Azərbaycan xalq çalğı alətləri ansamblının inkişafında Əhməd Bakıxanov və Əhsən Dadaşovun rolu
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 2, 2015
Azərbaycan Milli Konservatoriyasının baş müəllimi
Azərbaycan xalq çalğı alətləri ansamblının inkişafında Əhməd Bakıxanov və Əhsən Dadaşovun rolu
Açar sözlər: muğam, ansambl, Ə.Bakıxanov, Ə.Dadaşov, dəraməd, rəng, təsnif
Azərbaycan mədəniyyəti çoxəsrlik, qədim mədəniyyətlər sırasına aiddir. Burada mühüm yeri zəngin və orijinal musiqi sənəti tutur. Azərbaycan qədim və olduqca zəngin folklor ənənələri olan bir ölkədir. Müxtəlif alətlərin sədaları altında ifa olunan rəngarəng mahnı və rəqslərlə xalq öz bədii istedadını göstərmişdi. Öz gözəlliyi və mükəmməlliyi ilə diqqəti cəlb edən xalq mahnı və rəqsləri şifahi olaraq nəsildən-nəslə, ağızdan-ağıza ötürülən naməlum müəlliflərin çoxəsrlik yaradıcılıqlarının məhsulu olmuşdur. Azərbaycanda professional musiqi elminin bünövrəsi dahi bəstəkarımız Üzeyir Hacıbəyli tərəfindən qoyulmuşdur. Onun musiqiyə həsr olunmuş məqalələrində, xüsusilə çoxillik tədqiqatlarının nəticəsi olan “Azərbaycan xalq musiqisinin əsasları” fundamental əsərində Azərbaycan musiqi elmi üçün proqram əhəmiyyətli müddəalar irəli sürülmüşdür.
Azərbaycan xalqının musiqi irsində zəngin və özünəməxsus xalq musiqi yaradıcılığı ilə yanaşı, mühüm yeri şifahi ənənəyə əsaslanan professional musiqi yaradıcılığının rəngarəng janr və formaları təşkil edir. Öz quruluşu, kompozisiyası, həyati baxımından inkişaf etmiş vokal-instrumental mugam-dəstgahları, zərbli muğamlar ifaçılıq texnikası cəhətindən mürəkkəb səciyyəli virtuoz instrumental pyeslər (dəraməd və rənglər), kamil formaya malik mahnı-romans olan təsniflər və s. bu kimi janrlara aiddir. Heç təsadüfi deyil ki, şifahi ənənəyə əsaslanan professional musiqi nümunələri indi də dinləyicilərin dərin məhəbbətini qazanmaqdadır və xalqımızın musiqi irsində özünə layiqli yer tutur. Şifahi professional musiqi yazısız ənənələrə əsaslanır. Bu inciləri keçmiş əsrlərdə xalq musiqisi əsasında bəstəkarlıq qabiliyyəti olan istedadlı ifaçılar, xanəndələr və sazəndələr yaratmışlar.
Musiqi mədəniyyətimizin keçdiyi inkişaf tarixində Azərbaycan xalq çalğı alətləri ansambllarının, xüsusən də kamera ansamblı ̶ klassik üçlük (tar, kamança, xanəndə) ifaçılığının rolu da inkaredilməzdir. Belə ki, milli-mənəvi sərvətimiz olan musiqi folklorumuzun yaşamasında, zənginləşməsində, eləcə də professional musiqimizin formalaşmasında, yeni-yeni bəstəkar əsərlərinin milli zəmin üzərində yaranmasında müxtəlif təmayüllü ansamblların, üçlüklərin özünəməxsus şərəfli yeri vardır.
Azərbaycan xalq çalğı alətləri ansambllarının və bu ansamblların tərkibini zənginləşdirən milli xalq çalğı alətlərinin ifaçılıq xüsusiyyətlərinə nəzər saldıqda aydın olur ki, bu sahədə araşdırılması, tədqiqi vacib olan bir sıra problemlər mövcuddur. Məhz buna görə də bu gün ansambllarımızın tərkibində öz yerini möhkəmlədən və milli hesab etdiyimiz bir sıra telli, zərbli və nəfəs çalğı alətlərinin texniki, bədii ifaçılıq xüsusiyyətləri, islahatlar yolu ilə təkmilləşməsi, inkişaf mərhələləri, habelə Azərbaycan xalq musiqisinin incəsənət tarixində yeri və yolu kimi aktual, mühüm problemlərin araşdırılması bir sıra elmi işlərin tədqiqat obyektinə çevrilmişdir.
Əhməd Bakıxanovun ən diqqətəlayiq cəhətlərindən biri Azərbaycan xalq çalğı alətlərinin hər birinin özünəməxsus keyfiyyətlərini, imkanlarını düzgün müəyyənləşdirməsində idi. Ansambl özündən əvvəlki ənənəvi musiqi ansambllarından köklü surətdə fərqlənirdi. Keçmiş ansambllarda musiqi alətlərinin sayca az olması ilə əlaqədar olaraq bütün heyət eyni melodiyanı birlikdə (unison) çalırdı. Onun məqsədi isə çoxsəsliyə nail olmaq idi. Əhməd Bakıxanov bu istiqamətdə ̶ ansamblın fəaliyyətini genişləndirmək xatirinə təkcə tar, kamança, balaban, dəf və nağaradan istifadə etməklə kifayətlənmirdi. O, ansambla orijinallıq, yeni və vüsət gətirmək, onun repertuarını daima təzələmək, xəlqiliyə sadiq qalmaq, klassik ifaçılıq ənənələrinin ən yaxşı cəhətlərini qoruyub saxlamaq, bəstəkar əsərləri ilə onun fəaliyyətini zənginləşdirmək naminə gərgin axtarışlar aparmış və istəyinə nail olmuşdu [5, s. 57].
Əhməd Bakıxanovun bu sahədə örnək ola biləcək yaradıcılıq prinsiplərindən biri də hər bir alətin ayrılıqda başqa bir alətlə səsləşməsindəki tarazlıq idi. O, ansamblda aydın, təmiz intonasiya əldə etmək üçün alətlərin düzülüşünə olduqca diqqətlə yanaşırdı. Əhməd Bakıxanovun çalğı alətlərinin tembr xüsusiyyətlərini nəzərə alaraq udla saza, klarnetlə balabana, tar ilə balabana ifa zamanı solo hissəni tapşırırdı. O, ifa edilən hər bir əsərin bədii-emosional təsirini gücləndirmək, rəngarəngliyə nail olmaq məqsədilə melodiyanı və onu müşayiət edən səsləri kamançaya, saza, bas tara və nağaraya həvalə edirdi (xüsusilə muğam rənglərinin ifasında bu alətlərə geniş yer ayırırdı). Onu da qeyd edək ki, sazı ansambla ilk dəfə Əhməd Bakıxanov daxil edib. Bu alətlər öz vəzifəsini yerinə yetirdikdən sonra, bütün heyət yenidən melodiyanı təkrar edir və əsl orijinal ansambl səslənməsi də burada özünü büruzə verirdi.
Ustad sənətkar ansamblda hər bir çalğı alətinə hörmət mənasında solo imkanı yaradırdı. O, zərb alətlərinin ansamblda iştirakına da geniş yer ayırırdı. Əvvəlki ansambllara nəzər salsaq, zərb alətlərində yalnız nağaradan və dəfdən istifadə edildiyini görərik. Əhməd Bakıxanovun ansamblında ifaçı ayrı-ayrı alətlər çalınan zaman (yəni udda, sazda, tarda) dəfdə çırtma ilə, klarnet ilə balaban çalanda isə nağarada şapalaq ilə müşayiət olunmasını düzgün hesab edirdi; melodiyanın əzəmətli hissəsində isə bütün zərb alətləri birlikdə iştirak edirdi. Əhməd Bakıxanov bəzən oynaq ritmli rəqslərin, təsnif və dəramədlərin, rənglərin başlanğıcında melodiyaya xas olan ritmi zərb alətlərinə həvalə edirdi [7, s. 38].
Əhməd Bakıxanovun ansamblda apardığı yaradıcılıq işinin ən orijinal cəhətlərindən biri də polifoniya üsulundan istifadə etməsində idi. O, iki müstəqil melodiyanı, yəni muğam guşəsini rənglə, saqinamə ilə, dəramədlə birləşdirərək gözəl milli xalq polifonik səslənməsi yaradırdı.
Ansambla şöhrət qazandıran bir cəhət də muğamları tam dəstgahı şəklində və milli koloritlə ifa etməsi idi. Ansamblın iştirakçıları muğamatı ifa edərkən Şərq ölkələrində şablon halını almış oxumaq tərzindən qaçır, orijinallığa daha çox meyl edir, əsrlərdən bəri dildən-dilə keçərək gələn muğamları Azərbaycan ifaçılıq məktəbinə xas olan bir üsulla – yenilik eşqilə dinləyicilərə çatdırırdılar. Bu işdə ehkam kimi hər muğama kor-koranə pərəstiş etmək fikrinə ifaçılar həmişə biganə qalmışlar. Məhz buna görə də ansambl öz ifaçılıq yolunu, simasını müəyyən edə bilmiş, qocaman Şərqin nağıllar qədər əfsanəvi və müdrik musiqisini müasir səsləndirmə ilə ciddi nailiyyətlər qazanmışlar.
Ansamblın bütün fəaliyyətində ̶ istər zəngin tembrli səslənmə tərzində, istərsə də fərdi ifaçılıq üsulunda onun bədii rəhbəri Əhməd Bakıxanovun üslubu hiss olunur. Ansambldakı yeni ifaçılıq xüsusiyyətlərindən biri də çalınan muğamların dəraməd ilə başlanmasıdır. Demək lazımdır ki, dəramədi ilk dəfə ansambl ifasında belə geniş istifadə edən Əhməd Bakıxanov olmuşdur. Ümumiyyətlə, dəramədin muğam, muğam dəstgahında tutduğu mövqe maraqlı və lazımlıdır.
Dəramədin muğamdan qabaq bütün ansamblın iştirakı ilə çalınmasında Əhməd Bakıxanov haqlı olaraq estetik bədii xüsusiyyət görürdü. Dəraməd ilə muğamın münasibətində kontrastlıq yaradan iki amil ortaya çıxır. Bunlardan biri qüvvətli və gur ansambl ifası ilə nisbətən zəif olan tar-kamança çalğısı arasında səslənmə kontrastlığı (tutti və solo münasibət). İkincisi isə bəhrli musiqi forması olan dəramədlə bəhrsiz improvizasiya üslublu muğam musiqisinin fərqindən irəli gəlir. Hər iki amilin musiqinin dinləyicilər tərəfindən qavranılması prosesində psixoloji əhəmiyyəti var.
Əhməd Bakıxanovun ansamblı özündən sonra gələn ansambllara, musiqiçilər kollektivi yaratmağın və bu ifaçıların çalğı alətləri ilə necə rəftar etməsinin yolunu göstərdi. Bildiyimiz kimi, əvvəllər Əhməd Bakıxanovun ansamblında yaradıcılıq yolu keçmiş, püxtələşmiş Ə.Dadaşov, Ə.Quliyev, B.Salahov, A.Məşədibəyov, F.Yarməmmədov və bir çox sənətkarlarımız sonralar hər biri müstəqil ansambl yaratmışlar. Bu ansamblların hərəsinin özünəməxsus dəsti-xətti, orijinal üslubu olmuşdur. Şübhəsiz ki, bu sənətkarların yaratdıqları xalq çalğı alətləri ansambllarının hər birinin fundamental, geniş tədqiqinə ayrıca ehtiyac vardır. Bu işi davam etdirsək, Azərbaycan musiqi mədəniyyəti salnaməsini xeyli zənginləşdirmiş olarıq.
Televiziya və Radio Komitəsi nəzdində Əhməd Bakıxanovun rəhbərlik etdiyi ansambldan əlavə ikinci bir xalq çalğı alətləri ansamblının da yaradılması zərurəti meydana çıxdı. Əslində bu fikir gözəl nəğmələr şairi Ənvər Əlibəylinin və böyük bəstəkarımız Cahangir Cahangirovun ağlına gəlmişdi. Şübhəsiz ki, ikinci xalq çalğı alətləri ansamblı yaratmağa elə o illərdə öz çalğı üslubu ilə seçilən, xalq arasında kifayət qədər hörmət qazanmış Əhsən Dadaşovu məsləhət bildilər.
Beləliklə, 1960-cı illərdə Əhsən Dadaşov öz milli xalq çalğı alətləri ansamblını yaratdı. Bu ansamblın səciyyəvi xüsusiyyətlərini yaxşı mənimsəyən Əhsən Dadaşov şübhəsiz ki, öz ansamblını yaratmaq istəyirdi. Əvvəla, Əhməd Bakıxanovun ansamblının özünəməxsus ənənəsi vardı, belə ki, ansambl əksər halda muğam, rəng, dəraməd və xalq mahnıları ifa edirdi. Bəstəkar mahnıları, notlu əsərlərin çoxu xalq çalğı alətləri orkestrinin üzərinə düşürdü. Orkestrin isə günü-gündən artan əsərləri çalmaq, xalqa təqdim etmək imkanı yox idi. Bundan əlavə həm də yeni yetişən musiqiçilər nəsli işləməli, özlərini xalqa tanıtmalı idilər. Ona görə də belə bir ansamblın yaradılması o dövrün tələbindən irəli gəlirdi. Göründüyü kimi, Əhməd Bakıxanovun ansamblında bəstəkar mahnıları nadir hallarda çalınıb oxunurdu. Əhsən Dadaşov isə folklor nümunələrini, muğamları, xalq mahnılarını, rəqs musiqisini repertuarda saxlamaqla yanaşı, bəstəkar əsərlərinə də xüsusi diqqət yetirirdi.
Əhsən Dadaşov özündən əvvəlki və müasiri olan ustad sənətkarların üslubuna, ənənəsinə hörmətlə yanaşan, bununla belə öz yolunu, dəsti-xəttini yaradan musiqiçi idi. Onun özünəməxsus fərdi ifaçılıq xüsusiyyətləri var idi və bu orijinal üslub ansambla da xas idi. Əhsən Dadaşovun müraciət etdiyi hər hansı musiqidə bütöv, tam, möhtəşəm və özünəxas olan bir ifaçılıq nizamlılığı var idi. Bu cəhətlər ansambla sirayət etmişdi. Onun musiqisi bütün gözəlliyi, dərinliyi, füsunkarlığı, ehtiram və əzəməti ilə Azərbaycan xalqına məxsus idi və ansambl da məhz bu cəhətləri özündə cəmləşdirmişdi.
Bəziləri belə hesab edir ki, muğam toxunulmazdır, klassik yaranışı necə olubsa, eləcə də saxlanılmalıdır. Bəziləri isə onun yaşarlılığını milli zəmin üzərində islahatlar aparılmasında axtarır. Əhsən Dadaşov ikinci yolu tutmuşdu.
Əhsəndə xalq musiqisinə bəstəkar təfəkkürü, duyumu, düşüncəsi ilə yanaşmaq qabiliyyəti vardı. O, muğamlarda, xalq musiqisində, bəstəkar mahnılarında elə improvizasiyalar edirdi ki, bu əsl kəşf idi. Məsələn, ansamblın müşayiəti ilə Leyla Şərifovanın oxuduğu “Xumar oldum”, “Yaxan düymələ”, “Vəsməni neylərsən”, “Qara tellər” və s. Azərbaycan xalq mahnılarını yada salın. Məgər bu mahnılarda improvizasiyalar yox idimi?! [5, s. 73].
Onun bədii rəhbər, konsertmeystr kimi böyük xidmətlərindən biri də Azərbaycan xalq çalğı alətlərinin hər birinin özünə xas olan keyfiyyətlərini, imkanlarını yeni baxış bucağında müəyyənləşdirməsində idi. O, ansambla orijinallıq, yeni vüsət gətirmək, onun repertuarını mütəmadi təzələmək, klassik irsə sadiq qalmaq, qədim ifaçılıq ənənələrinin ən yaxşı cəhətlərini qoruyub saxlamaq, onları yeni tərzdə, yeni biçimdə dinləyicilərə çatdırmaq üçün daim axtarışlar aparmış və buna nail olmuşdur.
Əhsən Dadaşovun rəhbərlik etdiyi ansamblın tərkibi də əsasən, milli xalq çalğı alətləri ilə komplektləşdirilmişdi. Tar, kamança, ud, saz, nağara ilə yanaşı, Orta Asiya musiqi alətlərindən bas dütar, Avropa musiqi alətlərindən fortepiano və qaboyu əlavə etməklə ahəngdarlıq, intonasiya və tembr, ritm zənginliyi yaratmışdı.
Əhsən Dadaşovun ansamblını Əhməd Bakıxanovun kollektivindən fərqləndirən ən mühüm cəhət ondan ibarət idi ki, o, geniş formatda not sistemindən – bəstəkar əsərlərindən geniş istifadə edirdi. Bu da özlüyündə ifaçıları hökmən mükəmməl musiqi savadı almaq məcburiyyətində qoyurdu. Bildiyimiz kimi, hər bir musiqi əsərinin bədii təsirinin gücü intonasiyaların aydınlığı, asan qavranılması ilə ölçülür. Bu baxımdan Əhsən Dadaşovun ansamblı musiqi dilinin intonasiya şəffaflığı ilə seçilirdi. O, ilk dəfə qədim çalğı alətlərimizdən biri olan udu ansambla daxil etməklə onun ümumi ahəng palitrasını daha da zənginləşdirməyə nail olmuşdu.
Bu ansamblın müşayiəti ilə ən məşhur sənətkarlar oxumuşlar: Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov, Şövkət Ələkbərova, Sara Qədimova, İslam Rzayev, Zeynəb Xanlarova, Leyla Şərifova, Baba Mahmudoğlu, Nəzakət Məmmədova… Əhsən Dadaşovun rəhbəri olduğu ansambl Azərbaycan musiqisinin nəyə qadir olduğunu sübut etmişdir.
Böyük bəstəkarımız Fikrət Əmirov Əhsən Dadaşovun ansamblının ifaçılığı haqqında yazırdı: “Əhsən Dadaşovun yaratdığı xalq çalğı alətləri ansamblının repertuarı öz rəngarəngliyinə, yüksək temperament və ifaçılıq texnikasına görə başqa ansambllardan fərqlənir. Sevinirəm ki, ansambl yalnız respublikamızda deyil, onun hüdudlarından uzaqlarda da məşhurdur” [5, s. 73].
Göründüyü kimi, Əhsən Dadaşovun yaratdığı “Xatirə” xalq çalğı alətləri ansamblı musiqi ifaçılığımızı yeni ifaçılıq üslubu ilə zənginləşdirməklə bərabər görkəmli və parlaq ifaçıların da yetişməsində böyük əhəmiyyət kəsb etmişdir.
Hal-hazırda bu ansambl Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı adını daşıyır. 1964-cü ildən həmin ansamblda solist kimi çalışan tanınmış tarzən, Azərbaycanın əməkdar artisti Adil Bağırov 1976-cı ildən ansambla rəhbərlik edir. Adil müəllim ustadın ifaçılıq irsinə həmişə hörmətlə yanaşır, onun ənənəsini uğurla davam etdirir.
İstifadə edilmiş ədəbiyyat:
- Əmirov F.C. Musiqi aləmində. B.: Gənclik, 1983.
- Hacıbəyli Ü.Ə. Seçilmiş əsərləri. : Yazıçı, 1985.
- Quliyev M. Azərbaycan xalq çalğı alətlərinin təşəkkülü, formalaşması və ansambllarda rolu. B.: Maarif, 1997, 222 s.
- Rəhmətov Ə.M. Əhməd Bakıxanov. B.: İşıq, 1977, 144 s.
Старший преподаватель Азербайджанской Национальной
Консерватории
О роли Ахмеда Бакиханова и Ахсена Дадашова в развитии ансамбля
народных инструментов Азербайджана
РЕЗЮМЕ
В статье представлено творчество двух мастеров — Ахсана Дадашева и Ахмеда Бакиханова, которые внесли особый вклад в развитие национальной музыки. Выделяется их роль в становлении ансамбля народных инструментов.
Ключевые слова: мугам, ансамбль, А.Бакиханов, А.Дадашев, дарамед, ренг, тесниф
Senior lecturer of Azerbaijanian National Conservatories
Roles Ahmed Bakikhanov and Akhsen Dadashov in development of ensemble
of national tools of Azerbaijan
SUMMARY
The article tells about the special place of the two master — Ahsan Dadashov, Ahmed Bakikhanov in the development of national music and their role in development of ensemble of national tools in Azerbaijan.
Key words: mugham, ansambl, A.Bakikhanov, A.Dadashov, daramed, reng, tasnif
Rəyçilər:
professor Rafiq Musazadə;
professor Ağasəlim Abdullayev.