Gənc tarzənlərin müasir tar ifaçılıq sənətinin inkişafında rolu
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 1, 2016
AMK-nın doktorantı
Email:solmire-111@mail.ru
UOT 786/789
GƏNC TARZƏNLƏRİN MÜASİR TAR İFAÇILIQ SƏNƏTİNİN İNKİŞAFINDA ROLU
Xülasə: Məqalədə gənc tarzənlərin ifaçılıq sənətinə təsiri barədə söhbət açılır. Gənc ifaçıların yaradıcılığı araşdırılır, onların ifaçılıqda ümumi cəhətləri aşkar edilir.
Açar sözlər: tar, gənc, sənət, ifaçı, müasir
Azərbaycan torpağı əsrlər boyu sevilən gözəl ifaçılar — görkəmli xanəndələr, aşıqlar yetişdirib. Görkəmli ifaçılarımızdan Xan Şuşinski, Bülbül, Rəşid Behbudov, Şövkət Ələkbərova kimi milli korifeyləri olan doğma yurdumuzun zəngin xalq musiqisi və musiqi ifaçılarının yaradıcılıq fəaliy-yətlərini nə qədər öyrənsək də, yenə azlıq edəcək. Belə ki, hələ öyrənməli, sirri açılmamış sənət yolları olan ifaçılarımız çoxdur.
Məlumdur ki, tar milli musiqi alətlərimizin tacı sayılan və azərbaycançılıq ruhunu aşılayan qədim milli musiqi alətimizdir. Azərbaycan tarını Mirzə Sadıq Əsədoğlu rekonstruksiya edib və bu təkmilləşmədən sonra 3 nəsil Azərbaycan tarzənləri yetişmişdir.
I nəsil tarzən ifaçılarımıza XIX əsrdə yaşayıb-yaratmış tar ifaçıları aid edilir. Bu mərhələdə Məşədi Məlikməmməd Ağasalah oğlu (1838-1909), Mirzə Sadıq Əsədoğlu (1846-1902), Mirzə Fərəc (1847-1927), Məşədi Zeynal (1850-1918), Malıbəyli Həmid (1869-1922), Məşədi Cəmil Əmirov (1875-1928), Şirin Axundov (1878-1927), Qurban Pirimov (1880-1965), Mənsur Mənsurov (1887-1967), Məmmədmirzə Bakıxanov (1890-1957), Əhməd Bakıxanov (1892-1973) kimi görkəmli tarzənlərimiz fəaliyyət göstərərək tar ifaçılıq sənətimizi inkişaf etdiriblər.
II nəsil tarzənlərimizə Azərbaycan xalq artistləri Ramiz Quliyev, Ağasəlim Abdullayev, Möhlət Müslümov, Firuz Əliyev, əməkdar artistlər Vamiq Məmmədəliyev, Fikrət Verdiyev, Valeh Rəhimov, Elxan Mansurov və b. kimi görkəmli şəxsiyyətlər aiddir.
III mərhələyə gənc tarzənlərimizi aid etmək olar. Bunlar Malik Mansurov, Elçin Həşimov, Əliağa Sədiyev, Ələkbər Ələkbərov və b. kimi sənətkarlarımızdır.
Dahi bəstəkarımız Üzeyir Hacıbəyli tarın əsas pərdələrini Avropa klassik səs düzümünə məxsus tonlara uyğunlaşdırmış, onun notla rahat ifa edilməsinə nail olmuşdur. Bu yeni islahatlar tar alətində dünya klassik musiqisinə məxsus əsərlərin ifa olunmasına gətirib çıxarmışdır. Məhz bu baxımdan tar ifaçılıq sənətində öz sözünü demiş novator sənətkarlarımız həm klassik musiqi xəzinəsinə aid nümunələri, həm də muğamları böyük ustalıqla ifa edirlər.
XX əsrin 70-ci illərindən başlayaraq müasir tar ifaçılıq sənəti təkmilləşməyə başlanmış və dünya musiqi alətlərinə inteqrasiyası prosesi geniş vüsət almışdır. Buna səbəb Azərbaycan bəstəkarlarının tar və simfonik, estrada simfonik, kamera və xalq çalğı orkestrləri üçün yaz-dıqları iri və kiçik həcmli əsərləri ilə yanaşı, həm də xarici ölkə bəstəkarlarının yaradıcılıqlarından olan nümunələrin tar aləti üçün transkripsiya olunması idi. Dünya səhnələrində ifa olunan bu nümunələr xüsusi marağa səbəb olmuş və inteqrasiya prosesinə böyük təkan vermişdir. Əlavə olaraq qeyd etmək lazımdır ki, bu illərdə Şərq ölkələri arasında tarın ilk dəfə olaraq solo-konsert proqramları ilə çıxışları yeni ənənənin əsasını qoymuşdur.
Eyni zamanda tar ifaçılığının dünya səhnələrinin konsert proqramına daxil olmasının başlıca səbəblərindən biri kimi ifaçının virtuoz məharəti, musiqi duyumu və keçdiyi məktəbin səviyyəsini göstərmək olar. Bu baxımdan müasir tar ifaçılıq sənətini aşağıdakı xüsusiyyətlərlə səciyyələndirmək mümkündür:
- Müasir tar ifaçılığı ənənələrinə tam, bənzərsiz yeni texnika və bədii üslubun gətirilməsi;
- Muğamların və bəstəkar əsərlərinin ifasında keyfiyyətcə fərqlənən yeni interpretasiyaların formalaşdırılması;
- Tar alətində yeni səslənmə, tembr və digər ifadə imkanlarının aşkar edilməsi;
- Avropa musiqi alətlərinə xas olan müxtəlif ştrix və nüansları duyaraq onları ifadə etmə bacarığının formalaşdırılması;
- Sağ-sol əl və barmaq texnikasını həm fərqli, həmçinin bədii ifadə imkanlarının novatorcasına əlaqələndirilməsi və ifa edilən əsərdə böyük məharətlə səsləndirilməsi;
- Müxtəlif yeni effektli ifa maneraların və texniki xüsusiyyətlərin əsasının formalaşdırılması.
Sadalanan bütün bu keyfiyyətlərə malik olan tar ifaçısı geniş dinləyici auditoriyasının rəğbətini qazanaraq Azərbaycan, eləcə də xarici ölkə bəstəkarlarının klassik əsərlərini səsləndirmək bacarığına nail olur. Həmçinin, mənşəyindən asılı olmadan həm xarici, həm də milli ruhda yazılmış əsərə qarşı auditoriyada rəğbət hissini oyada bilir. Bununla bərabər müasir tar ifaçılarımız səhnə mədəniyyəti, repertuar zənginliyi və ifaçılıq səriştəsi ilə xüsusi olaraq seçilirlər.
Qeyd olunan tar ifaçılırımızın xüsusiyyətlərinin formalaşması nəticəsində həm milli alətin dünya musiqi alətləri ailəsinə inteqrasiyası mümkün olmuş, həm də dünyanın konsert səhnələrində böyük orkestrlərin müşayiəti ilə solo konsert proqramlarının uğurla həyata keçməsinə səbəb olmuşdur.
Müasir tar ifaçılığı sənətinin istedadlı nümayəndələri həmçinin öz sələflərinin ənənələrini yaşadaraq layiqincə davam etdirirlər. Bunlara misal olaraq Malik Mansurov, Elçin Həşimov, Əliağa Sədiyev, Ələkbər Ələkbərov, Sahib Paşazadə, Şəhriyar İmanov, Mustafa Aşurov kimi və digər tarzənlərimizi göstərə bilərik.
Görkəmli tar ifaçısı olan Əliağa Sədiyev müasir dövrdə fəaliyyəti və yaradıcılığı ilə seçilir. 20 ilə yaxın Azərbaycanın xalq artisti Nəzakət Teymurova ilə birgə çalışmış və dünyanın bir çox ölkələrinə qastrol səfərləri edərək konsert proqramları ilə çıxış etmişdir. Hazırda “Xarı bülbül” muğam qrupunun bədii rəhbəridir.
Tar ifaçılıq sənətində gənc nəslin nümayəndələrindən biri olan Ələkbər Ələkbərov həm ifaçılıq sənətində, həm də pedoqoji fəaliyyətində böyük uğurlar qazanmışdır.O, 1992-ci ildə görkəmli tarzən Ə.Bakıxanovun 100 illik yubileyinə həsr olunmuş Respublika müsabiqəsində birinci yerə layiq görülmüşdür. Həmçinin Ə.Ələkbərov ABŞ, Fransa, Çexiya, Türkiyə, İran, Türkmənistan, Qazaxıstan, Rusiya, Ukrayna, Belarusiya, Kanada, Özbəkistan, Polşa, İngiltərə və s. xarici ölkələrdə muğam triosu ilə milli musiqimizi layiqincə təmsil etmişdir. Respublikanin xalq artistləri – B.Mahmudoğlu, A.Babayev, M.Əyyubova, C.Əkbərov, əməkdar artistlər – Z.Əliyev, A.Orucova, G.Əliyeva kimi bir çox tanınmış xanəndələrlə işbirliyi olmuşdur. Hal-hazırda Azərbaycan Milli Konservatoriyasında “İnstrumental muğam” kafedrasında baş müəllim vəzifəsində çalışır.
Gənc nəslə aid edilən istedadlı tarzənlərimizdən biri də Elçin Həşimovdur. 1992-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1997-ci ildə isə Bakı Musiqi Akademiyasının xalq çalğı alətləri şöbəsini (tar) bitirən E.Həşimov hazırda Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyət göstərir.Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının simfonik orkestrində çalışan tarzən bir çox muğam tamaşalarında – “Leyli və Məcnun”, “Aşıq Qərib”, “Gəlin qayası”, “Şah İsmayıl” operalarında və Niyazinin “Rast” simfonik muğamında olan solo partiyaları yüksək professionallıqla ifa etmişdir. Mahir istedada malik olan Elçin Həşimov milli musiqi sənətimizi dünyanın bir çox ölkələrində — ABŞ, Fransa, Almaniya, İngiltərə, İsveç, İsveçrə, Finlandiya, Hollandiya, İran, Türkiyə, Rusiya, Ukrayna və s. ləyaqətlə təmsil etmişdir. Qeyd etmək lazımdır ki, 2007-ci ildə o, Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına, 2014-2015-ci illərdə isə Prezident Mükafatına layiq görülmüşdür.
Bəzi gənc nəsil müasir tar ifaçılarımız beynəlxalq festivallarda iştirak edərək Respublikamızı layiqincə təmsil edirlər. Bura Sahib Paşazadə, Şəhriyar İmanov, Mustafa Aşurov və bu sətirlərin müəllifi Samirə Cəlilova kimi tarzənləri aid etmək olar.
Azərbaycanın əməkdar artisti Sahib Paşazadə istedadlı tar ifaçılarımızdan biridir. Onun yüksək səviyyəli musiqiçi kimi yetişməsundə atası — görkəmli dirijor Ağaverdi Paşayevin rolu danılmazdır. İfaçılıqla bərabər həm də tar alətinin təbliğatçısı kimi dünyanin bir çox ölkələrinə qastrol səfərləri edən istedadlı tarzən Azərbaycan tarının tarixi, inkişafı və texniki imkanları barəsində Braziliyada keçirilən Beynəlxalq Festivalda çıxış edərək 2012-ci ildə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini bildirmişdir. Burada keçirilən konsert zamanı ifaçı “Segah”,“Mahur-Hindi”, “Bayatı-Şiraz”, “Cahargah” kimi Azərbaycan muğamlarından parçalar və “Azərbaycan”, “Bənövşə”, “Naz-Nazı” və digər Azərbaycan milli rəqslərini, habelə braziliyalı bəstəkar Zeqinya Abreunun “Tiko-Tiko” əsərini Azərbaycan musiqisi ilə sintezini auditoriyaya təqdim etmişdir. Qeyd etmək lazımdır ki, S.Paşazadənin Braziliyadakı çıxışları Azərbaycan musiqisi və mədəniyyətinin bu ölkədə tanıdılmasına xidmət etmişdir.
Azərbaycan tar ifaçılıq məktəbinin yeni, gənc və istedadlı nümayəndəsi olan Şəhriyar İmanov Milli Konservatoriyada pedaqoji fəaliyyət göstərməklə yanaşı, həmçinin karyerasını solo, müşayiət fəaliyyəti ilə də davam etdirir. İlk təhsilini 4 saylı musiqi məktəbində alan tarzənin ilk uğurları isə 1998-ci ildən başlayır. Məktəbdaxili müsabiqənin I yer qalibi olan Şəhriyar İmanov növbəti ildə Hacı Məmmədov adına 4-cü Bakı şəhər müsabiqəsinin, ardınca isə 5-ci Hacı Məmmədov adına müsabiqənin I yer qalibi olur. 2001-ci ildə ilk solo konsertini verən tarzənin Dövlət Simfonik Orkestri və xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi ilə çıxışı alqışlara səbəb olur. 2002-ci ildən təhsilini Bülbül adına orta ixtisas məktəbində davam etdirərək bir neçə respublika müsabiqəsinin qalibi olur. Qırğızıstanda keçirilən “İssikkul yıldızları” festivalında, ABŞ-da “SXSW music” festival”ında, İsraildə “Oud festival”ında, Çində “Shanxai world music festivalında, Fransada “Midem” festivalında, İsveçrə “Montreux jazz” festivalında, Almaniyada “Rudolshtat folk music” festivalında iştirak edən gənc ifaçı həmçinin, Yunanıstanda, İtaliyada, Çexiyada, Avstriyada, Ukraynada, Moskvada, İsveçrədə, Kiprdə müxtəlif konsert proqramları ilə çıxış etmişdir.
Adı Azərbaycan Respublikasının “Qızıl Kitab”ına daxil edilən gənclərdən prezident təqaüdçüsü Mustafa Əhməd oğlu Aşurovun adını çəkə bilərik. L. və M.Rostropoviçlər adına 21 saylı onbirillik musiqi məktəbində təhsil alan gənc tarzənimiz ali təhsilini Azərbaycan Milli Konservatoriyasının bakalavr və magistr pillələrində davam etdirmişdir. Şotlandiya, Fransa, Norveç, Belçika, Britaniya kimi ölkələrdə konsert proqramlarında çıxış edən Mustafa Aşurovun ifası dinləyicilərin zövqünü oxşamış və böyük rəğbətlə qarşılanmışdır.
Xalq artisti Möhlət Müslümov bu sətirlərin müəllifi haqqında söyləyir: “İfaçılıq sənətində özünəməxsus ifaları ilə seçilən gənc istedadlı tarzənlərimizdən biri də Samirə Cəlilovadır. İlk təhsilini 11 saylı uşaq musiqi məktəbində Rübabə Poladovanın sinfində alan gənc ifaçı daha sonralar təhsilini Azərbaycan Milli Konservatoriyasında Möhlət Müslümovun sinfində davam etdirmişdir. Bir çox respublika müsabiqələrinin iştirakçısı olan gənc tar ifaçısı Samirə Cəlilova həmçinin, müxtəlif illərdə Türkiyə, Qırğızıstan, İran, İspaniya, Özbəkistan, İsveç, Fransa və s. ölkələrdə solo və muğam triosu ilə çıxışlar etmişdir. Gənc tarzən xanım həm ölkəmizdə, həm də xarici ölkələrdə bəstəkar əsərləri ilə yanaşı, muğamlarımızı da məharətlə ifa etmiş və tamaşaçıların rəğbətini, sürəkli alqışlarını qazanmışdır” (İctimai TV-nin efirində “Ustad dərsi” verilişində. 2009, 25 aprel).
Müasir dövrümüzdə ifaları ilə seçilən gənc tarzənlərimizdən biri də Bəhruz Zeynalovdur. İlk təhsilini Xaçmaz şəhər musiqi məktəbində alan gənc tar ifaçısı daha sonralar təhsilini Bülbül adına orta ixtisas və musiqi məktəbində və Azərbaycan Milli Konservatoriyasında davam etdirmişdir. Müxtəlif illərdə F.Manafov, A.Abdullayev, M.Kərimov, M.Quliyev kimi müəlllimlərdən tar sənətinin sirlərini mənimsəyən Bəhruz Zeynalov bir neçə Respublika müsabiqələrində və Beynəlxalq festivalda iştirak edərək uğur qazanmışdır. Türkiyə, Rusiya, Gürcüstan, İran kimi ölkələrdə müxtəlif illərdə konsertlərlə çıxış edən gənc ifaçı hal-hazırda Asəf Zeynallı adına Musiqi Kollecində pedoqoji fəaliyyət göstərir. Qeyd etmək lazımdır ki, simfonik orkestrlə ifa etdiyi V.Adıgözəlovun “Qərənfil”, H.Rzayev “Cahargah rapsodiyası”, H.Xanməmmədovun “II konsert” əsərlərinə özünəməxsus ifa tərzini tədbiq edərək auditoriyanın böyük sevgisini qazanmışdır.
Bu gün musiqi ifaçılığı sənətinə dövlət tərəfindən göstərilən diqqət və qayğı təqdirəlayiq haldır. Yaradılan şərait müasir tar ifaçılığı sənətinin daha da inkişaf etməsinə səbəb olacaq və belə gənclərimiz gələcəkdə də beynəlxalq festival və simpoziumlarda öz layiqli ifaları ilə Azərbaycanın zəngin musiqi mədəniyyətinə malik olduğunu bir daha böyük məharətlə nümayiş etdirəcəkdir.
ƏDƏBİYYAT:
- Nəcəfzadə A.İ. Azərbaycan xalq çalğı alətərinun izahlı lüğəti. II nəşr. B.: MBM, 2004, 224 s.
- Rəhmətov Ə.M. Azərbaycan xalq çalğı alətləri. : İşıq, 1975, s. 64
- Şuşinski F.M. Azərbaycan xalq musiqiçiləri. B.: Yazıçı, 1985, 478 s.
- Əbülqasımov V.Ə. Tar, kamança və qanun ifaçılığı üzrə bakalavr dərəcəsi alanlar üçün “İxtisas” fənnninin tədrisi metodikası proqramı. B.: 2001, 15 s.
Saytoqrafiya
- Qız qalası baleti. Vikipediya, açıq ensiklopediya. URL:http://az.wikipedia.org/wiki/Q%C4%B1z_qalas%C4%B1_%28balet%29
- Dr. Saadet ABDULLAYEVA “Azerbaycan Müzik Aletleri Dünyayı Büyülemektedir” URL:http://irs-az.com/new/pdf/201205/1338467101192145956.pdf
Докторант АНК
РОЛЬ МОЛОДОГО ПОКОЛЕНИЯ ИСПОЛНИТЕЛЕЙ НА ТАРЕ В РАЗВИТИИ
ИНСТРУМЕНТАЛЬНОГО ИСКУССТВА
Резюме
В статье говорится о воздействии молодого поколения исполнителей в развитие исполнительского инструментального искусства. Рассматривается творчество молодых исполнителей на таре. Так же отмечаются общие характерные черты их творчества.
Ключевые слова: тар, искусство, исполнитель, современный
PhD candidate of ANC
ROLE OF THE YOUNG PERFORMERS IN THE DEVELOPMENT OF TAR
INSTRUMENTAL ART
Summary
The article describes the impact of the younger generation in the development of performing tar. Here we consider the creativity a few young performers. And also marked general features of their creativity.
Key words: tar, art, performer, modern
Rəyçilər:
professor Fəttah Xalıqzadə;
dosent Jalə Qulamova.