AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 3, 2016

Nərgiz QULAMOVA

BMA-nın dissertantı

 UOT 781,7                                                                

MUĞAM SƏNƏTİNDƏ ƏNƏNƏ VƏ VARİSLİK MƏSƏLƏSİNİN TƏDQİQİ

 endir

 

PDF

 

 

Xülasə: Məqalədə musiqişünaslıq ədəbiyyatının və musiqi təcrübəsinin əsasında muğamın Azərbaycan musiqi mədəniyyətində tarixi təkamül yolu xarakterizə olunur. XX əsrin əvvəllərindən bu günə kimi muğamların səsyazılarını əks etdirən qrammofon vallarının icmalı verilir. Müəllif muğam sənətinin inkişafına və səsyazıları irsinin qorunmasına yönəlmiş layihələri, səs və not yazılarının muğamın ifaçılıq variantlarının tədqiqində rolunu və əhəmiyyətini səciyyələndirir. 

Açar sözlər: muğam irsi, tədris prosesi, tədris proqramları, vokalinstrumental ifaçılıq

Muğam – musiqi mədəniyyətinin mühüm bir qolu kimi qədim və orta əsrlər dövründən təşəkkül tapmış və müasir dövrdə də inkişafını davam etdirməkdədir. Muğam ənənələrinin bizim günlərə çatması məhz varislik ənənələri ilə həyata keçirilmişdir. Ənənə və varislik məsələsi şifahi ənənəli musiqi yaradıcılığının ən vacib təkanverici qüvvəsini təşkil edir. Musiqidə varislik — ənənənin təsir gücü, səbəb-nəticə əlaqəsi kimi çox mühüm inkişaf mənbəyidir.

Muğam yaradıcılığının tədqiqi musiqi elminin əsas vəzifələrindən olub, hər bir muğamın ayrı-ayrılıqda öyrənilməsi, tarixi inkişaf yolunun araşdırılması, muğam sənətinin keçdiyi yolu izləməyə imkan verir. Muğam sənətində ənənə və varislik problemi musiqişünaslıq tədqiqatlarında muğamın inkişafında mühüm əhəmiyyətli amil kimi öz ifadəsini tapır.

İllər boyu xanəndəlik sənəti inkişaf etdikcə, ifaçılıq üslubları və oxuma texnikası da müəyyən dərəcədə dəyişikliyə uğramışdır. Oxuma üslubları arasında yaranmış fərqlər, əlbəttə ki, milli musiqimizin inkişafı ilə bağlı olmuşdur. Nümunə üçün qeyd edək ki, “Rast” muğamının timsalında üç istiqamətdə muğamın dəyişikliyə uğraması, variantlarının yaranması, ənənəvi cəhətlərin qorunması və ötürülməsi prosesi müşahidə olunur: 1. Muğam cədvəllərində və tədris proqramlarında;  2. Ayrı-ayrı muğam bilicilərinin ifasından həyata keçirilmiş müxtəlif illərə aid not yazılarında; 3. Səs yazılarında xanəndələrin təfsirində. Sadalanan istiqamətlərdə muğamın tərkibinin dəyişikliyə uğramasını izləmək mümkündür.

Orta əsrlər dövrünün böyük ensiklopediyaçı alimlərinin — Səfiəddin  Urməvi (XIII əsr), Əbdülqadir Marağayi (XIV-XV əsr), Mirzə bəy (XVII əsr), Mir Möhsün Nəvvabın (XIX əsr) musiqi ilə bağlı risalələrində tərtib etdikləri muğam cədvəlləri diqqətəlayiqdir (1). XX əsrdə ustad tarzənlər — Mirzə Fərəc Rzayev, Əhməd Bakıxanov, Kamil Əhmədov və başqaları muğam proqramları yazmışlar. Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin muğamların sistemləşdirilməsi əsasında yaratdığı proqram tədris prosesində əsas mənbəyə çevrilmişdir (2). Qeyd etmək lazımdır ki, son illərdə musiqi təhsili sisteminin tələblərindən irəli gələrək, muğam üzrə tədris proqramlarının sayı artmış, solo oxuma və instrumental ifaçılıq üzrə  (hər bir alət üçün ayrılıqda) muğam proqramları meydana gəlmişdir.

Muğamın bir janr kimi formalaşdığı dövrlərdə, XII əsrdə “Rast” muğamı Şərq musiqisində 12 klassik muğamdan biri olmuşdur. Orta əsrlərdə əsas muğam dəst-gahlardan biri olan “Rast” XIX əsrə qədər çoxtərkibli bir muğam kimi gəlib çıx-mışdır. XIX əsrin sonu – XX əsrin əvvəllərindən “Rast” muğamı dəstgah forma-sını qoruyub saxlayaraq muğamın kompozisiya quruluşunda, lad-tonal planında və melodik inkişafında dəyişmələrə uğramışdır. Müasir dövrdə “Rast” muğamı milli musiqi ifaçılığı sənətində özünəməxsus yer tutur. “Rast”ın şifahi ənənəli musiqidəki təkamül yolunun araşdırılması bunu təsdiq edir. “Rast” muğamının ənənəvi olaraq ifaçılıq variantlarının təcrübəyə daxil olması prosesinin öyrənilməsi nəticəsində muğam sənətində janrların qarşılıqlı təsiri və əlaqəsi üzə çıxır.

Muğam ustadları və pedaqoqlar tərəfindən yazılmış müxtəlif illərə aid tədris proqramlarının müqayisəsi şifahi ənənələr əsasında nəsildən-nəslə ötürülən muğam tərkiblərinin dəyişikliyə uğraması prosesini izləməyə şərait yaradır.

“Rast” muğamının müxtəlif səsyazılarının və not yazılarının toplanması və öyrənilməsi onun muğam sənətində təşəkkülü və keçdiyi inkişaf yoluna işıq salır və “Rast”ın muğam irsindəki yerini və əhəmiyyətini xarakterizə etməyə imkan verir.

Azərbaycan xanəndələrinin qrammofon vallarında səsyazıları 1906-1916-cı illər ərzində səsyazma şirkətləri tərəfindən vala köçürülmüşdür. Qrammofon val-larının kütləvi tirajla buraxılışı XX əsrin II yarısından daha geniş vüsət almışdır. Bu iş bu gün də davam etdirilir. Belə ki, muğam ifaçılarının çıxışları müasir texniki vasitələrlə CD, audio-video kassetlərə yazılır, internet səhifələrinə daxil edilir.

Bu baxımdan Heydər Əliyev Fondunun nəşr etdiyi “Qarabağ xanəndələri”, “Muğam ensiklopediyası”, “Azərbaycan xanəndələri”, “Azərbaycan muğamı” kimi CD və DVD disklərdən ibarət albomlar əlamətdardır. Azərbaycan xanəndələrinin yaradıcılığının səsyazıları vasitəsilə öyrənilməsi musiqişünasların qarşısında duran mühüm məsələlərdəndir.

Səs yazılarını əhatə edən əsas mənbələrdən biri kimi biz “Muğam ensiklopediyası”na müraciət etmişik (3). Heydər Əliyev Fondunun nəşri olan “Muğam ensiklopediyası”na daxil olan CD albomlarda “Qarabağ xanəndələri”, “Muğam dəstgahlar”, “Ustad xanəndələr” (kişi və qadın xanəndələr), “Gənc xanəndələr” başlığı altında, XX əsrin əvvəllərindən XXI əsrin əvvəllərinə kimi muğamların səs yazıları toplanmışdır.

Bu nəşrə Azərbaycan Dövlət Səsyazıları Arxivindən 1902-1912-ci illərə aid qrammofon vallarından köçürmələrlə yanaşı, sonrakı illərdə Azərbaycan Televiziyası və Radiosunun Qızıl fondunda saxlanılan lent yazıları, bu nəşrə qədərki dövrdə həyata keçirilmiş səs yazıları daxildir. Bunların arasında “Rast” muğamının səs yazılarını xronoloji ardıcıllıqla seçmişik.

Bu mənbə əsasında “Rast” muğamının səsyazılarının siyahısı 1950-ci illərə aid səsyazılarından başlanır və 2007-ci ilə kimi bir müddəti, demək olar ki, 50-60 illik bir dövrü əhatə edir. “Muğam Ensiklopediyası”nda göstərilən ilk səsyazısı 1953-cü ilə, sonuncusu 2008-ci ilə aiddir. Bu nisbi bir dövrdür, əlbəttə ki, xanəndələrin səsyazıları irsi daha geniş və zəngindir.

Azərbaycanın milli musiqi irsinin tədqiqində XX əsrin əvvəllərinə aid qrammofon valları qiymətli mənbədir. Onların araşdırılması o dövrdə xanəndə və sazəndə ansambllarının repertuarındakı həm vokal-instrumental, həm də instrumental muğamların siyahısını sistemləşdirməyə imkan vermişdir.

XX əsrin əvvəllərinə aid qrammofon vallarında Cabbar Qaryağdıoğlunun, Keçəçioğlu Məhəmmədin, Məcid Behbudovun və b. səsyazıları arasında “Rast”ın yalnız ayrı-ayrı şöbələri — “Əraq”, “Əraq-Pəncgah”, “Vilayəti” şöbələrinin ifası öz əksini tapmışdır. Bu da qrammofon valının həcminin kiçik olması ilə bağlıdır.

Səsyazılarının araşdırılması nəticəsində “Rast” muğamının ifaçılıq variantlarının dəqiqləşdirilməsi mümkün olmuşdur. Xan Şuşinski, Əbülfət Əliyev, Yaqub Məmmədov, Həqiqət Rzayeva, Bakir Haşımov, Mürşüd Məmmədov, Şahmalı Hacıyev, Nəzakət Məmmədova, Qulu Əsgərov, Hacıbaba Hüseynov, İslam Rzayev, Arif Babayev, Ağabala Abdullayev, Əlibaba Məmmədov, Tələt Qasımov, Səxavət Məmmədov, Bəsti Sevdiyeva, İlkin Əhmədov kimi xanəndələrin ifasında “Rast” muğamının səsyazıları saxlanılmışdır.

Səsyazılarında xanəndələr tərəfindən oxunan muğamların araşdırılması xanəndə yaradıcılığında “Rast” muğamının geniş yayıldığını göstərir. Həmin muğamın səsyazıları müəyyən zaman məsafəsində meydana gəlmişdir, lakin onlar öz ilkin mənbəsindən uzaqlaşmamış və ifaçılıq təcrübəsində həmin variantlar geniş yayılmışdır.

“Rast” muğam dəstgahının səsyazıları XX əsrin əvvəllərindən başlayaraq, bu günə kimi həyata keçirilməkdə davam edir. Azərbaycan xanəndələrinin ifasında qrammofon vallarında, maqnitofon lentlərində, kompakt disklərdə həkk olunmuş muğamların səsyazıları Azərbaycan Dövlət Səsyazıları Arxivində, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində, Azərbaycan Radiosu və Televiziyası Qapalı Səhmdar Cəmiyyətinin “Qızıl fondu”nda qorunub saxlanılır.

“Muğam Ensiklopediyası”nda öz əksini tapmış bütün dəstgahların dinlənilməsi və təhlili onların tərkibinin müxtəlifliyini üzə çıxarır. Əlbəttə ki, bu ifalar özlüyündə unikaldır, biri digərini təkrarlamır. Hər bir xanəndənin və müşayiət edən ifaçı ansamblların dəst-xətti müxtəlifdir. Xanəndə və sazəndə dəstəsinin birgə ifaçılıq məhsulu olan muğamdəstgahlardan danışdıqda bunu nəzərə almaq lazımdır.

Onu da deyək ki, burada müxtəlif ifaçılıq məktəblərinin – Qarabağ, Abşeron – nümayəndələri vardır, onlardan bir çoxu eyni ustadın davamçılarıdır. Məsələn, Əbülfət Əliyev, Xan Şuşinski, Yaqub Məmmədov, Mürşüd Məmmədov, İslam Rzayev, Arif  Babayev və başqaları Qarabağ muğam ifaçılığı məktəbinin görkəmli ustadlarıdır. Həqiqət Rzayeva, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Tələt Qasımov isə Bakı-Abşeron muğam ifaçılığı məktəbinin görkəmli ustadlarıdır.

Elmi və publisistik ədəbiyyatda öz əksini tapmış xanəndələrin tərcümeyi-halında onların bir muğam ifaçısı kimi keçdikləri yol, hansı ustadlardan dərs alması, xanəndə kimi püxtələşmələri göstərilir. Hər birinin yaradıcılıq yolu özünəməxsus olsa da onların bir çoxu Seyid Şuşinskidən, Xan Şuşinskidən muğam ənənələrini əxz etmişlər, daha gənc nəslin nümayəndələri isə Arif Babayevdən, Əlibaba Məm-mədovdan və başqa xanəndələrdən dərs almışlar. Bu baxımdan da, muğam ənənə-lərinin ötürülməsini izləmək maraqlıdır.

“Rast” muğamının nümunəsində səsyazıları irsinin araşdırılması göstərir ki, muğam sənətini yaşadan ustad xanəndələr olmuşdur. Onlar ciddi qanun-qaydalara əsaslanaraq, eyni zamanda, yaradıcılıq keyfiyyətləri nümayiş etdirərək, muğamları özünəməxsus bir yolla inkişaf etdirmişlər. Bu zaman muğama yeni cizgilər, avazlar, melodiyalar əlavə etmişlər.

Bütün bunlar tədricən muğam ifaçıları tərəfindən qəbul olunaraq, ifaçılıq təcrübəsinə daxil olunmuşdur. Beləliklə, xanəndələrin yaradıcılığında muğam inkişaf etdirilmişdir. Bu baxımdan təbii olaraq, hansısa bir şöbə ixtisar olunmuş, hansısa genişləndirilmişdir. Bununla da muğam dəstgahlarının variantları, kiçik həcmli muğamlar və zərbli muğamlar meydana çıxmışdır ki, bu proses ifaçı sənətkarların yaradıcılığı ilə bilavasitə bağlıdır.

Azərbaycan muğamlarının nota köçürülməsi işi 1920-ci illərin sonlarında geniş vüsət alaraq, tədricən sistemli şəkil kəsb edir. Xüsusilə Azərbaycan bəstəkarlarının bu sahədəki fəaliyyəti və onlar tərəfindən muğam ustadlarının ifaçılıq təfsirində muğamların not yazıları əlamətdardır. Bu baxımdan görkəmli muğam ifaçılarının ənənələrini özündə əks etdirən və yaşadan muğam dəstgahlarının instru-mental və vokal-instrumental şəkildə not yazıları etnomusiqişünaslığı zənginləşdirən qiymətli mənbələrdir (4).

“Rast” muğamının Tofiq Quliyev, Nəriman Məmmədov, Arif Əsədullayev və Əkrəm Məmmədli tərəfindən nota yazılmış variantları, Səid Rüstəmov, Əhməd Bakıxanov və Ramiz Zöhrabov tərəfindən yazılmış rənglər və təsniflər muğam sənə-tində ənənə və varislik probleminin öyrənilməsində mühüm əhəmiyyətə malikdir.

Bütün bu not yazılarından və səs yazılarından  görünür ki, bunlar bir sıra görkəmli muğam ifaçılarının ənənələrini əks etdirməklə, eyni zamanda, onların ifaçılıq təfsirlərini qoruyaraq, bizə çatdırır. Müxtəlif dövrlərə və müxtəlif ifaçılara aid səs yazılarının və not yazılarının qarşılıqlı surətdə araşdırılması muğam ifaçılığı sənətində meydana gəlmiş ənənələrin çoxcəhətliyini, təfsir xüsusiyyətlərinin rəngarəngliyini üzə çıxarır.

Beləliklə, bütün dövrlərdə Azərbaycanın zəngin muğam irsinin yara-dılmasında xanəndələr fəal iştirak etmişlər. Muğam ifaçılıq sənətinin dərin biliciləri nadir musiqi nümunələrini oxuyub lentə yazdırmaqla milli musiqi mədəniyyətimizin inkişafında əvəzsiz xidmətlər göstərmişlər. Onların yaddaşlarında hifz edib yaşatdıqları muğamlar, təsnif və rənglər bu gün də yeni xanəndələr nəslinin təfsirində səslənərək, milli musiqimizin şöhrətini bütün dünyaya yayır.

 

ƏDƏBIYYAT:

  1. Bədəlbəyli Ə.B. İzahlı monoqrafik musiqi lüğəti. B.: Elm, 1969. 246 s.
  2. Zöhrabov R.F. Muğam. B.: Azərnəşr, 1991. 219 s.
  3. Muğam ensiklopediyası. Azərbaycan xanəndələri. Diskoqrafiya. 5 CD albom: I. Qarabağ xanəndələri; II. Muğam dəstgahları; III. Gənc xanəndələr; IV. Ustad xanəndələr-I (kişi xanəndələr); V. Ustad xanəndələr — II (qadın xanəndələr). // Heydər Əliyev Fondu (redaksiya heyətinin sədri, baş redaktor M.Əliyeva). «Musiqi Dünyası». Bakı, 2007.
  4. Azərbaycan xalq musiqisinin antologiyası. 10 cilddə. III cild. Azərbaycan muğamları və rəngləri. B.: 2004. s. 69-124.

 

Наргиз ГУЛАМОВА

Диссертант BMA

ВОПРОСЫ ИССЛЕДОВАНИЯ ТРАДИЦИИ И ПРЕЕМСТВЕННОСТИ В ИСКУССТВЕ МУГАМА

Резюме: На основе анализа музыковедческой литературы и музыкальной практики автор характеризует исторический путь эво-люционного развития мугама. В статье дается обзор грампластинок мугамов начала XX века до наших дней. Автор характеризует проекты, направленные на развитие искусства мугама и сохранения звукового наследия, роль и значение звуковых и нотных записей в исследовании исполнительских вариантов мугама.

Ключевые слова: мугамое наследие, процесс обучения, учебные программы, вокально-инструментальное исполнение

 

Nargiz GULAMOVA

Candidate for a degree of BMA

ISSUES OF RESEARCH TRADITION AND CONTINUITY IN THE ART OF MUGHAM

Summary: On the basis of the analysis of the musicological literature and musical practice the author characterizes a historical way of evolutionary development of mugham in a context of musical culture of Azerbaijan.In the article is given the review of gramophone records of mughams in performans of mugham singers from the beginning of XX century till today. The author characterises the projects directed on development of mugham art and preservation of the sound heritage, the role of sound recordings in research of performing mugham variants and the value of mugham musical notations.

Key words: mugam heritage, the learning process, training programs, vocal-instrumental performance

 

Rəyçilər:

sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə Həsənova

professor Mina Hacıyeva

Mövzuya uyğun