Nəğmələrdə yaşayan ömür
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
KONSERVATORİYA № 1, 2018
NƏĞMƏLƏRDƏ YAŞAYAN ÖMÜR
“Bəstələdiyim musiqini insanlara bəxş etməkdən zövq alıram”. Bu sözlər Q.Qarayev məktəbinin layiqli davamçısı, görkəmli sənətkar, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Elnarə Rəhimağa qızı Dadaşovaya məxsusdur. XX əsrin 70-ci illərindən Azərbaycan musiqi mədəniyyətinə daxil olan bəstəkar yazdığı müxtəlif janrlı əsərləri ilə nəinki Azərbaycanda, həm də xarici ölkələrdə vətəni layiqincə təmsil edir. O, geniş yaradıcılıq diapazonuna malikdir: həm bəstəkar, həm pianoçu, həm pedaqoq, həm də xalq musiqisinin tədqiqatçısı və təbliğatçısı kimi yorulmadan çalışır. Bu baxımdan, onun yaradıcılıq fəaliyyətində heç bir zaman durğunluq, boşluq yaranmamış və o, daima axtarışdadır. Yorulmaz, fəal yaradıcılığının nəticəsi kimi E.Dadaşova bir çox fəxri fərmanlara, sertifikatlara, diplom və mükafatlara layiq görülmüşdür. Bəstəkar kamera, vokal instrumental, simfonik, səhnə musiqisi janrlarında əsərlər yaratmışdır. Onun əsərlərinin müvəffəqiyyət qazanmasına başlıca səbəb bəstəkarın musiqisinin milli ənənələrə istinad etməsi, dövrün tələblərinə cavab verən milli koloritli kompozisiyalar yaratması olmuşdur. Yaratdığı əsərlərlə tamaşaçı və dinləyici kütləsinin rəğbətini qazanan Elnarə Dadaşovanın yanvar ayının 16-da Azərbaycan televiziyası “Mədəniyyət” kanalının təşkilatçılığı, Azərbaycan Bəstəkarlar İttifaqının və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə layihəsi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin dəstəyi ilə 65 illik yubileyi ilə bağlı yaradıcılıq gecəsi keçirilmişdir. Konsertdə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına simfonik orkestrinin ifası və müşayiəti ilə bəstəkarın müxtəlif yaradıcılıq dövrlərini təmsil edən əsərləri səsləndirilmişdir. Konsertin proqramına 16 musiqi nömrəsi daxil edilmişdir. Elnarə xanımın özünün qeyd etdiyi kimi, konsertin proqramına dirijor Nazim Hacıəlibəyovun təklifi ilə bəstəkarın yaradıcılığının ayrı-ayrı dövrlərində fərqli heyət və yaş qruplarını təmsil edən solist, ansambl və kollektivlər üçün yazdığı müxtəlif mövzulu bəstələri daxil olunmuşdu. Azərbaycan televiziyasının Niyazi adına simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru əməkdar incəsənət xadimi N.Hacıəlibəyov idi.
Konsertdə ön söz söyləmək üçün Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən musiqişünas, Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova dəvət olunmuşdu. O, Elnarə xanımın yaradıcılıq, musiqişünaslıq və pedaqoji nailiyyətlərini ətraflı şərh etdikdən sonra tamaşaçı və dinləyiciləri konserti dinləməyə dəvət etdi. Konsertin ilk 3 musiqi nömrəsi (“Səməni ilə rəqs”, “Cazibə rəqsi”, “Rəqiblər rəqsi”) bəstəkarın yaradıcılığında xüsusi yerlərdən birini tutan “Sayalı” baletindən nümunələr oldu. Qeyd etməliyik ki, balet üzərində bəstəkar 1976-cı ildən işləməyə başlamış və valideynlərinə həsr edilmiş bu əsərin ilk tamaşası isə 2012-ci il dekabrın 15-də M.F.Axundov adına Opera və Balet Teatrının səhnəsində baş tutmuşdu. Elnarə xanım baletin musiqisində digər əsərlərində olduğu kimi, Azərbaycan milli intonasiyalarından geniş istifadə etmişdir. Baletdə alətlərin istifadə imkanlarını xüsusш nəzərə alan bəstəkar orkestrin səslənməsində suni yüklənməyə yol vermir. Bunun da nəticəsində hər bir alətin tembri aydın eşidilirdi. “Rəqiblərin rəqsi”ndə kameralılıq özünü aydın göstərərək, simlilərin, fortepiano və qoboyun ansamblında iki rəqib qrupun cəld rəqsi xüsusilə seçildi. Burada bəstəkar xalq ifaçılığından gələn üsulun tətbiq edilməsinə də çalışmışdı. Xüsusilə, simli alətlər qrupunda xalq çalğı aləti olan kamançanın səslənmə effektini əldə etməyə müvəffəq olmuşdur.
Sonra isə Azərbaycan Respublikasınımn əməkdar artisti Gülnaz İsmayılovanın ifasında “Sana düşüb meylim” (sözləri Ə.Cavadındır), “Vüqarlı dağlarını sevirəm, Vətən” (sözləri Hüseyn Sözlünündür) adlı mahnılar ustalıqla dinləyicilərə təqdim olundu. Beynəlxalq müsabiqələr laureatı Fəhri Kazım Nicat bəstəkarın “Bahar şərqisi” (sözləri S.Vurğunundur) və “Döyüş cəngisi” (sözləri Bəşirindir) mahnılarını özünəməxsus şəkildə ifa etdi. “Döyüş cəngisi” xüsusilə dinləyicidə mərdlik, cəsarət, vətənpərvərlik hisslərini oyadırdı. Səslənən əsərlər Elnarə xanımın vətənə, torpağa olan sevgisindən irəli gələn duyğuların sönməzliyinin nümunəsi oldu. Bu sevgini Elnarə xanım özünün yaratdığı bənzərsiz əsərləri ilə tamaşaçılara məharətlə ötürməyi həmişə olduğu kimi, bu dəfə də bacardı. Konsertdə xüsusi maraqla qarşılanan əsərlərdən biri də bəstəkarın milli nəfəs alətləri (balaban, zurna, ney, tütək) və orkestr üçün bəstələdiyi “Diptix” kompozisiyası oldu. Əsərin solistləri Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar artist İlham Nəcəfov, Prezident təqaüdçüsü Nicat Məsimov və Orxan Soltanov idi. Bu əsər təbii melodikliyi və alətlərin obrazlı təfsiri ilə dinləyicilərin xüsusi marağını qazandı. Xalq çalğı alətləri üçün əsər bəstələmək Elnarə xanımın həmişə maraq dairəsində olan bir mövzu olmuşdur.
Təbiidir ki, bəstəkarın müəllif konsertində xalq çalğı alətləri ansamblı üçün bəstələdiyi əsərlər də səslənməli idi. Xalq çalğı alətləri ansamblının ifasında “Səni ürək bilmişəm” (sözləri Bəxtiyar Vahabzadənindir, solist muğam müsabiqəsinin laureatı Sədəf Budaqova) və “Mənim tanrım” (sözləri Hüseyn Cavidindir, solist muğam müsabiqəsinin qalibi Nisbət Sədrayeva) mahnıları dinləyicilərə təqdim olundu.Maraqlıdır ki, bəstəkar bu səpkidə də mahnılar yaratmağı, dinləyicisinin ruhunu oxşamağı bacardı. Sözü gedən mahnıların xalq artisti Elmira Rəhimova tərəfindən bənzərsiz ifası yaşlı nəslin yaddaşında hələ də yaşamaqdadır.
Elnarə xanımın maraq dairəsində xalq mahnılarının öz yaradıcılıq süzgəcindən keçirməsi də önəmli yerlərdən birini tutur. Bəstəkarın yaradıcılıq gecəsində səslənən belə bir nümunələrdən biri olan “Sarı gəlin” xalq mahnısı əməkdar artist Anar Şuşalı tərəfindən kədər, hüzn və sonsuz həsrət hissi ilə ifa olundu.
Elnarə xanımın uşaqlara olan sevgisi hər kəsə məlumdur. O, uşaqlar üçün çoxlu sayda əsərlərin müəllifidir. Sözləri bəstəkara məxsus olan “Anama” adlanan mahnı məhz uşaqlar üçün yazılmış möhtəşəm bir əsərdir. Əsərin ifaçılarının az yaşlı olmalarına baxmayaraq, ifaları ilə böyük tamaşaçı rəğbəti qazanan “Bənövşə” xorunun solistləri, 35 №-li musiqi məktəbinin şagirdləri Cavidan Babazadə, Əli Salmanlı idi. Müəllifin özünün fortepiano arxasına keçərək əsərlərini orkestrlə bərabər müşayiət etməsi dinləyicilər tərəfindən xüsusi maraqla qarşılanaraq tamaşaçıların gurultulu alqışlarına səbəb oldu.
Bəstəkarın soprano və royal üçün bəstələdiyi “Lay-lay” (sözləri Əhməd Cəmilin) əsəri amerikalı vokalçı Aleksandriya Sultan Fon Brüsseldorf tərəfindən Elnarə xanımın müşayiəti ilə təravətli, lirik bir tərzdə ifa olundu.
Bildiyimiz kimi, Elnarə Dadaşova yaradıcılığının ayrılmaz hissəsini onun fortepiano üçün yazdığı əsərlər təşkil edir. Bu alət üçün bəstəkar “24 prelüd”, “Azərbaycan muğam ladlarında 21 fuqa”, “Sonata” (3 hissəli), fortepiano və BSO üçün konsertlər, variasiya silsilələri və s. bəstələmişdir. Onun fortepiano və orkestr üçün yazdığı “Prelüd” və “Rəqs”i beynəlxalq müsabiqələr laureatı Firuzə Nəcəfli tərəfindən ifa olundu. Konsertin yekununda bəstəkarın “Alqış qeyrətimizə” adlı kompozisiyası səsləndirildi. Kompozisiya konsert salonunda canlanma yaratdı. Vətənpərvər ruhda yazılmış bu əsəri fərqləndirən əsas əlamətlərdən biridə saz və tar alətlərinin və orkestrin səslənməsinə qatılması və xorumüşayiət etmələri idi. Kompozisiyanın solistləri sazda sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının dosenti Mübariz Əliyev, tar alətində isə Respublika Müsabiqələr laureatı Səxavət Məmmədov oldu.Onlar xormeyster Şəhla Ələkbərovanın rəhbərliyi ilə Azərbaycan Televiziya və Radiosunun C.Cahangirov adına kapella xoru müşayiət etdi. Konsert dinləyicilərin alqışları ilə yekunlaşdı. Bu müəllif konserti bir daha sübut etdi ki, Elnarə xanımın yazıb-yaratmaq eşqi səngimir. O, musiqisi ilə insanlara nəcib, xeyirxah, məhəbbət hissləri aşılayır.
Səbinə MƏMMƏDOVA
AMK-nın magistri