Çovqan (çövkən) həm idman oyunu, həm də çalğı alətidir
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 3, 2015
sənətşünaslıq üzrə elmlər doktoru,
AMK-nın professoru
E-mail: a.najafzade@yahoo.com
Çovqan (çövkən) həm idman oyunu, həm də çalğı alətidir
Açar sözlər: çovqan çalğı aləti, çövkən idman oyunu, yaranma tarixi, etimologiyası, morfologiyası, ədəbi mənbələr
Çovqan türklərin qədim hərbi çalğı alətlərindən biri sayılır. Ordu hücuma başlamazdan əvvəl hərbi orkestrin önündə səsləndirilən çovqan həm yürüşün başlandığını bildirir, həm də müşayiətedici alət kimi təranənin vəznini, ritmini saxlayır (şək. №1). Şəkildə tarzən, miniatür çalğı alətləri ustası, şair-qəzəlxan, “Müşfiq” xatirə mükafatı laureatı İlqar Dağlının (1940-2007) hazırladığı çovqan aləti təqdim edilir (1, s. 67). Şək. №2-də isə onun hazırladığı “Qədim çalğı alətləri” kompozisiyasında (soldan II alət) çovqanın miniatür formasıdır.
Yaranma tarixi. Çovqanın yaranma tarixi eramızdan əvvəlki dövrlərə gedib çıxır. “Kitabi Dədə Qorqud” dastanına əsasən, çovqan sözü Azərbaycanda ən azı VI-VII əsrlərdə geniş işlədilib. Dastanda Qaraca Çoban deyir:
Qızılcıq dəgənəgimcə gəlməz mana!
Qılıncını nə öyürsən, mərə kafər?
Əgri başlu çovkanımca gəlməz mana!
Belündə toqsan oqın nə ögərsən, mərə kafər?
Ala qollu sapanımca gəlməz mana! (2, s. 50)
Əsərdə çovqan (çovkan) sözünün izahı qoyunları tutmaq üçün istifadə edilən, bucaqvari ucluğu olan uzun ağac olduğu bildirilir (2, s. 391). Göründüyü kimi, dastanda çovqan nə idman oyunu, nə də çalğı aləti mənasında deyil, çobanın əyribaşlı çomağı kimi təsvir edilir. Qaraca Çoban əlindəki çovqanı düşmənin qılıncından məcazi mənada üstün tutur.
Türk dünyasında, o cümlədən Azərbaycanda təbbazlar dəstəsində Orta əsrlərdə çovqandan özənsəsli (idiofonlu) çalğı aləti kimi istifadə edilib. XVI əsrdən etibarən isə bəzi Avropa ölkələrinin hərbi orkestrlərində də çovqanabənzər alətlər görünməyə başlanıb.
Şəkil №2
Etimologiyası. Çovqan və yaxud çoğan sözü Azərbaycanda “ağaccıq” mənasında işlədilib (3). Çovqan oyununun adı da burada istifadə edilən alətə görə belə adlandırılıb. Bu, həm də ağacdan hazırlanmış, çovqan adlandırılan çalğı alətidir. Azərbaycanda həmin çalğı aləti unudulsa da, Türkiyədə cevgen, yaxud çevgan adı ilə çağdaş dövrümüzdə də geniş istifadə olunur.
Tanınmış rus şairi, şərqşünas, akademik Fyodor Yevgenyeviç Korş (1843-1915) çovkan (cavlacan) sözünün “çabmaq”, “çabılmak” kimi türk sözlərindən yarandığını qeyd edir (4, s. 15).
Görkəmli özbək şairi Əlişir Nəvai (1441-1506) bu oyunu əsərlərində “çavqan” (fars dilində əlağacı) adı ilə təqdim edir. Azərbaycanlılar isə həmin oyunu “çovqan” və ya “çövkən”, əfqanlar “çovqan”, taciklər “çavqonbozi” adlandırırlar.
Morfologiyası və istifadə yerləri. Çovqan uzunluğu bir metrə çatan dəyənəyə bağlanmış müxtəlif zənglər, zınqırovlar və çınqıraqlardan ibarət çalğı alətidir. Alət – dirəyi, yəni sapı yerə vurularaq, yaxud silkələməklə səsləndirilir.
Pedaqoji elmlər üzrə fəlsəfə doktoru Mobil Aslanlı “Çovkan oyunu tarixindən” adlı məqaləsində yazır: “Maraqlıdır ki, “Qutadqu-bilik” əsərinin bir çox boylarında bu termin eyni mənada həm “çovkan”, həm də “çomaq” kəlməsi kimi işlədilir. Əsərdə “çomaq”dan nəinki oyun zamanı, hətta vuruşda da istifadə olunduğu və müəyyən yerə gedərkən adamların özləri ilə çomaq apardıqları göstərilir” (5, s. 69).
Burada “hətta vuruşda da istifadə olunduğu” deyildikdə, söhbətin idman oyunundakı çovqandan deyil, məhz idiofonlu (özənsəsli) çovqan alətindən getdiyini düşünürük. Belə ki, çovkan döyüşlərdə hərbi alət, yəni silah deyil, çalğı aləti kimi səsləndirilib.
Kimsə düşünə bilər ki, “Bəlkə, çovqan adlanan çomaqdan hərbdə döyüş aləti kimi də istifadə olunub?”. Bu, yalnız ibtidai icma quruluşu dövründə inandırıcı görünə bilərdi. Orta əsrlərdə isə xəncər, qılınc, nizə və s. mis silahlardan istifadə olunurdu ki, bunların da qarşısına çomaqla çıxmaq ölüm demək idi.
Koroğlu nəğmələrinin birində də çovqanın adına rast gəlirik:
Koroğlu der: alan qalsın,
Dağı-daşı talan qalsın.
Çovğan alıb çalan qalsın,
Meydandadır başlarımız (19, s. 454).
Xatırladaq ki, təqdim edilən şeir Gürcüstan Dövlət Muzeyində saxlanılan və gürcü əlifbası ilə yazılmış bir əlyazması nüsxəsindəndir. Bu nüsxə ilk dəfə Dilarə Əliyeva (1929-1991) tərəfindən oxunub. Burada zənnimizcə, “Çovğan (çovqan – A.N.) alıb çalan qalsın, meydandadır başlarımız” deyildikdə, “başımız döyüşdə getsə belə, əlinə çovqan alıb çalan döyüşçü qələbə, zəfər musiqisini səsləndirsin” fikrini ifadə edir.
Ümumiyyətlə, döyüş səhnələrində əgər çovqanın adı çəkilirsə, orada idman oyunundan söhbət gedə bilməz. Yəni fikrimizcə, həmin səhnələrdə idiofonlu (özənsəsli) çovqan aləti təqdim olunur.
Ədəbi mənbələr. Azərbaycanın klassik şairi Qətran Təbrizi (1012-1088) “Divan”ında çovqanı çalğı aləti kimi vəsf edir:
Sənin arzun odur ki, onu çovkan edəsən,
Hər ay olsun şadlıq ayı “çovkan” başında (6, s. 258).
Şair alətə olan dərin sevgisini bildirməklə yanaşı, onu hər ay dinləmək arzusunda olduğunu söyləyir. Bilindiyi kimi, çovqan hərbi orkestrlərin başında, təbbazbaşının (orkestr rəhbərinin, yəni mehtərbaşının) əlində səsləndirilirdi.
Qətran Təbrizi çovqan sözünü əsərlərində daha çox idman oyunu mənasında işlədir:
Bir gün sən çovkanınla vurmaqdan ötrü
Ay bəzən top, bəzən də çovkan kimi olar (6, s. 86).
Mənim bu belimi kaman kimi əyən onun kaman qaşlarıdır,
Mənim belimi çovkan kimi eyləyən də onun çovkan zülfüdür (6, s. 96).
Təsəvvüf sufilər, tanrısal kədərin insanı bir top kimi gəlişigözəl atıb yuvarladığına inanaraq kədəri, qəmi-qüssəni bu adla anırlar (21). Fikrimizcə, burada “top” və “çovqan” sözləri bənzətmə kimi işlədilib.
Əfzələddin Xaqani Şirvaninin (1120-1199) də yaradıcılığında çovqanın adına rast gəlirik:
Dəfsə şahın çovqanına, min nəqşli eyvanına,
Ovlaqdakı cövlanına oxşar yüz heyvan, onda gör! (7, s. 134)
Xaqani dövründə görünür, şahın da zınqırovlarla bəzədilmiş çovqanı varmış. Şair dəf alətini çovqanla müqayisə edir: bənzər cəhətlərini göstərir, alətin sağananın ətrafındakı bəzəkləri, naxışları, çalınarkən hərləndirilməsini, üzərində asılan gümüş-zınqırovları və s. göstərir.
XIV əsrdə yaşamış Mustafa Zərir şeirlərinin birində yazır:
Yusifi bindirdilər həm izzü naz,
Baələm, batəbl, bazurnəvü saz (8, s. 67).
Ehtimal olunur ki, burada “ələm” dedikdə, təbil, zurna və saz ilə birgə səsləndirilən çovqana bənzər çalğı aləti nəzərdə tutulur. Bu sözlərdən öncə deyilən “ba” isə sözönü kimi işlədilmişdir. Ümumiyyətlə, çovqan mənasında “ələm” sözünə başqa klassik şairlərin əsərlərində də tez-tez rast gəlirik.
Mustafa Zəririn müasiri olmuş, yəni onunla bir dövrdə yaşamış Yusif Məddah da “ələm” sözünü çovqan anlamında verib:
İki ləşkər biri-birinə yöni,
Dikdilər sancaq, ələm çalış güni.
Urdılar kusü nəğarəvü nəfir,
Nərələrdən hayü huy dadgir (9, s. 130).
“Koroğlu” dastanında bazarda Bəlli Əhmədin Nigarı görmək səhnəsi təsvir edilir: “Bəlli Əhməd gördü Qeysəriyyə damında təbil çalırlar” (10, 52). Təbil çalınır ki, Nigar xanımın gəlməsini hər kəs bilib, bazara çıxmasın. Daha sonra dastanda deyilir: “Bəlli Əhməd diqqətlə tamaşa edirdi. Gördü bir neçə saray adamı qabaqda, onların arxasınca əllərində çovgan (çovqan – A.N.) olan bir neçə xacə, sonra isə Nigar xanım bir neçə kəniz, incəbel qızla gəlir” (10, s. 53). Buradan aydın olur ki, Nigar xanımı müşayiət edərkən xacələr təbillə yanaşı, cingiltili səsli çovkan alətini də səsləndirirdilər.
“Koroğlu” dastanının başqa bir qolunda deyilir:
Koroğlu deyir ki, yetişdim cana,
Mən sərimi tüp eylərəm çovqana,
İnşallah gedərəm mülki-İrana,
Ollam Əli qullarının yekrəngi (10, s. 17).
***
İndi isə çovqan idman oyunu haqqında məlumat verək. Orta əsrlərdə Azərbaycanda çovqan adlı at üstündə ucu əyri çombaqdan istifadə icra edilən “top-top” oyunu da olub ki, bəzən həmin oyundakı iri topu da çovqan adlandırırlar. Ölkəmizdə çovqan adlı atüstü idman oyunundan geniş istifadə edildiyini təsdiqləyən bir sıra mötəbər mənbələr (arxeoloji, ədəbi, tarixi, müxtəlif səyyahların xatirələri, miniatür rəsm əsərləri və s.) mövcuddur. Çovqan oyunu ilə bağlı bəzi tanınmış səyyahların (fransız Jan Şarden, italiyalı Pyetro della Vallen, türk Evliya Çələbi və b.) xatirələri də maraqlıdır. M.Aslanlı yazır: “Ölkəmizi yaxından tanıyan, habelə XVI əsrdə (əslində XVII əsr – A.N.) Səfəvilər sarayında olmuş fransız səyyahı Şarden yazırdı ki, burada çovkan, ox-kaman, cidaatmadan ibarət üç cür atlı idman oyunu vardır. Həmin milli idman oyunumuz barədə məşhur səyyah qeyd edir ki, bu oyunun adı Hindistanda bitən çovkan ağacından düzəldilən çovkan adlı alətlə bağlıdır” (5, s. 65).
Fikrimizcə, burada kiçicik anlaşılmazlıq var. Yəni çovkan sözünün Hindistanda bitən eyniadlı ağaca görə adlanması fikri yanlışdır. Əvvəla, Jan Şarden (1643-1713) XVI deyil, XVII əsrdə (1673-1677-ci illərdə) Azərbaycanın bir sıra ərazilərində olub. Onun yaşadığı dövrdən də min il əvvəl Azərbaycan ərazisində çovqan adlı idman oyunu vardı. Bu fikirlər ədəbi mənbələrdə də təsdiqini tapır. Şifahi və yazılı ədəbiyyatımızın şah əsəri olan “Kitabi Dədə Qorqud” dastanına əsasən, çovkan Azərbaycanda VI-VII əsrlərdə geniş istifadə edilib, yaranma tarixi isə hətta eramızdan əvvəlki dövrlərə gedib çıxır (2, s. 50). İkincisi, çovqan oyunu Hindistandan Azərbaycana deyil, Azərbaycandan Hindistana və Avropaya “polo” adı ilə yayılıb.
İngilislərin təşəbbüsü ilə 1900-cu ildə Parisdə keçirilmiş II Olimpiya oyunlarının proqramına çovqan “polo” adı ilə daxil edilib və bu yarışmada üç ölkəni təmsil edən 5 komanda iştirak etmişdir.
M.Aslanlı “Çovkan oyunu tarixindən” adlı məqaləsində italiyalı səyyah, şair Pyetro della Vallenin (1586-1652) xatirələrinə istinadən yazır ki, çovqan oyunu türk və özbək hərbi havalarının sədası altında keçirilirdi (5, s. 66). Qəzvində, Səfəvilər sülaləsindən olan İran şahı I Şah Abbasın (1571-1629) şəxsən özünün də bir oyunçu kimi iştirak etdiyi bu oyunda türk musiqisi dedikdə, söhbətin oğuzlardan (azər-türklərdən) getdiyi bəlli olur.
Pyetro della Valle I Şah Abbasın məsləhətçisi olarkən 4 il İranda yaşayıb. Xatırladaq ki, I Şah Abbas dövlət rəhbəri olmaqla yanaşı, bəstəkar, həm də ifaçı idi. Tarixçi, xəttat və şair İsgəndər bəy Münşi Türkman (1560/61-1634) onu musiqişünaslıqda və ifaçılıq sənətində dövrünün ən görkəmli şəxsiyyəti adlandırmışdı (11, s. 57).
Azərbaycanın Örənqala adlanan ərazisində arxeoloji qazıntılar zamanı tapılmış şirli qabın üzərində çovqan oyunçusu təsvir olunub (14, s. 150-151). IX əsrə aid edilən bu maddi mədəniyyət nümunəsi həmin dövrdə Beyləqan şəhərində çovqan oyununun geniş yayıldığını təsdiqləyir.
XII əsrdə yaşamış İran tarixçisi Zahirəddin Nişapuri (?-1186) “Səlcuqnamə”də, eləcə də Səlcuqlar dövrünün ensiklopediyaçı alimi, qüdrətli vəzir Xacə Nizamülmülk (tam adı: Əbu Əli əl-Həsən ət-Tusi Nizamülmülk, 1018-1092) “Siyasətnamə”sində çovqan oyunundan geniş söhbət açıb.
Orta çağ türk dünyasının ən böyük mütəfəkkiri Yusif Balasaqunlu Ulu Xas Hacib (1020-1075) Doğu Türküstanda – Balasaqun (Orta çağa aid edilən indiki Qırğısıztanın Toxmaq şəhəri yaxınlığı) şəhərində anadan olmuşdur. 1068-ci ildə Qaşqar şəhərinə köçmüş və burada yazdığı və türk xalqlarının ortaq ədəbi sərvətlərindən biri olan “Qutadqu bitik” poemasını 18 aya, 1069-cu ildə tamamlayıb. Bu, türk dilində əruz vəznində yazılmış ilk poemadır. Əsər bəzən “Kutadqu bilinq”, “Qutadğu bilik” və ya “Qutadğu bitik” adı ilə də təqdim edilir. Əsərin adı bəzən “Səadət biliyi”, “Bəxtiyarlıq sənəti”, “Xoşbəxtliyə aparan elm” və s. mənalarda da izah olunur. “Xoşbəxtlik bağışlayan kitab” anlamını bildirən “Qutadğu bitik” adı daha məntiqəuyğundur. Burada “qut” sözü səadət, xoşbəxt anlamında işlədilir. Yusif Balasaqunlu əsəri Qaraxanlılar dövlətinin – Məşriqin və Çinin hökmdarı Tabğaç Buğra xaqana ərməğan etmişdir. Xaqan bu xidmətinə görə, ona Ulu Xas Hacib (saray naziri, saray işlərinin rəhbəri) vəzifəsini vermişdir.
“Qutadğu bilig” əsərində insana gərək olan xüsusiyyətlərdən söz açarkən “çövkən oyununda mahir olmağın” vacibliyi diqqətə çəkilir:
Çövkən oyununda mahir olmalı, yaxşı ox atmalı,
Quşçuluq və ovçuluqda üstün gəlməlidir (15, s. 190).
Britaniyalı səyyah M.Braun 1842-ci ildə çövkən haqqında öz fikirlərini belə izah edib: “Bu, atlarla əsl hokkey oyununa bənzəyir. Çox gözəl oyun növüdür və düşünürəm ki, qərblilər üçün də faydalı olardı”. Sənətşünas, əməkdar rəssam Elçin Aslanov çövkən oyununda işlədilən topun “kuy” adlandığını bildirir (20, s. 114).
Çövkənin Azərbaycanın qədim oyunu olmasını sübut edən faktlardan biri də miniatür rəsm əsərləridir. Arifinin, eləcə də müəllifi bəlli olmayan digər miniatür rəsmlərdə (XVI əsrdə N.Gəncəvinin “Xosrov və Şirin” poemasına çəkilib) çövkən oyunu təsvir edilmişdir (14, s. 147). Həmin miniatür əsərləri (şək. №3, şək. №4) təqdim edirik:
Şəkil №3. Arifi. “Səyavuş çövkən Şəkil №4. “Quyyü çovkan”.
oynayır”. Firdovsi, “Şahnamə” Təbriz. 1524-1525-ci illər, Sankt-
Sankt-Peterburq, Şərqşünaslıq Peterburq DKK, Dorn, 28
İnstitutu, D 3777, v. 113, 17×30 sm
Dahi Nizami Gəncəvi (1141-1209) də “Xosrov və Şirin” və “İskəndərnamə” (“Şərəfnamə”) poemalarında çövkən oyunu haqqında yazmışdır. Azərbaycanda çovkan oyununda təkçə kişilər deyil, qadınlar da iştirak etmişlər. Nizaminin “Xosrov və Şirin” poemasında aydın olur ki, Şirin çovkan meydanında Sasani hökmdarı Xosrov Pərvizdən geri qalmır. Şirin ilə bərabər oynayan qızlar da təsvir edilmişdir.
Professor Fərahim Sadıqov bildirir ki, Azərbaycanın tanınmış şairi, dövlət başçısı Şah İsmayıl Xətai də ustad çovkan oyunçusu kimi tanınırdı (18, s. 109). Şah İsmayıl Xətainin oğlu I Şah Təhmasib 1524-cü ildə “Küy və çovkan” adlı poema yazıb. Eyniadlı əsəri Ümfi Kəmangər Təbrizi də yazmış və bu əsəri dövrünün qüdrətli hökmdarlarından olan I Şah Abbasa həsr etmişdir.
Firdovsi, Ömər Xəyyam, Hafiz, İbn Sina, Xosrov Dəhləvinin əsərlərində də çövkənin adı xatırlanır. Orta əsr müəlliflərinin yazdıqlarından isə bəlli olur ki, o zamanlar çövkənlə məşğul olan tanınmış oyunçular hətta sərhədlərdən kənarda da məşhur idilər.
Ölkəmizdə 10-dan çox atüstü oyun növü var: “çövkən”, “sürpapaq”, “baharbənd”, “yaylıq”, “gərdək qaçırmaq” və s. Bu oyunların yaranma tarixi min ildən artıqdır.
2013-cü il dekabrın 2-dən 7-dək Bakıda YUNESKO-nun (BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı) Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası keçirildi. Burada “Çövkən – Azərbaycanın ənənəvi Qarabağ atüstü oyunu” adı ilə YUNESKO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edildi.
Ümumilikdə müdriklər çövkən oyununu insan zəkasının yaratdığı ən baxımlı oyunlardan biri hesab etmişlər. Beləliklə, hərbdə istifadə edilən özənsəsli (idiofonlu) çovqan çalğı alətini Azərbaycan məkanında ilk dəfə olaraq öyrənməyə çalışdıq. Məqalədə həmçinin eyniadlı idman oyununun da tarixinə diqqət yetirdik. İnanırıq ki, alimlərimiz bu mövzuda yeni-yeni araşdırmalar aparacaqlar.
ƏDƏBİYYAT:
- Nəcəfzadə A.İ. Azərbaycan çalğı alətlərinin izahlı lüğəti. (II nəşr) B.: MBM, 2004, 224 s.
- Kitabi Dədə Qorqud (tərtibçi, çapa hazırlayanı, ön sözün və lüğətin müəllifi Samət Əlizadə). B.: Yeni nəşrlər evi, 1999, 704 s.
- Ədib Tusi-Zeyli bər borhan qate ya fərhənge loğate baz yafte: Təbriz, 1343, h.ş.
- Корш Ф.Е. Некоторые персидские этимологии. C приложением заметки: «По поводу этимологии слов човкан и cавладжан» А.Е.Крымского (секретаря Восточной Комиссии Императорского Московского Археологического Общества). М.: типография “Крестного календаря”, 1912, 24 с.
- Aslanlı M.İ. Çovkan oyunu tarixindən. // “Qobustan” jurnalı, №3, 2013, s. 65-72.
- Təbrizi Qətran. Divan (farscadan tərcümə: Qulamhüseyn Beqdeli). B.: Azərbaycan EA nəşriyyatı, 1967, 440 s.
- Xaqani Ə. Seçilmiş əsərləri. B: Lider, 2004, 670 s.
- Zərir M. Yusif və Züleyxa. B.: Şərq-Qərb, 2006, 128 s.
- Məddah Y. Vərqa və Gülşah (C.V.Qəhrəmanov, Z.T.Hacıyeva). B.: Elm, 1988, 184 s.
- “Koroğlu” (Paris nüsxəsi), B.: Şərq-Qərb, 2005, 224 s.
- Onullahi S.M. Qədim Təbrizin mədəniyyət tarixindən (X-XVII əsrlərdə). // “Qobustan” jurnalı, 1974, №3, s. 54-57;
- İsgəndər bəy Мünşi Türkman. Tarix-i aləmara-yi Abbasi (Abbasın dünyanı bəzəyən tarixi – fars dilindən tərcümənin, ön sözün, şərhlərin və göstəricilərin müəllifləri: Oqtay Əfəndiyev və Namiq Musalı). I cild. B.: Təhsil, 2009, 792 s.
- А.А.Иессе. Ючг чашиз Баилакана. // Исследования по истории культуры народов Востока. М.-Л.: 1960.
- Dadaşzadə M.A. Azərbaycan xalqının Orta əsr mənəvi mədəniyyəti (tarixi-etnoqrafik tədqiqat). B.: Elm, 1985, 216 s.
- Balasaqunlu Y. Qutadğu bilig. B.: Avrasiya Press, 2006, 440 s.
- Gəncəvi N. Xosrov və Şirin (tərcümə: Rəsul Rza, izahlar: Məmmədağa Sultanov). B.: Lider, 2004, 392 s.
- Gəncəvi N. İskəndərnamə. (Şərəfnamə), B.: Lider, 2004, 432 s. (tərcümə: Abdulla Şaiq).
- Sadıqov F.B. Muğam (dərs vəsaiti). B.: Maarif, 2011, 556 s.
- Azərbaycan dastanları. Beş cilddə, IV cild (“Müstəqil nəğmələr” bölümü). B.: Lider, 2005, 464 s.
- Aslanov E.M. El-oba oyunu xalq tamaşası (xalq oyun-tamaşa mədəniyyətimizdə deyim və adların izahlı söz kitabı). B.: İşıq, 1984, 276 s.
Saytoqrafiya
- “Mavi Kabanlıq” forumu. URL: http://www.msxlabs.org/forum/x-sozluk/366268-cevgen-nedir.html#ixzz3spDuqnCo
доктор искусствоведения, профессор АНК
E-mail: a.najafzade@yahoo.com
ЧОВГАН — СПОРТИВНАЯ ИГРА И НАРОДНЫЙ МУЗЫКАЛЬНЫЙ ИНСТРУМЕНТ
Резюме
В статье Аббасгулу Наджафзаде «Човган — спортивная игра и народный музыкальный инструмент» впервые представлена характеристика древнего идиофонного азербайджанского инструмента човган. В статье изучаются происхождение, этимология, морфология понятия «човган», a также прослеживается характеристика инструмента човган, данная в поэтические строках поэтов-классиков.
В статье также затрагивается характеристика конной игры човган.
Ключевые слова: човган, народный инструмент, происхождение, этимология, морфология, литературные источники
Doctor of study of Art, professor of ANC
E-mail: a.najafzade@yahoo.com
CHOVGAN AS SPORTS GAME AND AS THE NATIONAL INSTRUMENT
Summary
The author of the article «Chovgan as sports game and as the national instrument» Abbasgulu Nadzhafzade tells about ancient Azerbaijani idiophone musical instrument – the chovgan. In the article are studied sources, etymologies, morphology, by also poetic lines from woks of classical poets opening the characteristic of a musical instrument chovgan.
In article the characteristic of equestrian sports — chovgan also is mentioned.
Key words: chovgan, musical instrument, studied sources, etymologies, morphology, literary source.
Rəyçilər:
sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Fəttah Xalıqzadə;
pedaqoqika üzrə fəlsəfə doktoru, professor Xanlar Qurbanov