Muğam sənətinin inkişafında tədqiqat işlərinin və layihələrin rolu
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 3, 2015
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor
Professor
Professor
Muğam sənətinin inkişafında tədqiqat işlərinin və layihələrin rolu
Açar sözlər: Heydər Əliyev Fondu, muğam, mədəniyyət, musiqi
Muğam sənəti Azərbaycan xalqının ən qiymətli sərvəti, milli mədəni xəzinəmizin ən gözəl incisidir, Şərq fəlsəfəsinin, dünya-duyumunun ən bariz nümunəsidir. YUNESKO tərəfindən bəşəriyyətin ən möhtəşəm sənət abidələri siyahısına daxil edilmiş Azərbaycan muğamı bizim dünənimiz, bu günümüz və sabahımızdır.
Son illərdə YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyi ilə muğam sənətinə artan maraq, dövlət miqyasında muğam sənətinin inkişafı naminə göstərilən diqqət muğama yeni bir həyat, yeni bir nəfəs verdi, yeni bir yaşam müstəvisi bəxş etdi.
Respublikamızda həyata keçirilən hər bir layihə muğam sənətinin inkişafında və təbliğində xüsusi rol oynamaqla yanaşı, musiqi xəzinəmizin ən qiymətli tacı sayılan muğamların qorunub saxlanması və təbliğinə bir tərəfdən dəstək olur, digər tərəfdən isə muğam ifaçılığının daha da yüksəldilməsinə təkan verir.
XX əsrdə Azərbaycan musiqi elmində muğam sənətinin tarixi inkişafı, janr xüsusiyyətləri, musiqi dili ilə bağlı bir sıra elmi tədqiqatlar aparılmışdır. Dahi bəstəkar və alim Ü.Hacıbəylinin və onun davamçıları olmuş M.İsmayılovun, Ə.Bədəlbəylinin, R.Zöhrabovun və başqa musiqişünas-alimlərin elmi yaradıcılığında Azərbaycan muğamları ilə bağlı geniş təhlillər verilmişdir.
XX əsrin 20-ci illərində dahi Ü.Hacıbəylinin Azərbaycan xalq musiqisinin və muğamların elmi surətdə öyrənilməsində xidmətləri əvəzsizdir. Ü.Hacıbəylinin hələ 1919-cu ilə aid “İstiqlal” məcmuəsinin 28 may tarixli sayında çap olunmuş “Azərbaycan türklərinin musiqisi haqqında” elmi məqaləsini Azərbaycan muğamlarının və ümumiyyətlə, milli musiqinin tədqiqində ilk addım və bünövrə hesab etmək olar (10, s. 100). Ü.Hacıbəylinin 1920-1930-cu illərdəki müxtəlif məruzə və məqalələrində muğam sənəti haqqında irəli sürdüyü müddəaları sonrakı dövrlərdə elmi-tədqiqatlar üçün dəyərli mənbəyə çevrilmişdir.
Milli musiqi elminin sanballı əsəri olan “Azərbaycan xalq musiqisinin əsasları” kitabında Üzeyir Hacıbəyli ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin lad-məqam əsası haqqında ciddi və mükəmməl işlənmiş müddəalar irəli sürmüşdür (8). Ü.Hacıbəylinin bu kitabında Azərbaycan musiqisində yeni nəzəri müddəaların başlanğıcı qoyuldu və Azərbaycan musiqisinin gələcək inkişafı üçün yeni yollar açılaraq möhkəm elmi baza yaranmış oldu. Ü.Hacıbəylinin bu sahədə ənənələrini Azərbaycan musiqişünaslarının böyük bir nəsli uğurla davam etdirmişdir.
XX əsrin 50-60-cı illərində görkəmli musiqişünas, bəstəkar və dirijor Ə.Bədəlbəylinin xalq musiqisinin tədqiqatçısı kimi fəaliyyəti əlamətdardır. Ə.Bədəlbəylinin tərtib etdiyi “İzahlı monoqrafik musiqi lüğəti”ndə (1969) müəllif Azərbaycan musiqi təcrübəsində işlənən musiqi terminlərinin dəqiqləşdirilmiş və sistemləşdirilmiş izahını göstərmiş, muğam sənətinin inkişafında böyük xidmətləri olmuş görkəmli xanəndə, tarzən və digər ifaçılar haqqında tarixi bilgilər, qiymətli şərhlər vermişdir.
Azərbaycan muğamının məqam-tonallıq xarakteristikası, muğam ailələrinin, zərbi muğamların səciyyələndirilməsi musiqişünas-alim M.İsmayılovun “Azərbaycan xalq musiqisinin janrları” monoqrafik əsərində, ilk dəfə olaraq, xalq musiqisi nümunələrinin melodik, ritmik, lad-məqam və quruluş formaları haqqında ətraflı məlumat verilir (11, s. 100). M.İsmayılovun Azərbaycan xalq musiqisinin lad-məqam nəzəriyyəsi ilə bağlı fikirləri, Azərbaycan məqamlarının istinad dayaq pərdələri, xalq musiqisinin, xüsusən də muğam şöbələrinin yaranmasında onların rolu, Azərbaycan məqamlarında alterasiya məsələləri, Azərbaycan məqamlarının qarşılıqlı münasibəti və qohumluq əlaqələri kimi məsələlər “Azərbaycan xalq musiqisinin məqam və muğam nəzəriyyəsinə dair elmi-metodik oçerkləri”ndə (1994) öz əksini tapmışdır.
Musiqişünas-alim R.Zöhrabovun elmi yaradıcılığının əsas istiqaməti Azərbaycan şifahi ənənəli professional musiqisinin – muğamın tədqiqi ilə bağlıdır. Onun elmi əsərlərinin siyahısına nəzər salsaq görərik ki, elə nəşr olunmuş 20 monoqrafiyadan 12-si muğam sənətinin, muğamın janrlarının öyrənilməsinə həsr olunmuş, muğam dəstgahlar və onları təşkil edən forma və janrlar haqqında müfəssəl elmi-nəzəri tədqiqat işlərinin aparılması milli musiqişünaslığı zənginləşdirmişdir.
Muğam sənətinin nəzəri problemlərini musiqili-estetika, fəlsəfə, psixologiya, mənbəşünaslıq mövqeyindən əks etdirən işlərin də rolu xüsusi qeyd olunmalıdır. Musiqişünas-alimlərdən Gülnaz Abdullazadənin, Rəna Məmmədovanın, Zemfira Səfərovanın, Cəmilə Həsənovanın və başqalarının tədqiqatları böyük maraq doğurur.
Müasir dövrdə dövlət səviyyəsində muğamla bağlı layihələrin həyata keçirilməsi muğam sənətinin dünya miqyasında təbliğində və yaşadılaraq gələcək nəsillərə ötürülməsində mühüm əhəmiyyətə malikdir. Xüsusilə YUNESKO tərəfindən Azərbaycan muğamının bəşəriyyətin şah əsərləri siyahısına salınması bunu sübut edir.
Heydər Əliyev Fondunun gündəmə gətirdiyi “Muğam-İrs”, “Muğam-Dəstgah”, “Muğam Ensiklopediyası”, “Muğam-İnternet”, “Muğam-Antologiya”, “Muğam dünyası”, “Muğam mərkəzi” layihələri bu gün uğurla həyata keçirilməkdədir.
Bu layihələrin özünəməxsusluğu onların sırf muğam aləminə, muğam fenomeninə həsr olunması ilə bağlıdır. Onlar Azərbaycan muğam sənətinin qorunub saxlanılaraq, gələcək nəsillərə ötürülməsinə, çoxcəhətli, hərtərəfli surətdə öyrənilməsinə və təbliğinə xidmət edir. Səsyazılarını, elektron və çap nəşrlərini özündə ehtiva edən bu layihələrdə dünyamiqyaslı tədbirlərin, beynəlxalq festivalların və müsabiqələrin keçirilməsi də nəzərdə tutulur.
Heydər Əliyev Fondu tərəfindən yaradılan “Muğam Dəstgah” layihəsinin məqsədi həm köhnə val yazılarının, həm də məharətlə ifa olunan muğamların bütün şöbə və guşələrinin yenidən bərpasından ibarətdir. “Muğam dünyası” layihəsi çərçivəsində simpoziumların, “XXI əsrdə muğam sənəti” beynəlxalq konfransının keçirilməsi, müxtəlif festival və yarışmaların, həmçinin muğam mütəxəssisləri tərəfindən hazırlanmış xüsusi layihələrin təşkili planlaşdırılır. “Muğam Ensiklopediyası” layihəsinin məqsədi Azərbaycan muğamına həsr olunmuş “Muğam ensiklopediyası”nın nəşrini hazırlamaqdan ibarətdir. “Muğam İnternet” layihəsi internetdə muğamla bağlı audio və video materialları özündə ehtiva edən muğam yaratmaqdan ibarətdir. “Muğam Mərkəzi” layihəsinin məqsədi Azərbaycanda muğam mərkəzinin yaradılmısıdir. Mərkəz eyni zamanda muğamla bağlı bütün layihələrin fəaliyyətini əlaqələndirən bir qurum kimi nəzərdə tutulur.
“Muğam-Antologiya” layihəsi muğamla bağlı zəngin nəzəri, musiqi və fəlsəfi irsin nəşrindən ibarətdir. Səfiəddin Urməvi, Əbdülqadir Marağai və başqa tədqiqatçıların əsərləri həmin nəşrlər sırasındadır. Tanınmış Azərbaycan alimləri ilə yanaşı Şərqin şöhrətli alimlərindən Əl-Fərabinin, Qərb alimlərindən Farmer, Rayt, Dürinq və eləcə də başqalarının muğama dair əsərlərinin nəşri nəzərdə tutulur.
“Muğam-İrs” layihəsi isə Azərbaycan xanəndələrinin qədim qrammofon vallarının bərpasından və yeni disklərin buraxılmasından ibarətdir. Layihə çərçivəsində “Qarabağ xanəndələri”, “Unudulmuş səslər”, “Azərbaycan qadın xanəndələri”, “İnstrumental muğamlar”, “Muğam ustaları” CD albomların hazırlanması nəzərdə tutulur ki, bunların əksəriyyəti artıq həyata keçirilmişdir.
“Qarabağ xanəndələri” CD və fotoalbomdan ibarət toplunun nəşri həmin layihələrin tərkib hissəsi kimi diqqətəlayiqdir. Azərbaycan Mədəniyyətinin Dostları Fondu ilə “Musiqi dünyası” jurnalının birgə yaradıcılıq fəaliyyətinin məhsulu olan bu layihə Qarabağ muğam məktəbinin müxtəlif nəsillərinə mənsub 24 xanəndənin səsyazılarını, onlar haqqında bilgiləri və fotomaterialları əhatə edir.
“Muğam ensiklopediyası” layihəsi də Azərbaycan muğamına həsr olunan xüsusi nəşrdir. “Muğam ensiklopediyası” kitabında, ümumilikdə, 1300-ə yaxın mətn, 200-dən çox şəkil vardır.
Heydər Əliyev Fondunun hazırladığı sonuncu nəşrlərdən biri “Azərbaycan muğamı” adlı interaktiv audiovizual sistemlərdən ibarət nəşrdir ki, bu da 8 diski özündə cəmləşdirir.
Azərbaycanda çap olunan beynəlxalq “Muğam” jurnalını da qeyd etmək lazımdır. 2007-ci ildən başlayaraq, azərbaycan, rus və ingilis dillərində çıxan “Muğam” jurnalının təsisçisi Azərbaycan Mədəniyyətinin Dostları Fondu, baş redaktoru Azərbaycan Mədəniyyətinin Dostları Fondunun və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevadır.
Heydər Əliyev Fondu tərəfindən televiziya muğam müsabi-qələrinin keçirilməsi respublikamızda və dünya miqyasında bu sənətə nə qədər önəm verildiyini bir daha sübut edir.
“Muğam-2005” televiziya müsabiqəsi – dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəylinin 120 illik yubileyi münasibətilə keçirilmişdir. “Azərbaycan Mədəniyyətinin Dostları Fondu” və “Space TV”-nin birgə layihəsi olan bu müsabiqənin mütəmadi olaraq, iki ildən bir keçirilməsi qərarlaşdırılmışdır.
2007, 2009, 2011, 2013, 2015-ci illərdə keçirilən muğam müsabiqələri Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında Mədəniyyət və Turizm Nazirliyinin yaxından köməyi ilə Azərbaycan Televiziya və Radiosu Qapalı Səhmdar Cəmiyyəti tərəfindən keçirilmişdir.
Muğam televiziya müsabiqəsinin keçirilməsində əsas məqsəd xalqımızın möhtəşəm mədəniyyət abidəsi olan, əsrlər boyu milli-mənəvi dəyərlərimizi özündə əks etdirən, professional musiqimizin yaranıb formalaşmasında əvəzsiz rol oynayan muğam sənətinin yaşadılmasından və inkişaf etdirilməsindən, muğam ifaçılıq ənənələrinin yeni nəslə çatdırılmasından, gənc istedadların üzə çıxarılmasından, gənc ifaçılara sənətkarlıq vərdişlərinin aşılanmasından ibarətdir.
Müxtəlif şou xarakterli müsabiqələrdən fərqli olaraq, bu müsabiqələrdə qalibləri SMS-lə müəyyənləşdirmirlər. Dəyərli münsiflərin qərarı ilə iştirakçılar turdan-tura keçir. Respublikanın müxtəlif bölgələrindən – Şuşa, Şamaxı, Ağdam, Ağcəbədi, Şəki, Gəncə, Füzuli, Bərdə, Lənkəran, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müsabiqədə iştirak etmək istəyənlərin sayı çox olmuşdur. Münsiflər heyəti tərəfindən ilkin dinləmələrin nəticəsində iddiaçılar seçilərək, ikinci tura keçir. Bundan sonra isə iştirakçılar müsabiqədə iştirak etmək imkanı qazanırlar.
Müsabiqənin iştirakçıları üçün mütləq ifası tələb olunan proqram tərtib olunmuşdur. İlk növbədə, bu proqrama xalq mahnıları, klassik təsniflər, zərbi muğamlar və muğam dəstgahları daxildir. Müsabiqənin gedişi boyu demək olar ki, bütün Azərbaycan muğamları – “Rast”, “Şur”, “Segah”, “Çahargah” və s., zərbi muğamlar – “Heyratı”, “Arazbarı”, “Səmayi-şəms”, “Şirvan şikəstəsi”, “Qarabağ şikəstəsi”, təsniflər, xalq mahnıları səslənir.
Müsabiqənin şərtlərinə görə hər mərhələ bir şairin – Azərbaycanın böyük şairləri Füzulinin, Seyid Əzim Şirvaninin, Əliağa Vahidin, Hacı Mailin, Şəhriyarın, Mir Möhsün Nəvvabın, Xurşidbanu Natəvanın, Qasım bəy Zakirin qəzəllərinin muğam üstə oxunmasına həsr olunmuşdu.
Bu müsabiqələrin qalibləri olan gənc xanəndələr Təyyar Bayramov, Babək Niftəliyev, İlkin Əhmədov, Vəfa Orucova, Bəyimxanım Vəliyeva, Elməddin İbrahimov, Güllü Muradova, Abgül Mirzəliyev, Ehtiram Hüseynov, Nasir Ətapur, Rəvanə Ərəbova və başqaları bu gün muğam sənətimizi təkcə respublikamızda deyil, onun hüdudlarından uzaqlarda da layiqincə təmsil edirlər.
Müsabiqələrdə xanəndələri müşayiət edən sazəndələri də qeyd etmək lazımdır. Çünki instrumental müşayiətçilər muğam ifaçılığında böyük rol oynayır. Bu baxımdan, iki ansambl tərkibinin ifaçılıq xüsusiyyətləri xüsusilə diqqətəlayiqdir: onlardan biri – respublikanın əməkdar artistləri Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Kamran Kazımovdan (nağara) ibarət ansambldır; ikinci ansambl isə Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), Sultan Əliyevdən (nağara) ibarətdir. Bu müsabiqələr musiqi ictimaiyyəti və muğamsevərlər tərəfindən rəğbətlə qarşılanmış və demək olar ki, bütün dünyada böyük rezonansa səbəb olmuşdur.
Heydər Əliyev Fondunun və YUNESKO-nun dəstəyi ilə keçirilən möhtəşəm tədbirlər sırasında “Muğam Aləmi” beynəlxalq muğam festivalları xüsusi qeyd olunmalıdır. 2009, 2011, 2013, 2015-ci illərdə artıq iki beynəlxalq festival keçirilmişdir. Bu festivalların əhatə dairəsi həm iştirakçı ölkələrin coğrafiyası baxımından, həm də festival çərçivəsində keçirilən tədbirlərin rəngarəngliyi baxımından çox genişdir.
Hər dəfə “Muğam Aləmi” beynəlxalq muğam festivalına Türkiyə, İran, İraq, Pakistan, Hindistan, ABŞ, İtaliya, Fransa və digər ölkələrin nümayəndələri musiqiçilər və alimlər dəvət alırlar. Festival çərçivəsində elmi simpozium, həm azərbaycanlı muğam ustadlarının konsertləri, həm xarici musiqiçilərin çıxışları, etnocaz, simfonik musiqi, opera tamaşaları, həm də ifaçıların beynəlxalq müsabiqəsi xüsusi yer tutur.
Azərbaycanda mədəniyyət siyasətinin həyata keçirilməsində Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyətinin Dostları Fondu böyük işlər görür. Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi altında beynəlxalq miqyaslı layihələrin həyata keçirilməsi böyük əhəmiyyətə malikdir.
Artıq ənənəvi olmuş və hər iki ildən bir xalqımızın qədim Novruz bayramı günlərində keçirilən “Muğam aləmi” beynəlxalq festivalına məhz Azərbaycanın ev sahibliyi etməsi Azərbaycan muğamının təntənəsini bir daha sübut edir.
ƏDƏBİYYAT:
- Abdullazadə G.A. Qədim və orta əsrlərin musiqi mədəniyyəti: tarixi-fəlsəfi təhlil. B.: Qartal 1996, 288 s.
- Abdullayeva S.A. Azərbaycan xalq çalğı alətləri (musiqişünaslıq-orqanoloji tədqiqat). B.: Adiloğlu 2002, 454 s.
- Azərbaycan xalq musiqisi. Oçerklər. B.: Elm, 1981, 198 s.
- Babayev E. Şifahi ənənəli Azərbaycan musiqisində intonasiya problemləri. B.: Elm, 1998, 146 s.
- Bədəlbəyli Ə.B. İzahlı monoqrafik musiqi lüğəti. B.: Elm, 1969. 248 s.
- Bülbül. Seçilmiş məqalə və məruzələri. B.: AEA-nın nəşri, 1968.
- Əbdülqasımov V.Ə. Azərbaycan tarı. B.: İşıq, 1989. 96 s.
- Hacıbəyov Ü.Ə. Azərbaycan xalq musiqisinin əsasları. IV nəşr. B.: Yazıçı, 1985.
- Hacıbəyov Ü.Ə. Seçilmiş əsərləri. Bakı, 1985.
- Hacıbəyli Ü.Ə. Azərbaycan türklərinin musiqisi haqqında. // “İstiqlal” məcmuəsi, 28 may, 1919.
- İsmayılov M.C. Azərbaycan xalq musiqisinin janrları. B.: İşıq, 1984, 100 s.
доктор философии по искусствоведению, профессор
профессор
профессор
РОЛЬ НАУЧНЫХ ИССЛЕДОВАНИЙ И ПРОЕКТОВ В РАЗВИТИИ МУГАМНОГО ИСКУССТВА
Резюме
В статье рассматриваются исследования и проекты, посвященные развитию мугама, определяется их место и роль в культурной жизни республики. Авторами классифицируется профессиональная и жанровая направленность, отраслевые сферы, цели и задачи этих проектов. Отмечается, что автором идеи данных музыкальных проектов является Фонд Гейдара Алиева и его президент, первая леди Азербайджана, Посол Доброй Воли ЮНЕСКО Мехрибан ханум Алиева.
Ключевые слова: Фонд Гейдара Алиева, мугам, культура, музыка
Ph.D. in History of Arts, professor
professor
professor
THE ROLE OF SCIENTIFIC RESEARCHES AND PROJECTS IN DEVELOPMENT OF MUGHAM ART
Summary
This article considers the international music project devoted to mugham in Azerbaijan Republic. These projects play important role in the music life of Azerbaijan. The author of ideas and projects is Heydar Aliyev Foundation and Azerbaijan’s First Lady, Goodwill Ambassador of UNESCO and ISESCO, President of the Heydar Aliyev Foundation Mehriban Aliyeva.
Key words: Heydar Aliyev Foundation, mugham, culture, music