Siyavuş Kərimi: “İxtisasindan asili olmayaraq hami muğam keçməlidir”
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 1, 2016
Siyavuş KƏRİMİ:
“İxtisasindan asili olmayaraq hami muğam keçməlidir”
Konservatoriyanın 15 illiyi münasibətilə Siyavuş Kərimi ilə müsahibə
Musiqi tədrisimizin tarixi Üzeyir Hacıbəylinin Azərbaycan Dövlət Konservatoriyasını 1921-ci ildə yaratdığı vaxtdan bəri hesablanır. Bu zaman kəsiyində musiqişünaslıq, ifaçılıq, bəstəkarlıq və elmi-metodoloji sahədə böyük nailiyyətlərimiz oldu. Ümummilli lider Heydər Əliyev 2001-ci ilin 10 avqust tarixli “Azərbaycan Milli Konservatoriyasının maddi texniki bazasının yaradılması haqqında” xüsusi sərəncamı ilə milli musiqimizin öyrənilməsi, təbliğ və təqdimat işində nəzərəçarpacaq irəliləyişlərə təkan verdi. Milli Konservatoriyanın yaranmasından artıq 15 il keçir. Geriyə boylanıb nəticələr çıxarmaq və ümumləşdirmələr etməyin əsil vaxtıdır. Milli Konservatoriyanın yarandığı gündən bu təhsil ocağının rektoru olmuş Siyavuş Kərimi ilə elə bu mövzuda danışmaq yerinə düşərdi. Müsahibimizlə “Hümayun”mərtəbəsində redaksiyamızın əməkdaşı Gülnarə Rəfiq söhbətləşdi.
— Mən birinci dəfə sizin kabinetinizə gələndə ilk əvvəl diqqətimi tərtibat çəkdi. Ağ mebel arxasında yaxası xırda qaşlarla bəzənmiş qara atlas köynəkdə oturmuşduz. Bu, konsert geyimidir, rektorlar adətən belə geyinmir. Mənə elə gəldi ki, siz bununla rektordan daha artıq yaradıcı adam olduğunuzu vurğulamaq istəyirsiz. Bəs siz həmişə konsertlərdə, səfərlərdə olan adam, kresloda darıxmırsız?
— Rektorluq da yaradıcı işdir. Yaradıcılıq təkcə fırça ilə, ya da musiqi ilə olmur. Əlbəttə, bu administrativ işin məsuliyyətini dərk edirəm. Konsert fəaliyyəində sən fikirləşirsən, çalışırsan, planını reallaşdırırsan və nəticəni tez əldə edirsən. Təhsildə isə nəticə olması üçün sən 10-15 il irəlini görüb zaman keçəndən sonra nəticə əldə edirsən. Zaman faktoru olduğundan musiqidəki kimi nəticəni dərhal almaq mümkün olmur. Gözlədiyin müddət ərzində prosesi də izləməlisən ki görəsən sonunda düzmü nəticəyə gələcəksən? Milli Konservatoriya Azərbaycan milli musiqi siyasətində nəinki bu gününə, hətta gələcəyinə bu sahəyə cavabdeh ola biləcək önəmli təşkilatdı. Biz burda işimizi elə qururuq ki, Azərbaycan milli musiqi mədəniyyətinin yeni yollarını indidən görüb, istiqamətləndirib, təkan verib yarada bilək. Bu bir şahmat oyunu kimidir. Çox məsuliyyətli, maraqlı və heç də asan olmayan işdir.
— Sizin tabeçiliyinizdə olan adamların özü də yaradıcı adamlardı. Onları da idarə etmək çətindi yəqin?
— Təbii. Onlardan hər biri düşünür ki, onun yaratdığı daha gözəldi. Yaradıcı adamın qarşısına hansısa səddi çəkmək düzgün olmazdı. Yaradıcı adamın işini redaktə edib istiqamətləndirməyin özü də subyektiv pozisiyadır, hətta rektor müdaxiləsidirsə belə.
— Yəni idarəçilikdədemokratik üsullara daha çox üstünlük verirsiz. Bir qədər kollektivin fikrilə maraqlandım. Dedilər ki, Siyavuş müəllimin yaradıcı adam olması onun verdiyi qərarlardan artıq hiss olunur. Kollektiv deyir ki, bəzən elə bir variant seçir ki, heç kimin ağlına gəlməzdi. Məsələn, ingilis dili günləri ki, təyin eləmisiz çətin iş olsa da kollektivdə müqavimət yaratmır sanki.
— İngilis dili hər gündü, nəzərə alın. Biz heç kimi məcbur eləmirik, amma hamının iştirakını istərdim. Biz Milli Konservatoriya olaraq bəzən beynəlxalq layihələrdə iştirak etmək imkanından məhrum oluruq, çünki şərtlərdə ingilis dilinin vacibliyi qeyd olunur. Mən çox istəyirəm ki, bizim tələbə və müəllim kontingenti bu məsələni həll edə bilsin. Çünki Azərbaycanı xaricdə təmsil edənlərin əksəriyyəti idmançılar və musiqiçilərdir. Ona görə istərdim ki, onlar öz sənətləri, ölkələri və mədəniyyətləri haqda məlumatları lazımi səviyyədə çatdıra bilsinlər. Həmçinin bu, təmaslar və şəxsi münasibətlərin yaranması üçün də lazımdı.
— Bir qədər keçmişə, Konservatoriya yarandığı zamanlara qayıtmaq istərdim. Bu fikri dəfələrlə eşitmişik, Milli Konservatoriyanın yaranmasını Üzeyir bəy ənənələrinə xilaf çıxmaq kimi də dəyərləndirirlər. Üzeyir bəy Qərb və Şərqi birləşdirmək məqsədilə tar və kamançanın yerini skripka, violonçel və fortepiano ilə yanaşı görürdü, hətta müştərək nailiyyətləri olmaq şərtilə tədrisin də bu cür tərtibatını o fikirləşmişdi. Bəs siz nə düşünürsüz bu barədə?
— Həmin dövr üçün Üzeyir bəyin seçdiyi yol tamam düzgün idi. Çox şükürlər ki, oldu və yarım əsrdən artıq müddətdə davam elədi. Amma siz baxın, o zaman Azərbaycan Dövlət Konservatoriyasında xalq çalğı alətləri yalnız bir kafedra şəklində fəaliyyət göstərirdi. 2000-ci ildə ulu öndər Milli Konservatoriya yaratmaq ideyasını irəli sürəndən sonra – mən o zaman tamam başqa istiqamətdə çalışırdım – Azərbaycan mədəniyyətinin tarixini tədqiq və təbliğ sferalarının ərsəyə gətirilməsi məsələsini önə çəkərək qısa müddətdə, yəni 2001-ci ildə Konservatoriyanın maddi texniki bazasının yaranması barədə qərar verildi və mən rektor təyin edildim. Artıq aradan 15 il vaxt keçir.
— Deməli, əsil nəticə çıxarmaq zamanıdır.
— Baxın görün bu zaman kəsiyində milli musiqi ifaçılığında, tədqiqat istiqamətində nə boyda sıçrayış baş verdi. Bunu görməmək mümkün deyil. Əvvəllər çətinliklərimiz çox oldu: binamız, “ev-eşiyimiz” yox idi, qonaq qəbul edə, tədrisimizi istədiyimiz kimi təşkil edə bilmirdik. Çətinliklərimiz 10-12 ilə qədər sürdü. Hazırda yerləşdiyimiz bu tədris kompleksi cənab prezidentimiz İlham Əliyevin və birinci ledi Mehriban xanımın iştirakı ilə təntənə ilə açıldı. Artıq beynəlxalq festivallar, görüşlər, müsabiqələr keçirməkçün yerimiz və imkanımız var. Nə qədər konsertlər veririk, xarici qonaqlar maraqlanıb gəlir. Siz özünüz də bilirsiz, dünyada konservatoriyalar adətən köhnə binalarda yerləşir. Amma bizim konservatoriya müasir standartlara cavab verə biləcək ilk ali qurumdur ki, siniflər, laboratoriyalar, zallarla təhciz edilib.
Qərb və şərq musiqisi sintezi fikrinə qayıdaq, bizdə xalq çalğı alətləri ifaçıları Qərb bəstəkarlarının musiqisini rahat ifa edir. Bu mövzuda disputlar, konfranslar keçiririk. Mən deməliyəm ki, bu günkü milli musiqi ifaçılığı əvvəlki kimi deyil. Çox böyük fərq var. Bizim ifaçılıq artıq milli ölçülərdən kənara çıxıb. Tar Avropada artıq beynəlxalq alət kimi dinlənir. Biz bu istiqaməti götürmüşük və istəyirik ki, tarı başqa millətlər də çalsın. Azərbaycan alətlərinin beynəlxalq aləmə çıxmasını istəyirik. Qoy hamı bilsin ki, balaban Azərbaycan alətidir. Biz Konservatoriya yaranandan 5 il sonra milli nəfəs alətləri kafedrasını açdıq. Qabaqlar balabançalanlar çox az idi, indi baxın nə qədər istedadlı gənclərimiz var ki, balabanda çalır.
— Bəs cəmiyyətdə bu qədər balaban ifaçısına ehtiyac varmı?
— Bu gün musiqiçilərin gəliri ancaq toydandır. Nə qədər Azərbycan xalqı var toylar olacaq və musiqiçilər camaatı əyləndirib şənləndirəcək. Bu sahəyə heç dəymək də lazım deyil. Gəlin müqayisə edək, kontrabas çalan, piano çalanların yaşayış səviyyəsi necədi? Nyu-Yorkda 110 simfonik orkestr var və hər birində kontrabas çalana ehtiyac var. Biz özümüzü onlarla müqayisə edə bilmərik. Bizim televiziyalar yalnız və yalnız toy biznesinə işləyir. Biz dəfələrlə sözümüzü demişik, nədənsə onlara çatmır. Çünki televiziya onun öz biznesidir və hesab edir ki, belə də olmalıdır. Bir ara bədii şura məsələsi qalxmışdı. Parlamentdə bu barədə söhbətlər gedirdi. Görürsüz ki, hələ alınmır. Ona görə düşünürəm ki, musiqiçilərin fəaliyyəti dövlət tərəfindən sığortalanmalıdır, şərait yaradılmalıdır. Belə getsə illər sonra biz simfonik orkestri itirə bilərik. Sabah biz öz himnimizi eşitmək üçün xaricdən bir trombon çalan dəvət edib külli miqdarda pul ödəməliyik ki, öz partiyasını çalsın.
— Müsahibələrinizdə daim bu fikrə rast gəlmək olur: “Mədəniyyəti müdafiə etməzlər, mədəniyyət yalnız təbliğ oluna bilər”.
— Mədəniyyətin ən böyük müdafiəsi elə onun təbliğatıdır. Hətta ölkə daxilində mədəniyyəti təbliğ etdikdə belə onu müdafiə etmiş oluruq. Biz simfonik musiqini də, Avropa mədəniyyətini də təbliğ etməliyik.
— Dövlətin musiqiçiləri sığortalaması fikrini səsləndirdikdə musiqiçilər təbəqəsi gözünü dövlətə dikib daim ordan nəsə uman infantil insanlara çevrilir. Cəmiyyətdə seçilmişlər olması barədə təhlükəli fikirləri əmələ gəlir.
— Elə deyil, arada müsabiqə olmalıdır. Yaxşıların yaxşısı layiq görülə bilər. Hamı çalışmalıdı yaxşı olsun. Dünyada da, bizdə də iqtisadi problemlər var. Mədəniyyət bütün dövrlərdə metsenatların hesabına yaşayıb. Hansısa şirkət, ya qurum mədəniyyətə yardım etsə, məsələn hansısa musiqi məktəbinə çalğı alətləri alıb versə, dövlət vergisindən azad olmalıdır. Belə olsa mədəniyyəti dəstəkləmək onların da marağında olacaq. Bu praktika dünyada var, niyə biz tətbiq etməyək?
— Bayaq milli musiqi siyasəti sözünü işlətdiz. Deyə bilərsiniz ki, bu anlamda nəyi nəzərdə tutursuz?
— İlk əvvəl biz etiraf eləməliyik, biz mədəniyyət tariximizi dərindən bilmirik. Musiqi mədəniyyətimizi biz Üzeyir bəydən bəri bilirik. Əvvəlki dövrün bəlkə də 5 faizini bilirik. Bir xalq olaraq onları öyrənib ərsəyə gətirməliyik. Bilirik ki, torpağımıza olduğu kimi mədəniyyətimizə, musiqimizə təcavüzlər çoxdur. Araşdırmalıyıq, tapmalıyıq, gələcək nəsillərə ötürməliyik və bununla da musiqimizin bu günkü yaxşı vəziyyəti kimi gələcəyini təmin etməliyik. Bizi dünya mədəniyyətimizə görə tanısa bizə münasibət tamam fərqli olar. Mən xarici səfərdə olanda filarmoniyamız, simfonik orkestrimizdən danışanda hamı təəccüblənirdi. Opera və balet teatrımızdan danışanda lap heyrətlənirdilər. Yəni sizdə nə boyda mədəniyyət varmış. Deməliyik, haqqımızda yetərincə məlumat yoxdu. Bu istqamətdə iş əlbəttə gedir.
— Dediklərinizi reallaşdırmağa maddi imkan varmı? Beynəlxalq layihələri ortalığa atsaq bunun arxasında dayanacaq qədər qüdrətimiz çatar?
— Əlbəttə, bugünhər şeymaddiyata çoxbağlıdır. Biz tamam başqa sistemdə yaşayırıq. İqtisadi çatışmazlıqların fonunda Konservatoriya tikildi, bu azdı bəyəm? Yollar, binalar gözəl, şəhərimiz işıqlı. Konservatoriyada hansı sinfə girsən royal var. Bu maddiyyat deyilmi? Əgər dövlət hesab edirsə ki, musiqimizin inkişafına bu boyda məbədin yaradılması vacibdir deməli gələcəkdə də maddi tərəfdən dəstək olmaqda davam edəcək. Bizə yataqxana da lazımdı, bəstəkarların musiqiçilərin toplaşdığı yaradıcılıq evləri də, kempinqləri də olmalıdır. Sovetlər dönəmində bəstəkarlar üçün İvanovada yaradıcılıq evləri vardı, məsələn simfoniya yazarkəngedib aynan orda qalırdılar.
— Bu yaxında Cavanşir Quliyevdən radio müsahibəsində soruşdular ki, Milli Konservatoriyanın yaranması Üzeyir bəyin qurduğunun dağıdılması deyil ki? Cavabında dedi ki, biz gənc ikən milli musiqini irəli aparacaq planlar cızarkən Milli Konservatoriya barədə çox düşünmüşük. Onu bir təcrübə meydanı, elmi laboratoriya kimi görürdük. Siyavuş Kərimi də bizimlə birgə idi. Mənə maraqlı gəldi, o vaxtlar siz, yəni dövrün gənclərini nəzərdə tuturam, nələri düşünürdüz, hansı planlar cızırdız?
— O zamandan 40 ilə qədər zaman keçib. O vaxtlar dünyadakı yeniliklər burjua mədəniyyəti kimi qadağa altında idi. Ona görə bizimçün bütün bunlar çox maraqlı gəlirdi. Biz çalışırdıq, gedib-gəlirdik, konsertlər verirdik, kollektivimiz vardı. Ud, trombon və saksafonun səslənməsindən sintez alırdıq. Kollektivlər yaransa da biz istədiyimiz musiqini özfəaliyyət adıyla ifa edə bilirdik. O zaman musiqi qıtlığı vardı. Biz hardansa kassetlər əldə edib köçürdürdük, sonra toplaşıb dinləyirdik, maqnitofon da hər adamın evində yox idi. Söhbət edirdik, polemika yaranırdı. Gecələr radio dinləyirdik, xarici radiostansiyaları. Bu gün İnternet var, bütün dünya sizin evinizdədir. Ona görə bəzi məsələlər aradan çıxıb. Yəqin ki, axtarışlar da var, sadəcə biz sizinlə bundan xəbərsizik.
— Onda bu da cəmiyyətin problemidir ki, axtarışların olduğundan, bəzən nəticələrindən də xəbər tutmur. Hərə cəmiyyətəöz kabinetindən, otağından boylanır.
— Belə deməzdim. Mən bu yaxınlarda xəbər tutdum ki, sən demə bizdə zirzəmi musiqisi var. Zirzəmiləri yığışdırıb abadlaşdırır, orda axşamlar keçirirlər. Yaxşı olardı ki, həmin uşaqlar klublara, mədəniyyət evlərinə yığışardı. Siz bilirsiz, bu gün bizdə mədəniyyət evləri, klublar yoxdu. Professional musiqi bədii özfəaliyyətlə sıx bağlı olmalıdı. Mən özüm özfəaliyyətdə nə qədər çalışmışam.
— Muğam da bir zamanlar cəmiyyətin seçilmiş zümrəsinin musiqisi idi. Keşmişdə muğamla bu günkü gənclərin müasir musiqi ilə əldə etdiyi həmin vəziyyətə, hala çata bilirdilər. “Muğam bir fəlsəfədir” deyirlər.
— Bu fikirlə tam razı deyiləm. Muğam bir durum, bir haldır. Hal deyəndə çoxu ya içki, ya da narkotik halı fikirləşər. Bu halın içində fəlsəfəsi də var.Sanki hansısa bir çəkisizliyə düşürsən və fəzada bu vəziyyətinə dəyər verə bilmirsən. Sanki bu dünya başqa ölçülərlə dəyərləndirilir. Məndən muğam barədə xüsusilə xarici jurnalistlər tez-tez soruşur. Mən onlara əruz haqda danışa bilmərəm. Segah, Bayatı Şiraz barədə mən onlara nə deyim, necə izah edim? Təbii ki, mən 7 əsas muğamın adını çəkirəm. Deyirəm, bu elə musiqidir ki, həm mövzusu, həm improvizasiyası var. Özüm caz-sevər olduğumdan müqayisələr edirəm. Əgər caz olmasaydı mən ona muğam deyərdim. Eləcə də əksinə, muğamın adı olmasaydı ona caz deyərdim. Bunlar bir-biriylə sıx təmasa girə bilən mədəniyyətlər, janrlardır. Mən muğamı iri gövdəli 7 ağaca bənzədərdim. Bu ağacların budağı bir-birinə dolaşıb, artıq budaqları ayırmaq mümkün deyil. İçəridə bir kölgəlik, sərinlik, ruha rahatlıqverən durum hökmranlıq sürür. Səhrada su axtaran adamın arzulayacağı bir oazis, vadi, eləcə də rahatlıq axtaran meqapolis adamının həmişə rahatlandığı bir yer, sərinlik və rahatlıq məqamıdır. Muğam bir aləmdir. Bu aləmə düşməyi bacaran azərbaycanlılar olur. Çünki beşikdə eşitdiyi laylay həmin musiqinin üzərindədir. Orda səslənən sözlər, əruzun vəzni, ifadələr, mənasını başa düşərək, musiqi ilə tutuşduraraq insanı tamam başqa bir hala salır. Bəzən musiqiçilərimiz xarici səfərə gedəndən sonra eşidirsən, bəzən mətbuatda oxuyursan ki, bizimkilər İtaliyanı lərzəyə gətirdi, belə sökdük-dağıtdıq konsert salonunda, Fransada tamaşaçıların ürəyi getdi – mən bu söhbətlərə inanmıram. Həmin o, italiyalı, ingilis, fransız ordakı sözü, mənanı başa düşmür. Onlar musiqinin təsirinə düşə bilər. Onlar buna bir ekzotika kimi, folklor mədəniyyəti kimi tamaşa edir. Onlar üçün “Leyli və Məcnun”Şərqin Romeo və Cülyettasıdır. Muğamda sözlə əruzun təması danılmazdır. İns-trumental muğamla xanəndə muğamının arasında fərqi duymaq vacibdir. Əlbəttə, bu musiqini dün-yaya çatdırmaq, təbliğ etmək, eləcə də xariciləri bu musiqini dinləməyə hazırlamaq da lazımdı.
— İfaçı, bəstəkar, professional aranjımançı, yeni layihələr həyata keçirirsiz, bir çox esrada müsabiqələrində və festivallarında həm təşkilatçı, həm də münsiflər heyətinin üzvü kimi iştirak edirsiz, estrada, caz musiqisində yeni və istedadlı müğənni, ifaçı nəslinin yetişməsinə, onların sənətdə uğurlu addım atmasına nail olursuz. Yeni nəsil ifaçıların yetişməsində daha nələri gözləyə bilərik?
— Estrada və milli caz şöbəsi açmışıq, bu il qəbul elan edilib. Bunu çoxdan hazırlayırdıq.
— Sizin yaradıcılıq yolunu izlədikdə caz, pop üslublu nümunələrə tar, ud və ya elektron alətlərin ifasında muğam elemenləri, parçalarını daxil etməklə, caz və muğam tipli improvizələri qovuşdurmaq cəhdlərini görürük. Həmin fakültənin tələbələri milli caz çalacaq?
— Onlar dünya musiqisini, caz tarixini,milli caz və estrada musiqisinin tarixini bilməlidirlər. İmprovizə fənləri olmalıdır. Onlardan bütün tələbələrdən olduğu kimi harmoniya və nəzəriyyə də tələb olunacaq. Tədrisdə ola bilər caz harmoniyalarına üstünlük verildi. Səhnə hərəkəti fənni də olmalıdır. Təbii ki, ixtisasından asılı olmayaraq hamı muğam keçməlidir ki, gələcəkdə muğamı yaradıcılığında tətbiq edə bilsin. Caz ifaçısından – istər vokalçı, istər instrumentalist olsun – xanəndədən tələb olunan səviyyədə muğam tələb etmək də düz olmazdı. O, Bayatı Şirazı Segahdan, Rastı Şurdan ayırmalıdı. Bu kurslar sadəcə dinləməklə keçirilə bilməz. Mütləq ifa edilməlidir ki, yaddaşlarda həkk olsun.
Söhbət cazdan gedirsə biz ilk əvvəl cazın vətəninin hara olduğunu xatırlamalıyıq. Caz Afrikada doğulsa da vətəni Amerika sayılır. Dünyanın bütün ulduz ifaçıları Amerikadadır. Biz nə qədər cazı sevib uca tutsaq da amerikalılarla yarışa girə bilmərik. Həmişə 2-ci, 3-cü olacağıq, bunu qəbul etmək lazımdı. Onlardan üstün olmaqçün bizim muğam mədəniyyətimiz var. Bizim caz-muğamımıza dünya məəttəl qalıb. Əzizə Mustafazadəni götürək, o, muğamın gücünə bu qədər irəli gedə bildi. Bizim milli caz və milli estrada mədəniyyətimiz var. Rəşid Behbudov estradamızın ulduzu, “Qaya” qrupumuz və bu xətti davam edən gənc ifaçılarımız da var.
— Milli estrada və milli cazı tədris edə biləcək kadrlar varmı?
— Kadrlar var. Rauf Babayev gələcək bura, Berklidən mütəxəssislər gələcək. Onlar Amerika cazını, bütün cərəyanları öyrənib, təhsil alıb gəlmiş mütəxəssislərdir.
— Qədim alətlərin bərpası, praktikada tətbiqi barədə danışaq. Müsahibələrinizdə arabir zərb alətləri tədrisindən danışır, santur,ney, ud, setar, dütar, qara neyin adını çəkirsiz. Konservatoriyada Şərq alətləri kafedrası çəng düzəldib, dərsliyi də yazılıb.
— Düzünü desəm, qədim alətlərin bərpası məsələsini qarşımıza qoymuruq və bu mənə o qədər də maraqlı gəlmir. Bu işi bir vaxt rəhmətlik Məcnun Kərim görmüşdü, belə bir ansambl yaratmışdı. Bu günə qədər də var və uğurla fəaliyyət göstərirlər. Məni Azərbaycan milli çalğı alətlərinin tembr xüsusiyyətləri və bu sahədə olan problemlər daha artıq narahat edir. Bizim xalq çalğı alətləri orkestrində tembr spektri çox kiçikdi. Mən bunun genişləndirilməsi barədə düşünürəm. Bizə orkestrdə bas səslər, orta və zil səsləri ifa edə biləcək alətlərin olması lazımdı ki, harmoniyaları səsləndirə bilək, xalq çalğı alətləri Avropa bəstəkarlarının musiqisini ifa edə bilsin. Necə olur ki, rus xalq çalğı alətləri orkestri bunu edə bilir, biz bəyəm bacarmarıq? Niyə bəm tar olmasın, axı xanəndələrin hamısı zilxan deyil. Nəticədə tamam başqa məktəb yaranır. Qədimdə belə səslərə ehtiyac da olmayıb. Bizim musiqi orta və yuxarı registrdədir, əksər hallarda. Bəm səslər olmadığından biz başqa yerlərdən, məsələn Türkiyədən davul gətirib orkestrə daxil edirik.
— Milli Konservatoriyanın quruculuq işləri davam edir. Yataqxana və səsyazma studiyası nəzərdə tutulub. Bəs studiyada işləyəcək mütəxəssislər necə?
— Biz avadanlığı artıq müəyyənləşdirmişik, gedib Almaniyadan seçmişik. Qarşımızda duran ilkin məsələlər studiyanın qurulması, akustik hesablanması və tam işlək hala gətirilməsi məsələsidir. İşin zamanı maliyyədən asılıdır. İmkan olsa lap sabah alıb başlayarıq. Əlbəttə, layihəmiz böyük miqyaslıdır. Bir baxın, bu boyda böyük mədəniyyəti olan ölkədə simfonik musiqini yazmağa studiya yoxdu. Zalda yazılan musiqi keyfiyyətsiz olur. Bu istiqamətdə bəzi işlər görülür, artıq simfonik fonoqramlar da əmələ gəlir. Bizim studiya simfonik orkestri yerləşdirə biləcək ölçüdədirsə bu o demək deyil ki, burda solo balaban çalan ifasını yazdıra bilməz. Səsyazma studiyaların çatışmazlığı məsələsini yaxşı bildiyimdən bu məsələni də plana saldıq və tikdik. 7 və 8-ci mərtəbələr studiyadır. Səsi yazdıqdan sonra musiqini beynəlxalq standartlar səviyyəsinə qədər çatdırıb işləmək üçün də otaqlar və avadanlıq da nəzərdə tutulub.
— Studiya yaranandan sonra mənə elə gəlir ki, respublikada ilk aranjimançılardan olduğunuza görə mütəxəssis çatışmazlığını aradan götürmək üçün çırmalanıb bu işlə ilk məşğul olanlardan olacaqsız.
— Mənim bu sahədə 15 illik təcrübəm var. Bu məsələdə xüsusi tədris lazım deyil. Mən özüm bu elmi oxumamışam. Amma mənim yazdığım yazılar ən keyfiyyətli yazılardan biri sayılır. Latın Amerikası layihəsi üçün bütün səsyazma işlərini özüm elədim. Necə deyərlər, həm səs rejissoru, həm təşkilatşısı, həm mikrofonu düzəldəni. Stokholma apardım hazır yazıları, mənə dedilər ki, nahaq gəlmisən, hər şey yüksək səviyyədə olunub. Sizin komanda əla işləyib. Ona görə düşünürəm ki, səsyazma işini öyrənmək tələbələrə də çətin olmayacaq. Biz studiya üçün avadanlığı Berlindən seçəndən sonra danışıqlar aparmışıq. Studiya qurulandan sonra onlar 3 aylıq treninqlər keçəcəklər. Bundan əlavə mən bu ildən bəstəkarlar və dirijorlar üçün səs rejissorluğu fənnini də açıram.
— Beynəlxalq münasibətləri necə qurursuz? Xarici tələbələri yetişdirmək məsələsində, xüsusilə də muğamın tədrisində yeni metodikaların olması vacibdir.
— Etiraf eləməliyəm, əvvəl mən başqa konservatoriyalarla münasibətlər qurmağa çəkinirdim. Yerimiz-yurdumuz yaxşı deyildi, gəlib bizim haqda səhv təsəvvürlər formalaşdıra bilərdilər. İndi binamız hazır olandan sonra türk dövlətləri ilə, Rusiya ilə münasibətlər yaradırıq artıq. Almaniyadan da işbirliyi yaratmaq barədə müraciət var. Təhsil təcrübəsi mübadiləsi, müsabiqələrə tələbələri göndərmək, müştərək müsabiqə və konsertlər və s. nəzərdə tutmuşuq. Türkdilli ölkələrdən, Qazaxıstandan, Özbəkistan, Qırğızıstandan alimlər gəlir, maraqlanırlar. İndi elə zamandır ki, xarici tələbələrin təhsil dalınca başqa ölkəyə getməsinə artıq ehtiyac yoxdu. Müasir texniki vasitələrlə, məsələn Skaypla əcnəbilərə dərs keçmək, distant təhsil yaratmaq olar. Proqramlar yaradırıq, elek-tron dərsliklər hazırlayırıq.
— Xarici tələbəyə muğam tədrisi zamanı xüsusi metodologiya olmalıdır. Fransıza burda şirin xal elə, burda çərək ton işlət deyib anlatmaq olmur.
— Əgər siz min nəfərdən muğamın 10 xanəlik bir parçasını nota yazmağı xahiş etsəz nəticədə min variantda not yazısı alınacaq, çünki hərə eşitdiyi kimi, öz anlamında notlaşdıracaq. Mənim fikrimcə əgər xarici tələbə xanəndəliyi seçibsə dilimizi öyrənməkdən başlamalıdır. İstəmirsə bizim ifaçı ingilis dilini bilməlidir. Arada tərcüməçi ola bilməz. Tərcüməçi hardan bilsin ki, lal barmaq nədi? Bizdə kareyalı tələbə təhsil alırdı, şirin boğazlar edirdi. Arif Babayevin tələbəsi idi, “Sudan gələn sürməli qız” mahnısını oxuyurdu. Bizim mədəniyyət xaricilərdə maraq oyadır, amma bu futbol kimi total maraq yarada bilməz. Etiraf etməliyik, bizimki gözəl, amma çətin mədəniyyətdir. Muğamların dərinliyinə qədər varmaq, buradan baş çıxarmaq elə azərbaycanlı üçün də asan deyil. Musiqimizin üstünlüyü də şifahi ənənəli olmasındadır. Hər kəs öz nəfəsini gətirə bilir bu musiqiyə. Keçən əsrdə səslənən Rastla bugünki Rast arasında nə boyda fərq var. Biz muğamın klassik formasını qoruyuruq, əlbəttə ki. Tədris prosesi bitən kimi ifaçının seçim şansı olur və öz yolunu tapır.
— Konsert praktikasıdı, ifaçılıqdı – burada uğurlarımız var, bu danılmaz faktdır. Amma musiqi elmi xeyli geridədir. Axı alimləri də musiqiçilər təki yetişdirmək lazımdı. İfaçılıq və musiqişinaslığın qovşağında yeni tip araşdırmaçılara ehtiyac böyükdür.
— Siz dedikləriniz musiqişünaslığa daha çox aiddir. Alimlərimiz var, ola bilər kifayət qədər deyil. İfaçılıqda zəif olan, amma nəzəriyyəsini əla bilən musiqişünaslarımız var ki, bəzən kitablarda olmayan biliklərin sahibidirlər. Bəzən bu tip tədqiqatçıların dilindən elə qəribə məlumatlar eşidirsən ki, onlar da şifahi şəkildə dildən dilə ötürülür. Böyük Azərbaycan torpaqları İranın tərkibində olduğuna görə bütün arxiv materialları Tehranda yığılıb qalıb. Azərbaycanın bütün mədəni, yazılı abidələri ordadı. Ona görə biz alimləri İrana arxivlə işləməyə göndərməliyik. 3 gün, 3 aylıq yox, 3-5 il, 7 illik məzuniyyətə. Fars dilini bilən alimlərimiz bu materialları qaldırıb tədqiq etsinlər. Mən 2006-cı ildə İran universitetləri ilə mübadilə məqsədilə Əyatulla Zəncaninin iştirakı ilə 5 illik müqavilə də bağlamışdım. Mən vətənə qayıtdım və məlum oldu ki, farsdilli musiqişünaslarımız yoxdu. Bu məsələdə bizdə oxuyan Cənubi Azərbaycandan olan tələbələr yardımçı olmağa çalışır. Biz ora etnomusiqişünaslar desantı göndərməliyik. Biz rusların təsirinə keçəndən sonra mədəni və yazılı abidələrimizi möhkəm dağıdıblar, ermənilər xüsusilə.
Bunu qeyd eləməliyəm, İranda muğam notla tədris olunur. Vaxtında Üzeyir bəy bunu qadağan elədi, ona görə bu gün muğamımız canlı orqanizm kimi yaşayır. Muğamın bu gün simfonik variantı, caz variantı var. Gələcəkdə bəlkə muğamın rok variantı da əmələ gələcək, mən buna inanıram. Repi deyə bilmərəm, amma əruz vəznində olsa o da mümkündü. Bunlardan qorxmaq lazım deyil. Sadəcə vaxtında damarını tutub lazımi istiqamətə yönəltmək məsləhətdi.