Müğənnilərin yetişib püxtələşməsində Əhsən Dadaşovun rolu
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 2, 2016
ADMİU-nun müəllimi,
Bakı, İnşaatçılar prospekti 39
AMK-nın dissertantı
Email: ahsanrahmanli@mail.ru
AMK-nın baş müəllimi,
Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7
Email: elcin-naqiyev@mail.ru
UOT 78.074
MÜĞƏNNİLƏRİN YETİŞİB PÜXTƏLƏŞMƏSİNDƏ ƏHSƏN DADAŞOVUN ROLU
Xülasə: Məqalədə ustad tar ifaçısı, xalq çalğı alətləri ansamblının rəhbəri Əhsən Dadaşovun Azərbaycan xanəndələri ilə yaradıcılıq əlaqələrindən söhbət açılır. Göstərilir ki, o, bir sıra xanəndələrin səhnəyə qədəm qoymasında, səslərinin radio fonduna yazılmasında, səhnələrdə və televiziyada çıxışlarının təşkilində mühüm rol oynamışdır. Belə ki, Əhsən müəllim xalq musiqimizi, muğamları, bəstəkarlarımızın yaradıcılığını dərindən bildiyi üçün gənc xanəndələr ona müraciət etməyi üstün tuturdular.
Açar sözlər: Əhsən Dadaşov, xalq çalğı alətləri ansamblı, müğənnilər, qarmona münasibət, səslənmə fərqi
İstedadlı musiqiçi, gözəl tarzən, bir-birindən gözəl melodoyaların müəllifi, musiqi aləmində cazibədar, təsirli ifaları ilə könülləri fəth edən Əhsən Dadaşov (1924-1976) Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində 1961-ci ildə xalq çalğı alətləri ansamblı yaradarkən istedadlı musiqiçiləri ətrafına toplayaraq səmərəli, geniş yaradıcılıq işlərinə başlamaqla və zəngin irs yaratmışdır. O, ansamblı Teleradio Komitəsinin o vaxtkı sədri Ənvər Əlibəyli (1916-1968) və xor kollektivinin bədii rəhbəri və baş dirijoru, məşhur bəstəkar Cahangir Cahangirovun (1921-1990) tövsiyyəsi ilə təşkil etmişdi. Bu ansambl tele-radionun xorunu radio üçün yazılan lentlərdə və televiziyada müşayiət edirdi. Sonralar isə ansambl tele-radionun nəzdində sərbəst fəaliyyətə başladı. 1963-cü ildən bu ansamblın üzvləri gənclərdən ibarət idi. Ə.Dadaşov istedadlı ifaçıları kollektivə cəlb edərək repertuarı və səslənməsi ilə digər xalq çalğı alətləri ansambllarından fərqlənən, po-pulyarlıq qazanan, sevilən və hər yerdə rəğbətlə qarşılanan bir ansambl yaratdı. Əhsən müəllim rəhbəri olduğu ansamblının Şərq üslubunda səslənməsinə çalışırdı. Burada əsasən, türk üslubuna üstünlük verilirdi. Azərbaycanda 12 pilləli səs sistemi mövcud olduğundan, çərək tonların olmadığı üçün Əhsən Dadaşov əsl Azərbaycan xalq çalğı alətləri ansamblı səslənməsilə seçilən öz ansambl məktəbini yaratdı. Əhsən müəllim ansamblın üzvləri və məşqlərə gələn, lentlər yazdıran, səhnələrdə çıxış edən müğənnilər üçün nümunə, örnək və əsl məktəb idi.
Əhməd Bakıxanovun (1892-1973), Əliağa Quluyevin (1917-1998), Baba Salahovun (1923-1982), Hacı Məmmədovun (1920-1981), Yusif Heydərovun və Əlibaba Məmmədovun yaratdıqları və rəhbərlik etdikləri ansamblların hamısının tərkibində qarmon olsa da, Əhsən müəllim öz ansamblına bu aləti daxil etməmişdi. Bəziləri haqsız olaraq fikir yürüdür ki, Ə.Dadaşovun qarmona münasibəti xoş olmadığımdan, bu alətin tembrini sevməməsindən və onu primitiv bir alət saymasından idi. Əslində isə bu belə deyildi. Bütün toy şənliklərində Əhsən müəllimin qrupunun tərkibində qarmon ifaçısı vardı, o, tarı qarmonun “do”, “sol” və s. səslərinə kökləyərək bütün mərasim ərzində qarmon, klarnet, kamanla birlikdə xanəndələri müşayiət etmişdir. O dövrün tar çalanları el şənliklərində xanəndəni ənənəvi olaraq kamanla müşayiət edirdilərsə, Əhsən müəllim əksər hallarda qarmon – klarnet — nağara üçlüyü ilə, ansambl şəklində müşayiət edirdi. Klarnet çalan əsasən, oyun havalarında ifa göstərirdisə, muğamlarda mahnı və təsniflərdə qarmon çalan Əhsən müəllimlə birlikdə xanəndələrin oxumağını tamamlayırdı. Biz arxiv materiallarında, musiqiçilərin şəxsi arxivlərində Ə.Dadaşovun toylarda xanəndələrə birlikdə çəkilən xatirə fotoşəkillərində ayrı-ayrı qarmon ifaçılarını dəfələrlə seyr etmişik. Hətta bu mehriban, mədəni, istiqanlı tarzənin qarmon ifaçıları ilə dostluğu da vardı. Bu sırada İsfəndiyar Coşqun (1929-1991), Məmmədağa Ağayev (1919-1982), Səfərəli Vəzirov (1929-1982) və başqalarının adlarını hörmətlə çəkirik.
Ə.Dadaşov qarmon ifaçılarından ən çox virtuoz sənətkar Zakir Mirzənin sənətinə dərin sevgi və rəğbət bəsləyərdi. O özüylə danışılan toy şənliklərində həmişə Zakiri görmək istərdi. Onlar birlikdə möhtəşəm tədbirlərdə çıxış edirdilər. Zakirin xatirələrindən: “Toylarda Montenin “Çardaş”ını və digər klassik əsərləri ifa edirdim. Böyük zövq alırdı, xoş sözlərini əsirgəmir, məndə həvəs oyadır, belə repertuarı zənginləşdirməyimi tövsiyə edirdi. O, deyirdi ki, məmuniyyətlə səni ansamblımın tərkibində görmək istərdim. Lakin mən yalnız səslənmə fərqi yaratmaq istədiyimə görə bunu etmirəm”.
Azərbaycan milli televiziyasının fonotekasında SSRİ xalq artisti, professor Bülbülün (1897-1961) qorunan ifalarının birində onu müşayiət edənlər sırasında birinci tarzən, konsertmeyster Əhsən Dadaşov, ikinci tarzən Sərvər İbrahimovdur (1930-2002). Ansamblın tərkibində qarmon çalan ustad sənətkar Teyyub Dəmirov (1908-1970) da var. O, müğənnini müşayiət edərək “Bayatı-kürd” muğamı çalır. Bu fakta əsasən fikir söyləmək olar ki, Ə.Dadaşov tərkibində qarmon aləti olan ansambllarla da çıxış edirdi. Ə.Dadaşovun rəhbəri olduğu ansambla qarmon daxil etməməsinin obyektiv səbəbi yalnız digər ansambllardan fərqlənmək və özünəxas səslənmə yaratmaq istəyi olub.
Əslində Əhsən müəllim ansamblına qoşanağara və qaval da salmayıb, əvəzində zərb alətini səsləndirib. İlk dəfə zərb alətini onun ansamblında görmüşük. Ə.Bakıxanovun xalq çalğı alətləri ansamblında isə nağaradan əlavə qoşanağara və qaval alətləri də səslənirdi. Əhsən Dadaşov xalq çalğı alətləri ansamblının tərkibində tar, kamanla birlikdə ud, tütək, qanun, fortepiano və klarnet alətlərinin də bir-birinə uzlaşaraq gözəl və həmahəng səslənməsini yaradırdı.
Ə.Dadaşovun ansamblı fəaliyyətə başladığı ilk çağlardan məşhur müğənniləri müntəzəm olaraq açıq konsertlərdə, televiziyada və radioda müşayiət edirdi. Bu sırada Şövkət Ələkbərova (1922-1993), Sara Qədimova (1922-2005), Gülağa Məmmədov (1925-1994), Mirzə Babayev (1913-2008), Qulu Əsgərov (1928-1987), Anatollu Qəniyev (1931-1985), Bə?kir Haşımov (1926-1989), Məmməd Salmanov (1930-2005), Eynulla Cəbrayılov (1929-1993), Ramiz Hacıyev (1936-2005), Novruz Feyzullayev (1930-2008), İslam Rzayev (1934-2008), Tamilla Məmmədzadə (1937-1997), Flora Kərimova və başqalarının adlarını qeyd edə bilərik. Lakin ustad tarzənimiz gənclərin də ansambl müşayiətilə oxumasına, tanınmasına, püxtələşməsinə çalışır, daim onlara diqqət və qayğı göstərirdi. Cəsarərlə qeyd etməliyik ki, Elmira Rəhimova, Arif Babayev, Süleyman Abdullayev, Baba Mahmudoğlu (1940-2006), Nəzakət Məmmədova (1944-1981), Niyaməddin Musayev, Qədir Rüstəmov (1935-2012) və başqalarının səsi Əhsən müəllimin ansamblının müşayiətilə Azərbaycan radiosunun fondu, Ümumittifaq “Melodiya” firmasının qrammafon vallarına yazılışı üçün lentə alınmış, televiziya konsertləri və çəkilişləri vasitəsilə yayımlanmışdır. Bundan əlavə həmin müğənnilər Ə.Dadaşovun idarəsilə xalq çalğı alətləri ansamblının müşayiətilə Dövlət Filarmoniyasında, Bakının və digər şəhərlərimizin mədəniyyət müəssisələrində konsertlərdə çıxış ediblər. Əhsən müəllim müğənnilərlə muğamları, təsnifləri, xalq mahnılarını və bəstəkarlarımızın əsərlərini xüsusi zövqlə, ustalıqla və yüksək peşəkarlıqla hazırlayırdı. Əbəs deyil ki, onun ansamblının müşayiətilə radioya yazılanlar, televiziya üçün çəkilənlər əsl musiqi nümunəsinə, sənət incisinə çevrilərək qızıl fondda qorunur və hər dəfə səslənəndə ruhumuz təzələnir.
Əvəzsiz, həmişəyaşar müğənnimiz Elmira Rəhimova sənətdəki ilk addımlarından tanınaraq sevilmişdir. Onun səsinin radioda lentə alınması, televiziyamızdakı konsertləri ilk əvvəllər Ə.Bakıxanovun ansamblının müşayiətilə olub. 1964-cü ildən etibarən Əhsən müəllimin rəhbəri olduğu ansambl Teleradio Verilişləri Komitəsində sərbəst fəaliyyətə başladığı dövrdən Elmira xanım da Ə.Dadaşovun ansamblının məşqlərinə qatılaraq sıx yaradıcılıq əlaqələrində olub. O, 1960-70-ci illərdə bəstəkarlarımızın xeyli sayda mahnılarını və bir sıra xalq mahnılarını radiomuzun fonotekasına təqdim edib. Elə hazırkı dövrdə də həmin ifalar müasirdir və daim efirə verilir. Müğənni Ə.Dadaşovun ölümündən sonra da özünü həmin ansamblın yetirməsi sayaraq ustaddan xatirə qalan “Xatirə” ansamblı ilə yaradıcılıq əlaqələrini davam etdirib. Elmira xanım tele-radionun estrada orkestrinin də solisti olub.
Xanəndə Novruz Feyzullayev əslən Ərdəbildən idi, orada boya-başa çatmışdı. İranın paytaxtı Tehran şəhərində yaşamış, rəqqas və xanəndə fəaliyyəti göstərmiş, Novruz Əfşar kimi məşhurlaşmışdı. Əfşar ona verilmiş təxəllüs idi, “Əfşar” muğamını yaxşı oxuduğu üçün bu adı qazanmışdı. O, 1962-ci ildə ailəsilə birlikdə Quzey Azərbaycana (cənubdakıların təbirincə desək, Şurəvi Azərbaycana) mühacirət etmişdi. Bakıda demokratların (S.C.Pişəvərinin rəhbərliyilə 1945-1946-cı illərdə mövcud olmuş Milli Hökumət süqut etdikdən sonra Sovet Azərbaycanına mühacirət edən üzvlərinin) mədəniyyət mərkəzi (komitəsi) fəaliyyət göstərirdi. Burada “Məşəl” adlı xalq çalğı alətləri ansamblı da yaradılmışdı. Novruz bu ansamblın fəal üzvlərindən biri oldu. Ə.Dadaşov bir müddət “Məşəl” ansamblına rəhbərlik edib. O, Novruz Feyzullayevin məşqlərdə, konsertlərdə bacarığına dəyər verərək onun Respublikamızda geniş şəkildə tanınmasına kömək etmişdi. Əhsən müğənini Tele-radio Verilişləri Komitəsində rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblına dəvət edərək ona yaxşı repertuar hazırlamış, səsini radionun fondu üçün yazdırmış, televiziya konsertlərinə çıxararaq ölkəmizdə tanıtdırmışdı. 1960-1970-ci illərdə biz radio dalğalarından tez-tez N.Feyzullayevin səsini eşidirdik. Xanəndə Əhsən müəllimin ansamblının müşayiətilə oxuyaraq radiomuz üçün “Şur təsnifi”ni (13.10.1966), “Hümayun” dəstgah muğamını (11.02.1967), “Segah təsnifi”ni (20.06.1967), “Çahargah təsnifi”ni, “Yar bizə qonaq gələcək” xalq mahnısını (29.06.1967), ”Zəmin-Xara təsnifi”ni, “Şur təsnifi”ni (Gecə-gündüz qəlbimdəsən) (03.04.1968), bəstəkar Ələkbər Tağıyev və şair Mikayıl Müşfiqin “Sənə qurban” mahnısını, “Ay qız amandır” xalq mahnısını (29.07.1969), “Qaragilə” (28.01.1972) və “Bülbüllər oxur” (31.05.1972) xalq mahnılarını yazdırmışdır. Təsniflərin bəziləri xanəndənin İrandan gətirdikləri, bəziləri isə özünün bəstələdikləri idi. Əhsən müəllimin özünün də bəstəkarlıq qabiliyyəti olduğu üçün yaradıcı insanlara qayğı göstərir, onların yaratdıqlarının meydana çıxmasına, dinləyici, tamaşaçı ixtiyarına verilməsinə şərait yaradırdı.
N.Feyzullayev Əhsən müəllimin ölümündən sonra xanəndə Əlibaba Məmmədovun rəhbərlik etdiyi “Hümayun” ansamblında fəaliyyət göstərib. O, bir zamanlar Əhsən müəllimin rəhbərliyilə çıxış etdiyi “Məşəl” ansamblına sonralar rəhbərlik edib. Sevimli xanəndəmizə ansambl ilə işləmək münasibətləri, müəyyən incəliklər Ə.Dadaşovdan yadigar qalıb.
Azərbaycan Dövlət mahnı və rəqs ansamblında uzun illər çalışmış, həmin kollektivin tərkibində əsas, aparıcı solistlərdən biri olmuş xanəndə Məmməd Salmanovun səsi xeyli əsərin ifasında səsləndirilib. O, Əhsən Dadaşovla da yaxın münasibətindən, onun xeyirxahlığından və yaradıcılığından bəhrələnərək radiomuzun fondu üçün “Şur təsnifi”ni (18.07.1973), musiqisi Tofiq Quluyevin, sözləri Zeynal Cabbarzadənin olan “Məzəli mahnı”sını (18.07.1973), Aşıq Ələsgərin sözlərinə Hacı Xanməmmədovun bəstələdiyi “Niyə döndün” mahnısını (19.07.1973), musiqisi Arif Məlikovun, sözləri İslam Səfərlinin “Qonaq gəl bizə” (18.07.1973) mahnısını yazdırıb.
Azərbaycan xanəndəlik sənətində öz xüsusi çəkisi olan Arif Babayevin püxtələşib peşəkar sənətdə cəsarətlə addımlamasında da Ə.Dadaşovun böyük xidmətləri olub. Sevimli xanəndəmizin Əhsən müəllimin ansamblı ilə Azərbaycan radiosunun fonduna yazdırdıqları: “Dilkeş təsnifi” (Görmüşəm, sevmişəm, istərəm səni), “Rast təsnifi”, Şahid Əbdülkərimov, Aydın Kərimov “Könül açdım” (10.07.1965), xalq mahnıları “Yar bizə qonaq gələcək”, “Yaxan düymələ”, “Segah təsnifi” (30.12.1970), sözləri və musiqisi Bəhram Nəsibovun “Qarabağ” (05.01.1972), “Qarabağ şikəstəsi” (05.04.1972), Ramiz Mustafayev, Rəfiq Zəka “Elə bağlıyam” (06.06.1973) və s. Qeyd etməliyik ki, A.Babayevin məlahətli tembri, şirin səsilə ustad tarzən Ə.Dadaşovun kövrək və həssas ürəkli, şirin çalğısı vəhdət təşkil edir, həmahənglik yaradırdı. Xanəndə Əhsən müəllimin müşayiətilə daha rəvan, rahat və təsirli oxuyurdu. A.Babayev Ə.Dadaşovun ansamblı ilə Dövlət Filarmoniyasının, Respublika sarayının və tədris müəssisələrinin səhnələrində gözəl sənət nümayiş etdirirdi. Araşdırmaçı kimi tədqiqat işləri zamanı onların birlikdə xeyli səhnə foto-şəkillərinə rast gəlmək olar. A.Babayevin və başqa xanəndələrin Əhsən müəllimlə birlikdə lentə yazdırdıqları qızıl fondda qorunur.
Xanəndə Süleyman Abdullayev də ilk tanınma dövründə Ə.Dadaşovun ustad səviyyəsindən, məsləhət və tövsiyələrindən istifadə edərək peşəkar sənətdə öz izini qoymuşdur. O, bu əvəzsiz tarzənin zəngin sənətindən və xeyirxahlığından faydalanmışdır. Əhsən müəllim onu da konsertlərə apararaq səsinin lentlərə yazılmasına kömək etmişdir. S.Abdullayevin Ə.Dadaşovun ansamblının müşayiətilə radio fonduna yazdırdıqları: Sözləri Aşıq Şəmşirin, musiqisi Bəhram Nəsibovun “Ay qız” (20.05.1965), xalq musiqisi əsasında sözləri Şeyda Əzizin “Gələndə” (08.07.1965), Ələkbər Tağıyev “Segah təsnifi”, sözləri və musiqisi Bəhram Nəsibovun “Var gülüşündə” (22.06.1971), sözləri və musiqisi Bəhram Nəsibovun “Səni qəmli görəndə” (01.02.1971)
İlk sənət tövsiyələrini Ə.Dadaşovdan alan, onun rəhbəri olduğu xalq çalğı alətləri ansamblının məşqlərində püxtələşərək qol-qanad açan, lap gənc çağlardan sənət meydanında məşhurlaşan Nəzakət Məmmədova haqqında da danışmaq istədikdə ustad tarzənimizin adını bir daha hörmətlə qeyd etməli oluruq. Müğənni 21 yaşında Əhsən müəllimin ansamblı ilə səsini radioya yazdırmış və bir müddətdən sonra tanımlı olmuşdu. O, Opera və Balet Teatrının səhnəsində Leyli obrazını yaradarkən yenə Ə.Dadaşovla yaradıcılıq əlaqələrini üzməyərək ansambl ilə konsertlərində, televiziyada canlı çıxışlar etmişdi. Nəzakət Məmmədovanın haqqında söhbət açdığımız ansambl ilə lentə aldırdığı və radio fondunda qorunanlar: Bəhram Nəsibov “Səni qəmli görəndə” (09.12.1965),“Zabul təsnifi”, Çahargah təsnifi” (09.12.1969), Ramiz Mirişli, Dilsuz Mustafayev “İlk sevgi” (04.01.1973), Nəriman Məmmədov, Tofiq Mütəllimov “Səsini eşidirəm” (17.07.1973), Hacı Xanməmmədov, Səməd Vurğun “Ala gözlüm” (07.10.1976), həmin müəlliflər “Yaxın gəl” (27.10.1976) və s.
Ə.Dadaşov ona müraciət edən və yaxud da Tele-radio Verilişləri Komitəsindən onun ansamblına hazırlığa, səsini lentə aldırmaq üçün məşqlərə göndərilən gənc müğənnilərə qayğıyla yanaşır, səslərinin cilalanıb formaya düşməsi üçün bacarığını əsirgəmirdi. Repertuarın hazırlanmasında, diksiya məsələlərində, mahnı mətnlərinin düzgün tələffüz olunması və s. incə mətləblərdə bu müdrik sənətkar, sənət bilicisi, sənət fədaisi əlindən gələni edirdi. Ona görə də nəticədə ortaya əsl sənət nümunələri çıxırdı.
Baba Mirzəyev (sonralar Baba Mahmudoğlu) 1956-1961-ci illərdə Sənaye İnstitutunda təhsil aldığı illərdə doğma tədris ocağının özfəaliyət ansamblında, sonra isə çalışdığı L.Şmidt adına zavodun Mədəniyyət Sarayının özfəaliyyət mahnı və rəqs ansamblında oxuyurdu. Burada az-çox təcrübə qazanmış, repertuar öyrənmiş, səsini bacardığı qədər cilalaya bilmişdi. Sənət fədaisi olan bu gənc, ustadlardan dərs almaq, böyük musiqi xadimləri ilə təmas yaradaraq onlardan öyrənib peşəkar sənətdə öz yerini tutmaq, tanınmaq arzusu ilə yaşayırdı. Özünə qarşı tələbkar olan, daim öz üzərində işləyən, müqtədir sənətkarlara qaynayıb-qarışan bu insan opera sənətçisı və əsl xalq xanəndəsi kimi yetişərək öz izini qoymuş, özünəxas dəsti-xətti tutmuş, nəhayətdə dövlət sənətçisi olmuş və xalq artisti kimi fəxri ada layiq görülmüşdür. Onun bir xanəndə kimi yetişməsində, səsinin radioda yazılaraq xalq arasında tanınmasında Ə.Dadaşovun da əməyi az olmamışdı. Tele-radio Komitəsindən Əhsən müəllimin məşqlərinə göndərilən Baba burada hörmətlə qarşılanaraq səsi bəyənilmiş, əyər-əskiklər düzəldilmişdi. Onlar arasında qarşılıqlı anlaşma və çox gözəl münasibət yaranmışdı. Məşqlər öz bəhrəsini veriridi, radio fondu üçün mahnılar və muğamlardan bəzi hissələr yazılmışdı. Həmin lent yazıları hazırda da milli radionun qızıl fondunu zənginləşdirir.
Əhsən müəllim Baba Mirzəyevlə hazırladığı xalq mahnıları üzərində çox ciddi iş aparırdı. Baba müəllim ansamblın müşayiətilə “Ceyran bala”, “Tello”, “Üç telli durna”, “Xumar oldum”, “Kəklik”, “Yaxan düymələ” xalq mahnılarını, “Segah təsnifini, “Çahargah təsnifini”, Şahid Əbdülkərimovun “Təki sən səslə məni” mahnısını, aşıq havası “Döşəmə Koroğlu”nu oxuyub radioda yazdırmışdı. Bu ifalarda milli ruh, xalqa bağlılıqla bərabər yüksək səviyyəli müşayiət, gözəl səslənmə və zəngin yaradıcılıq işi var. Əhsən müəllim 1960-1970-ci illərdə zəngin yaradıcılıq işlərilə məşğul olaraq əksər müğənnilərin səs yazılarında əhəmiyyətli rol oynamışdı.
Məqalənin müəlliflərindən biri olan Əhsən Rəhmanlı söyləyir: “B.Mahmudoğlu ilə bir ansamblda çalışan musiqiçi kimi deməliyəm ki, o, həmişə Ə.Dadaşovu hörmətlə anır, onun yaradıcılıq xüsusiyyətlərindən danışır və bu böyük sənətkardan çox şey öyrəndiyini dilə gətirirdi. B.Mahmudoğlu belə bir fikir də söyləyirdi: “Ş.Əbdülkərimov “Təki sən səslə məni” mahnısını mənə verərkən bəndarası çalğı yox idi, nəqarət özü bu yeri əvəz edirdi. Mən bu mahnıya ara çalğı hazırladım. Məşq zamanı bu hissəni ağzımda zümzümə etdim, Əhsən müəllim qımışdı, melodiya xoşuna gəldi və ansambl üzvlərinə öyrətdi. Belə də hazırladıq, canlı çıxışlarda çaldıq və radio fonduna da o cür yazdıq”.
B.Mirzəyev (Mahmudoğlu) bu ansamblın müşayiətilə C.Cahangirovun bəstəsi olan “Məhsul bayramı” mahnısını oxuyub lentə yazdırmışdı. O dövrdə bu mahnı çox populyar idi. Hətta toy repertuarına da daxil olmuşdu. Deməliyik ki, C.Cahangirov da müğənnilərlə mahnı hazırlayarkən lentə yazdırmaq üçün məşqlərə Əhsən Dadaşovun ansamblına gəlirdi. Baba Mahmudoğlu Əhsən Dadaşovla yaradıcılıq əlaqələrində olarkən daim diqqət yetirmiş, ansambl ilə işləmək, mahnı üzərində hazırlıq aparmaq qaydalarını da öyrənmişdi. Sonrakı dövrlərdə bu onun karına gəlmişdi. Özü 1979-cu ilin sonlarında “Dastan” folklor ansamblı yaradarkən tam sərbəst işləyə bilmişdi.
Qədir Rüstəmov lap uşaq çağlarından oxuyurdu. Gənclik dövrlərindən Qarabağ toy-büsatında səsini doğma ellərə bəxş etmişdi. Bakıya gələndən sonra yataqxanada yaşayır, dost-tanışları üçün oxuyurdu. Amma belə bir müğənnini xalq tanımırdı. Yaxın dost-tanışları ona tövsiyə edirdilər ki, səsini radioya yazdırsın, televiziyada çıxış etsin. Onu müxtəlif ansambllara gətirsələr də ansambl rəhbərləri onunla işləmək istəmirdilər. Növbəti tanışlıq Ə.Dadaşovla oldu. Duyumlu, həssas qəlbli sənətkarımız Qədirin səsini, nəfəsini dərhal duyaraq onunla məşqlərə başladı. O, bu insanın çətin xasiyyətini də tuta bildi, onun şıltaqlığı və tərsliyinə dözərək işi sona qədər davam etdirib səsini ansamblının müşayiətilə radio fonduna yazdırdı. Həmin ifalar qızıl fondda qorunur və müntəzəm səsləndirilir. Əhsən müəllim Qədirlə Əlibaba Məmmədovun “Hisar təsnifi”ni (07.06.1968), “Apardı sellər Saranı” (08.08.1969), “Sona bülbüllər” (04.06.1969), “Gözəlim sənsən” (23.09.1969) xalq mahnılarını, “Çahargah təsnifi”ni (04.06.1968), Fikrət Əmirovun Tələt Əyyubovun sözlərinə bəstələdiyi “Reyhan” mahnısını (04.06.1968) lentə yazaraq Azərbaycan radiosuna ərməğan edib. O, Q.Rüstəmovun ifasında Şəfiqə Axundovanın teatr tamaşasına yazdığı bir mahnını da (“Əzizinəm, oyan, gül”) hazırlayaraq radiomuza təqdim etmişdir. Bütün bu gözəl, milli duyumlu ifaların əla da ansambl müşayiəti var. Ə.Dadaşov ağır zəhmət, gərgin iş sayəsində Azərbaycana Qədir kimi ölməz bir xanəndə bəxş edib. O, Qədirlə yalnız “Sona bülbüllər”i yazsaydı da xidmətləri böyük sayılacaq, uca tutulacaq, xalqımıza Q.Rüstəmov kimi həmişəyaşar bir sənət adamını bəxş etmiş sayılacaqdı.
“Sona bülbüllər” Qədirə qədər də zaman-zaman oxunmuş, müğənnilərin ifasında radioda səslənmişdi. Lakin Ə.Dadaşovla Q.Rüstəmov yaradıcılığı bu mahnını ucalara qaldırdı, xalqa sevdirdi, daimi ömür bəxş etdi. O zamanlar bu mahnı bütün konsertlərdə və toylarda səslənirdi. Bütün xanəndələrə bu mahnını oxumaq üçün sifariş verilirdi.
Qeyd etməliyik ki, mahnının yazılışı çox çətinliklə, 4 saata əmələ gəlmişdi. Əhsən müəllim öz qəribəlikləri olan, hər şeydən inciyən, küsüb getməyə meyilli, səbrsiz, dözümsüz Qədirlə çətinliklə də olsa dil tapıb mahnını montajla, hissə-hissə də olsa yazdıra bilmişdi. Həmin nəticədən musiqi mədəniyyətimiz bəhrələndi, bir daha zənginləşdi. Bu mahnı efirə verilən gündən sevilərək şöhrət tapdı. Dillər əzbəri olan “Sona bülbüllər”ə uzun müddət ərzində şeirlər, esseler, hekayələr yazıldı. Bütün bunlara görə Əhsən müəllimin ruhu qarşısında baş əyməyə dəyər. Q.Rüstəmov məşhurlaşmış, sənət fəaliyyətini davam etdirmiş və xalq artisti fəxri adasahib olmuşdu.
İslam Rzayev peşəkar sənətə qədəm qoyduğu anlarda Əhməd Bakıxanovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblı ilə səsini radioya yazdırmış, bu ansamblla televiziyada oxuyaraq məşhurlaşmışdır. Sonralar isə Ə.Dadaşovla sıx yaradıcılıq əlaqələri quraraq onunla birlikdə konsertlərdə, toylarda, televizya çıxışlarında, lent yazılışlarında olmuşdu. Onları sıx dostluq əlaqələri də birləşdirirdi. İ.Rzayev neçə-neçə xalq mahnılarını, təsnifləri, bəstəkarlarımızın, xüsusilə xalq artisti C.Cahangirovun mahnılarını Ə.Dadaşovun ansamblı ilə radiomuz üçün lentə yazdırıb. İ.Rzayevin Ə.Dadaşovun ansamblı ilə televiziyada, Respublika (indiki Heydər Əliyev) sarayında və Dövlət Filarmoniyasındakı çıxışları hələ də xatirələrdən silinməyib. İslam Rzayev Əhsən Dadaşovun bəstələdiyi melodiyaları, muğam rənglərini də çox xoşlayırdı. Bu melodiyalar onun ruhuna yaxın olduğu üçün Əhsən müəllimlə razılaşıb onlara söz qoşdurub oxumaq qərarına gəlmişdi. Müəllif etiraz etmirdi. Məşhur, lirik əhvallı və çox təsirli “Şur rəngi”nə (“Biri sənsən, biri mən”) xalq şairi Bəxtiyar Vahabzadə söz yazmışdı. Rəng gözəl və sevilən bir mahnıya çevrilmiş və müğənnini bir daha xalqa sevdirmişdi. Həmin mahnı bu günə qədər təsnif kimi də xanəndələrimizin repertuarındadır. İ.Rzayev daha da həvəslənərək Əhsən müəllimin “Zabul” rəngləri və “Segah rəngi”nə də (“Peyman etdik ilk baharda”) söz yazdırıb oxumuşdu. Sözlərini şair-bəstəkar Bəhram Nəsibov yazıb. İslam müəllim bunları radio üçün yazdıraraq televiziyada da oxumuşdu. “Segah təsnifi”ni isə daimi repertuarına daxil edirdi. Ölkəmizdə keçirilən muğam müsabiqələrində də gənc xanəndələr həmin mahnını ifa edir.
1960-cı illərin sonları, 1970-ci illərin əvvəllərində müğənnilər – Yalçın Rzazadə və Niyaməddin Musayev Ə.Dadaşovun ansamblında yetişib. Y.Rzazadə C.Cahangirovun və başqa bəstəkarlarımızın mahnılarını radio və televiziyada oxuyurdu. Radioya yazılan mahnılar bu gün də səsləndirilir. Əhsən məktəbinin yetirməsi olan hörmətli müğənnimiz xalq artisti fəxri adına qədər yüksələrək sənət fəaliyyətini davam etməkdədir.
Niyaməddin Musayev də Əhsən müəllim tərəfindən kəşf edilən, onun xeyir-duası ilə sənətdə yüksələn müğənnilərimizdən biridir. Niyaməddin əyalətdə yetişən bir müğənni kimi Mil-Muğanda toy-büsatda xalqa xidmət edirdi. O, 1960-cı ilin II yarısında Bakıya gəlib Əhsən müəllimlə tanış olur. Onun oxumağı ustad tarzəni qane edir və onunla məşqlərə başlayır. Niyaməddinin ifası ansambl ilə 1960-cı illərin sonlarında, 1970-ci ilin əvvəllərində radioya və vallara yazılıb. Həmin dövrdə onun ifasında Azərbaycan radiosunun fonduna “Zabul-segah” muğam dəstgahı, “Şur” təsnifi və bir necə mahnı daxil edilir. 1973-cü ilin sonlarında o, sözləri və musiqisi Bəhram Nəsibovun “Şahnaz təsnifi”ni radioya təqdim edir və bu ifa onu ölkə miqyasında tanıtdırır. Həmin təsnifin səviyyəli şəkildə meydana çıxmasında Əhsən Dadaşovun mühüm rolu olub.
Böyük bəstəkarımız səhv etməmişdi, Niyaməddinin ifası filmin həmin səhnəsinə yaraşaraq tamaşaçılar tərəfindən sevildi. Bu iş N.Musayevin səsinin filmə ilk yazılışı idi və onun daha da şöhrətlənməsinə xidmət etdi. Sonrakı dövrlərdə N.Musayev daha da populyarlaşaraq xalq artisti fəxri adına qədər yüksəldi. O, mahnılar bəstələyir, “Röya” adlı instrumental ansamblı yaradır. Əhsən məktəbinin layiqli yetirmələrindən biri kimi Niyaməddin də vaxtılə məşqlərində iştirak etdiyi ustad sənətkarın yaradıcılıq çeşməsindən su içərək melomanlıq və ansambl ilə işləmək səriştəsini mənimsəmişdir.
Ə.Dadaşov həqiqətən yüksək bacarığa sahib yaradıcı şəxs, böyük istedad və təcrübə sahibi olaraq Azərbaycan xanəndələrinin yetişməsində, sənətdə düz istiqamət götürərək yüksəlməsində və ümumxalq sevgisi qazanmasında misilsiz xidmətlər göstərmişdir.
ƏDƏBİYYAT:
- Rəhmanlı Ə. M. Səhnəmizin Məcnunu Baba Mahmudoğlu. B.: Min bir mahnı, 2012
- Rəhimli İ. Segah yanğısı, B.: İşıq, 1991
- Sadlqov F. B. Muğam, B.: Maarif, 2011
Педагог АГУКИ
Старший педагог АНК
РОЛЬ АХСАНА ДАДАШЕВА В ОБУЧЕНИИ ПЕВЦОВ
Резюме
В своей статье «Роль Ахсана Дадашева в обучении певцов» Ахсан Рахманлы и Ельчин Нагиев раскрывают особенности взаимодействия известного исполнителя на таре и исполнителей мугама, а также даётся краткая характеристика его выступлений на телевидении, радио и на сценах.
Ключевые слова: Ахсан Дадашев, певцы, исполнение, тар
Lecturer of Azerbaijan State Culture and Art University
Senior Lecturer of ANC
Ahsan Dadashov`s role in traininig singer`s
Summary
The associate paper of Ahsan Rahmanli and Elcin Nagiyev called “Ahsan Dadashov`s role in traininig singer`s,” talks about a work of a tar-player with singers and also his performances on TV and on the stages.
Key words: Ahsan Dadashov, singers, performance, tar
Rəyçilər:
pedaqoji elmlər doktoru, professor Fərahim Sadıqov,
sənətşünaslıq doktoru, professor Səadət Abdullayeva