İfaçılıqdan alimliyə
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 1, 2018
Əhsən RƏHMANLI
Sənətşünaslıq üzrə fəlsəfə doktoru
Email: ahsanrahmanli@mail.ru
BMA-nın baş müəllimi
Email: elcin.nagıyev@mail.ru
AMK-nın dosenti
UOT: 78.083
İFAÇILIQDAN ALİMLİYƏ
Xülasə: Məqalədə görkəmli alim Fərahim Sadıqovun yaradıcılığı haqqında məlumat verilir.Onun bir zamanlar mahir qarmon ifaçısı olduğu və bu sənətə verdyi töhfələr barədə söhbət açılır.Göstərilir ki, bu böyük insan elm sahəsində də mühüm əhəmiyyətli işlər görüb. Yazıda onun elmi fəaliyyəti də öz əksini tapır.
Açar sözlər:Fərahim Sadıqov, qarmon ifaçılığı,muğam, istedad, tədris vəsaiti, elmi fəaliyyət.
Fərahim Sadıqov görkəmli pedaqoq, böyük alim, rektor (“Naxçıvan” Universiteti, “Azərbaycan” Universiteti) və prorektor vəzifələrində çalışan, Azərbaycanda və onun hüdudlarından kənarda çox yaxşı tanınan bir şəxsdir. Onun haqqında dəfələrlə elmi məqalələr, monoqrafiyalar yazılmış, radio və televiziyada verilişlər yayımlanmışdır. Bütün bunlar bu böyük alimin həyat və yaradıcılığını əhatə edir. Sanballı, səmərəli ömür yaşayan bu fədakar insanhazırda da pedaqoji və elmi sahədə yorulmadan çalışaraq öz qiymətli töhfələrini verməkdədir. Onun istər kitabları, dərslikləri, dərs vəsaitləri, istərsə də məqalələri elmi, tarixi, pedaqoji baxımdan, publisistik cəhətdən zənginliyi və dəyəri ilə seçilir. Elmimizdə, pedaqoji sahədə, teleməkan fəaliyyətində, yaradıcılıqda vəgeniş auditoriyada çox yaxşı tanınsa da, bu adamın istedadlı musiqiçi, gözəl qarmon ifaçısı olmasını, bəstəkarlıq bacarığını doğmaları, qohumları, məktəb və tələbə yoldaşları, uşaqlıq, gənclik dostları, keçmiş sənət yoldaşları gözəl bilir. Odur ki, onun musiqi sahəsindəki fəaliyyətini 70 illik yubilieyilə bağlı olaraq bir məqalə vasitəsilə geniş şəkldə tanıtmağı lazım bildik.
Fərahim Balakişi oğlu Sadıqov Azərbaycanın səfalı guşələrindən sayılan Yardımlıda, çoxuşaqlı ailədə anadan olub. Bu, o zaman idi ki, atası həmin rayonun meşə təsərrüfatı idarəsinə rəhbərlik edirdi. İki ildən sonra Sadıqovlar ailəsi doğma rayona, Masallıya qayıtdı.
Ailənin ikinci övladı Fərahim 1965-ci ci ildə Masallı şəhər N.Nərimanov adına 2 №-li orta ümumtəhsil məktəbini əla qiymətlərlə bitirmişdir. Hələ məktəb illərində F.Sadıqovun fitri istedadı üzə çıxmışdı. Qeyd olunmalıdır ki, Balakişi Sadıqovun istedadı övladların hər birində özünü büruzə vermişdir. O özü uşaqlıq illərindən tütək çalmış, gənclik illərində digər nəfəs alətlərini bacarıqla ifa etmişdi. Məsul vəzifələrdə çalışan bu insan musiqi ilə həvəskar kimi məşğul olmuşdu [1, s. 5-6].
Canındakı istedad evdə daim musiqi eşidən Fərahimi həmişə sənətə yönəltmişdir. Əmisi Firudinin məlahətli səsi olmuşdur. Fərahimin uşaqlıqdan dinlədiyi və eşitdiyi muğamlar gələcək həyatında musiqi təxəyyülünün formalaşmasında mühüm rol oynayacaqdır. Fərahim hələ orta məktəb illərində peşəkar sənətə meyil etmişdir. İlk musiqi təhsilini cənub bölgəsində çox yaxşı tanınan, mahir tarzən Mirzə Salmandan alsa da, böyük qardaşı Abutalıbın çaldığı qarmonun sehrinə düşmüş, onun barmaqlarına baxaraq öyrənmiş, bu sənətin ifa qaydalarını, sirlərini mənimsəmiş və müəyyən zamandan sonra özü də mahir qarmonçalana çevrilmişdir. Orta məktəbin yuxarı siniflərində oxuyarkən Masallının irili-xırdalı şənlik məclislərinə dəvət olunmuş, el-obanın toy-büsatında çox sevdiyi qarmonunu bağrına basaraq həvəslə, gənclik ehtirası və çoşqun hislərlə səsləndirmiş, hər yerdə sevimli bir musiqiçı kimi qəbul olunmuşdur. Sonra ali məktəb illərində də tətil zamanı Masallıya gələr, rayondakı toy qruplarının tərkibində çıxış edərək xanəndələri müşayiət etmişdir. Onun fikirlərindən: “Musiqiyə hədsiz sevgi bəsləyirdim, qarmon sənətinin vurğunu idim. Böyük qardaşım Abutalıbın öz tay-tuşları arasında mahir qarmonçalan olması, hər yerdə təriflənməsi də məni qarmon sənətinə daha çox bağlayırdı. Sonralar o, respublikamızda məşhur bir qarmonçalan kimi tanındı, radioda, televiziyada çıxış elədi, Dövlət Filarmoniyasının, Az.konsertin, Teleradio Verilişləri Komitəsinin solisti oldu, Bakı Humanitar Kollecinin, Milli Konservatoriya tərkibində Musiqi Kollecinin, Sumqayıt Musiqi Kollecinin qarmon sinfində dərs dedi. Onun adlı-sanlı bir sənətkar olması da mənim məsuliyyətimi artırdı, bir qarmon ifaçısı kimi formalaşmağımda mühüm əhəmiyyət kəsb etdi və sənət adamları arasında tez tanınmağıma və diqqətdə olmağıma böyük təkan oldu”. Bəli, qardaşının parlaq bir sənətkar olması onun boynuna böyük yük qoyurdu. O, zəif qarmonçalan ola bilməzdi, bu məsuliyyət onu daim izləyir və öz üzərində işləməyə sövq edirdi. Odur ki, Fərahim qarmon sənəti ilə tam ciddi məşğul olurdu.
Fərahim uşaqlıq və gənclik illərində radio və televiziyadan ölkəmizdə tanınmış qarmonçalanların ifasını dinləyərək sənət öyrənirdi. Bu sırada Teyyub Dəmirov, Məmmədağa Ağayev, Abbas Abbasov, İsfəndiyar Coşqun, Səfərəli Vəzirov və Səttar Hüseynovun radioda səsləndirilən ifaları o dövrdə qarmon çalmağı öyrənmək istəyənlər, həmçinin Fərahim üçün əsl məktəb idi.
Onun söylədiklərindən: “Bakıdan incəsənət ustaları Masallıya konsertə gələrdilər. Abutalıb mütləq bilet alır və birlikdə konsertin tamaşaçısı olurduq. Konsertlər bizə o qədər maraqlı gəlirdi ki, istəmirdik konsert bitsin, istəyirdik davam etsin ki, biz də çox şey öyrənək. Xatırlayıram ki, 1965-ci ildə Azərbaycan Dövlət Filarmoniyasından rayon Mədəniyyət Evinə konsertə gəlmişdilər. Məşhur sənətkarlar arasında tanınan qarmonçalan, adını, ifasını radiodan tez-tez eşitdiyim, üzünü görmədiyim Abbas Abbasov da var idi. Çaldığı qırmızı rəngli, məlahətli səsə malik qarmon indi də gözlərim qarşısındadır. Radioda çaldığı bütün havaları öyrənmişdim. Sevinirdik ki, belə sevimli bir sənətkarı Masallı rayon Mədəniyyət Evinin səhnəsində görürük. Abutalıb Bakıdan konsertlərə gələn sənətkarlarla tanış olar, lütfkarlıq göstərər, xidmətlərində durar və evimizə qonaq gətirərdi. Bir dəfə də belə oldu.O, A.Abbasovu sənət yoldaşları ilə birlikdə evimizə qonaq gətirdi və anamın bişirdiyi cürbəcür ləziz xörəklərə onları qonaq etdi. Belə böyük sənətkarların bizdə qonaq olmasına o qədər sevinirdim ki…” [2, s. 290].
XX əsrin 60-cı illərində Masallının mədəni həyatında, teatr və musiqi sahəsində Abutalıb və Fərahim Sadıqov qardaşları istedad və xüsusi fəallıqları ilə seçilirdilər. Fərahim uşaqlıqdan yalnız musiqiyə deyil, aktyorluğa və idmana da həvəskar olmşdu. O, oxuduğu məktəbin, rayon mədəniyyət evinin dram dərnəyinin, xalq çalğı alətləri ansamblının üzvü olaraq tədbirlərdə çıxış edir, həm də bədii qiraətçi kimi sevilirdi. O vaxtlar istər məktəb, istərsə də mədəniyyət evində keçirilən əksər konsertlər və bədii-kütləvi tədbirlərin ssenari müəllifi və aparıcısı F.Sadıqov olardı. O, mədəniyyət evinin xalq çalğı alətləri ansamblının qarmonçalanı olaraq çox fəal idi. Rayon mərkəzində, kənd və qəsəbələrdə, qonşu rayonlarda verilən konsertlərdə müğənniləri müşayiət etməklə bərabər, qarmonda çaldığı solo ifaları ilə də dərin məhəbbət qazanırdı. Qarmon sənəti artıq Fərahimin həyatına daxil olmuşdu. O, qarmon ifaçısı kimi yetişirdi. Dinləyəciləri arasındakı musiqi xiridarları, sənət biliciləri Fərahimi gələcəyin yaxşı qarmon ifaçısı kimi görürdülər. İşartılar, istedad göz önündə olaraq onun əsl ifaçı olacağı fikrini doğruldurdu. Əslində elə də oldu, zaman gəldi, bu bacarıqlı gənc qarmonçalan olaraq sənət aləmində parladı [2, s. 291-292].
Fərahim güclü bədii enerjisi, bacarığı, həvəsi, çalışqanlığı, hərtərəfli istedadı, təşkilatçılığı ilə yaşadığı rayonun ictimai-mədəni həyatında çox fəal olaraq əhalinin diqqətində idi. O, rəngarəng, maraqlı, zəhmət və hünər dolu uşaqlıq, gənclik illəri yaşamışdı. Bu yorulmaz gənc bədii özfəaliyyət kollektivlərinə rəhbərlik bacarığı nümayiş etdirmiş və özünün nəyə qadir olduğunu sübut etmişdi. Fərahim ilk rəhbərlik təcrübəsini bu mədəniyyət ocağından almışdı. Elə bunların nəticəsi olaraq o, sonralar bədii kollektivlər, məktəb teatrları üçün xeyli səhnəciklər, intermediyalar, hətta pyeslər yazdı.
F.Sadıqovun uşaqlıqdan çox güclü hafizəsi, qavrama qabiliyyəti, möhkəm yaddaşı vardı. Bu qabiliyyət istər orta ümumtəhsil fənlərin mənimsənilməsində, istər bədii ədəbiyyatın mütaliəsində, istərsə də musiqinin qavranılmasında özünü göstərirdi.
1965-ci ildə orta ümümtəhsil məktəbi uğurla başa vurub Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “Tarix-filologoya” fakültəsinə qəbul olunan və yaxşı oxuyan tələbələr sırasında yer alan F.Sadıqov həm də ali təhsil ocağının özfəaliyyət xalq çalğı alətləri ansamblının ən fəal üzvlərindən idi. O, institutun tədbirlərində, digər yerlərdə verilən konsertlərdə sevimli qarmonunu bacarıqla dilləndirir, alqışlar və pərəstişkarlar qazanırdı. Tələbə qarmonçalan getdikcə püxtələşir, tanınır, sevilir və musiqiçi kimi formalaşırdı. Əyalətdən gəlib ölkə paytaxtında təhsil alan tələbənin musiqi ilə peşəkarcasına məşğul olması onun maddi təminatına dayaq idi. Gənc oğlan sənət işlədərək halal qazanc əldə etdiyi üçün böyük bir külfəti dolandıran atasından maddi təminat almırdı. Özü öz qazancı və aldığı təaqüdlə dolanır, hətta ata-anasına pul da göndərirdi. Bakı toy musqiçiləri arasında tədricən daha geniş şəkildə tanınan gənc qarmonçalanın həm ifa bacarığı, həm də qazancı çoxalırdı. O, ağlı, fəhmi, əxlaqı, səmimiyyəti, bacarığı, təvazökarlığı, mehribanlığı və böyük istedadı ilə qısa müddətdə professor-müəllim və tələbə kollektivinin sevimlisinə çevrilmişdi. Dərs hazırlayıb yorulan tələbə yoldaşlarını öz qarmon ifaları ilə sevindirir və şənləndirirdi. Tələbə yoldaşlarının ad günlərində, müəllimlərin yubileylərində, alimlərin yaradıcılıq işləri və yeni kitablarının təqdimat günü münasibətilə təşkil olunan tədbirlərdə öz musiqi qrupu ilə çıxış edən Fərahim hamının rəğbətini qazanmışdı. Göründüyü kimi, qarmon ifaçılığı onun karına gəlmiş və ona böyük nüfuz qazandırmışdı. O, 1967-ci ildə Ukraynanın Berdyansk şəhərində keçirilən VII Ümumittifaq tələbə festivalının laureatı olub [1, s. 5-6].
Fərahim erkən gənclik çağlarından Masallıdakı xanəndələrdən Bağı Ələkbərov, İsrafil Səfərov, Kərim Həsənov və Aşıq Atabalanı, Bakıdan dəvət olunan adlı-sanlı xanəndə və musqiqçiləri müşayiət etmişdi. Onun xatirələrindən:“1964-cü ildə 17 yaşlı gənc olaraq toy şənliklərində çıxış edirdm. Qardaşım Abutalıb o zaman cənub bölgəsinin gənc və istedadlı qarmonçalanı kimi tanınırdı. O, Masallı musqiçiləri ilə çox toylarda olurdu, rayonda nüfuz qazanmışdı. Bir dəfə rayonda keçirilən dövlət tədbirində onun da iştirakını lazım bilmişdilər. Bu səbəbdən də o, qızılağaclı Bağı Ələkbərovla Cəlilabadın Bəcrəvan kəndində olacaqları üç günlük toyun bir gününü keçirməyə məni göndərdi. Əvvəlcəetiraz etdim, xanəndə Bağının ad-sanından, dəvət olunduğu sanballı məclisdən çəkindiyimi bildirdim. Abutalıb dedi:Bağı böyük sənətkar olduğu qədər də sadə, mehriban, istiqanlı və ünsiyyətçil bir insandır. O, çox yerlərə, hətta Bakıya da dəvət olunur və müxtəlif dəstələrlə oxuyur. Səni elə yola verəcək ki, toyun necə başlayıb necə qurtaracağını hiss etməyəcəksən. Bir də ki, belə böyük sənətkarlarla olmasan, təcrübə qazana, dərin sənət biliyinə yiyələnə, muğamları öyrənə, qəzəliyyata bələd ola bilməzsən.
Qardaşımın sözündən ürəklənib həmin toya getdim. Məclisin əvvəlindən axırına qədər hər şey yaxşı idi. Sona az qalmış bir kişi “Qatar” sifariş verdi. Özümü itirdiyimi hiss edən təcrübəli xanəndə, arif insan Bağı əmi gülümsünərək heç nə olmamaş kimi: “Mənə bir do Mahur kökünü ver”, – deyərək “Qatar təsnifini” oxumağa başladı. Təsnif qurtaran kimi muğamın zil hissəsində bir neçə dəqiqəlik elə qeyri-adi gəzişmələr elədi ki, mən də qeyri-ixtiyari olaraq onun nəfəslərini qarmonda, bir növ, təqlid etdim və bu, muğam melodiyası şəklində alındı. Məclis əhlindən elə alqışlar qazandım ki, həmin anlar, sevdalı alqışlar indi də xatirimdə və təxəyyülümdə olduğu kimi yaşayır. Bağı əmi qeyri-adi bir nəfəs də elədi. Çətinliklə olsa da, bu nəfəsi də tuta bildim və müşayiət elədim. Sonra “Üşşaq” şöbəsində Füzulidən bir qəzəl oxudu. Nəhayət, Füzulinin daha bir qəzəli üstündə “Zil-Qatar”la muğamı yekunlaşdırdı. Onun mənə: “Sağ ol, ay bala, yaxşı müşayiət elədin” deməsi mənim özümə olan inamımı təsdiqlədi. Görünür, təsnifin, muğamınmelodiyasını, rəngləri çalmağım onu qane etmişdi. Bu toydakı fəaliyyətimin sorağı ətrafa yayılmışdı. Bir neçə gün məni XI sinif şagirdini rayonumuzda artıq muğambilən yeniyetmə kimi barmaqla göstərirdilər” [2, s. 293].
F.Sadıqov 1968-ci ildə Bakı şəhər Oktyabr (indiki Yasamal) rayonundakı 161 №-li orta ümumtəhsil məktəbdə musiqi müəllimi işləyib. 1969-cu ildə ali məktəbi uğurla başa vurub, təyinatla Masallı rayonuna göndərilib və Sərçuvar kənd orta ümumtəhsil məktəbində dil-ədəbiyyat müəllimi işləyib [1, s. 9].
F.Sadıqovun xatirələrindən: “Taleyimdə mühüm rol oynayan bir hadisəni qeyd etməyə bilmərəm. 1972-ci il idi. Məni Masallı Rayon Maarif Şöbəsinin müdiri, mərhum pedaqoqumuz Xurşud müəllimin qəbuluna çağırdılar. Maraqlı söhbətimiz zamanı qəti şəkildə bildirdi ki, qarşıda gözlənilən Respublika Festivalında rayonumuzun məktəbliləri də iştirak etməlidirlər. Sözünə əlavə olaraq o, özünəməxsus təmkinlə dedi: – Sən yaxşı filoloqsan, yaxşı ədəbiyyat müəllimisən. Onu da bilirəm ki, gözəl musiqiçisən. Rayonda hamı səni yaxşı tanıyır. Ona görə səni çağırmışam ki, istedadlı uşaqları bir yerə yığıb, bədii özfəaliyyətkollektivi formalaşdırasan. Əgər məktəblilərimiz festivalda yüksək yer tutsalar, onda sənin gələcək fəaliyyətin üçün də yaxşı imkanlar yaranacaq.
Üzərimə böyük məsuliyyət qoyulduğunu dərk edirdim. Bütün səy və bacarığımı bu vəzifənin öhdəsindən layiqincə gəlməyə yönətdim. Tez bir zamanda bədii özfəaliyyət kollektivi yaratdım. Festivalda uşaqlarımızın uğurlu çıxışı böyük marağa səbəb oldu və mükafata layiq görüldü. Bu nəticələr Rayon Partiya Komitəsində müzakirə olundu və əməyimə yüksək qiymət verildi. Məni maarif şöbəsində qiyabi məktəblər üzrə metodist vəzifəsinə irəli çəkdilər”.
Göründüyü kimi, istedad hər işdə Fərahimin işini qabağa aparırdı. Gəncliyinə baxmayaraq, həqiqitən o, artıq musiqinin içindəydi,yalnız qarmon ifaçısı deyildi, həm də bu sənətin sirlərinə, zənginliklərinə bələd, ansambl yaradıcılığını, səslənməni bilən biri, özfəaliyyətlə işləməyi bacaran peşəkar sənətkar, bədii işləri dərk edən bacarıqlı şəxs idi. Genindən süzülüb gələn güclü istedad onun təcrübəsində özünü daha çox büruzə verir və getdikcə cilalanırdı.
1965-1975-ci illərdə Masallıda və onun ətraf rayonlarında konsertlər, ən gur toy-düyünlər Fərahim Sadıqov və onun qardaşı Abutalıbın rəhbərliyi ilə keçirilərdi. Telli alətlərin mahir ifaçısı Nizami Mirzəyev də Fərahimin musiqi qrupunun tərkibində olardı. Toylarda Fərahimə qarmona məxsus oyun havaları, bu alətdə daha yaxşı səslənən muğamları ifa etməsini sifariş verəndə o, xüsusi ustalıq və məharət göstərərək insanları razı salır və zövqləri təmin edirdi. Onun ifalarından klassik qarmon sənətinin ətri gəlir, ustadların ifa forması öz əksini tapırdı. Bütün bunlarla bərabər, bu sənətdə həm də o özü idi, öz gücü, öz mahirliyi, təsirli və cazibədar çalğısı ilə.
Fərahimin bacısı Nazilə xanım Masallı şəhər 1 №-li uşaq bağçasında tərbiyəçi işləyirdi. 1972-ci ildə rayonda 8 Mart Beynəlxalq Qadınlar Günü təntənəli şəkildə qeyd olunurdu. Rayon Partiya Komitəsindən göstəriş verilir ki, bayram tədbirində uşaq bağçasının da iştirakı təmin edilsin. Nazilə xanım qardaşından xahiş edir ki, bu işdə ona kömək etsin. O, “Göyərçin” jurnalında Mədinə Gülgünün çap olunan şeirini qardaşına verir. Fərahim müəllim “Mənim anam” adlı həmin şeirə musiqi bəstələyir və bağçadakı istedadlı uşaqlardan birinə öyrədir. Rayon Mədəniyyət Evində keçirilən möhtəşəm tədbirdə həmin uşaq Pioner və Məktəblilər Evinin ansamblının müşayiəti ilə “Mənim anam” mahnısını oxuyur. Mahnı da, ifa da xoşa gəlir, bəyənilir, böyük uğur qazanaraq alqışlanır. Həm musiqinin ahənginin təsirindən, həm də balaca müğənninin “Mənim anam” deyib oxumasından zalda əyləşən tamaşaçıların hamısı ağlayırmış. Həmin uşaq həyata gələrkən anası dünyanı tərk edibmiş.
F.Sadıqovun bəstəkarlıq fəaliyyəti bununla bitməmiş, Bakıdakı musiqiçilərlə çalışdığı dövrdə on beşə qədər mahnı yazmışdı. Onun mahnılarıdan biri “Yara qurban olum” vaxtı ilə çox populyar idi və ilk ifaçısı da müğənni Rafiq Məmmədov olub. Sonralar bu mahnı əksər gənc müğənnlərin repertuarında öz əksinin tapdı, elə indi də oxunur.
Fərahim müəllim Bakı musiqi mühitində yaxşı tanınıb. Böyük nüfuz qazanaraq xanəndələrdən İslam Rzayev, Arif Babayev, Süleyman Abdullayev, Təvəkkül Musayev, Əvəzxan Xankişiyev, Həbib Rəhimov, Rafiq Məmmədov, tar-qitara ifaçısı, bəstəkar Bəhram Nəsibov, klarnet ifaçılarından – Zabit Əfəndi, Məhərrəm Zeynalov, Fərhad Hüseynov, Ədalət Mövsümov, Akif Qürbətov, Hacı Həmidoğlu və başqaları ilə Bakıda və əyalətlərimizin hər guşəsində olmuş, qarmonunun xoş ahəngi ilə toy-büsatımızı rövnəqləndirmişdir. Əksər toylarda o öz solo ifaları ilə, həm də bəhri-təvil, qoşma, qəzəl, hikmətli kəlamlar söyləmək, maraqlı söhbətlər etməklə şənliklərimizi bədii cəhətdən daha da zənginləşdirmişdir. Zövqlü bir musiqiçi, bədii söz ustası kimi o, bu gün də el-obanın, söz xiridarlarının, qarmonsevərlərin yaddaşında qalmaqda və dillərdəsöylənməkdədir.
Bu bacarıqlı qarmon ifaçısı Azərbaycan Milli Radiosunun fondu üçün bir sıra oyun havaları və “Hümayun” muğamını yazdırmışdır. O, bu muğamı 27 yaşı olarkən ifa etmişdir. “Hümayun” çox çətin muğamdır, qarmon üçün o qədər də xarakterik deyildir. Burada obrazı, muğam melodiyasının təsir gücünü vermək və dinləyicini həmin ovqata salmaq üçün xüsusi ustalıq, səslərin qırılmazlığını təmin etmək lazımdır. Bütün hallarda gənc qarmon ifaçısı kimi F.Sadıqov “Hümayun”u ifa edib radio fonduna təqdim etməklə böyük məsuliyyətin altına çiyin vermişdi. O, ustad qarmonçu İsfəndiyar Coşqun-Bərxudan sonra radio üçün “Hümayun” çalan ikinci qarmon ifaçısı olmuşdur. F.Sadıqovun bəstələdiyi “Məzəli rəqs”, “Masallı”, “Rahimi”, “Lirik rəqs”, “Təbrizi”, “Miyanə” rəqsləri və “Tello” radio fondu üçün lentə alınmışdır [4, s. 95].
F.Sadıqov 1980-ci illərdə 8 №-li musiqi təmayüllü internat məktəbinin“Xalq çalğı alətləri” şöbəsinin müdiri işləmiş, qarmon sinfinin müəllimi olmuşdur. Elə burada çalışarkən qarmon ixtisasının tədrisi üçün vəsait hazırlamış və 1985-ci ildə çap etdirmişdir. Bundan əlavə, bəstəkar, əməkdar incəsənət xadimi, pedaqogika üzrə elmlər doktoru, professor Oqtay Rəcəbovla birlikdə “Qarmon öyrənənlərə kömək” adlı vəsait işləmişdir.
Fikrimizin sonunda bildiririk ki, F.Sadıqov qarmon ifaçılığından elmə gələrək yüksək nailiyyətlər əldə etmişdir. Bu, hərtərəfli insan geniş fəaliyyəti ilə elm sahəsində mühüm işlər görməklə bahəm, Azərbaycan qarmon ifaçılığı sənətinin də fəxridir. Öz uğurlu həyatını yaşamaqla qarmon sənətimizin çicəklənməsi və geniş vüsət almasında F.Sadıqovun əhəmiyyətli rolu olması həmişə qeyd edilməlidir. 70 yaşın tamamında keçdiyi ömür yollarına nəzər saldıqda pedaqogika üzrəelmlər doktoru, professor Fərahim Sadıqov musiqiyə həsr etdiyi illəri də fəxrlə xatırlayır.
F.Sadıqov AzTV-də 1993-cü ildən başlayaraq14 il aparıcısı olduğu “Örnək”, “Kamillik” verilişlərinin 100-dən artıq ssenarisini yazmışdır. Onun 7 hekayəsi, 5 dram əsəri vardır. Böyük istedad sahibi olan bu insan olduqca məhsuldar yaradıcılıq yolu keçmişdir.
Onun həyat və yaradıcılığının digər əsas tarixlərini xronoloji ardıcıllıqla təqdim edirik:
1985-1991-ci illərdə Azərbaycan Dövlət Dillər İnstitutunun “Pedaqogika” kafedrasında müəllim kimi fəaliyyət göstərmişdir.
1986-cı il iyunun 26-da Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda baş elmi işçi vəzifəsinə seçilmişdir. O ildəcə həmin institutda “Pedaqogika nəzəriyyəsi və tarixi” şöbəsində baş elmi işçi vəzifəsinə seçilmişdir.
1992-ci ildə Rusiya Ali Attestasiya Komissiyasının birdəfəlik müdafiə şurasında “Uşaqların bədii yaradıcılıq qabiliyyətlərinin formalaşdırılması işinin nəzəriyyəsi və praktikası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
1992-ci ildə Moskva şəhərində Dünya Müsəlman Ölkələri Uşaqlarının Beynəlxalq Festivalında Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyətinin rəhbəri olmuş və xüsusi diploma layiq görülmüşdür.
1993-2000-ci illərdə təsis etdiyi “Naxçıvan” Universitetinrektoru olmuşdur.
1994-cü ildə Azərbaycan “Bilik” Cəmiyyətinin qərarı ilə akademik Yusif Məmmədəliyev adına Dövlət mükafatı laureatı adına layiq görülmüşdür.
1995-ci ildə Azərbaycan Pedaqoji Kadrların Təkmilləşdirilməsi, İxtisasının Artırılması və Yenidən Hazırlanması İnstitutunun “Təhsilin təşkili və idarə edilməsi kafedrası”nın professoru seçilmişdir.
1996-cı il sentyabrın 24-də “Məktəbdə təlim-tərbiyə prosesinin yeniləşməsi sayəsində səmərəli praktiki və elmi fəaliyyətinə, yüksək nailiyyətlər qazandığına görə” Akademik Mehdi Mehdizadə mükafatı laureatı adına layiq görülmüşdür.
1996-cı ildən ABŞ-ın Knoksvel ştatının fəxri vətəndaşı seçilmişdir.
1967-2007-ci illərdə Moskva, Leninqrad (Sankt-Peterburq), Ukrayna, Belarusiya, Moldova, Latviya, Litva, Estoniya, Tacikistan, Gürcüstan, Osetiya, Acarısatan, Dağıstan, Çeçenistan və SSRİ-nin digər yerlərində elmi ezamiyyətdə olmuşdur.
1998-ci ilin oktyabr ayında Almanya, Fransa, İtaliya və Belçikada kimi xarici ölkələrdə Azərbaycan elmini layiqincə təmsil etmişdir. Həmin il M.Müşfiq yaradıcılığının tədqiq və təbliğinə görə “Mikayıl Müşfiq mükafatı laureatı” adına layiq görülmüşdür. Bu ildəcə Azərbaycan Pedaqoji KadrlarınTəkmilləşdirilməsi, İxtisasının Artırılması İnstitutunun “Pedaqogika” kafedrasına yenidən professor seçilmişdir.
1999-2001-ci illərdə bir sıra ərəb ölkələrində elmi ezamiyyətdə olmuşdur (Dubay, Abu-Dabi, Əyman, Füceyra, Qatar, Əmman, Bəhreyn).
2000-ci ildə Beynəlxalq Türk Akademiyasının həqiqi üzvü seçilmişdir. Həmin il yanvarın 17-də Azərbaycan Jurnalistlər Birliyi Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə tələbə və gənclərin Azərbaycan bayrağı, gerbi və himninə sədaqət ruhunda tərbiyə edilməsində təşkilatçılıq uğurlarına və elmi-pedaqoji nailiyyətlərinə görə “Azərbaycan bayrağı” mükafatına layiq görülüb.
2001-ci ildə Beynəlxalq Lütfi-Zadə Assosiyasıyasını Ali Şurasına üzv seçilmişdir. Həmin il bu Assosiyasiyanın xətti ilə Türkiyədə, həmçinin Özbəkistanın Daşkənd şəhərində ezamiyyətdə olmuşdur. Bu ildəcə Hollandiyanın Amsterdam şəhərində ezamiyyətə getmişdir.
2002-ci ildə Azərbacan Dövlət Dillər Universitetinin “Pedaqogika” kafedrasının professoru seçilmişdir. Həmin il Moskvada ezamiyyətdə olmuşdur.
2005-ci ildən Bakı Elm və Təhsil Mərkəzinin prezidentidir. 2006-cı ildə Azərbaycan Universitetinin rektoru təyin edilmişdir.
2007-ci ildə ABŞ-da Beynəlxalq Konfransda iştirak etmişdir [1, s. 75-76].
F.SadıqovAzərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Prezidiumunun 31 mart 2017-ci il tarixli qərarı ilə Ekspert Şurasının eksperti seçilmişdir.
F.Sadıqovun rəhbərliyi altında üç nəfər elmlər doktoru dissertasiya işi, iyirmi yeddi nəfər fəlsəfə doktoru dissertasiyası işi müdafiə etmişdir. Yetirmələrindənəməkdar elm xadimi Oruc Həsənli Naxçıvan Müəllimlər İnstitutunun rektoru, AMEA-nın müxbir üzvü, pedaqoqika üzrə elmlər doktoru İsmayıl Əliyev Naxçıvan Özəl Universitetinin rektorudur.
O, 101 kitabın və 2000-ə yaxın elmi məqalənin müəllifidir. F.Sadıqov “Pedaqogika” elmi jurnalının baş redaktorudur. “Pedaqogika” jurnalı nüfuzlu jurnal kimi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dövlət reystrinə daxil edilmişdir.
Səmərəli çalışan, folklorumuza, musiqimizə, muğamımıza qəlbən bağlı olan, bu sahədə elmi araşdırmalar aparan professorun musiqi elminə aid kitabları da işıq üzü görmüşdür. 2011-ci ildə “Maarif” nəşriyyatında 256 səhifəlik “Muğam” kitabı nəşr olunmuşdur (3). Musiqi təmayüllü ali və orta ixtisas məktəblərinin tələbələri, müəllimləri, uşaq musiqi və incəsənət müəssisələrinin şagird və müəllimləri, bütünlükdə isə muğamsevərlər üçün nəzərdə tutulan bu vəsait xüsusi əhəmiyyət daşıyır [3, s. 62-63]. Onun 2013-cü ildə nəşr olunmuş “Qarmon ifaçılığında muğam” kitabı da dərs vəsaiti kimi çox dəyərlidir (4).
Ümumiyyətlə, professor Fərahim Sadıqovun tədqiqatçılıq arenasının hüdudları çox genişdir. Belə ki, o, orta ümumitəhsilin xüsusi məktəbləri üçün “Ana dili” (III siniflər üçün), “Oxu” (IV siniflər üçün);“Pedaqogika tarixi” (1995, Ə.Həşimovla birgə), “Pedaqogika” (1996), “Azərbaycan xalq pedaqogikası” (2000), “Pedaqogika” (2006), “Pedaqogika” (2009), “Muğam” (2010), “Pedaqogika” (2012), “Qarmon ifaçılığında muğam” (2013), “Didaktika”, (2015), “Tərbiyəşünaslıq” (O.Həsənli ilə birgə, 2015), “Müqayisəli pedaqogika” (2016), “Azərbaycan dili və nitq mədəniyyəti” (2017), “Korreksiya pedaqogikası” (D.Dostuzadə və T.Mövsümova ilə birgə, 2017), “Ümumi pedaqogika” (2018) kimi dərslik və dərs vəsaitləri bakalavr və magistr pillələrində böyük müvəffəqiyyətlə istifadə olunur. F.Sadıqov rus dilində hazırladığı “Азербайджанскиемугамы” kitabını rusdilli ölkələrin kitabxanalarına göndərməklə Azərbaycan muğamlarının beynəlxalq nüfuzunun möhkəmlənməsi üçün səmərəli işlər aparır. Onun professor Oruc Həsənli ilə ingilis dilində hazırladıqları “Tərbiyəşünaslıq” (Study of Ubbringing) kitabını milli tərbiyə konsepsiyası da adlandırmaq olar. Hansı ki, bu konsepsiyanı beynəlxalq miqyasda tanıtmaq üçün F.Sadıqov “Tərbiyəsünaslıq” (Study of Ubbringing) kitabını bütün dünya xalqlarına ərməğan etməyi planlaşdırmışdır. Artıq Avropanın 13 ölkəsinə göndərilən “Tərbiyəşünaslıq” dünyanın 100-dən artıq nüfuzlu ölkələrinə göndərilməsi nəzərdə tutulur. Təqdim olunan kitabların hamısında yetişən nəslin estetik tərbiyəsi ilə bağlı bölmələr vardır. Bu, o deməkdir ki, professor F.Sadıqov nəşr etdirdiyi kitabların, monoqrafiyaların, dərsliklərin, dərs vəsaitlərinin hamısında yetişən nəslin estetik tərbiyəsinin, musiqi inkişafının formalaşdırılması probleminə daim diqqət yetirir.
Bütün bunlar deməyə əsas verir ki, Fərahim Sadıqovun musiqi ilə döyünən ürəyi onun elm sahəsində xarüqələr yaratmasına təkan verən ən böyük amillərdən hesab olunur. Çünki dünyanın ən görkəmli simaları, Şərqin ən görkəmli düha sahibləri, o cümlədən Əbu Əli ibni Sina, Əl-Fərabi, Sədrəddin Sərəxsi, Fəridəddin Damat, Nəsirəddin Tusi, Səfiəddin Urməvi kimi görkəmli alimlər yüksək musiqi duyumuna malik olan şəxsiyyətlər kimi dünya xalqlarını məftun edən müxtəlif xarakterli əsərlər yaratmışlar. Biz, Fərahim Sadıqovu da belə şəxsiyyətlər sırasında, görkəmli alim, dəyərli tədqiqatçı və ən nəhayət, musiqi mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın, pedaqogikamızın, psixologiyamızın görkəmli nümayəndəsi kimi görürük və onunla fəxr edirik. Bu görkəmli azərbaycanlımızı ömrünün 70-ci baharı münasibəti ilə təbrik edir, ona can sağlığı, uzun ömür və gələcək tədqiqatlarında nailiyyətlər arzulayırıq.
ƏDƏBİYYAT:
- İdrisoğlu A. Bir alim ömrünün salnaməsi. B.: Adiloğlu, 2007, 163 s.
- Rəhmanlı Ə.M.Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi. B.:MBM, 2014, 704 s.
- Sadıqov F.B. Muğam (dərs vəsaiti), B.:Maarif, 2011, 256 s.
- Sadıqov F.B. Qarmon ifaçılığında muğam. B.: Adiloğlu, 2013, 140 s.
- Sadıqov F.B. Ədiloğlu N. Masallı-cənnət misallı. B.: Qanun, 2013, 360 s.
- Tahirova Ş. Pedaqogika elminin şah budağı. B.: Ecoprint, 2017, 572 s.
Доктор философии по искусствоведению
Старший преподаватель БМА
Доцент АМК
ОТ ИСПОЛНИТЕЛЬСТВА К НАУЧНОЙ ДЕЯТЕЛЬНОСТИ
Резюме: В статье представлена информация о творчестве видного исполнителя на гармони и ученого Фарахима Садыхова. В статье также раскрывается его научная деятельность.
Ключевые слова: Фарахим Садыхов,мугам, талант, учебное пособие, научная деятельность
PhD
Senior lecturer of BMA
FROM PERFORMER TO SCIENTIFIC ACTIVITY
Summary: In the article gives information about famous scientist Faqahim Sadigov`s creative work. Once upon a time he has been skilful garmon’s performer. This great person had done important works in the field of music science.The article also mentions his scientific activity.
Key words: Faqahim Sadigov, garmon’s performer, mugham, talent, educational resource, scientific activity
Rəyçilər:
sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadə;
filologiya üzrə elmlər doktoru, professor Məhərrəm Qasimlı