AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 4, 2015

 

 

İradə CƏFƏROVA

                                               Pedaqogika üzrə fəlsəfə doktoru

 

Kadr hazırlığında yeni təlim üsullari və texnologiyaların tətbiqi

                                                                                         

Açar sözlər: ali pedaqoji təhsil, tədris, kadr hazırlığı, şəxsiyyət

 

XXI əsr özünəqədərki bütün əsrlərin inkişaf zirvəsini təşkil edərək in­sa­nın şəxsiyyət olaraq intellektuallıq səviyyəsinin yüksək olması məsələ­si­ni daha da aktuallaşdırdı. Müasir cəmiyyətin inkişafı təhsilin qarşısında yeni tələblər qoyur. Bunu nəzərə alaraq yetişməkdə olan nəslin təbii im­kan­larını inkişaf etdirmək, ona elmin əsaslarını öyrətmək, fiziki, əqli, in­tel­lektual imkanlarını, meyl, maraq və idrak qabiliyyətlərini nəzərə alaraq onun şəxsiyyətini formalaşdırmaq, həyatda və cəmiyyətdə səmərəli fəa­liy­yətə hazırlanmasına, müstəqil, yaradıcı düşünən, ümumi mədəniyyətə ma­lik milli mənəviyyatlı şəxsiyyətin yetişdirilməsinə xid­mət etmək, şü­ur­lu olaraq peşə seçməyə hazır olmaq, Azərbaycanın inki­şafı naminə fə­da­karca­sına çalışan vətəndaş tərbiyə etməkdən ibarətdir. Məlumdur ki, bu gün özümüzün milli varlığımızı saxlamaqla yanaşı, həm də ümumi dü­­şüncə tərzinə, inteqrativ təfəkkürə sahib olmalı, inkişafı daha geniş miq­yasda, ən azı Avropa kontekstində görməyi bacarmalıyıq.

Biz sürətlə dəyişən dünyada elm, texnika və texnologiyanın, xüsusilə də kompüter texnologiyasının sıçrayışlı inkişafının şahidiyik. Daima də­yi­şən həyatın şəraitinə uyğunlaşmaq üçün çevik olmaq, öz qabiliy­yət­lə­ri­ni gerçəkləşdirməyi bacarmaq, özünüinkişafa və özünütəkmil­ləş­məyə ha­zır olmaq zəruridir.

Əgər əvvəllər müəllim əsas informasiya mənbəyi idisə, indi vəziyyət də­yi­şib. İndi müəllim informasiya mənbələri ilə tələbə arasında vasitəçi funk­si­ya­sını yerinə yetirir. O, tələbəyə müxtəlif təyinatlı informasiya mənbələri ilə səmərəli iş metodlarını, informasiya proseslərini öyrətməlidir. Bütün bu xü­su­­siyyətlər ali təhsilin, o cümlədən pedaqoji təhsilin məzmun və texnolo­gi­ya­­sını təkmilləş­dir­məyi tələb edir. Müasir pedaqoji təhsilin məqsədi infor­ma­siya, innovasiya cəmiyyətinin tələblərinə uyğun yeni formatlı müəllim kadr­ları hazırlamaqdır.

 Bu gün ali təhsil müəssisələrində Avropa və dünya təhsil sisteminə in­teqrasiya istiqamətində “2009-2013-cü illərdə Azərbaycan Respubli­ka­sı­nın ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”, təhsilin infor­mat­laşması istiqamə­tində “Azərbaycan Respublikası Təhsil Siste­minin İn­for­masiyalaşdırılması (2008-2012-ci illər)” Dövlət Proqramları icra edi­­­lir. Digər universitetlər kimi, ali pedaqoji təhsil müəssisələri də Avro­pa təhsil məkanına inteqra­siyaya cəhd edir, tədris prosesi informatlaşır. “Azərbaycan Respublikasında Fasiləsiz Pedaqoji Təhsil, müəllim hazırlı­ğı­nın konsepsiya və strategiyası” 2008-2015-ci illər üçün bu strate­gi­ya­nın icrası ilə əlaqədar müvafiq tədbirlər planı hazırlanmış, 2007-ci ildə Na­zirlər Kabineti tərəfindən təsdiq edilmişdir. Strategiya və tədbirlər pla­nı­na uyğun olaraq pedaqoji təhsilin informatlaşması istiqamətində aşağı­da­kı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

  1. Müəllim hazırlığında İKT-nin, yeni təlim üsulları və texnolo­gi­ya­la­rın tətbiqi;
  2. Pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələrin biliyinin cari və ye­kun qiymətləndiril­məsi üzrə yeni üsulların, texnologiyaların, İKT vasitə­lə­rinin tətbiqi;
  3. Pedaqoji təhsil müəssisələrində distant təhsil formasının tətbiqi;
  4. Pedaqoji təhsil müəssisələrinin kompüterləşdirilməsi, elektron təh­si­lin həyata keçirilməsi.

Müasir informasiya cəmiyyətində tələbə lazımı məlumatı axtarmaq, seç­­mək, təhlil etmək, yeni informasiya yaratmaq, bu əsasda mövqe for­ma­laşdırmaq, qərar qəbul etmək və qərarı həyata keçirmək kimi səriş­tə­lə­rə yiyələnməlidir.

 Təhsilin informatlaşması kimi qlobal əhəmiyyətli, mürəkkəb texnoloji problemin həlli bir sıra məsələlərin təşkilati, texniki, elmi-metodik, layi­hə­lən­­dirmə, kadr, maliyyə və s. kimi məsələlərin kompleks həllini tələb edir.

Təhsilin informatlaşması məqsədyönlü, xüsusi təşkil edilmiş, mükəm­məl layihələn­dirilmiş prosesdir. Təhsilin informatlaşması – təhsilin key­fiy­­yətini yük­səlt­mək məqsədi ilə İKT-nin intensiv tətbiqinə yönəlmiş təd­bir­lər külliyatı olub, təhsildə real vəziyyə­tin dəyişməsinə, təhsilin məz­mun, forma və texnoloji ba­xımdan təkmilləş­mə­sinə xidmət edir. Bu sə­bəb­lərdən təhsilin infor­matlaş­masına pedaqoji problem, pedaqoji prak­ti­ka, pedaqoji elmin bir istiqaməti kimi baxa bilərik. Bu sahəyə pedaqoji in­­formatika və ya elektron pedaqogika deyilir. Yeni sistemin köməyilə tək­­cə təlim texnologiyalarında əyaniliyin təmin olunması deyil, həm də tə­­ləbələrin ictimai-siyasi hadisələrlə tanış olması, peşəyönlü istiqa­mə­tin­də, qabaqcıl müəllimlərin iş təcrübəsinin yayılması, məktəb şəraitində müm­kün olmayan təcrübə və praktik işlərin, eləcə də tədris ekskursiya iş­lə­rinin, ölkəmizin coğrafiyasının, tarixinin, tarixi abidələ­rinin, muzeylə­ri­nin və ən başlıcası hərbi vətənpərvərliyə aid və s. mövzuların videolentə çə­kilib nümayiş etdirilməsi mümkün olur.

Təhsil o zaman keyfiyyətli olur ki, tədris prosesinə istiqamət verən və onu inkişaf etdirən müəllimlərin bilikləri kifayət qədər təkmilləşdirilmiş və yeniləşdirilmiş olsun, müasir tələblərə cavab versin. Bu baxımdan pe­da­qoji texnologiyalar ölkədə təhsil islahatının ayrılmaz bir hissəsi kimi mü­əllim hazırlığında da mühüm rol oynayır.

Pedaqoji texnologiyalar yalnız təhsilin elementi kimi deyil, həmçinin onun məqsədi, məzmunu, prosesi və nəticəsi kimi xidmət göstərir. Peda­qo­ji texnologiyalar sistemli, elmi və ardıcıl şəkildə tətbiq edildikdə o, təh­silin ayrılmaz bir hissəsinə çevrilir.

Təhsilin demokratikləşdirilməsi, dünya təhsil sisteminə inteqrasiya, mü­a­sir pedaqoji texnologiyaların tədris müəssisələrində pedaqoji prose­sin düzgün təşkili, yeni pedaqoji təfəkkürün formalaşmasına təkan verir. Bu vəzifələri yerinə yetirmək üçün müasir tələblərə, yeni pedaqoji təfək­kü­rə cavab verən tərbiyəçi kadrların hazırlanması vacibdir. Təhsil siste­mi­nə tətbiq edilən müasir pedaqoji texnologiya­ların, innovasiyaların məq­sədi gələcək kadrların intellektual və ümumi inkişafına təkan ver­mək­dir.

Təlim prosesində yeni pedaqoji təfəkkür baxımından təlimə verilən tə­ləb­lər və prinsiplər mütləq nəzərə alınmalıdır. Pedaqoji texnologiya­lar­dan istifadə zamanı aşağıdakı mühüm tələblərə əməl olunmalıdır:

–  Pedaqoji texnologiya müəyyən elmi konsepsiyaya əsaslanmalıdır;

– Tətbiq olunan pedaqoji proses konkret bir məqsəd əsasında elmi-me­to­dik səviyyədə layihələşdirilməlidir;

– Müəllim və şagirdlərin konkret fəaliyyəti dəqiq proqnoz-laşdırıl­ma­lı­dır;

– Texnologiyanın məzmunu ilə prosessual tərəfləri bir-birinə adekvat ol­malıdır (onları mühüm didaktik vasitələr və dərsliklər əlaqələndirir);

– Diaqnostik prosedurlara xüsusi diqqət yetirilməlidir. Fəaliyyətin nə­ti­cəsini ölçmək üçün meyarlar, göstəricilər və üsullar dəqiq müəyyənləş­di­rilməlidir. Bu zaman dövlət təhsil standartları əsas götürülməlidir.

Pedaqoji texnologiyaların uğurla təşkili və tətbiqi onun ümumi prin­sip­lərini də yaxşı bilməyi tələb edir. Yeni pedaqoji təfəkkür baxımından tə­limin səmərəli təşkili üçün yuxarıda göstərdiyimiz tələblərlə yanaşı, bu ki­­mi prinsipləri də göstərmək olar:

  1. Yeni pedaqoji təfəkkür fəaliyyəti tələbənin bu günün, yaşadığı yeni­yet­məlik, gənclik illərinin maraqlı və məzmunlu qurulmasına çalışma­lı­dır.
  2. Yeni pedaqoji təfəkkür əsas diqqəti ilk növbədə tələbələrin intellek­tu­al və yaradıcı inkişafına, məntiqi və mücərrəd təfəkkürün formalaş­ma­sı­na, təhliletmə, əqli nəticə çıxarma, ümumiləşdirmək bacarığı və bu kimi pe­daqoji-psixoloji aspektlərə yönəldilməsini tələb edir. Bir sözlə, tələbə­nin informasiya aləmində düzgün istiqamətlənməsi, onlardan səmərəli fay­dalanması və bu kimi məsələlərin həlli yolları müəyyənləşdirilməlidir.
  3. Yeni pedaqoji təfəkkür tələbənin təfəkkür imkanlarının maksimum dərəcədə nəzərə alınmasının, pedaqoji prosesin onun üçün tədqiqatçılıq, araşdırmalar sahəsinə, təcrübə meydançasına çevrilməsini tələb edir.

Təhsilin məzmunu yalnız təlimin keyfiyyətinin yüksəldilməsi və ixti­sas­lı mütəxəssis hazırlığı ilə məhdudlaşmır. Tələbənin həm də həyati ba­ca­rıq­lara yiyələnmiş bir şəxsiyyət, dövlətçilik və vətəndaşlıq mövqeyinə ma­lik olan, öz peşəsinin mahir bilicisi və qabiliyyətli, çevik qərarlar qə­bul etməyi bacaran mütəxəssis kimi yetişməsi təmin edilməlidir.

 Təhsilin humanistləşdirilməsi, təlim-tərbiyənin demokratik əsaslar üzə­rində qurulması müəllim-tələbə münasibət­lərinin də yeni zəmində sub­­yekt-subyekt münasibətləri üzərində qurulmasını tələb edir.

Müasir müəllimin əsas funksiyası tələbələrə öyrənməyi öyrətməkdir. Bunun üçün müəllim özü daima inkişafda olmalıdır. Müəllim pedaqoji pro­sesdə həlledici qüvvə kimi çıxış edir. Şəxsiyyətin ahəngdar inkişafı və­zifəsi, ilk növbədə, müəllimin üzərinə düşür. Müəllim, təlim verən in­san bu inkişaf prosesində insanın tamlığını, bütövlüyünü yüksək əqli, əx­la­qi, mənəvi keyfiyyətlər daşıyıcısı olmasını həyata keçirir. İnsanın ka­mil­lik keyfiyyəti gözəl düşüncəyə, gözəl sözə, əmələ malik olması ilə də­yər­ləndirilir. Düşüncə ideyalar ifadə edir, əməl isə praktik islər həyata ke­­çirilir. Deməli, müasirlərimiz olan gənc nəsildə məntiqi yaradıcı təfək­kü­rü, ünsiyyət mədəniyyətini formalaşdırmaq, onları praktik fəaliyyətdə re­al olaraq hazırlamaq üçün istifadə etdiyimiz yeni metod və texnologi­ya­ların məqsədini klassik pedaqoji irsimizə söykənərək cilala­malı, bu­nun­la kamil insan, fəal vətəndaş yetişməsinə şərait yaratmalıyıq.

 Cəmiyyətin, millətin gələcəyi müəyyən mənada müəllimin əlindədir. De­­yirlər ki, bir milləti məhv etmək üçün onun müəlliminin və həkiminin sa­vadsız olması kifayətdir: biri milləti mənəvi cəhətdən, digəri isə fiziki cə­hətdən şikəst edə­cəkdir. Bu hal müəllim kadrlarının hazırlığına xüsusi diq­qət yetirməyi tələb edir.

                                                 

ƏDƏBİYYAT:

  1. Mehrabov A.O., Abbasov Ə.M., Zeynalov Z.Z., Həsənov R.Ə. Pedaqoji tex­no­lo­giyalar. B.: Mütərcim, 2006, 372 s.
  2. Əlizadə Ə.Ə. Yeni pedaqoji texnologiyalar: bəzi psixoloji və pe­da­qo­ji məsə­lə­lər. // Kurikulum, 2008, №1, s. 17-24.
  3. Rüstəmov F.A., Dadaşova T.Y. Ali məktəb pedaqogikası. B.: Nur­lan, 2007, 568 s.

 

 Ирада ДЖАФАРОВА

Доктор философии по педагогике

ПРИМЕНЕНИЕ ПЕДАГОГИЧЕСКИХ ТЕХНОЛОГИЙ

В ПОДГОТОВКЕ КАДРОВ

 Резюме

Особое значение в развитии личности имеет значение применение педагогических технологий. Основу материальной и технической базы образовательных учреж­дений сос­тавляет систематическое развитие научного уровня учителей педагогических учреж­дений. Использование педагогических техно­логий необходимое звено в процессе обучения. Информатизация образования идеально подходят процессу обучения.

Ключевые слова: высшее педагогическое образование, учеба, кадровая подготовка, личность

 

                                           Irada CAFAROVA

Doctor of philosophy pedagogy

APPLICATION OF PEDAGOGICAL TECHNOLOGIES IN TRAINING OF SPECIALISTS

Summary

It assumes that special meaning in development of abilities makes a basis of material and technical   base   of   educational   institutions   of   regular   and   scientific   level   of   teachers   of pedagogical institutions,  surrounded among students. Using of pedagogical technologies occurs as a necessary problem in the process of education.

Key words: higher pedagogical education, studies,preparation of cadres, the person

 

Rəyçilər:

professor Gülzar Mahmudova;

dosent Firudin Qurbansoy.

Mövzuya uyğun