AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 2, 2016

Qəmbər Hüseynlinin anadan olmasının 100 illiyi münasibətilə elmi konfrans

 2015-ci il noyabrın 25-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tanınmış Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Qəmbər Muxtar oğlu Hüseynlinin 2016-cı ilin aprel ayında 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladı. Bu münasibətlə bir çox tədris ocaqlarında, həmçinin televiziya və radioda Q.Hüseynlinin yaradıcılığının işiqlandırılması məqsədilə müxtəlif verilişlər təşkil edilib.

qember-huseynli

Belə tədbirlərdən biri də 6 — apreldə Azərbaycan Milli Konservatoriyasında keçirildi. Kon­frans­da sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Yaqut Seyidova və Tələbə Elmi Cəmiyyətinin sədri Aynurə Abuşovanın təşkilatçılığı ilə “Qəmbər Hüseynlinin yaradıcılığında mahnı janrının özəllikləri” mövzusunda keçirilən elmi konfransda Milli Konservatoriyanın bakalavr, magistr və doktorantura pilləsində təhsil alan tələbələr fəal iştirak etdi. Konfransı giriş sözü ilə açan AMK-nın Elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Hüseynova Q.Hüseynli yaradıcılığının Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələrdən söz açdı və onun bir bəstəkar kimi zəngin yaradıcılıq irsinin olduğunu vurğuladı. Qəmbər Hüseynli Azərbaycan musiqisinin tanınmış nümayəndəsidir. Bir bəstəkar kimi yaradıcılığında uşaq mahnılarından ibarət “24 uşaq mahnısı” məcmuəsi, 2 məcmuə aşıq musiqisinin işləmələri, instrumental əsərlərindən “7 uşaq pyesi” yazmışdır. Lakin yaradıcılığının aparıcı janrı mahnı və romanslardır. Q.Hüseynli 15 mahnı və romans müəllifidir. Bunlardan: “İlk məhəbbət” (sözləri Ə.Əlibəylinindir), “Gecələr uzanaydı” (sözləri B.Vahabzadənindir), “Tellər oynadı” (sözləri C.Cabbarlınındır), “Söz olur” (sözləri O.Sarıvəllinindir) və s. Qeyd edək ki, bəstəkarın 43 nəşr olunmamış vokal əsəri var. Bəstəkara dünya şöhrəti gətirmiş əsəri isə uşaqlar üçün 1947-ci ildə bəstələdiyi məşhur “Cücələrim” mahnısı olub. O, 1956-cı ildə 55 klassik aşıq havasını bəstəkar Aşıq Teymurun ifasından nota yazıb. Qəmbər Hüseynli həmçinin, müxtəlif illərdə pedaqoji fəaliyyət də göstərmişdir. 1939-cu ilin sentyabr ayında Qəmbər Hüseynli Şuşa musiqi Texnikumuna direktor vəzifəsinə təyin olunur. 1940-cı ildə Şuşadan Bakıya dəvət olunur. Azərbaycan Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Xalq Çalğı Alətləri orkestrində dirijor köməkçisi, 1951-ci ildən Radio Verilişləri İdarəsinin Xalq Çalğı Alətləri orkestrində dirijor, 1955-ci ildən yenidən sazçı qızlar ansamblının bədii rəhbəri vəzifəsində çalışır.

Lalə Hüseynovanın çıxışından sonra AMK-nın tələbələri Q.Hüseynli yaradıcılığını müxtəlif istiqamətlərdə hərtərəfli təhlil etmiş və məruzələri böyük maraqla qarşılanmışdır. Tələbələrdən ilk olaraq magistr pilləsində təhsil alan Fərdin Məmmədli royalda “Cücələrim caz kompozisiyası”nı ifa etdi. Ardınca konfrans iştirakcılarının çıxışları başladı.

Doktorant Aygül Səfixanova “Qəmbər Hüseynli: mühiti və müasirləri”, II kurs bakalavr Rövşanə Məmmədova “Cücələrim”in səhnə taleyi”, doktorant Humay Fərəcova “Qəmbər Hüseynli və aşıq musiqisi”, Milli musiqinin tədqiqi elmi laboratoriyasının baş elmi işçisi, Ağahüseyn Abbasov “Qəmbər Hüseynli yaradıcılığı tar ifaçılığı sənətində” mövzularında maraqlı çıxış etdi. Çıxışlar zamanı video çarx da nümayiş etdirildi. Çıxışlar yekunlaşandan sonra bəstəkarın əsərlə­rindən ibarət konsert proqramı nümayiş etdirildi – fortepianoda Aynur Ağayevanın müşayəti ilə tarda Tofiq Məmmədovun ifasında “İlk məhəbbət”, fortepianoda Mehriban Kərimovanın müşayəti ilə kamançada Sevinc Mirzəlinin ifasında “Ay işığında”, Şakir Süleymanovun (tar) rəhbərlik etdiyi ansamblın müşayəti ilə xanəndə Gülnar Qüdrətlinin ifasında “Nə vaxta qaldı” mahnıları ifa olundu. Konsert proqramının yekununda AMK-nın xor kollektivinin və Tahir Eynullayevin rəhbərliyi ilə Konservatoriyanın tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının rəqs ansamblının ifasında “Cücələrim” mahnısının ifası rəqslə birlikdə nümayiş olundu.

Yekunda Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Siyavuş Kərimi çıxış edərək konfrans iştirakçılarını çıxışları münasibətilə təbrik etdi və belə elmi konf­ransların keçirilməsini və tələbələrin bu konfranslara böyük sevgi ilə qatılmalarını tövsiyyə etdi. Belə konfransların hər tələbənin həyatında gələcək uğurlarının başlanğıcı olmasını bir daha vurğuladı.

Aygül SƏFİXANOVA

Elmi işçi

Mövzuya uyğun