AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 4, 2016

Aysel İSMAYILOVA

AMK-nın doktorantı

Email: ozanqaravelli@mail.ru

UOT 781,7

MUĞAMIN İSLAM DİNİ İLƏ BAĞLILIĞI HAQQINDA

 endir

PDF 

 

 

 

Xülasə: Məqalədə işıqlandırılan mövzu istər orta əsr, istərsə də müasir dövrümüzdə tədqiqatçılar tərəfindən müəyyən dərəcədə öyrənilsə də, bir çox məsələlər hələ sual altındadır. Təqdim olunan məqalənin əsas məqsədi muğamın İslam dini ilə bağlılığını araşdırmaqdan ibarətdir. Ateist sovet dövrünü yaşamış Azərbaycan müstəqillik əldə edəndən sonra zəngin muğam irsinin hərtərəfli öyrənilməsi problemini ön plana çıxarmışdır. Bu baxımdan, muğamın mahiyyəti ilə bağlı olan İslam dünyagörüşünün muğam ifaçılığını şərtləndirən faktor kimi işıqlandırılmasının vacibliyi əsas məsələ kimi qoyulur. Mövcud olan elmi ədəbiyyatla tanışlıq, yaşlı nəslin nümayəndəsi, ustad Aqil Məlikovla söhbət zamanı alınan məlumat onu göstərir ki, araşdırılan məsələyə yanaşmalar müxtəlif olsa da, İslam dünyagörüşü muğama nəinki yaxındır, hətta onun  təbiətindədir.

Açar sözlər: İslam, irfan, muğam, məclis, mədəniyyət

Biz artıq müasir, modern, olduqca inkişaf etmiş texnologiyalar dövründə yaşa-yırıq. Həyatımızın hər bir sahəsi inkişaf edib dəyişikliklərə uğradığı kimi, Azər-baycan musiqisi də bu proseslərdən keçir. Sinkretik musiqi janrı olub bir çox musiqi janrlarını cəmləşdirərək formalaşmış, ilahi musiqi kimi inkişaf edən muğamların tarixi inkişaf yoluna nəzər salsaq, bu böyük, qədim, yaşı əsrlərlə ölçülən “karvan”ın zaman-zaman bir çox dəyişikliklərə, itkilərə məruz qaldığını açıq-aydın görmək mümkündür. Buna misal olaraq Səfiəddin Urməvinin, Əbdülqadir Marağayinın risalələrində qeyd edilən bilgiləri göstərmək olar. Bundan əlavə XIX-XX əsrlərdə yaşamış Mir Möhsün Nəvvab, Üzeyir bəy Hacıbəyli, Əfrasiyab Bədəlbəyli və Məmmədsaleh İsmayılovun yazılarını misal göstərmək mümkündür. Bu məlumatı gözdən keçirdikdə muğamlarımızın hər dövrün tələbatına görə bu günə qədər gəlib çatdığı zaman ərzində nə dərəcədə kiçildiyini, bir çox şöbə və guşələrin itirildiyini, adlarının dəyişildiyini görmək olur. Hər dövrün öz tələbatına uyğun olaraq muğamlar müəyyən inkişaf prosesindən keçərək dəyişikliklərə məruz qalmasına səbəb həmin dövrlərdə mövcud olan məclislər, adət-ənənələr və həmin dövrlərdə hökm sürən siyasi proseslər olmuşdur.

Azərbaycan türkləri tarix boyu digər xalqlar tərəfindən təcavüzə məruz qaldığı kimi, onun mədəniyyəti, tarixi abidələri, adət-ənənələri və musiqisi də eyni aqibətlə üzləşmişdir. Tarixin buraxdığı izləri muğamlarımızda çox açıq-aydın şəkildə görmək mümkündür. Tarix boyu yaşananlar muğamlarımızın inkişafında müəyyən şərait yaratdığı kimi, eyni zamanda onun bir qisminin itirilməsinə də səbəb olmuşdur.

Muğamların inkişafında ən mühüm rolu əsasən məclislər, el şənlikləri və mərasimlər oynayıb. Bu baxımdan məclisləri xüsusi ilə qeyd etmək lazımdır. Muğamların inkişafında XIX-XX əsrlərdə mövcud olan məclislərin xüsusi yeri olub. Belə məclislərdə o dövrün bir çox tanınmış muğam biliciləri, xanəndələr, ifaçılar, söz xiridarları, əruzşünaslar, musiqişünaslar iştirak edər, muğam dəstgahlarının hansı xanəndə və instrumentalçı tərəfindən daha doğru, düzgün ifa olunduğuna aydınlıq gətirərdilər. Eyni zamanda burada xanəndənin peşəkarlığına, muğamda istifadə etdiyi əruzun seçiminə və professionallığına diqqət verilərdi. Həmin dövrlərdə bu cür məclislər Azərbaycanın bir çox bölgələrində yaradılmışdır. Buna misal olaraq Bakıda Mansurovların salonu, Şuşada Xan qızı Xurşidbanu Natəvanın yaratdığı “Məclisi-üns” (Dostluq məclisi), Mir Möhsün Nəvvabın yaratdığı “Məclisi-Fəramüşan” (1, s. 36), Mahmud ağanın “Beytül-Səfa” məclisini, Lənkəran və Naxçıvanda mövcud olan ədəbi məclisləri misal göstərmək olar.

Hər bir kəsə məlum olduğu kimi, Azərbaycan xalqı İslam dininə etiqad edir. Bir çox dinlərdə mövcud olduğu kimi, İslam dinində də bəzi din xadimləri, axundlar musiqinin haram olduğunu və Allah tərəfindən haram buyrulduğunu təbliğ etmişlər. Çox təəssüflə qeyd etməliyik ki, bu fikir hələ də qalmaqdadır. Bu faktı aydın-laşdırmaq üçün tanınmış əhli-beyt aşiqi olan xanəndə, əməkdar incəsənət xadimi Aqil Məlikovla həmsöhbət olduq. Aqil müəllim gözəl muğam ifaçısı olmaqla yanaşı, eyni zamanda çox böyük əruz bilicisidir.

Aqil müəllimdən bir əhli-beyt aşiqi kimi, muğam ifaçılığı ilə məşğul olmasının haram-halallığı ilə maraqlandıq. Həmsöhbətimiz muğamın Allaha yaxınlaşma, bir növ, meditasiya rolunu icra etdiyini vurğulayaraq “Əgər muğam haramdırsa, niyə Quran ayələri oxunarkən xüsusi avazla, muğam nəfəsləri ilə ifa edilir?” fikrini xüsusi qeyd etdi. Eyni zamanda Aqil Məlikov islamiyyətdə mövcud olan dörd məclis haq-qında məlumat verərək muğamın əslində haram deyil, Allah tərəfindən insanlara bəxş edilən ilahi musiqi olduğunu təsdiqlədi.

XV ya da XVI əsrlərdə yaşayıb-yaratmış Əbdülmömin ibn Səfiəddin ibn Məhyəddin tərəfindən farsca yazılmış “Behcətür-ruh” (tərcüməsi: “Ruhun şadlığı”) risaləsində yazır “…Musiqi elmi yeddi ulduzundan və dörd ünsüründən iqtibas etdiyi üçün hər bir tayfanın etnik tərkibinə, peşəsinə, tutduğu vəzifə və məşğələsinə görə mahnı oxumalıdır. Əbdülmömünə görə yoxsullar üçün novruz-ərəb, rəhavi və zəngulə oxunmamalıdır” (3).

Aqil Məlikov islamiyyətdə mövcud olan 4 məclisdən ən birincisinin “Quran” məclisi olduğunu bildirir: “Bu məclis zamanı insanlar bir yerə yığışar, burada Quran ayələri hər hansı bir muğam üzərində oxunar və onların mənaları insanlara hafizlər tərəfindən izah edilər”. Aqil müəllimin də qeyd etdiyi kimi, belə bir hədis mövcuddur ki, “Hansı məclisdə ki, Quran ayələri xətm edilərsə və orada Allahın sevimli peyğəmbər (S.Ə.S.), övliyalar və imamların adı çəkilərsə, Allahın nəzəri o insanların üzərində olar”. İkinci məclis “Şəriət” məclisidir ki, bu məclislərdə də şəriətin izn verdiyi barədə insanlara bilgilər ötürülər, Quran ayələrindən misallar çəkilər. Üçüncü məclis “Əli süfrəsi”məclisidir ki, bu məclis olduqca təmtəraqlı keçirilir. Bu məclis daha çox şiə təriqətinə mənsub olan insanlar və ən əsası da əhli-beyt aşiqləri tərəfindən böyük coşqu ilə keçirilir. Həmin məclisləri daha çox Bakı, Abşeron, bakıətrafı kəndlər və ən əsası da cənub bölgəsinin sakinləri daha çox qeyd edir. Bu məclisin əsas xüsusiyyəti ondan ibarətdir ki, burada Allahın və onun sevimli bəndələri sayılan imamların (ən əsası isə imamlar imamı sayılan İmam Əlinin) adına xüsusi süfrələr açılır, ehsanlar verilir, qurbanlar kəsilir. Bundan əlavə bu məclislərdə Quran biliciləri ilə yanaşı, dərvişlərə də xüsusi yer verilir. İlk öncə məclisdə Quran ayələri oxunur, Allaha dualar edilir, sonra isə dərvişlər Allahın mədhinə xüsusi qəzəllər ifa edərək insanları şadlandırırlar. Bu məclisdə ifa edilən qəzəllər, qəsidələr insanları düşündürür və pis əməllərdən çəkindirməyə çalışır. Dərvişlərin bu məclislərdəki əsas rolu bir növ, xanəndənin funksiyasını daşıyır. Sadəcə olaraq onları xanəndələrdən fərqləndirən əsas xüsusiyyət muğam ifası zamanı qinayə yolver-məmələridir. Qina deyərkən, burada həddindən artıq çox istifadə edilən zəngulələr, qışqırıqlar nəzərdə tutulur. Bundan əlavə dərvişlər muğamları daha çox məzhər (sağanağında haram sayılan metal halqalar, pulcuqlar, zınqırovlar olmayan dərviş dəfi) alətinin müşayiəti ilə və ya dəmyə ifa edirlər. Sonuncu məclis isə hər birimizə məlum olduğu kimi, hətta bir çox musiqişünasların kitablarında qeyd edilən “Məhərrəmlik əzadarlığı”dır. Bu məclislər, adətən, daha çox XIX-XX əsrlərdə keçirilib. İndiki dövrdə də bu məclis mövcud olmaqdadır. Əgər həmin dövrlə indiki məclisi müqayisə etsək, çox böyük dəyişiklərin baş verdiyini görə bilərik. Əvvəllər bu məclislərə xanəndələr cəlb edilər və onların ifasında 14 əsr bundan əvvəl baş vermiş Kərbala hadisələri tamaşa formasında insanlara təqdim edilərdi. Hal-hazırkı dövrdə isə bu mövcud deyil. Hətta, ustad sənətkarımız Cabbar Qaryağdıoğlu dövründəki xanəndələrin əsl professional kimi yetişməsi üçün Məhərrəmlik ayında keçirilən məclislərdə iştirak etmələrinin çox önəmli olduğunu qeyd etmişdir. Bu məclislər haqqında danışmaqda əsas məqsəd muğamın həqiqətən də Allah tərəfindən bəxş edilmiş ilahi musiqi növü olmasını diqqətə çatdırmaqdır”.

Aqil müəllimlə söhbət zamanı bu məclislərin hər birində muğamdan istiadə olunması, hətta, Quran məclislərində belə ayələri xüsusi avazla ifa edilməsi fikri bir daha səsləndirildi.

Müasirləşməyimiz, texnikanın sürətlə inkişafı bizə müəyyən naliyyətlər versə də, bir çox dəyərlərin itməsinə də səbəb olur. Müasirləşmə özünü insan həyatının demək olar ki, hər bir sahəsində göstərir: xüsusi ilə də adət-ənənələrimiz, mədə-niyyətimiz, incəsənətimiz, musiqimiz və el şənliklərimizdə. Müasirlik hər kəlmə-sində, hər avazında insanı düşündürməyə sövq edən musiqi janrı olan muğamın da bəsitləşməsinə səbəb olub.

Biz muğamlarımızı Avropaya təqdim etmək üçün sadələşdirmiş və bir növ, suvenir kimi təqdim edirik. Əvvəllər muğamlarımızın ifası zamanı xanəndələr qəzəllərə xüsusi bir diqqət yetirdiyi bir vaxtda indi artıq buna elə də böyük önəm verilmir. İndi hər kəs öz zövqünə, düşüncə tərzinə uyğun bəsit qəzəllərə, çox vaxt isə bayatılara müraciət edir. Bu da muğamların günü-gündən öz dərin məzmununu itirməsinə səbəb olur. Onu da qeyd etməliyik ki, muğam ifaçının əhvali-ruhiyyəsi, psixologiyası ilə də sıx bağlıdır. Bu səbəbdən də muğam özündə irfanı, fəlsəfəni, əruzu, məntiqi və psixologiyanı cəmləşdirən böyük bir elmdir. Çox zaman həkimlər bir xəstənin sağalması üçün ilk növbədə onun ruhən sağalmasının  önəmli olduğunu qeyd edirlər. Muğam da məhz insanı ruhən sağaldan, ona rahatlıq gətirən, onu mənən bütün dünyəvi çirkabdan təmizləyən bir vasitədir. Məhz bunun nəticəsidir ki, dövrümüzdə muğam dünyanın diqqət mərkəzindədir və dünyanın bir çox yerlərində, əsasən Şərqdə muğam festivalları, simpoziumları və elmi konfranslar keçi-rilməkdədir.

 

ƏDƏBİYYAT:

  1. Kərimli T.M. Mirmöhsün Nəvvab Qarabağinin pedaqoji görüşləri. Dissertassiya : 2005, 169  s.
  2. Onullahi S.M. Muğamların şərhi. // “Ədəbiyyat və incəsənət” qəzeti, 1990, 21 sentyabr.
  3. Mirmöhsün Nəvvab. Vüzuhül-Ərqam. B.: Elm, 1989, 84 s.

 

Айсель ИСМАИЛОВА 

Докторант АНК

О СВЯЗИ МУГАМА С ИСЛАМСКИМИ РЕЛИГИОЗНЫМИ ОБРЯДАМИ

Резюме: Основная цель представленной статьи заключается в изучении связи мугама с исламской религией. Знакомство с существующей научной литературой, сведения, полученные во время беседы с представителем старшего поколения устадом Агилом Меликовым, свидетельствуют, что исламское мировоззрение не только близко к мугаму, но и имеется в его природе.

Ключевые слова: Ислам, ирфан, мугам, меджлис, культура   

 

Aysel ISMAYILOVA

       Doctoral candidate  of ANC

ON THE CONNECTION OF MUGHAM WITH ISLAMIC RELIGIOUS RITES

Summary: The main purpose of the present article is to examine the relation of mugham with Islamic religion. Acquaintance to the existing scientific literature, the data received during the interview with the representative of the senior generation, the master AgilMelikov demonstrate that though   separated approaches to the studied question, according to results, the Islamic outlook not only is close with mugham, but also is available in its nature.

Key words: Islam, irfan, mugham, majlis, culture

 

Rəyçilər:

sənətşünaslıq üzrə elmlər doktoru, professor Sevil Fərhadova

sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əfsanə Babayeva

Mövzuya uyğun