Cahangir Cahangirovun musiqi dünyası
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
KONSERVATORİYA № 1, 2018
CAHANGİR CAHANGİROVUN MUSİQİ DÜNYASI
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri olan Cahangir Cahangirov musiqi tariximizi öz yaradıcılıq irsi ilə zənginləşdirmişdir. Bəstəkarın yaradıcılığı müxtəlif janr və formaları əhatə etməklə musiqinin hər bir sahəsində özünəməxsus şəkildə təzahür olunub. Onun yazı üslubu və fərdi bəstəkarlıq xüsusiyyətləri hər bir əsərində öz əksini tapmışdır. Cahangir Cahangirov dahi Üzeyir Hacıbəylinin və eyni zamanda dünya klassik bəstəkarlarının ənənələrinə əsaslanan istedadlı bəstəkar, dirijor-xormeystr, ictimai xadim və pedaqoq olmuşdur. Yaradıcılığa 1940-ci illərdə qədəm qoyan bəstəkar, bir-birinin ardınca gözəl əsərlər yaradaraq inkişaf etmişdir. O, bəstəkarlıq sahəsində ilk addımlarını mahnı və xor musiqisi ilə başlamış və bütün yaradıcılığı boyu məhz bu janra üstünlük vermişdir.
Cahangirovun yaradıcılığı daima musiqi sevərlərin və professional musiqiçilərin diqqət mərkəzində olmuş və yüksək qiymətləndirilmişdir. İctimayət tərəfindən Cahangir Cahangirova həsr olunmuş müxtəlif tədbirlər keçirilir, televiziya verlişləri hazırlanır. Bununla da bəstəkarın əsərləri yeni nəsil musiqiçilərə, gənclərə və ümumilikdə xalqa çatdırılaraq təbliğ olunur. Belə tədbirlərindən biri Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film fondunun birgə təşkilatçılığı ilə 28 fevral 2018-ci il tarixində Konservatoriyanın “Böyük zalı”nda xalq artisti Cahangir Cahangirovun xatirəsinə həsr edilmiş “Musiqi və film axşamı” adı altında keçirilmişdir. Tədbirdə Azərbaycan incəsənətinin tanınmış simaları iştirak etmiş, öz ifaları və çıxışları ilə bəstəkarın ruhunu yad edərək dinləyicilərə gözəl ab-hava bəxş etmişlər. Burada bəstəkarın məşhur mahnıları və filmlərə yazdığı musiqi əsərlərindən ibarət proqram nəzərdə tutulmuşdu.
Konsert monitorda Cahangir Cahagirovun musiqi bəstələdiyi “Dəli Kür” filmindən verilən fraqmentlə başlayır. “Dəli Kür” yazıçı İsmayıl Şıxlının eyniadlı romanı əsasında 1969-cu ildə “Azərbaycan film” kinostudiyasında çəkilib. Filmin rejissoru Hüseyn Seyidzadə və bəstəkarı Cahagir Cahangirovun yaradıcılıq vəhdəti, yüksək professionallığı ilə burada öz əksini tapmışdır. Ümumiyyətlə Cahagir Cahangirov Hüseyn Seyidzadənin rejissorluğu ilə üç filmə musiqi yazmışdır. Bunlar “Koroğlu” (1960), “Yenilməz batalyon” (1963) və adı çəkdiyimiz “Dəli Kür” (1969) filmləridir. “Dəli Kür” filminin əvvəlində səslənən Cahangirovun “Ana Kür” mahnısı Rəfiq Zəkanın sözlərinə yazılmışdır və burada mahnını keçmiş Azərbaycan SSR xalq artisti Gülağa Məmmədov ifa edir.
Qeyd etdiyimiz fraqmentdən sonra Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Siyavuş Kərimi səhnəyə çıxaraq görkəmli bəstəkar Cahangir Cahngirovun yaradıcılığından söhbət açır və bütün axşamı səhnəni ifaçılarla bölüşərək konsertin gedişatına rəhbərlik edir. O, düzgün qeyd edir ki, Cahangirovun yaradıcılığı olduqça zəngin, hərtərəfli, mürəkkəb eyni zamanda ürəklərə asan yol tapan musiqi nümunələridir və bəstəkarın hər əsəri bir dünyadır. Növbəti musiqi nömrəsi bəstəkarın 1948-ci ildə dahi Nizaminin 800 illiyi ilə əlaqədar yazılmış xor üçün “Qəzəl” əsərinin balaban alətləri ansamblının ifasında çıxışıdır. AMK-nın tələbələrindən ibarət ansamblın ifasında “Qəzəl”, balaban alətinin tembr və səslənmə xüsusiyyətini nəzərə alaraq maraqlı və özünəməxsus şəkildə təqdim olundu (əsəri ansambl üçün işləyəni AMK-nın professoru İlham Nəcəfovdur).Bu gözəl, dolğun və səmimi hissləri əks etdirən musiqi əsərinin ifası fonunda tamaşaçılara monitorda bəstəkarın həyat və yaradıcılığının əsas məqamlarını əks etdirən foto-slayd görüntüsü verilir. Bu nömrədən sonra səhnəyə Azərbaycanın xalq artisti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova dəvət olundu. Şəfiqə xanım öz çıxışında Cahangirovun dram tamaşalarına yazdığı musiqi haqqında geniş məlumat verərək öz xatirələri ilə bölüşdü.
Məlum olduğu kimi C.Cahangirov bir sıra dram tamaşalarına musiqi bəstələmişdir. Onlardan Ə.Məmmədxanlının “Od içində” (1950-ci illlər), N.Xəzrinin “Sən yanmasan” (1974) və “Mirzə Şəfi” (1982), H.Cavidin “Xəyyam” (1970), Ə.Əylislinin “Quşu uçan budaqlar” (1978) və C.Məmmədquluzadənin “Dəli yığıncağı” (1978) dram əsərlərinə bəstələnmiş musiqinin adlarını çəkmək olar. Bu əsərlər içərisində H.Cavidin “Xəyyam” və C.Məmmədquluzadənin “Dəli yığıncağı” dram tamaşalarına yazılan musiqi xüsusi məna kəsb edir. “Xəyyam” üç pərdə doqquz şəkildən ibarətdir. C.Cahangirov “Xəyyam” tamaşasına 64 musiqinömrəsi yazmışdır. Bu musiqi nömrələri içərisində Alp Arslanın qələbəsini əks etdirən marş, Saray qızlarının rəqsi, Zəlzələ səhnəsi xüsusi maraq doğurur. Burada bəstəkar böyük ustalıqla təsvirçilik elementlərinə üstünlük verir. H.Cavidin əsərinin dramaturji ideyası C.Cahangirovun musiqisində tam şəkildə öz əksini tapmışdır. Beləliklə ilk orkestr nömrəsində artıq dramın dərin fəlsəfi məzmunu əks etdirilir. “Xəyyam” tamaşasınınpremyerası 1970-ci il martın 12-də Akademik Milli Dram Teatrınin səhnəsində baş tutmuşdur. Baş rollarda Şəfiqə Məmmədova (Sevda – xanəndə qız), Azərbaycanın xalq artistləri Mehdi Məmmədov və Həsən Turabov (Xəyyam) çıxış etmişlər.
Şəfiqə xanım çıxışını yekunlaşdıraraq “Füzuli” kantatasının musiqisi fonunda H.Cavidin “Gəldin də, neçin pəmbə buludlar kimi axdın” şerini C.Cahangirova ithaf edərək fikirlərini tamamladı.
Monitorda “Yenilməz batalyon” filmindən güllələnmə səhnəsinin fraqmenti verilir. “Yenilməz batalyon” filmi 1960-ci illərdə “Azərbaycanfilm” kinostiyasında çəkilmişdir. Burada C.Cahangirovun musiqisi ilə kinokadrlarının professionallıqla üst-üstə düşməsi kino musiqisinin inkişafının yüksək mərhələsi kimi qəbul olunur. Bu filmdən həmçinin “Teymurun mahnısı” bəstəkarın ən gözəl və məşhur mahnı nümunələrindəndir. Filmdə mahnını xalq artisti, görkəmli xanəndə İslam Rzayev ifa etmişdir.
Əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədovun müşayiəti ilə xanəndə Ehtiram Hüseynovun ifasında “Etməzmidim?” qəzəl romansı səsləndi. Romans dahi Məhəmməd Füzulinin sözlərinə yazılıb. Füzuli poeziyasının dərin fəlsəfi məzmunu musiqi dili vasitəsilə C.Cahangirov üslubuna xas şəkildə əks olunmuşdur. Ümumiyyətlə Füzuli poeziyası bəstəkarın yaradıcılığında böyük rol oynamışdır. O cümlədən C.Cahangirovun məşhur, geniş dinləyici kütləsinin rəğbətini qazanmış əsərləri sırasında Füzuli kantatası xüsusi qeyd olunmalıdır. Füzuli kantatası XVI əsrin dahi şairi Məhəmməd Fizulinin 400 illiyi münasibəti ilə yazılmış bu əsər 1959-cu ildə ilk dəfə ifa olunmuşdur. Kantatada Füzulunin “Söz”, “Ney kimi”, “Məni candan usandırdı”, “Ol pərivəş” qəzəllərindən və “Leyli və Məcnun” poemasının “Qəzəli ustad” şerindən istifadə olunmuşdur. Eyni zamanda Füzuliyə həsr olunmuş Rəsul Rzanın “Gəl ey dövran cəfəsından” şerinin birinci altı sətri kantatada verilir. C.Cahangirov Füzuli qəzəllərinin dərin mənasını böyük ustalıqla öz musiqisində əks etdirir.
Əməkdar artist Anar Şuşalının ifasında bəstəkarın “Gül camalın gülə dedi” (N.Gəncəvinin sözlərinə) əsəri dinləyicilərə təqdim olundu. Bu əsərdə C.Cahangirov qəzəl janrına müraciət edərək dahi Ü.Hacibəylinin ənənəsini davam etdirərək, özünün vokal üslubunu və ifadə xüsusiyyətlərini göstərmişdir. Bədii poeziya və qəzəllərdə adətən bənzətmə, oxşatma kimi ifadə metodundan istifadə olunma (məsələn sevgilini güllərlə, şairi bülbüllərlə müqayisəsi) C.Cahangirov musiqisində obraz təcəssümünü tapır. C.Cahangirov dahi melodist olmuşdur. Onun melodiyalarında obrazlı emossional ifadənin, intonasiyanın əhatə diapazonu olduqca genişdir. Buna misal kimi məhz “Gül camalın gülə dedi” qəzəlini göstərmək olar.
Nöbəti çıxış üçün Siyavuş müəllim səhnəyə Azərbaycan Dövlət Film Fondunun direktoru,Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi Cəmil Quliyevi dəvət etdi. O, C.Cahangirovun yaradıcılığının mühüm hisəsini təşkil edən kinofilmlərinə yazdığı musiqisi, onun bu sahədə fəaliyyəti haqqında geniş məlumat verərək qeyd etdi: “C.Cahangirovun kinomusiqisinin dahiliyi ondadır ki, onun musiqisi təsviri illüstrasiya etmir. Onun musiqisi təsvir ilə vəhdət yaradır, təsviri daha da zənginləşdirir və inkişaf etdirir. Eyni zamanda C.Cahangirov kinematoqrafda dramaturgiyanı dərindən hiss edirdi və dramaturgiya çərçivəsində öz musiqisini yaradırdı. Yəni, musiqi filmə mane olmurdu, o filmlə sintez təşkil edərək vahid bir sənət əsərinin yaranmasına gətirib çıxarırdı. C.Cahangirov Azərbaycan kinomusiqisində nadir bəstəkarlardan biridir ki, bütün kino yaradıcılıq prosesində əvvəldən axıradək iştirak edirdi”. Cəmil Quliyev çıxışının sonunda başda Siyavuş müəllim olmaqla bütün yaradıcı kollektivə öz təşəkkürünü bildirdi.
Cəmil Quliyevin bəstəkarın kinomusiqisi haqqında geniş çıxışının ardınca “Koroğlu” kinofilmindən fraqment verildi. “Koroğlu” filmi 1960-ci ilə “Azərbaycanfilm” kinostuiyasında lentə alınmışdır. Filmin yaradıcı qrupu Koroğlu dastanının ekranlaşdırılmış variantını tamaşaçılara təqdim etmişdir. Filmdən Koroğlunun, Dəli Həsənin və rəqqasə qızın mahnıları çox məşhur və indi də xalqımız tərəfindən sevilən və dinlənilən mahnılardır (bu mahnıların notları 1961-ci ildə C.Cahangirov “Mahnılar” adı altında Azərbaycan Dövlət Musiqi Nəşriyyatı tərəfindən nəşr olunmuşdur). Filmdə mahnıları ifa edən görkəmli sənətkarlarımız Xalq artistləri Lütfiyar İmanov və Şövkət Ələkbərovanın adlarını xüsusi qeyd etmək lazımdır. Tədbirdə adı çəkilən Dəli Həsənin mahnısını xalq artisti, professor Mənsum İbrahimovun mahir ifasında dinlədik. Mahnının əvvəlində giriş xarakterli rəngdən sonra Mənsum İbrahimov “Şur” muğamından (B.Vahabzadənin sözləri ilə) bir parça ifa edərək mahnıya keçid etdi. C.Cahangirovun Zeynal Cabbarzadənin “Bana bana gəl, qaçma gözəl” sözləri ilə başlayan mahnısı oynaq, şən-zarafatyana xarakter daşıyır. Elçin Həşimovun və Elnur Əhmədov müşayiəti ilə səslənən mahnıda ifaçılar hətta nəqarət yerlərində xanəndə ilə birgə oxuyurdular. Bu da ifaçıların improvizasiya edərək yüksək professionallığını və öz sənətinə dərin məhəbbətini bir daha sübüt edir. Mahnının sonluğunu Mənsum müəllim zil-şahnaz üzərində improvizasiya ilə tamamlayır.
Konsertdə xalq artisti Aygün Bayramova da Elçin Həşimov və Elnur Əhmədovun müşayiət ilə çıxış etdi. Aygün Bayramova Cahangirovun Süleyman Rüstəmin sözlərinə yazdığı “Sevgilim söyləmə vəfasız mənə” mahnısını ifa edir. Bu mahnının əsasını məhəbbət lirikası təşkil edir. Məhz xanəndələrin ifasında Cahangirov mahnılarının muğama nə qədər yaxın olduğunu bir daha görmək olar. Bəstəkar burada lad-tonal qanunauyğunluğuna, metro-ritmik və struktur-kompozisiya quruluşu və intonasiya əsasına böyük diqqət yetirir və öz musiqisində məharətlə istifadə edir.
Aydın Əliyevin ifasında qarmon aləti üçün özünəməxsus işləmədə bəstəkarın “İlk bahar gəldi” (bu mahnının mahir ifaçısı Rəşid Behbudov olmuşdur)mahnısı lirik rəqs kimi təqdim olundu. Səhnədə rəqqasənin incə hərəkətləri musiqini tamamlayan maraqlı nömrə idi. Qeyd etmək lazımdır ki, C.Cahangirov mahnılarında müxtəlif janr elementlərinin və onların birləşməsinin şahidi oluruq. Məsələn mahnı-qəzəl, mahnı-vals, mahnı-rəqs və s. kimi elementlərdən bəstəkar mahircəsinə istifadə edir. Janr əsasının genişliyi onun mahnılarının fərqləndirici xüsusiyyətidir.
Səhnədə Siyavuş Kəriminin gözəl müşayiəti ilə C.Cahangirovun “Alagöz” mahnısı əməkdar artist Ramil Qasımovun ifasında səsləndi. Bu mahnı bəstəkarın lirik mahnıları sırasına daxildir. Dərin məzmunlu, bəstəkarın yazı üslubunun əsas xüsusiyyəti olan nəqlediçilik prinsipini əks etdirən parlaq nümunədir. Siyavuş müəllimin müşayiəti ilə C.Cahangirovun sevilən mahnılarından bir olan, İslam Səfərlinin sözlərinə yazdığı “Zərif gülüşümlə” (“Gəl sevək vətəni – Azərbaycanı”, Çahargah muğamı üzərində yazılmışdır) mahnısı xalq artisti, professor Azər Zeynalovun təqdimatında ifa olundu. Bəstəkarın hər bir mahnısının forma, musiqi dili və obraz baxımından zəngin olması, Cahangirov üslubunun fərqləndirici xüsusiyyətlərindən biridir. Həmçinin qeyd etmək lazımdır ki, C.Cahangirov mahnılarında, inkişaf prinsipinə görə ənənəvi mahnı janrından kənara çıxaraq əsəri, bir növ, balladaya yaxınlaşdırır. Mahnılarda fikrin, məzmunun musiqi dili vasitəsi ilə tədricən açılması bəstəkarın yaradıcılığının aparıcı prinsipi kimi qeyd etmək olar.
C.Cahangirovun doğma torpağına, xalqına olan dərin məhəbbəti və bağlılığı onun vətənpərvərlik hisslərini əks etdirən əsərlərində böyük məharətlə ifadə olunur. Belə əsərlərdən biri, konserti tamamlayan nömrə “Ana yurdum” mahnısıdır. Əsər AMK-nın tələbə xoru (mahnını xor üçün işləyni AMK-nin “Dirijorluq” kafedrasının baş müəllimi, xormeystr Təranə Yusifovadır) tərəfindən ifa olundu. Solistlər qismində Azər Zeynalov və Anar Şuşalı çıxış edərək ecazkar ifaları ilə konserti yekunlaşdırdılar.
Konsertdən gözəl təəssuratlarla ayrılaraq belə nəticəyə gəlmək olar ki, həqiqətən də Azərbaycan musiqisi, Azərbaycan bəstəkarları mədəniyyətimizi dünyaya tanıtdıran güclü bir qüvvədir. C.Cahangirov isə bu bəstəkarların icərisində ön sırada gedən sənətkardır.
AMK-nın dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Quliyeva Leyla