XIX əsrin II yarısında Azərbaycanda musiqi məclisləri
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 4, 2015
AMK-nın müəllimi
XIX əsrin II yarısında Azərbaycanda musiqi məclisləri
Açar sözlər: muğam, məclis, fəaliyyət, təşkilatçı, ifaçılıq
Muğam sənətinin inkişaf tarixi və keçdiyi təkamül yolunda XIX əsrin II yarısı xüsusi diqqətə layiqdir. Bir çox elmlərin, sənət sahələrinin inkişaf etdiyi, formalaşdığı bu dövrdə muğam sənətinə olan maraq da diqqətdən kənarda qalmayıb. Belə ki, həmin dövrdə Azərbaycanın müxtəlif bölgələrində dövrün ziyalıları, sənətsevərləri tərəfindən musiqi məclisləri təşkil olunmuşdur.
Bakı, Şamaxı, Şuşa kimi iri mədəni mərkəzlərdə görkəmli şair və musiqiçilər, mədəniyyət hamiləri – mesenatlar, eləcə də zadəganlar tərəfindən saray və kübar salonlarında təşkil edilən muğam məclisləri bəzən “musiqi dərnəyi” və ya “musiqi salonu” da adlandırılmış, eyni zamanda məktəb kimi fəaliyyət göstərmişdi.
Şuşada “Nəvvabın məclisi”, Şamaxıda “Mahmud ağanın dərnəyi”, Bakıda isə “Məşədi Məlik Mənsurovun salonu” xüsusilə qeyd olunmalıdır. Bütün bu musiqi məclisləri əsl musiqi, sənətkarlıq məktəbinə çevrilmişdi. Belə məclislərin əks-sədası təkcə iri şəhərlərdə deyil, əyalətlərdə və hətta kəndlərdə yayılır, buradakı musiqisevərlər tərəfindən də xüsusi muğam məclisləri təşkil olunurdu. Qarabağ muğam məktəbindən danışarkən ilk növbədə XIX əsrin musiqi-şeir məclislərini qeyd etmək vacibdir. Bu məclislər, bir növ musiqi-şeir sənətkarlarının toplantısı idi. Burada peşəkar muğam ifaçıları, musiqişünaslar, şair və ədiblər, rəssamlar, dövrün ziyalıları toplaşırdılar. XVIII əsrdən Avropa ölkələrində geniş vüsət alan musiqi klubları kimi Azərbaycanda, o cümlədən Qarabağda yaranan musiqi məclisləri də peşəkar musiqi incəsənətinin inkişafına güclü təsir göstərirdi. Qarabağın musiqi məclislərində ifa olunan musiqi əsasən, şifahi-ənənəli janrlardan – muğamlardan, təsniflərdən və xalq mahnılarından ibarət idi. Məhz musiqi-şeir məclislərinin repertuarını nəzərə alaraq, onu həm də muğam məclisi adlandırırdılar. Muğam məclisləri Azərbaycan muğam sənətinin inkişafını davam etdirən, muğam ənənələrini, muğam ifaçılığını yaşadan peşəkar sənət ocaqları idi. Bundan başqa muğam məclisləri muğamların yeni ifaçı nəslin təlimində, ifaçılıq qayda-qanunlarının yaşamasında, ustad-şagird ənənələrinin davam etməsində müstəsna rol oynamışdır. Bu fikir eynilə Qarabağın musiqi məclislərinə də aid idi. Bu məclislərdə muğamlar ustadların, gənc xanəndələrin ifasında dinlənilir və sonda müzakirə olunurdu. Məhz ifaların müzakirəsi və qiymətləndirilməsi nöqsanları və səhvləri üzə çıxarırdı ki, bu da muğam məclislərinin ən müsbət cəhətlərindən biri idi. Nəticədə yeni və gənc nəsil muğamları öyrənir, düzgün ifa edirdi.
Qarabağın ən çox inkişaf etmiş musiqi mədəniyyət mərkəzi Şuşa şəhəri idi. Qarabağda fəaliyyət göstərən musiqi-şeir məclislərinin əksəriyyəti də Şuşada yerləşirdi. Bunlardan biri öz adı-sanı ilə seçilən, əsrlər sonra belə anılan “Məclisi-üns” – ədəbi-musiqili məclisi idi. Mənası dostluq, ünsiyyət məclisi deməkdir. Adından da göründüyü kimi, bu məclis musiqi, şeir peşəkarları, sənətkarların ünsiyyət məkanı olmuşdu. “Məclisi-üns” 1864-cü ildə Şuşada şair H.A.Agahın evində təşkil olunmuş və Xurşidbanu Natəvanın rəhbərliyi ilə 30 ildən artıq, 1897-ci ilədək fəaliyyət göstərmişdi. Deməli, məclisin yaradıcısı kimi tarixə dövrün görkəmli şairəsi, rəssamı, ziyalı qadını Xurşidbanu Natəvanın adı düşüb. Natəvan xanım həyatı boyu şeirə, sənətə, musiqiyə böyük maraqla yanaşmış, sənət adamlarına həmişə hörmət bəsləmiş və sənətin tərəqqisi üçün əlindən gələni əsirgəməmişdi. X.Natəvan, M.P.Fəna, M.Ə.Növrəs, A.H.Yüzbaşov, M.Məmai, M.S.Piran və b. şairlər “Məclisi-üns”ün, eləcə də digər musiqi məclislərinin fəal üzvü və iştirakçısı idilər. “Məclisi-üns”də tanınmış musiqiçilərlə yanaşı, Qasım bəy Zakir, Fatma xanım Kəbinə, Ağa Həsən Yüzbaşov, İsmayıl bəy Axundov və digər tanınmış şairlər də iştirak edirdi. Məclisə Qarabağ xanəndələri də dəvət olunur və onlar şairlərin qəzəlləri əsasında muğamlar ifa edirdilər.
Şuşada fəaliyyət göstərən tanınmış məclislərdən biri də Xarrat Qulu məktəbi adlanırdı. Xarrat Qulu özü çox istedadlı və peşəkar muğam sənətkarı idi. Onun yaratdığı məclisin məktəb adlandırılması təsadüfi deyil. Çünki gəncləri öyrətmək məqsədi daşıyırdı. Özü də bu işlə yaxından məşğul olurdu. Məhz buna görə bu sənət ocağı məktəb adlanırdı. Xarrat Qulunun muğam məktəbində yetişən ifaçılar sonradan bütün Azərbaycanın ən böyük muğam ifaçısı kimi şöhrət qazanmışlar. Onların arasında Hacı Hüsü, Məşədi İsi, Mirzə Sadıq Əsədoğlu, Əbdülbaqi Zülalov, Keçəçioğlu Məhəmməd, Mirzə Muxtar, Cabbar Qaryağdıoğlu kimi görkəmli muğam ustadları vardı.
Xarrat Qulu məktəbə gözəl səsi olan gəncləri cəlb edərək məhərrəmlik təziyyəsini keçirmək üçün onlara muğam oxumaq qaydalarını öyrədirdi. O zaman dini mərasimlərdən başlıcası məhərrəmlik təziyyəsi idi. Müsəlmanlar hər il məhərrəm ayının 10-da, Aşura gününü matəm kimi qeyd edirdi. Azərbaycanın hər yerində olduğu kimi, Şuşada da din xadimlərinin təhriki ilə dini mərasimlərə ciddi hazırlıq görülürdü. Xarrat Qulunun öz şagirdlərini dini mərasimlərdə çıxış etməyə sövq etməsinə baxmayaraq, onlara xalq musiqisinin əsaslarını, muğamları, Azərbaycan xalq mahnılarını öyrədirdi. Xarrat Qulunun məktəbində xanəndələrin oxumaq tərzi müəyyən ənənəyə əsaslanırdı. Burada xanəndə dizi üstə oturardı. Onlar çox gözəl qaval vurar, oxuyarkən tərpənməz, bəzən gözlərini də yumardılar. Bu məktəb Hacı Hüsü, Məşədi İsi, Dəli İsmayıl, Şahnaz Abbas, Əbdülbaqi (Bülbülcan), Keştazlı Həşim, Keçəçioğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu və məşhur tarzən Sadıqcan kimi sənətkarlar yetişdirmişdir.
Həmin dövrdə xanəndələr arasında təbəqələşmə gedirdi. I dərəcəli xanəndələr ürəfa məclislərinə çağırılırdı. Buraya başqa adamlar buraxılmazdı. Bu məclisdə klassik xalq musiqisinə və muğamata dərindən bələd olan mümtazlar, tacirlər və əslzadələr iştirak edərdi. Burada xanəndələr muğamı tamam dəstgah oxuyardılar. Oyun havaları çalınmazdı. Əsnaf toylarına II dərəcəli xanəndələr çağırılardı. Burada müğənnilərə güzəştə gedərdilər. 2 saat dəstgah oxuduqdan sonra el havası çalınıb 2-3 nəfərin oynamasına icazə verərdilər. Lotu toylarının xanəndəliklə heç bir əlaqəsi yox idi. Sadəcə pul yığar, rəqs edərdilər. Məclisi rəqqasələr, mütrüblər məşğul edərdi.
Xarrat Qulunun ölümündən sonra Kor Xəlifə adlı birisi Şuşada musiqi məktəbi açmış, lakin onun da ölümündən sonra bu məktəb də bağlanmışdı. Bu dövrdə Azərbaycanın bir sıra digər şəhərlərində musiqi məclisləri yaranırdı. Şuşada yaranan məclislərdən biri də rəhbəri dövrün görkəmli musiqişünası, rəssam, astronom, xəttat, nəqqaş, dülgər, kimyagər, riyaziyyatçısı Mir Möhsün Nəvvab olan “Məclisi fəramuşan” (farscadan tərcümədə: yaddan çıxmışların məclisi) adlanan musiqi məclisi idi. Qarabağ bölgəsinin mərkəzi olan Şuşa şəhərində təşəkkül tapmış və Qarabağda yaşayıb-yaradan xanəndələri, xalq çalğı alətləri ifaçılarını – sazəndələri, muğam ifaçılığı ənənələrini özündə cəmləşdirən bu məclis əslində həm də bir maarifləndirici məktəb idi. “Məclisi fəramuşan” – ədəbi məclisi 1872-ci ildə M.M.Nəvvabın evində təşkil edilib, 1910-cu ilədək fəaliyyət göstərib. M.M.Nəvvab, H.Qaradaği, F.Kəminə, A.Asi, M.Ə.Baki, B.Səbur, B.Fədai, M.Katib və b. şairlər məclisin fəal iştirakçıları idi. Qarabağ xanəndələri də bu məclisdə yaxından iştirak edirdilər.
Daha bir məclis Molla İbrahim adlı musiqiçi və şair tərəfindən yaradılmışdı. Xarrat Qulunun məktəbi ilə yanaşı, bu məclis də öz üzərinə muğamları öyrətmək vəzifəsini götürmüşdü. Hər iki məktəb Qarabağda muğam ənənələrinin yaşaması və inkişaf etməsində böyük rol oynayıb.
Bakı məclisinin rəhbəri görkəmli tarzən Mənsur Mənsurovun atası Məşədi Məlik Mənsurov (1838-1909) olub. Məşədi Məlik öz dövrünün açıq fikirli mədəni şəxslərindən idi. O, bilikli musiqişünas, mahir tarzən, musiqiçilər ailəsinin görkəmli nümayəndəsi kimi tanınıb. Məşədi Məlik bəy Mənsurov (Mənsurbəyov) 1838-ci ildə Bakıda, İçərişəhərdə bəy nəslindən olan varlı mülkədar ailəsində dünyaya göz açıb. Əsil adı Məlikməmməddir, qısaca olaraq Məşədi Məlik bəy deyə çağırırdılar. Məşədi Məlik bəy 3 yaşında olarkən atası Ağa Salah bəy vəfat edir. Onun tərbiyəsi ilə anası Qızxanım və əmisi Ağa Hacı Əli bəy məşğul olur. Yazıb-oxumağı o, hələ uşaq yaşlarından mədrəsədə öyrənir. Gənc yaşlarından böyük qardaşı Məşədi İsmayıl bəylə birgə poeziya və musiqi ilə maraqlanmağa başlayırlar. Elə o vaxtlar Məşədi Məlik bəy tarda, kamançada, cürə sazda, qarmonda və dəfdə çalmağı öyrənir. Musiqiyə olan bu həvəslə Məşədi Məlik bəy Mənsurov artıq 1856-cı ildə, 18 yaşda ikən Bakı muğam məclislərinin təməlini qoyur və yaradıcısı olur. Onun İçərişəhərdəki evində ilk muğam məclisi həmin tarix ilə qeyd edilir.
Məşədi Məlik bəy vağzalda və körpülərdə adam qoyar və tapşırarmış: “Elə ki, gördünüz bir adam əlində musiqi aləti gəlir, onu gətirin mənim evimə”. O, bu musiqiçiləri çalıb-oxutdurar, qulaq asandan sonra ədəb-ərkanla yola salarmış. Məşədi Məlik bəy Mənsurovun məclislərində muğamların tam, dəstgah şəklində və düzgün oxunmasına fikir verirdilər. Araya hərdən mübahisələr də düşərdi. Belə məqamlarda məclis əhli muğamların bilicisi və mahir ifaçısı Məşədi Məlik bəyə və onun qohumu şair Ağa Kərim Salikə müraciət edirdilər. Köhnə Badi-Kubədə hamı yaxşı bilirdi ki, burada musiqi səsi gəlirsə, deməli, Məşədi Məlikin evində muğam məclisi var. Qonşuluqda yaşayan molla qəzəblə lənət yağdırardı: “Allah sizə qənim olsun, bu evdə şeytanlar yuva salıb”. Amma qonşular mollanın bu lənətlərinə gülərdi. Şəhərin bütün şair və musiqiçiləri, ziyalı və mülkədarları Məşədi Məlikin evinə toplaşardılar. Onun məclisində dövrün görkəmli xanəndələri, sazəndələri iştirak edirdi. Məşədi Məlikin ən sevimli qonağı Sadıqcan idi. Sadıqcan Bakıda o qədər sevilirdi ki, onu hörmət əlaməti olaraq Mirzə Sadıq deyə çağırırdılar.
Xanəndəlik sənəti XX əsrin əvvəllərində daha da inkişaf edərək toy və el şənliklərindən teatr və konsert salonlarına yol tapır. Azərbaycanda ilk Şərq konserti 1901-ci ildə Şuşada, ikincisi isə 1902-ci ildə Bakıda Ə.Haqverdiyevin rəhbərliyi ilə təşkil edilmişdi. Bu konsertlərlə yanaşı, “Şərq gecələri” də təşkil edilirdi. “Şərq gecələri”ndə əlavə olaraq rəqs və tamaşalar da göstərilirdi. İlk “Şərq gecəsi” 1907-ci ildə, ikincisi isə 1915-ci ildə Bakıda “Nicat” cəmiyyəti tərəfindən təşkil olunmuşdu. Bir çox xanəndələr solo konsertlər də verirdilər. Azərbaycanda ilk dəfə səhnəyə çıxan və fərqli konsert verən Səttar idi. Şərqdə ilk dəfə səsini musiqi valına yazdıran xanəndə isə Əbdülqadir Cabbarov olub (4, s. 6). O, 1902-ci ildə Riqa şəhərinə dəvət olunur və burada Almaniyanın qrammofon cəmiyyəti tərəfindən səsi vala yazılır. Ləqəbi Qədirbala olan bu xanəndə birüzlü valda “Heyratı” zərbi muğamını oxumuşdur. 1906-cı ildə isə Cabbar Qaryağdıoğlunun səsi vala yazılmışdır. 1907-ci ildə fransızların “Pate” şirkəti tərəfindən Cabbar Qaryağdıoğlu, İran müğənnisi Qəmərmülük xanım, daha sonra Keçəçioğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, Davud Səfiyarovun səsləri vala yazılır. Bütün bu müğənniləri isə Qurban Pirimov və Saşa Oqanezaşvili müşayiət edib. 1910-cu ildə İngiltərənin qrammofon cəmiyyəti Malıbəyli Həmid və Əsgər qardaşları, Məcid Behbudov, Seyid Mirbabayev, Kərbəlayi Lətif Əliyev və b. sənətkarların ifaları vala yazılır. 1912-ci ildə Almaniyanın “Sport-rekord” aksioner şirkəti Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, Davud Səfiyarov, Qurban Pirimov, Saşa Oqanezaşvili Varşava şəhərinə dəvət olunmuş və burada ifaları vala yazılmışdır. Həmçinin bütün ifaçılar haqqında kataloq çap edilmişdir. 1912-1914-cü ildən başlayaraq bu vallar kütləvi tirajla buraxılmışdır.
Şamaxı Azərbaycanın çox qədim tarixə və zəngin mədəniyyətə malik şəhərlərindən biridir. Bu şəhərin adı Orta əsrlərdə Şərq ölkələrinə, Avropa və Asiyaya geniş yayılmışdı. Həmin ölkələrinin görkəmli tarixçiləri, diplomatları, siyasətçiləri, hökmdarları, salnaməçiləri, səyyahları, şairləri xatirələrində və əsərlərində Şamaxının adını zəngin mədəniyyət mərkəzi, elm və iqtisadiyyatı inkişaf etmiş şəhər kimi çəkiblər. Şamaxı Orta əsrlərdə bir çox Şərq, Asiya və Avropa ölkələri ilə geniş iqtisadi, mədəni əlaqələrdə olub. Bu şəhərin müxtəlif ölkələri birləşdirən ticarət və karvan yollarının üstündə yerləşməsi onun inkişafını və şöhrətini daha da artırmışdır. Buna görə də Şamaxı yalnız Azərbaycan mədəniyyətində deyil, bütün Yaxın Şərq mədəniyyətində özünəməxsus tarixi olan qədim və məşhur mədəniyyət mərkəzlərindən biri kimi şöhrət qazanmışdır.
Məlum olduğu kimi, Şirvan bölgəsində şifahi professional sənətin iki qolu olan muğam və aşıq sənəti çox geniş inkişaf edib. Bu bölgə özünün zəngin folklor, dastan yaradıcılığına malikdir. Şirvanda professional musiqi sənətinin mərkəzi əsasən, Şamaxı şəhəri sayılırdı. Bu bölgənin muğam və aşıq sənəti tarixən qədim və zəngin ənənələrə malik olduğu üçün, Azərbaycanda muğam məktəblərindən və aşıq mühitlərindən biri də məhz burada intişar taparaq formalaşmışdır. Digər aşıq və muğam məktəblərindən fərqli olaraq Şamaxı-Şirvan məktəbi özünəməxsus ifaçılıq ənənələrinə və üslubuna malikdir. Şamaxı-Şirvan muğam məktəbinə məxsus ustad ifaçılar Azərbaycanın digər bölgələrində də məşhur olmuş, Azərbaycanın şəhərlərində və yaxın qonşu ölkələrdə konsertlər vermiş, dövrün tanınmış ziyalı və nəcabətli şəxslərinin təşkil etdiyi musiqi-poeziya məclislərində iştirak etmişlər. Başlıcası, Şamaxı muğam məktəbinin Qarabağ, Bakı, Təbriz, Tiflis muğam məktəbləri ilə əlaqələri bu məktəblər arasında ənənələrin qorunmasına, yaxınlaşmasına, təsirinə və ümumən muğam sənətinin inkişafına səbəb olmuşdur.
XIX əsrin II yarısında Şirvan mahalında xanəndəlik sənətinin inkişafında Mahmud ağanın böyük rolu olmuşdur. Mahmud ağa Əhməd ağa oğlu (1826-1896) Şamaxının məşhur mülkədarı və bütün Qafqazda tanınmış musiqi xadimi idi. Xeyriyyəçiliklə məşğul olan Mahmud ağa özü də pəsdən oxuyar, həm də tar çalardı. O, tez-tez müsabiqələr keçirər, xanəndələrə mükafat, qiymətli hədiyyələr verərdi. Mirzə Məhəmməd Həsən, Mehdi, Məbud, Şükür, Davud Səfiyarov kimi xanəndələr, Topal Məhəmmədqulu və Məşədi Səlim kimi tarzənlər Mahmud ağanın məclisinin yetirmələri idilər.
Bu baxımdan XIX əsr Şamaxı muğam məktəbindən danışarkən, ilk növbədə Mahmud ağanın təşkil etdiyi muğam, musiqi-şeir məclislərini qeyd etmək lazımdır. Dövrün zəngin şəxslərindən olan mülkədar Mahmud ağa xeyirxahlığı, xeyriyyəçi əməlləri, abadlıq işləri, insanlara əl tutması ilə Azərbaycanda və bütün Qafqazda böyük hörmət qazanmışdı. Onun Şamaxıda “Beytüs-səfa” şairlər məclisinin toplantılarında həmişə iştirak etməsi, şairlərin qəzəllərinin, şeirlərinin xəttatlar tərəfindən yazılmasına maliyyə köməkliyi göstərməsi, bu məclisin himayədarı olması haqqında ədəbiyyatşünas və tarixçilərin tədqiqatlarında yetərincə geniş yazılmışdır. Hətta “Beytüs-səfa”ya qayğılarına görə Seyid Əzim Şirvani qəzəllərinin birində Mahmud ağaya hörmət və ehtiramını bildirmiş, onu tərifləmişdi.
Mahmud ağa bütün Şirvanda muğam sənətinin ən böyük himayədarı idi. Onun özü yaxşı tar çalmağı və pəsdən oxumağı bacarırdı. Malikanəsindəki xüsusi böyük salonda tez-tez şeir, musiqi məclisləri təşkil edilirdi. Burada şeirlər, muğamlar dinlənilir və müzakirə olunurdu. Bu məclislərdə dövrün tanınmış xanəndə və sazəndələri, şair və qəzəlxanları, ədibləri və musiqişünasları, ziyalıları iştirak edirdi. Mahmud ağanın muğam məclislərinə Qarabağ, Təbriz və Bakının görkəmli ustad xanəndə və sazəndələri dəvət olunurdu. Mirzə Sadiq Əsədoğlu, Hacı Hüsü, Məşədi İsi, Əbdülbaqi, Məşədi Məmməd Fərzəliyev, Cabbar Qaryağdıoğlu, Məşədi Cəmil Əmirov də bu məclislərdə tez-tez qonaq olurdu. Şirvanın məşhur xanəndələrindən Mirzə Məhəmmədhəsən, Mehdi, Məbud, Davud Səfiyarov və b. Mahmud ağanın muğam məclislərinin daimi iştirakçıları idilər. Bu məclislərdə müzakirələrin, sənət haqqında fikir mübadilələrinin aparılması, eyni zamanda gənc xanəndə və sazəndələrə də öz bacarıqlarını göstərmək imkanı verilməsi onun həm də öyrədici, tərbiyəedici rol oynadığını deməyə əsas verir. Digər tərəfdən Mahmud ağa İrandan, Gürcüstandan, Türkiyədən, başqa ölkələrdən gələn qonaqları üçün öz malikanəsində musiqi məclisləri təşkil edir və Şamaxının ustad sənətkarlarının ifasında muğam sənətini təbliğ edirdi. O, başqa ölkə və şəhərlərə səfərləri zamanı da özü ilə Şamaxının görkəmli xanəndə və sazəndələrini aparır, imkanları daxilində muğamın şöhrətini daha da geniş yaymağa çalışırdı. Maraqlı faktlardan biri də budur ki, məşhur fransız yazıçısı Aleksandr Düma Qafqaza səyahəti zamanı Şamaxıda Mahmud ağanın qonağı olmuşdu. Mahmud ağa bu xarici qonağa Azərbaycanın milli mətbəxini, geyim və ünsiyyət mədəniyyətini, xalqın ədəb-ərkan qaydalarını tanıtmaqla yanaşı, ona öz malikanəsində musiqi məclisi də təşkil etmişdi. Burada ilk dəfə Azərbaycan muğamlarını, mahnılarını, rəqslərini dinləyən, musiqi alətlərimizlə tanış olan A.Düma sonra öz xatirələrində və Qafqaza səyahət əsərində musiqi və rəqslərdən böyük zövq aldığını, belə yüksək mədəniyyət qarşısında heyrətləndiyini bildirmişdi. XIX əsrin görkəmli rus rəssamı Knyaz Qriqori Qaqarin də Şamaxıda olarkən Mahmud ağanın qonağı olmuş, onun malikanəsində yerli musiqiçiləri dinləmiş, rəqslərə tamaşa etmişdi. İştirak etdiyi musiqi məclisindən böyük bədii təəssüratla ayrılan rəssam, sonralar bu təəssüratlarını məşhur “Şamaxı rəqqasələri” adlı tablosunda təsvir edib.
Müasir dövrdə nuğam məclisləri ifaçılıq məktəbləri üzrə ənənəvi şəkildə yaşadılmasa da onun müxtəlif variantlarına rast gəlmək olar. İstər ali təhsil müəssisələrində tədris olunan muğam dərsləri, eləcə də efirdə müxtəlif telekanallarda təşkil olunan muğam müsabiqələri elə muğam məclislərinin XXI əsrdə təzahürü kimi qeyd oluna bilər.
ƏDƏBİYYAT:
- Şuşinski F. Azərbaycan xalq musiqiçiləri. B.: Yazıçı, 1985, 478 s.
- İbrahimov M.İ. Qarabağ muğam məktəbinin inkişafında musiqi məclislərinin rolu. // “Azərbaycan” qəzeti, 26 avqust 2014.
- ZöhrabovF. Muğam. B.: Azərnəşr, 1991, 219 s.
- Kərimi S.Ə. Qrammofon valları – səs yaddaşımız. // “Konservatoriya” jurnalı №1, 2010, s. 6.
Преподаватель АНК
МУЗЫКАЛЬНЫЕ МЕДЖЛИСЫ ВТОРОЙ ПОЛОВИНЫ
XIX ВЕКА В АЗЕРБАЙДЖАНЕ
Резюме
В статье освещается деятельность музыкальных меджлисов, которые действовали во второй половине XIX века в Шуше, Ширване и в Баку.
Ключевые слова: мугам, меджлис, действия, организаторы концертов
Lecturer of ANC
MUSICAL MEJLISES IN THE II HALF OF THE XIX
CENTURY IN AZERBAIJAN
Summary
The article is called “Musical mejlises in the II half of the XIX century in Azerbaijan”. The article says that music medzhslisah acted in the II half of the XIX century in Shusha, Shirvan and Baku. This specifies the value of performance organizers and members of the Majlis.
Key words: mugham majlis, action, performance organizers
Rəyçilər:
professor M.İbrahimov;
dosent G.Əliyeva.