“Ruhül-Ərvah” guşəsinin semantik açıqlanmasi
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 3, 2015
AMK –nın müəllimi
“Ruhül-Ərvah” guşəsinin semantik açıqlanmasi
Açar sözlər: “Ruhül-Ərvah”, guşə, ürfan, muğam, hədis, ayə, qəzəl, “Məsnəviyi-mənəvi”
Azərbaycanın dünya sivilizasiya xəzinəsinə bəxş etdiyi dəyərli elmi-mədəni və mənəvi töhfələr sırasında muğam sənəti özəlliyi ilə seçilir. Bu mükəmməl, zəngin, əsrarəngiz və yüksək zövq sahibləri üçün nəzərdə tutulmuş sənət Orta əsrlərdə İspaniyadan Hindistan və Çinə, Мərkəzi Asiyadan Ərəbistan yarımadasına qədər geniş coğrafi ərazidə yayılmış, onun ayrı-ayrı bölgə və xalqlarda dəstgah və muğamlarin müxtəlif növ və janrları, şöbə, guşə və tərkib hissələri yaranmışdır. Bu möcüzəli sənət əsərləri ayrı-ayrı tarixi dövrlərə xas ictimai, iqtisadi, mənəvi, mədəni və dini cərəyanlardan doğan, çeşidli dəyişiklikləri, eləcə də son iki yüzilliyin modernləşmə və qloballaşma proseslərinə uyğun şəkildə özünəməxsus ucalığını, yenilməzliyini və yaşamaq hüququnu qoruyub saxlamışdır.
“Sorağı hələ əski Şumer dövründən süzülüb gələn şeir və muğamatımızın əks-sədasının təntənəsi qədimdə olduğu kimi çağdaş dövrümüzdə də beynəlxalq musiqi qurumlarını heyrətləndirməkdədir. 7 min il bundan öncə şairlər Bikə nənə, Enlil İsmə Dağan və musiqiçi Bida Hun qızı Həmədani ilə başlanan ədəbi musiqi irsimiz bu gün də mədəniyyət və incəsənət meydanında öz diqqət, əzəmət və füsunkarlığını qoruyub saxlamaqdadır” (1, s. 8).
Keçən əsrin 60-cı illərində qədim İraqın Babilistan ərazisində “Zikkurat-Cikkurat” (Allah məbədi) adlanan məbəddə mixi və çivi yazıları ilə həkk olunmuş üç gil silindr və yüzlərlə mürəkkəb işarələri olan gil lövhələr aşkarlanıb. Bu silindrlərin üzərindəki yazıların qismən pozulmasına baxmayaraq, onların bəzilərini deşifrə etmək mümkün olmuşdur. Silindrlərin birinin üzərində Bikə nənənin “poema”sında “Mahur” muğamının adı anılır. Qeyd edək ki, qədim şumerlər o dövrün bilgilərini çox qısa və lakonik şəkildə yazırdılar. Bikə nənənin “poema”sından bir nümunəni təqdim edirik: “Çikaru restu tanak (kus) ana “Mahur” rəqsi aradı, haş hürü aradı, titi aradı, müzikkannı…” (1, s. 56). Göründüyü kimi poemada “Mahur” muğamının adı çəkilir. Babilistanda tapılan iki gil lövhənin birində tənburabənzər (şək. №1) alətin (1, s. 54), digər lövhədə isə nablayabənzər alətin (şək. №2) ifaçılarının (1, s. 57) şəkilləri oyulmuşdur.
Şəkil №1 Şəkil №2
Şəkil №1-də qadın ifaçının qarşısında aləti diqqətlə dinləyən “it fiquru”, onun arxasında quzunu andıran heyvan fiquru cızılmışdır. Digər lövhədə də nabla çalan ifaçının yanında heyvan (it) fiquru oyulmuşdur. Bu şəkillərin arxa planında heyvan fiqurlarının arxasında isə “göy qurşağı”na bənzəyən qövs cızılıb. Bikə nənənin “Mahur” muğamı haqqında verdiyi məlumat və bu gil lövhələr üzərindəki mixi yazıları Azərbaycan muğamının “qızıl informasiyası”dır.
Dövlətimiz ikinci dəfə milli müstəqillik qazandıqdan sonra milli-mənəvi, dini, İslam fəlsəfəsi və ürfani dəyərlərin açıqlanması üçün geniş imkanlar yaranmışdır. Azərbaycan musiqişünasları milli-mənəvi sərvətimiz olan muğamlarımızın uzaq keçmişini, bu gününü və sabahını düşünərək bu unikal və xalq dühasının monumental əsərlərinin gələcəyini daha səlis və məntiqli görmək üçün səylə çalışır, tədqiqat və araşdırmalar apararaq ulu babalarımızdan bizə miras qalmış bu əlçatmaz, kamil insan təfəkkürü üçün nəzərdə tutulan, az qala qədim Əndəlusdan böyük Çinə qədər uzanan coğrafi ərazini əhatə edən bu qədim, təsəvvüfi, ürfani, tarixi keyfiyyətləri özündə ehtiva edən muğam incilərini tədqiq edərək yad ünsürlərdən, məntiqsiz elmi izahlardan təcrid edərək, gələcək nəsillərə çatdırmağı özlərinin mənəvi borcu hesab edirlər.
Postsovet məkanında klassik ədəbiyyatımız kimi muğamlarımız da mürtəce imperiyanın fiziki və ideoloji təqiblərinə məruz qalırdı. Məsələn, Məhəmməd Füzulinin “Könül ta var əlində cami-mey, təsbihə əl urma, Namaz əhlinə uyma onlar ilə durma, oturma” (2, s. 142) kimi ürfani qəzəlini sovet-kommunist ideologiyasının şəninə uyğun tərzdə açıqlayaraq 23 il Kərbalada İmam Hüseynin məqbərəsində mücavirlik (xidmətçilik) edən, ölümündən sonra İmam Hüseynin ayağı altında dəfn olunmasını vəsiyyət edən bir ürfan şairinə qara yaxaraq onu dinsiz, ateist şair kimi qələmə vermişlər (3, s. 13-15). Halbuki, bu ürfani beytin bətnində ateizm ideologiyası deyil, tamam başqa dəruni keyfiyyətlərə malik izah tərzi durur. Bu sözləri eyni ilə 1936-cı ildə bəstəkar Zakir Bağırovun Mirzə Mənsur Mənsurovun tar ifasından nota köçürdüyü “Dügah” dəstgahı haqqında da demək olar. Not yazısının üz vərəqini açan kimi vərəqin aşağı hissəsində, küncdə yazılıb: “S.M.Kirovun işıqlı xatirəsinə ithaf olunur”. Eyni mətn bir qədər aşağıda rus dilində də qeyd olunur: «Посвящается светлой памяти С.М.Кирова».
Buradan çox maraqlı bir sual doğur. Görəsən bizim muğamların Kirova nə dəxli var? Amma varmış.1936-cı ildə bəstəkar Zakir Bağırovun Mirzə Mənsur Mənsurovun tar ifasından “Dügah” dəstgahı nota köçürülür. Əgər dahi Üzeyir Hacıbəylinin ağıllı və uzaqgörən siyasəti nəticəsində Mirzə Mənsur Mənsurova təklif edilib yazılmasaydı, onda bu monumental muğam dəstgahının not yazısı ərsəyə gəlməzdi. Çünki bu dəstgahda “Dügah”, “Bərdaşt”, “Guşeyi Bayatı Qacar”, “Şikəsteyi-fars”, “Dilruba”, “Əraq”, “Zəngi-şütür”, “Raq” (daha doğrusu, “Rak”) kimi fars terminləri, “Ruhül-Ərvah”, “təsnif”, “Hüseyni”, Orta Asiyada Amudərya ilə Sırdərya çayları arasında ərəblərin həmin əraziyə verdikləri “Mavəraünnəhr” (“iki çay sahili” deməkdir) yazmaq olmazdı (3, s. 4). Çünki Rus imperiyasının ən mürtəce siyasəti təəbəliyində olan kiçik xalqları öz kökündən, ələlxüsus Şərq kontekstindən ayırmaq idi. Əgər Ü.Hacıbəyli və M.Mənsurovun uzaqgörən siyasəti olmasaydı, bu gün “Dügah” dəstgahı və onun dəyərli tərkib hissələri haqqında təsəvvürümüz olmazdı.
Ötən əsrin 70-ci illərinin sonundan başlayaraq Ulu Öndər Heydər Əliyevin incəsənət, mədəniyyət və musiqi sahəsində apardığı uğurlu siyasi kurs bu sahələrin inkişafına güclü təkan verdi. Nəticədə Azərbaycan radiosunda “Muğam radio jurnalı”, Az.TV-də “Məktəblilərin musiqi” klubu və “Xalq musiqi xəzinəsi” və s. kimi maarrifləndirici verilişlərin fəaliyyət göstərməsinə səbəb oldu. Bu uğurlu siyasi kursun davamı kimi Heydər Əliyev fondunun prezidenti YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın mədəniyyət və incəsənət sahəsində apardığı beynəlxalq siyasətin nəticəsində Azərbaycan xalçaları, Novruz bayramı, tar ifaçılığı sənəti YUNESKO-nun qeyri-maddi abidələri siyahısına daxil olmuşdur. Azərbycan muğamları da həmin qurum tərəfindən “Bəşəriyyətin şah əsərləri” siyahısına daxil edilmişdir. Bu baxımdan bugünkü mövcud siyasi durum muğam şöbə-guşə adlarının tarixi elmi-semantik təsəvvüf və ürfani baxımdan şərhi üçün geniş imkanlar açır. Postsovet məkanında rus imperiya rejimi İslami dəyərlərə mənfi münasibət bəslədiyindən İslam dini ilə bağlı bir çox sahələrin – elmi-fəlsəfi açıqlanmasına müəyyən qadağalar və məhdudiyyətlər qoyurdu. Lakin Ulu Öndər Heydər Əliyev cənablarının gərgin, uzaqgörən və yorulmaz əməyi sayəsində dövlətimiz mütəqillik qazandıqdan sonra milli-mənəvi dəyərlərimizə, tarixi keçmişimizə münasibət əsaslı surətdə dəyişmişdir. Bu məqsədlə Azərbaycan dəstgahlarında dini-təsəvvüfi və ürfani əhəmiyyət kəsb edən “Ruhül-Ərvah” guşəsinin semantik baxımdan acıqlanması muğam sənəti, muğamşünaslıq və tədris üçün aktualdır.
Qədim zamanlardan başlayaraq çağdaş dövrümüzdə də muğam dəstgahlarının tərkibində məkan, say, təbiət hadisələrinin təqlidi kimi musiqinin proqramlılığına, elecə də İslam dəyərlərinə istinad edən muğam, şöbə və guşələrinin olması və bu əhəmiyyətli guşələrin semantik açıqlanması muğam elmi, sənəti, tədrisi üçün lazımi faktorlardan biridir. Buna görə də bilavasitə ilahiyyatla əlaqəli olan “Ruhül-Ərvah” guşəsinin elmi ürfani izahı böyük əhəmiyyət kəsb edir. “Ruhül-Ərvah” guşəsi bu günə qədər istər islam fəlsəfəsi, istərsə də ürfani baxımdan lazımi qədər işıqlandırılmamışdır. Bu guşə ifa baxımından çox kiçik və epizodik xarakter daşıyır, elmi mənbələrdə onun adı demək olar ki, tam açıqlanmır.
Əsas məqsəd “Ruhül-Ərvah” guşəsinin elmi, təsəvvüfi və ürfani açıqlanmasını vermək, muğam dəstgahlarında tutduğu mövqeyi dəqiq və səhih araşdırmaq, onun poetik mətnə malik olub olmamasını tədqiq etmək, adı çəkilən dəstgahlarda nə kimi funksional əhəmiyyətə malik olmasını aydınlaşdırmaqdır.
“Ruhül-Ərvah” guşəsi “Ruh” istilahı ilə başlandığından ilk növbədə “ruh” məsələsi açıqlanmalıdır. Qurani Kərimin “Əl-İsra” (gecə vaxtı seyr) və ya “Bəni-İsrail” (İsrail oğulları) surəsinin 85-ci ayəsində yazılmışdır: “(Ya Məhəmməd) səndən ruh (ruhun mahiyyəti və onun keyfiyyəti) haqqında soruşsalar, De ki, “Ruh” Rəbbimin əmrindəndir. (Allahın əmri ilə yaradılmışdır). Sizə (bu barədə) yalnız cüzi bir bilik verilmişdir” (4, s. 295). Biz Allah Təalanın Məhəmməd Peyğəmbərə bu gözəl kəlamı göndərməsinə heç bir müdaxilə etməyəcəyik. Sadəcə olaraq “ruh” istilahı ilə bağlı bəzi problemlərə aydınlıq gətirməyə çalışacağıq.
Bir halda ki, “Dügah”, “Bayatı Qacar”, “Şur” (bəzən də “Zabul-segah”) və İran dəstgahlarında “Ruhül-Ərvah” adlı guşənin adı çəkilirsə, biz hər cür vasitələrdən (İslam fəlsəfəsi, ürfan və ürfani qəzəllərdən) istifadə edərək bu guşənin semantikasını açıqlamağa çalışacağıq. Bu məqsədlə İmadəddin Nəsimi, Mövlanə Cəlaləddin Rumi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani və bir çox Şərq mütəfəkkir filosoflarının (Əbu Həmid Əl-Qəzali, Mahmud Şəbüstəri və b.) əsərlərindəki din, şəriət, təriqət, İslam fəlsəfəsi, ürfandan istifadə edərək bu mürəkkəb və indiyədək araşdırılmayan termini açıqlamaq qərarına gəldik. İslam fəlsəfəsi, yəni təsəvvüf elmi bir çox dini-islami məsələlərə aydınlıq gətirə bilir.
İslam dininin dəruni fəlsəfəsindən çıxış edən təsəvvüf nədir? Təsəvvüf İslam ehkamlarından doğmuş bir elmdir ki, sonralar o, İslam fəlsəfəsi adlandırılıb. Müxtəlif zamanlarda bir sıra mütəfəkkirlər təsəvvüfə fərqli təriflər vermişlər. Məsələn, Mövlanə xadimi təsəvvüfün tərifini belə vermişdir: “Təsəvvüf elə bir elmdir ki, batil onun nə önünə keçə bilir, nə də arxasından daxil ola bilir, nə də önündə bir əzginlik, çətinlik, nə də sonunda. Bütün alimlərin elm, hakimlərin, filosofların hikməti bir araya gəlib onun quruluşundakı hər hansı bir şeyi öz xeyirlərinə dəyişdirmək istəsələr süvərlərindən, nəqşələrindən birini pozmaq istəsələr və ondan xeyirlisini yerinə qoymağı arzu etsələr, gerçəkdən bu arzu və istəklərinə yol tapa bilməzlər. Çünki təsəvvüf nübüvvət qəndilindən alınmış bir nurdur. Peyğəmbərlikdən irəli və vacibi işıq alınacaq bir nur yoxdur” (3, s. 11).
Osman Nuri Topbaş isə yazır: “Təsəvvüf – sülhü olmayan bir cəngdir. Təsəvvüf – ixlasdır. Təsəvvüf – istiqamətdir. Allahın kitabına, Peyğəmbər sünnəsinə möhkəm bağlanmaqdır. Təsəvvüf – riza (1. razılıq, məmnunluq, razı; 2. qane olma) və təslimiyyətdir. Təsəvvüf – zöhddür, təqvadır və əxlaqlı yaşam tərzidir. Təsəvvüf – gözəl əxlaq və ədəbdir. Təsəvvüf – nəfs təzkiyyəsi və qəlb təsfiyyəsidir (saflaşdırma, durulaşdırma)” (6, s. 35, 36, 39).
Təsəvvüf sözünün kökü haradan gəlir?
“İslam təsəvvüfü” kitabının müəllifi professor, doktor Süleyman Atəş hesab edir ki, “sufi” sözünün “suf” sözündən törənməsi ən doğru mülahizədir. “Suf”un nisbəti, yəni oxşarı “sufi”dir. Ərəblər köynək geyənə “təqəssümə” dedikləri kimi “suf” yəni yun parçadan paltar – xirqə geyənə də “təsəvvüfə” deyirlər. Bəzi alimlərin yazdıqlarına görə isə sufilərə bu adın verilməsinin səbəbi onların suf- qoyun dərisindən paltar geymələridir. Onların bu geyimi qəbul etmələrininin səbəbi də dəyərdə ucuz olması, digər geyimlərdən daha pak və halallığıdır ki, belə geyim insanlığı təvazökarlığa daha çox yaxınlaşdırır. Əvvəl zamanlardan bəri də peyğəmbər geyimidir. Altıbarmaq ləqəbli Məhəmməd ibn Məhəmməd Cığırçızadə özünün “Məaricün-Nübüvvəti Məhəmmədiyyə” və yaxud “Şəmaili-fütuvvəti Əhmədiyyə” adlı kitabında Məhəmməd əleyhissalam doğulduqdan sonra məhz “suf”a sarıldığını qeyd etmişdir (5, s.12). Təsəvvüfün kökü suf kəlməsindən alınmışdır. Ərəblərdə qəmiz — köynək geyən üçün necə ki, təqəmmasə — köynək geydi deyilirsə, suf — yun xirqə geyənlər isə təsəvvüfə — yəni yun xirqə geydi adlanır. Bu görüşü mənim-səyən ən tanınmış şərhçılər Şeyx Mustafa Əbdürrəzaq, doktor Zəki Mübarək və şərqşünas Morqoliyotdur (5.s.21).”Suf”un feli məsdəri “təsəvvüf”, ismi faili isə “mütəsəvvüf”dür. Dil baxımından doğru olan bu görüş məna etibarı ilə də doğrudur. Çünki ilk sufilər yumşaq və gözəl görünən şeylər geyinməkdən çəkinmiş, sadəcə vücudlarını örtəcək qıldan və qaba yundan toxunmuş paltar geyərmişlər. Həzrət Məhəmməd Peyğəmbər salavatullah və İsa peyğəmdər də həmişə suf – yəni yun paltar geyinərdi. Allah onlardan razı olsun!
Bəzi termin və istilahların mənşəyini açıqlamaqdan ötrü İslam təsəvvüfü və bu elm ilə bağlı Əl-Qəzali, Mövlanə Cəlaləddin Rumi, Nəsimi, Füzuli, S.Ə.Şirvani kimi ürfan və mütəsəvvüf şairlərin qəzəl və beytlərindən istifadə edərək məqsədimizə nail olmağa çalışacağıq.
Sözügedən maraqlı və semantikası, mənşəyi açıqlanmağa möhtac olan əhəmiyyətli guşələrdən biri çağdaş dövrümüzdə “Dügah”, “Bayatı-Qacar” və “Şur” dəstgahlarında rast gələn “Ruhül-Ərvah” guşəsidir. Əvvəla, onu deyək ki, ədəbi mənbələrdə “Ruhül-Ərvah” guşəsi haqqında ilk açıqlamanı hörmətli dinşünas, əruzşünas, filoloq-alim Ramiz Faseh Paşazadənin “Azərbaycan muğamlarında söz və musiqinin əlaqəsi” kitabında alırıq (6, s. 125-126). Əyani musiqi nümunəsi kimi isə 1906-cı ildə istehsal olunmuş Şəkili Ələsgərin “Ruhül-Ərvah” qrammofon valıdır. (I üz. “Bu gecə ayə baxıb”; N 15354. 4775); (II üz. “Ruhül-Ərvah”; 15354. 4776. Alesker Abdullayev).
Burada qeyd etmək yerinə düşər ki, “Ruhül-Ərvah” ancaq Azərbaycan və İran muğamında mövcuddur və ona başqa Orta Asiya və Şərq xalqlarının musiqisində rast gəlinmir. Mövlanə Cəlaləddin Rumi öz “Məsnəviyi-mənəvi”sində belə deyir:
Ruh bəəqləsto bə el məst yar.
Ruhra batazio tor ke çe kar (5, s. 8).
Açması belədir ki, ruh ki, var əsl ilahiyyat aləminin məhsuludur. O, əql və elmlə yardır. Onun ərəb və türklə nə işi var, yəni ruhun dil bilib yalnız lüğət vasitəsilə olan zahiri təhlillə nə işi var?
“Ruhül-Ərvah” ədəbi mənbə və risalələrdə
Qeyd: “Ruhül-Ərvah”a termin kimi sufiməzhəb, alimməqam və şair təbiətli Şeyx Əhməd Səməaninin 140 səhifəlik Ruhül-Ərvah adlı kitabında rast gəlirik (əsl soyadı – Şəhabəddin Əbülqasim Əhməd bin Əbdülmüzəffər Mənsuri Səməanidir). O, yüksək mənsəbli məşhur Səməanilər nəslinin bariz nümayəndəsidir (Hicri qəməri 487-534. Miladi 1109-1156-cı il).
“Ruhül-Ərvah” terminini açıqlamaqdan ötrü ədəbi mənbələrə, o cümlədən, Seyid İmadəddin Nəsimi, Mövlanə Cəlaləddin Rumi və s. əsərlərindən habelə, Qurani-Kərimdən təlmih (işarə vasitəsilə söyləmə) (8, s. 611) müəyyən ayələri mütəşabihat (yəni bənzətmədən ibarət) (8, s. 442) və qiyas (yəni müqayisə) (8, s. 126) adlanan üsuldan istifadə edərək qənaətlərimizi əsaslandırmağa çalışacağıq.
S.İ.Nəsimidən nümunələr.
Ey saçın “vəlleyl iza yəğşa” yüzündür, “vəzzüha”,
“Yavüsin” Şənində münzəl, həm bəyanın “tavu ha” (9, s. 36).
Nəsimi bu beytdə Quran ayələrindən istifadə etmişdir. Yeri gəlmişkən “beyt” lüğəvi mənada “ev” deməkdir. Əruz vəznli şeirin iki misradan ibarət olan bir parçasına da beyt deyilir. Lüğəvi mənada ərəbcə misra qapının bir layına deyilir. Keçmişdə hər bir qapı da iki laydan ibarət olduğu, eləcədə şeirin hər hansı beytinin 2 misradan ibarət olduğunu nəzərə alaraq ona da beyt deyilirdi. Nəsimi bu beytdə Quranın 92-ci “Əl-leyl” (gecə) (4, s. 633); “Əz zuha” (səhər və ya səhər işığı) (4, s. 635); 36-cı “Yasin” (4, s. 435); 20-ci “Taha” (4, s. 285) surələrinin ilk ayələrinin hər birindən təşbeh (müqayisə və bənzətmə) kimi istifadə edir. Qeyd olunduğu kimi “Taha” – 20-ci; “Yasin” isə 36-cı surələrin ibarət olduqları həriflərin adlarından məharətlə istifadə etmişdir. Belə ki, “Yasin” – “Ya və ya ey” xitabından, “Taha” isə “Ta və ha” adlı iki hərfdən ibarətdir. Qurani-Kərim təfsirçilərinin yazdıqlarına görə “ta və ha” hər ikisi Məhəmməd Əleyhissəlamın sifətlərindən biri olub, “Ta” – “ey həqqə talib olan”, “ha” isə “xalqı hidayətedici Peyğəmbər” — deməkdir. Eləcə də “Yasin” – “Ey seyyid əl mürsəlin”, yəni “ey peyğəmbərlik elçiliyinə göndərilmişlərin ağası!” deməkdir ki, bu da Məhəmməd Peyğəmbərə işarədir. Çünki “Yasin” və “Taha” Məhəmməd Əleyhissəlamın göydə yazılan yeddi adından ikisidir. Quranın 92-ci surəsində deyilir: “And olsun gecəyə ki, öz qaranlığı ilə aləmi bürüyür”. 91-ci “Əş-Şəms” (Günəş) və 93-cü “Əz Zuha” (səhər və ya səhər işığı) surələrində “And olsun günəşə və qalxdığı vaxt saçdığı ən parlaq və ən gur işığa” deyilir ki, bu da zöhr, yəni günorta namazının qılındığı vaxta işarədir. Nəsimi də bu surələrin hər birini Məhəmməd Əleyhissəlamın bədəninin bir üzvünə və ya peyğəmbərdə olan bir nişan və əlamətə bənzədərək deyir: “Ey saçın, And olsun o gecəyə ki, o öz qaranlığı ilə aləmi bürüyür” ayəsinin nişanəsi olan peyğəmbər, sənin şənində Allah-Təaladan “Yasin” surəsi, səni aləmə həqiqi olaraq bəyan etmək, yəni bildirmək və tanıtdırmaq üçün “Taha” surəsi endirilmişdir”. Eyni zamanda “Yasin” surəsi Qurani-Kərimin seyyidi, yəni ağası və qəlbi (mərkəzi) sayılır. İmadəddin Nəsiminin bu beytini diqqətlə izlədikdə burada İslam Peyğəmbərin adının birbaşa çəkilmədiyinin şahidi oluruq. Lakin təlmih – işarə və mütəşabihat bənzətmə və müqayisə yolu ilə 91, 92, 93, 20 və 36-cı surələrin Məhəmməd peyğəmbərə aid edildiyini görürük.
“Yasin” surəsinin bir hikməti də budur ki, “sin” hərfi böyük Əbcəd (Əbcədi Kəbir) hesabilə 60 rəqəmini bildirir. Məhz buna görə də “Yasin” kəlməsinin bir mənası da “ey 60 yaşlı kişi” deməkdir. Çünki hicri tarixinin 8-ci, miladi tarixinin 629-cu ilinin şəban ayında peyğəmbər Əleyhissəlam 60 yaşında olanda Məkkə sülh yolu ilə fəth olunmuş və buna görə dəİslam dini tam və qəti qələbə çalmışdır. Bunun üçün də Məhəmməd peyğəmbərə “Cənabi-həqq” tərəfindən “Yasin”, yəni “Ey 60 yaşlı kişi” və ya “Ey 60 yaşlı insan” deyə müraciət olunmuşdur.Elə bu səbəbdən Qurani-Kərimin 1992-ci ildə azərbaycan dilində yazılmış nüsxəsində Yasin xitabının altında mötərizədə“Ya Məhəmməd”ifadəsi qeyd olunmuşdur. Bu bir daha sübut edir ki, Yasin xitabı təlmih vasitəsi ilə birbaşa Məhəmməd peyğəmbərə nisbət olunmuşdur.“Yasin” surəsindəki “sin” hərfinin ifadə etdiyi rəqəmin hikmətlərindəndir ki, “Yasin” surəsi “sin” hərfinin zahiri və batini mənalarına görə “Quranın seyyidi” adlanır. Necə ki, Məhəmməd peyğəmbər həm ruhani, həm də cismani cəhətdən Peyğəmbər, eləcə də bütün yaranmışların seyyidi, əşrəfi,şərəflisi və fəzilətlisi sayılır.
Nəsimidən daha bir beyt nümunəsi:
Sən sən ol nuri ki Adəm beynə mauttin ikən,
Ol zaman əbna qılırdın, cümləyə sənsən bəna (9, s. 37).
Şair bu beytdə əsasən, 2 hədisə istinad etmişdir. “Nur” haqqında deyilən hədisi bundan əvvəlki beytdə izah etdik. Digər hədis isə “Adəm bəynə mauttin” hədisidir ki, şair bu hədisə işarə edir. Nəsimi bu hədisi həmin qəzəlində başqa beytlərdə (məsələn, həmin qəzəlin 11-ci) və eləcə də yaradıcılığında Adəm peyğəmbərə aid olan bu hədisi tez-tez zikr edir. Bu hədisdə Məhəmməd Əleyhissəlam demişdir: “Adəm su ilə palçıq arasında olduğu zaman mən peyğəmbər idim” (12, s. 25). “Beynə mauttin” ifadəsi su ilə palçıqarası deməkdir. Bu hədisin zahiri tərcüməsidir. Lakin batini mənada bu belə deyil. Ona görə də torpağa su qatıldıqdan sonra torpaq palçıq halına gəlir. Əgər bu hədis zahiri mənada tərcümə olunsaydı o zaman hədis gərək belə olaydı. “Adəm bəynə mau turab” yəni “Adəm su ilə torpaq arasında olduğu zaman mən peyğəmbər idim”. İndiki hədis “Adəm bəynə mauttin” şəklindədir, o zaman qəti şəkildə demək lazımdır ki, əsl həqiqi mənada bu hədisdə ifadə olunan “mauttin” su ilə palçıq ifadəsi zahiri lüğəvi mənada deyil batini və fəlsəfi mənadadır. Çünki yuxarıda adlarını qeyd etdiyimiz mütəsəvvüf alim və şairlərin qənaətinə görə “ma”- yəni “su”dan məqsəd və murad ruh, “tin”dən isə “cisim” və ya bədəndir. Mövlanə Cəlaləddin Ruminin “Məsnəviyi-mənəvisini” şərh edən türk filoloq-dinşünas bir beytin şərhində bu fikirləri təsdiq edərək su və palçıq məsələsinə aydınlıq gətirir.
M.C.Ruminin beyti belədir:
Ey to dər gəştiyi-tən rəfti bekab
Abra didi, nigər bər abi-ab. (8, s. 365)
Tərcümə: “Ey ki, sən bədən yuxusunda yuxuya getmisən, suyu gördun? Pəs suyun suyuna nəzər et”. Burada C.Rumi suyun suyu dedikdə ruhu, daha doğrusu, mütləq ruhu nəzərdə tutur. Necə ki, canimütləq (ruhi yeynami) insan və bütün canlıları hərəkətə gətirir, su da bütün həyatı özünün bir qətrəsi ilə cana gətirir. Çünki həyat ərəb sözündən olub, “canlılar” deməkdir, o cümlədən, “abi-həyat” (dirilik suyu) “çeşmeyi-heyvan” (dirilik bulağı) da bu sözdəndir. Necə ki, Nəsimi bir qəzəlində deyir:
Könlümün viranəsində gənci-pünhan bulmuşam,
Olmuşam ol mahə qurban, yüz dilü can bulmuşam.
Xizr əgər zülmatə vardı, istədi abi-həyat,
Mən dodağın çeşməsində abi-heyvan bulmuşam. (9, s. 146)
“Su”yun özünün hərəkətinə, axarlığına, həyatbəxşliyinə əsl səbəb olan “ilahi varlığa” İslam fəlsəfəsində və ürfanda Ruminin beytində qeyd olunduğu kimi “suyun suyu” deyilmişdir. Burada nəticə əldə edərək “sən sən ol nuri ki, Adəm bəynə mauttin ikən” misrasındakı, adəm “su” ilə “palçıq” arasında olan zaman hədisindəki ifadələr Adəm Əleyhissəlamın cism və ruhu deməkdir. Nəsimi adı gedən beytdə demək istəyir ki, “Ya Məhəmməd Əleyhissəlam, Adəm Əleyhissəlam dünyada yox ikən, hələ cismani varlıqlar yaranmamışdan əvvəl sən ruhani olaraq Allahın Cəbərut (əzəmət) və lahut (ilahiyyat) aləmlərində var olmusan və bu varlığınla da digər cismani və ruhani varlıqların yaranmasına “səbəb və vasitəçi” olmusan.
Rumi bir beytində belə deyir:
Ben gərəm sirr aləmi binəm nihan,
Adəmü Həvva nə rəsti əz-cahan. (10, s. 211)
Rumi burada Məhəmməd Əleyhissəlamın dilindən deyir. “Mən sirrə nəzər edirəm və gizli aləmi aşkar gördüm, hələ Adəm və Həvva dünyada yaranmamışdan qabaq, mən Allahın sirrinə, yəni zatən birlik mərtəbəsi sayılan əbədiyyət mərtəbəsinə nəzər edib, Allahın hikmət dolu, gizli aləmini aşkar görürdüm”. Bu haqda mühüm bir tarixi rəvayət də var. Bütün din tarixçilərinin yazdıqlarına görə eləki, Allah-Təala Həzrət Adəmin cəsədini yapdı və onun bədəninə ruh üfürdü, o zaman o cana gəlib gözünü ilk dəfə açanda göyə nəzər etdi və gördü göydə yazılıb: “La ilahə illəllah, Muhəmmədən rəsulullah” və Adəm ərz etdi: “Ey Allah, sən hələ məndən bir bəşər yaratmamışkən bu Məhəmməd kimdir ki, onun adını göydə yazmısan? Allah-Təala cavab verib buyurdu: “Bu Məhəmməd o kəsdir ki, cismən sənin övladından gəlib, sonuncu peyğəmbər olacaq, lakin ruhən, mənən sən onun ruhunun və nurunun səbəbinə yaranmısan və göydə gördüyün nur da onun nurudur. Adəm ərz etdi: “Ey Allah, o nuru mənə də göstər ki, məndə də o nurdan bir işarə olsun”. Allah-təala buyurdu: “Ey Adəm şəhadət barmağını qaldır”. Elə ki, Adəm şəhadət barmağını qaldırdı, Allah-təala Məhəmməd Əleyhissəlamın nurunu onun şəhadət barmağında həkk elədi (12, s. 27). Rumi “Məsnəviyi-mənəvisində” bir beytdə deyir:
Gərbe surət mən ze Adəm zadeəm,
Pəs be məni cəddi-cədd oftadeəm (10, s. 401).
Yəni baxmayaraq ki, mən surətən (cismən) Adəmdən doğulmuşam, lakin ruhən və mənən mən babanın babası düşmüşəm (gəlmişəm, yaranmışam). Çünki “oftadən” sözü fars dilində düşmək deməkdir. Burada qeyd etmək lazımdır ki, Adəm ə.m bizim cismani babamız olduğu üçün ona “Əbül-Əşbah” yəni “cism” və “cəsəd atası” Məhəmməd əleyhissəlam isə “Əbül-Ərvah”, yəni “ruhlar atası” deyilir və buna görə də Məhəmməd əleyhissəlam “mən babanın babası gəlmişəm” deyir.
Daha bir beytini Səmaanilər nəslinin ən bariz nümayəndəsi Şeyx Məhəmməd Səməaninin (t.h.q 487 – öl. H.q 534) “Ruhül-Ərvah” risaləsinin (risalə bütünlüklə Məhəmməd sələvatullaha ithaf olunmuşdur) 26-cı səhifəsindəki yazı ilə müqayisə edirik (14, s. 26). S.İ.Nəsiminin 31 beytlik qəzəlinin 1-ci beytində deyilir:
Ey saçın vəlleyl iza yəğşa, yüzündür vəzzüha,
Yavusin şəninlə münzəl həm bəyanun tavu ha. (12, s. 16)
Bu beytdə əvvəl izah etdiyimiz kimi Nəsimi adı çəkilən surələrin hər birini Məhəmməd Əleyhissəlamın bir üzvünə bənzədərək, Məhəmməd Peyğəmbər saçının qaralığını “Əl-Leyl”surəsindəki aləmi bürüyən gecənin qaranlığına, Məhəmməd Füzulinin
“Çıxdı bir gün ki ziyasında təmamiyyi-rüsul
Oldu məhv öylə ki, xurşidi ziyasında “Süha” (13, s. 55)
beytində Qurani-Kərimin 10-cu “Əl Yunis” surəsinin 5-ci ayəsinə əsaslanaraq Məhəmməd əleyhissəlamı günəşə, onun üzünün nurunu isə günəşin ziyasına bənzədir. (4, s. 175). Göründüyü kimi Nəsiminin adı gedən qəzəlinin 1-ci beytində Məhəmməd Peyğəmbərin saçının qaralığı aləmi bürüyən gecənin qaranlığına, Məhəmməd Əleyhissəlam günəşə, üzünün nuru günəşin ziyasına, özü isə əsl həqiqi dürrə bənzədilir. Şeyx Əhməd Səməani isə “Ruhül-Ərvah” risaləsində Məhəmməd peyğəmbərə təşbeh (bənzətmə) yolu ilə bənzətmələrin hamısını təkzib edir və deyir: “Ya Məhəmməd əleyhissəlam, o ki, sənin gözəlliyini nərgiz gülünə, qaşlarını kamana, saçlarının qaralığını gecənin qaralığına, səni günəşə, üzünün nurunu günəşin ziyasına, kipriklərini oxa, qəddini sipərə, qamətini sərvi xuramana bənzədir, o adam vəsf etmək baxımından qüsurludur. İndiyə qədər görən və ya baxan nərgiz gülü kim görüb? Sənin qaşlarını kamana oxşadan kəs nadandır. Oxu kiprik olan kamanı kim görüb? Sənin saçlarının qaralığını gecənin qaralığına bənzədən kəs cahildir. Kim ürək açan, ürək oxşayan gecə görüb? Və ya kim insanı şövqə gətirən qaranlıq görüb? Ya Məhəmməd əleyhissəlam! Sənin kipriklərini oxa bənzədən böyük xəta edib, çünki qan içən oxu kim görüb? Yəni ürəkdən qida alan oxu görən varmı? O kəs ki, sənin qəddini sipərə, yəni hündür çəpərə oxşadıb, o adam düşüncəsizlik edib. Bu cür sərvi-xuramanı, yəni yeriyən sərvi kim görüb? O adam ki, sənin üzünü aya oxşatdı, səhv elədi, çünki sənin üzün kimi ayı asimanda, göydə kim görüb? Bu etdiyimiz müqayisə və əvvəlki beytlərin təhlili sübut edir ki, “Ruhül-Ərvah” ifadəsi Məhəmməd peyğəmbərə nisbət edilir. Nəticə olaraq Allahın Məhəmməd peyğəmbər haqqında dediyi “Əvvəla ma xələqallahu ərruh”, yəni Allah təala o şeyi əvvəl xəlq etdi, o ruh idi. Bu da Məhəmməd Əleyhissəlamın ruhu idi və digər ruhlara həyat bəxş edib onların yaranmasına səbəb olduğu üçün Məhəmməd Əleyhissəlamın bir ləqəbi “Ruhül-Ərvah”, yəni “ruhlar ruhu”, künyəsi isə “Əbül-Ərvah”, yəni “ruhlar atası”dır. Məhəmməd Peyğəmbərin nuru və ruhu ilk yaranmış ruhdur. Necə ki, Allah-təala Məhəmməd peyğəmbərə aid bir hədisi qüdsidə buyurmuşdur: “Küntü kənzən məxfiyyən, fə ibübitə inna ərəfə, qəbzətə, qəzzəhu min nuri fə qalət ləha koni həbibi Məhəmməd əcəm səbatullah təala zalikə nuri səbəynə əlfa sənətə, fə xələqə min nurə təsbihə ərvahəl-ənbiya” (5, s. 107). Yəni “mən gizli bir xəzinə idim, pəs istədim ki, tanınım, bilinim öz zatımdan bir od parçası götürüb, o od parçasından onun nurunu yaratdım və sonra Allah təala həmin nura dedi: sən mənim istəklim və məhəbbət bəsləyib sevdiyim Məhəmməd əleyhissəlamın nuru ol” və Allah-təalanın təshində deyilir ki, bu nur bütün nurlardan 70 min il qabaqdan yaradılmış və o nurdan cəmi peyğəmbərlərin nurlarını təsbih xəlq etdim.
Beləliklə, nəticə olaraq son gəldiyimiz qərara əsasən, deməliyik ki, “Ruhül-Ərvah” Məhəmməd peyğəmbərə aid olub, Məhəmməd əleyhissəlamın ləqəbidir. Musiqimizdə də “Ruhül-Ərvah” mahiyyət etibarı ilə dini xarakterli muğam guşəsidir.
ƏDƏBİYYAT:
- Tariyel Azərtürk. Muğam – Şumer türkünün milli mənəvi sərvətidir. ABŞ: SİETL, Tarıyel Vəli-Əli korporasiyası, 2001, 62 s.
- Füzuli qəzəllərinin şərhi. 1-ci cild Hacı Ələmdar Mahir. 541 s.
- Hacı Ələmdar Mahir. Mənim tanidigim Füzuli. B.: Nurlan, 2009, 283 s.
- Qurani-Kərim. B.: Azərnəşr, 1992, 710 s.
- Faseh M. Füzuli seirində təsəvvüfi qaynaqlar. B.: Elm, 2000, 255 s.
- Osman Nuri Topbaş. İmandan Ehsana. B.: İpəkyolu, 2009, 576 s.
- Faseh R. Azərbaycan muğamlarında söz və musiqinin əlaqəsi. B.: Çıraq, 2004, 144 s.
- Ərəb və Fars sözləri lüğəti. (Azərbaycan klassik ədəbiyyatını oxumaq üçün). Tərtibçilər: Abdullayev B.T., Orucov Ə.Ə., Şirvani Y.Z. B.: Yazıçı, 1985, 1040 s.
- Nəsimi İ. Əsərləri. 3 cilddə, I c. B.: Elm, 1973, 572 s.
- Rumi M.C. Məsnəviyi-Mənəvi. 3-cü dəftər, 6-cı dəftər, 8-ci dəftər.
- Nəsimi İ. Seçilmiş əsərləri. 3 cilddə, III c. B.: Elm. 367 s.
- Faseh R. Seyid İmadəddin Nəsiminin seçilmiş bəzi şeirlərinin şərhi. B.: Şərq-Qərb, 391 s.
- Araslı H. Füzuli qəzəlləri. I c. B.: Azərbaycan SSR Elmlər Akademiyasının nəşriyyatı, 1958, 465 s.
- Şeyx Əhməd Səməani. Ruhül-Ərvah. Tehran: Zərrin, 2003, 140 s.
Преподаватель АНК
О СЕМАНТИКЕ МУГАМНОГО ГЮШЕ
«РУХУЛЬ-ЭРВАХ»
Резюме
Автор статьи излагает свои соображения по поводу просхождения мугамного гюше «Рухуль-Эрвах». Апеллируя к Кораническим аятам, к достоверным хадисам, к трактату С.А.Самаани «Рухуль-Эрвах», к месневи Дж.Руми «Месневиййуль-меневи», к бейтам газелей И.Несими, М.Фюзули, автор пытается раскрыть духово-религиозное значение данного напева.
Ключевые слова: «Рухуль-Эрвах», гюше, ирфан, мугам, хадис, айат, гезел, «месневийи – меневи»
Lecture of ANC
THE SEMANTIC EXPLANATION OF THE NOOK
“RUHUL-ARVAH”
Summary
The author of the the article deals with the scientific-mystical explanation of this valuable nook which is necessary and significant for mugam art at the article named after the semantic explanation of the nook “Ruhul-Arvah”. For explaining this term, the author of the article Valeh Rahimov appeals to the interesting references, also, versicles from Koran, exact hadiths, Sh.A.Samaani`s “Ruhul-Arvah” letter, C.Rumi`s “Masnaviyi-manavi”, S.I.Nasimi`s, M.Fizuli`s ghazals and gets the interesting results.
Key words: “Ruhul-Arvah”, nook, ürfan, muqham, hadis, aya, qazal, Masnaviyi-Manavi.
Rəyçilər:
sənətşünaslıq doktoru, professor Faiq Çələbiyev,
filologiya üzrə fəlsəfə doktoru Vərağa Almasov.