki, Azərbaycan zurna ifaçılığı sənətinin ən güclü və ənənəvi qollarından birini Şəki məktəbi təşkil edir. Bu məktəbin bir çox ustad nümayəndələri – Həbibullah Cəfərov, Rəcəbalı Əliyev, Ələfsər Rəhimov, Ağasəf Musayev və b. sənətin şöhrətini bütün Azərbaycanda və onun hüdudlarından kənarda təbliğ etmiş, qara zurnanın repertuarını daha da zənginləşdirmişlər. Onların arasında fərdi ifaçılıq üslubunu yaratmış və bir sıra yeniliklərə imza atmış unudulmaz sənətkar şəkili Ələfsər Rəhimovun (1930-1985) xüsusi rolu vardır. Hazırkı məqalə ustad zurnaçalanın sənətində mühüm yer tutan muğam ifaçılığına həsr olunmuşdur.

Açar sözlər: zurna,muğam, zəngulə, musiqi tematizmi, ifaçılıq

Bəzi mənbələrə görə, zurna muğam ifalarının mənşəyi ənənəvi havaların sərbəst ritmli kiçik parçalarından başlamışdır. Azərbaycanın görkəmli xanəndəsi, tanınmış musiqi tarixçisi Ağalar bəy Əliverdibəyov “Rəsmli musiqi tarixi” adlı kitabının Azərbaycan bölməsində keçmişin zurna ifaçılarından və onların sənətindən bəhs edərkən həmin parçaları nəvaqət adı ilə təqdim etmişdir. “Belə ki, muğamata tar və kamançada çalanda dəstgah, zurnada isə çalanda nəvaqət adı verilərdi” [3, s. 201]. Lakin həmin hissələri sözün əsl mənasında muğam adlandırmaq hələ doğru olmazdı. Onlar sadəcə folklor musiqi yaradıcılığının sərbəst oxumaları ilə assosiasiya oyadan instrumental ifalar idi. Bununla belə, muğam janrının zurnada təfsiri baxımından nəvaqət epizodları, bir növ, hazırlıq kimi qəbul edilə bilər.

Bir cəhəti qeyd etmək lazımdır ki, qara zurna ilə klassik muğam sənəti uzun tarixi zaman ərzində bir araya gəlməmiş, alətlə klassik janrın uzlaşması çoxlarına qeyri-mümkün görünmüşdür. Parlaq istedadlı xalq sənətkarı Ələfsər Rəhimov ürəyinin odu və bənzərsiz sənətkarlığı ilə həmin yeniliyə imza atmış, zurnada muğam ifaçılığına öz möhürünü vurmuşdur.

Doğrudur, muğamların ifa təcəssümündə zurna alətinin imkanları o qədər də böyük deyil. Ələfsər Şəkili və onun davamçılarının ifa etdikləri muğam nümunələri öz həcmi etibarilə yığcamdır və əsasən alətin zil registrində səsləndirilir. Bununla belə həmin ifalar xalqın dərin rəğbətini qazanmış və mütəxəssislər tərəfindənyüksək qiymətləndirilmişdir. Təsadüfi deyil ki, Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş sanballı “Muğam Ensiklopediyası”nda sənətkarın hünərinə də yer ayrılmışdır. “XX əsrdə Ələfsər Şəkili muğamların zurnada məharətli ifaçısı kimi tanınmışdır” [4, s. 207].

Zurna alətinin özünəməxsus kök və ahəng xüsusiyyətlərinə, dinamik çalar­larına keçməzdən qabaq Şəkidə yeni tipli şəhər musiqi mədəniyyətinin inkişafını da gös­tər­mək lazımdır. Bu da iqtisadi və ictimai-mədəni şəraitlə ilə müəyyən olunmuşdur. “Azərbaycanın Lionu” kimi tanınan Şəkidə ipək sənayesi, sənətkarlığın və ticarətin inkişafı, memarlıq abidələrinin tikilməsi, musiqi, şeir və tətbiqi sənət sahələrinin yüksək səviyyəyə çatması ilə nəticələnnmişdir. Azərbaycan memarlıq sənətinin incisi sayılan məşhur Şəki Xan Sarayı (XVIII əsr), növbəti əsrin ikinci yarısında isə milli muğam ifaçılığının böyük nümayəndələri xanəndə Şəkili Ələsgər Abdullayevin (1866-1929), tarzən Əhməd bəy Tahirovun (1887-1958) və başqa sənətkarların fəaliyyətə başlaması dağlar qoynundakı gözəl şəhəri Azərbaycanın muğam mərkəzlərindən birinə çevirmişdir.

Lakin məsələ ondadır ki, Şəki əhalisinin mədəni-mənəvi yaddaşında qəh­rə­manlıq dastanlarının ruhu da qorunub saxlanılmış, bölgələrdə və Şəki şəhərinin özündə bir çox zurnaçılar estafeti XXI əsrin əvvəllərinə kimi gətirib çatdırılmışdır. Şəki musiqi mədəniyyətinin əsas rəmzlərindən biri olan qara zurna isə öz növbəsində qəhrəmanlıq ruhunun daşıyıcısı – epik dastanlara xas olan abu-havanın yaşadılma­sına xidmət etmişdir.

Belə bir mühitdə doğulub ustad sənətkar kimi yetişmiş Ə.Rəhimov fəaliyyə­tində müxtəlifmuğamlarıhəm müstəqil parçalar kimi təqdim etmiş, həm də rəng və rəqs kimi xalq musiqi nümunələri ilə məharətlə uzlaşdırmışdır. Məsələn, aşağıda görəcəyimiz kimi, “Bayatı-kürd” muğamının iki versiyasından biri müstəqil şəkildə ifa olunmuş, digəri isə instrumental rəng nümunəsi ilə davam etdirilmişdir.

Şəkili Ələfsərin muğam ifalarını bir neçə mövqedən dəyərləndirmək olar: 1) intonasiyanın səlisliyi və zənginliyi; 2) musiqi mövzularının (avaz və cümlələrin) inkişaf  etdirilməsi  üsulları; 3) ifa üslubunun əsas bədii məziyyətləri.

Zurna aləti özünün orqanoloji quruluşu və kökü etibarilə nə qədər ölçülü-biçili olsa da, səlis və zəngin məqam intonasiyaların alınmasında sırf ifaçılıq üsullarının rolu böyükdür. Alətin gövəsindəki çalğı dəliklərinin həssaslıqla qapanıb-açılması, nəfəsin üfürülməsi qaydaları və eləcə də, dilin vurulması ifaçının məharətini şərtləndirən başlıca texniki üsullardır və bütün deyilənlər səsin – intonasiyanın hasil edilməsində mühüm rol oynayır. Unudulmaz muğam ifaçısı zurnanın bu texniki üsullarına mükəmməl dərəcədə yiyələnmiş, zəngin və ifadəli muğam tematizminənail olmuşdur.

Zurna öz kökü etibarilə bərabər temperasiyalı alət olmadığından incə muğam intonasiyalarının icrası böyük məharət və incə zövq tələb edir. Eyni zamanda demək olar ki, bütün muğamlara xas olan pərdə dəyişkənliyi, məqam pillələrinin alterasiyası Ələfsər Şəkili tərəfindən dəqiq icra edilmiş və özünübədii cəhətdən həmişə doğrultmuşdur.

Məsələn, Ü.Hacıbəylinin məqam nəzəriyyəsindən çıxış edərək bəzi alterasiya hallarını qeyd edək. Segah məqamının səssırasında VI, VII, VIII pillələrin həm natural, həm də alterasiyalı hallarda istifadəsi, yəni gah bəmləşməsi, gah da zilləşməsi ilə səsin çalarları dəyişir, “Qatar” və “Viayəti” muğamlarında ayaqların – kadansların müxtəlifliyi, “Bayatı-kürd”də isə hər iki halın təsadüf edilməsi müxtəlif şöbə və guşələrdə mövzu elementlərini səlis nəzərə çatdırmağa kömək edir.

Muğama məxsus tematizm və inkişaf üsullarına gəldikdə, bir sıra tipik qanu­na­uyğunluqlarla yanaşı, janrın sərbəst improvizə imkanlarını da qeyd etməliyik. Muğam ifaçılığında, xüsusilə də bədahətən dəyişən inkişaf proseslərində janr barədə geniş bilik və anlayışlara həm də musiqi duyumu və forma hissi də əlavə olunur. Muğam tematizmində kiçik elementlərin üstünlüyü, üstəlik onların xırda bəzəklərlə işlənilməsi şəraitində ifaçılıq məharətinin nə qədər yüksəkdə durduğunu sübut etməyə ehtiyac yoxdur. Muğamın forma mütənasibliyini nümayiş etdirməkdən başqa zurna kimi güclü nəfəs tələb edən alətdə intonasiya incəliyinə nail olmaq heç də asan məsələ deyil.

Həmin melodik elementlərin təkrarı və eləcə də, tədricən dəyişən variantların sıralanması son nəticə etibarilə məqsədəuyğun inkişaf dinamikasına tabe etdirilir. Belə bir forma prosesində Şəkili Ələfsər xanəndə zəngulələrini təqlid edən, onlara bənzəyən zurna üsullarını meydana gətirmişdir. Xanəndə boğazından qaynaqlanmış instumental tipli “zəngulələr” mahiyyətcə oxuma üsuluna çox bənzəyir. Bu ifa üsulu Orta əsrlərin klassik məqamlarından birinin adını daşıyır (zəngulə). Kaman və ya mizrabla çalınan telli alətlərə – tar və kamançaya nisbətən zəngulələr nəfəs alətlə­rində daha çox tətbiq edilir. Bu baxımdan, zurna alətinin imkanları balaban və tütəyə nisbətən daha böyükdür. Qocaman sənətkar Həbibullah Cəfərov demişkən: “Dil kəlmə-kəlmə deyər” [5]. Zurnada dilin işləməsi ilə icra edilən zəngulə effekti xüsusilə Ələfsər Rəhimovda gözəl alınmış, muğam ifalarının məhək daşı olmuşdur.

Ələfsər Şəkili istər toy-düyünlərdə, istərsə də konsert səhnələrində yeni vərəngarəng muğam ifaları sərgiləmişdir. Həmin təfsirlərin əhəmiyyətli bir hissəsi kompakt disk şəklində buraxılmışdır. “Ələfsər Rəhimov” (“Zurna Kos muğam”) hazır­kı məqalədə qaldırılan əsas mövzunun öyrənilməsi məqsədi ilə, ilk növbədə, həmin səs yazılarına müraciət edilmişdir. Bundan başqa, xalqın yaddaşında dərin iz buraxmış ifalar və həvəskar lent yazıları da vardır. Diqqətəlayiq və çox sayda ifaları bir araya gətirib toplamaq şübhəsiz ki, ustadın sənətini daha ətraflı şəkildə öyrənmək baxımından daha önəmlidir.

 Şəkinin yaşlı sakinlərinin yekdil rəyinə görə, Ələfsər Rəhimovun bənzərsiz sənəti yerli toyların yaraşığı idi. İnsanlar elin şənliklərinə məxsusi olaraq, mahir ustadın gözəl ifalarını dinləmək üçün toplaşardılar.

Kompakt diskə yazılmış doqquz musiqi nümunəsindən altısı sırf muğam janrından ibarətdir:“Qatar”, “Segah”, “Zabul”, “ Vilayəti-Dilkeş”, “Bayatı-kürd” (2 variantda). Qalan üç nömrə – “Turacı”, “Qoca Kərəmi” və “Şəki yallısı” ilk baxışda rəqs melidoyası, aşıq havası və yallı janrlarını təmsil etsə də, onların daxilində mu­ğam epizodlarına da yer verilmişdir. Belə ki, “Qoca Kərəmi” havasının ortasında “Segah” muğamından “Şikəsteyi-fars” şöbəsinin “üstü”(“Mübərriqə”), “Cığatayı” rəqs havasından qabaq “Qatar” muğamı ifa edlmişdir. Mövzuya aid həvəskar audio və video yazıları, eləcə də böyük sənətkarın pərəstişkarlarının təəssürat və düşün­cələrindən əlavə məlumat kimi istifadə etmək olar. Sənətşünaslıq doktoru, professor Faiq Çələbi bu sətirlərin müəllifi ilə şəxsi söhbətində unudulmaz sənətkarın rolunun böyük bəstəkarlarımızdan heç də az olmadığını söyləmişdir.

Ustadifaçı özününçox da uzun sürməmiş parlaq yaradıcılığı boyu müxtəlif muğamlara müraciət etmiş,onları həm müstəqil nümunələr kimi (məsələn, “Qatar”, “Bayatı-kürd”, “Zabul”, “Segah”, “Vilayəti-Dilkeş” və s.) həm də rəng və rəqs ha­va­ları daxilində təqdim etmişdir.

Beləliklə, bəzi muğamlar iki variantda əksini tapmışdır (“Bayatı-kürd” və “Qatar”). Məsələn, “Bayatı-kürd” bir halda müstəqil şəkildə, digər halda isə məşhur bir rəngdən qabaq ifa edilir. “Qatar” muğamının üç şöbədən ibarət müstəqil ifası ilə yanaşı, onun başqa versiyası məşhur bir rəng melodiyasını açır.

Şəkili Ələfsərin zurnada səsləndirdiyi muğamlar alətin işlək diapazonu ilə əlaqədar olaraq, şübhəsiz ki, çoxhissəli dəstgah kompozisiyasını əmələ gətirə bil­məz­di. Buna baxmayaraq, müəyyən şöbələrə məxsus intonasiya-tematik məzmun, yəni özünəməxsus cümlələr və onların məntiqi inkişaf üsulları sayəsində instrumental muğam janrı özünü tam mənada doğruldur, bəzən ikinci və üçüncü şöbəyə qədər genişlənir.

Ələfsər Şəkili özünün muğam ifalarında çox zaman zurna alətinin zil regist­rindən istifadə edir. Eyni zamanda “Qatar” muğamının zil-bəm-zil kimi üçhissəli quruluşu sənətkar tərəfindən fərdi şəkildə təfsir edilir. Şəkidə çox məşhur olan və mənşəyi aşıq musiqisinə gedib çıxan “Qoca Kərəmi”nin ortasında “Şikısteyi-fars” şöbəsinin “üstü” (“Mübərriqə”), “Şəki yallısı”nın ilk iki bəndindən sonra isə “Çahar­gah”ın zil şöbəsi yığcam quruluşuna baxmayaraq, səlis muğam duyumu ilə diqqəti cəlb edir. Kompakt diskin zərfində rəqs havası kimi getmiş nömrədən qabaq “Qatar” muğamının zil şöbəsi verilmiş, bu da üç şöbədən ibarət ayrıca bir “Qatar” muğamı ila müqayisələr aparmağa imkan açır.

Ələfsər Rəhimovdan sonra muğam ifaçılığı Şəkinin digər zurnaçıları tərəfindən də əxz olunmuş, hətta rayonun kəndlərinə də yayılmışdır. Lakin Ələfsər zirvəsinə ucalmaq indiyə qədər heç kəsə müyəssər olmamışdır. Bu gün ölkəmizdə zurnanın yüksək mövqeyini şərtləndirən amillər sırasında rəqs havaları və qəhrəmanlıq ruhlu cəngilərlə yanaşı, muğam sənətinin də özəl bir yeri vardır. Hazırkı məqalədə bu məsələni ilk dəfə qaldırmağa sadəcə bir təşəbbüs göstərilmişdir. Muğamların zurna ifalarına öz bənzərsiz möhürünü vurmuş Şəkili Ələfsər Rəhimovun sənətkarlığını daha da layiqli şəkildə öyrənmək musiqişünaslığın vəzifələrindən biridir.

 

ƏDƏBİYYAT:

  1. Hacıbəyli Ü.Ə. Azərbaycan musiqi həyatına bir nəzər. Seçilmiş əsərləri. 2 cilddə, II c.. B.: Şərq-Qərb, 2005, 456 s. s. 184-194.
  2. Abdullayeva S.A. Azərbaycan xalq çalğı alətləri (musiqişünaslıq-orqa­no­lo­ji tədqiqat). B.: Adiloğlu, 2002, 454 s.
  3. Əliverdibəyov A.Ə. Rəsmli musiqi tarixi. B.: Şuşa, 2001, 232 s.
  4. Muğam ensiklopediyası. (Redaksiya heyətinin sədri, baş redaktor Əliyeva M.A.). B.: H.Əliyev Fondu, 2008, 216 s.
  5. Çələbi F.İ. Dil kəlmə-kəlmə deyər. // “Sovet kəndi” qəz., 1981, 1 avqust. No.93 (5735).


 

Хаяля АБДУРАХМАНОВА

Диссертант БМА

 

МУГАМНЫЕ ИСПОЛНЕНИЯ АЛАФСАРА РАГИМОВА

 

Резюме: В статье рассматриваются своеобразные черты целого ряда азербайджанских мугамов, исполненных талантливым зурначи из Ше­кин­ского района Азербайджанской Республики Алафсаром Рагимовым(1930-1985). При всей сложности своей художественной задачи, про­славленному музыканту удалось передать музыкальное развертывание тематизма, орнаментальные украшения и точные каденционные особенности каждого образца. В целом, исполнение мугамов на указанном духовом инструменте отражает уникальное взаимовлияние крестьянской и городской музыкальной культуры Шеки.

Ключевые слова: зурна, мугамы, музыкальныйтематизм, зангулэ, исполнительство

Khayale ABDURRAHMANOVA

Candidate for a degree of BMA

 

ALAFSAR RAHIMOV’S MUGHAM PERFORMANCES

 

Summary: The article considers the  stylistical  features of the Azerbaijani mughams performed by the brilliant musician – zurna-player from Sheki district of Azerbaijan Alafsar Rahimov (1930-1985). Despite some difficulties of the artistical task the performer could convey musical processes, ornamentations and cadences of every sample. As a whole, the mugham performances on the wind instrument are viewed as an inter-play between rural and urbanistic musical cultures characteristic for the given district.

Key words:  zurna, mugham, musical themes, zangule, performance, research

 

Rəyçilər: fəlsəfə üzrə elmlər doktoru, professor Gülnaz Abdullazadə;

sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Fəttah Xalıqzadə

Mövzuya uyğun