AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA”  2020 № 3 (48)

rr

      Bu il sevilən bəstəkarımız, əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova hə­yat salnaməsinin əlamətdar və sanballı tarixçəsini – 80 illik yubileyini qeyd edir. Ya­ra­dıcılıq yolunun daha parlaq hissəsini ötən əsrin 60-90-cı illərində yaşamasına bax­ma­yaraq, Ruhəngiz xanım yeni nəsil musiqisevərlərin, daha dürüst desək, çoxsaylı mah­nı pərəstişkarlarının həyatına üzvi surətdə və qeyri-adi bir şövqlə daxil ola bilib. Xalq arasında böyük populyarlıq qazanmış “Yeni Ulduz” televiziya layihəsində biz bunu aydın surətdə müşahidə etdik: sözləri, sərrast iradları və sualları az-qala zərb-mə­səllərinə və aforizmlərə dönmüş Ruhəngiz Qasımovanın xarizmatik bir münsif kimi iştirakı, mübaliğəsiz demək olar ki, bu layihənin uğurunun əsas təmi­nat­çı­la­rın­dan biri idi.

Əslində, bütün bu olaylarda qeyri-adi bir şey yoxdur. Çünki, uzun illər po­pul­yar musiqi müstəvisində ən müxtəlif istiqamətlərdə – mahnıdan tutmuş teatr və tele­ta­maşalara, kinofilmlərə musiqiyə, habelə istedadlı yazar kimi ssenari və libretto müəl­lifinə qədər əzmlə çalışmış Ruhəngiz xanım incəsənət aləmində kifayət qədər yax­şı tanınıb. Keçən əsrin 60-cı illərindən başlanan yaradıcılıq yolunda bəstəkarın uğur­ları göz qabağındadır. Onlardan biri – dahi müğənnimiz Rəşid Behbudovun bən­zər­siz təfsirində həyata vəsiqə almış “Anacan, dostum evlənir” mahnısı isə sözün əsl mə­nasında, Ruhəngiz Qasımovanın vizit vərəqinə çevrilib.

Gənclik eşqini heç bir halda itirməyən Ruhəngiz xanım, yaşadığımız dövrün müa­sir ça­ğırışlarına həvəslə səs verməyi və cə­miy­yə­tin arzulanan, say-seçmə sima­la­rın­dan biri ol­mağı bacarır. Ruhəngiz Qasımovanı ya­xın­dan tanıyanlar onun hə­yat­sevər daxili dün­ya­sı­na, coşub-daşan temperamentinə, yumor və za­rafatla dolu danışıq tər­zinə, fikrini ört-bas­dır etmədən düz üzə demək xasiyyətinə çox­dan və yaxşı bələd­dirlər. Ona görə də bu cə­sa­rətli xanım bəstəkarın milyonlarla insanın izlə­diyi mü­sa­bi­qə­də dilə gətirdiyi obyektiv və güzəştsiz qənaətləri haqq-ədalət sorağında bu­lunan ta­ma­şaçıların böyük hüsn-rəğbəti ilə qar­şılaşır və sanki, ürəyindən böyük bir “ti­kan” çıxa­rırdı. Təbii ki, xasiyyətindəki bütün bu keyfiyyətlər bilavasitə onun yaradıcılıq dəst-xəttinə də sirayət edib, onun məna çaları və məzmun yükünün formalaşmasında mü­hüm rol oynayıb.

ruh%c9%99ngiz      Ruhəngiz Qasımovanı insan və sə­nət­kar kimi yetişdirib boya-başa çatdıran mü­hit zən­gin və münbit olmuşdur. Hərbçi atası və tarix müəllimi olan anası qızlarının zi­yalı in­san kimi böyüməsində əllərindən gələni əsir­gə­məyiblər. Çalıb-oxumağı isə Ru­həngiz xa­nım lap uşaqlıqdan sevib. Elə bunu görən va­li­deynləri onun bu musiqi eş­qinin əleyhinə get­məyib və nəhayət, 10 yaşlı qızlarına piano alıb musiqi məktəbinə gön­dərmək qərarına gə­liblər. Zənnimcə, bəstəkarın yaradıcılıq bio­qrafiyasında ilk mah­nı nümunəsi kimi yer alan və Rəşid Behbudovun ifasında səslənmiş “Lay­lay” mah­nısı da (söz. — Bəxtiyar Va­hab­za­də) əziz və unudulmaz valideynlərə ün­va­n­lan­mış tə­sirli bir etirafdır. Ailəsinin ona bəxş et­diyi səadəti, aşıladığı yüksək amallara hör­mət hissini, hafizəsinə əbədi həkk olunmuş köv­rək xatirələrini Ruhəngiz xanım çox-çox sonra yazdığı “Həmişə sizinlə” adlı avto­bioqrafik kitabında xüsusi min­nət­dar­lıq­la dilə gətirib. Bir vacib məsələni də — də­yər­li musiqişünas-həmkarım, mərhum Sey­ran Qafarovun vurğuladığı kimi, “Ru­hən­giz xanım hələ uşaqlıq illərində özündə bir ger­çəkliyi kəşf etmişdi: insanlar arasında əsl hörməti səmimiyyətlə, qabiliyyətlə və qeyri-adi dünyagörüşü ilə qazanmaq müm­kün­dür” (1, s.6). Məhz bu keyfiyyətlər Ru­hən­giz Qasımovaya öz istedadını ger­çək­ləş­dirmək üçün yaxşı imkanlar yaratdı. Əlbəttə, bu məqamda onu bir sənətkar kimi for­malaşdıran təhsil illərini də xüsusi xatır­lamaq gərək.

     Ruhəngiz Qasımova peşəkar musiqi təhsilinin bütün pillələrini inamla ad­dım­la­yıb, Asəf Zeynallı adına Musiqi texnikumunu (hazırda Bakı musiqi kollecini), Ü.Hacı­bəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (hazırkı Ü.Hacıbəyli adı­na Bakı Musiqi Akademiyasını) uğurla bitirib, mükəmməl sənətkar və müəllimlərdən mu­siqi sənətinin, bəstəkarlığın əsaslarına, incəliklərinə yiyələnib. Cövdət Hacıyev, Mid­hət Əhmədov, Seyid Şuşinski, Zaxar Stelnik, Nikolay Çumakov, Süzanna Şeyn və başqaları onun püxtələşməsində müstəsna rol oynayıblar. Ruhəngiz xanımın Kon­ser­vatoriyada bəstəkarlıq üzrə ixtisas müəllimi, qüdrətli bəstəkar və pedaqoq Cövdət Hacı­yevin bir xatirə yazısı isə, zənnimcə, tələbəsinin xasiyyəti və sənət meylləri barə­də dolğun məlumat verir: “Ruhəngiz Qasımova çox diribaş və istedadlı tələbə idi, fəqət bəzən səbirsiz və hətta səbatsız da ola bilirdi. Tələsirdi və özünü müxtəlif janr­larda sınamaq istəyirdi, yorulmadan öz yolunu axtarırdı. Mən ona dürüst və güclü xasiy­yətinə görə hörmət edirdim. Tələbəlik illərində bəstələdiyi mahnıları da xoşuma gəlir­di və onları dəstəkləmiş olmasam belə, qadağan etmirdim. Başa düşürdüm ki, bu mahnıların vasitəsilə onun eşginigar ruhu səslənir. Bu sevgi hissiyyatı ilə ətrafında olan insanlarla bölüşməyə ehtiyacı vardı” [1, s.10-11]. Beləcə, gələcək çətin və keş­məkeşli yaradıcılıq yollarında inamla addımlamaq üçün gənc R.Qasımova ustadının xeyir-duasını almışdı.

2222

     Ruhəngiz xanım elə bir dövrdə yaşayıb-yaratmağa başlayıb ki, milli musiqi sə­nə­timizdə sözün əsl mənasında böyük simalar cövlan edirdi. Ciddi musiqi sahəsinin nə­həngləri ilə bahəm, populyar və tətbiqi janrlar — estrada musiqisi, teatr, kino sahəsi son dərəcə istedadlı və peşəkar şəxsiyyətlərin əlində cəmləşmişdi. Mahnı janrında, bu geniş və daim tələb olunan məcrada Tofiq Quliyev başda olmaqla, yeni nəslin nü­ma­yəndələri — Emin Sabitoğlu, Oqtay Kazımi, Elza İbrahimova və digərləri həvəslə çalı­şırdılar və altmışıncılar kimi tarixə düşmüş bu nəslin arasında Ruhəngiz Qasımov da öz səsini ucaltmağa müvəffəq olmuşdu. Uzun illər çalışdığı iş yerləri də məhz bu mu­siqi istiqamətində aktiv fəaliyyətə sövq edirdi. Artıq konservatoriyanın son kur­sun­da oxuyarkən 1962-ci ildə o, Dövlət Televiziya və Radio Komitəsində musiqi ve­ri­lişlərinin kiçik redaktoru kimi işə başlayır. Daha sonra Uşaq verilişləri re­dak­si­ya­sın­da redaktor, 1968-ci ildən 90-cı illərin əvvəllərinə kimi “Azərbaycantelefilm” döv­lət qurumunda səs rejissoru vəzifəsində çalışır. Onu da qeyd etmək lazımdır ki, bu dövrdən etibarən peşəkar bəstəkarlarımızın kino və televiziya qurumlarında fəal işlə­məsinin şahidi oluruq. Cəmiyyətin mədəni həyatında böyük rol oynamağa baş­la­yan, zövqləri formalaşdıran bu vacib sahələrə bəstəkar kadrların cəlb edilməsi təq­di­rə­layiq hal idi. Xatırladaq ki, elə bu dövrlərdə Moskva Konservatoriyasını bitirmiş Emin Sabitoğlu Azərbaycan kinostudiyasında musiqi redaktoru kimi işə başlayır və bu da onun yaradıcılığında kino və populyar musiqinin böyük rol oynamasına səbəb olur. Uzun illər sayılıb-seçilən bəstəkarlarımız — Adil Bəbirov, Aydın Əzimov, Ca­van­şir Quliyev, Eldar Mansurov və başqalarının də əmək fəaliyyəti bilavasitə tele­vi­zi­ya və kino qurumları ilə bağlı olmuşdur. Məhz belə yüksəkixtisaslı peşəkarlar uzun illər musiqi redaktoru və səs rejissorları kimi televiziya və kino məkanında key­fiy­yət­li iş ortaya qoyurdular. Eyni zamanda, bu fəaliyyət sahəsi bilavasitə onların ya­ra­dı­cılığına böyük təsir göstərirdi. Ruhəngiz Qasımovanın bu sırada yeganə qadın kimi (zən­nimcə, səhv etmirəm!) inamla yer alması heç də asan məsələ deyildi. Çünki rəqa­bət böyük idi! Üstəlik qadının ailə həyatında üzərinə düşən sonsuz qayğıları da nə­zərə alsaq, bu “qoçaq xanımın” (Üzeyir Hacıbəylinin tələbələrinə ən yüksək tərifi məhz “qoçaq” sözü idi. Rəğbət bəslədiyi gənclərə “qoçaq-oğlan”, “qoçaq qız”, – deyə müraciət edərdi) məsuliyyət tələb edən iş yerində, habelə sənətdə, yaradıcılıqda öz sözünü deməsi iradə tələb edirdi. Ruhəngiz Qasımovanın şəxsində bu key­fiy­yət­ləri görmək mümkündür. S.Qafarovun yazdığı kimi, “Onun “Ekran” yaradıcılıq bir­li­yi­nin formalaşmasında peşəkar fikirləri və qeydləri, təşəbbüskarlığı və əzmkarlığı bö­yük rol oynamışdı. Bu dövlət təşkilatında Ruhəngiz xanım 200-dən çox sənədli və bədii filmin ərsəyə gəlməsində iştirak etmiş, səs rejissoru, ssenari müəllifi və bəs­tə­kar kimi incəsənət xəzinəsinə müstəsna töhfələr vermişdir” [1, s.12]. Bu xüsusda bir tarixi olay önəmlidir: R.Qasımova 1965-ci ildə Azərbaycanda ilk dəfə çəkilmiş “Da­nı­şan işıqlar” adlı televiziya cizgi filminin bəstəkarıdır və bu fakt hətta Azərbaycan Milli Ensiklopediyasına düşüb.

       Ruhəngiz xanımın kino və televiziya sahəsinə ciddi marağının yaranmasında tələbə ikən teatr tamaşasına musiqi yazması da, fikrimizcə, az rol oynamayıb, bəlkə də həlledici olub. Axı, 1961-ci ildə Naxçıvan Dram Teatrında səhnəyə qoyulan “Kölgəli dağ” (müəllif — M.Tarıverdiyev) tamaşasının rejissoru sıradan biri deyildi: bu – görkəmli sənətkar, Azərbaycan teatr tarixində öz kəsərli sözünü demiş Tofiq Kazı­mov idi. Yaradıcılıq yolunun erkən dövründə gənc bəstəkarın belə böyük sənət­karla qarşılaşmasını, yalnız, taleyin xoş bəxşişi kimi qiymətləndirmək olar.

     Sonrakı illər istər teatr, istərsə də kino və televiziya sahəsi olsun, Ruhəngiz xanım üçün uğurlu işlər və yaradıcılıq tandemləri ilə yadda qalıb. Tanınmış rejis­sor­lar — Zəfər Nemətov, Rasim İsmayılov, Nazim Abbasov, Ramiz Həsənoğlu, Cahangir Nov­ruzov onunla həvəslə çalışıblar. Bu dövrdə ərsəyə gələn işlər sırasında isə “Yollar görüşəndə” (1979), “Ömrün yolları” (1982), “Qonşu qonşu olsa…” (1987) tele­tamaşaları (hər üçünün rejissoru R.Həsənoğludur) zənnimizcə, daha uğurlu alınıb və bəstəkarın bioqrafiyasında xüsusi yerə malikdir. Ruhəngiz xanımın hərtərəfli iste­da­dı bu telelayihələrdə tam gücü ilə parlayıb: o, həm libretto müəllifi, həm bəstəkar, iki­sində isə həm də müğənni qismində çıxış edib. İncə yumor və zarafat qarışıq, lirik ov­qatlı bu tamaşalar indi də aktuallığını itirmir. Əgər “Yollar görüşəndə” adlı ilk tele­tamaşada mahnıları populyar müğənnilər Flora Kərimova və Cavan Zeynallı ifa edir­lərsə, artıq ikinci (“Ömrün yollarında”) və sonuncu (“Qonşu qonşu olarsa…”) mu­siqili teletamaşalarda bu vəzifəni bəstəkar öz üzərinə götürür və yaxşı səs im­kan­la­rı ilə öhdəsindən layiqincə gəlir. Səslənən musiqi içərisində melodik təravəti ilə se­çi­lən “Susdu dodaqlar”, “Ətrin qalıb güllərdə” mahnıları daha çox məşhurlaşıb. Bu ta­maşalarda müzikl elementləri (məsələn mahnıların rəqslərlə müşayiət olunması) aş­kar görünür və əslində onlar musiqili teatr səhnəsində bu statusda yer ala bilərdi. Şüb­həsiz ki, teletamaşaların böyük uğur qazanmasında istedadlı aktyor ansambllarını xü­susi qeyd etmək lazımdır: Yaşar Nuri, Səməndər Rzayev, Nəcibə Məlikova, Ham­let Qurbanov, Eldəniz Zeynalov, Firəngiz Şərifova, Rafael Dadaşov, Hacı İsmayılov, Səidə Quliyeva kimi sənətkarların iştirakı bu əsərlərin uzun ömrünü şərtləndirən vacib amillər sırasındadır.

      Ruhəngiz Qasımovanın yaradıcılığından söz açarkən, şübhəsiz mahnı janrının ön­cül yeri yaxşı sezilir. Onların sayı təxminən 50-yə yaxındır. Ən məşhur nümunələr ke­çən əsrin 60-70-cı illərinin estrada musiqi üslubunda bəstələnib. Azərbaycan mah­nı yaradıcılığında 40-ci illərdən etibarən vüsət almağa başlayan bu üslub dövrünün into­nasiya lüğəti və ritmik qəliblərinin təsiri altında daim yeniləşir, müasirləşir, hit nü­munələrin yaranmasını şərtləndirirdi. Ruhəngiz Qasımovanın “Anacan, dostum ev­lə­nir” mahnısı da, tam cəsarətlə demək olar ki, 60-70-cı illərin hitləri sırasında yer ala­raq yaradıcılarına xeyli məşhurluq qazandırmışdı. Rəşid Behbudov və onu mü­şa­yiət edən estrada ansamblının rəhbəri Rafiq Babayevin virtuoz aranjimanını bu əs-na­da ayrıca qeyd etmək lazımdır. Bu qüdrətli ifaçılar Ruhəngiz Qasımova və şair Fikrət Qoca tandeminin məxsusi məna yükünü, nəbzini həssaslıqla tuta bilmişdilər. Ru­həngiz xanım da bu ifaçıların yaradıcılığındakı taleyüklü əhəmiyyətini belə qiy­mət­ləndirib: “Hər yerdə və hər zaman etiraf edirəm ki, 1962-ci ildə mən Rəşid Beh­bu­dovun yanına gəlməsəydim və irəliləyən zamanlarda mənim əsərlərimdə Rafiq Baba­yevin iştirakı olmasaydı, mən mahnı janrının bəstəkarı kimi özümü doğrulda bilməzdim” [1, s.18].

     Rəşid Behbudov “Anacan, dostum evlənir” mahnısından əslində parlaq bir səh­nə­cik qurmuşdu və özü də onu bir aktyor fəhmi ilə canlandırmışdı: mahnının so­nun­da oxu tərzi hətta yalvarışlı xahişə — danışığa keçir. Dinləyicinin qarşısında güclü ev­lən­mək istəyini anasına dolayı yolla anladan bir gəncin çılğın obrazı canlanır. Kino­film­lərdə, opera və operettalarda aktyor-müğənni kimi uğurla çıxış edən Rəşid Beh­bu­dov bilavasitə səhnə və ya filmlə bağlı olmayan ayrıca bir mahnını da görümlü et­mə­yə çalışırdı. Böyük sənətkarın 1960-cı illərdə Bakıda Mahnı teatrını yaratması da, zən­nimizcə, elə bu ehtiyacdan və niyyətdən doğmuşdu. Şübhəsiz ki, R.Qasımovanın “Ana­can, dostum evlənir” mahnısı, ilk növbədə, orijinal obraz-məzmunu, əks olunan həyati situasiyanın təbiiliyi ilə böyük müğənnini cəlb etmişdi. Bu təbiiliyin kökündə isə Ruhəngiz xanımın öz şəxsi həyatında yaşadığı maraqlı olaylar dururdu. Gələcək həyat yoldaşı ilə qəribə münasibətlərin təkamülünü əvvəlcə o, məzəmmət xarakterli, oy­naq “Utancaq oğlan” mahnısında (Elmira Rəhimova və İdris Mehdiyevin ifa­sın­da), daha sonra sevgilisini etinasızlıqda qınayan “Gəlmirsən, gəlmə” (İlhamə Q­u­li­ye­va­nın ifasında) və nəhayət, qəti evlənmək əzmini “Anacan, dostum evlənir” mah­nısında ortaya qoymuşdu. Beləcə, Fikrət Qocanın sözlərinə üç mahnıdan ibarət bir tri­logiya – “məhəbbət dəstgahı” (S.Qafarovun ifadəsi) yaranmışdı. Qeyd etmək lazımdır ki, o dövrdə bu mahnıların üçü də kifayət qədər məşhurlaşmışdı və onların musiqisi də, sözləri də yaddaşlarda indi də qalmaqdadır.

   R.Qasımovanın mahnılarını arasında son zamanlar xalq artisti Azər Zey­na­lo­vun ifa­sında səsləndirilmiş “Azərbaycan” adlı nümunəyə (söz. İsa İsmayılzadə) xü­su­si diq­qət çəkmək istərdim. Təəssüf ki, mahnıya onun ilk ifaçısı Rəşid Behbudovun yo­zu­mun­da qulaq asmaq bizə müyəssər olmayıb. Lakin heç şübhəsiz, bu əsər vaxtilə (1969-cu ildə) məhz Rəşid Behbudovun güclü səs imkanları və məxsusi ifa tərzi üçün nə­zər­də tutulmuşdu. Mahnının üslubu onu geniş nəfəsli ariyaya bənzədir. Doğ­ma yurdun hər tərəfini, hər qarışını məhəbbətlə ağuşuna almaq, üzərində qanad çalıb süz­mək, ca­nın­dan çox sevdiyi vətənini var-qüvvə ilə vəsf etmək istəyi var bu möh­tə­şəm sevgi eti­ra­fında. Nəfəs dərmədən, elə bil sonsuzluğa baş alıb gedən melodiyada ucsuz-bucaqsız də­niz üfüqlərinin, hüdudsuz çöllərin, başı qarlı dağ zirvələrinin ruhu hökm sürür. Ruhən­giz Qasımovanın dediyinə görə, Rəşid Behbudov bu mahnı ilə öz bö­yük konsert proq­ramlarını açardı. Uzun illərdir Azərbaycan estradasında, musiqili teatr səhnəsində Rəşid Behbudov ənənələrini layiqincə yaşadan Azər Zeynalovdan başqa, hazırda daha kiminsə bu ilhamlı musiqini bu tərz mükəmməl oxuya biləcəyini təsəvvür etmək, əl­bət­tə, çox çətindir. Bu xüsusda “Azərbaycan” mahnısının doğma yur­dumuza həsr olun­muş çoxsaylı nümunələr arasında özəl yeri çox aydın və qabarıq görünür.

      Ruhəngiz Qasımova bu il həyat və yaradıcılıq yolunun müdriklik zirvəsinə qə­dəm qoyub. Onunla istər canlı həyatda, istərsə də ekran vasitəsilə görüşmək daim yük­sək əhval-ruhiyyəyə, xoş ovqata yetişmək deməkdir. Azərbaycanın musiqi, teatr, kino və televiziya məkanında çoxlu pərəstişkarları olan gözəl sənətkarımızı bu əla­mət­dar yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı və uzun ömür diləyirik.

 

ƏDƏBİYYAT:

  1. Qafarov S.Ə. Ruhəngiz Qasımova. B.: Şərq-Qərb Nəşriyyat evi, 2015, 32 s.

 

Lalə Hüseynova

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor

Mövzuya uyğun