“Əmiri” şöbəsinin muğamlarda yeri və rolu
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 2 (36), 2017
AMK-nın baş müəllimi
Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7
“ƏMİRİ” ŞÖBƏSİNİN MUĞAMLARDA YERİ VƏ ROLU
UOT:781,7
Xülasə: Məqalədə muğam şöbəsi olan “Əmiri”nin əhəmiyyətindən, dəstgahlarda tutduğu mövqedən geniş söhbət açılır. “Əmiri” şöbəsinin muğamların dinamikasına göstərdiyi təsir, onun əsas muğam ilə məqam fərqindən yaranması qeyd edilir. İfaçılara tövsiyə olunur ki, “Əmiri” şöbəsinin yaratdığı effektlərdən bacarıqla istifadə etsinlər.
Açar sözlər: muğam, “Əmiri”, variant, şöbə, ifaçılıq
Azərbaycan muğam dəstgahları dinləyicidə qeyri-adi hisslər oyada bilən möcüzədir. Muğamlarda qəhrəmanlıq, eşq-məhəbbət, hüzn-kədər və ya sevinc əhvali-ruhiyyəsi ifaçının istedadı və muğamların şöbə və guşələrindən məharətlə istifadə etmə bacarığından irəli gəlir.
Yaxın keçmişə qədər muğamlar saatlarla ifa edilə bilirdi. Bir saat və ya daha artıq vaxt ərzində dinləyicini heyrətdə saxlamaq, ifaçıdan muğamları dərindən bilib, məqamdan-məqama keçib, təsnif, mahnı, rəng və rəqslərdən məharətlə istifadə edə bilmək qabiliyyəti, istifadə olunan şeir və qəzəllərin mənalarını çatdırmaq, səlist tələffüz, səslərin gözəlliyi, ifaçıların virtuozluğu tələb olunurdu. Cabbar Qaryağdıoğlu, Qurban Primov, Saşa Oqanezaşvili üçlüyü öz ifaları ilə dinləyicini nəinki yormur, əksinə heyrətləndirməyi bacarırdılar. İstedad, zəhmət və bilik belə sənətkarları xalqın xatirində daim yaşadır.
Müasir dövrdə yüksək zövqlə, dərin biliklə muğamları öyrənib ifa etmək üçün hər cür şərait mövcuddur. Bunun üçün musiqi məktəbləri, musiqi kollecləri, Milli Konservatoriya və başqa muğam tədris edən müəssisələr fəaliyyət göstərərək sənətkarların bilik və təcrübəsindən bəhrələnmək, muğamın sirrlərini açıb, gələcək nəsillərə ötürmək məsuliyyətini daşıyır. Muğamlarımızın unikallığı onların çoxvariantlı məqam dəyişmələri və improvizə imkanlarından irəli gəlir. Əsrlər boyu ifaçılar muğamın bu xüsusiyyətindən istifadə edərək təkrarolunmaz təsirə malik musiqi nümunələri yaratmışlar. Muğamların quruluşuna fikir verdikdə, proqram və cədvəllərə nəzər saldıqda bəzi şöbə və guşələrin bir neçə muğam dəstgahında mövcudluğu diqqəti özünə çəkir. Misal üçün “Mahur”, “Rast” muğamlarında segah məqamında olan “Segah”, “Şikəstə”, “Xocəstə”, “Əmiri”, “Mübərriqə”, şur məqamına aid “Vilayəti”, “Dilkeş”, “Kürdü”, şüştər məqamına aid “Manəndi-müxalif”, çahargah məqamına aid “Hisar”, rast məqamına aid “Əraq”, “Qərai” muğam dəstgahında müəyyən dinamika, sujet xətti yaratmaq üçün işlədilir. “Əmiri”dən başqa bütün göstərilən şöbə və guşələr muğamın orta, ya da axıra yaxın hissələrində ifa olunur. “Əmiri” isə adının mənası kimi ancaq muğamın əvvəlində “Bərdaşt” funksiyasını daşıyır və şahanə, hökmlü, əmrlərə layiq (Əmir Teymur, Əmir əl Möminin), yəni irəlidə gedən, irəli aparan olduğunu bildirir.
Ən birinci “Rəhab” muğamında “Əmiri”nin yaratdığı effektdən danışaq. Segah üstündə olun “Şikəsteyi-fars” pərdələrində gəzişən xanəndə və sazəndələr hökmlü ifa nümayiş etdirib şur məqamında olan “Rəhab” şöbəsinə düşərkən kəskin təzad yaratmış olurlar. “Əmiri” və “Rəhab” cümlələrinin dəfələrlə ardıcıl səslənməsi təzad effektini bir neçə dəfə artırır, xanəndə və sazəndələrin ustad sənətkar olmalarına dəlalət edir. Keçən əsrin əvvəllərində səsini qrammofon valına yazdırmış Keçəçioğlu Məhəmmədin 3 dəqiqə çəkən “Rəhab” muğamının ifası buna bariz nümunə ola bilər. Şəkili Ələsgər “Rəhab”ın mahir ifaçısı, “Əmiri” ilə “Rəhab”ın tandemindən bacarıqla istifadə edərdi.
Virtuoz tarzən, Azərbaycanın xalq artisti Hacı Məmmədov “Rəhab” muğamını ifa edərkən iki dəfə “Əmiri” ifa edib və hər dəfə “Rəhab”a düşürdü. Müasir ifaçılardan Azərbaycanın əməkdar artisti, tarzən Vamiq Məmmədəliyev öz ifalarında “Əmiri” və “Rəhab” tandemindən istifadə edir. Müasir ifaçılar “Əmiri”ni üç cümlə, “Rəhab”ı isə bir cümlə ifa edirlər. “Bərdaşt” “Mayə”dən üç dəfə çox səslənir. Bu, məntiqə uyğun olmasa da qəbahət sayılmamalıdır. Çünki Seyid Şuşinski öz tələbələrinə “Rəhab”ı “Əmiri”nin üstünlüyü ilə keçib. O cümlədən Azərbaycanın xalq artisti Əlibaba Məmmədovun 50-ci illərin əvvəllərində, xalq artisti Əhməd Bakıxanovun xalq çalğı alətləri ansamblının müşayiəti ilə oxuduğu “Rəhab” muğamı ilə qəlbləri sevindirmiş və özünəməxsus ifa ilə sevdirmişdir. “Rəhab” muğamını Azərbaycanın xalq artisti Hacıbaba Hüseynov da özünəməxsus üsullarla oxuyardı. “Əmiri”ni o, “Nə xoş sədadır ki, olur musiqilə Nəva” sətri ilə başlayırdı.
Nümunə: 1
İfaçılar tez-tez “Rəhab” muğamını “Rəhab” təsnifləri ilə oxuyurlar. Bu təsniflərdə “Əmiri” və “Rəhab” bir-birini bir neçə dəfə tamamlayıb, balansı təmin edib muğama keçid alırlar.
Yeri gəlmişkən ustad xanəndə Əlibaba Məmmədov dərs vaxtı gənc xanəndələrə “Əmiri”ni “dələ-dələ” ilə deyil, “hələ-dələ” ilə başlamağı tövsiyə edir.
Nümunə: 2
“Əmiri” və “Rəhab”ın şanslarının bərabərləşdirilməsi gənc ifaçıların boynuna düşür.
“Əmiri” “Şüştər” muğamında da “Bərdaşt” funksiyasını daşıyır. “Əmiri”dən “Şüştər”ə düşmək xüsusi bacarıq tələb etdiyi üçün əksər ifaçılar “Şüştər”i “Bərdaşt”sız, bəzən də “Mövləvi” ilə başlayırlar. Gözəl ifaya heç bir söz ola bilməz. Amma “Əmiri” ilə başlanan “Şüştər” xüsusi effekt yarada bilir. “Əmiri” ilə “Şüştər”in ayrı-ayrı məqamlara aid olmağından ehtiyat etmək doğru deyil. Ustad xanəndə Hacıbaba Hüseynov “Şüştər” muğamının “Bərdaşt”ını “Əmiri” ilə oxuyardı. Bir və ya iki cümlə “Əmiri” oxuduqdan sonra “Rəhab”a qayıtmaq üsulundan istifadə edib, “mi” pərdəsində dayanıb “Şüştər”ə düşərdi. Alınan effekt təkrarolunmaz olurdu.
Nümunə: 3
Müasir dövrdə “Şüştər” muğamına az müraciət olunur. Zil pərdələri sərbəst oxuya bilən xanəndələr “Əmiri”nin “Şüştər”lə məqam və registr fərqindən məharətlə istifadə edib şedevr yarada bilərlər. “Əmiri” orta registrdə ifa olunaraq dinləyicidə arxayınçılıq yaratdığı halda birdən “mi” pərdəsində dayanıb, modulyasiya ilə “Şüştər”ə düşmək dinləyicini çox heyrətləndirir.
Müasir xanəndələr arasında “Şüştər”in mahir ifaçısı, əməkdar müəllim Qəzənfər Abbasov “Əmiri”nin yeri və rolunu xüsusi qeyd edir. O, deyir ki, “Əmiri” xanəndə üçün “Şüştər”ə hazırlıq və “Şüştər”in qeyri-adi effekt yaratması üçün xüsusi üsuldur. “Mövləvi” isə “Şüştər”lə eyni məqamda olduğu üçün o effekti vermir, xanəndəni isə yorur.
“Əmiri”dən “Şur” muğamında da istifadə olunur. “Şur”un “Bərdaşt”ı “Əmiri” ilə başlananda “Şuri-Nəva” adlı qeyri-adi ifa alınır. “Şur”da aparıcı pərdə “lya bemol” olduğu halda “Əmiri”də “lya bekar” məqam fərqini nəzərə çarpdırır və ifaçının ustalığına dəlalət edir. Şairin dediyi kimi:
Sakit ol bir an əzizim, başlayır “Şuri-Nəva”,
Çünki “Şur”un hər sözü, hər bir “Nəvas”ı yaxşıdır.
(Hacıbaba Hüseynov)
Müəllimim, xalq artisti Hacı Məmmədov “Şur”un “Bərdaşt”ını “Şuri-Nəva” ilə ifa edərdi.
Nümunə: 4
Şuri-Nəva
Azərbaycanın əməkdar artisti, təkrarolunmaz tarzən Əhsən Dadaşov “Şur” muğamının “Bərdaşt”ını çox vaxt müxtəlif variantlarda “Şuri-Nəva” ilə ifa edərdi. Vaxtilə, “Bərdaşt”ı “Əmiri” olan “Nəva” muğamı Azərbaycan muğamları arasında mürəkkəb quruluşa malik olub, ustadların ifasında səslənərdi. Keçən əsrin 20-ci illərində muğam proqramı tərtib olunarkən “Nəva” tədrisdən kənarda qalır və az qalır ki, unudulsun. Muğam dünyasının yükünü çiyinlərində aparan tarzən, xalq artisti Əhməd Bakıxanov “Nəva” muğamını vala yazdırır. Oğlu Tofiq Bakıxanov isə bu ifanı nota salır. Xalq artisti Bəhram Mansurov da “Nəva” muğamını özünəməxsus ifa ilə radioda yazdırır. Müasir ifaçılardan əməkdar artist Vamiq Məmmədəliyev, əməkdar artist Valeh Rəhimov, əməkdar artist Mirnazim Əsədullayev, əməkdar müəllim Rafiq Musazadə, əməkdar artist Toğrul Əsədullayev “Nəva” muğamını radio və televiziyada ifa etməklə unudulmağa qoymayıblar. Hal-hazırda “Nəva” muğamı Azərbaycan Milli Konservatoriyasının magistr mərhələsində tədris olunur. Deməli, gənc ifaçıların bu muğamı öyrənib inkişaf etdirmək üçün zəmin var. “Nəva”nın ifasında müxtəlif şöbə və guşələrin səslənməsi, müxtəlif variantların mövcudluğu təqdirəlayiq haldır. Azərbaycanın əməkdar artisti Fərqanə Qasımovanın 2015-ci ildə ifa etdiyi “Nəva” dəstgahı başqa-başqa şöbə və guşələrdən təşkil olunmasına baxmayaraq “Bərdaşt” yenə də “Əmiri” ilə oxunmuşdu.
“Əmiri” bəzən “Zabul-segah” muğamında da “Bərdaşt” kimi işlənir. Xalq artisti Hacıbaba Hüseynov “Əmiri”ni oxuyub “Rəhab”a qayıdan yerdə “mi” pərdəsindən bir tramplin kimi istifadə edərək “Zabul”a düşərdi. O, bunu “Zil Zabul”u dəfələrlə təkrar etməmək üçün edirdi. Müasir ifaçılardan Azərbaycanın xalq artisti Zabit Nəbizadə də “Əmiri”nin bu xüsusiyyətindən məharətlə istifadə edib unikal ifa nümayiş etdirmişdir.
Muğamlarımız zəngin xəzinəyə bənzəyir. Onu öyrənib tədqiq etdikcə yeni-yeni incilər meydana çıxır. Muğam ifaçılarımız nə qədər çox biliklərə malik olsalar, ifaları da bir o qədər maraqlı və cazibədar olar. Muğamlar isə, daha da inkişaf edib, dünya musiqisi səviyyəsində yüksək mövqe nümayiş etdirər.
ƏDƏBİYYAT:
- Bakıxanov Ə.M. Muğam, mahnı, rəng. B.: İşıq, 1975, 33 s.
- Musazadə R. Qədim muğamlar. B.: MBM, 2013, 124 s.
Старший преподаватель АНК
РОЛЬ И ЗНАЧЕНИЕ РАЗДЕЛА «АМИРИ» В МУГАМЕ
Резюме: В статье раскрывается роль и значение раздела «Амири» в азербайджанских мугамах («Рахаб», «Шуштер», «Шур» и т.д). Раздел «Амири», несмотря на ладовое различие, выступает в роле вступления («Бардашт»), имеющийбольшое значение в образовании динамики, сюжетной и драматургической линий.
Ключевые слова: мугам, «Амири», вариант, талант, шобе, исполнение
Senior Lecturer of ANC
PLACE AND ROLE OF THE “АMIRI” SECTİON IN MUGAM
Summary: The article describes the role of the section of “Amiri” in Azerbaijani mugham (“Rahab”, “Shushter”, “Shur” and etc.). “Amiri”, in spite of modal differences, in the role of entries (“Bardasht”) has enormous values in the formation dynamics, plot and dramaturgic lines
Key words: Mugham, “Amiri”, variant, talent, work, section, performing
Rəyçilər:
sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadə
filologiya üzrə fəlsəfə doktoru Fəxrəddin Baxşəliyev