AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” 2020 № 4 (49)

MUĞAM KARVANININ KAMİL SARVANI

ƏLİBABA MƏMMƏDOV — 90

%c9%99libaba

     Azərbaycan xanəndəlik məktəbinin tanınmış nümayəndəsi Əlibaba Məmmədov keçdiyi mənalı və şərəfli ömür yolu ilə milli musiqi xəzinəmizi zənginləşdirmiş böyük sənətkardır. O, özünəməxsus ifa üslubu, məlahətli səs tembri və yüksək səhnə mədəniyyəti ilə xalqın rəğbətini qazanmışdır.

     Muğam sənətimizin kamil bilicisi olan Əlibaba müəllimin yaradıcılıq  yolu gənc xanəndələr nəsli üçün örnəkdir. Onun sənətkar kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynamışdır. Uşaqlıqdan əmisindən milli musiqinin sirlərini öyrənməyə başlamış, sonralar isə ustadı Seyid Şuşinskidən aldığı dərslərlə sənətini cilalamışdır. Oxuduğu hər bir muğama, xalq mahnısına öz möhürünü vuran Ə.Məmmədov milli musiqimizin təbliğində, inkişafın- da və tədrisində də xüsusi rolu olan böyük pedaqoqdur.

     Hər bir xalqı yaşadan, onu öz kökünə dərin və qırılmaz tellərlə bağlayan ana dili ilə yanaşı, həm də mədəniyyətidir. Şairlik və bəstəkarlıq istedadını öz sənəti ilə parlaq şəkildə uzlaşdırmağı bacaran Ə.Məmmədovun müəllifi və mahir ifaçısı olduğu rəngarəng təsniflər mayası xalq musiqisindən yoğrulduğuna görə dinləyicilərin qəlbində silinməz izlər qoyub. Onun M.Füzuli, Ə.Vahid, M.Müşfiq, S.Rüstəm, B.Vahabzadə kimi şairlərin poetik nümunələrinə yazdığı mahnıları R.Muradova, Z.Xanla- rova və digər tanınmış müğənnilər səsləndiriblər.

     Ə.Məmmədovun müəllifi olduğu musiqi incilərinin əksəriyyəti vətən haqqındadır. Bunun da kökündə ustad xanəndənin xalqımıza, vətənimiz Azərbaycana olan sonsuz sevgisi dayanır. Dillərdə əzbər olan “Xudayar təsnifi”, yəni əvvəllər sənətkarın öz ifasında dinlədiyimiz “Vətən yaxşıdır” musiqi əsəri bunun bariz nümunəsidir.

      Görkəmli sənətkar gənclik illərində oxuduğu “Simayi-Şəms” ritmik muğamı, “Şur” və “Çahargah” muğam dəstgahları ilə sənət dostlarından seçilərək dinləyicilərin qəlbini fəth etmişdir. Onun səsləndirdiyi klassik muğam nümunələri ifaçılıq sənətinin kamil inciləri səviyyəsinə yüksəlmiş və musiqi mədəniyyətimizin qızıl fondu- nun bəzəyinə çevrilmişdir.

      Muğam ifaçılığına yaradıcılıqla yanaşan qocaman sənətkar gənclik illərindən başlayaraq “Dəşti”, “Rahab”, “Hümayun” muğamlarına yeni xallar, guşələr əlavə etməklə onları zənginləşdirmişdir. Həyatını bütünlüklə muğamlarımızın inkişafına, təbliğinə və tədrisinə həsr etmiş müdrik xanəndə rəhbərlik etdiyi “Hümayun” ansamblı ilə bir sıra istedadlı ifaçıları xalqımıza tanıtdırmaq sahəsində mühüm işlər görmüşdür. Əlibaba müəllimin dəfələrlə muğam müsabiqələrində münsiflər heyəti- nin üzvü kimi iştirakını hər kəs yaxşı xatırlayır. O, Üzeyir bəyin “İstedadları irəli çəkin, istedadsızlar özləri-özlərinə yol açacaq” məsləhətinə əməl edərək gənc xanən- dələr nəslinin yetişməsində böyük əmək sərf etmişdir.

     Azərbaycan dövləti Ə.Məmmədovun fəaliyyətini bütün dövrlərdə çox yüksək qiymətləndirib. Görkəmli sənətkar xalq artisti fəxri adına, Prezident təqaüdünə layiq görülmüş, “Şöhrət” , “İstiqlal” və “Şərəf” ordenləri ilə təltif olunub.

     Ustad sənətkarımız Ə.Məmmədovu anadan olmasının 90 illiyi münasibəti ilə AMK-nın kollektivi adından səmimi qəlbdən təbrik edir, ona ömrünün müdriklik çağında möhkəm can sağlığı arzulayırıq.

Mövzuya uyğun