AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

«KONSERVATORİYA»  2020 № 3 (48)

 ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ÖLMƏZ YADİGARI
Azərbaycan Milli Konservatoriyası – 20

1

     20 il öncə, 2020-ci il iyun ayının 13-də Ümummilli liderimiz Heydər Əliyev Azər­baycan musiqisinin gələcək inkişafına yönəlmiş tarixi bir fərman imzaladı. Bu­nun­la da, ikinci minilliyin başlanğıcında Azərbaycanda yeni ali təhsil ocağı – Azər­bay­can Milli Konservatoriyası təsis edildi. Ustadlardan bizə miras qalmış milli mu­si­qi ənənələrini layiqincə qorumaq, yaşatmaq, gələcəyə çatdırmaq naminə verilmiş bu tale­yüklü fərmanda   zəngin muğam sənətimizin və milli musiqi alətlərimizin tədrisi ilk dəfə olaraq müstəqil şəkildə, ayrıca fəaliyyət göstərən ali təhsil müəssisəsi sə­viy­yə­sində bərqərar olundu. Tam cəsarətlə demək olar ki, bu, nəinki Azərbaycanda, ümu­mən ali musiqi təhsili sistemində və geniş beynəlxalq məkanda bənzəri olmayan bir hadisə idi. Azərbaycan Milli Konservatoriyası əsrlərlə formalaşan Qərb Kon­ser­va­toriya təhsilinin əsl Şərq modelini ortaya qoydu və bu əlamətdar olay Ulu ön­də­ri­mizin uzaqgörənliyi nəticəsində məhz Azərbaycanda baş tutdu.

     Əslində Şərq dünyasının musiqi aləmində Azərbaycan diyarı daim ilklərə imza atan məxsusi bir məkan olub. Səfiəddin Urməvi, Əbdülqadir Marağı və Orta əsrlərin di­gər mütəfəkkirlərindən başlamış XX əsrdə Üzeyir Hacıbəyliyə və müasir döv­rü­mü­zə qədər yaşayıb-yatarmış böyük musiqi dühaları Şərq musiqisində yeni yollar açıb, onun inkişaf yollarını müəyyənləşdiriblər. Əlamətdardır ki, yeni minilliyin baş­lan­ğı­cın­da – 2000-ci ildə yenə də məhz Azərbaycan musiqi təhsili sahəsində köklü yeni­lik­lə gündəmə gəldi.

     20 il tarix baxımından o qədər də böyük müddət deyil. lakin bizim üçün bu illər sö­zün əsl mənasında axtarış və yüksəliş illəri oldu. Heydər Əliyevin yadigarı olan gö­zəl musiqi məbədimiz 20 il ərzində böyük inkişaf yolu keçərək hazırda Azər­bay­ca­nın ali məktəbləri sırasında öz layiqli yerini tuta bilmişdir. 2014-cü ildə Prezident İlham Əliyev və Mehriban xanımın iştirakilə açılışını etdiyimiz Azərbaycan Milli Kon­servatoriyasının yeni inzibati-tədris kompleksi isə öz gözəlliyi, rahatlığı və müa­sir­liyi ilə bizə vaxtaşırı təşrif buyuran xarici qonaqların böyük heyrətinə səbəb olur.

     Məlumdur ki, Azərbaycanda peşəkar musiqi təhsili sisteminin formalaşması öz əsa­sını keçən əsrin əvvəllərindən götürür və artıq sovet dönəmində bu prosesin milli mu­siqi maraqlarına uyğun şəkildə həyata keçməsində bir çox maneələr yaranmışdı. Milli-mənəvi dəyərlərə təftişçi münasibət qədim muğam sənətimizi, onunla bilavasitə bağ­lı olan çalğı alətlərimizi tarix səhnəsindən yox olmaq təhlükəsi ilə üzləşdirdi. Yal­nız dahi bəstəkarımız Üzeyir Hacıbəyli və onun sadiq məsləkdaşlarının əzmi nəti­cə­sində ulu muğam sənətimiz öz əzəli yaşam tərzini və şifahi şəkildə ustad-şagird yolu ilə tədris üsullarını qoruyub saxlaya bildi. Xüsusi vurğulayaq ki, bu, makom-mu­ğam ənənəsi olan bütün sovet respublikalarında baş vermədi. Elə buna görə də Azər­baycan muğamı öz qədim varislik ənənəsini hifz edərək, əzəli təbiətini və üs­lu­bu­nu yeni nəsillərə çatdırmaq qüdrətində oldu. Lakin Sovet dönəmində yaradılmış 3 pil­ləli təhsil sistemində muğamın tədrisi yalnız orta təhsil səviyyəsində qərarlaşa bil­di və Azərbaycan musiqisinin əsas janrları olan muğam və aşıq sənətlərinə bu tərz ögey münasibət uzun müddət davam etdi. Bütün bu olayların aynasında, yeni həyat mər­hələsinə qədəm qoymuş müstəqil Azərbaycanda Ulu öndərimiz Heydər Əliyevin qərarı ilə yeni ali musiqi təhsili ocağının ərsəyə gətirilməsi, zənnimcə, həqiqətən də müs­təsna əhəmiyyətə malik bir hadisə idi.

     Milli Konservatoriyanın yaradılması ilə başlanğıc alan bu taleyüklü proseslər möh­tərəm Prezidentimiz İlham Əliyevin və hörmətli Mehriban xanımın böyük səyi nəti­cəsində möhtəşəm davamını tapdı: Azərbaycan musiqi sənətinin əsas isti­qa­mət­lə­ri – muğam sənəti, aşıq sənəti, tar və kamança ifaçılığı YUNESKO-nun qeyri-maddi şedevr­ləri siyahısında yer almış, Beynəlxalq Muğam Mərkəzi fəaliyyətə başlamış, Bey­­nəlxalq muğam festivalları, elmi simpoziumları və müsabiqələri möhkəm və da­vam­­lı ənənəyə çevrilmiş, milli musiqi nümunələrimizin rəqəmsal texnologiyalarla təb­liği böyük vüsət almışdır. Bütün bu proseslərdə məhz Azərbaycan Milli Kon­ser­va­to­ri­ya­sı ən görkəmli sənətkarları öz ətrafına toplayaraq bu sahədə öndə gedən təd­ris müəs­si­səsi kimi fəaliyyət göstərmişdir. Konservatoriyanın professor-müəllim he­yə­ti­nin, iste­dadlı tələbə və məzunlarının sorağı dünyanın mötəbər konsert sa­lon­la­rın­dan və fes­ti­vallarından, müsabiqələrindən gəlir. Mübaliğəsiz demək olar ki, öl­kə­mi­zin televiziya və radio efirində muğam və xalq musiqisini, bəstəkar əsərlərini ifa edən xanəndələrin, xalq çalğı alətləri ifaçılarının, müğənnilərin əksəriyyəti Milli Kon­servatoriyanın müəl­lim, tələbə və məzunlarıdır. Ümumiyyətlə, Milli Kon­ser­va­to­ri­ya Respublikanın konsert hə­yatında, mədəniyyət tədbirlərində olduqca fəal rol oy­na­yır.

2

     Milli Konservatoriyanın fəaliyyəti nəticəsində muğam sənəti Azərbaycanda ilk dəfə ardıcıl, davamlı və sistemli şəkildə ali təhsil tədrisinə daxil olub. Bu işə gör­kəm­li muğam sənətkarları və təcrübəli ustad-müəllimlər cəlb edilmişdir. Bunun nə­ti­cə­si­dir ki, Azərbaycanın ənənəvi musiqisini öyrənmək istəyənlərin sayı ilbəil durmadan ar­tır. Xarici ölkələrdən – İran, Türkiyə, Koreya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Litva, Almaniya, Kanada və Amerikadan bizim Konservatoriyada oxumağa, elmi təc­rübə keçməyə və tədqiqat işləri aparmağa gələnlər vardır. Onlar tar, kamança, qa­nun, balaban, ney alətlərində ifa etməyə, muğamlarımızı, xalq mahnılarını və rəqs­lə­ri­mizi, bəstəkarlarımızın əsərlərini öyrənməyə ciddi maraq göstərirlər.

     Milli Konservatoriya özündə yalnız əsrlərlə cilalanmış milli ənənələri qorumaq və gələcəyə ötürmək missiyasını daşımır. Daim dəyişən və yeniləşən dünyamız mu­si­qi janrlarına və üslubuna, milli çalğı alətlərinə və ifaçılığına da təsir edir. Axı milli mu­siqi ənənələri donub qalmış muzey sənəti deyil. Bu ənənələr yalnız canlı mühitdə ya­şayır, buna görə də dəyişir və zamana uyğunlaşır. Bizim milli alət ifaçılarımız, xa­nən­də və müğənnilərimiz bu proseslərdən heç vaxt geridə qalmayıb. Akademik mu­si­qi təmayülləri, caz və populyar musiqi üslubları ilə dərin inteqrasiya nəticəsində milli mu­siqi ifaçılığının obraz-məzmun dairəsi genişlənib və müasirləşib. Elə buna görə də, Milli Konservatoriyada tədris olunan ixtisasların sayı da artır. Biz yenilik so­ra­ğın­da olan istedadlı tələbələrimizin belə təşəbbüslərinə çox həssas yanaşır və daim alqış­layırıq. Bunun üçün Konservatoriyamızın xudmani konsert salonunda hətta xü­su­si “Musiqi saatları” da ayrılıbdır. Həftədə iki dəfə baş tutan bu saatlarda istənilən müəl­lim və tələbə öz ifasını, yaxud da, həmkarları ilə bölüşmək istədiyi yeniliyini nü­mayiş etdirə bilər. Bəzən yeniliklər qızğın mübahisələrə səbəb olur, bir sıra in­san­lara inandırıcı görünmür. Lakin bu, təbii haldır və hər şeyə rəğmən, biz tələbələrin yara­dıcılıq əzmini hər vasitə ilə dəstəkləməyə, onları ruhlandırmağa çalışırıq.

     Yeniliklərin digər istiqaməti uzun illər səmərəli fəaliyyət göstərən “Milli mu­si­qi alətlərinin təkmilləşdirilməsi” elmi-təcrübi laboratoriyamızın fəaliyyəti ilə bağ­lı­dır. İlk dəfə olaraq bu laboratoriya milli musiqi alətlərimizin dövlət standartlarını ha­zır­layıb. Eyni zamanda tar, kamança, balaban alətlərinin bütöv ailələri yaradılmışdır. Milli Konservatoriyada bərpa olunmuş və yeni yaradılmış musiqi alətlərindən ibarət “Əsr­lərin sədası” ansamblı fəaliyyət göstərir və bu ansambl artıq bir sıra beynəlxalq la­yihələrdə, mötəbər tədbirlərdə böyük uğurla çıxış etmişdir. Ümumiyyətlə, orijinal ansambl tərkiblərinin yaradılması Konservatoriyamızda yaxşı bir ənənəyə çevrilib və bu təşəbbüslər öz bəhrəsini verməkdədir.

     Xüsusi qeyd etmək istədiyim bir nailiyyətimiz də – Konservatoriyada Xalq çal­ğı alətləri orkestrlərinin və xor kollektivlərinin mütəmadi olaraq və müvəffəqiyyətlə fəa­liyyət göstərməsidir. Bizim hər dərs günümüz bu tələbə kollektivlərinin məşqləri ilə açılır. Biz ixtisasından asılı olmayaraq, hər bir musiqiçinin nəinki solist kimi, ha­be­lə musiqi kollektivlərində işləmək vərdişlərinin cilalanmasına böyük önəm veririk. Etiraf edim ki, belə bir gündəlik ənənənin yaranması ilk zamanlar müəyyən iradlara tuş gəlsə də, indi hamı onun yaxşı nəticələrini çox aydın görür və dərk edir. Bundan ruhlanan müəllimlərimiz hətta özlərinin ayrıca xor kollektivini də yaratmışlar və nəinki ölkəmizdə, onun hüdudlarından kənarda belə çıxışlar edir, dəvətlər alırlar. Necə deyərlər, çətini işi başlamaqdır.

     Əlbəttə, bir məqalə çərçivəsində işimizin bütün istiqamətlərini, nailiyyətlərini və bizi düşündürən problemləri ortaya qoymaq mümkün deyil. Lakin o da həqiqətdir ki, tariximizin heç bir dönəmində milli musiqi ənənələrimizin daşıyıçılarına bu qədər diq­qət və qayğı göstərilməyib. Ulu öndərimizin əsasını qoyduğu bu gözəl ənənə möh­tərəm Prezident İlham Əliyevin və hörmətli Mehriban xanımın simasında daim öz layiqli davamını və inkişafını tapır. Azərbaycan Milli Konservatoriyasının bütün he­yəti özünün yaranma tarixini — Ulu öndər Heydər Əliyevin 20 il öncə verdiyi qə­ra­rı­nı minnətdarlıq hissilə anır, onun ölməz ruhu qarşısında ehtiramla baş əyirik. Bizim üçün çox əziz olan bu gündə, bütün illər ərzində bizə möhkəm dəstək olub daim gös­tər­diyi həssas diqqət və qayğıya görə möhtərəm Prezidentimiz İlham Əliyevə və hör­mət­li Mehriban xanıma ən dərin və səmimi minnətdarlığımızı, təşəkkürümüzü bil­di­ri­rik. İnanırıq ki, Ümummilli liderimiz Heydər Əliyevin yadigarı olan Azərbaycan Milli Konservatoriyası bundan sonra da üzərinə düşən vəzifələrin öhdəsindən layi­qin­cə gələ biləcək.

 

Azərbaycan Milli Konservatoriyasının rektoru,

xalq artisti,

professor Siyavuş Kərimi

 

 

 

Mövzuya uyğun