Qarabağ xanəndələri – Mənsum İbrahimov
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 1, 2017
AMEA, Folklor İnstitutu, elmi işçi
Email: fmirisova@mail.ru
UOT 78.074
QARABAĞ XANƏNDƏLƏRİ – MƏNSUM İBRAHİMOV
Xülasə: Azərbaycan xanəndəlik sənətinin inkişafında müstəsna yer tutan Qarabağ xanəndəlik məktəbi milli musiqi mədəniyyətimizdə iz qoyan onlarla sənətkar yetişdirmişdir. Bu məktəbə xas olan ifaçılıq üslubunu və ənənələrini yaşadan xanəndələrdən biri də Azərbaycanın xalq artisti Mənsum İbra-himovdur. Məqalədə Mənsum İbrahimovun xanəndə kimi yaradıcılığındakı spesifik çalarlar, gənc xanəndələrin yetişməsində olan fəaliyyəti, milli opera səhnəsində oynadığı rollar və ümumilikdə Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələr yer almışdır.
Açar sözlər: Mənsum İbrahimov, xanəndə, muğam, mədəniyyət, ifaçılıq
Azərbaycanın müxtəlif bölgələrində yaranan xanəndəlik məktəbləri muğam sənətinin inkişafında əsas rol oynamış amillərdən biridir. Bu məktəblərdən biri, böyük tarixi yol keçərək özünəməxsus zəngin musiqi ənənələri ilə seçilən Qarabağ xanəndəlik məktəbi Azərbaycan musiqi mədəniyyətində müstəsna yerə malikdir. XIX əsrin ortalarından Şuşada musiqi məktəbləri fəaliyyətə başlamışdı. Bunlardan gözəl səsə malik olan Xarrat Qulunun məktəbi, o dövrün ziyalılarından olan Mir Möhsün Nəvvabın məktəbi xanəndəlik sənətinin inkişafına xüsusi təkan vermişdi. Qarabağ xanəndəlik sənətinin sonrakı inkişafı bu məktəbin yetirmələrinin adı ilə bağlıdır. Hacı Hüsü, Məşədi İsi, Bülbülcan (Əbdülbaği Zülalov), Dəli İsmayıl, Malıbəyli Həmid, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdı oğlu, Məşədi Məmməd Fərzəliyev, Xanlıq Şükür, Zabul Qasım, Əkbər Xamuş oğlu, Məcid Behbudov, Məşədi Cəmil Əmirov, İslam Abdullayev, Bahadur Mehralı oğlu, Seyid Şuşiniski, Musa Şuşiniski, Zülfü Adıgözəlov, Xan Şuşinski, Mütəllim Mütəllimov, Sürəyya Qacar, Sara Qədimova, Bakir Haşımov, Əbülfət Əliyev, Yaqub Məmmədov, Mürşid Məmmədov, Vəli Məmmədov, Arif Babayev, İslam Rzayev, Qədir Rüstəmov, Süleyman Abdullayev, Vahid Abdullayev, Səfa Qəhrəmanov, Səxavət Məmmədov kimi xanəndələr məhz Qarabağ xanəndəlik məktəbinin yetişdirdiyi sənətkarlardır. XIX əsrdən üzü bəri yaşamış bu sənətkarların səsi zamanın sınağından keçmiş tarixi yaddaşımızdır. Bu səslər Azərbaycan adlı ulu bir məmləkətin mədəniyyət beşiyi və bu gün erməni qəsbkarları tərəfindən işğal altında olan Qarabağın acı taleyini musiqi dili ilə dünyaya çatdırmaq missiyasını daşıyır.
Qarabağ xanəndəlik məktəbinə xas olan ifaçılıq üslubunu və ənənələrini yaşadan bu məktəbin layiqli nümayəndələrindən biri də bənzərsiz ifası ilə ölkəmizdə və onun hüdudlarından kənarda şöhrət tapmış, görkəmli muğam ustası, Azərbaycanın xalq artisti Mənsum İbrahimovdur. Onun Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələri, yaradıcılığındakı spesifik çalarları, eyni zamanda fərdi özünəməxsusluğunu araşdırarkən şahidi oluruq ki, istedadlı sənətkar sənətinin bu günkü zirvəsinə pillə-pillə çatmışdır.
Mənsum İbrahimov 1960-cı ilin oktyabr ayının 1-də Qarabağın dilbər guşələrindən olan Ağdam rayonunun İmanqulu kəndində dünyaya göz açıb. Uşaqlıqdan muğam səsi ilə böyüyən və milli dəyərlərə ehtiram və məhəbbət mühiti olan Qarabağda boya-başa ça-tan xanəndənin sənətə gəlməsi təsadüfi ola bil-məzdi. Hələ uşaq ikən Qarabağın musiqi dolu mühiti Mənsum İbrahimovda özünü musiqiyə, muğama həsr etmək istəyi yaradır. O, məktəb illərindən tədbirlərdə çıxış etməyə başlayır. Sonralar rayon miqyaslı tədbirlərdə, el şənliklərində iştirak edir. Hərbi xidmətə çağırıldığı zaman artıq Ağdamda kifayət qədər tanınmağa başlamışdı. Hərbi xidmətini Rusiyanın Moskva ətrafında başa vurduqdan sonra 1982-ci ildə təhsil almaq məqsədi ilə Bakıya gəlir. Sənədlərini Asəf Zeynallı adına musiqi texnikumuna (İndiki AMK-nın nəzdində Musiqi Kolleci: F.M) verir. İmtahandan uğurla keçir, görkəmli xanəndə və pedaqoq mərhum Vahid Abdullayevin muğam sinifinə daxil olur və ondan bu sənətin sirlərini öyrənir.
1985-ci ildə Üzeyir Hacıbəylinin anadan olmasının 100 illiyi çərçivəsində keçirilən V Respublika musiqi müsabiqəsində “Bayatı-Şiraz” muğamını və “Qarabağ şikəstəsi”ni oxuyaraq birinci dərəcəli diploma layiq görülür. Müsabiqənin diplomunu ona münsiflər heyətinin üzvü, korifey müğənni Şövkət Ələkbərova təqdim edir. Sonralar Şövkət Ələkbərova ilə daha yaxından tanış olan Mənsum İbrahimov onun muğam dərslərində iştirak etməyə başlayır. Səsini və ifasını bəyənən Şövkət Ələkbərova ona Opera Teatrında işləməyi məsləhət görür və Mənsum İbrahimovu şəxsən özü Opera Teatrının rəhbərliyinə təqdim edir. Artıq 1985-ci ildən o, bu teatrda işləməyə başlayır.
Operada ilk rolu Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında Zeyd obrazı olur. Daha sonralar Azərbaycan Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulan bütün milli operalarda müxtəlif rollar oynayır. Bunlara misal olaraq “Leyli və Məcnun” operasında İbn Səlam, “Aşıq Qərib” operasında Aşıq Qərib, Aşıq Vəli, Aşıq Səlim, “Gəlin qayası” operasında Camal obrazını göstərmək olar. Lakin ən böyük nailiyyəti Opera Teatrının səhnəsində 1993-ci il iyun ayının 25-də tamaşaçılar qarşısına çıxdığı Məcnun obrazıdır. 1908-ci il yanvarın 12-də (yeni təqvimlə 25-də) tamaşaya qoyulan “Leyli və Məcnun” muğam operasının ilk Məcnun ifaçısı Hüseynqulu Sarabski olub. Mənsum İbrahimovun yaratdığı Məcnun obrazına qədər Ə.Sadıqov, H.Hacıbababəyov, Ə.Əliyev, Q.Əsgərov, B.Haşımov, C.Əkbərov, A.Babayev, B.Mahmudoğlu kimi Azərbaycanın ustad sənəkarları bu rolu məharətlə ifa ediblər. Sələflərinin sənət yolunu ləyaqətlə davam etdirən Mənsum İbrahimov Məcnun obrazı ilə səhnəyə çıxdığı ilk gündən tamaşaçılar tərəfindən bəyənildi və sevildi. Yaradıcılığındakı uğurlarının başlanğıcı “Leyli və Məcnun” operası ilə bağlı oldu. Mənsum İbrahimovun Məcnun obrazı haqqında o zamanlar ölkə mətbuatında bir çox elm və musiqi xadimləri yüksək fikirlər, rəylər söylədilər. Televiziya ilə tamaşa bütünlüklə lent yaddaşına köçürüldü. Akademik Azad Mirzəcanzadə Mənsum İbrahimovun ifasına baxarkən “Mənsum mənə öz poetik görkəmi və oxuması ilə Sarabskini xatırladır” söyləmişdi [1, s. 3]. “Məcnunun Məcnunu” kitabını yazmış Mustafa Çəmənli Mənsum İbrahimovun oynadığı Məcnun obrazı haqqında belə yazır: “Həqiqətən Mənsum Məcnunun hiss-həyəcanlarını, daxili sarsıntılarını, fəryadını bütün qəlbilə duyub dərk etdiyindəndir ki, doğrudan doğruya səhnədə bir Məcnun həyatı yaşayır” [2, s. 37]. Tamaşaya baxarkən gözümüz önündə Mənsum İbrahimovun bir aktyor kimi yüksək sənətkarlığının şahidi oluruq. İfaçı burada yalnız muğam şöbələrini bir musiqi materialı kimi oxumur, eyni zamanda obrazın xarakterini açmağa nail olur, Məcnun kədərini ruhən yaşayaraq tamaşaçıya çatdıra bilir. Artıq 23 ildir ki, Mənsum İbrahimov Məcnun obrazı ilə təkcə Azərbaycan səhnəsində deyil, dünyanın bir çox böyük səhnələrində tamaşaçılar qarşısına çıxır. Mənsum İbrahimovun ifasında “Leyli və Məcnun” operası ABŞ, Səudiyyə Ərəbistanı, Türkiyə, İspaniya, Fransa, Kipr, Misir, İngiltərə, İraq və bir çox digər ölkələrin səhnələrində oynanılıb.
Mənsum İbrahimovun yaradıcılığına nəzər saldıqda onun çoxcəhətli isteda-dının şahidi oluruq. Bu baxımdan, xanəndənin yaradıcılıq irsinə bir neçə rakursdan yanaşmaq lazım gəlir.
1.Muğam, xalq mahnı və təsniflərinin, eyni zamanda bəstəkar mahnılarının ifaçısı kimi;
2.Milli opera müğənnisi kimi;
3.Müəllim, pedaqoq kimi.
Çağdaş dövrümüzdə M.İbrahimov Azərbaycanın ən tanınmış və sevilən xanəndələrindən biridir. O, dünyanın bir çox ölkələrində Azərbaycan musiqisini təbliğ edir. Türkiyə, ABŞ, Almaniya, Fransa, Avstriya, İngiltərə kimi ölkələrin böyük musiqi səhnələrində onun çıxışları olub. İstedadlı sənətkarın yaradıcı şəxsiyyəti olduqca çoxcəhətlidir. Tükənməz enerji qüvvəsi, fərdi özünəməxsuluğu, eyni zamanda lirik ifa üslubu M.İbrahimov yaradıcılığının əsas cəhətlərindəndir.
O, ifaçı müəllim kimi artıq 20 ildir ki, xanəndəlik sənətini tədris edir. Hazırda Azərbaycan Milli Konservatoriyasının professorudur. M.İbrahimov tələbəsi olan, xanəndəlik sənətinin astanasında dayanan, lakin cəsarət etməyi bacarmayan gəncləri səmimi məsləhətləri ilə inamlı, güclü olub, sərbəst addımlamağa sövq edə bilir. Sənətinə vurğun pedaqoq kimi dərslərə yaradıcı münasibət sərgiləyir, biliklərini səxavətlə tələbələrlə bölüşür, eyni zamanda xanəndəlik sənətinə ciddi yanaşmalarını tələbkarlıqla gözləyir.
Məlum olduğu kimi, muğamda tədris şifahi ənənə əsasında dildən-dilə, ustad-şagird ünsiyyəti vasitəsilə keçirilir. M.İbrahimovun müəllim kimi ən yüksək keyfiyyətlərindən biri də təkcə tələbələrə muğam dərsi keçməklə kifayətlənməsi deyil, tələbəyə səmimi diqqət və qayğı ilə yanaşması və həmin tələbəni peşəkar xanəndə kimi yetişdirib səhnəyə hazırlamasıdır. Xeyirxah qəlbə malik olan Mənsum İbrahimov neçə-neçə istedadlı gəncin yaradıcılıq yoluna işıq tutub, onların istedadının dəstəklənməsi və bacarıqlarının inkişaf etdirməsinə yardımçı olub. Bu gün Təyyar Bayramov, Aytən Məhərrəmova, Arzu Əliyeva, Günay İmamverdiyeva və onlarla gənc istedadların yetişməsində və layiqli yer tutmalarında onun müstəsna xidmətlərini qeyd etməliyik. Hazırda həmin gənclər diqqət və qayğı müqabilində yeni-yeni uğurlara imza atır, ölkəmizin musiqi mədəniyyətini, incəsənətini müxtəlif ölkələrin böyük səhnələrində layiqincə təmsil edirlər.
M.İbrahimov istedadlı olduğu qədər də zəhmətsevər insandır. Öz yaradıcılığına heç vaxt ara vermir, daim yaradıcılıq axtarışındadır. M.İbrahimovu həmişə gənc xanəndələrin əhatəsində görmək olar. Təşəbbüsü və rəhbərliyi ilə artıq bir neçə ildir ki, “Gəncləşən Muğam” adlı layihə gerçəkləşir. Respublika muğam müsabiqələrində münsiflər heyyətinin üzvü olaraq onun gənc xanəndələrin seçilməsi və səhnəyə vəsiqə almasında əvəzsiz rolu və zəhməti var.
M.İbrahimov geniş diapazonlu, yüksək tessituralı lirik tenor tembrli səsə malik sənətkardır. Sənətkarın repertuarının əsasını muğam dəstgahları, kiçik həcmli muğamlar, zərbi muğamlar, təsniflər, xalq mahnıları və bəstəkar mahnıları təşkil edir. Onları belə sistemləşdirmək olar.
1.Muğam dəstgahları: “Rast”, “Şur”, “Bayatı-Şiraz”, “Çahargah”, “Zabul-Segah”, “Mirzə Hüseyn Segahı”, “Rahab”, “Mahur-hindi”, “Şahnaz”.
2.Zərbi muğamlar və şikəstələr: “Heyratı”, “Səmayi-şəms”, “Mənsuriyyə”, “Arazbarı”, “Osmanlı”, “Qarabağ şikəstəsi”.
3.Xalq mahnıları və təsniflər: “Qaçaq Nəbi”, “Ay Çiçək”, “Bir cüt sona”, “Yeri-yeri qurbanın olum”, “Ay Pəri”, “Bəh-bəh”, “Yaşılbaş Sona”, “Şuşanın dağları”, “Kimə yalvarım”, “Yara yalvara-yalvara”, “Ay Laçın”, “Küçələrə su səpmişəm”, “Qubanın ağ alması”, “Dilkəş təsnifi”, “Şur təsnifi”, “Segah təsnifi”, “Çahargah təsnifi”, “Mahur təsnifi”, “Bayatı-Şiraz təsnifi” və s.
Göründüyü kimi, ifaçının repertuarı əhatəlidir. Demək olar ki, şifahi ənənəli professional musiqinin janrlarına aid rəngarəng nümunələr xanəndənin yaradı-cılığında bütünlüklə təmsil olunub.
Dahi Bülbül düzgün olaraq qeyd edirdi ki, “Azərbaycan klassik muğamlarının inkişaf tarixi onların ifaçıları ilə sıx əlaqədardır. Fasiləsiz olaraq saat yarım, iki saat uzanan oxumaları yaradan müğənnilər ancaq Azərbaycanda olmuşdur. Xanəndələr Azərbaycan muğamlarını məharətlə ifa etməklə empirik yolla əsrlərdən-əsrlərə keçən orijinal xanəndəlik məktəbi yaratmışlar. Bu orijinal oxuma həm Zaqafqaziyada, həm də Yaxın Şərqdə olduqca böyük rəğbət qazanmışdır” [3, s. 117]. Klassik Şərq musiqisi olan muğam bir sıra xalqların musiqi mədəniyyətinə aiddir. Bu baxımdan, türk, fars, ərəb, hind və başqa xalqların musiqisinin inkişafında muğam bilavasitə rol oynamışdır. Ancaq muğamların meydana gəlməsi, təşəkkülü və inkişafı prosesi eyni deyil, hər ölkədə spesifik milli xüsusiyyətlərə malikdir. Mədəni irsimizin qorunması baxımından dövlət başçısı cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın muğamlarımızın inkişafında göstədikləri qayğı bütövlükdə Azərbaycan mədəniyyətinə olan qayğının təzahürüdür. “Muğam ensiklopediyası”, “Muğam aləmi”, “Muğam antologiyası”, “Muğam mərkəzi”, “Muğam intellekt” kimi möhtəşəm layihələrin işıq üzü görməsi milli musiqi tariximizə yeni səhifələr kimi daxil olmuşdur. Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə gerçəkləşən və muğam sənətinin inkişafı, onun qorunması istiqa-mətində atdığı daha bir addım Azərbaycan muğamları çərçivəsində “Qarabağ xanəndələri” adlı albomun nəfis tərtibatda nəşr olunmasıdır. Təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ənənəvi musiqi mədəniyyətinə diqqət və qayğı prezident İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir. Təsadüfi deyil ki, bir çox xanəndələrimiz dövlətimiz tərəfindən xalq və dövlət qarşısında xidmətlərinə görə ən yüksək fəxri adlara, orden və medallara layiq görülmüşdür.M.İbrahimovun da musiqi mədəniyyətinin inkişafında xüsusi yeri olan sənətkarlarımızdan biri olduğunu qeyd etmək istərdik. Məhz buna görə onun yaradıcılığı, ifaçılıq sənəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. 1998-ci ildə Azərbaycan Respubilkasının əməkdar artisti, 2005-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb. O, həm də prezident mükafatçısıdır. 2010-cu ildə isə Azərbaycan Respublikasının prezidenti tərəfindən ali mükafatla — Şöhrət ordeni ilə təltif olunub.
2007-ci ildən başlayaraq, ilk dəfə olaraq professor, xalq artisti Siyavuş Kəriminin rəhbərliyi ilə M.İbrahimov və onunla birgə çalışan Qarabağ muğam üçlüyü Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança) ilə birgə Niyazinin “Rast”, F.Əmirovun “Şur” simfonik muğamlarını və Vasif Adıgözəlovun “Qarabağ” oratoriyasını simfonik orkestrin müşayətilə ifa edib. Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə bu layihə nəinki Azərbaycanda, həmçinin İzmirdə, Londonda, Minskdə, Kiyevdə və dünyanın bir çox başqa şəhərlərinin böyük salonlarında müvəffəqiyyətlə səslənmişdir.
Muğam ifaçılığında söz əsas faktorlardan biridir. Muğam dəstgahlarının mətn əsasını qəzəllər təşkil edir. Dahi Bülbül yazırdı ki “…ritm, söz, musiqi — bunlar hamısı bir biri ilə əlaqədar olmalıdır” [4, s. 193]. Muğama xas olan ritmik quruluş baxımından musiqi frazalarının sözlə vəhdəti xanəndənin peşəkarlığını özündə əks etdirir. Eyni zamanda xanəndənin söz seçimi onun zövqündən və muğama olan münasibətindən irəli gəlir. M.İbrahimov həmişə muğamların ruhuna, mahiyyətinə, xarakterinə uyğun sözlər seçməyi bacarır. O, muğam şöbələrində klassik şairlərimizdən Nizami, Nəsimi, Seyid Əzim Şirvani, Əliağa Vahid və eyni zamanda müasir poeziyadan nümunələrə müraciət edərək lazım olan tələblərə ustalıqla riayət edir. Bu da əlbəttə, xanəndənin yaradıcılıq potensialına təsirsiz ötüşmür, ifa etdiyi hər bir muğama özünəməxsusluq gətirə bilir.
Qeyd etdiyimiz kimi, hər bir muğam ifaçısının özünəməxsus üslubu və ifa tərzi var. M.İbrahimov muğam ifaçısı üçün xas olan bütün keyfiyyətləri oxu manerasında, səhnə mədəniyyətində əks etdirən sənətkarlarımızdandır. Onun muğam ifaçılığı sahəsində verdiyi töhfələr dəyərlidir. Bu gün muğam sənəti sahəsində dərin biliyə, nüfuza malik olan sənətkar uzun illərdir muğamın tədrisi və ifaçılığı sahəsində əzmlə çalışır. M.İbrahimov Azərbaycanın milli sərvəti olan muğam ifaçılığında ənənə və novatorluğu birləşdirərək yaşadan, inkişaf etdirən və onun öyrənilməsi yolunda əzmlə çalışan sənətkarlarımızdan biridir.
ƏDƏBIYYAT:
- Hüseynov A. Leyli Məcnun qocadır, Leyli və Məcnun cavan // “Xalq” qəzeti. B.: 1993, 3 iyul.
- Çəmənli M.Ş. Məcnunun Məcnunu. B.: Təhsil, 2010, 198 s.
- Məmmədova A.P.Bülbül. B: Azərnəşr,1967, 139 s.
- Bülbül. Seçilmiş məqalə və məruzələri. B.: Azərnəşr, 1968, 237 s.
Научный сотрудник Института Фольклора НАНА
КАРАБАХСКИЕ ХАНЕНДЕ — МАНСУМ ИБРАГИМОВ
Резюме: Карабахская школа вырастила много певцов — ханенде. Она сыграла важную роль в развитии музыкального искусства в Азербайджане. Народный артист республики Мансум Ибрагимов является одним из таких ханенде, который в своей деятельности продолжает традиции этой школы.
В статье подчеркиваются все специфические черты ханенде. Также описываются его роль в работе с подрастающим поколением, в подготовке профессиональных кадров-ханенде. В статье также рассмотрены создаваемые Мансумом Ибрагимовым сценические образы на сцене Азербайджанского Театра Оперы и Балета, а также подчёркивается его роль в развитии музыкальной культуры Азербайджана.
Ключевые слова: Мансум Ибрагимов, ханенде, мугам, культура, исполнительство, искусство
İnstitute of Folklore, ANAS
KARABAKH’S KHANANDEHS – MANSUM IBRAHIMOV
Summary: Karabakh school of mugham which has exceptional role in the development of the Azerbaijani profession of singing has formed dozens of khanandehs (mugham singers) who have great role in Azerbaijani musical culture. Mansum Ibrahimov is one of the khanandehs who keeps alive the specific way of singing and traditions of this school. The search of Mansum Ibrahimov, as a khanandeh, specific shades at his work, his role in forming young khanandehs, his roles on the stage of Azerbaijan opera and ballet Theater, and all his gifts to Azerbaijani musical culture has been published in this article.
Key words: singers, mugham, culture, style, performance, art
Rəyçilər: sənətşünaslıq üzrə elmlər doktoru Rəhimbəyli N.R
sənətşünaslıq üzrə fəlsəfə doktoru Əsədullayeva K.H