Əhsən sənə, Əhsən!
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 2, 2015
sənətşünaslıq üzrə elmlər doktoru, dosent
E-mail: a.najafzade@yahoo.com
Əhsən sənə, Əhsən!
Açar sözlər: Əhsən Dadaşov, çalğı alətləri, udun ən qədim arxeoloji mənbəyi, həkim Qrekin fikirləri
Azərbaycan xalqı beynəlxalq aləmdə bütün dövrlərdə istər vokal, istərsə də instrumental ifaçıları ilə daim fəxr etmişdir. Onların arasında peşəkar ifaçılarla yanaşı, müxtəlif peşə sahiblərinə də rast gəlirik: şair, dövlət rəhbəri (Şah İsmayıl Xətai), ozan-aşıqlar (Dədə Qorqud, Aşıq Alı, Aşıq Ələsgər), döyüşçülər, xalq qəhrəmanları (Babək, Koroğlu, Qaçaq Nəbi) və başqaları. Deyilənlər çalğı alətlərimizə ümumxalq məhəbbətinin, sevgisinin olduğunu təsdiqləyir.
Azərbaycanda ötən əsrin 20-ci illərindən etibarən – Bakı, Gəncə, Ağdam, Şuşa, Naxçıvan, Şəki və s. kimi şəhərlərdə bir sıra musiqi məktəbləri fəaliyyətə başladı. Bu məktəblərdə müxtəlif çalğı alətlərində (tar, kamança, balaban, nağara və s.) notu üzündən oxumaq, notla çalmaq vərdişləri tədris olunurdu. Tezliklə həmin ifaçılar müxtəlif xalq çalğı alətləri orkestr və ansambllarında fəaliyyətə başladılar. Belə ifaçılardan biri də virtuoz tarzən Əhsən Dadaşov idi.
Ötən il görkəmli sənətkar Əhsən Dadaşovun 90 illik yubileyi keçirildi. İlk öncə onun tərcümeyi-halına nəzər yetirək:
Əhsən Əliabbas oğlu Dadaşov (16.08.1924, Bakı – 29.05.1976 Bakı) – müəllim, ifaçı (tar, saz, ud, kamança, tütək), bəstəçi.
Fəxri adı – əməkdar artist (1959). Tələbə və Gənclərin IV Ümumdünya festivalı müsabiqəsinin laureatı (1953, Buxarest). VI Ümumdünya festivalının qızıl mükafatçısı (1957, Moskva).
Ə.Dadaşov xalq çalğı alətləri orkestrinin əsas solistlərindən biri idi. Repertuarında “Rast”, “Segah”, “Şur”, “Zabul”, “Hümayun”, “Çahargah”, “Orta mahur”, “Vilayəti-Dilkeş”, “Bayatı-Şiraz” və s. muğamlarla yanaşı, Azərbaycan və dünya bəstəkarlarının müxtəlif səpgili əsərləri də xüsusi yer tutmuşdur. Ə.Dadaşov tarın texniki imkanlarından bacarıqla istifadə edən, musiqini dərindən duyan, novator ifaçılardan biri olmuşdur. Bir çox xarici ölkələrdə (İran, İraq, Hindistan, Əlcəzair, Qvineya, Rumıniya, Çexoslovakiya, Yuqoslaviya, Polşa, Avstriya, Misir, Kuba, Əfqanıstan, Suriya, Türkiyə, ABŞ) musiqi mədəniyyətimizi, Azərbaycan ifaçılıq sənətini layiqincə təbliğ etmişdir. Ə.Dadaşovun melomanlıq fəaliyyəti də olmuşdur. O, bir sıra sevilən və yaddaqalan rənglərin, təsniflərin, diringilərin, rəqslərin, ümumilikdə 30-a yaxın melodiyanın müəllifidir. 1961-ci ildə Azərbaycan Respublikası Tele-Radio Verilişləri Komitəsinin (indiki Az.DTRV QSC) nəzdində xalq çalğı alətləri ansamblı yaratmışdır. Hazırda bu ansambl Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı kimi fəaliyyət göstərir. Ansamblın bədii rəhbəri xalq artisti Adil Bağırovdur.
1961-ci ilin sonu və 1962-ci ilin əvvəllərində dünya şöhrətli müğənni, SSRİ xalq artisti Rəşid Behbudov (1915-1989) İranda uzunmüddətli (4 aya yaxın) qastrol səfərində olur. Müğənni 20-yə qədər iri şəhərlərdə (Tehran, Təbriz, İsfahan, Ərdəbil, Şiraz, Abadan, Xoy, Ənzəli, Zəncan, Məşhəd və s.) 100-ə yaxın anşlaq konsertlər verir. Onu bu konsertlərdə unudulmaz tarzən Əhsən Dadaşov və virtuoz pianoçu Çingiz Sadıqov müşayiət etmişlər.
Hörmətli oxucu! Mən Əhsən Dadaşovun çalğı alətlərimizə olan münasibətindən və bu alətlərdə onun ifasından söz açmaq istəyirəm. Ə.Dadaşov haqqında qələmə alınmış yazılardan və xatirələrdən bəlli olur ki, onun öyrəndiyi ilk çalğı aləti tütək olmuşdur (şək. №1). Sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMK-nın dosenti Yaqut Seyidova ustad sənətkarın 80 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransda bildirmişdir: “Gələcəkdə ustad sənətkar kimi zirvələrə ucalan Əhsən Dadaşov uşaqlıq dövründə heç kimdən musiqi dərsi almadan əvvəl tütək çalmağa, sonra isə tara həvəs göstərmişdir” (1, s. 47).
Şəkil №1. Tütək
Bəlkə də Əhsən uşaq ikən tütəyin səs tembrinin fərqinə heç də varmırdı. Azərbaycanın qədim nəfəs alətlərindən biri olan tütəyin səsi dinləyicidə təbiət mənzərəsini xatırladır və bu səbəbdən romantik hisslər oyadır. Həqiqətən, tütəyi (hansı melodiya ifa edilməsindən asılı olmayaraq) dinləyərkən istər-istəməz gözlərimiz önündə təbiət mənzərələri – yamyaşıl meşələr, sıldırımlı dağlar, büllur bulaqlar, şırıltılı şəlalələr, coşqun çaylar və s. canlanır.
Ustad sənətkar Əhsən Dadaşov hələ uşaq yaşlarında ikən sehrli səslərin, ifaların axtarışında olmuş və zaman-zaman öz inadcıl səyləri sayəsində öyrəndiyi müxtəlif səpkili çalğı alətlərinin timsalında onlara yetişmişdir. Onun yaradıcılıq yolunu izlədikdə deyilən fikirlərin şahidi oluruq.
Ə.Dadaşov 14 yaşında Bakı Musiqi Texnikumuna qəbul olunmuş və burada tar ixtisasına yiyələnmiş, ömrünü-gününü bu alətə bağlamışdır (şək. №2). Onun ifaçılıq sənətində əldə etdiyi böyük uğurlar hər kəsə bəllidir.
Şəkil №2. Tar
Dahi Üzeyir Hacıbəyli (1885-1948) “Azərbaycan musiqi həyatına bir nəzər” məqaləsində tarın xarakterini belə açır: “Tarın “bəm” simləri çox həzin və təsirlidir. Miyanxana səsləri gur və mərdanə, zil səsləri isə bir qədər qışqırıqlıdır.
Tar ən ziyadə istemal edilən alətin birincisidir” (2, s. 500).
Deyəsən, Əhsən müəllim axtardığını tarın səsində tapmışdı. Yəni Üzeyir bəyin təbiri ilə desək, tarın bəmdə “həzinliyi”, orta registrdə “gur və mərdanəliyi”, zildə isə “qışqırıqlı olması” Əhsəni qəlbində qərar tutmuş musiqi dünyasının saf və təmiz duyğularını dinləyicisinə çatdırmaq üçün tam təmin edirdi.
Hər alətin öz səsi, öz dünyası olduğu kimi, bu alətlərin hər birinə ifaçılıq baxımından yanaşmağın da fərqli xüsusiyyətləri var. Ə.Dadaşovun tütəkdə, kamançada ifalarının lent yazıları olmasa da, onun həmin alətləri böyük peşəkarlıqla ifa etməsini yaşlı nəslin nümayəndələri indi də xatırlayırlar. Qeyd edildiyi kimi, Əhsən müəllim tütəyi uşaq ikən öyrənmişdisə, kamançanı artıq gənclik illərində mənimsəmişdi (şək. №3). Yəni 1940-cı ildə ölməz bəstəkar, dirijor Səid Rüstəmov (1907-1983) onu rəhbərlik etdiyi Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinə işləməyə dəvət edir. Əhsən müəllim həmin orkestrdə ömür-gün yoldaşını tapır. Bu, gözəl kamança ifaçısı Qəribə Dadaşova (1928-1996) idi. 1954-ci ildə onlar ailə həyatı qurur. Qəribə Dadaşova 1959-cu ilə qədər xalq çalğı alətləri orkestrində kamança ifaçısı kimi fəaliyyət göstərmişdir. Daha sonra o, Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda alman dili üzrə müəllim işləmişdir.
Şəkil №3. Kamança
Bax beləcə, Əhsən Dadaşov həm kamança ifaçısı Qəribə xanıma, həm də onun ifa etdiyi çalğı alətinə meylini salmışdır. Bəlkə də ustad sənətkar kamançanı öz sevgilisinə olan hədsiz məhəbbətini nümayiş etdirmək məqsədi ilə öyrənmişdir…
Ü.Hacıbəylinin bildirdiyinə görə, kamançada ifa olunan musiqi tarda çalınandan daha mükəmməl və insanın səsinə daha yaxındır (2, s. 500).
Sirr deyil ki, tarla müqayisədə kamançada ifa etmək çox çətindir. Kamançada pərdələr olmadığından ifaçıdan yüksək musiqi duyumu tələb olunur. Bu fikirlər ud aləti ifaçılarına da şamil edilir. Yəni udda da tardan, sazdan fərqli olaraq pərdələr yoxdur. Bilindiyi kimi, Əhsən Dadaşov udun da ən mahir ifaçısı olmuşdur (şək. №4). O, ilk dəfə solist kimi ud aləti ilə radio üçün bir sıra musiqilər ifa etmişdir. Həmin lent yazıları Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin fonotekasında qorunur.
Şəkil №4. Ud
Ə.Dadaşovun ifasında udu dinlədikdə sanki alətin səsi ilə nurani el ağsaqqalı müdrik kəlamlarla cavanlara öyüd-nəsihət verir. Onun ud ifasındakı bu “öyüd-nəsihət”ləri diqqətlə dinlədikdə, frazalararası “vergül”ləri, “cümlə”lərin tamamlanmasındakı “nöqtə”ləri belə aydın duyursan.
Ud aləti Azərbaycanda bütün dövrlərdə, hətta e.ə.-ki minilliklərdə də sevilmişdir. Tarix elmləri doktoru, professor Aləm Nuriyev (1936-2004) “Milli musiqinin nadir tapıntısı” adlı məqaləsində ud alətilə bağlı olduqca maraqlı faktları ortaya qoyur.
Müəllif məqaləsində 1984-cü ildə Bərdədə arxeoloji qazıntılar zamanı aşkar edilən xeyrə tipli qabdan söhbət açır: “Dulusçu usta qab nümunəsini hazırlayarkən, qabın daxilinə cızma üsulu ilə rəsm həkk etmişdir. Nümunənin kənar sektorunda isə usta bir-birinin ardınca qaçan üç heyvan rəsmini yüksək zövqlə təsvir etmişdir (şək. №5).
Buynuzların gərilməsinə əsasən, onların dağ keçisi və yaxud ceyran olduğunu ehtimal etmək olar. Yuxarıda qeyd etdiyimiz kimi, qabın mərkəzində musiqi alətinə bənzər rəsm həkk olunmuşdur. Alətin çanaq hissəsi qazma üsulu üzrə dörd sektora bölünmüşdür. Çanağın mərkəzindən keçən qoşa xətt alətin qolundan keçərək axıradək davam edir. Həmin xətt alətin başlığında sona yetir. Qolun sağ və sol tərəfində isə şarvari və sünbül rəsmləri də çəkilmişdir. Alətin vəziyyətinə əsasən, bu rəsmlərdə alətin siminin bərkidilməsindən və ya boşaldılmasından ibarət aşıxların olduğunu ehtimal etmək olar.
Geniş müqayisələrlə alətin Qarabağ ərazisindəki şənliklər zamanı istifadə edildiyi və ud musiqi aləti olduğu müəyyənləşir” (3, s. 209-210).
Aləm Nuriyev bu tapıntının Kür-Araz erkən Tunc dövrünə, yəni e.ə. IV-III minilliklərə aid olduğunu qeyd edir. O, zəngin ornamentlərlə bəzədilmiş həmin nümunənin Bərdə şəhər Mədəniyyət Muzeyində saxlanıldığını bildirir.
Şəkil №5. Bərdə şəhər Mədəniyyət Muzeyindəki qab
Fikrimizcə, bu alət Ə.Marağalının “udi-qədim” adlandırdığı udun ən qədim növüdür (4, s. 75). Yəni haqqında söhbət açdığımız sənət nümunəsində udun ilkin növü təsvir olunmuşdur.
Deməli, bu qab nümunəsinin Azərbaycan ərazisində tapılması ud aləti ilə bağlı tədqiqatlara, onun yaranma tarixinə, hətta sözaçımına yenidən baxılmasını tələb edir.
Bu maddi mədəniyyət nümunəsi olan qabın Bərdədə tapılması heç də təsadüfi deyil. Bu şəhər qədim yaşayış məskənlərindən biri olmuş, eləcə də mədəniyyət mərkəzi kimi tanınırdı. Dahi Nizami Gəncəvi (1141-1209) “Xosrov və Şirin” poemasını yazarkən qəhrəmanları haqqında çoxlu məlumat əldə etmiş, ərəb və fars salnamələrini, Bizans və Suriya tarixi ədəbiyyatlarını və rəvayətlərini dərindən öyrənmişdi. O, bu barədə əsərin müqəddiməsində yazır:
Tanıyan yoxdur bu gözəl alması,
Bərdədə var idi bir əlyazması (5, s. 66).
Ud ümumşərq xalqlarının ruhuna uyğun şəkildə yaradıldığından onun adı müxtəlif dillərdə fərqli mənalar (ağac, bitki adı, od və s.) daşıyır. Qədim oğuzlar, azər-türklər isə ud sözünü bəxt, tale, şans mənalarında işlətmişlər. Yəni ud dilimizin arxaik sözlərindən biridir. Bu ifadəyə şifahi və yazılı ədəbiyyatımızın şah əsəri olan “Kitabi Dədə Qorqud” dastanında tez-tez rast gəlirik: “Qız aydır: Qədəmi qutsız gəlin deyincə, udsuz gəlin desünlər” (6, s. 162).
Burada “udsuz” sözü bəxtsiz, talesiz mənalarında işlədilir. Udlu sözü isə əksinə bəxtli, taleli deməkdir. Əski türkcədə udlu həm də həyalı, ədəbli, əziz və hörmətli mənalarında işlədilmişdir (6, s. 224).
İdman yarışlarında və yaxud kimlərsə bir-biri ilə mərc gəldikdə qalib tərəfin “udduğu”, yəni bəxtli olduğu fikri bildirilir. Anadolu türklərində bu söz “mutlu” şəklində işlədilir, burada da həmin söz eyni məna daşıyır.
Gördüyümüz kimi, alətin adındakı ud sözü dilimizdə səadət, xoşbəxt mənalarını bildirir. Bəlkə də aləti ud adlandırmaqla ifaçılar onun vasitəsi ilə öz bəxtlərini aramışlar.
Dahi Ü.Hacıbəylinin ud aləti ilə bağlı yazdığı fikirlər də maraqlıdır: “Ərəb-İranilərin sazlarına (yəni musiqi alətinə) gəldikdə, yuxarıda ərz olunduğu kimi, o sazların bir çoxu bugünkü Avropa sazlarının ata-babalarıdır. Ərəb-İran sazlarından ən sevimlisi “ud” imiş ki, Avropada ancaq XII əsrdən sonra məşhur oldu. Halbuki X əsrdə olan məşhur Fərabi udun mükəmməl bir saz olduğunu tərif etmişdir” (2, s. 504).
İfaçılıq sənətindən danışarkən görkəmli şair Mikayıl Müşfiqin (1908-1938) bibisi oğlu, tanınmış dövlət və siyasi-ictimai xadim, folklor tədqiqatçısı Əlihüseyn Dağlının (1898-1981) “Ozan Qaravəli” adlı əsərindəki kamanlı alətlərin ifaçıları üçün maraqlı olacaq fikirləri yada düşür: “Bir müddət Dmitri Pavloviç Qrek familyasında həkimlə həmsöhbət olmuşam. O, əsl insan idi, söhbətləri mənə çox yaxşı təsir bağışlayırdı. Həkim öz ixtisası barədə nəql etdi ki, “ruhi xəstəliklərlə əlaqədar beyin quruluşuna dərin diqqət yetirməli olubdur. Mülahizələri zamanı bu qərara gəlmişdir ki, ən nazik, incə damar skripkaçıların beynində yerləşir. Bu yəqin ona görədir ki, skripkanın (o cümlədən ud və kamançanın – Ə.D.) gitara, mandolina və s. alətlərdə olduğu kimi, qollarına xüsusi pərdələr bağlanmır. Odur ki, musiqiçi ifa zamanı həmişə gərgin vəziyyətdə olur, barmaqlarının həssaslığı ilə musiqi alətinin qolunda səslərin yerini dəqiq tapır. Əgər o, əsəbi ovqatdadırsa və ya fikri, diqqəti dağınıqdırsa, çalğısında mütləq “xaric”, arzuolunmayan səslər meydana çıxa bilər”.
Əgər Qrek familiyalı mütəxəssis həkimin qərarında bir neçə faiz həqiqət varsa, onda bu elmi nəticə kamança və ud çalanlara da şamil edilməlidir” (7, s. 43-44).
Həqiqətən, qolunda pərdə olmayan telli alətlərin ifaçılarından böyük peşəkarlıq tələb olunur.
Həkim Qrekin yazdığından belə nəticəyə gəlirik ki, gözəl ud və kamança ifaçısı olmuş Əhsən Dadaşovun da beyin damarları çox incə və zərif olubmuş. Bəlkə də elə bu səbəbdən dünyasını çox tez dəyişmişdir…
Vaxtilə Ə.Dadaşovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının üzvü olmuş, AMK-nın dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Afət Novruzov ustad sənətkarın saz çalmağından da söhbət açır: “Əhsən Dadaşov 50-ci illərdə orkestrin partituralarında olan saz partiyalarının solo hissələrini də yüksək bədii zövqlə, şirin barmaqlarla, cazibədar duyğularla səsləndirmişdir” (8, s. 45).
Deməli, ötən əsrin 50-ci illərində Əhsən Dadaşov ulu ozanların xələfi olan aşıqlarımızın ayrılmaz alətini, yəni sazı da sinəsinə sıxıb, ifa etmişdir (şək. №6).
Şəkil №6. Saz
Göründüyü kimi, Əhsən Dadaşov ifa tərzinə görə bir-birindən kəskin fərqlənən müxtəlif çalğı alətlərini (tar, ud, saz, kamança, tütək) eyni məharətlə ifa etmişdir. O, çalğı alətlərinin hər birinin ifa tərzini gözəl bildiyindən, sonralar rəhbərlik etdiyi ansamblda qeyri-adi, məxsusi səslənmə əldə etmişdir. Bu səbəbdən Ə.Dadaşovun yaratdığı ansambl öz dəsti-xəttinə, səslənməsi və ifa tərzinə görə digər ansambllardan yaxşı mənada seçilir.
Biz Ə.Dadaşovun müxtəlif çalğı alətlərində ifası haqqında yetərincə danışdıq. Bundan əlavə onun gözəl avazı, ürəyəyatımlı səsi də vardı. Adil Bağırov bildirir ki, tele-radionun səsyazma studiyasında Əhsən Dadaşov “Gəl barışalım” mahnısını royalda ifa edib və ansamblın müşayiəti ilə oxuyarkən səs rejissoru, bəstəkar Adil Bəbirov (hazırda Kanadada yaşayır) kimsənin xəbəri olmadan lentə almışdı. Həmin ifa hazırda fonetikada saxlanılır. Bu lent yazısı Əhsən Dadaşovdan xalqımıza, əhsənsevərlərə yadigar qalmışdır.
Əhsən Dadaşov çox az yaşadı, lakin o, mənalı bir ömür sürdü. İllər ötəcək, nəsillər dəyişəcək. Həmişəcavan Əhsən sənəti elə olduğu kimi, daim təravətli qalacaqdır. Ustad sənətkarın bizə miras qoyduğu lent yazılarını xalqımız bütün dövrlərdə dinləyəcək, ondan zövq alaraq: “Əhsən sənə, Əhsən!” – deyəcəklər.
İstifadə edilmiş ədəbiyyat:
- Seyidova Y.Ş. Tarzən Əhsən Dadaşovun yaradıcılığına bir nəzər. // Əhsən Dadaşov – 80. Elmi-praktik konfransın materialları. B.: Ulu, 2005, 60 s. (şəkilli).
- Hacıbəyli Ü.Ə. Bədii və publisistik əsərlər. B.: Şərq-Qərb, 2008, 544 s.
- Nuriyev A. Milli musiqinin nadir tapıntısı. // Elmi axtarışlar, VI toplu, filologiya, tarix, incəsənət. B.: 2001.
- Marağalı Ə. Musiqi alətləri və onların növləri (farscadan tərcümə: M.Müsəddiq). // “Qobustan” jurnalı №1, 1977.
- Gəncəvi. Xosrov və Şirin. B.: Lider, 2004, 392 s.
- Kitabi Dədə Qorqud (tərtibçi, çapa hazırlayanı, ön sözün və lüğətin müəllifi S.Əlizadə). B.: Yeni nəşrlər evi, 1999, 704 s.
- Ə.Dağlı. Ozan Qaravəli (I kitab). B.: MBM, 2006, 192 s. (kitab müəllifin AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda C-1021/9974 şifrəsi ilə qorunan əlyazması əsasında A.Nəcəfzadə tərəfindən tərtib edilib).
- Novruzov A. Əhsən Dadaşovun bir sənətkar kimi səciyyəsi. // Əhsən Dadaşov – 80. Elmi-praktik konfransın materialları. B.: Ulu, 2005, 60 s. (şəkilli).
доктор искусствоведения, доцент
E-mail: a.najafzade@yahoo.com
Браво тебе, Ахсан!
РЕЗЮМЕ
Автор статьи ««Браво тебе, Ахсан!» Аббасгулу Наджафзаде рассказывает о видном виртуозном таристе Ахсане Дадашове и его творческом пути. Также в статье упоминается об его одинаково искуссном способе игры на разных музыкальных инструментах и его особом отношении к испольнительству. В статье автор дает очень интересные данные об этих музыкальных инструментах.
Ключевые слова: Ахсан Дадашов, музыкальные инструменты, самый древний архееологический источник уда, мысли доктора Грека
Doctor of study of Art, Associate professor
E-mail: a.najafzade@yahoo.com
Bravo to you, Ahsan !
SUMMARY
Abbasgulu Najafzadeh in his paper “Bravo to you, Ahsan!” throws a glance at life and creative activity of Ahsan Dadashov. The author discusses his attitude towards the musical instruments which he played with various ways skilfully. A lot of interesting news are given here.
Key words: Ahsan Dadashov, musical instruments, the most ancient source of the ud, doctor Greck’s thoughts
Rəyçilər:
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Hüseynova;
sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Malik Quliyev.